Seçilmiş əsərləri



Yüklə 2,94 Mb.
Pdf görüntüsü
səhifə112/147
tarix30.12.2021
ölçüsü2,94 Mb.
#22211
1   ...   108   109   110   111   112   113   114   115   ...   147
 

 

 

 

 

HUMAYIN YUXUSU 

 

Humay elə yaxşı, elə yaxşı qızdı, özü də deyir ki, Humay yaxşı qızdı. 



Günlərin bir gözəl günündə günəş yavaş-yavaş batdı, axşam düşdü, bütün 

uşaqlar yatdı, Humayın böyük bacısı Günay da yatdı. 

Günay elə böyükdü, elə böyükdü, elə böyükdü, düz altı yaşının içindədi. 

Humay elə balacadı, elə balacadı, elə balacadı, üç yaşı təzə tamam olub. 

Amma Humayın böyük bacısı böyük Günay yatdı, Humay isə – bax a!.. – 

yatmaq istəmirdi!.. 

Humay yerində uzanmışdı, amma istəmirdi yatsın, istəmirdi, istəmirdi, 

istəmirdi, amma gözləri yumulurdu, amma özü yatmaq istəmirdi. Humay istəyirdi 

ki, yaxşı-yaxşı, yaxşı-yaxşı, yaxşı-yaxşı dostları gəlsin yanına, bir yerdə oynasınlar. 

Hə, hə, hə!.. Humay elə yatmaq istəmirdi, elə yatmaq istəmirdi, elə yatmaq 

istəmirdi, amma gözləri yumuldu, açıldı, yumuldu, açıldı, yumuldu... Bay!... Elə 

yumulu da qaldı ki!.. 

... Humayın bir dənə qırmızı topu var idi. Elə qırmızıydı, elə qırmızıydı ki, lap 

qıpqırmızı. 

Humayın topu evdən çıxdı, hoppana-hoppana, hoppana-hoppana pilləkənləri 

aşağı düşdü, küçəyə  çıxdı, hoppana-hoppana,  hoppana-hoppana getməyə başladı. 

Birdən Cıqqılı siçan Humayın topunun qabağına çıxdı. Cıqqılı siçan soruşdu: 

– Ay Humayın topu, hara gedirsən belə? 

Humayın topu dedi: 



 

391


– Gedirəm, Humayın dostlarını yığam aparam Humayın yanına. Humay onlarla 

oynasın, yatmasın. 

Cıqqılı siçan dedi: 

– Humay yaxşı  qızdı, Humay məni Bığlı pişiklə barışdırıb. Məni də apar 

Humayın yanına, ay Humayın topu! 

– Gedək! 

Humayın topu düşdü qabağa, Cıqqılı siçan da Humayın topunun dalınca, 

getdilər. Getdilər, getdilər, getdilər, getdilər,  getdilər, birdən qabaqlarına Bığlı pişik 

çıxdı. Bığlı pişik soruşdu: 

Hara gedirsən, ay Humayın topu? 

Humayın topu dedi: 

– Gedirəm Humayın dostlarını yığam aparam Humayın yanına. Humay onlarla 

oynasın, yatmasın. 

Bığlı pişik dedi: 

– Humay yaxşı qızdı. Bir dənə parçadan düzəlmiş pişik var Humayda. Humay 

söz verib ki, bir də heç vaxt parça pişiyin bığlarını dartmayacaq. Axı, o parça pişik 

mənəm!.. Məni də apar Humayın yanına, ay Humayın topu! 

– Gedək! 

Humayın topu düşdü qabağa, Cıqqılı siçan Humayın topunun dalınca, Bığlı 

pişik də  Cıqqılı siçanın dalınca, getdilər. Getdilər, getdilər, getdilər, getdilər, 

getdilər, birdən qabaqlarına bir Uzunboy zürafə çıxdı. Uzunboy zürafə soruşdu: 

– Hara gedirsən, ay Humayın topu? 

Humayın topu dedi: 

– Gedirəm Humayın dostlarını yığam aparam Humayın yanına. Humay onlarla 

oynasın, yatmasın. 

Uzunboy zürafə dedi: 

– Humay yaxşı qızdı. Mənim bir dənə qəşəng şəklim var Humayda. Humay söz 

verib ki, bir də heç vaxt o şəkli cırmayacaq, o şəkli  əzməyəcək. Məni də apar 

Humayın yanına, ay Humayın topu!... 

– Gedək! 

Humayın topu düşdü qabağa, Cıqqılı siçan Humayın topunun dalınca, Bığlı 

pişik Cıqqılı siçanın dalınca, Uzunboy zürafə  Bığlı pişiyin dalınca, getdilər. 

Getdilər, getdilər, getdilər, getdilər, getdilər, birdən qabaqlarına Yaşıl karandaş 

çıxdı. Yaşıl karandaş soruşdu: 

– Hara gedirsən, ay Humayın topu? 

Humayın topu dedi: 

– Gedirəm Humayın dostlarını yığam aparam Humayın yanına. Humay onlarla 

oynasın, yatmasın. 

Yaşıl karandaş dedi: 

– Humay yaxşı  qızdı. Humay söz verib ki, bir də heç vaxt məni ağzına salıb 

dişləməyəcək, Humay mənimlə elə qəşəng, elə qəşəng yarpaq şəkilləri çəkəcək ki!.. 

Məni də apar Humayın yanına, ay Humayın topu!.. 

– Gedək! 

Humayın topu düşdü qabağa, Cıqqılı siçan Humayın topunun dalınca, Uzunboy 

zürafə  Bığlı pişiyin dalınca, Yaşıl karandaş Uzunboy zürafənin dalınca, getdilər. 

Getdilər, getdilər, getdilər, getdilər, getdilər, birdən küçənin ortasında dayanmış 

milisioner əmi fit çaldı, sonra əlini qulağının üstünə aparıb dedi: 



 

392


– Vətəndaş Humayın topu, beləcə  cərgəyə düzülüb hara gedirsiniz? Siz qatar 

kimi keçirsiz, maşınlar isə yolda dayanıb ləngiyir.  

Humayın topu dedi: 

– Milisioner əmi, biz Humayın dostlarıyıq. Gedirik onun yanına, onunla 

oynamağa. 

Milisioner əmi dedi: 

– A-a-a!.. Belə de!.. Humay yaxşı  qızdı, çünki söz verib ki, bir də heç vaxt 

ağlamayacaq, bundan sonra həmişə anasının sözünə baxacaq, yeməyini yeyəcək, 

böyük bacısı Günayla da bundan sonra heç vaxt dalaşmayacaq. Məni də apar 

Humayın yanına, ay Humayın topu!.. 

– Gedək!.. 

Humayın topu düşdü qabağa, Cıqqılı siçan qırmızı topunun dalınca, Bığlı pişik 

Cıqqılı siçanın dalınca, Uzunboy zürafə  Bığlı pişiyin dalınca, Yaşıl karandaş 

Uzunboy zürafənin dalınca, Milisioner əmi də Yaşıl karandaşın dalınca getdilər. Bu 

dəfə üz tutdular geriyə, Humaygilin evinə tərəf. Getdilər, getdilər, getdilər, getdilər, 

getdilər, Humayın çox xoşladığı  fəvvarələrin qabağından keçdilər, Humayın çox 

yelləndiyi yelləncəklərin yanından ötdülər, Humayın çox qaçıb oynadığı bağçanı da 

arxada qoydular, axırda gəlib çıxdılar Humaygilə. 

Bir tərəfdən Humayın dostları  gəlib çıxdı Humaygilə, o biri tərəfdən də gün 

çıxdı.  


Gün çıxdı, səhər açıldı. 

Hamı yuxudan oyandı. 

Hamı yuxudan oyandı, Humay da yuxudan oyandı. 

Hə, Humay yuxudan oyandı, ora baxdı, bura baxdı, Cıqqılı siçanı, Bığlı pişiyi, 

Uzunboy zürafəni, Yaşıl karandaşı, Milisioner əmini görmədi, təkcə qırmızı topunu 

gördü. 


Humay tez yerindən qalxıb qırmızı topun yanına qaçdı. Humay soruşdu: 

– Ay top, bəs hanı Cıqqılı siçan, onun dalınca Bığlı pişik, onun dalınca Uzunboy 

zürafə, onun dalınca Yaşıl karandaş, onun dalınca Milisioner əmi! Bəs hanı? 

Humayın topu cavab vermədi. 

Axı, topun dili yoxdu danışsın... 

Humay başa düşdü ki, top, ancaq yuxuda danışa bilər, Cıqqılı siçan da, Bığlı 

pişik də, Uzunboy zürafə  də, Yaşıl karandaş da ancaq yuxuda danışa bilər. Bircə 

Milisioner əmi qaldı... 

Humay, tez pəncərənin qabağına qaçıb küçəyə baxdı. 

Milisioner  əmi küçənin ortasında dayanıb maşınlara yol göstərirdi. Birdən 

Milisioner əmi pəncərədən baxan Humayı gördü, gülümsədi, əlini qulağının üstünə 

apardı, Humayı salamladı. 

Həmin gün Humay üçün, bax, beləcə başladı...  

 


Yüklə 2,94 Mb.

Dostları ilə paylaş:
1   ...   108   109   110   111   112   113   114   115   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin