II.Bölmə: M.Arazın 80 illiyi münasibətilə kitabxanada görüləcək işlər.
Azərbaycanın Xalq Şairi Məmməd Arazın 80 illiyi münasibətilə kitabxanalarda bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulmşdur. Bu münasibətlə ilk növbədə sərgi, kitab icmalı və sair daxil etmək olar. Sərgiyə müxtəlif başlıqlar vermək olar. Məs: “M.Araz-80”, “M. Araz poetikası” və sair.
İndi isə “M.Araz-80” başlıqlı sərginin sxemini nümunə üçün veririk:
1.Başlıq: “M.Araz-80”
2.Naxçıvan MR Ali Məclisi Sədrinin sərəncamı.
3.Şeirlərindən parçalar.
4.Əsərləri.
5.Bu münasibətlə nəşr olunmuş dövrü mətbuatda nəşr olunmuş materiallar
Kitabxanalarda M.Arazın 80 illiyi münasibətilə söhbət aparıla bilər.Kitabxanaçı uşaqlara öyrətməlidir ki, M.Arazın poeziyasında vətənpərvərlik onun vətənə sevgisindən doğur. M.Arazın poeziyasının geniş təbliği ön plana çəkilməlidir.
Kitabxanalarda keçirilən tədbirlərin ən maraqlısı poeziya axşamıdır. “Məmməd Araz dühası” adlı poeziya axşamının ssenarisini sizə təqdim edirik.Tədbir M.Arazın sözlərinə yazılmış “Dünya mənim, dünya sənin” mahnısı ilə başlayır.
Səhnəyə aparıcılar daxil olur:
I aparıcı: Əziz və hörmətli qonaqlar! Hamınızı xoş gördük. M.Araz XX
əsr Azərbaycan ədəbiyyatının ən görkəmli ədəbi
simalarından biridir.Hər bir vətəndaşı vətənin bir daşı sayan
şairin qələmə aldığı əksər misralarda Böyük bir vətəndaş
ürəyi, sönməz fədakarlıq və ürfani düşüncələr çırpınır.
Yüksək petik ilhamla yazdığı həmin şeirlərdə ölməz şair
Azərbaycan təbiətinin əsrarəngiz gözəlliklərini məharətlə
Canlandıra bilmişdir.
II aparıcı: Azərbaycan-qayalarda bitən bir çiçək,
Azərbaycan-çiçəklərin içində qaya!
Mənim könlüm bu dünyanı vəsf eliyərək,
Azərbaycan dünyasından baxar dünyaya.
Azərbaycan! Qayəsi nur, mayəsi nur ki,
Hər daşından alov dili ox ola bilər.
Azərbaycan deyiləndə ayağa dur ki,
Füzulinin ürəyinə toxuna bilər.
I aparıcı: Cəmiyyətin ağrılarını duymaq, vətəndaşlıq qayəsi, şimallı-
cənublu Azərbaycan torpaqlarının dərdini daşımaq,
Bütöv Azərbaycan hayqırtısı-M. Araz poeziyasının əsas
gücü və qüdrəti bundadır! Bu fikirlərin sübutu oxucu
“Məndən ötdü” rədifli şeirində daha aydın görünür:
Səndən ötən mənə dəydi,
Məndən ötən sənə dəydi.
Məndən, səndən ötən zərbə,
Vətən, vətən sənə dəydi...
II aparıcı: Şəhid-ölümü ilə, şair ağrısı və poetik fikirləri ilə yaddaşlara qaynayıb-qarışır.Yaddaşın ömrü isə vicdana və haqqa xidmətin qədərindən, bir də qədir qiymətə, qeyrətə çevrilən anların cəmindən yaranır. M.Araz “Duman ömrü” şeirində yazır:
Ölüm istəyirəm. Qəfil bir ölüm,
Bir kibrit ölümü, barıt ölümü.
Bir anda bir ovuc dumana dönüm,
İstədiyim səmtə tutum üzümü.
Görüm, hər qonanda dağlar qaşına,
O dağdan, o çəndən necə yazmışa?!
Görüm,hər enəndə bulaq başına,
Çiçəkdən, çəməndən neçə yazmışam?!
Görüm dumanlara qoşula bilmək,
Ayrılıb didərgin olmaq, necədir?!
İstəksiz dərədən daşına bilmək,
İstəksiz dərəyə dolmaq necədir?!
Görüm bir necədir yerlərə hopub,
Vətən torpağının şehinə dönmək.
Kiçik bir qayanın döşündən qopub,
Böyük bir dünyanın mehinə dönmək.
Görüm, tər tutanda kəndi şəhəri
Fatehlər bu dəmdə nə görüb axı?
Nənəmin Allahı min ildən bəri,
Nənəmin yurduna nə verib axı?
I aparıcı: M. Arazın poetikası Azərbaycan poeziyasının təkamülündə yeni mənəvi iqlimin və tarixi mərhələnin, hava və qan dəyişiminin bir növ əbədi simfonyasına döndü. Həmin poetikada şair bir ənənənin yox, min illik əxlaq, fəlsəfə, hünər və poeziya irsinin varisi kimi çıxış edirdi: insan, təbiət, tarix, tale bir qovşaqda cərəyan edib kəsişirdi:
Bir taleyin əllərində cütlənmiş zərik,
Yüz il qoşa atılsaq da qoşa düşmərik.
Bir zərrənin işığında milyonlar şərik,
Dünya sənin, dünya mənim, dünya heç kəsin!
Çevrəsindən çıxsa əgər suda fırfıran,
Bir ümidin ətəyindən tutub da fırlan,
Eşidirsən, pıçıldayır yıxılan, duran,
Dünya sənin, dünya mənim, dünya heç kəsin!
Bu get-gəllər bazarına dəvədi dünya!
Bu ömür-gün naxışına həvədi dünya!
Əbədiyə qəhqəh çəkir əbədi dünya!
Dünya sənin, dünya mənim, dünya heç kəsin!
Gəlimli-gedimli dünya, son ucu ölümlü dünya! Bu kəlamı və ovqatı Qorquddan sonra bu qədər tutarlı şəkildə ifadə edən uğurlu bədii misralara yalnız M. Araz poezyasında rast gəlmək, mümkün olur.Neyləmək olar ki, bu gəlimli-gedimli dünyadan bir gün şairlərin ən sevimli şairi olan Ulu Məmməd Araz da köçdü. Fəqət o, bu həyatla vidalaşmazdan əvvəl ulu dağlarla vidalaşdı:
Bəlkə bu yerlərə bir də gəlmədim,
Duman salamat qal, dağ salamat qal!
Dalınca su səpir yoxsa buludlar.
Leysan salamat qal, yağ, salamat qal!
Qıy vuran qartallar yox oldu çəndə ,
Nərgizlər saraldı şehli çəməndə,
Ey qaragöz pəri, dalınca sən də,
Boylan, salamat qal, bax salamat qal!
Gəldim, qarşıladı güllər-çiçəklər,
Gedirəm, əl edir göy biçənəklər.
Vidamı çaylara dedi küləklər,
Bulan, salamat qal, ax, salamat qal!
Dağların pələngi, şiri də sənsən,
Şairi də sənsən, şeiri də sənsən,
Barı, bərəkəti, xeyri də sənsən,
Çoban, salamat qal, sağ-salamat qal!
II aparıcı: Ustad Məmməd Arazın ulu dağları özünün yazdığı kimi, sağ-salamat qalsa da, fəqət düşmən tapdağında bu gün xiffət çəkir. O, ulu dağlar Cavanşir hünərli, Koroğlu biləkli igidlərin həsrətindədir.M. Arazın ruhu o zaman şad olacaq ki, zirvəsi dumanlı ulu dağları öz şairlərimiz dolaşıb onları vəsfə gətirəcək, dağlardan cuna kimi süzülən şəlalələrin şırıltısı ruha qanad verəcək və qəm-kədər o dağlardan həmişəlik yox olacaq! Ulu Məmməd Araz bax, o zaman rahat uyuyacaq!
Sonu
İstifadə olunan ədəbiyyat siyahısı:
1.M. Araz. Seçilmiş əsərləri.-Bakı: Lider, 2004.-c.1.-224s.
2.M. Araz. Seçilmiş əsərləri.-Bakı: Lider, 2004.-c.2.-232s.
3.M. Araz. Publisistika: I kitab.-Bakı: Adiloğlu,2001.-438s.
4.Eminalıyev E. Məmməd Araz.-Bakı: Səda, 2006.-130s.
5.Fətəli qızı G.Məmməd Arazlı günlərim.-Bakı: Zəkioğlu, 2008.-216 s.
Dostları ilə paylaş: |