415
QIRT TOYUQ
Qırt toyuq birinci dəfə idi ki, hindən çıxmışdı və dünyanı cücələrinə göstərirdi.
Cücələr civildəşə-civildəşə, yüyürə-yüyürə analarının dalınca qaçışırdı və
anaları da qırt yatdığı günlərdə qartlaşmış səsiylə qırt-qırt salıb o tərəf-bu tərəfə
dimdik atır, gözaltı böyürtkən kollarının dibinə, hündür otların arasına baxırdı,
hərdən başını çəpəki tutub zəndlə göyü gözdən keçirirdi.
Qırt toyuq pişikdən, qurd-quşdan, qartaldan ehtiyat edirdi və hərdən də tərs-tərs
mənə baxırdı.
Qırt toyuq heç kimi cücələrinə yaxın buraxmırdı.
Həyətdə uşaq çox idi, hərə əlinə bir parça çörək alıb didişdirə-didişdirə cücələrə
vermək istəyirdi, amma qırt toyuq o saat boğazının tüklərini qabardıb, qanadlarını
açıb, qart qaqqıltı ilə hücum edirdi, ən axırıncı cücənin də ötüb keçməyini
gözləyirdi, sonra yanpörtü acıqlı nəzərlərlə uşaqlara baxa-baxa və yoğun budlarını
basa-basa gedirdi.
Qırt toyuq fındıq ağacının altına gəlib torpağı eşələməyə başladı və cücələr də
civildəşə-civildəşə analarını əhatəyə aldı. Qırt toyuq torpağın arasında yeməli bir şey
görən kimi, dimdiyini həmin cücüyə, həşərata, toxuma vururdu, cücələrinə göstərirdi
və cücələr də bir-birini itələyə-itələyə, aləmə civilti sala-sala həmin balaca cücünün,
həşəratın, toxumun üstünə cumurdu.
Qırt toyuq arabir xırda çörək qırıntısı da tapırdı, dimdiyini vurub göstərirdi,
cücələr də acgözlüklə bu qırıntıları təpişdirirdi, amma qırt toyuq əllərində parça-
parça çörək tutmuş uşaqların heç birini cücələrə yaxın buraxmırdı.
Qırt toyuq təkcə bu həyətin sahibəsi Validə ananı cücələrə yaxın buraxırdı, hətta
Validə anaya icazə verirdi ki, əyləşib cücələrdən birini əlinə götürsün və uşaqlara
göstərsin.
Həyətdə təkcə Validə ana cücələrin yanından ötəndə qırt toyuq haray-həşir
salmırdı.
Qırt toyuq Validə anaya tam etibar edirdi və bu, görünür, təbiətdən gəlirdi: elə
bil ki, qırt toyuq bilirdi ki, Validə ananın də dörd balası var.
16 avqust 1981.
Talıstan kəndi.
Dostları ilə paylaş: