1. Xəbər feli frazeoloji vahidlərlə ifadə olunur.
Məsələn, Öz fikrimdən özümü vahimə basdı. (İ. Hüseynov)
Qorxularından dilləri belə söz tutmurdu. (C.Bərgüşad) Zəhləm
onun sir-sifətindən gedir. (Y.Səmədoğlu)
2. Xəbər olmaq köməkçi felinin məsdərlərə, bəzi
isimlərə, ismi birləşmələrə artırılması yolu ilə ifadə olunur.
Məsələn, Amma bu hadisədən qaçmaq olmadı (İ. Şıxlı)
3. Xəbəri şəxssiz növ fellərlə ifadə olunur. Məsələn,
Kəndə gedildi. Məktublara baxıldı.
4. Şəxssiz cümlələrin xəbəri felin məlum növü ilə
də ifadə oluna bilir. Məsələn, Günortaya az qalırdı.
(S. Rəhman) Gönortadan yarım
saat
keçirdi.
(C.Məmmədquluzadə)
Şəxssiz cümlələr ikinci dərəcəli üzvlərin iştirakına
görə müxtəsər və geniş olur. Müxtəsər şəxssiz cümlələrdə
ikinci dərəcəli üzvlər iştirak etmir və cümlə yalnız
xəbərdən ibarət olur. Məsələn, Onun gözləri dolmuşdu.
(M.Hüseyn) Onun lap damarına düşmüşdü. (F.Kərimzadə)
Artıq özünə gəlmişdi. (F.Kərimzadə)
Geniş şəxssiz cümlələrdə ikinci dərəcəli üzvlər
iştirak edir. Məsələn, İsti avqust günlərindən biri idi.
(G.Hüseynoğlu) Qaranlıq sentyabr gecəsində göz-gözü
seçmirdi. (M.Hüseyn)
Adlıq cümlələr. “Əşyanın, hadisənin mövcud
olduğunu, varlığını intonasiyanın köməyi ilə təsdiq edən
sadə təktərkibli cümlələrə adlıq cümlə deyilir”. (4, səh.195)
Adlıq cümlələrdə əşya və hadisənin adı çəkilir,
lakin onun haqqında əlavə məlumat verilmir. Belə
cümlələrin xəbəri olmur və onun təsəvvür və bərpa edilməsi də
mümkün olmur. Cümlə baş üzvlərdən yalnız mübtədadan
Müasir Azərbaycan dili
235
ibarət olur, ona görə də adlıq cümlələrin mübtəda əsasında
formalaşdığı göstərilir. Məsələn, Buraxılış gecəsi... Güllər,
şirniyyat, meyvə... (Ə.Hacızadə) 1876-cı ilin baharı.
(Y.V.Çəmənzəminli)
Adlıq cümlələrdə baş üzv – mübtəda ümumi və
xüsusi isimlərlə və ismi birləşmələrlə ifadə olunur.
Məsələn, Yay günü. Yol üstü. Ağac kölgəsi. (S.Vurğun) Telizər,
Rəhim və ...Soltanbikə ana. (Ə.Cəfərzadə)
Adlıq cümlələr də müxtəsər və geniş olur. Müxtəsər
adlıq cümlələrdə yalnız baş üzv - mübtəda iştirak edir.
Məsələn, Bazar.(S.Rəhman) Oxumaq. (F.Kərimzadə)
Geniş adlıq cümlələrdə müxtəlif nitq hissələri ilə
ifadə olunmuş təyinlər işlənir. Məsələn, Qara gecə!
(C.Bərgüşad) Xırda-xırda bölünmüş arpa çörəyi. (S.Rəhman)
Geniş adlıq cümlələrdə determinant yer zərflikləri
də işlənir. Məsələn, Səhnənin ucunda donuz yatırılmağa
məxsus bir dam. (H.Cavid) Üç ayda 12 əmək günü.
(M.İbrahimov)
Adlıq cümlələrdə cümlənin ən zəruri üzvü olan xəbər
işlənmədiyindən bu cümlələr ünsiyyət prosesində, demək olar
ki, işlənmir. Bu cümlələrdən daha çox bədii əsərlərdə yazıçı
təhkiyəsində, dram əsərlərinin remarkalarında istifadə olunur.
Söz-cümlə üzvlənməyən sadə cümlələrin
növlərindən biri kimi. Müasir Azərbaycan dilində elə
cümlələr vardır ki, onlar cümlə üzvlərinə ayrılmır. Bu cür
cümlələr bitmiş fikir ifadə etsə də, üzvlənmir. Belə
cümlələr üzvlənməyən cümlələr adlanır. Üzvlənməyən
cümlələrin iki növü vardır: 1. Söz-cümlələr. 2. Vokativ
cümlələr.
Bir sözdən (və ya sözlərin sabit birləşməsindən)
ibarət olub, sintaktik cəhətdən üzvlənməyən cümlələrə
söz-cümlə deyilir. Məsələn, Qartal ovçudan qorxmurdu?
– Yox. (Y.Səmədoğlu) Dünyada xoşbəxt adamlar var.
– Şübhəsiz. (C.Əlibəyov)
Gülarə Abdullayeva
236
Söz-cümlə termini iki komponentdən - söz və cümlə
komponentindən ibarətdir. Bu o deməkdir ki, belə
cümlələr bir sözdən ibarət olur, lakin bir cümlənin ifadə
etdiyi mənaya bərabər məna ifadə edir.
Söz-cümlələr ən çox dialoqda, müsahibədə işlənir,
bundan əlavə, monoloqda da onlara yer verilir.
Söz-cümlələrin mühüm xüsusiyyəti bu cür cümlələri
təşkil edən sözlərin ədatlar, modal sözlər və nidalardan
ibarət olmasıdır. Dialoji nitqdə söz cümlələr əvvəlki replikada
söylənmiş fikrə münasibət - cavabdan, monoloji nitqdə isə
danışanın özünün fikrini təsdiq və ya inkardan ibarət olur.
Ədatlar, modal sözlər, nidalar həmişə söz-cümlə
yaratmır. Onlar dialoqlarda müstəqil cavab cümləsi kimi
işləndikdə söz - cümlə kimi çıxış edir. Məsələn, Siz Fatma
xalanı da tanıyırsınız? –Hə, Xəzangülün xalası idi.
(Ə. Haqverdiyev)
Bu sözlər üzvlənən cümlədə işlənib onunla eyni
mənalı olduqda söz-cümlə sayılmır. Məsələn, Məni də
tanıyırlar? – Bəli, səni də tanıyırlar. (F.Kərimzadə) Stol, filan
hazır olubdurmu?–Bəli, bəy, çoxdan hazırdır. (Ə.Haqverdiyev)
Bu cür hallarda modal sözlər ara söz funksiyası
daşıyır. Ədatlar, nidalar isə ( üzvlənən cümlə daxilində)
fikrin təsdiqinə, inkarına, sual, şübhə mənalarının - modal
münasibətin güclənməsinə kömək edir.
Söz-cümlələr bəzən xitablarla birgə işlənir. Məsələn ,
İndi tək ana-bala yaşayırsınız? – Bəli, müəllim.(Ə.Hacızadə)
Söz–cümlələr yarımçıq cümlələrlə bir sıra oxşar
xüsusiyyətlərə malikdir. Bu oxşarlıq, hər şeydən əvvəl,
yarımçıq cümlələrin də bəzən bir sözdən ibarət olmasındadır.
Digər tərəfdən, onların hər ikisi eyni məqamda, yəni
dialoqlarda işlənərək özündən əvvəlki fikirlə bağlı olur. Lakin
bu oxşarlıqlara baxmayaraq, onları eyniləşdirmək olmaz.
Yarımçıq cümlələr bəzən bir sözdən ibarət olsa da, onların
buraxılmış üzvlərini mətnə əsasən bərpa etmək olur. Digər
Müasir Azərbaycan dili
237
tərəfdən yarımçıq cümlələrin ibarət olduğu sözün və ya
birləşmənin hansı cümlə üzvü olduğunu asanlıqla
müəyyənləşdirmək olur. Söz-cümlələrdə isə bu, mümkün deyil.
Yarımçıq cümlələr. Fikrin ifadəsi üçün lazım olan
üzvlərindən biri və ya bir neçəsi buraxılan, lakin asanlıqla
bərpa edilə bilən cümlələrə yarımçıq cümlələr deyilir.
Əslində bütöv və yarımçıq cümlələr sadə cümlənin xüsusi bir
növü olmayıb, cüttərkibli və ya təktərkibli cümlədə hər hansı
bir üzvün buraxılıb-buraxılmaması nəticəsində yaranır.
Yarımçıq cümlənin iki növü vardır: mətni yarımçıq
cümlələr, situativ yarımçıq cümlələr.
Mətni ( kontekstual) yarımçıq cümlələrdə bu və ya
digər üzvlər buraxılır, lakin mətn əsasında buraxılmış
üzvləri bərpa və təsəvvür etmək olur. Məsələn, Harada
görüblər məni? – Yuxuda. (F.Kərimzadə) Bu qədər adamın
hamısı Sultanəlini tanıyır? –Tanıyır, oğlum, tanıyır.
(F.Kərimzadə)
Situativ yarımçıq cümlələrdə buraxılmış üzv
şəraitlə, situasiya ilə, mimika və jestlərlə müəyyənləşir.
Məsələn, Başlayaq. – cümləsinin buraxılmış üzvlərini bərpa
etmək üçün mətnə ehtiyac yoxdur . Belə cümlələrin digər
üzvləri şərait və situasiya ilə müəyyənləşir.
Yarımçıq cümlə iki istiqamətdə öyrənilə bilər:
1.Yarımçıq cümlə nədən (hansı üzvlərdən) ibarətdir?
2.Yarımçıq cümlələrdə nə (hansı üzvlər) buraxılmış-
dır?
İkinci istiqamət dilçilikdə daha məqbul qiymətlən-
dirilir.
Bu cəhətdən yarımçıq cümlələri aşağıdakı üç qrupa
ayırmaq olar:
1. Baş üzvləri (biri və ya hər ikisi) buraxılmış
yarımçıq cümlələr.
2.İkinci dərəcəli üzvləri (biri və ya bir neçəsi)
buraxılmış yarımçıq cümlələr.
Gülarə Abdullayeva
238
3. Baş və ikinci dərəcəli üzvləri (biri və ya bir neçəsi)
buraxılmış yarımçıq cümlələr.
Baş üzvləri buraxılmış yarımçıq cümlələrin özünü də
mübtədası buraxılmış, xəbəri buraxılmış, hər iki baş üzvü
buraxılmış yarımçıq cümlələr olmaqla qruplaşdırmaq olar.
Mübtəda aşağıdakı hallarda buraxılır:
- Mübtəda mətnin əvvəlki cümlələrindən birində
işləndikdə sonrakı cümlədə təkrara yol verməmək məqsədi ilə
buraxılır: Zərnigar xanım bunların heç birini görmürdü. Tez-
tez kələğayısının ucu ilə gözünün yaşını silir, “mən bu dərdə
necə dözüm? – deyə inildəyirdi. (İ.Şıxlı)
- Mətnin əvvəlki cümləsindəki tamamlığa əsəsən
mübtədanı bərpa etmək olur: Bu fikirlər Zərnigar xanımı
dəhşətə gətirdi. Suyun soyuq havasını üzündə hiss edib, geri
çəkildi. (İ.Şıxlı)
- Dialoqlarda da mübtədanın buraxılması hallarına çox
rast gəlmək olur. Məsələn, Q hardadır? - Yaxşı yerdədir.
(F.Kərimzadə)
Xəbərin buraxılması halları da dildə mühüm yer
tutur. Məsələn, Neçə at götürürsən, hacı? - Üç at, ağrın alım.
(M.F.Axundzadə)
Xəbərin buraxılması iki şəkildə özünü göstərir :
mətni buraxılma, elliptik buraxılma.
Mətni buraxılmada xəbərin ixtisarı mətnin əvvəlki
cümlələrində işlənmiş xəbərə əsasən təyin edilir. Məsələn,
Kim gəlməyib? - Arif. Hara gedirsən? – Şəhərə.
Xəbəri buraxılmış yarımçıq cümlələrin bir növü də
elliptik cümlələrdir. ( Ellipsis latınca buxaxılma deməkdir).
Elliptik yarımçıq cümlələrdə buraxılmış xəbəri bərpa etmək
üçün mətnə ehtiyac olmur, cümlənin öz üzvlərinə, öz
məzmununa görə müəyyənləşdirmək olur. Məsələn, Dəlidən
doğru xəbər! (eşit). Səngərə! (girin). Beşilliyi dörd ildə!
(yerinə yetirin).
Müasir Azərbaycan dili
239
Cümlənin ikinci dərəcəli üzvləri də “verilən”i ifadə
etdikdə buraxılır. Tamamlıq “məlum olan”ı bildirdikdə
şifahi və yazılı nitqdə ixtisar edilir. Məsələn, Güləsər
səhəngi suya basıb doldurdu. Kənara çəkib tıxacladı. (İ.Şıxlı)
Təyin aktuallaşmadıqda buraxıla bilir. Məsələn, Bu
kitabı oxudunmu? – Nəyi? – Kitabı.
Dilimizdə zərfliyin müxtəlif məna növlərinin də
buraxılmasına rast gəlinir: Atası indicə evə gələcəkdi. Çərgəz
də dönəcəkdi. (İ.Şıxlı)- cümləsində əvvəlki cümlədəki zaman və
yer zərfliyi məlum olduğu üçün sonrakı cümlədə buraxılmışdır.
ƏDƏBİYYAT:
1. Abdullayev Ə.Z., Seyidov Y.M., Həsənov A.Q. Müasir
Azərbaycan dili. IV hissə. Sintaksis. Bakı, 1985.
2. Abdullayev Ə. Z. Azərbaycan dili məsələləri. Bakı,
1992.
3. Abdullazadə N. Xalıqov F. Azərbaycan dili. II hissə.
Bakı, 2006.
4. Kazımov Q.Ş. Müasir Azərbaycan dili. Sintaksis.
“Təhsil” nəşriyyatı, Bakı, 2007.
5. Müasir Azərbaycan dili. III cild. Sintaksis. EA nəşri,
Bakı, 1981.
6. Müasir Azərbaycan dili proqramı. AMİ, Bakı, 2009.
7. Seyidov Y.M. Azərbaycan ədəbi dilində söz
birləşmələri. Bakı, 1992.
Gülarə Abdullayeva
240
Mövzu № 6 Mürəkkəb cümlələr
Tabesiz mürəkkəb cümlələr
Mövzunun planı:
1.Mürəkkəb cümlə haqqında ümumi məlumat
2. Mürəkkəb cümlənin növləri. Tabesiz mürəkkəb
cümlələr
3. Tabesiz mürəkkəb cümlənin komponentlərini
əlaqələndirən vasitələr.
4. Tabesiz mürəkkəb cümlələrdə məna əlaqəsi
Mürəkkəb cümlə haqqında
ümumi məlumat
İki və daha artıq komponenti (predikativ mərkəzi)
olan, vahid cümlə intonasiyası ilə tələffüz edilən, hər
hansı bütöv bir fikrin ifadəsinə xidmət edən sintaktik
konstruksiyaya mürəkkəb cümlə deyilir.
Başqa sözlə desək, mürəkkəb cümlə iki və daha
artıq cümlənin məna və qrammatik cəhətdən birləşməsi
nəticəsində əmələ gələn sintaktik vahiddir.
“Mürəkkəb cümlə nitq mədəniyyətinin nisbətən
sonralar yaranmış daha yüksək ifadə vasitəsidir. Əvvəlcə
sadə cümlələr bərabər hüquq əsasında birləşərək tabesiz
mürəkkəb cümlələri əmələ gətirmiş, tədricən hadisələr
arasında müxtəlif əlaqə və münasibətlər dərk olunduqca, dildə
öz əksini tapmağa başlamış, tabeli mürəkkəb cümlələr də
yaranmışdır”. (4, səh.278)
Müasir Azərbaycan dili
241
Sadə cümlə sözlərdən və söz birləşmələrindən təşkil
olunursa, mürəkkəb cümlə sadə cümlələrdən və onların
müxtəlif şəkildə birləşmələrindən əmələ gəlir. Cümlə
intonasiyasına malik olan sadə cümlə mürəkkəb cümlənin
tikinti materiallarına çevrilərkən özünün bitmə
intonasiyasını itirir, mürəkkəb cümlənin ümumi
intonasiyasına tabe olur. Məsələn, Yağış yağdı, hava
sərinlədi.
Sadə cümlə ilə mürəkkəb cümlə arasındakı fərq, hər
şeydən əvvəl quruluş fərqidir. Eyni mənanı həm sadə, həm
də mürəkkəb cümlə ilə ifadə etmək olur. Məsələn, İstəyirdim
ki, şəhərə gedim. - cümləsi mürəkkəb , Şəhərə getmək
istəyirdim cümləsi isə sadədir. Belə cümlələr eyni mənaya
malik olduğundan, sintaktik sinonimlər adlanır.
Mürəkkəb cümləni təşkil edən komponentlər bir-
birilə müxtəlif vasitələrlə əlaqələnir.
Sadə cümlə kimi, mürəkkəb cümlə də məna və
intonasiya cəhətdən bitkin olur. Lakin sadə cümlədən fərqli
olaraq, mürəkkəb cümlələr daha mürəkkəb quruluşa malik
olur. Mürəkkəb cümlələr, sadə cümlələrdən fərqli olaraq, iki
və daha artıq predikativ mərkəzə malik olur.
Mürəkkəb cümlənin komponentləri ilə sadə
cümlənin oxşar və fərqli cəhətləri. Mürəkkəb cümlənin
tərkib hissələri, yəni komponentləri şərti olaraq “cümlə”
adlandırılır. Çünki mürəkkəb cümlənin hər bir komponenti
öz xüsusiyyətlərinə görə sadə cümləyə bənzəyir. Bu
komponentlər də sadə cümlələrdə olduğu kimi, baş və ikinci
dərəcəli üzvlərdən ibarət olur, müxtəsər və geniş, cüttərkibli
və ya təktərkibli cümlə quruluşunda olur. Bu cümlələrdə də
sözlər eyni qrammatik əlaqələrlə əlaqələnir və üzvlərin sırası
eyni olur, predikativlik özünü qoruyub saxlayır. Lakin
mürəkkəb cümlənin ayrı-ayrı tərkib hissələrini həqiqi
mənada “cümlə” adlandırmaq olmaz. Çünki səslər birləşib
sözü, sözlər birləşib mürəkkəb sözü əmələ gətirdiyi kimi,
Gülarə Abdullayeva
242
cümlələr də birləşib mürəkkəb cümləni yaradır və bu zaman
mürəkkəb cümlənin komponentinə çevrilərək öz müstəqilliyini
itirir, tərkib hissələr ayrı-ayrılıqda məna bütövlüyünə və
vahid bitkinlik intonasiyasına malik olmur. Cümlələr
müxtəlif üsullarla məna və qrammatik cəhətdən vahid
intonasiya əsasında birləşərək daha böyük sintaktik
vahidləri - mürəkkəb cümlələri əmələ gətirir. Biz mürəkkəb
cümlənin tərkib hissələrini ona görə “sadə cümlə” adlandırırıq
ki, sadə cümlələrin bütün xüsusiyyətlərini yaxşı bilirik və bu
əsasda mürəkkəb cümlələri hərtərəfli araşdırmaq mümkündür.
Mürəkkəb cümlənin növləri.
Tabesiz mürəkkəb cümlələr
Tərkib hissələr arasında sintaktik əlaqənin
xarakterinə və ümumi qrammatik mənasına görə mürəkkəb
cümlələr iki növə - tabesiz və tabeli mürəkkəb cümlələrə
ayrılır.
İki və daha artıq cümlənin məna və qrammatik
cəhətdən tabesizlik yolu ilə bərabər hüquq əsasında birləşməsi
nəticəsində yaranan və vahid cümlə intonasiyası ilə
tələffüz olunan mürəkkəb cümlələrə tabesiz mürəkkəb
cümlələr deyilir.
Tabesiz mürəkkəb cümlələr iki cümlədən təşkil
oluna bildiyi kimi, ikidən artıq cümlədən də ibarət ola bilir.
Bundan başqa, tabesiz mürəkkəb cümlənin tərəfləri tabesiz,
tabeli mürəkkəb cümlə quruluşunda da ola bilər. Məsələn,
Yaşıl meşə oyanır, quşların civiltisi ormanı doldurur, kəsmə
cığırla gedən Kosanın zümzüməsi güclənirdi. (S.Rəhimov)
Onun gözləri qara halqa içərisində köz kimi işıldayırdı, onda
həm ciddilik vardı, həm də istehza. (O.Salamzadə) Həmid
qardaşlarını o yan-bu yana döndərib baxdı, gödək palto elə
Müasir Azərbaycan dili
243
tikilmişdi ki, ikisinin də əynində qutu kimi dururdu.
(H.Abbaszadə)
Tabesiz mürəkkəb cümlənin komponentləri arasında
birləşdirmə, aydınlaşdırma, qarşılaşdırma, səbəb-nəticə,
bölüşdürmə, qoşulma kimi məna əlaqələri mövcuddur.
Məsələn, O gündən uşağı görən olmadı, qarı qundağı da
götürüb arana apardı. (M.Süleymanlı) Bu xəbər gedib məhəllə
arvadlarına da çatdı və Xədicə arvadın evinə toplanmış
arvadlar təzədən kövrəlib ağlamağa başladılar. (Elçin) Gah o
mənə qulaq asdı, gah da mən onu dinlədim. (O.Salamzadə)
Bəzən tabesiz mürəkkəb cümlələrin komponentlərinin
müstəqil, bir-birindən asılı olmadığını, tabeli mürəkkəb
cümlənin tərkib hissələrinin isə birinin digərindən asılı
olduğunu qeyd edirlər. Lakin, əslində, hər iki mürəkkəb cümlə
növünün, o cümlədən tabesiz mürəkkəb cümlənin tərəfləri
arasında asılılıq var. Tabesiz mürəkkəb cümlələrdə bu asılılıq
qarşılıqlı şəkildədir. Birinci tərəf ikincidən nə qədər asılıdırsa,
ikinci də birincidən o qədər asılıdır. Əgər tərkib hissələri
arasında asılılıq olmasaydı, onda mürəkkəb cümlə də
formalaşmaz, tərkib hissələr müstəqil – sadə cümlə kimi
işlənərdi.
Mürəkkəb cümləni tabesiz və tabeli mürəkkəb
cümlələr kimi ayırmağa əsas verən onları təşkil edən
komponentlərin bir-birinə qarşılıqlı münasibətlərindəki
fərqlərdir. Bu fərqlər aşağıdakılardan ibarətdir:
1. Bu fərq, hər şeydən əvvəl, mürəkkəb cümləni əmələ
gətirən komponentlərin bir-birindən asılılıq dərəcəsi ilə
bağlıdır.Tabesiz mürəkkəb cümlələr eyni, bərabərhüquqlu
asılılıq əsasında formalaşır. Tabeli mürəkkəb cümlədə isə
birləşən tərəflərin əlaqəsində fərq nəzərə çarpır. Belə ki,
komponentlərdən biri (baş cümlə) üstün mövqedə durur,
digəri (budaq cümlə) ona tabe vəziyyətdə olur.
2. Tabesiz mürəkkəb cümlənin komponentləri fikrin
formalaşması və ifadə edilməsində dolayı yolla deyil,
Gülarə Abdullayeva
244
birbaşa iştirak edir. Tabeli mürəkkəb cümlənin tərkib
hissələrindən isə baş cümlə birbaşa, budaq cümlə dolayısı
ilə, yəni baş cümlə vasitəsilə, baş cümləni izah etmək,
tamamlamaq yolu ilə iştirak edir. Tabesiz və tabeli
mürəkkəb cümlənin komponentlərini əlaqələndirən vasitələrdə
də fərq vardır. Bunlar aşağıdakılardan ibarətdir:
Tabesiz mürəkkəb cümlənin komponentləri
intonasiya, tabesizlik bağlayıcıları ilə bağlanır. Tabeli
mürəkkəb cümlələrdə isə budaq cümləni baş cümləyə bağlayan
vasitələr daha rəngarəngdir. Belə ki, intonasiya, tabelilik
bağlayıcıları, bağlayıcı söz və şəkilçilər bu məqsədə xidmət
edir.
İntonasiya hər iki mürəkkəb cümlədə bağlayıcı vasitə
kimi qeyd olunsa da, onun özünün də fərqli olduğu göstərilir.
Müasir Azərbaycan dilində işlənən mürəkkəb
cümlələri quruluşuna görə üç növə ayırmaq olar:
1. Komponentləri sadə quruluşlu olanlar.
2. Komponentlərindən biri sadə, digəri mürəkkəb
quruluşlu olanlar.
3. Hər iki komponenti mürəkkəb quruluşlu olanlar.
Komponentləri sadə quruluşlu olan mürəkkəb cümlələr
demək olar ki, iki tərkib hissədən ibarət olur və tərkib
hissələri də sadə quruluşa malik olur. Belə cümlələr
mürəkkəb cümlələrin ədəbi dilimizdə ən çox işlənən
növüdür. Məsələn, Dövlətin yoxdur, amma qoçaqlığın var.
(M.F.Axundzadə) O gərək əvvəlcə səni susduraydı ki, satqının
biri azalaydı. (İ.Şıxlı)
Lakin son dövrlərdə yazılı ədəbi dilimizdə elə
cümlələr də işlənir ki, onların tərkib hissələrindən biri və
ya hər ikisi mürəkkəb quruluşlu olur. Bu cür hallarda
qarışıq tipli tabesiz və ya qarışıq tipli tabeli mürəkkəb cümlələr
yaranır. Məsələn, Deyiblər, bu həndəvərdə qaçaq-quldur olsa,
tutub hökumətə təhvil verəcəksən, bir də deyiblər, nemeslər
buracan gəlsələr, bizim partizanlara komandir olacaqsan.
Müasir Azərbaycan dili
245
(İ.Hüseynov) Əgər zərrəni görsə, cümləni görər, aləmi görsə,
özünü görər və fəhm edər ki, cəmi kainatda xaliqəm deyən nə
varsa, hamısı onun özündədir. (İ.Hüseynov) O gün, o əhvalat
olan günü girib içəridə qulağından tutub deyirəm, qorxma,
bütün el-oba sənin tərəfindədi, çıx camaata deynən, bu belə
filan oğlu evə zornan təpilib, mənim razılığım yoxdu.
(Ə.Əylisli) Dostlarımdan eşitdim ki, Bərdədə bir kifir arvad
var, çox dövlətli olsa da, heç kim rəğbət eləyib onunla
evlənmək istəmir. (Ə. Cəfərzadə)
Dostları ilə paylaş: |