Səlahəddin Xəlilov
Azərbaycanda elm
və onun təşkİlatİ Formaları
Bakı – 2010
Xəlilov S.S.
Azərbaycanda elm və onun aktual problemləri. – Bakı, “Oskar”, 2010 – 184 səh.
Kitabda müasir mərhələdə Azərbaycanda vahid elm və təhsil siyasətinin həyata keçirilməsi, fundamental və tətbiqi elmlərin spesifik təşkilati strukturu və bu sahədə aparılmalı olan optimal islahatın mümkün variantları nəzərdən keçirilir.
Elm adamları və elmin təşkilati məsələləri ilə maraqlanan oxucular üçün nəzərdə tutulmuşdur.
© Xəlilov S, 2010
İndi dünya mədəniyyət dünyasıdır, intellektual dünyadır, elmi-texniki tərəqqi dünyasıdır.
Heydər ƏLİYEV
Ön söz
Ölkəmizdə ictimai-siyasi həyatın, iqtisadiyyatın, maddi və mənəvi mədəniyyətin bütün sahələrində böyük quruculuq işləri gedir. Bir tərəfdən, yeni ictimai-iqtisadi münasibətlərə keçid, digər tərəfdən, milli özünüdərk və özünütəsdiq istiqamətində gedən bu böyük proses elm və təhsil sahələrindən də yan keçməmişdir. Lakin bu proseslər fərəhli olmaqla bərabər, həm də çox ağır proseslərdir. Çünki neçə onilliklər ərzində formalaşmış sistemlərin dağıdılıb yenidən qurulması bəzən böyük maddi itkilər və mənəvi-psixoloji sarsıntılarla müşayiət olunur. Bəzən də bu proseslər qeyri-peşəkar səviyyədə aparıldığından, əlavə çətinliklər və itkilər yaradır. Xüsusilə müstəqilliyin ilk illərində, dövlətin sükanı naşı əllərdə olduğu vaxtlarda, yeniləşmə, yenidənqurma prosesləri “hələ dağıdaq, sonra qurarıq” mövqeyindən həyata keçirilmiş, neçə onilliklər ərzində böyük zəhmət və səylər nəticəsində qazanılmış qabaqcıl mövqelər əldən verilmiş, yenidən – sıfırdan başlamaq xətti əsas götürülmüşdür. Lakin elm quruculuğu sahəsində dünya praktikasını nəzərə almadan nə isə tamamilə yeni bir şey yaratmaq ağlabatan deyil. Biz öz ölkəmizin real imkanlarından çıxış etməliyik.
Şübhəsiz ki, kiçik ölkələrdə böyük elm sistemi qurmaq real deyil. Ona görə də, bu ölkələrdə aparılan lokal elmi tədqiqatlar beynəlxalq miqyaslı böyük elmi tədqiqat zəncirinin bir parçası olur. Başqa sözlə desək, kiçik ölkələrdə fundamental elmlə məşğul olmağın yeganə yolu böyük elm mərkəzləri ilə rabitə qurmaq, bir növ onların əlavəsinə çevrilməkdir.
Əslində heç böyük ölkələrdə də tam müstəqil elm sistemləri mümkün deyil. Ona görə də, böyük ölkələrdə ancaq nisbi müstəqil elmi fəaliyyət sistemləri mövcuddur ki, onlar da öz aralarında birləşərək planetar miqyaslı böyük elm sistemini yaradırlar.
Bu gün Azərbaycanda elmin inkişafı ilə bağlı qarşımızda duran ən mühüm vəzifələr optimal təşkilati formaların tapılması, prioritet elmi-texniki istiqamətlərin müəyyənləşdirilməsi və məqsədyönlü islahat işlərinin aparılması, yerli elmi tədqiqatların dünya elminə inteqrasiyası, elmin rentabelliyi, habelə elmin maliyyələşdirilməsinin daha səmərəli formalarından istifadə olunmasıdır. Əlbəttə, əgər hər hansı bir ölkənin o dərəcədə böyük iqtisadi imkanları olsaydı ki, “elm üçün elm” prinsipi ilə işləyən elmi-tədqiqat mərkəzləri yaratsın və onları ən müasir avadanlıqlarla təchiz etsin, bu, dünya elminin inkişafına böyük töhfə olardı. Amma bizə elə gəlir ki, ilk növbədə ölkəmizin real imkanları və ehtiyacları nəzərə alınmalıdır.
Bunun üçün isə ilk növbədə elmin təşkilati strukturuna yenidən baxılmalı, bu sahədə optimal islahatlar həyata keçirilməlidir. Lakin islahata münasibətlər də fərqlidir. Bəziləri öz daxilindəki konservativ ruhdan və Şərq ətalətindən yaxa qurtara bilməyərək, Akademiyada hər hansı ciddi islahatın aparılmasına qarşı çıxmaq, onu elə indiki formatda da saxlamaq uğrunda “mübarizəyə” qalxışır; bu “mübarizənin” metodları isə məlum şablonlardan, şantaj psixologiyasından başqa bir şey deyil: “Ay aman, kimsə Akademiyanı dağıtmaq istəyirmiş...” Bəziləri bir addım da irəli gedərək hər cür ciddi islahat təşəbbüslərini təkcə “Akademiyanı dağıtmaq” kimi deyil, bütövlükdə Azərbaycan elminə, hətta ümumiyyətlə elmə qarşı çıxış kimi dəyərləndirirlər. Əlbəttə, düşünmək olardı ki, elmlə onun sadəcə təşkilati quruluş formalarından biri olan Akademiyanı qarışıq salan belə şəxslərin elmi səviyyələri yəqin çox aşağıdır. Yox-yox, onlar elmlər doktoru, bəlkə hansı isə bir institutun direktoru, bəlkə hətta akademiklərdir. Lakin biz titulları və ya dar ixtisas biliklərini nəzərdə tutmuruq. Bu şəxslər heç şübhəsiz, öz dar ixtisas sahələrində çox böyük alimlərdir. Lakin hansı isə bir ixtisası bilməklə elmin təşkilati strukturu və infrastrukturu barədə hökm vermək olmaz. Çünki elmşünaslıq özü ayrıca bir ixtisas sahəsidir. Bax bizim Akademiyada çatışmayan da elə elmşünaslıq sahəsində bir nəfər də olsun yüksək ixtisaslı mütəxəssisin olmamasıdır. Axı, hər hansı bir konkret sahənin nümayəndəsi, qoy lap böyük nümayəndəsi: riyaziyyatçı, geoloq, ədəbiyyatşünas, hətta fəlsəfəçi bütövlükdə elm haqqında, elm-təhsil, elm-istehsalat, elm-mədəniyyət sistemləri və bu sistemlərin hər birində elmin spesifik yeri və funksiyası haqqında fikir yürütməyə nə dərəcədə səlahiyyətlidir?
Bəs görəsən, Akademiya rəhbərliyi niyə kənardan (“kənar” dedikdə biz heç də ölkədən kənarı deyil, Akademiyadan kənarı nəzərdə tuturuq) mütəxəssis-elmşünas dəvət etmir? Niyə bəzi elmi institutların universitet elmi ilə, bəzilərinin isə müvafiq sahə elmi ilə inteqrasiyasından bu dərəcədə narahatdırlar? Akademiyada humanitar və ictimai elmlərin prioritetliyi konsepsiyasının müzakirəsindən niyə belə çəkinirlər?!
Kitabda müasir mərhələdə Azərbaycanda vahid elm və təhsil siyasətinin həyata keçirilməsi, fundamental və tətbiqi elmlərin spesifik təşkilati strukturu və bu sahədə aparılmalı olan optimal islahatın mümkün variantları nəzərdən keçirilir.
ELM və ONUN TƏŞKİLATİ FORMALARI
Elm və cəmiyyət
Müasir mərhələdə Azərbaycanda yüksək ictimai-iqtisadi inkişaf tempi, təbii ki, elmin də bu proseslərdə fəal iştirakının təmin edilməsi vəzifəsini qarşıya qoyur. Əlbəttə, elmin funksiyalarını ancaq iqtisadi səmərə ilə məhdudlaşdırmaq olmaz. Elmin həm də humanitar missiyası və dünyagörüşünün formalaşdırılması baxımından mühüm əhəmiyyəti vardır. Cəmiyyətdə nüfuzlu elm adamlarının, böyük intellekt sahiblərinin fikri nə qədər çox nəzərə alınsa, bir o qədər yaxşıdır. İndi çoxlu ictimai təşkilatlar, o cümlədən, elm və təhsil sahəsində beynəlxalq və milli elmi mərkəzlər, assosiasiyalar, fondlar, habelə, müxtəlif profilli akademiyalar yaradılır. Cəmiyyətdə gedən proseslərdə istər-istəməz ictimai rəyin rolu artır və bu təşkilatlar ictimai rəyə böyük təsir göstərirlər. Demokratik cəmiyyətdə sağıcı ilə alimin səsi bərabər olduğu kimi, belə təşkilatlar da bir hüquqi şəxs olaraq ictimai-siyasi proseslərə qatılmaq üçün eyni hüquqi imkanlara malikdirlər. Kapitalizm cəmiyyətinə doğru getdiyimiz üçün kapital öz qüdrətini bütün sahələrdə, o cümlədən, elm və təhsil sahələrində də göstərməyə başlamışdır. Lakin elm sahəsində kapitalın dövriyyə müddəti çox böyük olduğundan, yeni yaranan burjuaziya elmi tədqiqat sahələrinə investisiya qoymaq barədə düşünmür. Əsl elmin əvəzinə, onun ancaq adından və nüfuzundan bəhrələnmək üçün psevdoelmi təşkilatlar və qurumlar yaradılır, elmi adlar altında cəfəng məzmunlu və ya çoxdan məlum olan biliklərdən ibarət qalın-qalın kitablar buraxılır, müxtəlif cür elmi titullar, fəxri adlar, mükafatlar təsis edilir. Nəticədə kapital həqiqi elmin inkişafı üçün nə isə etməyə tələsməsə də, onu psevdoelmi mühitlə əvəz etməyə çalışır və onu müasir reklam texnologiyasına söykənən zəngin, zahirən dəbdəbəli üz qabığının parıltısında itirib-batırır, gözəgörünməz edir. Kim isə ingilis dilini bildiyinə görə xarici ölkələrdən sertifikatla qayıdır, kim isə internetin imkanlarından istifadə edib yeni-yeni informasiyalarla əsl alimləri belə mat qoyur, kim isə sadəcə pulu olduğuna görə öz adına həmin bu informasiyaların tərcüməsindən ibarət qalın-qalın kitablar buraxdırır. Kim isə yenə də sadəcə pulu və ya vəzifəsi olduğuna görə, heç ingilis dilini bilməsə də, heç internetdən istifadə edə bilməsə də, dolayısı ilə onlardan bəhrələnir, kim isə heç yeni informasiyadan da istifadə etmədən, başqalarının əməyi hesabına kitablar və dissertasiya işləri yazdırır və s.
Sual oluna bilər ki, əgər indiki şəraitdə elmi-tədqiqat işinə heç kim maya qoymaq istəmirsə, bəs onda elmi adlara, titullara, müxtəlif “beynəlxalq” psevdoelmi təşkilatların, “akademiyaların” yaradılmasına və onların üzvlüyünə nəyə görə pul sərf edənlər tapılır? Meşşanlar dünyasında elm özü heç kimə lazım deyilsə, onun imicindən istifadə etmək nəyə görə lazımdır? Suala sualla cavab vermək istərdik: Əgər zinət əşyaları, bahalı paltarlar, dəbdəbələr cəmiyyətə fayda vermirsə və bura sərf olunan kapital gəlir gətirmirsə, onda nəyə lazımdır? Yəqin hər iki sualın cavabı eyni olacaqdır. Görünüş yaratmaq üçün, özünü cəmiyyətə libası və ya titulu ilə təqdim etmək üçün, imici asan yolla qaldırmaq üçün və s. Nəticədə həqiqi elmin arxa plana keçməsi və psevdoelmlə əvəz olunması təhlükəsi yaranır ki, buna da heç cür yol vermək olmaz.
Keçid dövründə, elmin ictimai şüurda pozitiv bir hadisə kimi hələ də saxlandığı, lakin ictimai-iqtisadi bir hadisə kimi öz yerini tapa bilmədiyi bir şəraitdə elmin imitasiyasına ehtiyac yaranır. Bəziləri köhnə elmin təşkilati formalarını, bəziləri hətta bu təşkilatların yerləşdiyi binaları və öz əvvəlki funksiyalarını artıq çoxdan itirmiş laboratoriyaları, bəziləri üstündə monoqrafiya və ya elmi məcmuə yazılmış kitabları, bəziləri elmi titul və adları, bəziləri elmi idarələrdə çalışan və orada rəsmi maaş alan adamları elmin özü ilə qarışıq salırlar.
Ayrıca götürülmüş bir şəxs üçün fərdi miqyasda elmlə məşğul olmaq, ola bilsin ki, ancaq bir düşüncə prosesidir. Baxmayaraq ki, bu düşüncənin məhsulu müəyyən vasitələrlə elmi ictimaiyyətə çatdırılmayınca, o ən böyük yenilik də olsa, hələ elmə aid olmayacaqdır. Yəni hətta fərd üçün də elm fərdi miqyas daşıya bilməz. O ki qala, cəmiyyət üçün, xalq üçün. Müəyyən bir xalq və ya ölkə üçün elm ayrı-ayrı adamların mənəvi tələbatı, intellektual əyləncəsi olmayıb sənayenin, təsərrüfatın, ümumiyyətlə, istənilən ictimai fəaliyyət sahəsinin inkişafına xidmət edən ideya-nəzəri təminat mənbəyidir. Elmi-tədqiqat sahələri ilə müxtəlif ictimai fəaliyyət sahələri arasında isə bir körpü olaraq müvafiq texnika və texnologiya sahəsi dayanır. Bu olduqca böyük, bütün ölkə miqyasında həyata keçən mürəkkəb ictimai prosesdir.
Bəli, elm planetar, ümumbəşəri hadisədir. Vahid böyük elm prosesinə daxil ola bilməyən, sanki özü üçün yaradılmış lokal elm strukturları isə əsl elm deyil. Böyük elmə daxil olmağın öz şərtləri vardır. Bunlardan biri dünya miqyasında əldə olunmuş yeni elmi biliklərin və elmi axtarışların ön cəbhəsində olmaqdır. Cəbhə xəttindən geridə qalanlar müasir elmi prosesə qoşulmayaraq, artıq keçilmiş yolların künc-bucağında hansı isə tədqiqatla məşğul ola bilərlər, lakin bu, elm hesab edilə bilməz.
Elmi potensialın qorunub-saxlanması zərurəti
Yaranmış elmi potensialı qorumalı, saxlamalı, ondan indi və gələcəkdə müstəqil Azərbaycanın inkişafı naminə daha səmərəli istifadə etməliyik.
Heydər Əliyev
Bu gün dövlətin və cəmiyyətin qarşısında duran əsas vəzifələrdən biri elmi potensialın qorunub-saxlanması və ondan milli inkişaf naminə maksimum səmərə ilə istifadə olunmasıdır. Əgər bu, Elmlər Akademiyasının ənənəvi strukturunu saxlamaq və buradakı elmi mühiti bərpa etmək hesabına mümkündürsə, bütün qüvvələri bu istiqamətdə yönəltmək, AMEA-nı hər vasitə ilə dirçəltmək və onu işlək mexanizm vəziyyətinə qaytarmaq lazımdır. Lakin bunun üçün böyük təşkilatçılıq işi və büdcədən böyük miqdarda vəsait ayrılması tələb olunur. Hazırda bəzi adamlar akademiyaya canıyananlıq göstərdikləri üçünmü, yaxud özlərini “şirin” salmaq üçünmü, – məhz bu variantın üzərində dayanır və elmi xilas etmək üçün büdcədən ayrılan vəsaitin bir neçə dəfə artırılmasını vacib sayırlar. Bəziləri isə məsələyə daha “yaradıcı” yanaşaraq, Akademiyanı xilas etmək üçün Elm Fondu yaratmaq ideyasını həlledici hesab edirlər. Lakin “bu fond haradan maliyyələşəcək”, – sualına başqa cavab tapa bilmədiklərindən, yenə də dövlətə müraciət etmək məcburiyyətindədirlər. Bəli, dövlət ola bilsin ki, elmə ayırdığı maliyyənin miqdarını başqa sahələrin hesabına artıra bilər. Lakin onun qəti əminliyi olmalıdır ki, bu pullar itən yerə getmir və bu sahə həqiqətən rentabellidir. Biz o vaxt, 2001-ci ildə belə yazmışdıq: “Bütün məsələ burasındadır ki, hazırda dövlətdə belə bir əminlik yoxdur. Çünki elmin Azərbaycan üçün prioritet istiqamətləri hələ müəyyənləşdirilməmiş, elmin rentabelli fəaliyyət modeli işlənib hazırlanmamışdır”.1
Bəli, Elmlər Akademiyası qorunub saxlanmalıdır. Lakin hansı formada, hansı fəaliyyət istiqamətlərində və hansı infrastruktura daxil olmaqla? Bunlar irəlicədən müəyyənləşdirilməlidir. Bu gün Akademiyanın keçmiş SSRİ Elmlər Akademiyasından qopub ayrılmış və təşkilati forması yeni miqyasın tələblərinə uyğun gəlməyən hazırkı vəziyyətini eynilə qoruyub saxlamaqdansa, onu daha mobil, daha çevik və daha məqsədyönlü bir quruma çevirmək tələb olunur. Əgər biz elmi potensialımızın bazasında həqiqətən rentabelli, işlək bir elm modeli qura bilsək, dövlət də bu sahəyə ayrılan pulun hədər getməyəcəyinə, “fundamental elm – tətbiqi elm – texnoloji ideya – mühəndis-konstruktor layihəsi – istehsal” zəncirində hər bir halqaya ayrılan pulun hədər getməyəcəyinə, sonrakı halqaların hesabına əməli nəticəsi olacağına əmin ola bilər.
Hal-hazırda Azərbaycanda təkcə Elmlər Akademiyası ilə deyil, bütövlükdə elmin inkişaf strategiyası ilə bağlı, elmin müasir tələblərə cavab verən təşkilati strukturunun formalaşdırılması ilə bağlı tədqiqatlara böyük ehtiyac vardır.
Öyrənilməsi vacib olan sahələrdən biri də Azərbaycanda elmin inkişaf istiqamətlərinin təsnif edilməsidir. Kiçik bir ölkə elmin bütün sahələrində aparıcı mövqe tuta bilməz. Ona görə də elmin maliyyələşməsi üstün istiqamətlər (prioritetlər) prinsipi ilə həyata keçirilməlidir.
“Elm” anlayışı ilə əhatə olunan tədqiqat sahələri praqmatiklik prizmasından, habelə son nəticənin milli və ümumbəşəri dəyərlərlə əlaqəliliyi baxımından üç qrupa bölünə bilər. Birincisi, tətbiqi elmlərdir ki, onların da real fayda gətirməsi yaxın və uzaq məqsədlərə xidmət baxımından iki cür olur. Müəyyən bir əməli fəaliyyət sahəsinin elmi əsaslarla qurulması, konkret bir istehsal müəssisəsinin texniki təchizatının yeni elmi biliklər əsasında təkmilləşdirilməsi və ya lokal bir sahədə yeni elmi ideya əsasında daha optimal texnoloji prinsipin həyata keçirilməsi sayəsində elm qısa müddətdə fayda verə bilər, gəlir gətirə bilər. Bu halda elmi biliyin tətbiqinə çəkilən xərclərlə tətbiqdən alınan gəlir arasında müsbət balans yaranır ki, bu da xalis gəliri müəyyən edir. Burada çəkilən xərclər ona görə az ola bilər ki, söhbət yeni elmi biliyin kəşfindən deyil, başqaları (başqa ölkələrdəki tədqiqatlar) tərəfindən əldə edilmiş hazır biliklərin sadəcə tətbiq yollarının araşdırılıb tapılmasından və tətbiq prosesinin texniki icrasından gedir. Daha doğrusu, deyilənlər elmin özündən daha çox, elm ilə istehsal arasındakı əlaqə proseslərinə aiddir.
“Elm” anlayışına daxil olan tətbiqi elmlər isə, istehsalın cari tələblərinə cavab olmayıb, daha çox dərəcədə ümumi səciyyə daşıyır. Tətbiqi elmlər fundamental elmlər sahəsində əldə olunmuş biliklərin üzərində qurulur. Burada söhbət bu və ya digər konkret istehsal müəssisəsinin rekonstruksiyasından deyil, bütövlükdə müəyyən tip istehsal müəssisələrinin ümumi ehtiyaclarının yeni tələblər əsasında ödənilməsinə yönəldilmiş fəaliyyətdən gedir. Bu fəaliyyət istehsal sahəsində yox, elmin öz hüdudları çərçivəsində aparılır. Ona görə də, burada alınan yeni biliklərin haradasa mütləq tətbiq olunacağına və gəlir gətirəcəyinə qarantiya yoxdur. Tətbiqi elm öz bəhrəsini verir, lakin bundan faydalanmaq, istifadə etmək vəzifəsi istehsalçıların üzərinə düşür. Sənaye müəssisələrinin tərkibində bu məqsədlərə xidmət edən layihə-konstruktor büroları və hətta xüsusi “elm” bölmələri fəaliyyət göstərir ki, bunlar da bir qayda olaraq “sahə elmləri” adı altında əhatə olunur.
Tətbiqi elmlər sahəsində fəaliyyət bilavasitə konkret müqavilələr, sifarişlər əsasında aparılmasa da, onların hansı istehsal sahəsində, hansı təsərrüfat forması üçün istifadə olunacağı irəlicədən məlumdur. Bu baxımdan, tətbiqi elmlərin yerli iqtisadiyyatın istiqamətlərinə və tələblərinə uyğun yönəldilməsi prinsipcə mümkündür. Dünyanın bütün ölkələrində tətbiqi elmlərin əsas hərəkətverici qüvvəsi yerli iqtisadiyyatın ehtiyaclarıdır. Heç bir ölkədə bütün tətbiqi elm sahələrində fəaliyyət göstərilmir və bu mümkün də deyil. Əlbəttə, dünya hökmranlığı iddiasında olan super ölkələr öz məhsulları üçün bütün dünya bazarlarını açıq saxlayırlar. Amma bunun üçün təkcə elmi-texnoloji rəqabət və iqtisadi mexanizmlər kifayət deyil; bu məqsəd üçün siyasi və hətta hərbi-siyasi vasitələr də işə salınır.
Azərbaycanda da tətbiqi elm həmişə sənaye ilə, kənd təsərrüfatı ilə, mədəniyyətin müxtəlif sahələri ilə qarşılıqlı əlaqə şəraitində inkişaf etmişdir. İkinci dünya müharibəsində yüksək oktanlı benzinə böyük ehtiyac yarandığı bir vaxtda məhz neft şəhəri Bakıda professor Yusif Məmmədəliyev bu sahədə bir sıra yeni kəşflərin və ixtiraların müəllifi oldu. Sonralar da neft kimyası sahəsində praktik əhəmiyyətli elmi axtarışlar uğurla davam etdirildi və Azərbaycan Elmlər Akademiyası sistemində akademik Yusif Məmmədəliyevin yaratdığı elmi məktəbin nümayəndələri akademik Əli Quliyev, akademik Murtuza Nağıyev və s. bu sahədəki elmi axtarışları uğurla davam etdirdilər. Azərbaycan elmi bu gün də neft-kimya sahəsindəki ənənələri qoruyub saxlamağa çalışır.
Azərbaycan kənd təsərrüfatının inkişafı, xüsusən, 70-ci illərdən başlayaraq, Heydər Əliyevin rəhbərliyi dövründə o vaxtın tələbləri səviyyəsində aqrosənaye kompleksinin qurulması bu sahədəki tətbiqi elmlərin inkişafına böyük təkan vermişdir. Lakin təsərrüfatın inkişafı ilə yanaşı torpaqşünaslıq məsələləri, təbiətin qorunması və ekoloji böhrandan çıxış yolları da dövrün aktual praktik problemləri sırasına daxil olmuşdur. Bu sahədə akademik Həsən Əliyevin yaratdığı elmi məktəb bu gün də uğurla davam etdirilir.
Neft geologiyası və neft quyularının qazılması ilə əlaqədar olaraq tətbiqi mexanikanın, ümumiyyətlə mexanika-riyaziyyat elmlərinin inkişafı da əlamətdar haldır. Bu sahədə aparılan tədqiqatların milli iqtisadiyyatımız, xüsusilə, neft sənayesinin inkişafı ilə bağlı mühüm tətbiqləri vardır. Bu gün Azərbaycanda neft sənayesinin yeni bir impulsla inkişafı həmin tədqiqatların aktuallıq dərəcəsini daha da artırır.
Belə misalları, əlbəttə, yenə davam etdirmək olar. Amma əsas qənaət bundan ibarətdir ki, yerli iqtisadiyyatın ehtiyaclarına uyğun olan tətbiqi elm sahələrinin inkişafına diqqət daha da artırılmalı, bu sahələrdəki işlər həm maddi, həm də mənəvi aspektlərdə stimullaşdırılmalıdır.
Fundamental elmlərdə isə nəinki konkret tətbiqi sahələr, hətta tətbiq istiqamətləri də irəlicədən müəyyənləşdirilə bilmir. Burada elmi axtarışların sifarişçisi elmin özüdür. Başqa sözlə, “elm elm üçündür” prinsipi əsas tutulur. Əlbəttə, burada əldə olunan biliklər də istifadəsiz qalmır. Hər hansı yeni elmi bilik nə vaxtsa, hansı ölkədə isə, hansı istehsal sahəsində isə istifadə olunacaqdır. Lakin ünvan və zaman qeyri-müəyyəndir.
Beləliklə, fundamental elmlər milli ideallardan daha çox, ümumbəşəri ideallara xidmət edir. Bu sahələrdə də Azərbaycanın böyük elm adamlarının, xüsusilə Elmlər Akademiyasında çalışmış və riyaziyyatda və təbiətşünaslıqda yeni istiqamətlərin əsasını qoymuş görkəmli şəxsiyyətlərin, məsələn, akademik Zahid Xəlilovun, akademik Əşrəf Hüseynovun və s. böyük xidmətləri qeyd edilə bilər.
Əlbəttə, bəşər övladı olaraq bizim hər birimiz ümumbəşəri tərəqqidə iştirakçı olduğumuz üçün fəxr etməliyik; lakin şüurlu surətdə, yaxın və uzaq məqsədləri anlamaqla. Belə ki, müasir fizikanın, məsələn, elementar zərrəciklər nəzəriyyəsinin, kvant elektrodinamikasının, ifrat keçiriciliyin və s. tədqiqi ilə bağlı Azərbaycanda heç kim fəaliyyət göstərməsə, bu sahələr inkişaf etmiş xarici ölkələrdə onsuz da tədqiq olunacaqdır. Bu sahələrdə əldə olunan yeni elmi biliklərin tətbiqi Azərbaycanın texniki imkanları şəraitində onsuz da mümkün deyildir. Fundamental elmlərin ön cəbhəsində əldə edilən yeniliklər ancaq çox yüksək texnika və texnologiya bazasında istifadə olunmaqla praktik səmərə verə bilər. Azərbaycanda bu sahələrin ancaq nəzəriyyəsi ilə, əslində nəzəriyyə də çox vaxt operativ eksperimental dəstək tələb etdiyindən, riyaziyyatı ilə məşğul olurlar. Bəli, riyaziyyat yeganə sahədir ki, burada eksperimental baza və müvafiq texnoloji inkişaf səviyyəsi olmadan da, elmin ön cəbhəsinə girmək mümkündür. Təki intellekt olsun, istedad olsun. İntellektual imkanlarına görə isə bizim millət heç kimdən geri qalmadığından, alimlərimiz məhz nəzəriyyə və riyaziyyatla bağlı sahələrdə böyük uğurlar əldə edərək dünya elminə layiqli töhfələr verirlər. Lakin bizim dünya elminə verdiyimizlə ondan aldığımız arasında optimal balans yaranırmı? Böyük istedad sahibi olan alimlərimizin dünyada gedən elmi proseslərdəki iştirakı pərakəndə xarakter daşımırmı? Elmi tədqiqatın, elmi informasiyanın əslində çox qiymətli olduğu bir zamanda biz tədqiqatlarımızın nəticələrini dünya elminə havayı bağışlamırıqmı? Əlbəttə, bütün sahələrdə olduğu kimi burada da biz öz milli mentalitetimizə uyğun olaraq geniş-qəlblilik nümayiş etdirə bilərik. Lakin hər şeyin bir hüdudu vardır. Biz özümüzün ən yüksək sərvətimiz olan intellektual potensialımızdan praqmatik düşüncə ilə istifadə etməyi bacarmalıyıq. Bunun üçün dünya elm praktikasında məlum modellər vardır ki, müstəqil dövlət olduqdan sonra bu barədə də düşünməliyik. Biz istedadlı gənclərimizə qrantlar verərək onların elmi fəaliyyət layihələrini maliyyələşdirən beynəlxalq fondların “səxavətinə” də, nəhayət, səmimiyyət və sadəlövhlük müstəvisindən fərqli bir müstəvidə qiymət verməliyik. Biz intellektual mülkiyyət haqqında, patent haqqında sadəcə qanunlar qəbul etməklə kifayətlənməyərək, onların Azərbaycan gerçəkliyində həqiqətən işləməsinə nail olmalıyıq. Bütün bu deyilənlər ilk növbədə fundamental elmlər sahəsindəki tədqiqatlarımıza aiddir.
Elə elmlər də vardır ki, onlar iqtisadiyyatın bu və ya digər sahəsində tətbiq olunaraq gəlir verməsələr də, bizim milli maraqlarımızla bilavasitə bağlıdırlar və onların inkişaf etdirilməsi müstəqil Azərbaycan Respublikasının ən böyük vəzifələrindən biridir. Bu elmlər dünya elmi prosesinə, ümumbəşəri dəyərlər kompleksinə dolayısı ilə daxil olsalar da, bilavasitə Azərbaycanla, xalqımızın, millətimizin tarixi və bu günü ilə, milli dünyagörüşümüzlə, fəlsəfi fikrimizlə, milli iqtisadiyyatımızın təşkilati problemləri ilə və nəhayət, dinimiz, dilimiz, mədə-niyyətimiz, ədəbiyyatımızla bağlı olan elmlərdir. Bu sahələr insanla, cəmiyyətlə bağlı olduğuna görə elmlərin təsnifatında ya humanitar elmlər, ya da ictimai elmlər adı altında qruplaşdırılır.
Fundamental elmlərdən fərqli olaraq ictimai elmlər ümumbəşəri miqyas daşımaqla bərabər, hər bir millət miqyasında həmin millətin maraq dairəsinə uyğun ikinci, regional mövcudluğa malikdir. Yəni, ümumdünya tarixi ilə yanaşı Azərbaycan tarixi də vardır. Ümumi iqtisadi nəzəriyyə ilə yanaşı, Azərbaycan iqtisadiyyatı da nisbi müstəqil şəkildə tədqiq olunur və s. İctimai elmlər sahəsində də dünya miqyasında gedən prosesləri öyrənənlər çoxdur. Biz məşğul olmasaq da, tarixi, fəlsəfəni, iqtisadi nəzəriyyəni öyrənib inkişaf etdirənlər olacaqdır. Lakin məhz Azərbaycanın tarixini, fəlsəfi fikrini, iqtisadiyyatını, ictimai-siyasi problemlərini, dilini, ədəbiyyatını və s. başqaları bizim qədər təfərrüatlı öyrənməyəcəklər və ya əgər öyrənsələr də obyektivliyi gözləməklə, yaxud bizim milli maraqlar prizmasından öyrənməyəcəklər.
Ona görə də, ictimai elmlər sahəsindəki tədqiqatlar, bizim fikrimizcə, elmin prioritet istiqamətlərinə daxil edilməlidir. Təsadüfi deyildi ki, Azərbaycanda Elmlər Akademiyası yaradılarkən onun rəhbərlərindən biri görkəmli filosof akademik Heydər Hüseynov olmuşdur və onun sağlığında ictimai elmlərin inkişafına xüsusi diqqət yetirilmişdir.
Bu gün Milli Elmlər Akademiyasında və universitetlərdə bu sahələrdəki tədqiqatların daha yaxşı təşkilinə və inkişaf etdirilməsinə böyük ehtiyac vardır. Son vaxtlarda Dağlıq Qarabağ problemi ilə bağlı müzakirələrdə üzə çıxan həqiqətlərdən biri də bu sahədə elmi tədqiqatların mütəşəkkil surətdə təşkil olunmaması faktı idi. Lakin humanitar və ictimai-iqtisadi sahələrdəki problemlərimiz təkcə bundan ibarət deyil. Azərbaycan keçid dövründədir, müstəqil dövlət qurur və bununla bağlı onlarca fəlsəfi, ictimai-siyasi, iqtisadi və s. xarakterli problemlər ortaya çıxır ki, onların da vaxtında tədqiqi və proqnozu üzrə məsuliyyət həm də elmin üzərinə düşür.
Beləliklə, fundamental, tətbiqi və ictimai elm sahələrinin hər birinin öz xüsusiyyətləri vardır. Və Azərbaycanda elmin inkişaf konsepsiyası hazırlanarkən və bu konsepsiyaya uyğun təşkilati formalar müəyyənləşdirilərkən bu xüsusiyyətlər mütləq nəzərə alınmalıdır. Nəzərə alınmalıdır ki, inkişaf etmiş ölkələrdə ictimai-siyasi quruluş və iqtisadi münasibətlər sistemi artıq qərarlaşdığından, onların bu sahədə ciddi problemləri yoxdur. Bu ölkələr elm dedikdə, əsasən təbiət elmlərini nəzərdə tuturlar. Burada prioritetlik də ola bilsin ki, məhz təbiət elmlərinə verilir. Lakin biz, yeni iqtisadi münasibətlərə keçən, yeni cəmiyyət və yeni dövlət quran, milli özünüdərk prosesinə yeni qədəm qoymuş olan bir xalq keçid dövründə prioritetliyi məhz bu quruculuq proseslərinin elmi-nəzəri əsaslarına vermək məcburiyyətindəyik. Lakin bu, əlbəttə, digər elmlərin sıxışdırılması hesabına həyata keçirilməməlidir.
Fundamental və tətbiqi elmlər
Ancaq nəzəriyyəni təcrübə ilə birləşdirən, nəzəri fikirlərini tətbiq edə bilən və onlardan əməli nəticə götürə bilən, cəmiyyətə, ölkəyə, xalqa konkret fayda gətirən insanlar alimlərin sırasında xüsusi yer tutur.
Dostları ilə paylaş: |