12. Uşaqlara hesab əməllərinin ifadələrinin öyrədilməsi. Uşaqlar məsələni müstəqil tərtib etməyi, sualına düzgün cavab verməyi öyrəndikdən sonra onlara hesab əməllərinin –toplama və çıxmanı öyrətmək olar. Uşaqlar belə suallara cavab verməyi öyrənirlər:”Məsələni həll etməkdən ötrü nə etmək lazımdır?”, “Siz məsələni necə həll etdiniz?”
İşi elə qurmaq lazımdır ki, gələcəkdə uşaqlar birinci sinif şagirdlərinin məsələlər üzərində istifadə etdikləri iş metodlarına yiyələnə bilsinlər.
Məsələni aşağıdakı suallarla aydınlaşdırırlar: “Məsələdə nədən danışılır?”,”Nə deyilir?”, “Biz nəyi bilirik?”, “Biz nəyi bilmirik?”, “Məsələni həll etmək üçün nə etmək lazımdır?”, “Əşyalar çox oldu, yoxsa az oldu?”
Uşaqlar məsələnin sualına ətraflı cavab verirlər, həllin olub-olmamasını yoxlayırlar.
Məsələnin həlli zamanı əyanilikdən istifadə etmək məqsədəuyğundur. Lakin uşaqlar əşyaların ümumi miqdarını görməməlidirlər, çünki bu, məsələnin sualına əyani cavabdır. Məs. Tərbiyəçi uşaqlara qutudakı matryoşkaları saymağı təklif edir. Sonra uşaqlara qutuya 1 matryoşka da qoymağı təklif edir və onlara nə etdikləri haqqında məsələ fikirləşməyi təklif edir.
Tərbiyəçi məsələni təkrar etməyi xahiş edir və bu vaxt şərti və sualı ayırır: “Biz nəyi bilirik? Məsələnin bu hissəsi necə adlanır? Məsələdə nə haqda soruşulur? Necə bilmək olar, qutuda neçə matryoşka vardı? Matryoşkalar çox oldu, yoxsa az oldu? 6 matryoşka vardı, 1 matryoşka da qoydular. Məsələni həll etmək üçün 6-nın üstünə1 gəlməliyik. 7 alırıq. Beləliklə, məsələni həll etmək üçün biz nə etməliyik? İndi biz sizinlə birlikdə nəinki məsələnin sualına cavab verəcəyik, həm də məsələni həll etmək üçün həmişə nə etmək lazım olduğu haqda, hansı ədədio hansı ədədin üstünə gəlmək, ya da ondan hansı ədədi çıxmaq lazım olması haqda danışacağıq.”
Cəm tapılmasına aid məsələnin həllinə 1 məşğələ həsr edirlər, bundan sonra çıxma əməlini ifadə etməyi öyrənirlər. Məsələnin araşdırılması toplama əməlinin ifadə edilməsində olduğu kimi aparılır. Axırda tərbiyəçi deyir: “6 çıx 1, olar 5”.
Məktəbəhazırlıq qrupunda uşaqlar məktəbdə istifadə edəcəkləri hesab terminlərini mənimsəməlidirlər.
İlk gündən uşaqları “əlavə etmək”, “toplamaq”,”çıxmaq”, “alınır”, “bərabərdir” terminlərindən istifadə etməyə alışdırmaq lazımdır.
Hər bir əməlin, həmçinin əməllər arasındakı asılılığın mənasını uşaqların dərk etməsi üçün mütləq toplama və çıxmaya aid məsələləri daima tutuşdurmaq lazımdır. Başlanğıcda məzmunca fərqlənən, sonra isə bir-birinə oxşar məsələləri müqayisə etmək olar. Bunun üçün tərbiyəçi uşaqlara istiqamətverici suallar verir.
Sonralar uşaqlar 1 ədədi başqa ədədin üstünə gəlmək, yaxud 1 ədəddən başqa ədədi çıxmaq lazım olan məsələləri müstəqil tərtib edə bilərlər.