XIX asrin ikinci yarısında Azarbaycanda burjua cəmiyyətinin təşəkülü və sinifi mübarizə-burjuaziya
XIX əsrdə Azərbaycan dövlətçiliyi tarixində qazanılan uğurlardan biri burjua münasibətlərinin, milli burjuaziya və Azərbaycan millətinin yaranması oldu. "Azərbaycan tarixi" kitabında XIX əsrdə formalaşan burjua münasibətlərindən bəhs edərək göstərilir ki, Azərbaycan burjuaziyası neft sənayeçilərindən, fabrik-zavod və manufaktura səviyyəsində olan sənətkar emalatxanalarının sahiblərindən, tacirlərdən, ev sahiblərindən, qolçomaqlardan, təsərrüfatlarını muzdlu əmək üzərində quraraq kapitalistə çevrilmiş bəylərdən və s. ibarət idi. Azərbaycan burjuaziyasının XIX yüzilliyin ikinci yarısında başlamış təşəkkül prosesi XX yüzilliyin əvvəllərində də davam etmişdi. Böyük sənaye mərkəzinə çevrilmiş Bakı şəhəri Azərbaycan burjuaziyasının təşəkkül tapdığı ən mühum mərkəz idi. Ən güclü dəstəsi məhz bu şəhərdə cəmləşmiş Azərbaycan burjuaziyası müstəmləkə vəziyyətində olan ölkənin iqtisadi inkişafının xüsusiyyətləri ilə əlaqədar olaraq öz təşəkkülünün lap başlanğıcından çoxmillətli olmuşdur. Çünki neft sənayesinin kapitalist inkişafının ilk illərindən erməni kapitalı burada üstünlük qazanmış, daha sonra isə bu sənaye sahəsinə rus kapitalı axıb gəlmişdir. Ticarət sahəsində də erməni və rus kapitalının rolu az deyildi. Azərbaycanlı sahibkarlar da əsasən Bakının yüngül sənaye, neft emalı sahələrində, gəmiçilikdə, Azərbaycan qəzalarındakı sənaye müəssisələrində üstünlük təşkil edirdi. Özünün təşəkkül dövründə çoxmillətli burjuaziya sinfinin tərkibində azlıq təşkil edən Azərbaycan burjuaziyası sonrakı illərdə nisbətən qüvvətləndi. Məsələn, XX yüzilliyin lap ilk ilində neft sənayesində olan 167 firmadan 49-u milli kapital nümayəndələrinə məxsus idi. Neft sənayesində 55 firması olan erməni burjuaziyasından sonra ikinci yeri tutan Azərbaycan milli burjuaziyası XIX yüzilliyin sonlarında say etibarilə xeyli artsa da, onun sənayedə xüsusi çəkisi həmin sayla uyğun gəlmirdi. Belə ki, burjua nümayəndələrinin böyük əksəriyyətinin kapitallarının miqdarına, XIX əsrdə Azərbaycan iqtisadiyyatda tutduqları mövqelərinə görə xüsusi çəkisi bir çox iri kapitalistlərə nisbətən xeyli aşağı idi. Ancaq Azərbaycan milli burjuaziyası nümayəndələri arasında çox varlı, sənaye və ticarətdə yüksək xüsusi çəkili kapitalistlər də var idi. Onlardan bu gün böyük ehtiram və sonsuz hörmətlə yad edilən, öz kapitalını, eyni zamanda, xalqın maariflənməsinə və xeyriyyə işlərinə sərf edən Hacı Zeynalabdinin adını çəkmək olar. Bənna şagirdi işləyə-işləyə öz fərasəti, əməksevərliyi ilə müəyyən məbləğ yığaraq 1872-ci ildə neft verən torpaqlar müzaidə ilə uzunmüddətli icarəyə verilən vaxt bir erməni kapitalisti ilə şərikli neftverən torpaq sahəsi içarəyə götürmüş H.Z.Tağıyev neft buruğunun fəvvarə vurması naticəsində varlanmış, XIX yüzilliyin sonunda Bakının ən böyük milyonçularından birinə çevrilmişdi.
Ağıllı, uzaqgörən adam olan Tağıyev öz kapitalını təkcə neft sənayesinə deyil, yeyinti, tikinti sənaye sahələrinə, hətta kənd təsərrüfatına da qoyurdu. H.Z.Tağıyev Azərbaycan burjuaziyası nümayəndələri arasında Azərbaycan iqtisadiyyatının müstəmləkə xarakterinə zərbə vuran, onu sındıran kapitalist olmuşdur. Məlumdur ki, müstəmləkə metropoliya sənayesi üçün xammal verməli, onun özündə bu xammalı əşyaya çevirən sənaye sahələri, eyni zamanda, rus sənayeçilərinə dünya və Rusiya bazalarında rəqib olmamalı idi. Bu iqtisadiyyat müstəmləkə iqtisadiyyatı adlandırdı. Azərbaycan iqtisadiyyatı da belə idi. Ağıllı və uzaqgörən Tağıyev böyük zəhmət, uzun illərin mübavrizəsindən sonra, öz toxuculuq fabrikini açmaqla Azərbaycan iqtisadiyyatının bir qolunun inkişafını başqa istiqamətə yönəldə bilmişdi.
H.Z.Tağıyevlə yanaşı Azərbaycan milli burjuaziyasının neft sənayesində Şəmsi Asədullayev, Musa Nağıyev, Murtuza Muxtarov, Manafov, yeyinti sənayesində Ağabala Quliyev, Zülfüqarovlar, Səttar Kərimov, ipək emalı sənayesində Hacı Kərim Vahaboğlu, Hacı Əbdül Rəhimov, Muradov, balıqçılıqda Əhməd Mustafaoğlu və b. gəmiçilikdə Hüseynovlar, Dadaşovlar və onlarla b. təmsil etmişlər. Kapitalizmin inkişafı, cəmiyyətin sinfi tərkibində baş vermiş dəyişikliklər, Azərbaycanın ayrı-ayrı əraziləri arasında iqtisadi birliyin yaranması, iqtisadi və mədəni mərkəzlərin yüksəlməsi kimi amillər vahid dili, mədəniyyəti, ərazisi, iqtisadi və mənəvi həyatı olan Azərbaycan xalqının burjua milləti kimi formalaşmasına səbəb oldu. Azərbaycan burjua millətinin formalaşması XIX yüzilliyin ikinci yarısında baş vermişdi. Təsadüfi deyil ki, millət məfhumunu dilimizə həmin dövrün böyük xadimi M.F.Axundov gətirmişdi. Mətbuatda ilk dəfə 80-ci illərdə çıxan "Kəşkül" qəzeti "Azərbaycan milləti" ifadəsini işlətmişdir. Azərbaycan burjua millətinin tərki-binə burjuaziya və proletariat, bəylər və kəndlilər, tacirlər və sənətkarlar və başqaları daxil idi. Burjua millətinin yaranması azərbaycanlıların həyatında mühüm hadisə idi. Bu, azərbaycanlıların milli şüurunun da formalaşmasına səbəb oldu. Milli şüurun formalaşması isə müstəmləkə zülmünə qarşı, torpağın suverenliyi uğrunda mübarizə üçün çox vacib idi.
Dostları ilə paylaş: |