* * *
Missis Blyumentall pudeli ilə birlikdə evə qayıdanda miss Merilin Conson hələ
də o müdhiş hadisənin təsiri altında idi və tələsə-tələsə, dili topuq vura-vura, heç
cürə keçib getmək bilməyən bir həyəcanla bu hadisəni missis Blyumentalla danışdı.
Missis Blyumentall diqqətlə miss Consona qulaq asdı, sonra onunla birlikdə
kolleksiya otağına keçdi, miss Consonun, az qala, heyvani bir ürkü ilə barmağını
uzadıb göstərdiyi o musiqi alətinə baxdı: həmin Şərq musiqi aləti həmişəki yerində
idi və missis Blyumentall daha heç nə soruşmadı, yalnız diqqətlə miss Merilin
Consona baxdı və heç nə demədi.
Axşam mister Blyumentall işdən qayıtdı və yüngül şam edib, həmişəki kimi,
kolleksiya otaqlarına keçməzdən əvvəl missis Blyumentall əhvalatı ərinə danışdı və
mister Blyumentallın gərgin bank əməliyyatlarından sonra, evdə də gəlib hansısa
fantastik səfsəfələrə qulaq asmağa qətiyyən həvəsi olmadığı üçün, o, xanımının da
razılığı ilə, həmin gündən etibarən miss Merilin Consonu işdən azad etdi.
Dostları ilə paylaş: |