Seçilmiş əsərləri


KÜLƏYIN, ÇINARIN VƏ QARANQUŞ



Yüklə 2,94 Mb.
Pdf görüntüsü
səhifə108/147
tarix30.12.2021
ölçüsü2,94 Mb.
#22211
1   ...   104   105   106   107   108   109   110   111   ...   147
KÜLƏYIN, ÇINARIN VƏ QARANQUŞ  

BALASININ HEKAYƏTI 

 

O çinar ağacı lap balaca idi, sonra gün keçdi, ay dolandı, sonra ay keçdi, il 



dolandı, o çinar ağacı böyüdü, böyüdü və o qədər illər keçdi ki, o çinar ağacı o qədər 

böyüdü ki, haçansa eləcə balaca olmağı yadından çıxdı. Yadından çıxdı ki, yanından 

yüngülcə bir yel ötəndə, çöp kimi nazik və sütül gövdəsi az qalırdı sınsın. 

O çinar ağacının başı göylərə  dəyirdi və bütün yer üzünə  də eləcə yuxarıdan 

aşağı baxırdı və o yüksəklikdən gördüyü dünya o qədər ayaq altında, o qədər kiçik 

idi ki, özünü həmin dünyanın ən güclüsü hesab etdi. 

O çinar ağacı heç nədən çəkinmirdi, heç nədən qorxmurdu və iş o yerə çatdı ki, 

günlərin bir günündə o çinar ağacının yarpaqları xışıldadı: 

– Mən o küləkdən də qorxmuram! 

Əlbəttə, külək bunu eşitdi, çünki çöllərdə, düzlərdə, dağlarda, meşələrdə, hətta, 

dənizlərdə, okeanlarda da nə səs olurdu, nə deyilirdisə, külək onu o saat eşidirdi və 

bütün heyvanların, quşların, bitkilərin dilini bildiyi üçün, o saat başa düşürdü. 

Külək bu xışıltını da eşitdi və qəzəbləndi. 

Külək çinar ağacının ətrafında fırlandı, fırlandı, sonra daha da bərk əsdi, sonra 

lap bərkidi, çovğuna çevrildi, qıy vurub bütün ətrafa hücum çəkdi, yer titrədi, göy 

titrədi, o çinar ağacı silkələndi, yarpaqları qopdu, sonra budaqları qırılmağa başladı 

və qəzəbli külək o çinarın ətrafında elə bir burulğan yaratdı ki, o boyda ağac uzun-

uzun illər bundan əvvəlki o sütül gövdəcik kimi, əsim-əsim əsməyə başladı, lap az 

qalmışdı ki, torpaqdan qopsun və külək bircə an dayandı ki, yeni bir qıyla çinar 

ağacını göyə sovursun. 

Külək elə həmin bircə anlıq sükut içində qəfil bir civilti eşitdi. 



 

384


O çinar ağacından kənarda köhnə bir dəyirman var idi və külək, ancaq çinarın 

ətrafında burulğan yaratsa da, o burulğanın dalğası  dəyirmanın taxtapuşunu 

qoparmışdı. Dəyirmanın eyvanının dərinində, küncdə, tavanın altında isə bir 

qaranquş yuvası var idi və eləcə  zəif-zəif, yazıq-yazıq civildəyən də o yuvadakı 

qaranquş balası idi. Eyvanın o küncünü hələ külək tutmurdu, amma bayaqdan yer-

göy titrəyirdi və o köhnə  dəyirman da az qala o taxtapuş kimi, yerli-dibli qopub 

havaya uçacaqdı. 

Qaranquş balası yuvanın içində cıqqılı başını balaca və zəif bədəninə qısmışdı, 

birdən-birə aləmi bürümüş qasırğadan o qədər qorxmuşdu ki, təkcə öz ürəyinin 

döyüntüsünü eşidirdi, daha başqa heç nə görmürdü, heç nə eşitmirdi. Həmin o bircə 

anın içində ki, sükut çökdü, külək o saat o cıqqılı ürəyin döyüntüsünü eşitdi, sonra 

da o quşcuğazın yenicə dil açdığı qaranquş dilində nə civildədiyini eşitdi: 

– Mən qorxuram... 

Hə, külək bu civiltini eşitdi... 

Külək yenidən qıy vurmağa tamam hazır idi və bilirdi ki, o qıydan sonra o çinar 

ağacı köklü-dibli qopub göyə sovrulacaq, amma külək bu civiltini eşitdi və birdən-

birə tamam boşaldı, o qaranquş balasının ürəyinin eləcə  tıppıltısı içində daha qıy 

vura bilmədi... 

Külək qıy vursaydı, bilirdi, o çinar ağacı ilə birlikdə bu köhnə dəyirman da, bu 

köhnə  dəyirmanla birlikdə o qaranquş yuvası da, o qaranquş yuvasıyla birlikdə o 

qaranquş balası da göyə sovrulacaqdı... 

Balaca qaranquş balası başını qaldırıb yuvadan iki nöqtə kimi xırdaca və 

qapqara gözləriylə nigaran-nigaran ətrafa baxdı  və  ətrafın bu sakitliyi davam 

etdikcə, o cıqqılı ürəyin tıp-tıp tıppıltısı da azalırdı. 

Külək o cıqqılı ürəyin tıppıltısının eləcə azalmasını eşidirdi və heç cürə təzədən 

qıy vura bilmirdi... 

O çinar ağacı isə yavaş-yavaş özünə  gəlirdi və qolu-budağı  sınsa da, yenə 

əvvəlki kimi, yer üzünə yuxarıdan aşağı baxa-baxa deyirdi: 

– Gördünüz?! Külək mənə heç nə eləyə bilmədi!..  

 

 



 

 

 




Yüklə 2,94 Mb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin