Seçilmiş əsərləri



Yüklə 2,94 Mb.
Pdf görüntüsü
səhifə111/147
tarix30.12.2021
ölçüsü2,94 Mb.
#22211
1   ...   107   108   109   110   111   112   113   114   ...   147
 

 

 

GÜNAYIN, YALÇININ, NIGARIN VƏ YEKƏ  

CANAVARIN NAĞILI 

 

Çox şilə aşı yemişəm, amma belə yalan deməmişəm. 



Günlərin bir günündə Günay, Yalçın, Nigar həyətdə oynayırdı. Bu təzə həyət elə 

gözəl idi ki!... Hər tərəf ağac, gül, ot... Bir tərəfə baxanda da böyük bir dağ 

görünürdü, özü də yamyaşıl meşəli dağ... 



 

388


Nigar gavalı  ağacına dırmaşdı. Yalçın da Nigara baxıb başqa gavalı  ağacına 

dırmaşdı, Günay da Yalçına baxıb başqa gavalı ağacına dırmaşmaq istəyirdi, amma 

dırmaşa bilmirdi. Əlləri ilə ağacdan yapışıb bir ayağını yerdən qaldıranda – gurup! – 

dəyirdi yerə. 

Birdən Nigar qışqırdı: 

– Dədə gəldi! 

Yalçın da o saat qışqırdı: 

– Dədə gəldi! 

Günay da qışqırmaq istədi «– Dədə gəldi!». Amma təkcə elə bunu dedi: 

– Də-də-də-də!.. 

Nigar ağacdan atılıb Dədənin qabağına qaçdı. Yalçın da Nigarın dalınca qaçdı. 

Günay da Yalçının dalınca qaçmaq istəyəndə yenə də – gurup! – dəydi yerə. Ah, bu 

gözəl Günay nə vaxt yaxşı yeriyə biləcək, hə? 

Günay başını qaldırdı, üz-gözünü turşutdu, istədi ağlasın, amma Dədə tez onu 

yerdən qaldırdı, tez də soruşdu: 

– Günay, bura sənin xoşuna gəlir? 

Nigar tez dedi: 

– Mənim xoşuma gəlir! 

Yalçın da o saat dedi: 

– Mənim xoşuma gəlir! 

Günay da demək istədi ki, «– Mənim xoşuma gəlir!» Amma təkcə elə bunu 

dedi: 


– Mə-mə-mə-mə... 

Nigar güldü: 

– Günay, sən quzusan mələyirsən? 

Yalçın da o saat güldü: 

– Günay, sən quzusan mələyirsən? 

Günay da güldü, demək istədi ki, « – Günay, sən quzusan mələyirsən?». Amma 

təkcə bunu dedi: 

– Gü-gü-gü-gü... 

Günay «Gü-gü-gü-gü...» – dedi, hamı da güldü. 

Nigar, Yalçın, Günay Bakıdan buraya dünən yox, o biri gün yox, o biri gün 

gəlmişdi. Nə qədər isti olacaqdı, o qədər də burada qalacaqdılar. Bu gözəl həyətdə. 

Bütün yayı. 

Dədə dedi: 

– Sabah sizi meşəyə aparacağam... 

Oy, gör Nigar necə sevindi!.. Dedi: 

– Sabah meşəyə gedəcəyik? Ura-a-a!.. 

Əlbəttə, Yalçın o saat Nigar kimi sevindi!.. Dedi: 

– Sabah meşəyə gedəcəyik? Ura-a-a!.. 

Amma Günay təkcə bunu deyə bildi: 

– U-u-u!.. A-a-a!.. 

Yalçın dedi: 

– Dədə, mən meşədə... – Sonra Nigara baxdı. – Nigar, mən meşədə... – Sonra 

Günaya baxdı. – Günay mən meşədə... 

Nigar dedi: 

– De də, Yalçın, sən meşədə nə? 

Günay da bunu soruşmaq istədi. Amma təkcə: 




 

389


– Sə-ə-ə... Mə-ə-ə... – dedi.  

Ah, bu gözəl Günay nə vaxt danışmağı öyrənəcək? 

Yalçın dedi: 

– Mən meşədə bir dənə yekə canavar öldürəcəyəm! 

Dədə dedi: 

– Doğrudan? 

Yalçın dedi: 

– Hə, doğrudan! 

Nigar bilmədi nə desin... Bilmədi buna inansın, ya inanmasın? Nigar Günaya 

baxdı. Günay da Nigara baxdı. Yalçın isə qollarının ikisini də qaldırıb pəhləvanlar 

kimi bükdü, Dədəyə, Nigara, Günaya öz gücünü göstərdi: 

– Görürsünüz, mən necə güclüyəm? Sabah meşədə böyük canavar öldürəcəyəm! 

Dədə dedi: 

– Yaşasın qəhrəman Yalçın! 

Nigar da dedi: 

– Hə, hə, yaşasın qəhrəman Yalçın! 

Amma Günay təkcə elə bunu dedi: 

– Ya-ya-ya-ya... 

Gün keçdi, axşam oldu, sonra gecə də keçdi... Axı, nağılda vaxt tez keçir! Səhər 

Dədə, Nigar, qəhrəman Yalçın, bir də lap balaca Günay meşəyə gedəndə  Dədə 

soruşdu: 

– Yalçın, bu gün yekə canavar öldürəcəksən? 

Nigar da tez Yalçına baxdı, Günay da gördü ki, Nigar Yalçına baxır, tez o da 

Yalçına baxdı. 

Yalçın dedi: 

– Hə, meşədə yekə canavar öldürəcəyəm! 

Onlar gəlib meşəyə çatdılar. Meşədə böyük-böyük ağaclar var idi, tikanlı-tikanlı 

kollar var idi. Meşədən cürbəcür səslər gəlirdi: 

– Qa-qa-qa-qa... 

– Ci-ci-ci-ci... 

– Hop-hop-hop-hop... 

Nigar dedi: 

– Yalçın, sən yekə canavarı harada öldürəcəksən? 

Yalçın meşədəki böyük-böyük ağaclara, tikanlı-tikanlı kollara baxdı, cürbəcür 

səslərə qulaq asdı, amma... Bay, bu necə  işdi belə? Yalçın kimi qəhrəman heç bir 

söz demədi, Nigarın sualına cavab vermədi... 

Nigar yenə soruşdu: 

– Yalçın, sən yekə canavarı harada öldürəcəksən? 

Meşədən isə eləcə cürbəcür səslər gəlirdi: 

– Ho-o-o... 

– Mö-ö-ö... 

– Va-a-a... 

Yalçın meşədən gələn bu səslərə qulaq asdı, meşənin dərinliyinə baxdı, axırda 

dedi: 


– Dədə, bilirsən nədi?.. – Sonra Nigara baxdı. – Nigar, bilirsən nədi?... – Sonra 

Günaya baxdı. – Günay, bilirsən nədi?.. 

Nigar dedi: 

– Nədi, Yalçın, de də... 




 

390


Yalçın dedi: 

– Mən yekə canavarı yuxuda öldürəcəyəm! 

Dədə güldü: 

– Yaxşı, qəhrəman Yalçın!.. 

Nigar heç bilmədi qəhrəman Yalçının bu sözünə nə desin... 

Heç kim də bilmədi ki, Günay nə deyir: 

– Du-du-du-du... 

Dədə, Nigar, Yalçın, bapbalaca Günay meşədə gəzdilər, ağaclara baxdılar, dələ 

gördülər, çiçək yığdılar, sonra qayıtdılar evə. Sonra yenə axşam düşdü, yenə gecə 

gəldi, yenə səhər açıldı və səhər yuxudan duranda Yalçın bərkdən dedi: 

– Nigar, Günay, mən yuxuda yekə bir canavar öldürdüm! Bilirsiz nə boydaydı? 

– Yalçın qollarını iri açıb göstərdi. – Bax, bu boyda! Mən onu götürüb yerə vurdum, 

öldürdüm! Bax, belə-belə!.. – Yalçın yumruqları ilə havanı döyəcləyə-döyəcləyə 

göstərdi ki, yuxuda yekə canavarı necə öldürüb! 

Nigar qəhrəman Yalçına baxdı, bilmədi bu xəbərə inansın, ya inanmasın... 

Günay da Nigara baxıb dedi: 

– Mə-mə-mə-mə... 

Günay demək istəyirdi ki, Nigar, Yalçın, mən də yuxuda yekə canavar 

öldürmüşəm! Lap yekə! Bax, bu boyda!  

 

 




Yüklə 2,94 Mb.

Dostları ilə paylaş:
1   ...   107   108   109   110   111   112   113   114   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin