Seçilmiş əsərləri



Yüklə 2,94 Mb.
Pdf görüntüsü
səhifə9/147
tarix30.12.2021
ölçüsü2,94 Mb.
#22211
1   ...   5   6   7   8   9   10   11   12   ...   147
 

 


 

39

ZIREH 

  

Sonra Gülü xala dedi ki, Allaha şükür, daha hər şey qurtardı getdi, daha arxayın 



nəfəs almaq olar, daha öldürməyin özünüzü, Allah eşitdi bizi: on-on beş gündən 

sonra duracaq ayağa, inşallah. Sonra özünü saxlaya bilməyib yenə  Şahinin 

çarpayısına yaxınlaşdı: «– Belə canım sənə qurban, ay Şahin! Ay canım, qanım 

mənim!». – Qəhər boğdu onu və gözlərindəki bu sevinc yaşlarını görəndə hiss etdim 

ki, doğrudan da, hər şey qurtarıb, Şahin sağalır; son iyirmi günün ərzində yalnız indi 

hiss etdim ki, hava deyil bu otaqdakı hava, dərman iyi dolub bu otağa, az qaldı gedib 

pəncərənin gözlüyünü açım. 

Solmaz dedi ki, ay mama, gedək bir az uzan heç olmasa, bir az yuxula, əldən 

düşmüsən lap, üzmüsən özünü, gedək, sən Allah. Gülü xala da bu iyirmi gündə 

birinci dəfə etiraz eləmədi, dedi ki gedək, gedək yatım, özü də  əməlli-başlı yatım 

gərək. Sonra əlini taxta sinəsinə vurub xəstə bir ehtirasla, yorğunluqdan, iztirabdan 

gələn bir vəcdlə dedi ki, bax, bu quru canıma gərək qüvvət toplayım ki, onun 

yolunda qoyum, Şahinciyəzimin; sonra Solmazla o biri otağa keçdi; sanki yüz il idi 

yatmırdı. 

Şahin də yatırdı, elə rahat yatırdı ki, elə bil Şahin deyildi – guya ki, Şahin rahat 

yata bilməzdi, – hər  şey belədir: böyük xoşbəxtlik kiçik müsibətin yanında heçə 

dönür, necə ki, böyük yaxşılıq kiçik pislikdən sonra unudulur; niyə belədir – 

bilmirəm, amma nə tez unutmuşam Şahinin mışıl-mışıl yatmağını... Əvvəlcədən bir 

az Cırtdandan danışardım, bir az Məlikməmməddən, sonra soruşardı ki, neçə 

canavar öldürmüşəm, neçə  pələng vurmuşam, neçə ayını qaldırıb yerə  çırpmışam, 

daha nə eləmişəm; mən də bir-bir deyərdim: bir gün beş canavar olardı, yeddi pələng 

olardı, səkkiz ayı olardı, başqa bir gün on canavar olardı, dörd pələng olardı, doqquz 

ayı olardı, – bu baxırdı mənim goplamaq həvəsimə – Şahin də bic-bic gülərdi, elə bil 

özü də yaxşıca bilirdi ki, hamısı gopdur. 

Solmaz gəlib dedi ki, mamam yerinə uzanan kimi yatdı. Mən də dedim ki, yaxşı 

oldu, yazıq arvad gör neçə gündür yatmır, qoy dincəlsin bir az. Sonra Solmaz lap 

mənə yaxınlaşdı, bu iyirmi gündə birinci dəfə qucaqladı; heç nə demədi: mən də heç 

nə demədim. 

Şahin bizim ilkimiz idi, həm də  Şahindən başqa daha heç vaxt uşağımız 

olmayacaqdı, çünki Şahindən sonra Solmazın daha heç vaxt uşağı ola bilməzdi; 

Şahinin ilk qədəmi belə olmuşdu, amma Şahin var idi – kifayət idi. 

Sakit ol, dedim, arxayınçılıqdır daha, Solmaz dedi ki, sakitəm, lap sakitəm daha, 

görmürsən sakitəm? Lap sakit ol, dedim, lap, istəyirsən bir az ağla, ağla bir az, 

ürəyin boşalsın. Yox, dedi, ağlaya bilmirəm, ağlaya bilmirəm, çünki daha Şahin 

bizimlə qaldı. Elədir, dedim, ağlama, Şahin bizimlə qaldı, çünki belə olmalı idi, mən 

bilirdim ki, belə olacaq, lap əvvəldən bilirdim ki, Şahin bizimlə qalacaq, ağlama, 

dedim, ağlama, qurtardı daha, hər  şey qurtardı. Ağlamıram, dedi, bu elə belədir, 

ağlamıram, fikir vermə. 

Şahin birdən xəstələndi; həyətdən gəlib bir az gopa basdı, bir az deyib güldü, 

sonra da xəstələndi – belə işləri var Şahinin. Gözləri parıldayırdı yaman, özü də pis 

parıldayırdı, özü də od tutub yanırdı. Solmaz dedi ki, deyəsən axı, qızdırması var 

uşağın. Mən də dedim ki, yenə özündən pəstaha çıxartma, başlama yenə; sonra 

ölçdük qızdırmasını, sonra gördük ki, qızdırması var, xəstələnib. Otuz doqquz idi 

qızdırması, axşam qırxı ötdü. Belə-belə işlər... 




 

40

Solmaza dedim ki, sakit ol, eşitdin, bayaq Kazımlı sənin yanında dedi ki, böhran 



ötdü, sənin yanında dedi ki, on-on beş gündən sonra duracaq ayağa, Kazımlı sözü 

havaya üfürən həkimlərdən deyil, özün məndən yaxşı bilirsən, sakit ol. Solmaz 

gülümsədi, elə bil onu heç gülümsəyən görməmişdim, elə bil həmişə deyib-gülən 

Solmaz deyildi, əslində, doğrudan da, həmişəki Solmaz deyildi, qocalmışdı bu 

iyirmi gündə. Sonra məndən soruşdu ki, Kazımlı çıxanda sənə nə isə dedi, nə dedi 

sənə? Heç nə demədi, dedi ki, xudahafiz. Solmaz dedi ki, yox, eşitdim axı, nəsə dedi 

sənə. Dedim, Kazımlı dedi ki, böhran keçib daha, yüz faiz xətircəm ola bilərsiniz. 

Yox, dedi, başqa nə isə dedi. Sonra Solmaz mənə elə baxdı ki, dedim Kazımlı  nə 

dedi. Əslində elə bir şey də deməmişdi, demişdi ki, bu gecə də muğayat olun, işdi-

şayətdi, bu gecə yenə böhran ola bilər, axırıncı böhran, qorxub-eləməyin, lap 

gecənin yarısı da olsa, gəlib məni durğuzun. Yenə dedim ki, Kazımlı dedi ki, 

qorxub-eləməyin, nə oldu sənə, nə oldu axı, deyirəm ki, Kazımlı dedi qorxmayın, o 

saat gəlib məni durğuzun, vəssalam. Dedim ki, bir bax Şahinə, gör necə rahat yatıb, 

heç görmüsən belə rahat yatmağını, görmürsən ki, daha heç nə olmayacaq, özü də 

Kazımlı dedi ki, işdi-şayətdi... 

Solmaz pəncərəyə yaxınlaşıb pərdəni qaldırdı: məhəllənin cailləri yenə dalanın 

ağzına yığışıb söhbətləşirdilər. Solmaz pərdəni aşağı saldı. Gözü pərdədə, 

pəncərənin qabağında dayandı. 

Gərək sənə deməyəydim, dedim, deməyəydim ki, Kazımlı nə dedi. Deməsəydin 

nə olacaqdı, dedi, bir şey dəyişəcəkdi bəyəm? Niyə  həmişə pisindən yapışırsan, 

dedim, ən bədindən yapışırsan, niyə həmişə ürəyinə pis şey gəlir, Kazımlı dedi ki, 

işdi-şayətdi, yəni ki, heç nə olmayacaq, yəni ki, hər şey qurtardı getdi işinin dalınca, 

niyə ən bədindən yapışırsan? Dedi ki, nə edim bəs? Sonra dönüb mənə baxdı, mən 

də özümdən çıxdım, özümdən çıxdım ki, Solmaz birdəfəlik başa düşsün: bu gecə 

heç nə olmayacaq, çünki daha keçdi getdi hər şey, qurtardı daha. 

Gülü xala başıalovlu otağa girdi ki, nə olub? Solmaz dedi ki, heç nə, ay mama, 

nə olacaq ki, niyə qalxırsan o saat səs eşidən kimi, get yat, sən Allah. Gülü xala 

rahat-rahat nəfəs alan Şahinə baxıb doluxsundu yenə, elə onu de, nə ola bilər ki, olan 

oldu, keçən keçdi daha. Sonra Solmaz anasını o biri otağa apardı.  

Bu iyirmi gündə birinci dəfə hiss edirdim ki, otaq dərman iyiylə dolub 

ağzınacan. Sonra çəliyinin səsindən bildim ki, Məmmədbağır gəlir: tak-tuk. 

Solmaz gedib qapını açdı, dedi ki, keç içəri. Məmmədbağır dedi ki, dayan, 

çubuğu boşaldım, sonra girim içəri. Solmaz onu otaqda çubuq çəkməyə qoymurdu, 

deyirdi ki, otağın havası elə düz-əməllidir, sən də bir tərəfdən çubuğu fısqırd. 

Solmaz, Məmmədbağırın qolundan yapışıb gətirib mizin arxasında oturtdu. 

Maxorka iyi aləmi basdı. Məmmədbağır həmişəki kimi, yerini rahatlayandan sonra 

salamlaşdı: əssalam-əleykumə; sonra da soruşdu ki, salamatlıqdırmı, sonra da dedi 

ki, inşallah, salamatlıq olar. 

Bilmirəm niyə Məmmədbağır üçün deyiblər ki:  

  

Gəldi Məmmədbağır, 



Dur Allahı çağır? 

Bizim məhəllədə belə sözlər çoxdur, amma mənası yoxdur. 




 

41

Məmmədbağır kor idi, bizimlə üzbəüz köhnə hamamın yanındakı dar dalanda 



olurdu, kiçik bir daxması var idi – daha heç nəyi və heç kimi, hərçənd deyirdilər ki, 

bir sandıq qızılı var, haradasa basdırıb. Yaşı altmışı keçmişdi yəqin, amma 

böyükdən kiçiyə hamı onu adı ilə çağırırdı: Məmmədbağır.  Əynində köhnə boz 

şinel, yay-qış, səhərdən-axşama kimi çəliyini taqqıldada-taqqıldada bütün məhəlləni 

dolaşırdı, səhər bir xəstəsi olanın evində çörəyini yeyərdi, günorta başqa bir xəstəsi 

olanın, gecə  də bir başqa xəstəsi olanın – bu da, bir növ, «rüşvət» idi, camaat 

Məmmədbağıra «rüşvət» verirdi ki, xəstəsi tez sağalsın, həm də daha camaat 

adətkərdə idi. Deyirdilər ki, Məmmədbağır özü bir gözünü vurub kor eləyib ki, 

müharibəyə getməsin, sonra da o biri gözü kor olub. Gah da deyirdilər ki, bir gözü 

görür  əməlli-başlı, özünü görməməzliyə vurur, guya hərdən küçədə adam 

olmayanda köhnə hamamın pəncərəsi ağzında durub içəridə çimən arvadlara baxır, 

day nə bilim nə eləyir. Yüz cür söz deyirdilər, çünki heç kim onu istəmirdi. Hərçənd 

heç kimə bir pislik eləməmişdi, bu evdən o evə söz gəzdirən də deyildi. 

Solmaz günortadan saxladığı bir kasa şorbanı gətirib Məmmədbağırın qabağına 

qoydu. Məmmədbağır da ya Allah deyib yeməyə başladı. Sonra yenə dedi ki, 

inşallah, salamatlıq olar– şorba xoşuna gəlmişdi deyəsən; dedi ki, Paşanın oğluna 

heç ümid yox idi, bu gün gedib görürəm ki, şıllaq atır ayaq üstə. Sonra dedi ki, 

xəbəriniz var, Ağagül Sibirdən qaçıb? 

Solmaz, Məmmədbağır üçün çay gətirdiyi stəkanı əlindən salıb sındırdı. Sonra 

yüzillik sükut çökdü. Sonra Solmaz qışqıra-qışqıra gəlib Məmmədbağırın qolundan 

dartdı ki, bu saat dur çıx bizim evdən, bir də buralara ayaq basma. Şahin qımıldandı 

yerində. Hövlnak yerindən qalxıb gəlmiş Gülü xala Şahinin çarpayısına tərəf qaçdı.  

Məmmədbağır yavaş-yavaş ayağa qalxdı, dedi ki, mən çay içməyib gedərəm, 

amma sizə baha başa gələr ha; sonra üzünü Şahin tərəfə tutdu. Solmaz o saat dedi ki, 

otur, otur, dedi, indi çay gətirirəm, iç sonra get. 

Məmmədbağır yerində oturdu. 

Yaman maxorka çəkirsən, dedim, azalt bir az, küçənin o başından gələndə bu 

başında maxorka iyindən dayanmaq olmur. Nə edim, dedi, deyirsən yanı maxorka da 

çəkməyim? 

Ya Sibirdən qaçıb, ya da bir başqa yerdən, axırı ki, qaçıb gəlib Ağagül. Nə olar, 

qaçıb, yenə tutub göndərərlər öz yerinə, bir az da artırarlar işini, çünki on il öz-

özlüyündə az deyil, amma Ağagül üçün azdır, hərçənd Ağagül bu barədə ömründə 

fikirləşməyib yəqin – uşaqlıqdan bələdəm ona, bir məhəllənin uşaqlarıyıq; özü də 

ona görə fikirləşməz ki, istəmir fikirləşsin, ona görə ki, bacarmır fikirləşməyi; 

fikirləşmək üçün gərək adam olasan, Ağagül adam deyildi, şübhəsiz. 

Ağagülün atası Əzizağa keçən il camaatın yanında dedi mənə: «Alə, ay oğraş, 

girmədün yerə, satdun uşağı?  Əybi yox...» Eybi yox, yəni ki, borclu borclunun 

sağlığını istər. 

Istəsin də, sağlığını istəmir, lap nəyini istəyir istəsin, bəsdir daha. 

Ağagül, Qasımı bizim dalanın qabağında bıçaqladı, günün günorta çağında, azı 

iyirmi-iyirmi beş nəfərin gözü baxa-baxa. Təkcə mən şahid durdum üzünə; özü də 

məndən xahiş eləyən-zad yox idi, Qasımdan da zəhləm gedirdi, çünki elə Qasım da 

Ağagülün tayı idi. Şahid durdum ona görə ki, həmin iyirmi-iyirmi beş nəfərin hamısı 

danırdı ki, bir şey görməyb; ona görə ki, həmin iyirmi-iyirmi beş nəfərin hamısından 

zəhləm gedirdi; ona görə ki, Ağagül adam deyildi. Ağagülü «satdım», çünki birinci 

dəfə idi məhəllənin qanunu pozulurdu, yaxşı da olurdu pozulurdu, çoxunun da 

canından idi bu, amma mən satqın idim. 



 

42

Məmmədbağır ayağa qalxdı, sonra dedi ki, Allah şəfa versin. Sonra getdi. Şahin 



yatmışdı. Gülü xala mətbəxdə idi, Məmmədbağırın şorba yediyi kasanı, qaşığı, çay 

içdiyi stəkanı qaynadırdı. Solmaz mizin arxasında oturub heç nə danışmırdı. 

Soruşdum ki, nə olub, yenə? Dedi ki, nə olub, heç nə, hər  şey öz qaydasındadır. 

Bəsdir, dedim, heç nə olmayacaq, qorxma. Dedi ki, qorxub-eləmirəm, nə olacaq ki, 

əlbəttə, heç nə olmayacaq. Gedim bir az uzanım, dedim, saat on ikiyə işləyib, lap az 

qalıb, sabah səhər açılacaq, hər  şey yenə  əvvəlki kimi olacaq, iyirmi gün bundan 

qabaqkı kimi yenə  əla olacaq hər  şey; elə-belə uzanıram yerimdə, yatmıram; mən 

yanındayam, həmişə yanındayam, dedim, mənim üçün də qorxub-eləmə; Kazımlı 

dedi ki, hər şey yaxşı olacaq, böhran keçib gedib, işdi-şayətdi dedi... 

Sonra o biri otağa keçib çarpayımızda uzandım. Sonra qapı  cəftəsinin səsini 

eşitdim, yəqin Solmaz bayır qapısını  təzədən yoxlayırdı. Sonra Gülü xala ilə 

Solmazın səsi gəldi, nə danışdıqlarını eşitmirdim. Sonra xəstəxanaya girdim elə bil, 

hər tərəfdən dərman iyi gəlirdi. Sonra yavaş-yavaş külək əsməyə başladı... 

Ağagül başının üstündə  çəkic fırladırdı; stadion ağzınacan dolu idi, hamısı da 

bizim məhəllənin adamları, çığır-bağır salmışdılar, Ağagülə ürək-dirək verirdilər. 

Ağagül uzun göy dizlik geymişdi,  əynində  rəngi saralmış tor köynək var idi, 

başına qara kepka qoymuşdu, damağında da papiros. 

Ağagül sısqa qolları ilə ağır çəkici başı üzərində fırladırdı ki, uzağa atsın. 

Sonra çəkic Ağagülün başı üzərindən qalxdı göyə.  

Sonra bütün stadion ayağa qalxdı. 

Ağagül bir əli belində, papirosdan qullab vurub tüstünü bir-bir stadiondakıların 

üzünə buraxırdı. 

Sonra göydə çəkici gördüm, gördüm ki, bu çəkic deyil, bu Şahindir. 

Ağagülün yaxasından yapışıb silkələyirdim. 

Sonra Məmmədbağırı gördüm, dedi ki, məni niyə silkələyirsən, sənə nə pisliyim 

keçib, burax məni, hamama tərəf gedirəm. 

Ağagül hanı, dedim, hanı Ağagül?.. 

Gülü xala qışqırırdı ki, dur ay evi viranə qalmış, dur, uşaq gedir əldən, dur 

demirəm sənə, getdi uşaq... 

Hara getdi, dedim, hara getdi uşaq, nə ağzına gələni danışırsan, yekə arvadsan, 

ayıbdır səninçün, necə yanı getdi uşaq?! 

Şahinin sinəsi tavana dəyib qayıdırdı, yenə tavana qədər qalxıb qayıdırdı. Sonra 

yenə tavana dəyirdi. 

Solmaz qışqırdı ki, yox buraxmaram səni, buraxmaram səni, heç hara 

getməyəcəksən; sonra qolumdan yapışdı Solmaz, dedi ki, olmaz, qoymaram, getmə. 

Burax dedim, burax qolumu, Kazımlıgil yaxındır, dedim, özü demişdi ki, gəl durğuz 

o saat məni, qorxma, dedim, heç nədən qorxma, beş  dəqiqəyə  gəlirəm, beşcə 

dəqiqəyə  gəlirəm. Sonra onu itələyib dalana çıxdım, sonra küçəyə  çıxdım, sonra 

yüyürməyə başladım. 

Mənə elə  gəldi ki, indi canavar görəcəyəm, iki gözü parlayacaq bu zülmətdə, 

sonra yadıma düşdü ki, haçansa qəzetdə oxumuşdum: bir çoban çomağı ilə dörd 

canavar öldürüb. 

Bir canavar çomağı ilə dörd canavar öldürüb, çünki bu canavarlar qoyuna 

girişirmişlər, çünki bu qoyunların arasında quzular da var idi, hərçənd canavarların 

da küçükləri var idi, yəqin ki, onlar da yetim qalacaqdılar, yəni bəraət eyni idi, 

amma bir çoban dörd canavar öldürdü. 

Bir çoban dörd canavar öldürüb. 



 

43

Tez. 



Tez. 

Tez. 


Məhəlləmizin aşağı başında iki tut ağacı var idi, «Qoşa tut» deyirdik, bu «Qoşa 

tut»un ətrafı məhəlləmizin cəngəlliyi idi; hamının yolu buradan keçib-gedirdi. Bax, 

Fazili burada vurmuşdular gecə, Ələkbəri də burada vurmuşdular, Ağarzanı burada 

vurmuşdular. 

Bıçaqla olsa bacararam. 

Tez. 


Tez. 

Tez. 


Heç olmasa elə vuraydı ki, gedib Kazımlını evə göndərə biləydim, gələydi 

uşağın üstünə. Gələydi uşağın üstünə. 

Yerimdə  mıxlandım, sonra dedim ki, burax məni, burax məni, dedim, nə  işin 

var, qalsın sonraya, indi burax məni. Soruşdu ki, buraxım? Dedim, hə, burax. 

Anaşadan saralmış sifəti ay işığında güldü, alə, dedi, nə gic-gic danışırsan, iki 

gecədir tutluqda titrəyə-titrəyə  səni gözləyirəm, necə  yəni burax məni? Alə, bütün 

mələnin papağını soxmusan yerə, adam satırsan, indi deyirsən məni burax? Alə, nə 

çaqqal uşaqsan sən?!  Şahin xəstədir, dedim, Şahin ölür, dedim, həkim dalınca 

gedirəm, Şahini ki, tanıyırsan. Bəs, sən Orxanı tanımırsan dedi, tanımırsan Orxanı? 

Tanımırdın Orxanı  bəyəm atasının üzünə durub tutduranda? Tanımırdın Orxanı 

məni tutduranda? Nə vaxt, hara desən gələrəm, dedim, indi burax məni. Burada 

yeddi güllə var, dedi, yeddisi də səninçündür. Gedək, dedim, bir yerdə gedək həkimi 

çağırım, sonra vur, sonra nə eləyirsən, elə. Məni nə hesab eləyirsən, dedi, kim hesab 

eləyirsən məni, neçə gündür çıxmışam aradan, neçə gündür ayaq üstəyəm, neçə 

gündür ac-susuzam, gözümü yummamışam, ölürəm, ancaq sən məndən tez 

öləcəksən, nöşün ki, kişi döyülsən, oğraşsan. 

Sonra güllə səsi eşitdim, qışqırmaq istədim: KA-ZIM-LI! Qışqırmaq istədim ki, 

KA-ZIM-LI! Amma vaxtım çatmadı – yenə güllə  səsi eşitdim, sonra dəmir 

cingildədi, sonra Ağagülün zənlə baxan gözlərini gördüm, canavar gözlərini, sonra 

qışqırdı ki, alə, nə geymisən altdan, dəmir geymisən  əyninə? Dəmir geymisən ki, 

güllə dəyməsin sənə? Bilmirsən ki, kəllənə boşaldaram gülləni? 

Yenə güllə açıldı, sonra yenə  dəmir cingildədi, yenə bir güllə, yenə  dəmir 

cingildədi. 

Sonra bütün ətrafa ölü sükut çökdü, tut yarpaqlarının xışıltısı da bütün bu aylı 

gecə kimi öldü. 

Udquna-udquna dedi ki, adə, nə eləmisən özünə, güllə nöşün başıva dəyib yerə 

düşür, neyləmisən, alə? Sonra qışqırdı ki, üstümə yerimə, üstümə yerimə, qışqırdı, 

vuraram, dayan, vuraram. 

Dalbadal iki güllə açıldı, iki dəfə də dəmir cingildədi. 

Bu dəfə mən alnıma dəyib yerə sıçrayan güllələrin zərbəsini hiss etdim və elə bil 

ki, bu zərbələr məni silkələyib özümə  gətirdi: güllə  məni tutmurdu, mənim bütün 

bədənim polad zirehə dönmüşdü. 

Ağagül  əlindəki tapançanı yerə atıb qışqıra-qışqıra qaçdı – görünür görkəmim 

dəhşətli imiş. 




 

44

...Indi də bu əhvalat barədə fikirləşəndə  bəzən tərəddüd bürüyür məni: bu 



həqiqət idimi? Doğrudanmı, o gecə mən Ağagüllə görüşdüm və onun atdığı güllələr 

məni tutmadı, mənə  dəyib yerə düşdü? Fəqət bu tərəddüd  əbəs idi, çünki Ağagül 

əlindəki tapançanı atıb qaçmışdı, mən həmin tapançanı götürmüşdüm, bu, həqiqi 

tapança idi, içində qalmış güllə də həqiqi güllə idi; sonra həmin tapançanı hamamın 

yanındakı qanova atdım. 

Mənə elə gəlir ki, əslinə baxsan, burada qeyri-adi, fövqəladə heç bir şey yoxdur, 

hərçənd bu hadisəni heç kimə danışmamışam, heç Solmaza da. 

Bu axşam  Şahinin çarpayısında oturub ona pələngləri necə öldürməyimdən 

danışırdım. Çəlik səsi gəldi: tak-tuk, tak-tuk. Solmaz gedib qapını açdı, dedi ki, gəl, 

gəl içəri, plov bişirmişəm, sənə də bir boşqab pay saxlamışam. Məmmədbağır dedi 

ki, Allah bərəkət versin, dedi ki, qoy çubuğu boşaldım gəlim. Sonra otağa girdi. 

Maxorka iyi evə doldu. 

Solmaz Məmmədbağırın qolundan yapışıb mizin arxasında oturtdu. 

Məmmədbağır yerini rahatlayıb salamlaşdı:  əssalam-əleykümə.  Şahin dedi ki, 

əleykəssalam. Solmaz bir boşqab plovu gətirib Məmmədbağırın qabağına qoydu. 

Məmmədbağır da:  

– «Ya Allah!» – deyib yeməyə başladı, sonra da yeyə-yeyə dedi ki, eşitmisiniz, 

Ağagül dəli olub, dünən tutublar, bulvarda barmağını uzadıb, guya ki, tapançadır, 

camaata bir-bir güllə atırmış? «–Bom! Bom! Bom!..» 

 


Yüklə 2,94 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin