Səlahəddin Xəlilov Azərbaycanda elm və onun təşkİlatİ Formaları Bakı – 2010



Yüklə 0,52 Mb.
səhifə2/7
tarix05.03.2017
ölçüsü0,52 Mb.
#10075
1   2   3   4   5   6   7

Heydər Əliyev
Elmi fəaliyyət çox ağır və baha başa gələn, böyük resurslar tələb edən bir sahədir. Hətta ən bö­yük ölkə belə, elmin bütün sahələrində müasir tə­ləb­lər səviyyəsində tədqiqat işləri apara bilməz.

Hər bir ölkədə tətbiqi elmlər bir qayda olaraq onun öz iqtisadiyyatının ehtiyaclarına uyğun istiqa­mətlərdə inki­şaf etdirilir. Bu baxımdan, təbii ki, Azər­baycan iqtisadiyyatının da elm tutumlu sahələri müəyyənləşdirilməli və tədqiqatlar əsasən bu isti­qamətlərə yönəldilməlidir.

Lakin tətbiqi elmlərlə yanaşı fundamental elm­­lər də vardır və onlar bir qayda olaraq bütün öl­kələrdə deyil, yalnız ən böyük, ən qabaqcıl ölkə­lərdə inkişaf etdirilir. Azərbaycanda elmə, o cüm­lə­dən, fundamental elmlərə praqmatik müna­sibət hələ formalaşmadığından çoxları bu sahəyə sadəcə milli imici yüksəldən bir amil kimi baxır.

Həm fundamental, həm də tətbiqi elmlər iki müx­təlif parametrlə səciyyələnir. Sözün dar məna­sında, həqiqi mənasında böyük elm – elmi yaradı­cılığın ön cəbhəsi, bilavasitə yeni elmi biliklərin əl­də edilməsi, elmi nəzəriy­yələrin formalaşması pro­se­si vertikal ölçüdə, dərinlik göstəricisi ilə müəy­yənləşir. Lakin elm piramidası həm də oturacaq müstəvisinin sahəsi ilə, artıq məlum elmi bilik­lərin və nəzəriyyələrin mənimsənilməsi və yayılma dərə­cəsi ilə ölçülür.

Hər hansı bir ölkədə əhalinin maariflənməsi, savadlılıq dərəcəsi, klassik elmi biliklərin tədris proqramlarına daxil edilməsi və yayılması prosesi, daha geniş kütlələrin müxtəlif çeşidli elmi biliklərlə zənginləşməsi, elmi biliklərin əhali arasında paylan­ması və ya daha doğrusu, elmi biliklərin adi şüurun strukturuna daxil olması – bəli, bütün bunlar da gös­tə­ricidir. Lakin bunun böyük elmlə bilavasitə əlaqə­si yoxdur.

Müasir dövrdə Azərbaycanda elmi potensial­dan səmərəli istifadə etmək və onu ictimai tərəqqi­nin mühüm hərəkətverici qüvvələrindən birinə çe­virmək üçün qarşıda duran vəzifələrdən biri elmin təşkilati strukturunu yeni tələblərə uyğun surətdə optimallaşdırmaqdan ibarətdir. Əlbəttə, biz bütün dün­ya alimlərinin birgə səyi ilə yaradılan və inkişaf etdirilən və bütün sahələri əhatə edən böyük elmdən danışmırıq. Hər bir ölkə elmin inkişafı və istifadəsi prosesinə öz xüsusiyyətlərinə və imkanlarına uyğun olaraq qoşulur.

Əsas məsələ məqsədin düzgün seçilməsidir. Elm bizə nədən ötrü lazımdır? Biz elmin hansı sa­hələrindəki nailiyyətləri öz ölkəmizdə tətbiq etmək imkanlarına malikik? Bizim sənayenin və kənd tə­sər­rüfatının texnoloji inkişaf səviyyəsi və burada istifadə olunan qurğuların elmi tutum dərəcəsi öy­rənilibmi? Yəni bir tərəfdən, bizim üçün hansı elm sahələrinin üstün əhəmiyyət kəsb etdiyi, digər tə­rəf­dən, bizim texnologiyanın elmin hansı inkişaf sə­viy­yəsinə adekvat olduğu nəzərə alınmalıdır.

Məsələ burasındadır ki, fundamental elmlərin inkişaf səviyyəsi ilə tətbiq üçün uyğunlaşdırılmış səviyyə arasın­da xeyli böyük fərq vardır. Başqa sözlə, tətbiqi elmlər fundamental elmlərin təqribən 5-10 il, bəzi sahələrdə isə hətta 20-30 il bundan əvvəlki nailiyyətlərindən istifadə edir. Ancaq o öl­kələr fundamental elmlərin inkişafında xüsusilə ma­raqlıdır ki, onlar yeni elmi kəşflərin hamıdan əvvəl tətbiq olunmasına qadirdirlər. Dünyada cəmi bir neçə belə superdövlət vardır.

Azərbaycanda keçmiş SSRİ-nin elm məka­nın­da hazırlanmış çoxlu sayda yüksək ixtisaslı elmi kadr var­dır. Əgər nəzərə alsaq ki, SSRİ dünyada el­min inkişaf səviyyəsinə görə ən öncül yerlərdən birini tuturdu, demə­li, bu alimlərin də səviyyəsi dün­ya standartları səviyyə­sindədir. Hazırda bu mü­tə­xəssislər üçün elmi mühit olma­dığından və öz sə­viyyələrinə uyğun maaşla təmin edilə bilmədiklə­rindən, onların bir qismi işləmək üçün xarici öl­kə­lərə gedir və bəzən həmişəlik orada qalırlar. Bu, Azərbaycan üçün çox böyük itkidir. Çünki bu səviyyədə alimlərin yenidən hazırlanması həd­din­dən artıq böyük vəsait tələb edir.

Digər bir səbəb də budur ki, elmi işçilər keç­miş SSRİ-nin vahid elmi məkanından ayrı düşdük­lərinə görə öz əvvəlki fəaliy­yət­lərini davam etdirə bilmirlər. Bir çox elm adamları öz ixtisaslarını dəyi­şərək praktik çıxışı olan tətbiqi sahələrə keçirlər. Bu­nunla da, dünya elmi üçün əslində çox böyük nü­fuz sahibi olan nadir mütəxəssislər orta elmi perso­nalın yerini tutmuş olurlar. Bəzi alimlər isə ümu­miy­yətlə elmi fəaliyyətdən uzaqlaşırlar. Bu itkiləri hesablasaq, Azərbaycanın özünün çox böyük milli sərvətindən tədri­cən necə məhrum olduğunu görə­rik.

Çıxış yolu nədədir? Bu böyük milli sərvəti necə xilas etmək olar?

Bəziləri çıxış yolunu çox bəsit variantlarda axtarır. Belə güman edirik ki, sadəcə olaraq büd­cədən elmə ayrılan vəsaitin artırılma­sı ilə bütün problemlər həllini tapa bilər.

Əlbəttə, elm ilə istehsal arasındakı münasi­bət­lərin düzgün tənzimləndiyi cəmiyyətlərdə elmə qo­yulan vəsaitin artması olduqca səmərəli olur. İnkişaf etmiş ölkələrdə elm ən çox gəlir gətirən sahələrdən biridir. Elmə qoyulan hər mana­tın gətirdiyi gəlir faizlərlə deyil, misillərlə ölçülür. Lakin bunun üçün əv­vəlcə elmi potensialın səfərbər olunması və məqsədli surətdə yönəldilməsi lazımdır.

Dünyada elmin təşkili praktikasında Elmlər Akademiyası həqiqətən ən diqqətəlayiq formalardan biridir. Elmi tədqiqatların mərkəzləşdirilmiş surətdə həyata keçirilməsinin böyük üstünlükləri vardır. La­kin nəzərə alınmalıdır ki, bu cür mərkəzləşmiş sis­tem daha çox dərəcədə sosializm cəmiyyəti üçün sə­ciyyəvi idi. Bəli, sosializmin bu sahədə kapitalizm cə­miyyətinə nisbətən həqiqətən üstünlükləri var idi. Lakin iqtisadiyyat sahəsin­də dövlət monopoli­yasın­dan imtina edilməsi və bazar münasibətlərinə ke­çil­məsi şəraitində elmin mərkəzləşmiş qaydada fəaliy­yəti bir sıra çətinliklərlə bağlıdır. Biz bu ma­hiyyət fərqini nəzərə almadan, guya hər şeyin əv­vəlki qay­dada qala biləcəyi fikri ilə özümüzü al­dada bilmə­rik. Burada əvvəlcə iki müxtəlif ictimai-iqti­sa­di sis­te­min üstün cəhətlərinin inteqrasiyası ki­mi çox mü­rək­kəb bir prosesin elmi-metodoloji əsas­ları işlənib hazırlanmalıdır.



Bəli, vahid ümumbəşəri elm prosesinə daxil ola bilməyən, elə bil ancaq özü üçün yaradılmış lokal elm strukturları əsl elm sayıla bilməz. Böyük elmə daxil olmağın öz şərtləri vardır. Bunlardan biri dünya miqyasında əldə olunmuş yeni elmi biliklərin və elmi axtarışların ön cəbhəsində olmaqdır. Cəbhə xəttindən geridə qalanlar müasir elmi prosesə qoşul­mayaraq yalnız artıq keçilmiş yolların künc-buca­ğın­da yer tuta bilərlər, lakin bu, elm hesab edilə bilməz.

Müəyyən bir xalq və ya ölkə üçün elm yalnız ayrı-ayrı adamların mənəvi tələbatı, intellektual əy­ləncəsi olmayıb, sənayenin, təsərrüfatın, ümumiy­yət­­lə istənilən ictimai fəaliyyət sahəsinin inkişafına xidmət edən ideya-nəzəri təminat mənbəyidir. Elmi-tədqiqat sahələri ilə müxtəlif praktik fəaliyyət sa­hələri arasında isə bir körpü olaraq müvafiq texnika və texnologiya sahəsi dayanır. Bu, olduqca böyük, bütün ölkə miqyasında həyata keçən mürəkkəb ic­ti­mai prosesdir. Lakin bütöv bir ölkə, hətta ən böyük ölkələr üçün də müstəqil elm məkanından danışmaq mümkün deyil. Hətta, keçmiş SSRİ kimi nəhəng ölkə də özünün tam müstəqil elmini yarada bil­mədi. Ona görə də, hər bir ölkə öz elm strategiyasını im­kanlarına uyğun olaraq qur­malıdır. Bu baxımdan, Azər­baycan öz miqyası ilə müqa­yisədə xeyli böyük elmi poten­siala malikdir. Bu potensialın ya­ran­ma­sında Elmlər Akademiyasının böyük rolu ol­muşdur. Hazırda Azərbaycan elmin bir sıra sahələrində bü­tün dünya miqyasında qabaqcıl mövqe tutur. Bu uğur­ların səbəblərini araşdırmaq və onları möhkəm­ləndirmək lazımdır.

Biz Milli Elmlər Akademiyasının statusunun daha da yüksəldilməsi, nüfuzunun artması, burada əsl elmi yara­dıcılıq atmosferinin bərpa olunması tərəfdarıyıq. Bu gün ən vacib məsələlərdən biri Aka­­­demiyaya seçkilərin müntəzəm elmi meyarlar əsasında keçirilməsi, onun özəyini təşkil edən hə­qi­qi və müxbir üzvlərin nisbətən gənc, istedadlı alim­lər hesabına artırılması, sönməkdə olan yaradıcı mü­hitin bərpa olunması, Akademiyanın ümumi yı­ğın­cağının və Rəyasət Heyətinin səlahiyyətlərinin artı­rılmasıdır. Bu gün cəmiyyətdə “akademik” imi­cinin bərpasına böyük ehtiyac vardır. Ümumiyyətlə, cə-miy­yətdə nüfuzlu elm adamlarının, böyük intel­lekt sahiblərinin fikri nə qədər çox nəzərə alınsa, bir o qədər yaxşıdır. Lakin elmin inki­şafını yalnız Milli Elmlər Akademiyası ilə bağlamaq qüsur­lu yanaş­madır. Çünki bu inkişaf həm təhsil sistemi ilə, xü­susən də ali məktəb, magistratura və dokto­ran­tu­radakı fəaliyyətlə, həm müasir texnologiyaya əsas­lanan sə­na­yenin inkişafı ilə, həm də digər fəaliyyət sa­hələrinin nəzəri səviyyədə dərk olunması təşəb­büsləri ilə sıx surətdə bağlıdır. Bu təşəbbüslər çox müx­təlif təşkilati formalarda həyata keçirilir. Keç­miş SSRİ-də elmin inkişafı əsasən Elmlər Aka­de­miyası ilə ona görə bağlanırdı ki, MEA-nın yeganə fəaliyyət sahəsi elmi tədqiqat idi. Lakin qarışıq sa­hələrdə də elmin öz payı var. Lakin çox təəssüf ki, bəzi Akademiya funksionerləri qətiyyətlə iddia edir­lər ki, guya MEA-dan başqa heç yerdə, o cümlədən universitetlərdə əsl elmi yaradıcılıq mühiti ola bil­məz. Bu, çox səhv təsəvvür­dür. Çünki elmi mü­hitsiz təhsil müəssisəsi universitet sayıl­mamalıdır. Univer­sitetin başqa ali məktəblərdən əsas fərqlərindən biri də onun nəzdində elmi-tədqiqat institut­la­rının olma­sıdır.

İndi biz müstəqil Azərbaycan Respublikasında elmin inkişaf perspektivlərini araşdırarkən köhnə təşkilati formalar, onların müsbət ənənələrinə hör­mətlə yanaşmaqla bərabər, yeni, za­ma­nın tələblərinə daha çox ca­vab verən optimal təşkilati formala­ra da biganə qalmamalıyıq. Qanunların məqsədi yara­dı­cı­lıq axtarışlarının, o cümlədən təşkilati forma axta­rış­­larının məhdudlaşdırılması deyil, əksinə, fayda verə biləcək istənilən yeni formaya hüquqi imkan veril­məsi olmalıdır. Bu baxımdan biz elm və təhsilin birgə inkişaf konsepsiyasını hazırlayarkən, ancaq ən ümumi prinsip­ləri ön plana çəkməyə və süni məh­dudiyyətləri aradan götürməyə çalışmalı, bürokratik mexanizmləri sadələşdir­məliyik. Xatırlatmaq istər­dim ki, Milli Elmlər Akademi­yası, heç şübhəsiz, Azər­baycanda elmin inkişafı sahəsində misilsiz xid­mətləri olan, böyük kadr potensialına malik nə­həng bir qurumdur. Ona görə də yarım əsr ərzində top­la­nılmış təcrübəni nəzərə almadan yeni bir qu­rum ya­ratmaq sadəlövhlük olardı. Bu səbəbdən də, Azər­bay­canda elmin inkişafı ilə bağlı islahatlar apa­rılar­kən ilk növbədə Elmlər Akademiyasının təc­rü­bəsi və potensialı nəzərə alınmalıdır. Elm və təhsilin əla­qələndirilməsi işində də bu çox vacibdir. Tə­sadüfi deyildir ki, Milli Məclisin Elm və Təhsil mə­sələləri daimi komissiyasında da magistratura­nın Akademi­ya ilə birlikdə, onun bazasından və elmi po­ten­sialın­dan istifadə etməklə yaradılması məsə­ləsi qaldırıl­mış­dır. Bizim fikrimizcə, magistra­tura ali məktəblə­rin monopoliyasında qalmamalı və Aka­demiya sis­te­min­də çalışan alimlər təhsil pro­se­sindən kənar­laş­dırılmama­lıdırlar.

Lakin bununla yanaşı olaraq, öz elmi kadr po­ten­si­alına görə bir sıra sahələrdə akademiyadan geri qalmayan universitetlərdə də elmin inkişafına şərait yaradılmalıdır. Bu müxtəlif qurumların para­lel təd­qi­qat aparması və bir-birini təkrar etməməsi üçün aka­demiya sistemində olan elmi-tədqiqat insti­tutları ilə universitetlərin nəzdindəki el­mi-tədqiqat mər­kəz­ləri və kafedralar arasında sıx koor­dina­siya ol­malıdır. Respublikamız o qədər böyük iqtisadi po­ten­siala malik deyil ki, müəyyən bir elm sa­hə­sində olan bir neçə elmi-tədqiqat müəssisələrinin ha­mısını müasir laborato­ri­yalarla təmin edə bilsin. Ona görə də mərkəzləşdirilmiş elmi idarəçilik prinsipi za­ma­nın tələbidir. Lakin bu prin­sip hansı hallarda bir­ləş­mə şəklində, hansı hallarda əlaqə­lən-dirmə və birgə fəaliyyət şəklində həyata keçiril­məlidir – bütün bun­lar konkret yanaşma tələb edir. Məhz buna görə də əvvəlcə Milli Elmlər Aka­de­miyasının nisbi müstəqil bir qurum kimi fəaliy­yə­tinin, eyni zamanda uni­ver­sitet elminin nisbi müs­təqil bir proses kimi təşkil olunmasının qanunda ayrı-ayrı təsbit edilməsindən deyil, əlaqələndirilmiş vahid bir mexanizmin hüquqi əsaslarının hazırlan­ma­sından çıxış edilməlidir.

Elm və praktika
Bilmək hələ azdır, əsas mə­sələ onu yaxşı tətbiq etməkdədir.

R. Dekart
Elmin nə dərəcədə səmərəli olması bəzilərinin Azər­bay­can ictimai şüuruna yeritməyə çalışdığı bey­­nəl­xalq indeksasiya göstəriciləri ilə deyil, onun infra­struk­turundakı üç komponent arasında nisbətlə səciyyələnir.

Söhbət fundamental elmin, tətbiqi elmin təc­­rübi-konstruktor işinin (bu sonuncu əslində el­min bir sahəsi olmayıb, elmlə mühəndisliyin qov­şağında olan fərqli bir sahədir) nisbətindən gedir.

Azərbaycanda elmə ayrılan maliyyə vəsaiti əsasən “fundamental elm” kateqoriyasına aid olan sahələrə sərf olunur. Tətbiqi elmlərə ondan xeyli az vəsait ayrılır. Aka­demiya çərçivəsində təcrübi-kons­truktor işləri, de­mək olar ki, yox dərəcəsindədir.

Əyanilik üçün bəzi qabaqcıl ölkələrdə bu üç kom­po­nentin nisbətinə baxaq: Yaponiyada bu nisbət 14% - 26% - 60%; ABŞ-da: 12% - 22% - 66%-dir. Yəni fun­da­men­tal elmə nə qədər xərclənirsə, ondan təqribən 2 dəfə çox tətbiqi elmlərə və 4-5 dəfə çox təcrübi-kon­struk­tor işlərinə sərf olunur. Sonuncu hal­qa bilavasitə isteh­salın, iqtisadiyyatın daxili tələ­batına uyğunlaşdırıl­mış və tətbi­qi elmlərin baza­sın­da görülən mühəndis-kon­struktor işlə­ri­ni əhatə edir. Buraya yeni texnika isteh­salına olan məsrəflər də daxil deyil. Çünki bu mərhələyə texnikanın kütləvi istehsalı yox, təcrübi nümunənin dü­zəldilməsi aid­dir. Əgər bu nümunə sınaqdan uğurla çıxarsa, onda həmin texnikanın (istehsal vasitəsinin) is­tehsalına başla­nır ki, bu da əsasən maşınqayırma səna­yesinə aiddir.

Ancaq yeni texnikanın kütləvi istehsalından sonra onun nisbətən yüngül sənaye sahəsində isti­fadə olunması başlanır və əgər bu yeniliyin tətbiqi iqtisadi cəhətdən da­ha səmərəli olarsa, alınan gəlir elmin tətbiqi sayəsində əldə olunmuş sayılır. Və yal­nız bu zaman elm həqiqətən səmərə vermiş olur. Düzdür, elmin maliyyələşməsi üçün onun nəticə­ləri­nin iqtisadi səmərəsini gözləməyə bəzən heç ehtiyac qalmır. Çünki müvafiq sənaye sahəsinin ekspertləri mümkün gəliri qabaqcadan hesablayaraq, elmi-tex­niki yeniliyi özləri üçün əl­ve­rişli qiymətə satın alır­lar. Bu iş əsasən pa­ten­t­ləş­mə və patentlərin satıl­ma­sı yolu ilə həyata keçirilir.

Yaponiya örnəyinin bir aspekti də bundan iba­rət­dir ki, bizə nisbətən xeyli böyük olan bu ölkə bütün elm sahələri üzrə orta bir səviyyəni saxla­maq­la yanaşı, əsas gü­cü yalnız bir neçə sahəyə yö­nəldir. Və həmin sahə­lər­də də dünya miqyasında ön xəttə çıxa bilir və hətta ABŞ kimi bir elm nəhəngi ilə rə­qabətə girir. Bizdə isə bu prioritetlər hələ də müəy­yənləşmədiyindən sanki kortəbii xarakter daşıyır, kim hansı mövzunu istəyirsə, onu da seçir. Deməli, elm haqqında ümumi söhbətlər aparılma­sı­na bax­ma­yaraq, real iqtisadi səmərə verə biləcək sahə­lərin və mövzuların müəyyənləşdirilməsi istiqamətində elmi araşdırmalar hələ də aparılmır.


***
Elm öz funksiyasına görə iki qola ayrılır: funda­men­tal və tətbiqi. Birincidə məqsəd gerçəklik haqqında yeni biliklər əldə etmək, həqiqətə daha çox yaxınlaşmaq­dır. İkincidə isə məqsəd – alınmış bilikləri gerçəkliyə tət­biq etmək, yeni texnoloji sis­temlər yaratmaqdır.

Fundamental tədqiqatlar – yeni biliklər alın­ması ar­­tıq məlum olan elmi biliklərin və metod­ların yüksək sə­viy­yədə mənimsənilməsini tələb edir. Ye­nini yaratmaq üçün köhnəni öyrənmək lazımdır. Bu mənada funda­men­tal tədqiqatlar fun­damental təh­sil­lə sıx surətdə bağlıdır. Mahi­yyətlər arasındakı bu əla­qə, təbii ki, təşkilati struk­tur­da da nəzərə alın­malıdır. İnkişaf etmiş ölkələrdə doğru­dan da belə­dir. Fundamental tədqiqatla funda­men­tal təhsil va­hid müəssisələrdə – universitetlərdə birləş­di­ril­miş­dir. Ölkəmizdə isə bu zərurət unudul­muşdur.

Tətbiqi tədqiqatlar gerçəklik haqqında deyil, ger­çək­liyi dəyiş­dirməyin yolları haqqında biliklərə əsaslanır. Bu biliklərin öyrə­nil­məsi sonrakı yara­dı­cılıq üçün zəruri şərtdir. Və deməli, burada bu təd­qiqatla təhsil vəhdətdə olmalıdır. Lakin burada fun­damental biliklər yox, tətbiqi biliklər öyrənildi­yin­dən hər bir tətbiqi sahəyə uyğun gələn spesifik ali təhsil sahəsi vardır. Məsələn, texnoloji ali məktəblər sahə elmləri ilə, ali tibb məktəbləri tibb profilli təd­qiqat institutları ilə vəhdətdə olmalıdır (inteqrasiya getməlidir).

Elmin hər iki qolunun müvafiq ali təhsil sa­hə­ləri ilə daxili əlaqəsi inkişaf etmiş ölkələrdə (bəlkə, əksinə, onların inkişafı elə elmlə təhsilin düzgün inteqrasiyasının nəticəsidir) nəzərə alınsa da, SSRİ-də nəzərə alınmamış, elm təhsil sistemindən ayrı düşmüşdür. Yüzlərlə yüksək ixtisaslı alim biliklərini gənc kadrlara öyrədə bilməmiş, yüzlərlə pro­fessor əsasən tədrislə məşğul olduğundan elmi yaradıcılıq poten­sialını reallaşdıra bilməmişdir.

Nəyi isə dərk eləmək, başa düşmək hələ azdır. Öyrənilənləri həyatda tətbiq etməyi bacarmaq la­zımdır. Əgər bilik hər hansı fəa­liyyət proqramına daxil edilə bilmirsə, istifadəsiz qalırsa o, passiv ha­fizəyə keçərək təd­ri­cən unudulur, və ya xüsusi sax­lanma vasitələri ilə (kitab və s.) gələn nəsillərə ötü­rülür. Bu cür "lazımsız" biliklər "lazımlı bilik­ləri" ta­mamlamaq üçün lazım olur. Yaxud sonradan əldə olunmuş yeni biliklərlə birləşərək istifadə olun­maq im­kanı əldə edir. "Saxla samanı, gələr zamanı". Bu el hikməti özünü bilik sahəsində də doğrult­du­ğun­dan biliklərin sistemə salınması və tətbiqdən asılı olma­dan, nisbi müstəqil bir sərvət kimi yeni nəsil­lərə ötürülməsi ənə­nə halını alır. Nəticədə, bir tə­rəf­dən, müstəqil elm sa­hə­lərinin əsaslarını, fənləri öy­rə­dən təhsil sistemi for­ma­laşır, digər tərəfdən, yeni bilik əldə etmək özü məqsədə çevrilir və nisbi müs­tə­qil elmi fəaliyyət sahəsi yaranır. Bir-biri ilə sıx əlaqədar olan və məntiqi yolla biri digərindən alına bilən müəyyən qrup biliklər sistemi formalaşır ki, bunlar da gələcək elmi fənlərin əsasını təşkil edir.

O vaxt ki, hər bir adam yalnız özünə lazım olan bilikləri öyrənməklə kifayətlənirdi – o vaxt arxada qalır. Elm sağlam şüur və əxlaqi meyar hü­dudlarını keçərək özünə münasibətdə yeni dü­şüncə tərzi tələb edir. Əgər o dövrdə Sədi öz de­diklərinə əməl etməyən alimi əlində çıraq gəzdirən kora bənzədirdisə, indi belə korlardan kə­nar­da elmin in­kişafını təsəvvür etmək qeyri-mümkün olur. Kim isə axtarır, kəşf edir, tapır, lakin özü üçün de­yil, baş­qaları üçün. Özü də konkret mənada başqaları üçün yox, məsələn, öz övladları üçün, ya bir qo­humu, ta­nıdığı bir adam üçün yox, naməlum başqaları üçün. Bü­tün bəşəriyyət üçün.

Başqasının kəşf etdiyi bilik elə bil ki, yəhərli, yü­yən­li at kimi qaça-qaça gəlib hamının qarşısından keçir. Ke­çir, lakin dayanmır. Ata minib onu istə­di­yin səmtə sür­mək üçün, ona sahib olmaq üçün də xüsusi məharət la­zım­dır. Bir yerdə dayanan adam qaçan ata minə bilməz. Gə­rək sən özün də hərəkətdə olasan. Elə bil ki, elm adamı üzünü tətbiqçilərə tutub deyir: "Məndən bərəkət, sizdən hə­rəkət". El­min tətbiqi isə olduqca müxtəlif sahələri əhatə edir.

Kim belə hesab edirsə ki, elmin həyatla əla­qəsi yalnız texnika vasitəsilə mümkündür, böyük səhv edir. Həyat yalnız istehsalatdan ibarət deyil. Başqa sözlə, maddi istehsal ictimai həyatın yalnız cüzi bir hissəsini təşkil edir. Düzdür, maddi isteh­salın rolu böyükdür. La­kin mənəvi amillərin get­dikcə daha çox dərəcədə məhsul­dar qüvvəyə çevrildiyi bir şəraitdə ictimai həyatın mənəvi və mad­di komponentləri arasındakı nisbətdə ciddi də­yiş­mələr baş verməkdədir.

Bütövlükdə ictimai həyatın mənzərəsi hər bir adamın həyatına nəzərən daha zəngin və daha rən­ga­rəng­dir. İctimai həyata insanın həm maddi, həm də mənəvi ehtiyaclarının ödənilməsinə yönəlmiş fəaliyyət sahələri ilə yanaşı, əslində heç bir konkret insana lazım ol­mayan, yalnız müəyyən sosial təş­ki­lati strukturların özünü­mü­ha­fi­zəsinə xidmət edən fəaliyyət sahələri də daxildir. İnsanın bilavasitə mad­­di tələbatına xidmət edən yüngül sənaye, həmin sənayenin texniki ehtiyaclarını təmin edən maşın­qa­yırma sənayesi, texnologiyalara nə­za­rət edən mü­hən­­dis fəaliyyəti, fəhlələrin bilavasitə icraçılıq fəaliy­­­yəti, yeni texniki sistemlərin layihəsini hazır­layan ixtiraçı və kons­truk­torların fəaliyyəti, elmi nailiyyətlərin istehsala tətbiq yollarını axtaran elmi-texniki fəaliyyət və nəhayət, yeni elmi biliklərin əldə olunmasına xidmət edən elmi işçilərin fəaliy­yəti – elmi kəşflər. Elmi axtarışlar aparan adamla­rın, habelə mühəndis və konstruktor kadrlarının ha­zır­lan­ma­sına xidmət edən təhsil sistemi. Bu, vahid bir zəncirdir. Təhsil-elm-ixtiraçılıq fəaliyyəti – tex­no­logiyaların mənim­sə­nil­­məsi, – mü­hən­dis fəaliy­yəti – bilavasitə icraçılıq – is­teh­lak malla­rının hazır­lanması – istehlak...

Lakin həyatda elm həlqəsini bir tərkib ele­men­ti ki­mi özündə saxlayan başqa analoji zəncirlər də az deyil. Məsələn, Təhsil-Elm-Səhiyyə-Fiziki sağ­lamlıq; Təhsil-Elm-İdarəetmə; Təh­sil-Elm-Siya­sət; Təhsil-Elm-Hüquq; Təh­sil-Elm-Ticarət; Təhsil-Elm-Özünüidarə və s. Bütün bu zəncirlərin baş­lan­ğı­cında daya­nan Təhsil özü də mürək­kəb sistem olmaqla elmi daxili ünsür kimi əhatə edir: Təhsil-Elm Təhsil-Elm-Səhiyyə və s. Burada birinci təhsil elm adamının yetişməsi üçün, ikinci təhsil isə həmin elm adamlarının verdiyi bilik əsasında konkret bir sahədə mütəxəssislər yetişməsi üçündür.



AMEA və digər akademiyalar
Akademiyanın əsasını qoyan Platon belə hesab edirdi ki, onun mərkəzində həmişə fəlsəfi ideya dayanmalıdır.

Əbu Turxan
Əgər keçid dövründə vəzifələrə təyinat icra­çı­lıq keyfiyyətinə görə həyata keçirilirdisə, yeni qu­ruculuq dövründə elmi əsaslarla idarəetmə sistemi­nin bərqərar olması və bunun üçün bir tərəfdən mü­vafiq elm sahəsinin inkişaf etdirilməsi, digər tərəf­dən, kadrların seçilməsində yaradıcı təfəkkürə üs­tünlük verilməsi mühüm şərtdir. Yəni mərkəzləşmiş idarəçilik sistemi, dövlətin ümumi maraqlarına xid­mətin prioritetliyi ilə yanaşı, aşağıların sanki öz da­xili yanma mühərriklərinin işə salınması və hər bir sahənin müvafiq elmi prinsiplər əsasında, ya­radıcı surətdə idarə edilməsi mərhələsi başlayır.

Bu baxımdan, «Elm-İstehsalat» birlikləri mo­de­linə uyğun olaraq sənaye və kənd təsərrüfatı sa­hələri ilə yanaşı, dövlət quruculuğunda; nazir­lik­lər­də və baş idarələrdə hər bir sahənin öz spesifikasına uyğun surətdə elmlə bir ittifaq qurması tələb olunur. Bu «elm» isə əlbəttə, artıq fizika, kimya kimi klas­sik elmlərin yox, məhz ictimai elmlərin ba­zasında yaranacaq sahələrin elmi araşdırılması və müvafiq elmi idarəçilik mexanizmlərinin formalaşmasına xid­mət edir.

Hazırda bu mexanizmin freyminə, karkasına formal olaraq bir sıra dövlət qurumlarında rast gəl­mək mümkündür. Məsələn, Təhsil Nazirliyində «Təh­­sil problemləri institutu», Vergilər Nazirliyində «Elm və tədris mərkəzi» və s. bu kimi elmi qu­rumlar həmin nazirliklərin və ya baş idarənin fəaliy­yətinin elmi tənzimlənməsinə, metodoloji və meto­diki təlimatlar hazırlanmasına, müvafiq sahədə qa­nun­vericilik bazasının möhkəmləndirilməsi üçün la­yihələr hazırlanmasına və s. xidmət etməlidir. Am­ma bu qurumlar nə dərəcədə öz funksiyasını yerinə yetirə bilir, – bu başqa məsələdir. Bizi isə bu mə­qam­da maraqlandıran odur ki, ictimai elmlərin tətbiqi mexanizmlərini əhatə edən belə elmi qurum­ların işi AMEA tərəfindən necə koordinasiya olu­nur? Sualı başqa cür qoysaq, AMEA-dakı nəzəri tədqiqatlarla bu praktik elmi sahələr arasında üfüqi və ya şaquli əlaqələr yaradılıbmı? Yoxsa «bu əla­qələr» ancaq kağız üzərində olub, formal xarakter daşıyır?

Diqqəti Azərbaycanın elm və təhsil sistemin­də narahatçılıq yaradan başqa bir məqama yönəlt­mək istərdik. Dövlət idarəçilik orqanlarının, nazir­lik, komitə və şirkətlərin elmi əsaslar üzərində çalı­şa bilməsi üçün onların nəzdində müvafiq sahə elm­lərinin yaradılmasına və onların fəaliyyətinin mü­vafiq nəzəri tədqiqatlarla əlaqələndirilməsinə böyük ehtiyac var. Belə bir dövrdə bəzi nazirliklər və döv­lət komitələri öz nəzdlərində müvafiq elmi qurumlar yaratmaq əvəzinə, təhsil müəssisələri açırlar. Yəni hərə özü üçün kadr hazırlığını da öz üzərinə götür­mə­yə çalışır. Biz ali təhsilli kadrların bu və ya digər nazirliyin, müvafiq fəaliyyət sahələrinin spesifika­sı­na uyğun olan əlavə praktik bilik və vərdişləri mə­nim­səməsi üçün ixtisasartırma kurslarının açılma­sı­nı və bu kursların məhz müvafiq sahə elminin (elm-istehsalat birliyinin) nəzdində açılmasını məqsədə­uyğun hesab edirik. Lakin bunun əvəzinə hər hansı bir nazirlik bakalavr hazırlayan təhsil müəssisəsi aç­maq fikrinə düşürsə, bunu müasir tələblərlə heç cür əlaqələndirmək mümkün deyil. Axı, maşınqa­yırma, nəq­liyyat, gömrük işi, təhlükəsizlik sistemi, po­lis, di­gər hüquq-mühafizə orqanlarının öz spesifik fəaliy­yəti sahəsi olduğu kimi, təhsil də spesifik bir sahədir. Və təhsilin də öz elmi-metodoloji bazası olmalıdır. Belə olan təqdirdə, yəni hər bir idarə, hər bir praktik fəaliyyət sahəsi özü üçün ali məktəb aça­caqsa, onda dövlətin təhsil şəbəkəsi, çoxsaylı dövlət universitetləri nə üçündür? Mən heç özəl univer­si­tet­ləri demirəm. Şübhə yoxdur ki, hər hansı bir na­zirlik kadr seçərkən, təbii ki, öz nəzdindəki ali mək­təbin məzunlarına üstünlük verəcəkdir. Axı, onlar prak­tik bilikləri də mənimsəyirlərmiş. Lakin baka­lavr səviyyəsində təhsil üçün dar ixtisaslaşma bilik­ləri və praktik-əməli vərdişlərdən daha çox, ümu­mi dün­yagörüşü, humanitar mədəniyyət, müva­fiq sahə­nin fəlsəfi və metodoloji əsasları öyrədil­mə­lidir. Bun­ları kim öyrətməlidir? Humanitar və icti­mai elm­lər sahəsində biliklərin verilməsinin bütün ölkə miqyasında vahid elmi-metodoloji əsasları ol­malı de­yilmi?

Bu sahədə vəziyyət nə qədər acınacaqlı olsa da, nə yaxşı ki, Avropa standartlarına uyğun olan gözəl nümunələr də vardır. Daha doğrusu, hələlik tək bir nümunə vardır. Biz Xarici Işlər Nazirliyinin bu sahədəki praktikasını nəzərdə tuturuq. Neçə il öncə bu nazirliyin də nəzdində müvafiq Akade­mi­yanın açılmasına və burada həm bakalavr, həm də magistr səviyyəsində tələbə hazırlığına icazə veril­məsinə baxmayaraq, Ali Diplomatiya Akade­mi­yası işə bakalavr hazırlığından başlamayaraq, əvvəlcə müvafiq elmi-metodiki baza yaratmaqla məşğul olmuş və ancaq bundan sonra nazirliyin öz işçiləri üçün ixtisasartırma kursları açmış və nəhayət, ma­gistratura pilləsində tələbə qəbuluna başlamışdır. Ni­yə? Niyə digər nazirliklər icazələrini alan günün səhərisi elə ilk addımlarını bakalavr hazırlığı sə­viyyəsində atdığı halda, ADA buna tələsmir və ya heç ehtiyac da duymur? Çünki ölkəmizdə Bakı Dövlət Universiteti başda olmaqla, neçə-neçə ali məktəblərdə müvafiq humanitar sahələr üzrə ba­ka­lavr hazırlığı həyata keçirilir. Və kadrları elə onların arasından seçmək imkanı olduğu üçün, əsas diqqət məhz diplomatik fəaliyyətin özəlliklər ilə bağlı xüsusi biliklər üzərində qurulmuş magistratura pil­ləsinə və ixtisasartırma kurslarına yönəldilir.


Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin