* * *
Şair başa düşürdü ki, bu, gerçəklik deyil, amma bu, yuxu da deyildi, bu, yuxu ilə
gerçəklik arasındakı bir görüm idi (hadisə idi? əhvalat idi?) və şair ağappaq uzun
qıvrım saçları pırpızaqlı, sifətini qırış basmış, dişləri töküldüyü üçün, alt çənəsi, az
qala, burnunun altına qədər gəlib çıxan o qoca zənci qadını görən kimi, tanıdı:
əlbəttə, bu qarı – Anjela Devis idi.
Şair, heyrət içində, bu dərəcə qocalmış o zənci qarıya baxırdı.
Qarı da iri və görkəminə heç cürə yaraşmayan canlı qara gözləri ilə şairin
gözlərinin içinə baxırdı, elə bil, bu ilk görüşdən şairin içinə daxil olmaq istəyirdi və
ən təsirlisi də bu idi ki, şair bütün vücudu ilə hiss edirdi ki, bu qarının baxışları,
həqiqətən, onun, yəni şairin içinə daxil olur, içini gəzir, beynindəki kirəcləşmiş
qatları bir-bir qaldırıb altına baxmaq istəyir və baxır.
Bu, müdhiş bir hissiyyat idi və şair istəmirdi ki, o baxışlar onun bütün içini
görsün, amma heç nə edə bilmirdi, qarının baxışlarını heç cürə içindən qovub çıxara
bilmirdi.
Və birdən o zənci qarı iri və canlı qara gözlərini qırpdı və onun baxışları şairin
içindən çıxdı (şair bunu cismən hiss etdi) və qarı uzaqlaşıb həmişəlik yox olmazdan
əvvəl şairə (nədənsə, rus dilində) dedi:
– Durak!
Dostları ilə paylaş: |