SƏbuhi ƏHMƏdov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə19/34
tarix21.04.2017
ölçüsü2,8 Kb.
#15173
1   ...   15   16   17   18   19   20   21   22   ...   34

Hüseyn Ərəblinski 
     (1881-1919) 
 
Hüseyn  Məmməd 
oğlu  Ərəblinski  (Xələfov) 
1881-ci  ildə  Bakıda  anadan  olub.  İlk  təhsilini  mollaxanada  aldıqdan  sonra  o,  rus-
müsəlman  məktəbində  oxuyub.  Məktəb  illərində  teatr  dərnəyinin  qoyduğu 
tamaşalarda  həvəslə  oynayan  Hüseyn  qohumları  və  yaxınlarının  etirazlarına 
baxmayaraq həyatını teatrla bağlamaq qərarına gəlir. 
Hüseyn Ərəblinski səhnəyə ilk dəfə 1897-ci ildə görkəmli teatr xadimi və 
rejissor Cahangir Zeynalovun hazırladığı "Lənkəran xanının vəziri" komediyasında 
mehtər Kərim rolunda çıxmışdır. Gənc aktyorun istedadını görən C.Zeynalov onun 
məşhur  aktyor  olacağına  inandığını  bildirmişdir.  Çox  keçmir,  Ərəblinskini 
"Müsəlman Artistləri Cəmiyyəti"nə üzv qəbul edirlər və o, Azərbaycanın müxtəlif 
bölgələrində  teatr  tamaşalarında  çıxış  etməyə  başlayır.  1905-ci  ildə  Lənkəran 
qastrolu zamanı Nəcəf bəy Vəzirovun "Müsibəti-Fəxrəddin" tamaşasında oynadığı 
Fəxrəddin obrazı Hüseynə şöhrət qazandırır. 
1906-cı  ildə  Ərəblinski  "Nicat"  cəmiyyəti  nəzdindəki  teatr  truppasına 
daxil  olur  və  1913-cü  ilədək  bu  truppa  ilə  tamaşalarda  iştirak  edir.  Sonralar  o, 
"Səfa" cəmiyyətinin teatr truppasına keçir. 1918-ci ildən isə Ərəblinski Zülfüqar və 
Üzeyir  Hacıbəyli  qardaşlarının  teatr  truppasında  çalışmağa  başlayır.  Bu  teatrda 
fəaliyyəti  zamanı  ona  rejissorluq  da  tapşırılır  və  Ərəblinski  istedadını  bu  sahədə 
göstərmək  imkanı  tapır.  Elə  həmin  1918-ci  ildə  Ərəblinski  teatrın  baş  rejissoru 
təyin olunur. Eyni zamanda Ərəblinski teatr həvəskarları dərnəklərinə də rəhbərlik 

194 
 
edir,  istedadlı  gənclərdən  yüksəksəviyyəlli  aktyor  truppası  yaradır.  Hüseyn 
Ərəblinski  bütün  fəaliyyəti  ilə  Azərbaycanda  aktyorluq  sənətinin  nüfuzunu 
qaldırmağa  çalışmışdır.  Bu  o  zaman  idi  ki,  ölkədə  bəzi  mürtəce  qüvvələr  teatrın 
əleyhinə  çıxış  edir,  aktyorluq  sənətinə  etinasız  yanaşırdılar.  Azərbaycan 
aktyorlarının peşəkarlıq səviyyəsinin artmasında və püxtələşməsində Ərəblinskinin 
xidməti əvəzsizdir. 
H.Ərəblinski  Azərbaycanın  ilk  peşokar  rejissoru  hesab  edilir.  Obrazın 
daxili  aləmini  dərindən  duymaq  və  açmaq,  əsərin  səciyyəvi  xüsusiyyətlərini  incə 
detallarla  verə  bilmək  qabiliyyəti  Ərəblinskinin  rejissorluq  sənətinin  əsas 
məziyyətlərindən  olmuşdur.  O,  ədəbi-dramaturji  materialın  ifaçılar  tərəfindən 
düzgün  dərk  edilməsinə  və  tamaşada  vahid  ansambl  yaradılmasına  xüsusi  diqqət 
vermişdir.  Onun  hazırladığı  tamaşalar  böyük  maraqla  qarşılanırdı.  Onlardan 
N.Qoqolun  "Müfəttiş"  (1906)  və  "Evlənmə"  (1910),  N.Nərimanovun  "Nadir  şah" 
(1906),  F.Şillerin  "Qaçaqlar"  (1907),  Ş.Şaminin  "Dəmirçi  Gavə"  (1908), 
U.Şekspirin "Otello" (1910) tamaşalarını göstərmək olar. 
Azərbaycan  teatrının  repertuarına  Azərbaycan  tarixi  və  milli  müstəqillik 
uğrunda  hərəkatla  bağlı  səhnə  əsərlərinin  daxil  edilməsində  Ərəblinskinin  böyük 
rolu  olmuşdur.  Əyləncə  xatirinə  yazılan  əsərləri  qəbul  etməyən  rejissor 
Azərbaycanda  ictimai-siyasi  və  mədəni-əxlaq  məsələlərini  qaldıran  əsərlərə 
üstünlük verirdi. 
Bununla  bərabər,  Ərəblinskinin  aktyor  təbiətinə  faciəvilik  və  romantik 
pafos  daha  yaxın  olmuşdur.  O,  S.Lanskoyun  "Qəzavat"  əsərində  Əhmədbəy 
Şamxal,  Ş.Şaminin  "Dəmirçi  Gavə"  əsərində  Gavə,  Əbdürrəhim  bəy 
Haqverdiyevin  "Bəxtsiz  cavan"ında  Fərhad,  "Ağa  Məhəmməd  şah  Qacar"da  Ağa 
Məhəmməd şah, "Dağılan tifaq"da Nəcəf bəy, F.Şillerin "Qaçaqlar" əsərində Frans 
Moor,  Nəriman  Nərimanovun  "Nadir  şah"ında  Nadir  şah  kimi  faciəvi  rolları 
yüksək sənətkarlıqla ifa etmişdir. 
Yaradıcılığında milli teatr ənənələri ilə klassik Avropa teatr mədəniyyətini 
üzvi  surətdə  birləşdirən  Ərəblinski  müxtəlif  janrlı  əsərlərdə  inandırıcı  və  parlaq 
obrazlar  yaratmışdır.  1910-cu  ildə  U.Şekspirin  "Otello"  əsərində  yaratdığı  Otello 
obrazı Ərəblinski yaradıcılığının zirvəsi sayılır. 
Ərəblinski musiqili teatr səhnəsində də fəaliyyət göstərmişdir. Azərbaycan 
operasının  birinci  və  on  məşhur  tamaşası  olan  Üzeyir  Hacıbəylinin  "Leyli  və 
Məcnun"  operası  1908-ci  ildə  məhz  Hüseyn  Ərəblinski  tərəfindən  tamaşaya 
qoyulmuşdur.  O  sonralar  Ü.Hacıbəylinin  daha  bir  neçə  opera  və  operettasının  - 
"Əsli  və  Kərəm",  "O  olmasın,  bu  olsun",  "Şah  Abbas  və  Xurşidbanu",  "Aşıq 
Qərib", "Evliykən subay", "Əlli  yaşında cavan" və s. əsərlərin quruluşçu rejissoru 
olmuşdur. 

195 
 
Azərbaycanda  peşəkar  səhnə  ustalarının  yetişdirilməsində  Ərəblinskinin 
böyük  xidməti  var.  O,  Azərbaycan  dramaturgiyası  və  teatrının  fəal  təbliğatçısı 
olmuş,  teatrın  böyük  təsiredici  qüvvəsinin  təbliğat  işlərində  geniş  istifadə 
edilməsinin  vacibliyini  ictimaiyyətə  çatdırmağa  çalışmışdır.  Azərbaycan  teatrının 
nailiyyətlərini təbliğ etməkdən ötrü o, Cənubi Qafqaz, Şimali Qafqaz, Volqaboyu, 
Orta Asiya və Krım  şəhərlərinə qastrol səfərləri etmişdir. 
Azərbaycanda  kino  sənətinin  yaradılmasında  da  Ərəblinskinin  rolu 
olmuşdur. 1916-cı ildə "Neft və milyonlar səltənətində" adlı ilk Azərbaycan bədii 
filmində  Ərəblinski  baş  rolda  -  Lütfəli  bəy  rolunda  çəkilmiş  və  bu  obrazı  çox 
məharətlə də yaratmışdır. 
Azərbaycan Xalq Cümhüriyyətinin yaradılması xəbərini Ərəblinski böyük 
məmnuniyyətlə  qarşılamışdır.  Artıq  heç  bir  qüvvə  milli  müstəqillik  ideyalarını, 
Azərbaycan  tarixini,  mədəniyyətini  təbliğ  etməyə  qadağalar  qoya  bilməzdi. 
Planlarını dostu Üzeyir bəy Hacıbəyli ilə bölüşən Ərəblinski yeni, daha möhtəşəm 
tamaşalar  qoymaq,  Azərbaycan  teatrını  dünya  səviyyəsində  təbliğ  etmək,  ölkədə 
kino  sənətini  inkişaf  etdirmək  kimi  böyük  arzularla  yaşayırdı.  Belə  bir  vaxtda 
Hüseyn  Ərəblinskinin  həyatına  xaincəsinə  sui-qəsd  edilir.  Qohumlarından  birisi 
onların  nəslindən  aktyor  kimi  mənfur  peşə  sahibinin  olmayacağını  bildirərək 
Ərəblinskini hədələyir, ondan peşəsini dəyişməyi tələb edirdi. Hər dəfə rədd cavabı 
alan bu "igid" 1919-cu il martın 17-də Hüseyn Ərəblinskini xaincəsinə öldürür. 
Məşhur  aktyor  və  rejissoru  son  mənzilə  yola  salmaq  üçün  minlərlə  insan 
Bakı  küçələrinə  çıxmışdı.  Hökumət  və  parlament  üzvləri  də  dəfn  mərasimində 
iştirak  etmişdilər.  Mərasimdə  Ərəblinskinin  dostu  Üzeyir  bəy  Hacıbəyli  onun 
ölümünü "əvəzolunmaz itki" adlandırmış, qatilin ən ağır cəza ilə cəzalandırılmasını 
tələb  etmişdi.  Azərbaycan  Milli  Şurasının  sədri,  istiqlal  lideri  kimi  qəbul  olunan 
Məhəmməd  Əmin  Rəsulzadə  matəm  mərasimində  çıxış  edərək  Azərbaycan  səhnə 
sənətinin  inkişafında  və  çiçəklənməsində,  azadlıq  və  istiqlal  ideallarının  xalqa 
aşılanmasında  Ərəblinskinin  böyük  xidmətlərini  qeyd  etmiş,  onun  qətlini  milli 
müstəqilliyimizə təcavüz adlandırmışdı. 

196 
 
1919-cu  ilin  yayında  “Azərbaycan”  qəzetində 
çap  edilmiş  silsilə  məqalələrin  müəllifi  hərəcanla 
yazırdı:  “İstiklalımızın  bir  ilinin  bayramını  yenicə 
keçirmişdik ki, üfüqümüzdən qəflətən nümayan olan bir 
qara  əl  haman  istiklalımızı  qırmaq  və  bizi  murdar 
pəncəsi altında əzmək xəyalı ilə şimalımızdan uzanmağa 
başladı”.  Bu  məqalənin  müəllifi  Üzeyir    bəy  Hacıbəyli 
idi.  O  həmçinin  yazırdı:  “Ölmək  var,  dönmək  yoxdur. 
Sidq dil ilə yaşasın müstəqil Azərbaycan deyənlər əmin 
olmalı: onu müstəqil yaşatmağa qadir olarlar... Bir yaşlı 
dövlətimiz  –  gələcəkdə  -  yaxın  gələcəkdə  türklüyün 
ümidgahı,  islamlığın  pənahı  və  aləm  mədəniyyətinin 
möhtərəm  bir  üzvü  olacağını  hələ  bir  yaşında  olduğu 
halda hər kəsə bildirməkdədir”. 
Azərbaycan  tarixinə  Üzeyir  Hacıbəylinin  adı 
dahi  bəstəkar,  musiqişünas  alim,  publisist,  dramaturq, 
müasir  Azərbaycan  peşəkar  musiqisinin  və  milli 
operanın  banisi,  pedaqoq  və  ictimai  xadim  kimi  qızıl 
hərflərlə yazılmışdır. 
 
 
  Üzeyir Hacıbəyli 
     (1885-1948) 
 
Üzeyir  bəy  Hacıbəyli  (Hacıbəyov)  1885-ci  ildə  Azərbaycanın  ayrılmaz 
hissəsi  Qarabağın  Şuşa  qəzasının  Ağcabədi  kəndində  anadan  olmuşdur.  Atası 
Əbdülhüseyn  kənd  mirzəsi işləsə  də, oğluna  yaxşı təhsil  vermək istəmiş  və  ailəsi 
ilə  birlikdə  Şuşa  şəhərinə  köçmüşdür.  Burada  Üzeyir  rus-Azərbaycan  məktəbinə 
daxil olmuş və ilk musiqi dərslərini də elə burada almışdır. Belə ki, dayısı Ağalar 
Əliverdibəyov  xalq  musiqimizin  mahir  bilicisi  kimi  tanınırdı.  Şuşada  Üzeyir  ilk 
dəfə  özünü  musiqidə  sınayır.  Əbdürrəhimbəy  Haqverdiyev  xor  təşkil  edibmiş  və 
həmin  xorda  Cabbar  Qaryağdı  oğlunun  başçılığı  ilə  hazırlanan  müxtəlif  musiqi 
nömrələrində Üzeyir də iştirak edir. 
1899-cu ildə Qori müəllimlər seminariyasına daxil olan Üzeyir bəy burada 
qabaqcıl  dünya  mədəniyyəti,  rus  və  Qərbi  Avropa  klassik  musiqisi  ilə  yaxından 
tanış olur, skripka və baritonda çalmağı öyrənir. Öz təşəbbüsü ilə o bir neçə xalq 
mahnısını da nota köçürür. 
1904-cü  ildə  seminariyanı  bitirən  Üzeyir  bəy  Cəbrayıl  qəzasının  Hadrut 
kəndinə  müəllim  təyin  edilir.  1905-ci  ildə  isə  Bakıya  köçür  və  əvvəlcə 
Bibiheybətdə,  sonra  isə  Bakıda  "Səadət"  məktəbində  dərs  deyir.  Maraqlıdır  ki, 
həyatda  öz  yolunu  axtaran  Üzeyir  bəy  1907-ci  ildə  "Hesab  məsələləri"  və 
"Mətbuatda  istifadə  olunan  siyasi,  hüquqi,  iqtisadi  və  əsgəri  sözlərin  türki-rusi  və 
rusi-türki  lüğətini  hazırlayıb  nəşrə  vermişdir.  Bədii  yaradıcılığına  publisistika  ilə 

197 
 
başlayan Üzeyir bəy "İttihad", "Həyat", "Tərəqqi", "Həqiqət", "İqbal", "Yeni iqbal" 
qəzetlərində və "Molla Nəsrəddin" jurnalında "Ü", "Filankəs" və s. təxəllüsləri ilə 
məqalələr  dərc  etdirmişdir.  Onun  dövrün  ictimai-siyasi,  sosial,  mədəni-maarif 
məsələlərinə  həsr  edilmiş  məqalə,  felyeton,  hekayə  və  satirik  miniatürləri  xalq 
arasında olduqca populyar olmuşdur. Üzeyir bəy həmin vaxt N.V.Qoqolun "Şinel" 
povestini də Azərbaycan dilinə çevirmişdir. 
1908 - 1912-ci illərdə opera və musiqi komediyaları yazmış Üzeyir bəy öz 
musiqi  savadını  artırmaq  üçün  Moskvaya  gedir,  filarmoniya  cəmiyyətinin  musiqi 
kurslarında oxuyur, 1914-cü ildə Peterburq konservatoriyasına daxil olur. Lakin I 
Dünya  müharibəsinin  getdikcə  qızışması  və  bundan  doğan  maddi  çətinliklər 
üzündən  o,  təhsilini  yarımçıq  buraxıb  Bakıya  qayıtmalı  olur.  1916-cı  ildə  Üzeyir 
bəy  və  qardaşı  Zülfüqar  "Hacıbəyli  qardaşlarının  opera-operetta  artistləri  dəstəsi" 
adlı  teatr  truppası  yaradırlar.  Truppa  dram,  komediya,  opera  və  operettalar 
hazırlayıb həftədə üç dəfə tamaşaya qoyur. 
Üzeyir  bəy  Hacıbəylinin  Azərbaycan  musiqisinə  verdiyi  töhfələr 
əvəzsizdir.  1908-ci  il  yanvarın  12-də  Bakıda  H.Z.Tağıyevin  teatr  binasında  onun 
"Leyli  və  Məcnun"  operası  səslənmişdir.  O  zaman  bu  təkcə  Azərbaycanda  deyil, 
bütün  Şərqdə  ilk  opera  idi.  Bu  əsərlə  Üzeyir  bəy  Şərq  aləmində  opera  sənətinin 
əsasını  qoydu.  "Leyli  və  Məcnun"  muğam  əsasında  yazılmış  opera  idi.  Eyni 
ənənəni Üzeyir bəy "Şeyx Sənan" (1909), "Rüstəm və Söhrab" (1910), "Şah Abbas 
və Xurşidbanu" (1912), "Əsli və Kərəm" (1912), "Harun və Leyla" (1915) muğam 
operalarında davam etdirir. Əsərlərin librettoları üçün Məhəmməd Füzulinin "Leyli 
və  Məcnun"  poeması,  xalq  dastanları,  rəvayətlər  və  Firdovsinin  "Şahnamə" 
poeması seçilmişdir. 
Üzeyir  bəy  Hacıbəylinin  Azərbaycan  dramaturgiyasındakı  rolu  incəsənət 
tariximizdə  xüsusi  yer  tutur.  O,  Azərbaycanda  musiqili  komediya  janrının 
yaradıcısıdır.  Komediyaların  həm  mətnini,  həm  də  musiqisini  o  özü  yazmışdır. 
Onun "Ər və arvad" (1910), "O olmasın, bu olsun" (1911), "Arşın mal alan" (1913) 
musiqili komediyaları dünya dramaturgiyasının inciləri hesab olunur. 
Azərbaycan  Xalq  Cümhuriyyətinin  yaradılmasını  ürəkdən  alqışlayan 
Üzeyir  bəy  teatr  truppasının  tamaşalarından  yığılan  pulları  Azərbaycanın 
müstəqilliyi  və  istiqlaliyyəti  uğrunda  şəhid  olanların  ailələrinə  paylayırdı.  Xalq 
Cümhuriyyətinin  Dövlət  himninin  müəllifi  məhz  Üzeyir  bəydir.  Hərtərəfli 
istedadını  milli  dövlətçiliyin  yaradılıb  inkişaf  etdirilməsinə  sərf  edən  Üzeyir  bəy 
1918  - 1920-ci illərdə  çox qızğın  və hərtərəfli  fəaliyyət də göstərir. O, hökumətin 
rəsmi  orqanı  olan  "Azərbaycan"  qəzeti  ilə  sıx  əməkdaşlıq  edir,  məqalə  və 
felyetonlar dərc etdirirdi. Qəzetin ilk redaktoru əvvəllər onun kiçik qardaşı Ceyhun 
bəy, 1919-cu il yanvarın 16-dan başlayaraq isə o özü olmuşdur (1920-ci il aprelin 
27-dək).  Müstəqilliyimizin  möhkəmləndirilməsini  qəzetin  ideya  istiqaməti  seçən 

198 
 
Üzeyir  bəy  Azərbaycan  tarixinə,  siyasi  vəziyyətinə,  iqtisadiyyatına,  maarif  və 
mədəniyyətinə  həsr  olunmuş  məqalələrə  geniş  yer  verir,  özü  də  bu  istiqamətdə 
100-dən  çox  məqalə  yazıb  çap  etdirir.  "Partiyalarımıza",  "Andranik  məsələsi", 
"Lənkəran  faciəsi",  "Fitnələr  qarşısında",  "Naxçıvan  və  Qarabağ",  "İçimizdəki 
denikinlər",  "Ermənistan  və  Azərbaycan  müsibəti"  adlı  məqalələri  onu  uzaqgörən 
siyasətçi, əqidəli publisist kimi xarakterizə edir. 
1920-ci  ildə  Azərbaycan  işğal  ediləndən  sonra  böyük  sarsıntı  keçirən 
Üzeyir  bəy  çox  götür-qoydan  sonra  ölkədə  qalmağı  qərara  alır.  Onun  fikrincə, 
incəsənətin  mənası  xalqa  xidmətdədir  və  o  da  öz  musiqisi  ilə  xalqına  xidmətə 
üstünlük verir. 
Üzeyir bəy Hacıbəyli Azərbaycanda musiqi təhsil sisteminin yaradılması, 
milli  musiqimizin  əsaslarının  işlənib-hazırlanması  istiqamətində  aparılan  işlərə 
başçılıq etməyə başlayır. 1921-ci ildə Üzeyir bəy Azərbaycan Dövlət Türk Musiqi 
Məktəbini  açır,  1926-cı  ildə  bu  məktəb  Azərbaycan  Dövlət  Konservatoriyası  ilə 
birləşdirilir.  1930  -1940-cı  illərdə  çoxsəsli  Azərbaycan  xoru,  Azərbaycan  Dövlət 
Filarmoniyası,  notlu  xalq  çalğı  alətləri  orkestri  də  onun  səyi  ilə  yaradılmışdır. 
Müslüm  Maqomayevlə  birlikdə  Üzeyir  bəy  "Azərbaycan  türk  nəğmələri"  adlı 
məcmuə  nəşr  etdirmişdir.  Musiqidən  dərs  deməklə  bərabər,  Üzeyir  bəy  dirijorluq 
etmiş,  musiqi  fantaziyaları,  ansambl  pyesləri,  kantata,  kütləvi  mahnılar  üçün 
musiqi yazmışdır. 
Ü.Hacıbəylinin  1937-ci  ildə  Azərbaycan  Opera  və  Balet  Teatrında  ilk 
tamaşası  qoyulan  "Koroğlu"  operası  dünya  musiqi  xəzinəsinə  dahiyanə  bir  əsər 
kimi daxil olmuşdur. Aşıq musiqisini klassik opera janrında səsləndirən Hacıbəyli 
bununla  da  30-cu  illərdə  milli  musiqi  alətləri  -  saza,  tara  və  kamançaya  qarşı 
kampaniya  aparan  bəzi  siyasi  rəhbərlərə  layiqli  cavab  vermiş  olur.  O,  bəstələdiyi 
musiqi əsərlərində bu musiqi alətləri üçün partiyalar yazırdı. 1939 - 1948-ci illərdə 
Azərbaycan  Dövlət  Konservatoriyasının  direktoru  olan  Hacıbəyli  bu  dövrdə  həm 
də Azərbaycan Bəstəkarlar İttifaqının sədri olmuşdur. 
Üzeyir bəy 1941 - 1945-ci illər müharibəsində marşlar, vətənpərvər ruhlu 
mahnılar,  həmçinin  "Cəngi"  pyesini,  "Vətən  və  cəbhə"  kantatasını  bəstələmişdir. 
Onun  "Sənsiz"  və  "Sevgili  canan"  romansları  bu  janrda  yazılan  on  kamil 
əsərlərdəndir. 1945-ci ildə Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilən 
Üzeyir bəyə Azərbaycan SSR-in Dövlət himnini bəstələməyi tapşırmışdılar. 
Onun  "Arşın  mal  alan"  və  "O  olmasın,  bu  olsun"  əsərləri  bir  çox  dünya 
dillərinə  tərcümə  olunmuş,  ekranlaşdırılmış,  dünyanın  on  məşhur  teatrlarının 
səhnələrində  tamaşaya  qoyulmuşdur.  Ü.Hacıbəylinin  1945-ci  ildə  yazdığı 
"Azərbaycan  xalq  musiqisinin  əsasları"  monoqrafiyası  çox  zəngin  Azərbaycan 
musiqi xəzinəsinin açarıdır. 

199 
 
Üzeyir  bəy  istedadlı  bəstəkarlar,  musiqişünaslar,  ifaçılar  nəsli 
yetişdirmişdir.  Qara  Qarayev,  Fikrət  Əmirov,  Niyazi,  Soltan  Hacıbəyov  və  neçə-
neçə mahir musiqiçilərimiz Üzeyir bəyin tələbələri olmuşlar. 
Üzeyir  bəy  Hacıbəyli  1948-ci  ildə  Bakı  şəhərində  vəfat  etmiş  və  Fəxri 
xiyabanda dəfn edilmişdir. 
 

200 
 
Azərbaycanın 
musiqi  tarixində  Müslüm 
Maqomayev  adı  xüsusi  yer  tutur.  Onun  “Şah  İsmayıl” 
operası  XX  əsrin  20-ci  illərinədək  Azərbaycan 
operalarına  xas  improvizasiya  prinsipindən  kamil  opera 
formasına  keçid  mərhələsi  hesab  edilir  və  bununla  da 
Azərbaycan 
opera 
sənətinin 
inkişafı 
tarixində 
əhəmiyyətli yer tutur. 
Azərbaycan  SSR  Xalq  Maarif  Komissarlığı 
incəsənət  şöbəsinin,  Azərbaycan  Radio  Verilişləri 
İdarəsində  musiqi  şöbəsinin  müdiri,  Azərbaycan  Opera 
və Balet Teatrının direktoru, bədii rəhbəri və baş dirijoru 
vəzifələrində  çalışmış  Müslüm  Maqomayev  geniş  xalq 
kütlələrinin  musiqi  təhsili  məsələlərinə  böyük  diqqət 
yetirmiş,  həmçinin  bir  çox  görkəmli  Azərbaycan 
mədəniyyət  xadimləri  ilə  birlikdə  incəsənətdə  realist 
ənənələrin,  yeni  mövzuların  bərqərar  olmasına,  Avropa 
klassik  musiqi  janrları  və  formalarından  istifadə 
edilməsinə səy göstərmişdir. 
Azərbaycan  tarixinə  Müslüm  Maqomayev 
görkəmli bəstəkar, dirijor, musiqişünas və ictimai xadim 
kimi daxil olmuşdur. 
 
Müslüm Maqomayev 
     (1885-1937) 
Müslüm 
Məhəmməd  oğlu  Maqomayev  1885-ci  ildə  Çeçenistanın  Qroznı  şəhərində  sadə 
azərbaycanlı  ailəsində  anadan  olmuşdur.  Onun  valideynləri  əslən  Azərbaycanın 
Qax  rayonundandır.  Ailə  Qroznı  şəhərinə  köçmüş  və  Məhəmməd  kişi  burada 
dəmirçixanada  işləmişdir.  Qroznı  şəhərində  ikiillik  şəhər  məktəbini  bitirdikdən 
sonra  1899-cu  ildə  Qori  müəllimlər  seminariyasına  daxil  olan  Müslüm 
Maqomayev  burada  5  il  ərzində  təhsil  almışdır.  Seminariyada  oxuduğu  dövrdə  o, 
musiqiyə  böyük  maraq  göstərmiş,  burada  ilk  əsərlərini  yazmışdır.  Onun  yazdığı 
kiçikhəcmli musiqi əsərləri musiqi müəllimlərinin diqqətini cəlb etmiş, ona musiqi 
sahəsi  üzrə  fəaliyyət  göstərmək  tövsiyə  edilmişdir.  M.Maqomayev  seminariyada 
Üzeyir  Hacıbəyli  ilə  tanış  olmuş,  onunla  dostlaşmış  və  onlar  bu  dostluğu 
ömürlərinin sonunadək saxlamışlar. 
1905-ci ildə seminariyanı bitirdikdən sonra Müslüm Maqomayev təyinatla 
Şimali  Qafqazın  Bekoviç  kəndində,  sonra  isə  Lənkəran  şəhər  məktəbində 
müəllimlik  etmişdir.  Maarifpərvər  musiqi  xadimi  olaraq  o,  dərs  dediyi  şəhər 
məktəbində  xor,  dram  dərnəyi,  orkestr  təşkil  etmiş,  bir  çox  xalq  mahnılarını  nota 

201 
 
salmışdır.  Onun  musiqi  istedadı  çıxış  yolu  axtarır  və  getdikcə  aydın  olurdu  ki, 
M.Maqomayev musiqisiz yaşaya bilmir, musiqi onun bütün fikrini məşğul edirdi. 
1911-ci  ildə  Bakıya  köçən  Muslüm  Maqomayev  bir  ara  Sabunçuda 
müəllim  işlədikdən  sonra  Azərbaycan  Opera  Teatrına  skripkaçı  qəbul  edilmişdir. 
Bu  teatr  o  dövrdə  Azərbaycan  peşəkar  musiqi  sənətinin  qərargahı,  düşünən  beyni 
kimi  qəbul  edilirdi.  Burada  çalışan  sənət  ustaları  öz  sahələri  üzrə  fəaliyyət 
göstərməklə  kifayətlənmir,  Azərbaycanda  klassik  musiqinin  inkişafı,  onun  milli 
musiqi  ilə  sintezi  yollarını  düşünürdülər.  Teatrda  M.Maqomayev  Üzeyir 
Hacıbəylinin  on  yaxın  silahdaşlarından  biri  kimi  Azərbaycan  musiqili  teatrının 
təşəkkülü və inkişafı istiqamətində işləməyə başlamışdır. Həmçinin o, Hüseynqulu 
Sarabski,  Hənəfi  Terequlov  və  başqa  musiqi  xadimlərimizlə  birgə  fəaliyyət 
göstərmişdir.  1912-ci ildən başlayaraq ömrünün axırınadək Müslüm Maqomayev 
opera tamaşalarına dirijorluq etmişdir. 
1916-cı  ildə  Müslüm  Maqomayev  özünün  ilk  operası  olan  "Şah  İsmayıl" 
operasını  yazmışdır.  Operanın  musiqisinin  çox  hissəsini  muğamlar  təşkil  edirdi. 
Əsərin 1924 və 1936-cı illərdəki formalarında müəllif muğam improvizasiyalarını 
azaltmış,  əsərə  reçitativ,  rəqslər  daxil  etmiş,  çoxsəsli  xor  nömrələrini  artırmışdır. 
Onun "Şah İsmayıl" operası XX əsrin 20-ci illərinədək Azərbaycan operalarına xas 
improvizasiya prinsipindən kamil opera formasına keçid mərhələsi hesab edilir və 
bununla Azərbaycan opera sənətinin inkişafı tarixində əhəmiyyətli yer tutur. 
Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Müslüm Maqomayev 
Azərbaycan  musiqi  sənətinin  inkişafı  sahəsində  gərgin  işləmişdir.  O,  20-ci  illərdə 
Azərbaycan  SSR  Xalq  Maarif  Komissarlığı  incəsənət  şöbəsinin  və  Azərbaycan 
Radio Verilişləri İdarəsində  musiqi şöbəsinin müdiri işləmişdir. Bu vəzifələrdə o, 
geniş  xalq  kütlələrinin  musiqi  təhsili  məsələlərinə  böyük  diqqət  yetirmişdir. 
İnzibati  vəzifələrdə  çalışması  onun  bəstəkarlıq  fəaliyyətinə  xələl  gətirirdi,  lakin 
bununla  belə,  işlədiyi  illərdə  o,  klassik  musiqinin  xalq  arasında  sevilməsində, 
kütləvi mahnıların klassik musiqi ilə milli musiqinin sintezi əsasında yazılmasında 
böyük işlər görmüşdür. 
XX  əsrin  30-cu  illərində  bəstəkar  Azərbaycan  Opera  və  Balet  Teatrının 
direktoru,  bədii  rəhbəri  və  baş  dirijoru  vəzifələrində  çalışmışdır.  Müslüm 
Maqomayev  bir  çox  görkəmli  Azərbaycan  mədəniyyət  xadimləri  ilə  birlikdə 
incəsənətdə realist ənənələrin,  yeni  mövzuların bərqərar olmasına,  Avropa klassik 
musiqi janrları və formalarından istifadə edilməsinə səy göstərmişdir. 
Müslüm  Maqomayevin  bəstəkarlıq  üslubunun  formalaşmasında  xalq 
mahnılarını  toplayıb  işləməsinin  əhəmiyyətli  rolu  olmuşdur.  1927-ci  ildə  onun 
ümumi  redaktəsi  ilə  "Azərbaycan  türk  el  nəğmələri"  məcmuəsi  nəşr  edilmişdir. 
Bununla  o,  bir  çox  nadir  Azərbaycan  mahnılarının  qorunmasını,  nəsildən-nəslə 
ötürülməsini  təmin  etmişdir.  Hal-hazırda  ermənilərin  özününküləşdirmə  yə 

202 
 
çalışdığı  musiqi  və  mahnıların  bir  çox  artıq  o  dövrdə  bu  məcmuədə  Azərbayca 
musiqi nümunələri kimi göstərilmiş və tanımışdır. 
Azərbaycan  kütləvi  mahnı  janrının  yaradıcılarından  olan  bəstəkar  "Yaz", 
"Tarla"  "Bizim  kənd",  "Yarış"  və  s.  mahnılar  bəstləmişdir.  Onun  kiçikhəcmli 
orkestr əsərlə (rapsodiya, rəqs, marş, fantaziyalar) Azərbaycan proqramlı simfonik 
musiqinin  ilk  nümunələrindəndir.      Belə      əsərlər      arasında  1928-ci  ildə  yazdığı 
"Azərbaycan çöllərində",  1930-cu ildə yazdığı "Azad olunmuş Azərbaycan qızının 
rəqsi",  "Dərviş",  "Pişdə  ramədi-çahargah"  fantaziyalarını,  1933-cü  ildə  yazdığı 
"Pionerlər marşı", "Azərbaycan radiosu marşı" ("RV-8" adı ilə də tanınır) "Şəlalə" 
simfonik pyesini və s. əsərləri göstərmək olar. 
1935-ci  ildə  Müslüm  Maqomayevin  böyük  yaradıcılıq  müvəffəqiyyəti 
olan "Nərgiz" operası ictimaiyyətin diqqətini cəlb etmiş,  musiqi  mütəxəssislərinin 
yüksək  qiymətinə  layiq  görülmüşdür.  Bu  əsər  Azərbaycan  musiqili  teatrının 
inkişafında  mühüm  mərhələ  təşkil  edir.  Ölkəmizdə  Sovet  hakimiyyəti  uğrunda 
kəndlilərin  mübarizəsini  əks  etdirən  bu  əsər  inqilabi  mövzulu  ilk  sovet 
operalarındandır.  Doğrudur,  opera  siyasi  sifariş  əsasında  yazılıb,  lakin  bu  onun 
musiqi  dəyərinə  xələl  gətirmir.  Klassik  opera  ənənələri  əsasında  bəstələnmiş 
"Nərgiz"  operasının  musiqi  dili  Azərbaycan  xalq  musiqisi  intonasiyaları  ilə 
aşılanmışdır. 1938-ci ildə Moskvada keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti 
dekadasında  "Nərgiz"  böyük  müvəffəqiyyət  qazanmışdır.  Müəllif  1936-cı  ildə 
Azərbaycan SSR əməkdar incəsənət xadimi fəxri adına layiq görülmüşdür. 
Müslüm  Maqomayev  həmçinin  "Ölülər",  "  1905-ci  ildə"  dram 
tamaşalarına, "Azərbaycan incəsənəti", "Bizim raport" və s. sənədli filmlərə musiqi 
bəstələmişdir.  O  həmçinin  300-dən  artıq  xalq  mahnı  və  rəqslərini  nota  salmışdır. 
Onun son əsəri "Xoruz bəy" musiqili komediyasına yazmağa başladığı musiqi idi, 
lakin bu iş tamamlanmamış qalmışdır. 
Müslüm  Maqomayev  1937-ci  ildə  Nalçikdə  qastrol  zamanı  vəfat  edib, 
Bakıda dəfn olunub. 

203 
 
Azərbaycan  təsviri  sənəti  tarixində  Bəhruz 
Kəngərli  xüsusi  yer  tutur.  Rəssam,  boyakar  və  qrafik 
kimi  tanınan  B.Kəngərli  xüsusi  rəssamlıq  təhsili  almış 
ilk azərbaycanlıdır. 
Rəssamlığa  karikatura  və  satirik  rəsmlər 
çəkməklə  başlayan  Bəhruz  Kəngərli  sonralar  tədricən 
mənzərələr,  portretlər,  natürmortlar,  çoxkompozisiyalı 
və  süjetli  əsərlər  yaratmağa  üstünlük  vermişdir.  Onun 
çəkdiyi portretlər yaratdığı personajların daxili-psixoloji 
aləmini açıb göstərməklə bərabər, mövzu aktuallığına və 
ideya  məzmununa  görə  bu  günün  ictimai-siyasi 
hadisələri ilə də səsləşirlər. 
Uşaqlıqdan  fiziki  xəstəliyi  olsa  da,  Bəhruz 
Kəngərli  məhsuldar  işləmiş,  7  illik  rəssam  ömründə 
2000-dən artıq rəsm əsəri yaratmışdır. 
Bəhruz  Kəngərlinin  adı  Azərbaycan  təsviri 
sənət  tarixində  xüsusi  rəssamlıq  təhsili  almış  ilk 
azərbaycanlı,  Azərbaycan  təsviri  sənətində  realist  
dəzgah boyakarlığının təşəkkülündə, portret və mənzərə 
janrlarının  formalaşmasında  xüsusi  rolu  olan  rəssam, 
teatr  rəssamlığının  banilərindən  biri  kimi  daim  hörmət 
və ehtiramla xatırlanacaqdır. 
 
 
Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin