Seçilmiş əsərləri



Yüklə 2,94 Mb.
Pdf görüntüsü
səhifə116/147
tarix30.12.2021
ölçüsü2,94 Mb.
#22211
1   ...   112   113   114   115   116   117   118   119   ...   147
 

 

 

 

QƏHRƏMAN AYSU, QARA PIŞIK VƏ  

CIQQILI SIÇANIN NAĞILI 

 

Aysu çoxdan yuxudan durmuşdu, əl-üzünü yumuşdu, süd içmişdi, pendir-çörək 



yemişdi və indi də Fatma gəlinciyini durğuzub geyindirirdi. 

Yay gəlmişdi və Aysugil də neçə gün idi ki, yay istirahətində Bakıdan kəndə 

köçmüşdülər, kənddəki evlərində yaşayırdılar.  

Aysu Fatma gəlinciyini geyindirib qurtardı, istədi ki, aparıb Fatmanın da əl-

üzünü yusun, amma bu vaxt lap astaca bir civilti eşitdi. 

Aysu əvvəlcə diqqətlə qulaq asdı, sonra Fatma gəlinciyi çarpayının üstünə qoyb, 

açıq pəncərənin qabağına qaçdı və həyətə boylandı.  

Evin qabağındakı qızılgül kolunun yanında üç dənə cıqqılı siçan balası qaçışa-

qaçışa bir-biri ilə oynayırdı.  



 

400


Bu siçan balalarının tükü bomboz idi, nazik bığları var idi, uzun quyruqlarını 

tərpədə-tərpədə burunları ilə bir-birini itələyirdilər, ora-bura qaçışırdılar, atılıb-

düşürdülər. 

Elə gözəl gün çıxmışdı, həyətdəki güllərin, çiçəklərin, otların elə gözəl rəngləri 

var idi ki, həyət elə sakitlik içində idi ki, boz siçan balaları civildəyə-civildəyə 

sevinirdilər və sevinə-sevinə də oynaşırdılar. 

Boz siçan balaları ömürlərində birinci dəfə idi ki, həyətə oynamağa çıxmışdılar.  

Aysu tez qaçıb Fatma gəlinciyini də  gətirmək istədi ki, Fatma gəlincik də bu 

cıqqılı siçan balalarına baxsın, görsün ki, onlar necə sevinə-sevinə oynayırlar. 

Amma... 


Amma bu zaman çox qorxulu bir hadisə baş verdi...  

Birdən-birə elə bil ki, yerin altından çıxdı, ya göydən düşdü, bir qara pişik balası 

düz cıqqılı siçan balalarının qabağına atıldı, tüklərini qabartdı, belini dikəltdi və 

şimşək çaxan gözləri ilə acıqlı-acıqlı siçan balalarına baxıb bərkdən miyoldadı. 

Cıqqılı siçan balaları  əvvəlcə yerlərində donub qaldılar, sonra birdən özlərinə 

gəldilər və  hərəsi bir tərəfə qaçdı: biri yuxarı  tərəfə, biri aşağı  tərəfə, biri də 

Aysugilin evinə tərəf. 

Qara pişik balası  əvvəlcə istədi ki, cıqqılı siçan balalarının üçünün də dalınca 

birdən qaçsın, amma başa düşdü ki, belə olmaz və  cıqqılı siçan balalarından lap 

cıqqılısının dalınca atıldı. 

O, lap cıqqılı siçan balası qaçıb Aysugilin evinin divarının dibində dayandı, 

çünki daha qaçmağa yer yox idi. 

Qara pişik balası da üç-dörd dəfə atılıb, gəlib cıqqılı siçan balasının qabağında 

dayandı.  

Cıqqılı siçan balası qorxudan tir-tir əsirdi. O birinci dəfə idi ki, pişik görürdü və 

bilmirdi ki, nə eləsin... 

Qara pişik balası da, əslində, bilmirdi ki, nə eləsin, bu siçanla beləcə üzbəüz 

dayanırdı. 

Qara pişik balası yenə  də tüklərini qabartdı, belini dikəltdi, qıpqırmızı  ağzını 

açıb bərkdən miyoldadı. 

Bu vaxt Aysu: 

– Dayan! – qışqırdı.  

Aysunun səsini eşidən qara pişik balası bir az qorxdu. Cıqqılı siçan balasının isə 

tıp-tıp tıppıldayan cıqqılı ürəyində bir ümid yarandı. 

Aysugilin evi birmərtəbəli idi, pəncərəsi yerə yaxın idi və Aysu pəncərəyə 

dırmaşıb həyətə sallandı, gözlərini yumdu və əllərini buraxdı. 

Tap!.. 

Aysu həyətə düşdü, tez qara pişik balası ilə cıqqılı siçanın yanına qaçdı və yenə 

də: 

– Dayan! – qışqırdı. 



Qara pişik balası Aysuya baxıb səsini çıxarmadı. 

Cıqqılı siçan balası qorxudan eləcə tir-tir əsirdi.  

Aysu barmağı ilə siçan balasını göstərib qara pişik balasından soruşdu: 

– Sən onu yemək istəyirsən?  

Qara pişik balası qıpqırmızı ağzını açıb bərkdən miyoldadı, yəni ki, hə, yemək 

istəyirəm. 

Aysu soruşdu: 

– Sənin anan var? 




 

401


Qara pişik balası yenə miyoldadı, yəni ki, əlbəttə, var. 

Aysu soruşdu: 

– Sən evə gəlməsən sənin anan nə eləyər? 

Bu sözləri eşidəndə az qaldı qara pişik balasının gözləri yaşarsın və o yavaşdan 

miyoldadı, yəni ki, anam ağlayar... 

Aysu soruşdu: 

– Sən istəyirsən ki, anan ağlasın? 

Qara pişik balasının gözləri doldu, lap yavaşdan miyoldadı, yəni ki, yox... 

Aysu yenə barmağı ilə qorxudan tir-tir əsən cıqqılı siçan balasını göstərdi: 

– Bəs, onun da axı, anası var!.. Axı, o öz yuvalarına qayıtmasa, anası  həmişə 

ağlayacaq. 

Qara pişik balası gah Aysuya baxdı, gah da cıqqılı siçan balasına. 

Aysu soruşdu: 

– Hə, sən yenə onu yemək istəyirsən? 

Qara pişik balası bu dəfə  qıpqırmızı  ağzını açıb miyoldadı, təkcə yavaş-yavaş 

başını buladı, yəni ki, yox, mən daha cıqqılı siçan balasını yemək istəmirəm. 

Aysu dedi: 

– Onda gedin evinizə. 

Çünki Aysu özü də Fatma gəlinciyinin yanına tələsirdi, axı, Fatma gəlinciyin əl-

üzünü hələ yumamışdı. 

Cıqqılı siçan balası Aysunun qabağına gəldi, astaca civilti ilə: 

– Çox sağ ol, qəhrəman qız!.. – dedi, sonra qaça-qaça qızılgül kolunun 

yanındakı yuvalarına getdi. 

Qara pişik balası cıqqılı siçanın arxasınca baxa-baxa fikirləşdi: «Işə bir bax a-a-

a!.. Sən demə, cıqqılı siçanların da anası olurmuş!..». 

  


Yüklə 2,94 Mb.

Dostları ilə paylaş:
1   ...   112   113   114   115   116   117   118   119   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin