MAYASI MƏHƏBBƏTLƏ
YOĞRULAN POEZİYA
O bu boyda bir cahanı yaradıb,
Yeri, göyü, asimanı yaradıb.
İnsan olub o, insanı yaradıb,
Bu həyatın əlifbası məhəbbət,
Həm ilk nəğmə, həm ilk yazı məhəbbət.
Cabir Novruz
Mənə elə gəlir ki, şair əlinə qələm alanda ilk mövzusu elə eşq, məhəbbət olub. Mən ruzgar xanımın da şeirlərində bunu müşahidə etmişəm. Gəncliyimdə bir şeiri çox bəyənib əzbərləmişdim:
Genişlik tapsa da eşq ilə insan,
Arzusu hər zaman dardan keçibdi.
Sən ki əllərimə toxunmamışdın,
Bəs odun qəlbimə hardan keçibdi.
Ruzgar Əfəndiyevanın dərin və anlamlı bir dərya olan məhəbbət ətirli şeirlərini mən ilhamla, sevə-sevə oxumuşam. Çünki bu şeirlərdə sevən bir ürək döyünür. Şeirlər qəlbdən keçən tanış duyğuları oxucusuna səbirlə, təmkinlə, inandıra-inandıra, həm də utuna-utana, abır-həya ilə, hökmsüz, hökmdarsız diktə edir:
Tənə də, giley də yersizdir daha,
Qaytar o alışan, yanan eşqimi.
Sənin ki ürəyin buz bağlayıbdır,
Qaytar o üşüyən, donan eşqimi,
Mənim ürəyimdə dünyaya gəlib,
Sənin ürəyində sönən eşqimi.
---------------------------------
* Məqalə “Ulduz” jurnalının 2013-cü il, 7-ci nömrəsində yayınlanmışdır.
Bu poetik parça büllur kimi eşqin soyuq bir ürəkdə buza döndüyünü ifadə edən məhəbbət hekayəsidir desək, yerinə düşər.
Mənə küskün baxanım, görən nə günahım var,
Yavaş-yavaş addımla, yollarında ahım var.
Məslək dostum Flora Xəlilzadənin “etirafı, etirazlı” adlandırdığı bu sətirlər bir eşqin təlatümündən yaranan poetik parçadır. Eləcə də “O gecə” şeiri də şairi hicran körpüsündən keçməyə məcbur edən “etirafı, etirazlı” son məktub, ayrılıq məktubudur:
O gecə sən gəldin boranlı qıştək,
Göynətdi könlümü soyuq sözlərin.
Ayrılıq ömrünə yağdı yağıştək,
Necə dəyişmişdi odlu gözlərin.
…O gecə ulduz da, ay işığı da,
Yollara töküldü göz yaşlarımda.
…Elə o gecədən, elə o gündən,
Eşqim yalqız qaldı dünyada mənim.
Ruzgar xanım könlündəki dərya qədər təlatümü, içindəki ağrı-acıları poetik bir biçimdə dilə gətirərkən onun qolundan tutanın, ona dəyanət verənin də yenə öz şeirlərindəki təsəlliverici misralar olduğunu etiraf edərək yazır:
Dünya gözümün içində,
Ömrüm dözümün içində,
Öldüm özümün içində,
Bir misram qolumdan tutdu.
Bu etiraf, bu sədaqət, bu dəyanət şairin bütün yaradıcılığı boyu ona yoldaşlıq edir.
Onun tərənnüm etdiyi məhəbbət bayağılıqdan, vəfasızlıqdan, duyğusuzluqdan, giley-güzardan uzaq Allahın insan oğluna bəxş etdiyi əzəli məhəbbətdir.
Poeziya aləminə öz dəst-xətti ilə gələn Ruzgar Qurbanova Əfəndiyevanın şeirlərinin musiqiyə yatımı, həm də klassik tərzdə yatımı onun şeirlərini bəstəyə, nəğməyə çevirmək üçün bir şans verir. Bu da şair üçün bir məziyyətdir. Bu poetik uğur hər şeirin taleyinə yazılmır. Ruzgar xanımın şeirlərindəki bu musiqi ruhunu duyan tanınmış bəstəkarlar Vasif Adıgözəlov, Elza İbrahimova, Oqtay Rəcəbov, Oqtay Kazımov, Bahadır Hüseynov, Nəriman Məmmədov, Həsənağa Turabov onun onlarla şeirinə musiqi bəstələmişlər.
“Sənli günlərim” neçə-neçə müğənniyə şöhrət gətirən klassik bəstəli şeirdir. Oqtay Kazımovun bəstələdiyi bu nəğmə bu gün də sevilir, oxunur, təsirləndirir.
İndi gözlərimdə mavi yuxudur,
O sənli günlərim, sənli günlərim.
Hicranı, vüsalı məni qorxudur,
O sənli günlərin, sənli günlərin.
Aylar, illər bilir nələr çəkmişəm,
Eşqindən könlümə yollar çəkmişəm.
Gəlməsə, ömrümə buludu çökər,
O sənli günlərin, sənli günlərin.
Eləcə də Ruzgar xanımın hələ keçən əsrin 70-80-ci illərində Bahadır Hüseynovun bəstələdiyi musiqi ovsunu ilə dəbdə olan, hələ də qəlblərdə taxt quran “Axtarma məni” nəğməsi:
Gəzdiyin yerləri çox dolaşmışam,
Eşqinin oduna gizli yanmışam,
Artıq bahar deyil, qarlı bir qışam,
Odlanıb yansan da, axtarma məni.
Çıxıram dağlara, ay gülüm, sənsiz,
Dağ da qəribsəyir dumansız, çənsiz,
Dolan bu dünyanı, get, dolan mənsiz,
Peşiman olsan da, axtarma məni.
“Dünya” mövzusu milli poeziyamızda eninə, boyuna işlənmişdir. Səməd Vurğun, Şəhriyar, Bəxtiyar Vahabzadə, Məmməd Araz, Zivər Ağayeva kimi neçə-neçə söz sərrafları dünyaya fəlsəfi bir don geydirmişlər. Kimi onu “əzəldən yaranmış tamaşaya” bənzətmiş, kimi onu vəfasızlıqda,gəldi-gedərlikdə, kimi də fanilikdə günahlandırmışdır.
Ruzgar xanımın poeziyasında dünyanın ağı ilə qarasını görüb dərk edən bir şair dünyası yaşayır. Təzadlı bir şəkildə dünyanı “bu boş dünya, dolu dünya”, “şeytanların qolu dünya”, “ululardan ulu dünya” şəklində ifadə etsə də, sanki bir anın içində dünyanın gözəlliyini də görə bilir, onun gözəlliyinə heyrətlə baxaraq, dünya nə gözəldir deyir.
Göylər kirpiyimdən asılıb necə,
Elə bil sinəmə qısılıb gecə,
İstəyim bürünüb nura, sevincə,
Dünya belə imiş görən həmişə,
Dünya nə gözəldir, heç bilməmişəm –
deyən şairin şeirindəki deyim tərzinin ürəyə yatımlılığı insanı həyata bağlayan duyğu və düşüncələrlə üst-üstə düşür.
Təbiətin gözəl bir parçası olan Bərdədə dünyaya gələn Ruzgar Əfəndiyevanın şeirlərindəki təbiət məhz Azərbaycan təbiətidir. Dağından, daşından həyəcanlandığımız insan kimi danışan füsunkar təbiətdir, ana torpaqdır, ana torpağın bənövşəsi, sarı çiçəyi, laləsidir, dağı, daşıdır.
Təbiətdən ilham alan şairlərin sevə-sevə təsvir etdiyi təbiətin boynubükük gözəli bənövşə Ruzgar xanımın şeirlərində bir başqa biçimdə poetikləşir:
O qədər boynumu bükmüşəm ki mən,
Bilsə, bənövşələr çəmənə çıxmaz.
Başqa bir şeirində isə:
Ömrüm-günüm kəsə-kəsə,
Xəyalından ötəcəyəm.
Səhər-axşam yolun üstə,
Bənövşətək bitəcəyəm – deyir.
“Kirpiyimdə od daşıdım,
Mən belə ömür yaşadım”.
“Ürəyimə köz bükmüşəm,
Mən buluddan buz çəkmişəm”.
“Hicran ömrü ömürlərdən uzundu”.
“Bir arzum qapı açmadı”.
“Ömrüm eşqə köklənib,
Ayrılıqda təklənib,
Görsəm sevgim tükənib,
Ölüm, məni ağla sən” -
kimi misra və beytlərdəki mətləbi çox vaxt şeirlərinin üst qatında deyil, iç qatında axtarmalı olursan.
Bir kitabına özünün yazdığı “Ön söz”də Ruzigar xanım 1947-ci ilin bir yaz günündə – may ayında dünyaya gəldiyini ifadə edir: “Kim bilir, bəlkə də, doğulduğum o yaz günü öz dünyasından ən çox mənə pay vermişdi. Bu gündən sonra bulud da, şimşək də, dağ da, düz də, duman da, gecə də, gündüz də, qış da, bahar da, sevinc də, dərd də… məndən öz payını əsirgəmədi”.
Həyatın bu təzadlı “pay”ları içində Ulu Tanrı ondan poeziya payını əsirgəmədi.
Bir neçəsi poetik inci, bir neçəsi də publisistik yazılardan ibarət 10-dan artıq kitabın müəllifi olan Ruzgar Əfəndiyeva həm də ədəbiyyatımızda az-az yazılan mənsur şeirlərin, kiçik hekayələrin “Yol gözləyənlər” povestinin “Xan qızı” mənzum pyesinin müəllifidir. O, həm də teatr və opera ilə bağlı idi. Bəstəkar Vasif Adıgözəlovun “Natəvan” operasının ariya və duetlərinin mətnini, İlyas Əfəndiyevin “Büllur sarayda” pyesindəki “Təbrizim” mahnısının sözlərini yazmışdır.
Böyük türk mütəsəvvüfü Hacı Bektaş Vəli demişdir ki, “Mənim üç dostum vardır. Mən öləndən sonra biri evdə qalar, biri yolda, biri də mənimlə gedər. Evdə qalan malımdır. Yolda qalan yaxınlarımdır, mənimlə gedən yaxşılıqlarımdır”.
“Uzun incə bir yol”da Haqqın Dərgahına qovuşan Ruzgar xanım Əfəndiyeva insanlara bəxş edəcəyi yaxşılıqların bir qismi olan neçə-neçə gözəl poetik inciləri özü ilə apardı. Onun bu dünyaya da əbədi qalan var-dövləti isə onun bir övladı və mənəvi övladları olan əsərləri oldu.
AZƏRBAYCAN MƏTBUAT TARİXİNDƏN*
XIX əsrdə Çar Rusiyası Qafqazı işğal etdikdən sonra Qafqazda rus dilini yaymaq məqsədilə rus dilində mətbuatın güclənməsinə çalışırdı. Mütəxəssislərin yazdıqlarına görə, 1870-1899-cu illər arasında Çar Rusiyası Qafqazda 56 adda mətbuatın nəşrinə icazə vermişdi. Bunların 20-si rusca, 15-i gürcücə, 15-i ermənicə, 3-4-ü isə Azərbaycan dilində idi.
Rusiya mətbuat orqanlarının çoxunun Tiflisdə fəaliyyətinə icazə verirdi. Çünki o zaman Çar Rusiyasının Qafqaz Canişinliyi Gürcüstanın Tiflis şəhərində yerləşirdi.
1813-1828-ci illər arasında Azərbaycanın Şimal hissəsinin tam olaraq Rusiyaya ilhaq edilməsindən sonra Çar Rusiyası Bakıda və Azərbaycanın başqa bölgələrində xristian əhalisinin sayının artırılmasına çalışır, rusdilli mətbuatın artırılmasına daha çox diqqət edirdi. Odur ki, XIX əsrin sonlarına doğru Bakıda “Бакинские известия» (1876), «Бакинский торгово-промышленный листок» (1888), «Бакинские ведомости» (1894) kimi qəzetlər nəşr olunmağa başladı. Bu qəzetlərdə rəsmi xəbərlər, elanlar teleqramlar, hökumətin qərarları əsas yer tuturdu.
Çar Rusiyasının Qafqazda rus dilində yayınladığı ilk qəzet “Тифлисские ведомости» (1828-1832) idi. Çar senzurası bu qəzetdə öz siyasi baxışları xatirinə ara-sıra Azərbaycan və Azərbaycan xalqı, onların yazılı və şifahi ədəbiyyatları haqqında yazılar yayınlanmasına icazə verməyinə baxmayaraq, qəzet 1829-cu ildə gürcü dilində, 1830-cu ildə isə fars dilində nəşr edilir. Yalnız 1830-cu ildə qəzetin Azərbaycan dilində əlavə vərəqinin nəşrinə icazə verilir ki, bu əlavə vərəq “Тифлисские ведомости» qəzetinə əlavə olan “Tatar xəbərləri” idi. Qəzetin redaktoru rus əsilli S.Sankovski idi. “Tatar xəbərləri” qəzetinin Azərbaycan dilində ilk nömrəsi 1832-ci ilin yanvarında çıxmışdı. Qəzetin nəşri 1833-cü ilə qə-
------------------------------------
* Məqalə Ankarada nəşr olunan “Türk yurdu” jurnalının sifarişi ilə yazılmışdır. Dos. Şahin Köktürklə müştərək yazılan məqalə həmin jurnalın 1996-cı il yanvar nömrəsində Türkiyə türkcəsi ilə yayınlanmışdır.
dər davam etmiş və həmin ildə dayandırılmış və bir neçə il Azərbaycan dilində qəzet çıxarılmasına icazə verilməmişdir. Çar hökuməti Azərbaycan dilində qəzet nəşrinə icazə verməyinə çox narahat idi. Çünki hökumət xalqın əleyhinə olan işlərinin qəzetlərdə çıxmasını istəmirdi. İcazə verdiyi “Tatar xəbərləri” qəzetinin nəşr olunması haqqında arxiv sənədləri mövcud olsa da, onun bir nüsxəsi belə zəmanəmizə gəlib çatmamışdır. Amma arxiv sənədlərindən məlum olur ki, “Tatar xəbərləri” təkcə Qafqazda deyil, Türkiyə və İranda da oxunurdu (bu barədə bax: Nəriman Zeynalov. Azərbaycan Mətbuat Tarixi. I c. Azərbaycan Dövlət Universiteti nəşri, 1974, səh. 9).
1845-ci ildə «Гафгазский вестник» qəzetinə əlavə olaraq “Qafqazın bu tərəfinin xəbərləri” qəzeti Azərbaycan dilində nəşr olunur. Həftədə bir dəfə çıxan və hökumətin əmrləri, qərarlarını yayınlayan bu qəzetin sadəcə 1845-ci ildə çıxan bir nömrəsi əldə olunub ki, bu nömrə də hal-hazırda Rusiyanın St.Peterburq kitabxanasında mühafizə olunmaqdadır. “Qafqazın bu tərəfinin xəbərləri”nin 1846-cı ilə qədər nəşr olunduğu və bundan sonra 30 il Azərbaycan dilində qəzet çıxarılmadığı tədqiqatçılar tərəfindən yazılmışdır.
XIX əsrin ortalarından bir çox Azərbaycan ziyalısı (Mirzə Fətəli Axundov, Mirzə Şəfi Vazeh və b.) mətbəə qurmağa cəhd etsələr də, çar hökuməti tərəfindən heç bir maddi və mənəvi dəstək ala bilmədilər. Fəqət XIX əsrin II yarısından sonra tanınmış ziyalı və elm adamı Həsən Bəy Zərdabi (1842-1907) böyük zəhmət hesabına bu işin öhdəsindən gələ bildi.
Məlumdur ki, XIX əsrin sonlarına doğru Rusiyada təhsil alan bir çox azərbaycanlı ziyalı yetişdi. Bunlardan biri də xalqının maariflənməsinə çalışan, xalqını sevən milli ziyalı Həsən bəy Məlikov Zərdabi idi. 1865-ci ildə Moskva Universitetinin təbiət fakültəsini bitirən H.B.Zərdabi Rusiyada mətbuatla bağlı təcrübə almış, hürufatı isə Türkiyəyə gedərək İstanbuldan almağı planlaşdırmışdı. Həsən Bəy Zərdabi “1874-cü ilin iyul ayında İstanbula gedib 12 put hürufat alıb, avqust ayında gəldim. Hürufat qışda gəlib çatdı” deyə yazmışdır (bax: H.Zərdabi. Seçilmiş əsərləri, səh. 230).
Böyük ziyalı olan H.Zərdabi qəzeti ana dilini öyrədən bir məktub hesab edərək, “qəzet və jurnal oxumağın insanı dünyadan xəbərdar etməsini, ona dilini öyrətməsini xüsusi qeyd edirdi. Həsən bəy Zərdabinin böyük zəhmət hesabına nəşr etdiyi “Əkinçi” qəzetinin ilk nömrəsi 22 iyun 1875-ci ildə işıq üzü gördü. Həyat yoldaşı Hənifə xanım qəzetin yayınlandığı ilk günü belə dilə gətirirdi: “Həsən bəyin sevincdən gözləri yaşarmışdı. O, çox həyəcanlı bir halda evə gəldi. Bu gün onun həyatının ən xoş günü idi” (bax: «Револьюция и культура» 1936, №6).
“Əkinçi” qəzetinin nəşri yalnız Azərbaycan xalqının deyil, başqırd, tatar, krım və digər türk xalqlarının da sevincinə səbəb oldu. Qafqazın müxtəlif guşələrindən, habelə Omskdan, Orenburqdan, Ufadan, Volqaboyundan, Krımdan təbriklər və abunələr gəlməyə başladı (bax: Vəli Məmmədov. “Əkinçi”, Bakı, 1976, səh. 15).
Həsən bəy Zərdabinin həyat yoldaşı Hənifə xanım xatirələrində yazırdı: “Fransız qəzetindən baş müxbir Bakıya gəlmişdi. O, Rusiyada, xüsusən Azərbaycanda qəzet işinin vəziyyətini öyrənmək istəyirdi. O, Azərbaycan dilində çıxan yeganə qəzetlə maraqlanıb Həsən bəyin yanına gəlmişdi. Qəzetin üç il müddətində 300 abunəçisinin olduğunu bilincə Həsən bəyə demişdi: “Siz qəhrəmansınız. Bizim Fransada belə fağır qəzetlər üçün çalışan tapılmaz. Görünür, siz öz xalqınızı çox sevirsiniz” (bax: N.Zeynalov. “Azərbayan mətbuat tarixi”. Bakı, 1973, səh. 15).
Azərbaycan xalqına böyük xidmət göstərən H.Zərdabi “Əkinçi” qəzetinin oxuyanların sayını artırmaq üçün qəzeti çox zaman pulsuz paylayırdı. Böyük ziyalı olan H.Zərdabi qəzet fəaliyyəti ilə bərabər, ədəbi və elmi fəaliyyət də göstərirdi. O, “Torpaq, su, hava”, “Bədəni təmiz saxlamaq” və ədəbiyyatla bağlı bir çox məqalələr yazmışdır.
Çar Rusiyasının senzor idarəsi tərəfindən daima təqib edilən “Əkinçi” qəzeti maddi baxımdan çətin vəziyyətdə idi. Təqiblər və maddi imkansızlıq qəzetin bağlanmasına səbəb oldu. Sonralar H.Zərdabi yazırdı: “Əkinçi”ni ana dili müəllimi adlandıran Nəcəf bəy Vəzirovun (o zaman N.Vəzirov Moskvada oxuyurdu və qəzetə abunə idi) Moskvadan göndərdiyi bir məqalə yayınlanmışdı. Bu məqalədə dükanların qapısında qəsidə oxuyan və xalqı elmə çağıran bir dərviş təsvir olunurdu. Senzuradan icazə alınmasına baxmayaraq, məqalə qəzetdə dərc olunduqdan sonra qəzetin bütün nömrələri yasaqlandı”.
H.Zərdabinin N.Vəzirovun məqaləsində siyasi fikirlər ifadə etdiyi bəhanəsi ilə qəzetin bir daha nəşrinə icazə verilmədi (bax: H.B.Zərdabi. Seçilmiş əsərləri. Bakı, 1960, səh. 232-233).
Çar Rusiyası H.Zərdabini siyasi cəhətdən təhlükəli hesab edirdi. 1880-ci ildə H.B.Zərdabi bütün təqibləri nəzərə alaraq anadan olduğu Zərdab kəndinə köçmək məcburiyyətində qalır.
“Əkinçi” qəzeti bağlandıqdan sonra Çar hökuməti Qafqazda bir müddət Azərbaycan dilində qəzet nəşrinə icazə vermədi.
Bir müddət sonra Azərbaycanın Şamaxı şəhərindən olan və o zaman Tiflisdə yaşayan Hacı Seyid Ünsüzadə Azərbaycan dilində qəzet çıxarmaq üçün Qafqaz senzur idarəsinə dəfələrlə müraciət etmişdi. Müraciətlərindəki bir məktubunda “Şərqlilər də qərblilər kimi işığa və həqiqətə can atırlar. Onları bir-birinə düşmən edən cəhalətlər” olduğunu yazırdı (bax: N.Zeynalov. Azərbaycan Mətbuat Tarixi. Bakı, 1973, səh. 36).
Hacı Seyid Ünsüzadə 1879-cu ildə “Ziya” adlı qəzetin nəşrinə icazə aldı. Yanvarın 11-də qəzetin ilk nömrəsi çıxdı. Qəzet 76 nömrəsi çıxdıqdan sonra “Ziyayi-Qafqaz” adı ilə nəşrini davam etdirdi. Bu qəzetin cəmi 107 nömrəsi çıxdıqdan sonra 1883-cü ildən 1884-cü ilə qədər nəşrini Şamaxıda davam etdirmiş. Qəzetin cəmi 183 nömrəsinin yayınlandığı yazılmaqdadır.
“Ziya” və “Ziyayi-Qafqaz” qəzetləri xalqın maariflənməsində xeyli iş görmüşdülər. Qəzetin mətbəəsində islam dinini təbliğ edən çoxlu kitablar da nəşr olunurdu. Seyid Ünsüzadənin “Mövludi-Şərif” kitabı, uşaqlar üçün yazılmış “Təlimatül-ətfal”, “Təkzibül-əxlaq” kitabları da bu mətbəədə nəşr olunmuşdur.
“Ziyayi-Qafqaz” qəzeti də nəşrinə son vermək məcburiyyətində qalınca Seyid Ünsüzadənin qardaşı Calal Ünsüzadə Tiflisdə Azərbaycan oğlan uşaqları üçün bir məktəb açmaqla “Kəşkül” adlı bir jurnal nəşr etmək üçün Rusiyanın Qafqaz Canişinliyindən icazə alır. Jurnalın 11 nömrəsi çıxdıqdan sonra Calal Ünsüzadə onu qəzet kimi nəşr etməyə başlayır. “Kəşkül” Azərbaycan yazıçıları, onların əsərləri haqqında məlumat və əsərlərindən nümunələr də verilirdi. “Kəşkül” dünya klassiklərinin əsərlərinin Azərbaycan dilinə tərcüməsinə də böyük əhəmiyyət verməklə, ara-sıra fars və rus dillərində də məqalələr nəşr edirdi. Azərbaycan klassiklərinin əsərlərini başqa xalqların dillərinə tərcümə etməyə ilk dəfə təşəbbüs edən də bu qəzet olmuşdur.
“Kəşkül” qəzetinin nəşri 1883-cü ildən 1891-ci ilə qədər davam etmiş, cəmi 123 nömrəsi çıxmışdı. Davamlı yayınlanmadığı, abunəçilərinin sayı azaldığı üçün bağlanmaq məcburiyyətində qalmışdı.
Tiflisdə Azərbaycan dilində mətbuat orqanı nəşri üçün təşəbbüslər olmuşdu. Məmmədağa Şahtaxtlı “Tiflis” (1886), Kamal Ünsüzadə “Danış” (1900) qəzetlərini nəşr etməyə təşəbbüs etsələr də, bir nəticə alınmırdı.
Məmmədağa Şahtaxtlı 1846-cı ildə Leypsik Universitetini bitirib vətənə döndükdən sonra Şahtaxtlı kəndindəki ata mülkünü sataraq, Tiflisə köçmüş və orada bir qəzet çıxarmaq üçün hökumətə müraciət etmiş və 1903-cü ildə “Şərqi-Rus” qəzetinin nəşrinə icazə almışdı. Qəzetin ilk nömrəsi 1903-cü ilin mart ayında işıq üzü görür. Bu qəzetdə əlifbanın dəyişdirilməsi, baş örtüsü məsələsi, məktəblərdə maarifin inkişafı, biliklərin verilməsi mövzularında yazılarla bərabər, ədəbiyyat, dil məsələlərinə də diqqət yetirilir, dünya klassiklərindən tərcümələr də verilirdi.
1905-ci ildə qəzeti bağlayan M.Şahtaxtlı Bakıya köçməyə qərar verir. Qəzetin son nömrəsi 15 yanvar 1905-ci ildə yayınlanmışdı.
XX əsrin əvvəllərində Bakıda Çar Rusiyasına qarşı etirazların artdığı bir vaxtda bir çox Azərbaycan ziyalısı və sahibkarları Azərbaycanda elmin inkişafına çalışır, məktəblərin, xüsusən qız məktəblərinin açılmasına, milli qəzet və jurnalların nəşrinə çalışırdılar. Bu sahədə Azərbaycan milyonçularından Zeynalabdin Tağıyevin xüsusi xidməti olmuşdur. Zeynalabdin Tağıyev Azərbaycanda bir çox elm, mədəniyyət binalarının tikilməsinə, məktəblər, cəmiyyətlər açılmasına böyük məbləğdə pul xərcləyir, xalqın mədəniyyəti və maariflənməsi üçün əlindən gələni əsirgəmirdi. Xalqın “millətin atası”, “millətin dirəyi” adlandırdığı bu nəcib insanın şəxsi nüfuzu sayəsində 1905-ci il 7 iyunda Azərbaycan dilində “Həyat” adlı bir qəzetin nəşrinə icazə verilir. Qəzetin nəşri 1906-cı ilin noyabrına qədər davam etmiş, 1905-ci ildə 131, 1906-cı ildə 194 nömrəsi yayınlanmışdı. Qəzetin naşiri Əlimərdanbəy Topçubaşov, baş redaktoru Əlibəy Hüseynzadə, Əhmədbəy Ağayev idi.
“Həyat” qəzetinin nəşri Çar Rusiyasının sarsıldığı, bolşevik hərəkatının gücləndiyi bir dövrə təsadüf edirdi. Qəzetdə yazıları çıxan Əhmədbəy Ağayev və b. Rusiyada, Qafqazda, Bakıda cərəyan edən ictimai-siyasi hadisələri şərh edirdilər.
Əlibəy Hüseynzadə, Əhmədbəy Ağayev “Həyat” qəzetində ictimai, siyasi, fəlsəfi və ədəbi yazılarında millət, din, xalq və dil haqqında görüşlərini bəyan edirdilər.
Sonralar 1905-1908-ci illərdə Əhmədbəy Ağayev “İrşad” adlı bir qəzet nəşr etdi. Qəzetin birinci nömrəsi 17 dekabr 1905-ci ildə çıxmış, 1908-ci ilin 25 iyununa qədər qəzet fəaliyyət göstərmişdir. Rus çarizminə düşmən olan Əhmədbəy Ağayev türkçü və islamçı ideologiyasının gerçək təbliğatçısı idi.
XX əsrin əvvəllərində Rus-Yapon müharibəsi, Rusiyada marksizm-leninizm ideyalarının yayılması ilə bolşeviklərin baş qaldırması rus imperatorluğunu zəiflətdi. Odur ki, Çar hökuməti söz, mətbuat, insan haqları ilə bağlı bir çox manifestlər verməyə məcbur oldu. Tarixdə 17 oktyabr 1905-ci il adlı məşhur manifest imperatorluq içərisində yaşayan xalqların mətbuat və söz sərbəstliyini təmin etməyə məcbur oldu. Bu manifestdən yararlanan demokratik fikirli Azərbaycan ziyalıları da cəsarətləndilər. 7 aprel 1906-cı ildə Cəlil Məmmədzadə “Molla Nəsrəddin” (1906-1931) adlı bir jurnalın nəşrinə nail oldu. Bu jurnalın Azərbaycan xalqının dil və mədəniyyətində böyük xidməti oldu. Tədricən “Fyuzat”, “Şəlalə”, “İşıq”, “Məktəb”, “Dəbistan”, “Rəhbər” kimi jurnallar işıq üzü görməyə başladı.
“Məktəb” jurnalının redaktoru Azərbaycanın ziyalı qadınlarından Şəfiqə xanım Əfəndiyeva idi. Azərbaycanda maarifin inkişafına böyük önəm verən Şəfiqə xanım Əfəndiyeva jurnaldakı məqalə və rəsmlərdə bu mövzunu işıqlandırırdı.
1906-1920-ci illər arasındakı Azərbaycanda “Bəhlul” (1906), “Zənbur” (1909-1910), “Mirat” (1910), “Arı” (1910-1911), “Kəlniyyat” (1912-1913), “Tuti” (1914-1917), “Lək-lək” (1914), “Məzəli” (1914-1915), “Babayi-əmr” (1915-1916), “Tartan-Partan” (1918), “Məşəl” (1919-1929) kimi satirik jurnallar da nəşr olunmağa başladı.
Ümumiyyətlə, 19 oktyabr manifestindən sonrakı 1905-1912-ci illər arasında Azərbaycan dilində 40-a yaxın qəzet və jurnalın nəşr olunduğu göstərilir (bax: Məmməd Məmmədov. “Sabir, mübahisələr, həqiqətlər”. Bakı, 1990, səh. 10).
1911-ci ildə Bakıda Azərbaycan dilində ilk qadın jurnalı olan “İşıq” nəşr olundu. Jurnalın redaktoru Xədicə xanım Əlyarbəyova idi.
Bununla belə bolşeviklərin Bakıda rus, Azərbaycan dillərində “Бакинский рабочий», “Hümmət”, “Призыв», “Təkamül”, “Каспи”, “Трудовой” kimi xalqı marksist-leninçi fikirləri dəstəkləməyə çağıran mətbuat orqanları gizli və ya açıq şəkildə fəaliyyət göstərirdi.
1918-1920-ci illərdə Azərbaycan Demokratik Respublikasının qurulduğu, 1920-ci ildə Azərbaycanın Qızıl Ordu tərəfindən işğal olunduğu illərdə və 1991-ci ildə Azərbaycanın Sovetlər İttifaqından ayrılıb müstəqil dövlət qurduğu illərdə Azərbaycan mətbuatı tarixi ayrıca olaraq incələnən bir mövzudur.
MUĞAM, SÖZ İFAÇISI*
“Muğam, söz, ifaçı” Azərbaycan musiqi tarixini maraqla araşdıran bir tədqiqatçının oxucularına qiymətli ərmağandır.
Muğamlarımız haqqında az deyilməyib. Hətta yazıçılar, şairlər də bu zəngin sənət dünyasına söz qoşmaqdan çəkinməmişlər. Sevimli şairimiz Bəxtiyar Vahabzadə xalqın bu ölməz irsinə “Muğam” adlı bir poema həsr edib.
…Dinlə onu,
hər guşəsi,
Quş qonmayan qayalardan daş tərpədər,
Kirpiklərdə yaş tərpədər.
Mahnılar var, ayaqları,
Muğamlarsa baş tərpədər.
Muğam xalqımızın əsrlər boyu yaşadaraq mənəvi bir estafet kimi bu günə təqdim etdiyi yetkin, bitkin, min bir səfalı təranə çələngidir. Xalqımızın ruhunu, mənəvi aləmini ifadə edən muğamlar çox uzaq keçmişimizdən xəbər verən sənət nümunələridir.
Muğamı dilə gətirən, onun məzmununu tamamlayan söz, muğama nəfəs verən isə ifaçıdır. İfaçı bu təranə çələngini xalqa
çatdıran səlahiyyətli elçidir. Bu mənada muğam, söz, ifaçı bir-birini tamamlayan üçlükdür, desək səhv etmərik. Bu baxımdan, müəllifin əsərə seçdiyi ad tamamilə təbii və səmimi səslənir.
V.Məmmədov kitaba “Musiqi və söz”, “Muğam ifaçıları” kimi böyük başlıqla 23 məqalə daxil etmişdir. Kitabda XIX əsrin sonu, XX əsrin əvvəllərində yaşamış şair, rəsam və musiqişünas kimi çoxsahəli fəaliyyəti olan Mir Möhsün Nəvvab haqqında məqalə diqqəti daha çox cəlb edir. Müəllif Nəvvab haqqında müfəssəl məlumat verməklə onun musiqi görüşlərini ifadə edən “Vüzuhil-Ərğam” əsəri üzərində ayrıca dayanır. Tədqiqatdan aydın olur ki, bu əsər nəinki muğam tariximizi öyrənmək, eyni zamanda, muğam ifaçılığı ilə də yaxından tanış olmaq baxımından qiymətli mənbədir. Əlbəttə, bu əsərin gələcəkdə nəşrə hazırlanması klassik musiqi irsimizə böyük hörmətin nəticəsi kimi dəyərli olar.
Kitabdakı “Səməndərtək” adlı məqalə fanatizmin hökm sürdüyü bir dövrdə doğma elindən-obasından didərgin düşmüş sənət fədaisi müğənni Mirzə Güllər xanım haqqındadır. Sənətə vurğunluq bu qeyrətli qızı elin şənlik məclislərində kişi qiyafəsində çıxmağa vadar etmişdir. Müəllif el ağsaqqallarının, qədirbilən musiqisevərlərin söz-söhbətlərinə əsaslanaraq Mirzə Güllər xanım haqqında ilkin məlumat vermişdir. Həm də biz öyrənirik ki, müəllif müğənninin qrammofon vallarını da əldə edə bilmişdir. Şübhəsiz ki, bu bizim mədəniyyət tariximizə qayğının və nəcib münasibətin nəticəsidir.
“Müğənni-şair” adlı oçerkdən məlum olur ki, XIX əsrin sonları, XX əsrin əvvəllərində yaşamış görkəmli Azərbaycan müğənnisi Mirzə Məhəmmədhəsən və onun 1916-cı ildə çap olunmuş “Nalə” adlı şeir kitabçası haqqında ilk müfəssəl məlumatı verən də V.Məmmədovdur. Kitabda “Muğam ustası” adlı məqalədə müğənni Ağa Səid oğlu Ağabala haqqında verilən məlumat da təzədir.
Görkəmli xalq müğənnilərinin həyatından danışmaq xalqımızın mədəniyyət tarixini vərəqləmək deməkdir. Hacı Hüsü, Məşədi İsi, Cabbar Qaryağdıoğlu, Keçəçi oğlu Məhəmməd, Ələsgər Abdullayev, İslam Abdullayev, Məşədi Məhəmməd Fərzəliyev, Mirzə Məhəmmədhəsən, Seyid Şuşinski kimi klassik xanəndələr, Məşədi Cəmil Əmirov, Qurban Pirimov, Bəhram Mansurov, Əhməd Bakıxanov, eləcə də Sara Qədimova, Mütəllim Mütəllimov, Hacıbala Hüseynov, Yaqub Məmmədov kimi sənətkarlar haqqındakı məqalələr bir daha göstərir ki, kitabın müəllifi az əmək çəkməmişdir. Həmin sənətkarlara həsr edilmiş “Könüllər fatehi”, “Ustad”, “Görkəmli tarzən”, “Sədəfli tar”, “Gözəl nəğməkar” kimi oçerklər böyük maraqla oxunur.
Muğam ifaçılığı sahəsində yarım əsrdən çox Fərhad kimi külüng çalan Xan Şuşinski haqqında “Füsunkar xanəndə” adlı oçerk göstərir ki, vaxtilə bu böyük xanəndə haqqında ayrıca kitab yazmasına baxmayaraq, onu çox yaxşı və yaxından tanıdığından, Xan xanəndəlik məktəbinin yetişdirməsi olan V.Məmmədovun bu böyük sənətkar haqqında həmişə yeni söz demək imkanı vardır.
İfaçı olan müəllifin ifaçılıq məsələlərinə dair məqalələri (“İfaçılıq məsələlərinə dair”, “Saf çeşmə”, “Segah”) maraqla oxunur.
“Muğam, söz, ifaçı” kitabındakı şəkillər deməyə haqq verir ki, müəllifin axtarışları səmərəli, incəsənət irsimizə münasibəti xeyirxah və nəcib münasibətdir.
Dostları ilə paylaş: |