NƏBİ XƏZRİ ŞEİRLƏRİNDƏ
POETİK TUTUM*
Nəbi Xəzri XX əsr Azərbaycan ədəbiyyatının görkəmli söz ustası, həm lirik, həm epik, həm də dramatik janrda mükəmməl əsərlər yaradan ustad sənətkarıdır. Onun şeirləri klassik və müasir poeziyanın ən yaxşı cəhətlərindən bəhrələnən, kökə bağlı məzmunlu bir poeziyadır.
Sözün keşiyində duran, hər şeydən əvvəl, lirik bir şair olan, əsərlərinin mövzusu ana, vətən, sevgi, dəniz, təbiət, torpaq, torpağın sahibi insanlardır. Onun tək bir məhəbbət lirikasını ələ alıb incələsək, bu lirikanın əzəmətini görmək çətin olmaz.
Keçir xəyallarım,
Sənin izinlə,
Sən Ayla,
Günəşlə,
Tən görünürsən.
Dünyaya baxıram sənin gözünlə,
Yenə gözlərimə sən görünürsən.
(I cild, Bakı, 1973, səh. 46).
İnsanı özünü dərk etməyə qaytaran, yaşanılaraq yazılan bu şeir gözəl poeziya nümunəsidir.
Eləcə də:
Haçan bir saatlıq görüş istəsəm,
Sən bütün ömrümü ərməğan istə.
Və ya:
Hicran elə bildi ayırdı bizi,
Bir idin min olub qəlbimdə qaldın –
---------------------------------
*Məqalə 2010-cu il yanvar ayında AzTV-də Nəbi Xəzriyə həsr edilmiş “Əbədi abidələr” verilişi üçün hazırlanmış çıxışımda səslənmişdir.
misralarında da dərinliyi və səmimiliyi ilə insanı düşündürən sevgi dolu bir dünya, bu dünyanı dolduran poetik bir tutum var. Sevənlərin vüsalı gözləyən həsrətini, sevincini ifadə edən poetik tutum…
Türk şairi Yavuz Bülənd Bakilərdən eşitdiyim bir cümlə belə idi: “Bugünkü nəsil eşqin nə olduğunu bilmir. Eşqi son olaraq bizim nəsil yaşadı. Bu nəsil həm də Nəbi Xəzridir, Bəxtiyar Vahabzadədir, Nəriman Həsənzadədir.
N.Xəzri şeirlərinin hər misrası musiqi kimi lirik səsləndiyi üçün şeirlərinə dillər əzbəri olan neçə-neçə mahnı yazılmışdır. “Mavidir”, “Dərələr”, “Qonşuda qız sevənin”, “Sən getdin”, “Nar-nar”, “Ağ çiçək”, “Qız qalası”, “Aslanın mahnısı” və s. Təsadüfi deyil ki, bu mahnıların çoxu XX əsrin ilahi səsə malik müğənnilərindən Şövkət xanım Ələkbərovanın ifasında səslənmişdir.
Şeir mənim üçün bir kainatdır,
Onun ulduzları, günəşləri var.
Şair mənim üçün sirli həyatdır,
Onun öz sevinci, öz kədəri var –
deyən Nəbi Xəzri üçün şeir bir kainatdır. Bu kainatda yaranan şeirlər oxucu ilə tez dialoq qura bilir. Onunla söhbət edə bilir. Nəbi Xəzri şeirlərinin mövzuları, üslubu, dili, ləhcəsindən irəli gələn bədii tutum bu şeirlərin oxucu ilə tez dil tapmasına imkan verir.
Səni yaz
qatarı,
Apardı tezdən.
Elə bil dünyanı,
Qarlı qış aldı.
Heç yana getmədin,
Sən yer üzündən,
Bəs niyə,
yer üzü
birdən boşaldı.
Hicran elə bildi,
Ayırdı bizi.
Sanki üfüqlərə,
Uçan xəyaldı.
Hicran elə bildi,
Ayırdı bizi,
Bir idin,
Min olub qəlbimdə qaldın.
(N.Xəzri. Seçilmiş əsərləri.
I cild. Bakı, 1973, səh. 62.)
Nəbi Xəzri XX əsr Azərbaycan poeziyasında yalnız lirik şeirləri ilə deyil, poema, dram əsərləri ilə də şərəfli bir yer tutmuşdur.
“Peyğəmbər”, “İki Xəzər”, “Sumqayıt səhifələri”, “Əfsanəli yuxular”, “Günəşin bacısı”, “Ana”, “Şəhidlər və şahidlər”, “Bacı”, “İnam”, “Mənim babam baxan dağlar”, “Dağlar dağımdır mənim”, “Təmiz ürək”, “Kiçik təpə”, “Xatirələr” kimi poemaların, “Sən yanmasan”, “Əks-səda”, “Mirzə Şəfi”, “Torpağa sancılan qılınc” kimi dram əsərlərinin onun yaradıcılığında müstəsna yeri vardır.
Nəbi Xəzri mənzum dram və poemalarında folklorun mövzu və motivlərindən faydalanaraq folklorla poeziyanın yaradıcılıq əlaqəsini ifadə edən poetik nümunələr ərsəyə gətirmişdir. “Dədə Qorqud” motivləri əsasında yazdığı “Torpağa sancılan qılınc” mənzum dramı və “Əfsanəli yuxular” poeması XX əsrin son rübündə yazılmış Azərbaycan şeirinin özünəməxsus poetik nümunələridir. Romantik qəhrəmanlıq üslubunda yazılmış, şairin daxili tələbatdan yaranmış “Torpağa sancılan qılınc” mənzum dramı qədim “Dədə Qorqud” eposunun bədii tükənməzliyi, zamanların bədii sorğusuna cavab vermək qüdrətinin təzahürü olması baxımından igidliyin, dəyanətin, mərdliyin bədii inikasıdır. Xeyirin və sülhün qələbəsi ilə başa çatan əsərdə Nəbi Xəzri folklordan gələn süjeti, obraz və xarakterləri yeni ideya və fəlsəfi fikirlərlə daha da zənginləşdirmişdir.
Dədə Qorqud ruhunun, Dədə Qorqud mənəviyyatının ölməzliyi ideyası ilə tamamlanan “Torpağa sancılan qılınc” pyesi dastanla fərdi yazıçı üslubunun qaynayıb-qovuşmasından meydana gəlmişdir.
“Dədə Qorqud” motivlərinə olan böyük marağını N.Xəzri bir məqaləsində belə izah edir:
“Dədə Qorqud” xalqın bütün gözəl sifətlərini – igidliyi, sədaqəti, dəyanəti bizə əziz bir miras qoyub dünyadan getmişdir. Yox, getməmiş, dünyada bizim nəsillərlə əbədi qalmışdır. “Dədə Qorqud” dastanı qədim azərbaycanlıların mənəvi gözəllik salnaməsidir. İgidlik, mərdlik məhəbbət və qəhrəmanlıq abidəsidir” (“Ədəbiyyat və incəsənət” qəzeti, 24 iyun 1981).
N.Xəzrinin “Dədə Qorqud” motivləri əsasında yazdığı “Əfsanəli yuxular” poemasının əsas mövzularından biri ana mövzusudur. Poemaya yazdığı ön sözdə şair öz yaradıcılıq məqsədini belə izah edir: “…XX əsrin sonunda qürurla yaşayıb ömrünü başa vurmuş anamın mənəvi bacıları kimlər olmuşdur? Xəyalım uzaq əsrlərə getdi. Xatirimə Burla Xatun gəldi. Nüşabə göz önümdən keçdi. Məhsətini düşündüm. Həcərin qəhrəmanlığını xatırladım. Mənə elə gəldi ki, anam öz bacılarının saf analıq duyğularını, qadın müdrikliyini, qadın şairliyini və qadın mərdliyini özündə cəmləşdirmiş və mənim əsrimə qədər gətirib çatdırmışdır” (N.Xəzri. Seçilmiş əsərləri. IV cild.Bakı, 1984, səh. 61).
“Əfsanəli yuxular” 6 yuxu şəklində yazılmışdır. İstər birinci yuxu (“Yuxuda bir talan gördüm), istər ikinci yuxu (“Yuxuda bir ana gördüm), istər üçüncü yuxu (“Yuxuda bir çoban gördüm”), istər dördüncü yuxu (“Yuxuda bir oğul gördüm”), istər beşinci yuxu (“Yuxuda bir yuxu gördüm”), istərsə də altıncı yuxu (“Yuxuda bir səhər gördüm”) “Dədə Qorqud” boylarından qopub gələn mövzuların poetik şərhidir.
N.Xəzri “Əfsanəli yuxular” poemasında “Dədə Qorqud” boylarının hadisə və motivlərini bədii şəkildə işlədiyi kimi dastanın poetik obrazlığına və xüsusiyyətlərinə də sadiq qalmışdır. Bu yaxınlıq poemanın metoforik ifadə tərzində, obrazların mifoloji təfsirində, qəhrəmanlarının mifik planda təcəssümündə, vəzn və obraz strukturunun mənalı ifadələrində, eləcə də şeirin estetik strukturunda özünü hiss etdirmişdir. Nəbi Xəzri “Dədə Qorqud” dastanı mənəvi gözəllik salnaməsidir” məqaləsində yazırdı: “Mən Dədə Qorqud motivləri əsasında “Əfsanəli yuxular” poemasını yazarkən dastanın mənalı ifadələrindəki bir cəhət diqqətimi cəlb etdi. O da qoşa sözlərdir:
“Qara-qara qayalar”.
“Söyləşdilər fısıl-fısıl”.
“Soyuq-soyuq sular”.
“Yüksək-yüksək dağlar”.
Dastanın məğzi ilə bu keyfiyyətləri mən qoruyub saxlamaq istədim:
“Yola düşdüm,
Düzə çıxdım.
Duman-duman,
Dağa çıxdım.
Sonra endim,
Zaman-zaman,
Arana mən.
Çəmən-çəmən,
Çiçək yığdım.
Dərman-dərman,
Çiçək qoydum,
Yarama mən.
Çiçəklərim ətir-ətir”.
(Bax: “Ədəbiyyat və incəsənət”
qəzeti 1981, 24 iyun)
“Dədə Qorqud” motivləri dərin və ümumbəşəri motivlərdir. Nəbi Xəzri bu motivləri hadisə, epik və dramatik süjet vasitəsilə inkişaf etdirmiş, bu motivlər konteksində xalqın qəhrəmanlıq keçmişini, humanizm ənənələrini yaşarı ənənələr kimi qiymətləndirmişdir. Şairin yaradıcılığında qədim eposun ideya-poetik şərhinin müasirlik mənası və əhəmiyyəti də bundadır.
Folklorun bitib-tükənməyən bir xəzinə olduğu bir aksiomdur. Bu xəzinədən hər yazıçının bəhrələnməyi yazıçıya məxsus fərdi yaradıcılıq üslubudur. Tək bir misra, tək bir kəlmə ilə yazıçının folklor xəzinəsinə müraciətinin məqsədini müəyyənləşdirmək mümkündür. Bu cəhət xalq şairi N.Xəzrinin də əsərlərində görünən tərəfdir. Böyük Mirzə Ələkbər Sabirə həsr etdiyi “Dağlar dağımdır mənim” poemasında
Dağlar dağımdır mənim,
Qəm ortağımdır mənim,
Dindirmə qan ağlaram,
Yaman çağımdır mənim –
məşhur bayatıdakı bir misranı əsərinə ad seçməklə Sabir şeirinin vətəndaşlıq yanğısının, vətəndaşlıq yükünün ağırlığını ifadə etmək üçün çox mühüm üslubdan faydalanmışdır. Poemada məşhur bayatının zahiri əlamətlərindən ziyadə, ondakı daxili keyfiyyətilərlə folklor təfəkkürünün müəyyən cizgilərini əks etdirərək poemasına yeni, orijinal bir ad seçmişdir.
Klassik və müasir poeziyanın, milli folklorumuzun ən yaxşı məziyyətlərindən bəhrələnən Nəbi Xəzri poeziyası kökə, milli düşüncələrə, ənənəyə, Vətən torpağına bağlı bir poeziyadır.
Hər yerdə, həmişə sənsən gümanım,
Canım, gözüm mənim,
Azərbaycanım! –
deyən şair Vətən torpağına, onun hər zərrəsinə, bütün gözəlliklərinə varlığı ilə bağlılığını ifadə edərək özünü Vətən torpağının bir zərrəsi hesab edir.
AŞIĞIN SEVDASI
XIV əsr anadilli poeziyamızın ilk nümayəndələrindən olan İzzəddin Həsənoğlunun “Necəsən, ey gül üzlü yarım mənim” misrası ilə başlayan qəzəlinin 2 misrası belədir:
Mən ölücək yoluna gömün məni,
Baxa dursun yarə toprağım mənim.
Həsənoğludan üç əsr sonra yaşamış Sarı Aşığın da eyni sevda təlatümlü, eyni məhəbbətlə dediyi iki bayatı məhəbbətin qüdrətini ifadə edirdi.
Salman Mümtazın yazdığı kimi XVII əsrdə yaşamış “Yaxşı adlı bir sarışın və qaraxallı qıza aşiq olmuş” Sarı Aşıq adı ilə məşhur olan Aşıq Abdulla sevdiyi Yaxşının vəfatından sonra çox yaşamamış, aşağıdakı bayatıda vəsiyyətini belə ifadə etmişdir:
Mən aşıq tərsinə qoy,
Tər məni tərsinə qoy,
Yaxşının qibləsinə,
Aşiqi tərsinə qoy.
Başqa bir bayatısı da belədir:
Mən aşiqəm yar sarı,
Geyinibdi yar sarı,
Qürbətdə ölsə aşıq,
Üzünü qoy yar sarı.
Salman Mümtazın yazdığına görə, aşıq “Bayatısının məzmununa görə basdırılmış və üstünə günbəz tikilmişdir ki, bu gün Aşıq Günbəzi adı ilə məruf və məşhurdur. Aşıq Günbəzi Güləbird kəndinin özündə vaqe olub, Həkəri çayının sol tayındadır. Günbəzin üstündə heç bir yazı, tarix yoxdur. Yalnız qəbir daşının üzərində bir saz şəkli qazılmışdır. Bundan qiyas etmək olar ki, Aşıq saz da çalarmş. Yaxşının qəbri isə Həkəri çayının o biri tayında, yolun arxasındadır. Yaxşı Aşığın istədiyi kimi qibləyə, Aşıq da tərsinə gömümüşdür. Həkəri çayı da bu iki qəbrin arasından axmaqdadır. Əhalinin bir qismi Aşığı Haqq Aşığı adı ilə yad edərək ziyarətə gəlirlər (Salman Mümtaz. “Azərbaycan ədəbiyyatının qaynaqları”. Bakı: Yazıçı, 1986, s. 170).
S.Mümtaz Aşığın qəbrinin şəklini də Azərnəşr bədii ədəbiyyat şöbəsi tərəfindən 1935-ci ildə nəşr olunan “Sarı Aşıq” kitabında vermişdir. Kitabın üz qabığının və qəbrin şəkli belədir.
1927-ci ildə arxeoloqlar da Həkəri çayının sahilindəki qəbiristanlıqdakı üzərində saz şəkli qazılmış qəbri və gümbəzi XVII əsrə və Sarı Aşığa aid etmişlər.
Sarı Aşıq haqqında ilk məlumat Qaradağinin “Təzkireyi-Qaradaği” əsərində verilmişdir. Təzkirədə aşığın əslən Arazın o tayındakı Qaradağdan olması, oradan köçüb Qarabağın Zəngəzur mahalının Həkəri çayı kənarında Güləburd adlı kənddə yaşaması adının da Qurbanəli olduğu, “Zahirən bu zati-pak şifteyi-ruzigardır. Çox qədim vaxtlarda gəlib Qarabağın Zəngəzur mahalında Həkəri çayının kənarında Güləbürd adlı qəryədə sükna edib” - deyə yazılmışdır.
1920-1930-cu illərdə Əmin Abid Sarı Aşıq haqqında məlumat verərək adının Qərib olduğunu yazır. 1927-ci ildə Salman Mümtaz aşığın adının Abdulla olması və həyatı haqqında “Aşıq Abdulla” adlı bir yazıda məlumat verir (bax: Salman Mümtaz. Azərbaycan ədəbiyyatı, sayı 13. Aşıq Abdulla, XI əsr-hicri. Bakı: Azərnəşr, 1927-ci il, səh. 7-20).
Salman Mümtaz da onun Qaradağ mahalından köçüb Zəngəzur qəzasına gəlməsini, oradan da Qaradağlı kəndində sakin olduğunu və bəzi rəvayətlərə görə təxəllüsünün “Misli” olduğunu, Yaxşıya aşiq olduqdan sonra təxəllüsünü “Aşıq” qoyduğunu yazmışdır.
Salman Mümtaz 1935-ci ildə aşığın şeirlərini latın əlifbası ilə “Sarı Aşıq və bayatıları” adı ilə nəşr etdirir. Nəşrin redaktoru yazıçı Seyid Hüseyn idi.
1936-cı ildə isə Bəhlul Bəhcət aşığın özü və bayatıları haqqında məqalələr dərc etdirir. Onun haqqında yazdığı “Bayatı şairi Aşığın tərcümeyi-halı” əsəri əlyazması şəklində Respublika Dövlət Ədəbiyyat və İncəsənət Arxivində mühafizə edilmişdir1.
Bəhlul Bəhcət Sarıca Nəbi adlanırdığı Sarı Aşığın Osmanlı dövlətinin ixtiyarında olan Anadolu əyalətindən 4 nəfərlə birlikdə Səfəvi Şahlarına tabe olan Qarabağ vilayətinə gəldiyini, rəngi sarıbəniz olduğu üçün yoldaşlarının ona Sarıca dediklərini, Həkəri çayının sol kənarında kiçik bir kənddə dul bir qadına qonaq olduğunu, qonaq qaldığı evdə gördüyü Yaxşı adlı gözəl qıza aşiq olduğunu, onun sevgilisi Yaxşını mülkədar Yaman bəyin zorla alıb evlənməsini, Yaxşının anasının kədərindən öldüyünü yazır. Çox keçmədən Yaxşının da ağır kədər içində vəfat etməsindən sonra Aşiqin tamamilə sarsılıb çox kəskin bayatılar çağırmasından, nə qədər yaşadığını və nə yaşda vəfat etdiyini dürüst göstərən bir işarə olmadığından yazır (bax: A.K.Ə. səh. 13-19).
Sonrakı illərdə akademik Həmid Araslı, prof. Əbdüləzəl Dəmirçizadə, prof. M.H.Təhmasib, prof. Ə.Qarabağlı, prof. Əhliman Axundov, prof. Sədnik Paşayev, prof. Mürsəl Həkimov kimi görkəmli alimlər Sarı Aşıq haqqında fikir söyləmişlər.
Göründüyü kimi, bənizi sarı olduğu üçün “Sarı Aşıq” kimi tanınan aşığın adını mənbələrdə müxtəlif şəkildə adlandırmışlar. “Təzkireyi-Qaradaği”də adı Qurbanəli, Əmin Abiddə Qərib, Salman Mümtazda Aşıq Abdulla, Sarı Aşıq, Bəhlul Bəhcətdə Sarıca Nəbi adlanmış, M.H.Təhmasibə görə, Sarı, Aşıq Ələsgərə görə, Yetimdir.
Aşıq Ələsgər:
Fərhad Şirini sevdi,
Yetim Yaxşı yar – demişdir.
Aşığın XVII əsrdə yaşadığı yazılır, fəqət anadan olduğu və öldüyü illər haqqında heç bir tarix yazılmamışdır. Bəzən uzun illər, bəzən də az bir ömür sürdüyü yazılmaqdadır. Prof. Azad Nəbiyevin Dərbənddən əldə etdiyi bir əlyazmada onun 1603-1635-ci illər arasında yaşadığı qeyd edilir (bax: A.Nəbiyev. “Azərbaycan aşıq məktəbləri”. Bakı: “Nurlan”, 2004, səh. 180).
Prof. Azad Nəbiyev Dərbənd əlyazmasında aşığın adının Abdulla olduğunu və Güləburda butasının dalınca gəldiyini, əlyazmada “Abdulla Güləburda butasının dalınca gəldi, özü ilə ata-anasını da gətirdi. Yaxşını qərib aşığa verməyib axirət dünyasını itirənlər peşman oldular. Yaxşının ayağı altında Abdullanı torpağa qoydular. Üstünə günbəz tikdilər. Ancaq insaf eləyib Yaxşını günbəzə gətirib aşığa tapşırmadılar. Sağlam canlar nahaq yerə hayıf oldu” şəklində yazıldığını qeyd edir (bax: A.Nəbiyev. A.K.Ə., səh. 181).
Göründüyü kimi, Sarı aşıq, onun sevdası, həyatı və ədəbi irsi tədqiqatçıları az düşündürməmişdir. Bu bir həqiqətdir ki, eşq fədaisi olan Aşıq zəngin ədəbi irs buraxıb getmişdir. O yalnız bayatıları ilə deyil, təcnis, mürəbbe, qoşma, cığalı bayatı, qıfılbənd bayatı, bayatı-bağlama, tapmaca kimi şeir növlərində müstəsna poetik nümunələr yaratmışdır. Aşığın geniş müşahidə, ülvi məhəbbət, zəngin biliyinin, hicran və həsrətinin məhsulu olan bu poeziya incilərinin içərisində onun Yaxşıya söylədikləri şeirlərin ayrıca yeri vardır. Onlardan bir neçə nümunə:
Şikar edib tutdum bir şahi tərlan,
Sən etdin əqlimi zayil, a Yaxşı.
Səni sevən keçər cani-sərindən,
Olur camalına mayil, a Yaxşı.
(S.Mümtaz. Sarı Aşıq və bayatıları.
Bakı, Azərnəşr, 1935, səh. 1)
Gözəllikdə sənsən bu gün yeganə,
Canım qurban olsun sən nevcavanə.
Yıxar Aşıq evin eylər viranə,
Dolananda hər bir yana gözlərin.
(Yenə orada, səh. 4)
Sallanıban Yaxşı çıxdı qarşıma,
Hüsnünün zəkatı hər ayə yetər,
Cəbrayil gətirdi ərşdən nidanı,
Mürsəl, Məhəmmədə hərayə dəyər.
(S.Mümtaz, səh. 7)
Atlandıq o Zəngini,
Sonalar üzən günü.
Ölsün, aşıq görməsin,
Səndən əl üzən günü.
(S.Mümtaz, səh. 27)
Mən aşıq zində deyil,
Əqli özündə deyil,
Kim dedi haq camalı,
Yaxşı üzündə deyil.
(S.Mümtaz, səh. 39)
Ay doğdu qəlbiləndi,
Doğduqca qəlbiləndi,
Quran gətir and içim,
Bu qəlb, o qəlbiləndi.
(S.Mümtaz, səh. 86)
Dərdin məni cəng eylər,
Vurar başa dəng eylər,
Məhəbbət adam öldürməz,
Saraldıb bədrəng eylər.
(S.Mümtaz, səh. 98)
Aşiq, Yaxşıya məndən,
Xalın yaxşı Yəməndən,
Gedirsən salam-dua,
Apar Yaxşıya məndən.
(Bəhlul Bəhcət. Sarı Aşığın
bayatıları, səh. 66)
Aşiqəm, yara yaxşı,
Təbibi ara yaxşı:
Canımın dərd yarasın,
Nə olar yara Yaxşı.
(Bəhlul Bəhcət)
Aşiq, yaxşı dən gözlər,
Mürgün yaxşı dən gözlər,
Baxdıqca şirin düşər,
Doymaz Yaxşıdan gözlər.
(Bəhlul Bəhcət, səh. 67)
Aşiqəm, o Yamandı,
O Yaxşı, o Yamandı,
Qorxuram ayrı düşəm,
Yaxşıdan o yamandı.
(Bəhlul Bəhcət, səh. 84)
Geniş və hərətərəfli tədqiqata möhtac olan Sarı Aşığın həyat və yaradıcılığı, bəlalı sevdası haqqında hələ çox deyiləcək, çox yazılacaq. Biz bu yazımızda Aşığın məhəbbətinin ünvanı olan Yaxşıya yazdığı S.Mümtaz və B.Bəhcətin onun haqqında topladıqları şeirlərdən bir neçə nümunə verməklə kifayətləndik. Bu nümunələr xalq arasında “Yaxşı və Aşiq” dastanının təsadüfi yaranmadığını göstərir.
POETİK KƏŞF
XX əsr Azərbaycan poeziyasının parlaq simalarından olan xalq şairi Rəsul Rza sevilib oxunan şairlərdəndir. O, bu sevgini şeirdə yalnız ustad olması ilə qazanmamışdır. Bu el məhəbbəti şairin ilhamını və tükənməz istedadını xalqına həsr etməsilə də daha möhkəm bağlıdır. Böyük ideallarla yaşayan, aydın məqsədli, coşqun istedadlı bir sənətkar olan R.Rza külli miqdarda lirik şeirlərin, poema və dram əsərlərinin müəllifi kimi şöhrətlənmişdir.
R.Rza poeziyasını nəzərdən keçirdikdə gözlərimiz önündə dərin fəlsəfi təfəkkürlü, görkəmli bir sənətkar canlanır. “Vəfa”, “Qardaşlar” kimi pyeslər R.Rza qələminin məhsuludur.
Həmişə bəşərin taleyi üçün narahat olan şairin poetik düşüncələri “Almaniya”, “Madrid”, “Cəlladları durdur”, “Həbəşistan”, “İnqalesyo”, “Yaponiya motivləri”, “Suriya dəftərindən”, “Amerikanın səsi” şeirlərində öz əksini tapmışdır. Sülh və demokratiya uğrunda mübarizəyə, insan hüquqlarına həsr olunmuş bu şeirlərin, eləcə də Cənub mövzulu şeirlərin (“Gözəl dost”, “Təbrizli dostuma”, “Hilal” poeması və s.) poeziyamızda ayrıca yeri vardır.
Rəsul Rzanın məhəbbət lirikasından isə kövrək bir qəlb döyüntüsü eşidilir, sədaqətli, etibarlı gözəlin ürkək baxışları boylanır, göyçək camalı görür:
Ürəyimin sevinci,
Sənin yadigarındır.
Yuxumu qaçıran da,
Sənin intizarındır.
Sən dərdimdən xəbərsiz,
Sən nəşəli, kədərsiz,
Görən deyir bu göyçək,
Hansı bəxtəvərindir?
R.Rza ən çox tərcümə olunan və tərcümə edən şairlərdəndir. Onun bir sıra əsərləri ingilis, fransız, rumın, polyak, macar, ispan, çex, ərəb dillərinə tərcümə edilmişdir.
Puşkin, Lermontov, Şevçenko, Mayakovski, N.Hikmət, Turgenev, Heyne kimi rus və dünya poeziyasının qiymətli incilərinin Azərbaycan dilinə tərcümə olunmasında onun böyük xidmətləri var. Nekrasovun “Rus elində kimin günü xoş keçir” əsərinin Azərbaycan dilinə ilk dəfə tam şəkildə tərcüməsi R.Rzanın zəhmətinin bəhrəsidir.
Onun qələmindən çıxan bir sıra məzmunlu məqalələr, xüsusilə Nəsimi haqqındakı “Cahana sığmayan şairin qərib məzarı”, “Böyük şair haqqında kiçik qeydlər” məqalələri, Kərkük bayatılarına yazdığı “Uzaq ellərin yaxın töhfələri” adlı müqəddimə öz dərinliyi və elmiliyi ilə diqqəti cəlb edir.
Şair üçün səfərlər, həm də bir elmi axtarışa çevrilmişdir. 1968-ci ildə bir qrup mədəniyyət xadimləri ilə Suriyada olan şair Nəsimi, onun qəbri, nəsli haqqında məlumatlarla geri dönmüş, ədəbi ictimaiyyətimizi narahat edən bir məsələni dəqiqləşdirmişdir.
Nəsiminin qəbrinin Hələbdə olması təxmin edilirdi. R.Rza yazır: “Hələ Bakıda ikən hörmətli alim Həmid Araslı “Nəsiminin qəbri Hələbdə olmalıdır. Siz onu yəqin görəcəksiniz” demişdi. Lakin uzun illərin əlaqəsizliyi bu məlumatın nə qədər səhih olduğunu bir nigaranlığa bağlamışdı”.
“…Xəyalımı bir an dinc qoymayan Nəsimi idi. Ondan bir nişan qalmışdımı? Qəbri haradadır? Əsərlərindən, bəlkə də əlyazmalarından tapmaq mümkün oldu. “Bir zaman Şam, bu gün Dəməşq adlanan şəhərdə, müqəddəs Şamda, gəzdiyimiz bir çox şəhərlərdə də bu nigaran fikirlər məni rahat qoymurdu. Dəməşq və başqa şəhərlərdə görüşdüyümüz suriyalı yeni-yeni tanışlarımız, dostlarımız da şair Nəsimi haqqında təsəlliverici bir şey deyə bilmirdilər”.
Gəzdiyi yerlərdə gərgin nigarançılıq keçirən şair böyük intizar və axtarışdan sonra Hələb qubernatorunun köməyilə Nəsiminin qəbrini tapır.
R.Rza poeziyada da həmişə inadlı axtarışlar aparmış, məqsədinə də nail olmuşdur. O, poeziya aləminə gəldiyi gündən böyük ideallara xidmət etmiş, səadətin, məhəbbətin, qardaşlığın nəğməkarı olduğundan, xalqının sevimlisinə çevrilmişdir.
Rəsul Rzanın poeziyası mövzu müxtəlifliyindən asılı olmayaraq ürəkdən qopan nəğmə kimi həmişə könülləri oxşamışdır. Onun şeirləri öz şirəsini canlı həyatdan, el gücündən aldığı üçündür ki, nəğmə kimi təbii səslənir, bulaq kimi çağlayır. Şairin:
Kölgəsiz budaq olmaz,
Nəğməsiz dodaq olmaz
Desəm də, heç ağ olmaz.
Düz sözlü, doğru yollu,
Qəlbi sədaqət dolu,
Xalqın inamlı oğlu
Mənəm, mənəm –
deməsinə gətirib çıxarır. Çünki Rəsul Rza poeziyasının arxasında dərin fəlsəfi təfəkkürlü, həyatın bədii salnaməsini, poetik xəritəsini yaradan görkəmli sənətkar durur. Onun şeirlərinə insanlara qayğı və məhəbbət, torpağı, vətəni, ana təbiəti ehtirasla sevmək kimi yüksək bəşəri hisslər hakimdir:
Mən insanam, ülfətsiz ölərəm,
Məhəbbətsiz, nifrətsiz ölərəm.
…Mən torpağam nemətimi, varımı,
Zəhmət sevən insanlarla bölərəm,
Mən ürəyəm, döyünməsəm ölərəm.
Yaradıcılığında Cənubi Azərbaycana həsr olunmuş şeirlərin ayrıca yeri olan şairin folklor ab-havasından gələn bayatı naxışlı “Nigaran suallar” şeiri bu baxımdan çox dəyərlidir.
Son zamanlar
Səni tez-tez,
Yuxuda görürəm, Təbrizim,
Yuxuma qəmli gəlirsən.
Hər gecə.
…Yoxsa dözüb-dözüb
İndi yaman qəribsəmisən?
İnanıram,
Hələ ümidin var böyüyəsən,
Arzun var boy atasan.
Hardan düşdü yadıma,
Anamın göynəkli bayatısı:
“Mən bütöv bir yuvaydım,
Yel vurdu paralandım.
Mən səndən ayrılmazdım,
Zülümnən aralandım”.
Şeirdəki bayatıdan da göründüyü kimi, Rəsul Rza xalq yaradıcılığından, onun nəhayətsiz zənginliklərindən, müdrik ifadələrdən, bayatılardan, özünəxas yaradıcılıq qüdrətilə istifadə etmişdir. Onun qüdrətli şair Mikayıl Müşfiqə həsr etdiyi “Qızılgül olmayaydı” poemasının adını oxuyanda hiss edirsən ki, buraya haradansa aşağıdakı bayatının ovqatı düşüb.
Qızılgül olmayaydı,
Saralıb solmayaydı.
Bir ayrılıq, bir ölüm,
Heç biri olmayaydı.
Və bu bayatının fonunda şair az, lakin mənalı yaradıcılıq yolu keçmiş bir şairin qısa ömrünü qızılgül ömrü kimi mənalandırırır.
İlham qaynağını şifahi xalq ədəbiyyatından, canlı xalq dilindən aldığı şeirlərini oxuyanda hiss edirsən ki, onun deyimlərində folklora bağlılıq güclüdür. Xalq arasında bəzi dili xəlpətər atan insanlar haqqında deyilir ki, “dili başına bəladır”. “Soruş” şeirində Rəsul Rza bu xalq ifadəsini elə işlətmişdir ki, burada xalq deyimi ilə klassik poeziyaya məxsus olan yüksək poetik keyfiyyətlərin qaynayıb-qarışmasından orijinal bir üslub yaranmışdır.
Od nə çəkdi, küldən soruş,
Baş nə çəkdi, dildən soruş.
Belə orijinallıq, belə poetik kəşf şairin “Rənglər” şeirində də müşahidə edilir. Həyatın, insan mənəviyyatının müxtəlif lövhələrinə simvolik münasibətin fəlsəfi gücünü əks etdirən “Rənglər” şeirində xalq deyimlərinin fəlsəfi qaynağı üzə çıxarılır. Xalq arasında “göy adam”, “boz adam”, “üzü qırmızı adam”, “Qara yaxmaq”, “qara basmaq”, “ağciyər adam” kimi rənglərlə bağlı ifadələr işlənir. R.Rza xalqda işlənən bu ifadələrlə maraqlı poetik nümunələr yaratmışdır.
Rənglər xatirələr oyadır,
duyğular oyadır,
Rənglərin də musiqi kimi ahəngi var,
Ağrının, sevincin, ümidin də
rəngi var.
Məlumdur ki, atalar sözü və məsəllər təsirli ifadə vasitəsi kimi həmişə təcrübəvidir. Rəsul Rza 8 misralıq “Məzmun” şeirində “İgidin başı qilu-qalda gərək” atalar sözündən, öz məqsədinə müvafiq istifadə edərək, poetik axtarış apararaq belə bir nəticəyə gəlir ki, “qilü-qal” ancaq müqəddəs amallara xidmət edən igidə yaraşır. Mənasız baş yormanın, “qilü-qal” etmənin heç nəyə faydası yoxdur:
Atalar deyib:
İgid başı qalda gərək.
Haqlı sözdür.
Gərək zamanın isti-soyuğu,
Kişiyə dəysin.
Ancaq gərəkməzmi
Qilü-qalın özü də bir şeyə dəsin.
Nümunələrdən də göründüyü kimi, Rəsul Rza poetik kəşflər edərək, şeirlərində istifadə etdiyi xalq danışıq dilini yüksək sənətkarlıqla ədəbi dil səviyyəsinə yüksəlməyi bacaran ustad sənətkardır.
Dostları ilə paylaş: |