Səadət Qüdrət qızı Səttarova
sənətşünaslıq üzrə fəlsəfə doktoru
MUSİQİ SƏNƏTİMİZİN VURAN NƏBZİ ...
Həyat davamlılığına görə deyil ,mənasına görə qiymətlidir . Bu
deyimdə böyuk həqiqət var .O həqiqət həyatın mənasının
yaşanmış illərin qədəri ilə deyil , görülmüş işlərin çəkisi , dəyəri,
insanlara xidmətin böyüklüyü ilə ölçülməsi deməkdir. Məhz ,
həyat , hadisələr insanları seçir , görülmüş işlərimizi ,
əməllərimizi süzgəcdən kecirir , zaman bizə öz qiymətini verir.
Sağlığinda qiymətləndirilmənin zövqünü yaşamaq hissi isə
hamıya deyil ,yalnız yaradan tərəfindən fitri istedadla
mükafatlandırılan , mənalı ömür sahiblərinə nəsib ola biləcək bir
sərvətdir . Mənim tanıdığım belə xoşbəxt insanlardan biri , hələ
uşaqlıqdan şəxsiyyəti qarşısında həyəcanlı ehtiramla səcdə
etdiyim , müəllimim olduğu üçün böyük qürur duyduğum , hər
gün yaradanıma bu qismətimə görə minnətdar olduğum , müasir
ifaçılıq məktəbinin ən görkəmli nümayəndələrindən biri ,
çoxşaxəli yaradıcı fəaliyyəti Azərbaycan musiqi
mədəniyyətinin tarixinə qızıl hərflərlə həkk olunmuş SSRİ xalq
artisti , həyat yolu hamı üçün örnək , nümunə ola biləcək ifaçı ,
pedaqoq , Bakı Musiqi Akademiyasının rektoru , professor
Fərhad Bədəlbəylidir .
Hər bir xalqın tarixində görkəmli pedaqoqlar , müəllimlər
olmuşlar . Çinlilərin dahi pedaqoqu hesab edilən Konfusi ,
rəvayətə əsasən şagirdi ilə söhbətində vətənin olduqca geniş
olduğunu , onu inkişaf etdirib zənginləşdirmək gənc nəslin
öhdəsinə düşdüyünü söylədikdə şagirdi “Vətəni necə
zənginləşdirməli ? “ sualını müəllimə vermiş və “Sən vətəni
öyrət və savadlandır “ müdrik cavabını almışdır .
Sevimli müəllimim , fövqəladə istedada malik musiqici ,
şəxsiyyət olan Fərhad Bədəlbəylinin mənim peşəkar kimi
yetişməyimdə sərf etdiyi əmək və baçarığı ürəyimdə
alovlandırıb yandırdığı , bütün həyatım boyu məni müşaiyət
edən , hərarəti , şəfəqi ilə yollarımı işıqlandıran məşəllə
müqayisə etmək olar . Bu alov mənə inkişaf etməkdə , həyatda
və peşədə uğur qazanaraq , irəliləməkdə daim yardımçı
olmuşdur .
Qədim müdriklərin “ Şagird doldurula biləcək kuzə deyil ,
yandırılacaq bir məşəldir . Məşələ isə yalnız özü yanan alov verə
bilər “ kəlamı olduqca obrazlı və dəqiq söylənmişdir . Fərhad
Bədəlbəyli daim özü yaradıcılıq şövqü ilə qaynayaraq minlərlə
insan qəlbini alovlandırmış , Azərbaycan peşəkar musiqiqisinə
bütöv bir nəsil gözəl musiqiçilər ,pedaqoqlar , ixtisasçılar bəxş
etmişdir .
Fərhad Bədəlbəyliyə bir müəllimə gərəkli olan iti təfəkkür ,
həssaslıq , gözəl zövq , geniş dünyagörüş , müşahidə qabiliyyəti,
özünə ram edən əsil kişi cazibədarlığı , qətiyyət , enerji və ən
əsası isə musiqi sənətinə , peşəsinə olan sonsuz məhəbbəti kimi
keyfiyyətlər xasdır .
Gələcəkdə ADK-da müəllimim olacaq professorumla ilk
tanışlığım hələ Azərbaycan musiqi sənətinə korifeylər bəxş
etmiş , bir çox dahinin “ Alma mater ”i olan , əsası dahı Üzeyir
Hacıbəyli tərəfindən qoyulan , professional musiqi təhsilinin
təşəkkülü və inkişafında mühüm rol oynayan Bülbül adına orta
ixtisas musiqi məktəbinin aşağı siniflərində təhsil alarkən
olmuşdu . Xalq rəssamı Mikayıl Abdullayevin yaratdığı
portretini gördüyüm gündən Fərhad müəllim piano arxasındakı
məğrur cüssəsi , qartal qanadlarına bənzəyən qolları , tamamilə
ifa etdiyi musiqiyə qovuşan nurlu çöhrəsi ilə mənim uşaq
təsəvvürlərimin , fantaziyalarımın qəhrəmanina çevrilmişdi .
Sonralar tez-tez televiziya ekranlarında seyr etdiyim ən mötəbər
dövlət tədbirlərində ifaları ilə hamını heyran edən bu yaraşıqlı ,
emosional pianoçunun məhz Fərhad Bədəlbəyli olduğunu
öyrəndim . Taleyim , qismətim isə Bülbül adına orta ixtisas
musiqi məktəbini qızıl medalla bitirib ən uğurlu tələbələrdən biri
olduğum ücün Fərhad Bədəlbəyli sinifində təhsil almaq kimi
yüksək bir şərəfi mənə nəsib etdi .
Eyni sənətlə məşğul olan , hərəsi özünəməxsus individuum
olan, müxtəlif səviyyəli dünyagörüşləri fərqlənən bir şəxsiyyətin
digərinə təsiri həmişə olduqca maraqlı proses olmuşdur. Fərhad
Bədəlbəyli Azərbaycan pianoculuq məktəbini “ əyalət çərçivəsi”
ndən cıxaran , dünya səviyyəsində məşhurlaşdıran ilk
ifacılarımızdandır . Portuqaliyanın Lissabon şəhərində kecirilən
Viana de Motta adına müsabiqənin qalibi olan Fərhad
Bədəlbəyli Azərbaycanda laureat adını qazanmış ilk pianoçu idi.
Sənətkarın ifaçılıq repertuarı olduqca zəngin olub hər zaman
özündə xarici və Azərbaycan bəstəkarlarının əsərlərini geniş
təbliğ etmişdir . Sənətkarın əsas yaradıcılıq prinsiplərindən biri
onun müəllif əsərinə diqqət və məsuliyyətlə yanaşması , üslub
və ifaçılıq ənənə və çərçivələrindən kənara çıxmayaraq ,
tələbkar dinləyicilərə yalnız özünəməxsus təfsir formasını
çatdırmaq olmuşdur . Dünya fortepiano ifaçılığı tarixində qızıl
səhifələr olan Haydn , Mosart , Bethoven , Şuman ,Şopen , List ,
Brams , Sen-Sans , Raxmaninov , Skryabin , Prokofyev
əsərlərinin mahir təfsirçisi olan Fərhad müəllim yalnız
özünəməxsus ifa tərzi , manerası , təqdimatı ilə təqlidcilikdən
uzaq olaraq minlərlə klassik musiqi sevərlər və dinləyicilərinin
ürəyinə yol tapa bilmişdir . Təsadüfi deyildir ki , çoxsaylı
minnətdar dinləyiciləri Fərhad Bədəlbəylinin ifalarının incə
lirizmi , temperamenti , parlaq emosionallığına heyran olaraq
onu “ fortepianonun şairi “ adlandırırlar . Ustadın
konsertlərindən sonra bir daha onun dahiyanə virtuozluğunun ,
səhnə təqdimatının təbiiliyinin , konstruktiv aydınlığının ,
musiqi ifadə nitqinin məntiqiliyinin heyranı olursan .
Pedaqoji fəaliyyət yaradıcı şəxsiyyət kimi Fərhad Bədəlbəylinin
ayrılmaz və başlıca keyfiyyətlərindən biridir . Bu , sanki , öz
təcrübəsi , istedadı , ustalığı ilə bölüşmək üçün əvəzedilməz
tələbatdır . Fərhad müəllimin pedaqoji fəaliyyəti Azərbaycan
ifaçılıq sənətinə , fortepiano pedaqoqikasına özündə ustadın
özünəməxsus yaradıcılıq prinsiplərini yaşadan , onlara yeni
həyat verən gənc musiqiçilərin bütöv bir nəslini bəxş etmişdir .
Təsadüfi deyildir ki , Bədəlbəyli tələbələri sırasında müxtəlif
beynəlxalq müsabiqələrin , mötəbər yarışların qalibləri yetişmiş,
formalaşmışlar . XX əsrin azərbaycan mədəniyyəti , ifaçılıq
sənətinin bir çox parlaq səhifələri , qələbələri Fərhad Bədəlbəyli
adı ilə bağlı olub , onun fitri musiqi istedadı , alicənablığı ,
mütərəqqi baxışların daşıyıcısı olması kimi şəxsiyyətini əvəzsiz
etmişdir . Fərhad müəllimin dəst-xətti , “ nəfəsi “ yetişdirdiyi
hər bir tələbənin ifa manerasında , üslubunda aydın hiss olunur .
Bu əvəzolunmaz “ dəst-xətt “ onun dühasından işıq alan , onun
nadir yaradıcılıq laboratoriyasından bəhrələnən , Bədəlbəyli
bulağından “ su icən “ hər birimizdə aydın hiss edilir . Bu isə
çox təbii haldır . Gunəş ətrafında fırlanan , işığından nur , güc ,
qüvvət alan böyüklü - kiçikli planetlər kimi biz , onun
yetirmələri də , dahi müəllimimizin vaxtilə bizi
istiqamətləndirdiyi işıqlı bir yolun yolcularıyıq .
Mahir pedaqoq kimi fəaliyyət göstərdiyi dövrdə tələbələrinə
ardıcıl və metodik olaraq fortepiano ustalığının sirlərini fəth
etməkdə , virtuoz vərdişləri təkmilləşdirməkdə , yeni-yeni
fortepiano repertuarına müraciət etməkdə dəyərli məsləhətlər
vermiş ,bədii yaradıcılığin obrazlı rəngarəngliyinə maraq
oyatmağa çalışmışdır .
Fərhad Bədəlbəylinin pedaqoji metodikasında bu və ya digər
əsərin səslənməsi ,ifası barədə ciddi sxemi yoxdur . O , həvəslə
yeni interpretasiyanı əsərin yeni keyfiyyət və çalarlarını acaraq
müəllif fikrinə cavab vermək şərtilə qəbul edir . Dahi
bəstəkarların yaradıcılıq məhsulları Fərhad müəllim üçün öz
həyatı , ifaçılıq traktovkaları , ifadə üsulları dəyişkən olan canlı
varlıqlardır . Ustadın fortepiano ifaçılığına bu münasibəti onun
həm ifacılıq , həm də pedaqoji fəaliyyətində qabarıq ifadəsini
tapır . Məhz , bu səbəbdən də Fərhaq Bədəlbəyli hec bir zaman
tələbəyə əvvəlcədən hazırlanmış qəlibə yerləşdiriləcək amorf
kutlə kimi baxmır . Hər bir şagirdi onun üçün öz istedadı ,
özünəməxsusluğu ilə secilən individuallıq olmuşdur . Fərhad
müəllim var gücü ilə bütün zəhmətini və səyini bu
individuumların açılmasına , inkişafına yönəldərək , mane olan
məhdudiyyətləri dəf etmiş , hər bir konkret tələbəsi üçün
məxsusi olaraq böyük musiqinin ecazkar qapılarını acmışdır .
Dərs zamanı Fərhad müəllimin uslub barədə dəyərli fikirlərini
dinləmək ,onun öz ifaçılıq praktikasına istinadları olduqca
dəyərli və maraqlı idi . Hafizəmdə çox möhkəm saxladığım
tövsiyyələrinin birində o belə deyir : “ Üslubu dərindən
anlamaq , fəth etmək üçün müxtəlif vasitələr vardır . İntuitiv
olaraq mən belə hesab edirəm ki , bəstəkarın üslubuna dərindən
varmaq üçün onun bir neçə əsərini öyrənmək labüddür .İfa
etdiyin bəstəkarın musiqisinə dərindən baş vurmaq , sözün
həqiqi mənasında , onunla yaşamaq lazımdır .Bunun üçün isə
həmin müəllifin daha çox əsəri ilə tanış olmaq məsləhətdir . Öz
ifaçılıq praktikamdan deyə bilərəm ki , mən , ilk dəfə Skryabini
ifa edəndə , onun başqa əsərləri ilə də tanış olmağa çalışmışam .
Bu o demək deyildi ki , mən Skryabini daha çox sevib , digər
müəlliflərdən üstün sayırdım . Sadəcə , onun musiqi üslubunu
daha dərindən qavramaq və hiss etmək üçün bunu edirdim .
Üslubu anlamağın ən gözəl və əlverışli vasitəsi bəstəkarın daha
çox əsərləri ilə tanışlıqdır . “
Üslub haqqında söhbət edərkən , Fərhad Bədəlbəyli , həmçinin ,
ifadə vasitələri sistemi bəstəkar üslubundan asılı olan , eyni
zamanda müstəqil olan ifaçılıq interpretasiyalarını da nəzərdə
tutur . Məsələn , Rixter , Neyqauz , Qofman , Quld , Klibern ,
Mikelancelo , Sofronitski və s.. Ustad müəllif üslubunu fəth
etməyi müxtəlif janrlı əsərlərin interpretasiyasının əsas şərti və
müvəffəqiyyətin başlıca səbəbi adlandırır . Dərslərdə etdiyi
tövsiyyələrdən birində o belə deyir : “ Təfsirçi , ifaçı- sənətkarın
əsas məqsədi dahi müəlliflərin yaratdığı əsərləri ən geniş
dinləyici kütləsinə anlaşılan və əlçatan etməkdir . Bu işdə yalnız
öz zövqünlə kifayətlənməyib , bəstəkar-müəlliflərin qarşıya
qoyulan ideya-məzmun məsələlərini əldə rəhbər tutmaq
gərəkdir. Təfsirçi – ifaçı əsər müəlliflərinin fikir və hisslərini
dəqiq formalı , gözəl melodiyalı , aydın harmoniyalı musiqi dili
ilə ifadə edərək , xarici effektlər , süni emosiyalarla təəssüratı
korlamamalı ,dahi bəstəkarların yaratdığı bədii obrazları səmimi
və həqiqi şəkildə açıqlamalıdır . İfaçı – pianocu bir həqiqəti hec
zaman yaddan çıxarmamalıdır : “Əvvəlcə “nə”, sonra “ necə “.”
Həqiqətən də , Q.Koqanin sözləri ilə desək , fikir və
məqsədlərimizə imkan yaratmalıyıq ki , onlar sakitlikdə və
sükütda yetışsinlər . Yalnız bundan sonra “ necə ? “ və “ hansı
vasitələrlə ifadə etmək ? “ tamamilə aydın və konkret şəkildə
müəyyənləşir .
Fərhad Bədəlbəyli dərslərdə tez –tez qeyd edir ki , əsərlərin
təfsiri , əsasən , musiqinin intuitiv və emosional qavranılmasına,
həmçinin , bu və ya digər bəstəkarların yaradıcılıq üslubu barədə
təsəvvür və biliklərimizə əsaslanır . Bundan əlavə , əsərin
özunəməxsus ifaçılıq obrazını yaradan təfsirçi – sənətkara daha
böyuk dəqiqlik və dərin analiz gərəkdir . O , özünə hər bir ştrix
və detal ücün hesabat verməli , ifasını nəinki hissləri , həmçinin
məntiqi ilə də sığortalamalıdır . Bu səbəbdən də dahi pianoçular
əsərlərin dərinliyinə vararaq tamamilə yeni baxış , nöqteyi –
nəzərdən ifadəli məzmunu açır , yeni tembr və dinamik boyalar
taparaq hər frazanı ifaçılıq məramının acılışına tabe edir,
bununla da biri digərindən fərqlənir .
Fərhad müəllimin fikrincə , alət arxasında belə “ şüurlu “ iş
saatlarla məşq etməkdən qat – qat faydalıdır . Sirr deyildir ki ,
bu metodla öyrənilən əsərlər möhkəm yadda qalır . Məhz ,
eynilə , bu metodla texniki cətinliklər üzərində işləməyi tövsiyyə
edərək , onların ifasına “ məntiqi “ musiqi açarı tapmağı
məsləhət görür .
Dahi pianoçu E. Qilelsin dəqiq ifaçılıq üslubu barədə pianoçu
və cərrahla paralellər apararaq dediklərini Fərhad müəllimdən
eşidərək , hafizəmdə möhkəm saxlamışam : “ Skalpellə cərrahın
işi böyük gərginlik ,ifa şəffaflığı tələb edir . Eynilə , pianoçunun
da ifasında hər şey kiçik detallarınadək düşünülüb icra
edilməlidir . Bu bünövrəsiz , bu özülsüz ən uğurlu interpretasiya
belə dağılmağa məhkumdur . Skalpellə əməliyyat aparan cərrah
insan həyatına necə cavabdehdirsə , səhnədə pianoçu da bədii
əsərin taleyi , səhnə həyatı qarşısında eləcə məsuliyyət daşıyır .”
Fərhad Bədəlbəylinin sinifində təhsil aldığım illərdə o , bizə
musiqidə ilahi gücə malik dühaları olan Bax , Mosart ,Bethoven
, Şubert , Şopen ,Şuman kimi dahiləri anlamağı , sevməyi
öyrətmişdir . Bəzən müəllimimizin bu bəstəkarlara olan
müqəddəs ehtiramını müşahidə edərək , özümüzə sual verirdik
ki , bu insanlar hansı inqilab , dövlət çevrilişi , nə isə
əhəmiyyətli , taleyüklü işlər etmişlər , hansı materikləri ,qitələri
kəşf etmiş , yoxsa insanlığı ağır bəlalardan , xəstəliklərdən
qurtarmışlar ? Xeyr , bu sadalananlardan hec birini etməmişlər .
Lakin , digər tərəfdən , onlar kəşflər etmiş , bəşəriyyətə qiymətli
yaradıcılıq məhsullarını bəxş etmişlər .
Hər hansı peşəkar musiqiçi Mosart musiqisi ilə yaxından
təmasda olduqda , bu təkrarolunmaz sənətkara və insana heyran
olur . Zahirən Mosart musiqisi sadə və asan olsa da , hər bir
musiqiçi və ifaçıya məlumdur ki , daxilən bu musiqi
çoxşaxəlidir . Mosart musiqisinin məzmunu və forması arasında
ahəngi tapmaq olduqca çətindir və onu ifa etmək xüsusi zövq və
ustalıq tələb edir .
Fərhad müəllim Mosart üzərində işə başlamamışdan öncə ,
bəstəkarın individual üslubu və onun yaşadığı dövrün üslubunu
öyrənməyi tövsiyyə edir . O , Mosartın olduqca sadə ,
insanpərvər , mərhəmətli , həssas , saf mənəviyyata malik bir
insan , eyni zamanda , haqsızlığa etiraz səsini ucaltmaqdan
çəkinməyən cəsur üsyançı olmasını bildirərək , onu möhtəşəm
dahi adlandırır . Fərhad müəllim Mosartı ifa edərkən , onun
təbiətinə ifrat dərəcədə ehtirasların xas olmamasını dönə - dönə
vurğulayır , və “ musiqi qulağı heç zaman təhqir etməməli ,
əksinə , ona zövq verməli , musiqi olaraq qalmalıdır “ ifadəsini
təkrar etməkdən yorulmur . O , deyir ki , Mosart dinamikası
nəinki “ işığın və qaranlığın “ oyunu , maraqlı bir boya ,
lövhədir . Mosartın “ forte”si nəinki akustik effekt , həmçinin ,
hisslərin ifadəsidir .Mosartın avtoqraflarında rast gəlinən
“calando “nu “ sakit , astadan ifa “ kimi aydınlaşdıran Fərhad
müəllim , sonralar bu musiqi termininin “ asta ahəng , yavaş
temp “ kimi tərcümə edildiyini söyləməyi də unutmur .
Mosartda “ calando” dan sonra “ a tempo “ anlayışı
olmadığından , bu anlayışın dinamik məna verdiyini vurğulayır
(sonata a – moll ) . O , həmçinin ,qeyd edir ki , Mosartın
əsərləri dəqiq ritmik ifa tələb edir . Lakin ritmə riayət etmək bizi
mexanikliyə aparmamalıdır . Ritmik təfsirçi , ifaçı musiqinin
məzmununa uyğun olaraq , aqoqikanı işə salmalıdır .
Aqoqikasız Mosart əsərlərini plastik ifa etmək qeyri –
mümkündür . Ustad hər bir bəstəkarın aqoqikasının xarakterının
fərqli olmasını vurğulamağı da unutmur . Bu mövzuda Artur
Şnabelin “ Siz tempdə və yaxud hissiyyatla çalırsınız ?” sualına
verdiyi “ Məgər ,dəqiq , vaxtında hiss etmək olmazmı ? “
möhtəşəm cavabını tez- tez yada salır .
Şubertlə Bethoveni müqayisə edərək , Fərhad müəllim Şuberti
taleyin bütün zərbələrini qəbul edən məzlum kimi təqdim edir .
Onu şəxsiyyətin introvert növünə aid edərək böyuk
insanpərvərliyi , altruizmi fonunda tənha olduğunu bildirir .
Bethoveni isə kütlələrlə danışan sənətkar kimi görür :” Bethoven
dərin kədərində belə , ictimai şəxsdir . Şubert isə hər kəslə ayrı –
ayrılıqda söhbət edir “ deyir . Ümumiyyətlə , Fərhad Bədəlbəyli
sinifində Bethoven irsinə yiyələnmək , fikrimcə , pianoçu –
tələbənin xoşbəxt qismətinə yazılmış gözəl şanslardandır .
Fərhad Bədəlbəyli Bethovenin ideyalarını ifadə etmək üçün
istifadə etdiyi metod və vasitələrini dərindən qavramaq üçün
,hər şeydən əvvəl , onun böyuk sonata quruluşunu nəzərdən
keçirməyi tövsiyyə edir . Həmçinin , Bethovenin murəkkəb
formaların ustası olduğunu vurğulayır . Məhz ,sonata
formasında ,bəlkə də , bütün musiqi kompozisiyaları sırasında
ən dahiyanə əsərlərini yaratmasını dönə - dönə qeyd edir .
Bədəlbəyli sinifində təhsilimin ilk ilində ifa etdiyiym
Bethovenin 3 saylı sonatası üzərində yaradıcı işimiz hafizəmdə
canlanır . Fərhad müəllim deyir : “ Mən təkidlə bütün Bethoven
sevərlərə bu sonatanın üçüncü hissəsini öyrənməyi tövsiyyə
edərdim . Məhz bu “Adagio”-da ilk dəfə olaraq var gücü ilə əks
ideyalar və ziddiyyətli əhval – ruhiyyələr qarşı – qarşıya
qoyulur. Bethoven dialoqları cox sevir . Olduqca nəfis , incə “
Adagio “ - da yuxarı və bas reqistrlərinin təzadını xüsusilə
vurğulamaq üçün o səsləri “əllər vasitəsi “ ilə sərh edir .Sol əlin
bir – birinin ardınca gah basları , gah da yuxarı melodiyanın
notlarını səslənməyə vadar edən geniş hərəkətləri sanki , əsərin
lirik başlanğıcının acı tale ilə söhbətini ifadə edir . Bu “ Adagio“
Bethovenin ən poetik əsərlərindən biridir .”
XIX əsrin birinci yarısına təsadüf edən romantizm dövrünün
musiqi nümunələri üzərində çalışmaq Bədəlbəyli sinifində
xüsusilə zövqvericidir . Belə ki , Fərhad müəllim Şopeni
cəngavər obrazında təqdim edərək , onun alicənablığı
təvazıkarlığı , eyni zamanda , ehtirası , faciəviliyinə , həmçinin
,yumoru ,yüngüllüyü və həyatsevərliyinə heyran olur . O qeyd
edir ki , Şopen ifaçıdan tamamilə fərqli keyfiyyətlər , xüsusi
artistik qabiliyyət tələb edir . “ Şopenin romantik həyəcanları
heç zaman teatral pafosa keçmir . Şopenin “ Maestoso “ su
coxsaylı çalarlara malikdir ,ifanı ardıcıl “nida “ lara çevirə
bilmərsən “ deyir .
Fərhad müəllim Şopenin yaradıcılıqda bütün diqqəti insana
yönəltdiyiyni vurğulayır . Məhz , Şopenin əsərlərinin bütün
rəngarəngliyi ilə insan həyəcanları üzərində qurulduğunu
söyləyir . Qeyd edir ki , təfsirçi bir əsəri ifa etməzdən əvvəl
Şopen haqda hər bir şeyi bilməlidir . Şopenin fortepiano
musiqisinə gətirdikləri yenilikləri - melodika , səslənmə , ritm ,
bəzən impressionistik kolorit , istifadə edilən rəngarəng
melizmatika növləri , əsasını Bethoven yaradıcılığından alan
yeni dramatik üslub ( sonatalar ,balladalar , c- moll noktürnü ...)
və s..
Şopen harmoniyalarından söhbət etdikdə Fərhad müəllim
bəstəkarın bu sahədə etdiyi yeniliklərdən də danışmağı sevir :
melodik bas , xromatik gedişlər , impressionistik kolorit ,
tonallıqlar haqda genişləndirilmiş təsəvvürlər , akkord
alterasiyaları , dominanta harmoniyalarının ardıcıllığı , əskilmiş
septakordlar ... “ Şopen yeni harmonik dilə yol açmışdır –
List,Frank, Vaqner , Fore ,Debüssi , Ravel , Skryabin “ – deyə
tez – tez təkrar edir .
Əsərlərin şərhi zamanı Fərhad Bədəlbəyli Şopen əsərlərinin rus
ifaçılıq məktəbinin təfsirlərinə istinad edir və həqiqətlərə ,
realizmə arxalanır ( salon xarakterli ifadan imtina edərək ) .
“Alət arxasında hiss və həyəcanların özünüidarəni
üstələməməlidir . Əsas – zövqdür ! Pedal harmoniyanın deyil ,
melodiyanın dəyişkənliyini izləyərək nəfəs almalıdır “ – deyir .
Dahi Polşa bəstəkarı Şopenin yaradıcılığında etüdlər
əhəmiyyətli yerə malik olub ,dövrünün tamamilə yeni
instrumental ifadəliliyi , ideya – emosional məzmunun dərinliyi
ilə seçilirlər . Şopen etüdləri vituozluğun inkişafı ücün məşq
materialı kimi deyil , fortepiano ədəbiyyatının ən mürəkkəb
nümunələri olaraq yüksək bədii əsərlər kimi nəzərdən
keçirilməlidir . Fərhad müəllim , Şopenin böyük ustalığı və
yaratdığı əsərlərin bədii məzmununun dərinliyinə istinad
edərək,vurğulayır ki , bəstəkar qarşısına qoyduğu hər hansı
virtuoz məsələni də “məqsəd “ dən bədii məzmunun , ideyanın
açılışına xidmət edən “ vasitəyə “ çevirir .
Fərhad Bədəlbəyli üçün Şopenin dahiyanə ifaçılıq qabiliyyətinin
sübutu onun əsərləridir.Yalnız dahi pianoçu yaradıcılıq
fantaziyası və dühasını bütövlükdə ifadə edə biləcək pianoçuluq
priyomları axtarıb tapa bilir . Şopenin instrumental ifadə
vasitələri tamamilə onun bəstəkarlığının məqsəd və fikirləri ilə
birlikdə yaranmış və həyata kecmişlər. “Şübhə edilməzdir ki,
etüd passajlarının ən mürəkkəb növləri belə ,improvizə
prosesində yaranmışdır . Şopenin ən çətin passajları belə,
etüdlərdə applikatura variantlarına yol vermir . Belə təsəvvür
yaranır ki , musiqi özü əllərin , biləklərin ,barmaqların müəyyən
hərəkətinin yaranmasına səbəb olur “ – deyə Fərhad müəllim
qeyd edir .
Şopeni ifa edərkən Fərhad Bədəlbəyli temp və vəznin özbaşina
dəyişdirilməsinə imkan vermir . Tempo rubato zamanı
səkkizliklə onaltılıq , onaltılıqla üçlü səkkizliklər arasında
həddlər silindiyindən , bunun yolverilməz olduğunu bildirir .
Fərhad müəllimin yaradıcılığına çox yüksək qiymət verdiyi ,
əsərlərini sevərək ifa etdiyi romantizm dövrünün
bəstəkarlarından biri də İohannes Bramsdır . Şuman kimi Brams
da öz əsərlərində akkordlu bəstə üslubu , polifoniya ,
poliritmiyadan istifadə etmişdir . Onun fakturası individual
simaya malik olub bənzərsizdir . Bu fakturanın əsas
keyfiyyətlərindən biri tersiyalar və sekstalarla musiqi ifadə
üslubudur (fortepiano və orkestr üçün 1 saylı konsertin birinci
hissəinin əsas mövzusu d – moll ). Bramsın musiqisində tersiya
və seksta parallelizmləri onun milli koloritini artırır . Fortepiano
və orkestr üçün 1 saylı konsertin birinci hissəsinin əsas mövzusu
dərslərimizdə Fərhad müəllim üçün sağ əldə yuxarı notların
dərindən səsələnməsini əyani göstərməkdə kömək edən misala ,
vəsaitə çevrilmişdi . Həqiqətən də , ustadın alət arxasına
əyləşərək , bu füsünkar mövzunu böyük şövqlə pianonun
dillərinə xüsusi peşəkar əl hərəkətləri ilə təsir edərək , sehirli
səslənmə əldə etməsi hafizəmdə həmişəlik həkk olmuşdur .
Dostları ilə paylaş: |