Səadət Qüdrət qızı Səttarova sənətşünaslıq üzrə fəlsəfə doktoru



Yüklə 125,64 Kb.
Pdf görüntüsü
səhifə1/2
tarix08.06.2023
ölçüsü125,64 Kb.
#126722
  1   2
TEZE MEQALE SADA



Səadət Qüdrət qızı Səttarova
sənətşünaslıq üzrə fəlsəfə doktoru 
MUSİQİ SƏNƏTİMİZİN VURAN NƏBZİ ...
Həyat davamlılığına görə deyil ,mənasına görə qiymətlidir . Bu 
deyimdə böyuk həqiqət var .O həqiqət həyatın mənasının 
yaşanmış illərin qədəri ilə deyil , görülmüş işlərin çəkisi , dəyəri, 
insanlara xidmətin böyüklüyü ilə ölçülməsi deməkdir. Məhz , 
həyat , hadisələr insanları seçir , görülmüş işlərimizi , 
əməllərimizi süzgəcdən kecirir , zaman bizə öz qiymətini verir. 
Sağlığinda qiymətləndirilmənin zövqünü yaşamaq hissi isə 
hamıya deyil ,yalnız yaradan tərəfindən fitri istedadla 
mükafatlandırılan , mənalı ömür sahiblərinə nəsib ola biləcək bir 
sərvətdir . Mənim tanıdığım belə xoşbəxt insanlardan biri , hələ 
uşaqlıqdan şəxsiyyəti qarşısında həyəcanlı ehtiramla səcdə 
etdiyim , müəllimim olduğu üçün böyük qürur duyduğum , hər 
gün yaradanıma bu qismətimə görə minnətdar olduğum , müasir 
ifaçılıq məktəbinin ən görkəmli nümayəndələrindən biri , 
çoxşaxəli yaradıcı fəaliyyəti Azərbaycan musiqi 
mədəniyyətinin tarixinə qızıl hərflərlə həkk olunmuş SSRİ xalq 
artisti , həyat yolu hamı üçün örnək , nümunə ola biləcək ifaçı , 


pedaqoq , Bakı Musiqi Akademiyasının rektoru , professor 
Fərhad Bədəlbəylidir .
Hər bir xalqın tarixində görkəmli pedaqoqlar , müəllimlər 
olmuşlar . Çinlilərin dahi pedaqoqu hesab edilən Konfusi , 
rəvayətə əsasən şagirdi ilə söhbətində vətənin olduqca geniş 
olduğunu , onu inkişaf etdirib zənginləşdirmək gənc nəslin 
öhdəsinə düşdüyünü söylədikdə şagirdi “Vətəni necə 
zənginləşdirməli ? “ sualını müəllimə vermiş və “Sən vətəni 
öyrət və savadlandır “ müdrik cavabını almışdır . 
Sevimli müəllimim , fövqəladə istedada malik musiqici , 
şəxsiyyət olan Fərhad Bədəlbəylinin mənim peşəkar kimi 
yetişməyimdə sərf etdiyi əmək və baçarığı ürəyimdə 
alovlandırıb yandırdığı , bütün həyatım boyu məni müşaiyət 
edən , hərarəti , şəfəqi ilə yollarımı işıqlandıran məşəllə 
müqayisə etmək olar . Bu alov mənə inkişaf etməkdə , həyatda 
və peşədə uğur qazanaraq , irəliləməkdə daim yardımçı 
olmuşdur . 
Qədim müdriklərin “ Şagird doldurula biləcək kuzə deyil , 
yandırılacaq bir məşəldir . Məşələ isə yalnız özü yanan alov verə 
bilər “ kəlamı olduqca obrazlı və dəqiq söylənmişdir . Fərhad 
Bədəlbəyli daim özü yaradıcılıq şövqü ilə qaynayaraq minlərlə 
insan qəlbini alovlandırmış , Azərbaycan peşəkar musiqiqisinə 
bütöv bir nəsil gözəl musiqiçilər ,pedaqoqlar , ixtisasçılar bəxş 
etmişdir . 
Fərhad Bədəlbəyliyə bir müəllimə gərəkli olan iti təfəkkür , 
həssaslıq , gözəl zövq , geniş dünyagörüş , müşahidə qabiliyyəti, 
özünə ram edən əsil kişi cazibədarlığı , qətiyyət , enerji və ən 
əsası isə musiqi sənətinə , peşəsinə olan sonsuz məhəbbəti kimi 
keyfiyyətlər xasdır . 
Gələcəkdə ADK-da müəllimim olacaq professorumla ilk 
tanışlığım hələ Azərbaycan musiqi sənətinə korifeylər bəxş 
etmiş , bir çox dahinin “ Alma mater ”i olan , əsası dahı Üzeyir 
Hacıbəyli tərəfindən qoyulan , professional musiqi təhsilinin 
təşəkkülü və inkişafında mühüm rol oynayan Bülbül adına orta 
ixtisas musiqi məktəbinin aşağı siniflərində təhsil alarkən 


olmuşdu . Xalq rəssamı Mikayıl Abdullayevin yaratdığı 
portretini gördüyüm gündən Fərhad müəllim piano arxasındakı 
məğrur cüssəsi , qartal qanadlarına bənzəyən qolları , tamamilə 
ifa etdiyi musiqiyə qovuşan nurlu çöhrəsi ilə mənim uşaq 
təsəvvürlərimin , fantaziyalarımın qəhrəmanina çevrilmişdi . 
Sonralar tez-tez televiziya ekranlarında seyr etdiyim ən mötəbər 
dövlət tədbirlərində ifaları ilə hamını heyran edən bu yaraşıqlı , 
emosional pianoçunun məhz Fərhad Bədəlbəyli olduğunu 
öyrəndim . Taleyim , qismətim isə Bülbül adına orta ixtisas 
musiqi məktəbini qızıl medalla bitirib ən uğurlu tələbələrdən biri 
olduğum ücün Fərhad Bədəlbəyli sinifində təhsil almaq kimi 
yüksək bir şərəfi mənə nəsib etdi . 
Eyni sənətlə məşğul olan , hərəsi özünəməxsus individuum 
olan, müxtəlif səviyyəli dünyagörüşləri fərqlənən bir şəxsiyyətin 
digərinə təsiri həmişə olduqca maraqlı proses olmuşdur. Fərhad 
Bədəlbəyli Azərbaycan pianoculuq məktəbini “ əyalət çərçivəsi” 
ndən cıxaran , dünya səviyyəsində məşhurlaşdıran ilk 
ifacılarımızdandır . Portuqaliyanın Lissabon şəhərində kecirilən 
Viana de Motta adına müsabiqənin qalibi olan Fərhad 
Bədəlbəyli Azərbaycanda laureat adını qazanmış ilk pianoçu idi. 
Sənətkarın ifaçılıq repertuarı olduqca zəngin olub hər zaman 
özündə xarici və Azərbaycan bəstəkarlarının əsərlərini geniş 
təbliğ etmişdir . Sənətkarın əsas yaradıcılıq prinsiplərindən biri
onun müəllif əsərinə diqqət və məsuliyyətlə yanaşması , üslub 
və ifaçılıq ənənə və çərçivələrindən kənara çıxmayaraq , 
tələbkar dinləyicilərə yalnız özünəməxsus təfsir formasını 
çatdırmaq olmuşdur . Dünya fortepiano ifaçılığı tarixində qızıl 
səhifələr olan Haydn , Mosart , Bethoven , Şuman ,Şopen , List , 
Brams , Sen-Sans , Raxmaninov , Skryabin , Prokofyev 
əsərlərinin mahir təfsirçisi olan Fərhad müəllim yalnız 
özünəməxsus ifa tərzi , manerası , təqdimatı ilə təqlidcilikdən 
uzaq olaraq minlərlə klassik musiqi sevərlər və dinləyicilərinin 
ürəyinə yol tapa bilmişdir . Təsadüfi deyildir ki , çoxsaylı 
minnətdar dinləyiciləri Fərhad Bədəlbəylinin ifalarının incə 
lirizmi , temperamenti , parlaq emosionallığına heyran olaraq 


onu “ fortepianonun şairi “ adlandırırlar . Ustadın 
konsertlərindən sonra bir daha onun dahiyanə virtuozluğunun , 
səhnə təqdimatının təbiiliyinin , konstruktiv aydınlığının , 
musiqi ifadə nitqinin məntiqiliyinin heyranı olursan . 
Pedaqoji fəaliyyət yaradıcı şəxsiyyət kimi Fərhad Bədəlbəylinin 
ayrılmaz və başlıca keyfiyyətlərindən biridir . Bu , sanki , öz 
təcrübəsi , istedadı , ustalığı ilə bölüşmək üçün əvəzedilməz 
tələbatdır . Fərhad müəllimin pedaqoji fəaliyyəti Azərbaycan 
ifaçılıq sənətinə , fortepiano pedaqoqikasına özündə ustadın 
özünəməxsus yaradıcılıq prinsiplərini yaşadan , onlara yeni 
həyat verən gənc musiqiçilərin bütöv bir nəslini bəxş etmişdir . 
Təsadüfi deyildir ki , Bədəlbəyli tələbələri sırasında müxtəlif 
beynəlxalq müsabiqələrin , mötəbər yarışların qalibləri yetişmiş, 
formalaşmışlar . XX əsrin azərbaycan mədəniyyəti , ifaçılıq 
sənətinin bir çox parlaq səhifələri , qələbələri Fərhad Bədəlbəyli 
adı ilə bağlı olub , onun fitri musiqi istedadı , alicənablığı , 
mütərəqqi baxışların daşıyıcısı olması kimi şəxsiyyətini əvəzsiz 
etmişdir . Fərhad müəllimin dəst-xətti , “ nəfəsi “ yetişdirdiyi 
hər bir tələbənin ifa manerasında , üslubunda aydın hiss olunur . 
Bu əvəzolunmaz “ dəst-xətt “ onun dühasından işıq alan , onun 
nadir yaradıcılıq laboratoriyasından bəhrələnən , Bədəlbəyli 
bulağından “ su icən “ hər birimizdə aydın hiss edilir . Bu isə 
çox təbii haldır . Gunəş ətrafında fırlanan , işığından nur , güc , 
qüvvət alan böyüklü - kiçikli planetlər kimi biz , onun 
yetirmələri də , dahi müəllimimizin vaxtilə bizi 
istiqamətləndirdiyi işıqlı bir yolun yolcularıyıq .
Mahir pedaqoq kimi fəaliyyət göstərdiyi dövrdə tələbələrinə 
ardıcıl və metodik olaraq fortepiano ustalığının sirlərini fəth 
etməkdə , virtuoz vərdişləri təkmilləşdirməkdə , yeni-yeni 
fortepiano repertuarına müraciət etməkdə dəyərli məsləhətlər 
vermiş ,bədii yaradıcılığin obrazlı rəngarəngliyinə maraq 
oyatmağa çalışmışdır . 
Fərhad Bədəlbəylinin pedaqoji metodikasında bu və ya digər 
əsərin səslənməsi ,ifası barədə ciddi sxemi yoxdur . O , həvəslə 
yeni interpretasiyanı əsərin yeni keyfiyyət və çalarlarını acaraq 


müəllif fikrinə cavab vermək şərtilə qəbul edir . Dahi 
bəstəkarların yaradıcılıq məhsulları Fərhad müəllim üçün öz 
həyatı , ifaçılıq traktovkaları , ifadə üsulları dəyişkən olan canlı 
varlıqlardır . Ustadın fortepiano ifaçılığına bu münasibəti onun 
həm ifacılıq , həm də pedaqoji fəaliyyətində qabarıq ifadəsini 
tapır . Məhz , bu səbəbdən də Fərhaq Bədəlbəyli hec bir zaman 
tələbəyə əvvəlcədən hazırlanmış qəlibə yerləşdiriləcək amorf 
kutlə kimi baxmır . Hər bir şagirdi onun üçün öz istedadı , 
özünəməxsusluğu ilə secilən individuallıq olmuşdur . Fərhad 
müəllim var gücü ilə bütün zəhmətini və səyini bu 
individuumların açılmasına , inkişafına yönəldərək , mane olan 
məhdudiyyətləri dəf etmiş , hər bir konkret tələbəsi üçün 
məxsusi olaraq böyük musiqinin ecazkar qapılarını acmışdır . 
Dərs zamanı Fərhad müəllimin uslub barədə dəyərli fikirlərini 
dinləmək ,onun öz ifaçılıq praktikasına istinadları olduqca 
dəyərli və maraqlı idi . Hafizəmdə çox möhkəm saxladığım 
tövsiyyələrinin birində o belə deyir : “ Üslubu dərindən 
anlamaq , fəth etmək üçün müxtəlif vasitələr vardır . İntuitiv 
olaraq mən belə hesab edirəm ki , bəstəkarın üslubuna dərindən 
varmaq üçün onun bir neçə əsərini öyrənmək labüddür .İfa 
etdiyin bəstəkarın musiqisinə dərindən baş vurmaq , sözün 
həqiqi mənasında , onunla yaşamaq lazımdır .Bunun üçün isə 
həmin müəllifin daha çox əsəri ilə tanış olmaq məsləhətdir . Öz 
ifaçılıq praktikamdan deyə bilərəm ki , mən , ilk dəfə Skryabini 
ifa edəndə , onun başqa əsərləri ilə də tanış olmağa çalışmışam . 
Bu o demək deyildi ki , mən Skryabini daha çox sevib , digər 
müəlliflərdən üstün sayırdım . Sadəcə , onun musiqi üslubunu 
daha dərindən qavramaq və hiss etmək üçün bunu edirdim . 
Üslubu anlamağın ən gözəl və əlverışli vasitəsi bəstəkarın daha 
çox əsərləri ilə tanışlıqdır . “ 
Üslub haqqında söhbət edərkən , Fərhad Bədəlbəyli , həmçinin , 
ifadə vasitələri sistemi bəstəkar üslubundan asılı olan , eyni 
zamanda müstəqil olan ifaçılıq interpretasiyalarını da nəzərdə 
tutur . Məsələn , Rixter , Neyqauz , Qofman , Quld , Klibern , 
Mikelancelo , Sofronitski və s.. Ustad müəllif üslubunu fəth 


etməyi müxtəlif janrlı əsərlərin interpretasiyasının əsas şərti və 
müvəffəqiyyətin başlıca səbəbi adlandırır . Dərslərdə etdiyi 
tövsiyyələrdən birində o belə deyir : “ Təfsirçi , ifaçı- sənətkarın 
əsas məqsədi dahi müəlliflərin yaratdığı əsərləri ən geniş 
dinləyici kütləsinə anlaşılan və əlçatan etməkdir . Bu işdə yalnız 
öz zövqünlə kifayətlənməyib , bəstəkar-müəlliflərin qarşıya 
qoyulan ideya-məzmun məsələlərini əldə rəhbər tutmaq 
gərəkdir. Təfsirçi – ifaçı əsər müəlliflərinin fikir və hisslərini 
dəqiq formalı , gözəl melodiyalı , aydın harmoniyalı musiqi dili 
ilə ifadə edərək , xarici effektlər , süni emosiyalarla təəssüratı 
korlamamalı ,dahi bəstəkarların yaratdığı bədii obrazları səmimi 
və həqiqi şəkildə açıqlamalıdır . İfaçı – pianocu bir həqiqəti hec 
zaman yaddan çıxarmamalıdır : “Əvvəlcə “nə”, sonra “ necə “.” 
Həqiqətən də , Q.Koqanin sözləri ilə desək , fikir və 
məqsədlərimizə imkan yaratmalıyıq ki , onlar sakitlikdə və 
sükütda yetışsinlər . Yalnız bundan sonra “ necə ? “ və “ hansı 
vasitələrlə ifadə etmək ? “ tamamilə aydın və konkret şəkildə 
müəyyənləşir . 
Fərhad Bədəlbəyli dərslərdə tez –tez qeyd edir ki , əsərlərin 
təfsiri , əsasən , musiqinin intuitiv və emosional qavranılmasına, 
həmçinin , bu və ya digər bəstəkarların yaradıcılıq üslubu barədə 
təsəvvür və biliklərimizə əsaslanır . Bundan əlavə , əsərin 
özunəməxsus ifaçılıq obrazını yaradan təfsirçi – sənətkara daha 
böyuk dəqiqlik və dərin analiz gərəkdir . O , özünə hər bir ştrix 
və detal ücün hesabat verməli , ifasını nəinki hissləri , həmçinin 
məntiqi ilə də sığortalamalıdır . Bu səbəbdən də dahi pianoçular 
əsərlərin dərinliyinə vararaq tamamilə yeni baxış , nöqteyi – 
nəzərdən ifadəli məzmunu açır , yeni tembr və dinamik boyalar 
taparaq hər frazanı ifaçılıq məramının acılışına tabe edir, 
bununla da biri digərindən fərqlənir .
Fərhad müəllimin fikrincə , alət arxasında belə “ şüurlu “ iş 
saatlarla məşq etməkdən qat – qat faydalıdır . Sirr deyildir ki , 
bu metodla öyrənilən əsərlər möhkəm yadda qalır . Məhz , 
eynilə , bu metodla texniki cətinliklər üzərində işləməyi tövsiyyə 


edərək , onların ifasına “ məntiqi “ musiqi açarı tapmağı 
məsləhət görür . 
Dahi pianoçu E. Qilelsin dəqiq ifaçılıq üslubu barədə pianoçu 
və cərrahla paralellər apararaq dediklərini Fərhad müəllimdən 
eşidərək , hafizəmdə möhkəm saxlamışam : “ Skalpellə cərrahın 
işi böyük gərginlik ,ifa şəffaflığı tələb edir . Eynilə , pianoçunun 
da ifasında hər şey kiçik detallarınadək düşünülüb icra 
edilməlidir . Bu bünövrəsiz , bu özülsüz ən uğurlu interpretasiya 
belə dağılmağa məhkumdur . Skalpellə əməliyyat aparan cərrah 
insan həyatına necə cavabdehdirsə , səhnədə pianoçu da bədii 
əsərin taleyi , səhnə həyatı qarşısında eləcə məsuliyyət daşıyır .”
Fərhad Bədəlbəylinin sinifində təhsil aldığım illərdə o , bizə 
musiqidə ilahi gücə malik dühaları olan Bax , Mosart ,Bethoven 
, Şubert , Şopen ,Şuman kimi dahiləri anlamağı , sevməyi 
öyrətmişdir . Bəzən müəllimimizin bu bəstəkarlara olan 
müqəddəs ehtiramını müşahidə edərək , özümüzə sual verirdik 
ki , bu insanlar hansı inqilab , dövlət çevrilişi , nə isə 
əhəmiyyətli , taleyüklü işlər etmişlər , hansı materikləri ,qitələri 
kəşf etmiş , yoxsa insanlığı ağır bəlalardan , xəstəliklərdən 
qurtarmışlar ? Xeyr , bu sadalananlardan hec birini etməmişlər . 
Lakin , digər tərəfdən , onlar kəşflər etmiş , bəşəriyyətə qiymətli 
yaradıcılıq məhsullarını bəxş etmişlər .
Hər hansı peşəkar musiqiçi Mosart musiqisi ilə yaxından 
təmasda olduqda , bu təkrarolunmaz sənətkara və insana heyran 
olur . Zahirən Mosart musiqisi sadə və asan olsa da , hər bir 
musiqiçi və ifaçıya məlumdur ki , daxilən bu musiqi 
çoxşaxəlidir . Mosart musiqisinin məzmunu və forması arasında 
ahəngi tapmaq olduqca çətindir və onu ifa etmək xüsusi zövq və 
ustalıq tələb edir .
Fərhad müəllim Mosart üzərində işə başlamamışdan öncə , 
bəstəkarın individual üslubu və onun yaşadığı dövrün üslubunu 
öyrənməyi tövsiyyə edir . O , Mosartın olduqca sadə , 
insanpərvər , mərhəmətli , həssas , saf mənəviyyata malik bir 
insan , eyni zamanda , haqsızlığa etiraz səsini ucaltmaqdan 
çəkinməyən cəsur üsyançı olmasını bildirərək , onu möhtəşəm 


dahi adlandırır . Fərhad müəllim Mosartı ifa edərkən , onun 
təbiətinə ifrat dərəcədə ehtirasların xas olmamasını dönə - dönə 
vurğulayır , və “ musiqi qulağı heç zaman təhqir etməməli , 
əksinə , ona zövq verməli , musiqi olaraq qalmalıdır “ ifadəsini 
təkrar etməkdən yorulmur . O , deyir ki , Mosart dinamikası 
nəinki “ işığın və qaranlığın “ oyunu , maraqlı bir boya , 
lövhədir . Mosartın “ forte”si nəinki akustik effekt , həmçinin , 
hisslərin ifadəsidir .Mosartın avtoqraflarında rast gəlinən 
“calando “nu “ sakit , astadan ifa “ kimi aydınlaşdıran Fərhad 
müəllim , sonralar bu musiqi termininin “ asta ahəng , yavaş 
temp “ kimi tərcümə edildiyini söyləməyi də unutmur . 
Mosartda “ calando” dan sonra “ a tempo “ anlayışı
olmadığından , bu anlayışın dinamik məna verdiyini vurğulayır 
(sonata a – moll ) . O , həmçinin ,qeyd edir ki , Mosartın 
əsərləri dəqiq ritmik ifa tələb edir . Lakin ritmə riayət etmək bizi 
mexanikliyə aparmamalıdır . Ritmik təfsirçi , ifaçı musiqinin 
məzmununa uyğun olaraq , aqoqikanı işə salmalıdır . 
Aqoqikasız Mosart əsərlərini plastik ifa etmək qeyri – 
mümkündür . Ustad hər bir bəstəkarın aqoqikasının xarakterının 
fərqli olmasını vurğulamağı da unutmur . Bu mövzuda Artur 
Şnabelin “ Siz tempdə və yaxud hissiyyatla çalırsınız ?” sualına 
verdiyi “ Məgər ,dəqiq , vaxtında hiss etmək olmazmı ? “ 
möhtəşəm cavabını tez- tez yada salır . 
Şubertlə Bethoveni müqayisə edərək , Fərhad müəllim Şuberti 
taleyin bütün zərbələrini qəbul edən məzlum kimi təqdim edir . 
Onu şəxsiyyətin introvert növünə aid edərək böyuk 
insanpərvərliyi , altruizmi fonunda tənha olduğunu bildirir . 
Bethoveni isə kütlələrlə danışan sənətkar kimi görür :” Bethoven 
dərin kədərində belə , ictimai şəxsdir . Şubert isə hər kəslə ayrı – 
ayrılıqda söhbət edir “ deyir . Ümumiyyətlə , Fərhad Bədəlbəyli 
sinifində Bethoven irsinə yiyələnmək , fikrimcə , pianoçu – 
tələbənin xoşbəxt qismətinə yazılmış gözəl şanslardandır . 
Fərhad Bədəlbəyli Bethovenin ideyalarını ifadə etmək üçün 
istifadə etdiyi metod və vasitələrini dərindən qavramaq üçün 
,hər şeydən əvvəl , onun böyuk sonata quruluşunu nəzərdən 


keçirməyi tövsiyyə edir . Həmçinin , Bethovenin murəkkəb 
formaların ustası olduğunu vurğulayır . Məhz ,sonata 
formasında ,bəlkə də , bütün musiqi kompozisiyaları sırasında 
ən dahiyanə əsərlərini yaratmasını dönə - dönə qeyd edir . 
Bədəlbəyli sinifində təhsilimin ilk ilində ifa etdiyiym 
Bethovenin 3 saylı sonatası üzərində yaradıcı işimiz hafizəmdə 
canlanır . Fərhad müəllim deyir : “ Mən təkidlə bütün Bethoven 
sevərlərə bu sonatanın üçüncü hissəsini öyrənməyi tövsiyyə 
edərdim . Məhz bu “Adagio”-da ilk dəfə olaraq var gücü ilə əks 
ideyalar və ziddiyyətli əhval – ruhiyyələr qarşı – qarşıya 
qoyulur. Bethoven dialoqları cox sevir . Olduqca nəfis , incə “ 
Adagio “ - da yuxarı və bas reqistrlərinin təzadını xüsusilə 
vurğulamaq üçün o səsləri “əllər vasitəsi “ ilə sərh edir .Sol əlin 
bir – birinin ardınca gah basları , gah da yuxarı melodiyanın 
notlarını səslənməyə vadar edən geniş hərəkətləri sanki , əsərin 
lirik başlanğıcının acı tale ilə söhbətini ifadə edir . Bu “ Adagio“ 
Bethovenin ən poetik əsərlərindən biridir .” 
XIX əsrin birinci yarısına təsadüf edən romantizm dövrünün 
musiqi nümunələri üzərində çalışmaq Bədəlbəyli sinifində 
xüsusilə zövqvericidir . Belə ki , Fərhad müəllim Şopeni 
cəngavər obrazında təqdim edərək , onun alicənablığı 
təvazıkarlığı , eyni zamanda , ehtirası , faciəviliyinə , həmçinin 
,yumoru ,yüngüllüyü və həyatsevərliyinə heyran olur . O qeyd 
edir ki , Şopen ifaçıdan tamamilə fərqli keyfiyyətlər , xüsusi 
artistik qabiliyyət tələb edir . “ Şopenin romantik həyəcanları 
heç zaman teatral pafosa keçmir . Şopenin “ Maestoso “ su 
coxsaylı çalarlara malikdir ,ifanı ardıcıl “nida “ lara çevirə 
bilmərsən “ deyir . 
Fərhad müəllim Şopenin yaradıcılıqda bütün diqqəti insana 
yönəltdiyiyni vurğulayır . Məhz , Şopenin əsərlərinin bütün 
rəngarəngliyi ilə insan həyəcanları üzərində qurulduğunu 
söyləyir . Qeyd edir ki , təfsirçi bir əsəri ifa etməzdən əvvəl 
Şopen haqda hər bir şeyi bilməlidir . Şopenin fortepiano 
musiqisinə gətirdikləri yenilikləri - melodika , səslənmə , ritm , 
bəzən impressionistik kolorit , istifadə edilən rəngarəng 


melizmatika növləri , əsasını Bethoven yaradıcılığından alan 
yeni dramatik üslub ( sonatalar ,balladalar , c- moll noktürnü ...) 
və s.. 
Şopen harmoniyalarından söhbət etdikdə Fərhad müəllim 
bəstəkarın bu sahədə etdiyi yeniliklərdən də danışmağı sevir : 
melodik bas , xromatik gedişlər , impressionistik kolorit , 
tonallıqlar haqda genişləndirilmiş təsəvvürlər , akkord 
alterasiyaları , dominanta harmoniyalarının ardıcıllığı , əskilmiş 
septakordlar ... “ Şopen yeni harmonik dilə yol açmışdır – 
List,Frank, Vaqner , Fore ,Debüssi , Ravel , Skryabin “ – deyə 
tez – tez təkrar edir . 
Əsərlərin şərhi zamanı Fərhad Bədəlbəyli Şopen əsərlərinin rus 
ifaçılıq məktəbinin təfsirlərinə istinad edir və həqiqətlərə , 
realizmə arxalanır ( salon xarakterli ifadan imtina edərək ) .
“Alət arxasında hiss və həyəcanların özünüidarəni 
üstələməməlidir . Əsas – zövqdür ! Pedal harmoniyanın deyil , 
melodiyanın dəyişkənliyini izləyərək nəfəs almalıdır “ – deyir .
Dahi Polşa bəstəkarı Şopenin yaradıcılığında etüdlər 
əhəmiyyətli yerə malik olub ,dövrünün tamamilə yeni 
instrumental ifadəliliyi , ideya – emosional məzmunun dərinliyi 
ilə seçilirlər . Şopen etüdləri vituozluğun inkişafı ücün məşq 
materialı kimi deyil , fortepiano ədəbiyyatının ən mürəkkəb 
nümunələri olaraq yüksək bədii əsərlər kimi nəzərdən 
keçirilməlidir . Fərhad müəllim , Şopenin böyük ustalığı və 
yaratdığı əsərlərin bədii məzmununun dərinliyinə istinad 
edərək,vurğulayır ki , bəstəkar qarşısına qoyduğu hər hansı 
virtuoz məsələni də “məqsəd “ dən bədii məzmunun , ideyanın 
açılışına xidmət edən “ vasitəyə “ çevirir . 
Fərhad Bədəlbəyli üçün Şopenin dahiyanə ifaçılıq qabiliyyətinin 
sübutu onun əsərləridir.Yalnız dahi pianoçu yaradıcılıq 
fantaziyası və dühasını bütövlükdə ifadə edə biləcək pianoçuluq 
priyomları axtarıb tapa bilir . Şopenin instrumental ifadə 
vasitələri tamamilə onun bəstəkarlığının məqsəd və fikirləri ilə 
birlikdə yaranmış və həyata kecmişlər. “Şübhə edilməzdir ki, 
etüd passajlarının ən mürəkkəb növləri belə ,improvizə 


prosesində yaranmışdır . Şopenin ən çətin passajları belə, 
etüdlərdə applikatura variantlarına yol vermir . Belə təsəvvür 
yaranır ki , musiqi özü əllərin , biləklərin ,barmaqların müəyyən 
hərəkətinin yaranmasına səbəb olur “ – deyə Fərhad müəllim 
qeyd edir . 
Şopeni ifa edərkən Fərhad Bədəlbəyli temp və vəznin özbaşina 
dəyişdirilməsinə imkan vermir . Tempo rubato zamanı 
səkkizliklə onaltılıq , onaltılıqla üçlü səkkizliklər arasında 
həddlər silindiyindən , bunun yolverilməz olduğunu bildirir . 
Fərhad müəllimin yaradıcılığına çox yüksək qiymət verdiyi , 
əsərlərini sevərək ifa etdiyi romantizm dövrünün 
bəstəkarlarından biri də İohannes Bramsdır . Şuman kimi Brams 
da öz əsərlərində akkordlu bəstə üslubu , polifoniya , 
poliritmiyadan istifadə etmişdir . Onun fakturası individual 
simaya malik olub bənzərsizdir . Bu fakturanın əsas 
keyfiyyətlərindən biri tersiyalar və sekstalarla musiqi ifadə 
üslubudur (fortepiano və orkestr üçün 1 saylı konsertin birinci 
hissəinin əsas mövzusu d – moll ). Bramsın musiqisində tersiya 
və seksta parallelizmləri onun milli koloritini artırır . Fortepiano 
və orkestr üçün 1 saylı konsertin birinci hissəsinin əsas mövzusu 
dərslərimizdə Fərhad müəllim üçün sağ əldə yuxarı notların 
dərindən səsələnməsini əyani göstərməkdə kömək edən misala , 
vəsaitə çevrilmişdi . Həqiqətən də , ustadın alət arxasına 
əyləşərək , bu füsünkar mövzunu böyük şövqlə pianonun 
dillərinə xüsusi peşəkar əl hərəkətləri ilə təsir edərək , sehirli 
səslənmə əldə etməsi hafizəmdə həmişəlik həkk olmuşdur . 

Yüklə 125,64 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin