354
axan süd
damcı damcı
düşdü
döşəmənin üstünə
milçək uçdu
o damcıların üstünə
ayaqlar altında qaldı damcılar
kirləndi
qara yapışqan kimi
ləkələr saldı döşəməyə
kirli ləkə düşdü
çağanın gözlərinə
kirli ləkə düşdü
dodaqlarının təbəssümünə
kirləndi
dolu əmcəkdən gələn su
kir iyi gəldi
çağanın nəfəsindən
kir qoxudu
qırmızı göy güllü gözəl papağı
ağappaq bələyi kirləndi.
kirli çağa
dolu əmcəkdən
kirli süd əmirdi
dünyaya yeni insan gəlirdi
* * *
Həmin qış günü səhərə yaxın birdən-birə gilavar əsməyə başladı, get-gedə
bərkidi, mənzilin pəncərələrinin, eyvan qapılarının səsi küləyin vıyıltısına qarışdı və
şairin çarpayısının qabağındakı kresloda oturub arabir huşa gedən Əminə xanım, hər
dəfə gözü yumulduqca, elə bil, küləyin o pəncərə, qapı titrəməsinə qarışmış vıyıltısı
onu götürüb hansısa bir boşluğa aparırdı və o boşluq içində Əminə xanım, birdən,
elə bil ki, büdrəyirdi, səksənib, təzədən gözünü açırdı və Bakının o küləkli qış
səhərini Əminə xanım eləcə kreslonun üstündə açdı.
Şair hərdənbir gözlərini qıyıb tavana baxırdı, hərdənbir də inildəyirdi və Əminə
xanım bütün bu həftələr ərzində ilk dəfə şairin gözlərində belə bir diqqət, zənd
gördü, elə bil, şair, keçən il təmir olunmuş ağappaq hamar tavana yox, nəsə başqa
bir şeyə baxırdı, hətta, elə bil ki, nəsə oxuyurdu, amma Əminə xanım o saat orasını
da başa düşdü ki, bu diqqət, bu zənd, elə bil, şairi özü ilə çəkib aparmaq istəyir və
şairin o iniltisi də onun bir qucaqlıq olmuş cisminin zəif müqavimətidir.
Əminə xanım yavaşdan şairi səslədi, sonra ovcu ilə şairin bir dəri, bir sümüyü
qalmış və saralmış alnını sığalladı, amma şairin heç bir reaksiyası olmadı və onun
alnı da Əminə xanıma əvvəlkindən sərin gəldi və Əminə xanım gözlərini yumub bir
müddət küləyin o vıyıltısına, qapı-pəncərənin səsinə qulaq asdı, sonra dərin bir köks
ötürdü, oğlunun, qızının yatdığı otaqlara gedib onları yuxudan durğuzdu:
– Durun, papa, deyəsən, pisdi.
Bu evdə hamı belə bir məqama hazır idi (əslində, bu evdə hamı belə bir məqamı
gözləyirdi).
355
Oğlan da, qız da gec yatıb, gec duran olduqları üçün, güclə yerlərindən
qalxdılar, Əminə xanım böyük qızın da evinə zəng edib onları da yuxudan durğuzdu
və xahiş elədi ki, Məmməd müəllimə də desinlər ki, gəlsin (belə vaxtlarda evdə
təcrübəli bir kişi xeylağı olmalı idi, Əminə xanımın da ilk ağlına gələn Məmməd
müəllim oldu) və o küləkli qış səhəri Məmməd müəllim şairin mənzilinə daxil
olanda hamı şairin otağına yığışmışdı.
Məmməd müəllim bir söz deməyib başının işarəsi ilə otaqdakılara salam verdi,
sonra yaxınlaşıb, hərdən halsız inildəyən və gözlərini də hərdən eləcə qıyıb tavana
zilliyən şairə baxdı və acı-acı, daha doğrusu isə, mənalı-mənalı gülümsəyib Əminə
xanımdan soruşdu:
– Vəsiyyət eləyibdür?
Əminə xanımın üzülmüş gözləri bərəldi:
– Nə?
Məmməd müəllim sualını təkrar etdi:
– Vəsiyyət də... Vəsiyyət eləyibdür?
Əminə xanım:
– Yox...– dedi.
Kiçik qız nigarançılıqla şairə baxdı, sonra Əminə xanıma, sonra böyük bacısına,
sonra da onun qayınatasına, yəni Məmməd müəllimə baxdı və pıçıldadı:
– Papa eşidər axı...
Məmməd müəllim bir balaca tənə ilə gülümsəyib, kiçik qıza yox, oğluna baxdı
və:
–
Gərək son arzusunu biləsüz, ya yox?– dedi.
Gilavar birdən-birə bərkidiyi kimi, birdən-birə də azalmışdı və indi küləyin
vıyıltısı, elə bil, çox uzaqlardan gəlirdi və elə bil, qapı-pəncərələr də Məmməd
müəllimin sözlərinə qulaq asmaq üçün, səslərini kəsib sükuta dalmışdılar.
Məmməd müəllim şairin çarpayısına yaxınlaşdı və şairin qulağına tərəf əyilib,
yaşıl gözlərini şairin başının üstündən divardakı naməlum bir nöqtəyə zilləyərək
yavaş səslə soruşdu:
– Bir sözün yoxdu? Nə istəyirsən?
Kiçik qız gözlərini yumub üzünü yana çevirdi.
Böyük qız ani olaraq fikirləşdi ki, bu səhər Əminaşkanı, gərək, bağçaya
aparmayaydı, özü ilə bura gətirəydi, düzdü, bağçada ingilis dili dərsi keçirdilər və bu
dərsi ötürmək düz deyildi, amma, buna baxmayaraq, gərək, uşağı özü ilə bura
gətirəydi, çünki şair indi Əminaşkanı arzulaya bilərdi, onu görmək istəyərdi və
böyük qız sidq-ürəkdən özünü suçlayaraq hiss etdi ki, elə belə də olacaq.
Məmməd müəllim gözlərini şairin başının üstündən eləcə naməlum nöqtəyə
tuşlayıb, ağzını bir az da onun qulağına yaxınlaşdırdı və səsini də bir az qaldırıb
təzədən soruşdu:
– Bir şey istəyirsən?
Şairin tamam arıq və qansız sifətindən güclə seziləcək bir təbəssüm ötüb keçdi
və şair eləcə tavana baxa-baxa zəif səsiylə:
– Araba...– dedi.– Araba istəyirəm...
Məmməd müəllim:
– Nə?– soruşdu.– Araba?
Şair gözlərini tavandan çəkməyib eləcə zəif səsi ilə təkrar etdi:
– Hə... Araba... Araba istəyirəm...
356
Məmməd müəllim başını qaldırıb otaqdakılara baxdı,
sonra da yenə o cür
mənalı-mənalı gülümsəyib yavaşca başını buladı:
– Sayıqlayır... Araba istəyir...– dedi.
Böyük qız özünü saxlaya bilməyib hıçqırdı.
Kiçik qız:
– Mama...– deyib qorxu və həyəcanla Əminə xanımı qucaqladı.
Oğlan şaşqın bir vəziyyətdə:
– Araba istəyirəm?..– deyə öz-özünə atasının son sözlərini təkrar etdi və qəhər
onu boğdu.
O dəm, hətta, Məmməd müəllimin də gözləri yaşardı.
Məmməd müəllimin gözləri axırıncı dəfə düz on yeddi il bundan əvvəl – onda
gözləri konyuktivit olmuşdu – yaşarmışdı, bir də ki, bax, indi, xalqın bu boyda
şairinin son məqamda beləcə araba istəməsi onu kövrəltdi.
Fevral, 2002.
«Qaçqınlar» silsiləsindən
Dostları ilə paylaş: