HUMAYIN YUXUSU
Humay elə yaxşı, elə yaxşı qızdı, özü də deyir ki, Humay yaxşı qızdı.
Günlərin bir gözəl günündə günəş yavaş-yavaş batdı, axşam düşdü, bütün
uşaqlar yatdı, Humayın böyük bacısı Günay da yatdı.
Günay elə böyükdü, elə böyükdü, elə böyükdü, düz altı yaşının içindədi.
Humay elə balacadı, elə balacadı, elə balacadı, üç yaşı təzə tamam olub.
Amma Humayın böyük bacısı böyük Günay yatdı, Humay isə – bax a!.. –
yatmaq istəmirdi!..
Humay yerində uzanmışdı, amma istəmirdi yatsın, istəmirdi, istəmirdi,
istəmirdi, amma gözləri yumulurdu, amma özü yatmaq istəmirdi. Humay istəyirdi
ki, yaxşı-yaxşı, yaxşı-yaxşı, yaxşı-yaxşı dostları gəlsin yanına, bir yerdə oynasınlar.
Hə, hə, hə!.. Humay elə yatmaq istəmirdi, elə yatmaq istəmirdi, elə yatmaq
istəmirdi, amma gözləri yumuldu, açıldı, yumuldu, açıldı, yumuldu... Bay!... Elə
yumulu da qaldı ki!..
... Humayın bir dənə qırmızı topu var idi. Elə qırmızıydı, elə qırmızıydı ki, lap
qıpqırmızı.
Humayın topu evdən çıxdı, hoppana-hoppana, hoppana-hoppana pilləkənləri
aşağı düşdü, küçəyə çıxdı, hoppana-hoppana, hoppana-hoppana getməyə başladı.
Birdən Cıqqılı siçan Humayın topunun qabağına çıxdı. Cıqqılı siçan soruşdu:
– Ay Humayın topu, hara gedirsən belə?
Humayın topu dedi:
391
– Gedirəm, Humayın dostlarını yığam aparam Humayın yanına. Humay onlarla
oynasın, yatmasın.
Cıqqılı siçan dedi:
– Humay yaxşı qızdı, Humay məni Bığlı pişiklə barışdırıb. Məni də apar
Humayın yanına, ay Humayın topu!
– Gedək!
Humayın topu düşdü qabağa, Cıqqılı siçan da Humayın topunun dalınca,
getdilər. Getdilər, getdilər, getdilər, getdilər, getdilər, birdən qabaqlarına Bığlı pişik
çıxdı. Bığlı pişik soruşdu:
– Hara gedirsən, ay Humayın topu?
Humayın topu dedi:
– Gedirəm Humayın dostlarını yığam aparam Humayın yanına. Humay onlarla
oynasın, yatmasın.
Bığlı pişik dedi:
– Humay yaxşı qızdı. Bir dənə parçadan düzəlmiş pişik var Humayda. Humay
söz verib ki, bir də heç vaxt parça pişiyin bığlarını dartmayacaq. Axı, o parça pişik
mənəm!.. Məni də apar Humayın yanına, ay Humayın topu!
– Gedək!
Humayın topu düşdü qabağa, Cıqqılı siçan Humayın topunun dalınca, Bığlı
pişik də Cıqqılı siçanın dalınca, getdilər. Getdilər, getdilər, getdilər, getdilər,
getdilər, birdən qabaqlarına bir Uzunboy zürafə çıxdı. Uzunboy zürafə soruşdu:
– Hara gedirsən, ay Humayın topu?
Humayın topu dedi:
– Gedirəm Humayın dostlarını yığam aparam Humayın yanına. Humay onlarla
oynasın, yatmasın.
Uzunboy zürafə dedi:
– Humay yaxşı qızdı. Mənim bir dənə qəşəng şəklim var Humayda. Humay söz
verib ki, bir də heç vaxt o şəkli cırmayacaq, o şəkli əzməyəcək. Məni də apar
Humayın yanına, ay Humayın topu!...
– Gedək!
Humayın topu düşdü qabağa, Cıqqılı siçan Humayın topunun dalınca, Bığlı
pişik Cıqqılı siçanın dalınca, Uzunboy zürafə Bığlı pişiyin dalınca, getdilər.
Getdilər, getdilər, getdilər, getdilər, getdilər, birdən qabaqlarına Yaşıl karandaş
çıxdı. Yaşıl karandaş soruşdu:
– Hara gedirsən, ay Humayın topu?
Humayın topu dedi:
– Gedirəm Humayın dostlarını yığam aparam Humayın yanına. Humay onlarla
oynasın, yatmasın.
Yaşıl karandaş dedi:
– Humay yaxşı qızdı. Humay söz verib ki, bir də heç vaxt məni ağzına salıb
dişləməyəcək, Humay mənimlə elə qəşəng, elə qəşəng yarpaq şəkilləri çəkəcək ki!..
Məni də apar Humayın yanına, ay Humayın topu!..
– Gedək!
Humayın topu düşdü qabağa, Cıqqılı siçan Humayın topunun dalınca, Uzunboy
zürafə Bığlı pişiyin dalınca, Yaşıl karandaş Uzunboy zürafənin dalınca, getdilər.
Getdilər, getdilər, getdilər, getdilər, getdilər, birdən küçənin ortasında dayanmış
milisioner əmi fit çaldı, sonra əlini qulağının üstünə aparıb dedi:
392
– Vətəndaş Humayın topu, beləcə cərgəyə düzülüb hara gedirsiniz? Siz qatar
kimi keçirsiz, maşınlar isə yolda dayanıb ləngiyir.
Humayın topu dedi:
– Milisioner əmi, biz Humayın dostlarıyıq. Gedirik onun yanına, onunla
oynamağa.
Milisioner əmi dedi:
– A-a-a!.. Belə de!.. Humay yaxşı qızdı, çünki söz verib ki, bir də heç vaxt
ağlamayacaq, bundan sonra həmişə anasının sözünə baxacaq, yeməyini yeyəcək,
böyük bacısı Günayla da bundan sonra heç vaxt dalaşmayacaq. Məni də apar
Humayın yanına, ay Humayın topu!..
– Gedək!..
Humayın topu düşdü qabağa, Cıqqılı siçan qırmızı topunun dalınca, Bığlı pişik
Cıqqılı siçanın dalınca, Uzunboy zürafə Bığlı pişiyin dalınca, Yaşıl karandaş
Uzunboy zürafənin dalınca, Milisioner əmi də Yaşıl karandaşın dalınca getdilər. Bu
dəfə üz tutdular geriyə, Humaygilin evinə tərəf. Getdilər, getdilər, getdilər, getdilər,
getdilər, Humayın çox xoşladığı fəvvarələrin qabağından keçdilər, Humayın çox
yelləndiyi yelləncəklərin yanından ötdülər, Humayın çox qaçıb oynadığı bağçanı da
arxada qoydular, axırda gəlib çıxdılar Humaygilə.
Bir tərəfdən Humayın dostları gəlib çıxdı Humaygilə, o biri tərəfdən də gün
çıxdı.
Gün çıxdı, səhər açıldı.
Hamı yuxudan oyandı.
Hamı yuxudan oyandı, Humay da yuxudan oyandı.
Hə, Humay yuxudan oyandı, ora baxdı, bura baxdı, Cıqqılı siçanı, Bığlı pişiyi,
Uzunboy zürafəni, Yaşıl karandaşı, Milisioner əmini görmədi, təkcə qırmızı topunu
gördü.
Humay tez yerindən qalxıb qırmızı topun yanına qaçdı. Humay soruşdu:
– Ay top, bəs hanı Cıqqılı siçan, onun dalınca Bığlı pişik, onun dalınca Uzunboy
zürafə, onun dalınca Yaşıl karandaş, onun dalınca Milisioner əmi! Bəs hanı?
Humayın topu cavab vermədi.
Axı, topun dili yoxdu danışsın...
Humay başa düşdü ki, top, ancaq yuxuda danışa bilər, Cıqqılı siçan da, Bığlı
pişik də, Uzunboy zürafə də, Yaşıl karandaş da ancaq yuxuda danışa bilər. Bircə
Milisioner əmi qaldı...
Humay, tez pəncərənin qabağına qaçıb küçəyə baxdı.
Milisioner əmi küçənin ortasında dayanıb maşınlara yol göstərirdi. Birdən
Milisioner əmi pəncərədən baxan Humayı gördü, gülümsədi, əlini qulağının üstünə
apardı, Humayı salamladı.
Həmin gün Humay üçün, bax, beləcə başladı...
Dostları ilə paylaş: |