Seçilmiş əsərləri



Yüklə 2,94 Mb.
Pdf görüntüsü
səhifə115/147
tarix30.12.2021
ölçüsü2,94 Mb.
#22211
1   ...   111   112   113   114   115   116   117   118   ...   147
 

 

 

 

 

GILAS QIZ 

 

Aysunun adı Aysu idi, amma güllərçiçəklər, yaşıl, yamyaşıl otlar öz aralarında 



Aysuya «Gilas qız» deyirdilər, öz aralarında pıçıldayırdılar: 

– Gilas qız gəldi... 

– Gilas qıza bax... 

– Oy, qıza bax... 

– Oy, Gilas qızın bantı nə qəşəngdi!.. 

Əhvalat isə belə olmuşdu... Mən danışım, siz qulaq asın. 

Aysugilin kənddəki evlərinin həyətində güllərin, çiçəklərin, yamyaşıl otların 

arasında böyük bir gilas ağacı var və həmin yay o gilas ağacı o qədər bar gətirmişdi 

ki, ağırlığından budaqlarının ucu sallanıb, az qala, torpağa dəyirdi. Amma gilaslar 

hələ yetişməmişdi. 

Aysu hər gün səhər tezdən yerindən duran kimi evlərinin pəncərəsindən o gilas 

ağacına baxırdı ki, görsün, gilaslar yetişib qıpqırmızı qızarıb, yoxsa yox? 

Aysu tələsirdi, gilasların yetişib qızarmağını gözləyirdi. Gilaslar isə tələsmirdi

çünki atalar deyib ki, tələsən tələyə düşər. Düzdü, bunu atalar deyib, amma Aysuya 

bunu Aysunun nənəsi demişdi. Tələsmək lazım deyildi, Aysu bunu bilirdi, amma 

Aysu çox tələsirdi, çox istəyirdi ki, o gilaslar tez yetişsin, tez qızarsın, qıpqırmızı 

olsun. 

Nəhayət, günlərin bir günündə səhər Aysu yenə də yuxudan oyandı, pəncərədən 

o gözəl gilas ağacına baxdı. 

Oy!.. Gilas ağacının üstündə  qırmızı gilaslar var idi. Bir gilas... Iki gilas... Üç 

gilas...  

Aysu daha böyük qız idi, daha iki yaşı tamam olmuşdu, üç yaşına – üç e! – 

keçmişdi, ona qədər saya bilirdi. 

Bax, dörd qırmızı gilas... Beş qırmızı gilas... 




 

399


Aysu qaça-qaça həyətə  çıxdı  və qaça-qaça da həyətdəki güllərin, çiçəklərin, 

yamyaşıl otların arasından keçib gilas ağacının yanına gəldi. 

Bir... iki... üç... dörd... 

Dörd qırmızı gilas da, yox, yox, ode, biri də var... beş qırmızı gilas da ağacın lap 

aşağı sallanmış budaqlarında idi və Aysu ayaqlarının ucuna qalxsaydı, əli o gilaslara 

çatardı. 

Bax, bax, bu... bu bir qırmızı gilas!.. 

Aysu tək o gilası dərdi, tez də ağzına qoyub yedi. 

O biri gilaslar qoşa saplaqlarda idi, ikisi bir, ikisi də bir. 

Aysu yenə ayaqlarının ucuna qalxdı, əlini uzatdı, başını uzatdı, axır ki, o iki cüt 

gilası da ağacdan dərdi. 

Bu gilaslar elə iri idi, qırmızı idi, günün altında elə par-par parıldayırdı ki!.. 

Əlbəttə, Aysu o gilasları da yemək istəyirdi, çünki Aysu gilası çox xoşlayırdı, 

ona görə də o gilası da çox yemək istəyirdi, amma o gilaslar elə gözəl idi!.. 

Aysu o dörd gilası yemədi, qoşa saplaqların birini bir qulağından, o birini də o 

biri qulağının üstündən keçirtdi və o gözəl gilaslar iri, qırmızı sırğalar kimi Aysunun 

qulaqlarından sallandı... 

Həmin səhər çağı Aysugilin həyətindəki güllər, çiçəklər, yamyaşıl otlar da 

yuxudan təzəcə oyanmışdılar və gilas ağacından bir az kənarda bitmiş ağ çiçək də 

ləçəklərini tamam açmışdı.  

O çiçək əvvəlcə Günəşə baxdı, sonra gilas ağacına baxdı, sonra da gilas ağacının 

yanında dayanmış Aysuya baxdı. Baxdı və təəccübündən donub qaldı: axı, ağ çiçək 

bilirdi ki, gilas, ancaq ağacda bitər, amma indi bu qızın xurmayı saçlarının altında, 

hər iki qulağında gilas bitmişdi. 

Ağ çiçək heyrətlə pıçıldadı: 

– Vay!.. Gilas qız!.. 

O gündən də  həyətdəki bütün güllər, çiçəklər, yamyaşıl otlar Aysunu «Gilas 

qız» çağırdılar, Aysunu görən kimi pıçıldaşırdılar: 

– Gilas qız gəldi... 

– Gilas qıza bax... 

– Oy, Gilas qızın bantı nə qəşəngdi! 


Yüklə 2,94 Mb.

Dostları ilə paylaş:
1   ...   111   112   113   114   115   116   117   118   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin