İlham Əliyev
Azərbaycanda yeni iqtisadi münasibətlərə keçid prosesinin başa çatması bütövlükdə ictimai həyatın elmi meyarlar baxımından yenidən dəyərləndirilməsini tələb edir. Cəmiyyətşünas alimlərimiz qarşısında nə vaxtsa Avropada yaradılmış və Qərb ictimai gerçəkliyini əks etdirən təlimlərin cazibə sahəsindən çıxaraq ən müasir gerçəkliyi ehtiva edən yeni konsepsiyalar yaratmaq vəzifəsi durur. Və Azərbaycanın ictimai fəzasında artıq bir canlanma müşahidə olunmaqdadır. Noyabr müşavirəsindən və akademik Ramiz Mehdiyevin “İctimai və humanitar elmlər: zaman kontekstində baxış” mövzusunda analitik məqaləsindən sonra bu sahədə çeşidli müzakirələr gedir, problemin bu və ya digər aspektinə dair KİV-də tanınmış alimlərin çıxışlarına geniş yer verilir.
Amma maraqlıdır ki, hətta bu müzakirələrdə də biz öz “ənənələrimizə” sadiq qalaraq bu və ya digər ictimai bir problemə münasibət məsələsində cari siyasət və konyuktur çərçivəsindən kənara çıxa bilmir, qoyulmuş konkret bir problemə analitik təhlildən daha çox, aksioloji aspektdə yanaşır, onun dərin genetik, qnoseoloji və ictimai köklərini araşdırmaq əvəzinə, sadəcə deyilənləri “təsdiq etmək”, – tərifləmək, onlara “dəstək verməklə” kifayətlənirik. Halbuki, noyabr müşavirəsi ictimai və humanitar elmlərə sadəcə münasibət məsələsi olmayıb, onların qarşısında konkret vəzifələr qoymuşdur. Cəmiyyətin hər hansı bir sahəsindəki nailiyyətlərə və problemlərə artıq yeni metodoloji əsasda yanaşılması tələb olunur. Yəni biz bir, tərəfdən akademik R.Mehdiyevin qaldırdığı məsələlərin aktuallığını qeyd ediriksə, onlara dəstək veririksə, digər tərəfdən, öz tədqiqatlarımızı yeni paradiqmanın tələblərinə uyğunlaşdıraraq ictimai proseslərin arxasında yox, ön cəbhəsində getdiyimizi, qabaqlayıcı araşdırmalar apardığımızı sübuta yetirməliyik. Düzdür, belə fundamental tədqiqatların mətbuatda tezliklə üzə çıxmasını gözləmək sadəlövhlük olardı, amma ən azı bu istiqamətdə işlərin getdiyinə əmin olmaq istərdik. Təəssüflə qeyd etməliyəm ki, AMEA-nın ictimai elmlər sahəsində elmi-tədqiqat institutlarının illik hesabatlarını və gələcək “planlarını” dinlədikdən sonra bu məsələdə olub-qalan nikbin gözləntilərim də itib-getdi.
Lakin diqqəti məsələnin başqa tərəfinə də yönəltmək olar. İndi müzakirələr Ramiz müəllimin yalnız adı çəkilən məqaləsi ətrafında gedir. Bundan bir qədər əvvəl isə R.Mehdiyev mətbuatda milli mənəviyyatımızla bağlı olan və aktuallığına görə ondan geri qalmayan başqa məsələlər qaldırmışdı. Ondan da əvvəl fəlsəfi fikrin müasir düşüncədə rolundan bəhs edən fundamental bir məqalə ilə çıxış etmişdi ki, bunlar hamısı bir-biri ilə sıx surətdə bağlıdır. Biz isə bəzən akademikin hər təzə əsəri çap olunanda, sanki əvvəlkiləri unudur və bütün problemlərimizə ancaq son məqalənin işığında nəzər salmağa çalışırıq. Belə münasibət də əslində bizim fəlsəfi düşüncədən daha çox, operativ publisistik düşüncəyə meylli olduğumuzu, uzunmüddətli, strateji araşdırmalardan daha çox, impulsiv reaksiyalara üstünlük verdiyimizi göstərir.
İctimai və humanitar elmlərin qarşısında duran vəzifələr həddindən artıq çoxdur. Müstəqillik elan olunduqdan üzü bəri, ictimai proseslər davam etsə də, sosial elmlər hələ də axtarışdadır. Əlbəttə, axtarış yaxşı şeydir, elmin əsas şərtlərindən biridir. Amma bizdə axtarış hələ ki, özünü axtarmaq səviyyəsindədir. Sovet dövründə özünüdərkə xidmət edən metodologiyadan total surətdə imtina olunduqdan sonra ictimai elmlər özünü hələ də tapa bilməmiş, stabil bir məcraya düşməmişdir; o hələ də öz predmetini və funksiyalarını “təzələməklə” məşğuldur.
Metodologiya məsələsi, əlbəttə, böyük məsələdir, strateji sahədir. Amma əvvəlcə nədən başlamaq lazım olduğunu müəyyənləşdirməliyik.
Məncə, hazırda ictimai elm nümayəndələrinin qarşısında duran yaxın və uzaq vəzifələr fərqləndirilməlidir.
Cari vəzifələr üç istiqamətdə qruplaşdırıla bilər:
Birincisi, akademik Ramiz Mehdiyevin ancaq axırıncı məqaləsindən deyil, son illərdə çap etdirdiyi və yeni ictimai gerçəkliyin elmi-nəzəri tədqiqi üçün metodoloji baza rolunu oynaya biləcək əsərlərini bir sistem halında nəzərdən keçirmək, bu əsərlərdə onun rəhbər tutduğu vahid ideya xəttini müxtəlif sahələrə ekstrapolyasiya etmək və həmin metodoloji əsasda yeni məsələlər ortaya qoymaq.
İkincisi, akademik Ramiz Mehdiyevin əsərləri bütün sonrakı tədqiqatlar üçün təkcə metodoloji baza yox, həm də bir stimul, ilk qığılcım olmalıdır. Yəni onun müzakirələri, indi olduğu kimi, artıq qoyulmuş problemlərin sadəcə təsdiqi və genişləndirilməsi ilə məhdudlaşmamalıdır; biz bu sahədə yazarkən işimizi yalnız R.Mehdiyevə istinad etmək formasında qurmayaraq, başqa ölkələrdə bu səpkidə aparılan tədqiqatlara da nəzər salmalı, öz aramızda da polemikaya girməli, bir-birimizin qaldırdığı məsələlərə də münasibət bildirməli, sözün həqiqi mənasında geniş və hərtərəfli fikir mübadiləsi aparmaqla, akademikin irəli sürdüyü ideyaları böyük bir zəncirvarı reaksiyanın təməl daşına çevirməliyik.
Üçüncüsü, artıq yeni paradiqmaya və yeni metodoloji əsaslara söykənən ilk fundamental tədqiqat işləri ortaya çıxmalıdır ki, onları nümunə kimi göstərmək mümkün olsun. Yəni gənc tədqiqatçılar üçün müəyyən bir cığır açılmalıdır.
Nisbətən uzunmüddətli tədqiqat tələb edən məsələlər isə aşağıdakılardan ibarətdir:
Birincisi, müasir dövrdə ölkəmizdə formalaşmış olan ictimai gerçəkliyi, Azərbaycan iqtisadi modelinin özünəməxsus xüsusiyyətlərini öyrənmək və onun sosioloji təhlilini vermək.
İkincisi, keçid dövrü başa çatdırıldıqdan sonra qarşıda duran perspektiv vəzifələri müəyyənləşdirmək və strateji inkişaf proqramlarının hazırlanması üçün elmi tövsiyələr irəli sürmək.
Üçüncüsü, yeni ideoloji kursun müəyyən edilməsi, ictimai şüurun yenidən formalaşan sosial idealın tələblərinə uyğun surətdə yönəldilməsi, təhsil sisteminin, habelə KİV-in fəaliyyət proqramlarının strateji hədəflərə uyğunlaşdırılması, bütün bu sahələrdə geniş miqyaslı maarifçilik işinə başlanması.
Dördüncüsü, siyasi və hüquqi mədəniyyətin formalaşdırılması, milli-fəlsəfi fikir ənənələri ilə müasir Qərb fəlsəfəsinin sintezindən çıxış etməklə ictimai və humanitar fəaliyyət sahələri üçün metodoloji baza yaratmaq.
Bütün bu şərtlərin ödənməsi üçün isə öncə fəlsəfi dünyagörüşü ilə ictimai elmlərin konkret məsələləri arasında əks-əlaqə sistemi yaradılmalıdır. Digər tərəfdən də, cəmiyyətşünas alimlərin müvəqqəti yox, müntəzəm tribunası olmalıdır. Televiziya kanallarının bu məsələyə ayda-ildə bir dəfə yer verməsi ilə ictimai rəyin formalaşdırılması mümkün deyil. Nəzərə alınmalıdır ki, təbiət elmlərindən fərqli olaraq sosial elmlər ictimai şüurla sıx surətdə bağlıdır. Yəni elmi tədqiqatlarla elmi-publisistik fəaliyyət paralel getməlidir.
Təəssüfləndirici haldır ki, elm adamlarının öz analitik yazılarını operativ şəkildə çap etdirməyə qəzet və jurnalları yoxdur. O boyda AMEA-nın orqanı heç həftədə bir dəfə də çıxmır. İldə bir-iki dəfə çıxan və ya çıxmayan jurnallar da təbii ki, belə aktual problemlərin işıqlandırılmasına imkan vermir; məqalə işıq üzü görənə qədər aktuallığı itir. Digər tərəfdən bu sahədə yazılan işlər sadəcə dissertasiya müdafiəsi üçün olmayıb, ictimai praktikada tətbiq üçün nəzərdə tutulursa, deməli yenə də operativliyə böyük ehtiyac var.
Bəs onda necə olsun? Biz elə “Azərbaycan” qəzetinəmi ümid bəsləməliyik? Axı, bu qəzet Akademiyanın yox, Milli Məclisin orqanıdır və sırf elmi yazılar çap edə bilməz. Akademikin məqaləsinə ilk reaksiyanın da məhz Milli Məclis üzvləri tərəfindən verilməsi təsadüfi deyil. Çünki onların ictimai-siyasi hadisələrə və ictimai şüura operativ müdaxilə etmək vərdişləri var. Bəs AMEA-da, Dövlət İdarəçilik Akademiyasında, BDU-nun müvafiq fakültələrində və digər elm-təhsil müəssisələrində məskunlaşmış və əsas vəzifəsi ictimai elmlərin inkişaf etdirilməsindən ibarət olan alimlər ordusu necə, – bu çağırışa operativ cavab verə bilirlərmi? Heç olmazsa, hər hansı bir hərəkət hiss olunurmu?
Axı, yeni paradiqmanı əvvəlkindən fərqləndirən əsas xüsusiyyətlərdən biri də siyasi tərəfkeşliyin operativ surətdə nümayiş etdirilməsindən tədricən ciddi elmi araşdırmalara, bu araşdırmaların müntə-zəm və dayanıqlı bir prosesə çevrilməsinə, müvafiq elmi-tədqiqat institutlarının və qurumlarının bütün potensialının səfərbər olunaraq real ictimai proseslərin elmi proqnozuna yönəldilməsindən ibarətdir.
Bizdə tək-tək şəxslər hər hansı bir sahədə xüsusi fəhm və istedad nümayiş etdirə bildiyi kimi, elmdə də tədqiqatçı fərdlər bəzən çox yüksək nəticələr göstərə bilirlər. Yəni bizim fərdi-genetik potensialla problemimiz yoxdur. Necə ki, şahmatda, güləşdə uğur qazana bildiyimiz halda, kollektiv oyunlarda buna nail ola bilmirik, eləcə də elmi məktəblər yaradılması, bütöv institutların kollektiv elmi fəaliyyətinin təşkili çətin olur.
Bununla belə, indi ölkəmiz elə bir inkişaf səviyyəsinə çatmışdır ki, humanitar və ictimai elmlərin, ümumiyyətlə elm sisteminin hərəkətə gəlməsi, ideya cəbhəsində önə keçməsi və öz öncül yerini tutması ciddi bir ictimai zərurətə çevrilmişdir. İctimai inkişaf özü bunu bizdən tələb edir.
Bəs ictimai gerçəklikdə baş verən mühüm yeniliklər nədən ibarətdir? Təkcə Azərbaycan miqyasında deyil, bütün dünyada gedən bir sıra yeni mahiyyətli ictimai-siyasi və iqtisadi-texnoloji məsələlərə, habelə məhz Azərbaycanın bu qlobal proseslərdə spesifik mövqeyinə dair fikirlərimi mən “Yeni dövrün yeni lideri” adlı məqaləmdə (“Xalq qəzeti”, 24 dekabr, 2009-cu il) ifadə etmişəm. İndi isə diqqəti ictimai-siyasi gerçəklikdə yaranmış vəziyyətin başqa bir cəhətinə yönəltmək istərdim. Müstəqilliyin ilk illərindən başlayaraq müəyyən səbəblərdən cəmiyyətin həddən artıq siyasiləşməsi, iqtidar və müxalifət arasında kəskin qarşıdurmalar, müxalifətin rasional tənqidi mövqedən deyil, total inkarçılıq mövqeyindən çıxış etməsi və iqtidaryönlü qüvvələrin də özünütənqiddən daha çox, özünümüdafiə mövqeyində durmaq məcburiyyəti analitik təhlil və hərtərəfli yanaşma üçün bir o qədər də əlverişli olmayan mühit yaratmışdı. İndi isə dövlətin neçə illərdir apardığı məqsədyönlü siyasət artıq öz bəhrələrini verdiyinə görə və müxalifətin ictimai fikri əks istiqamətə yönəltmək təşəbbüsləri iflasa uğradığına görə, cəmiyyətdəki siyasi qarşıdurma əhval-ruhiyyəsi tamamilə aradan götürülmüşdür ki, bu da iqtidara öz mövqelərini tənqidi-təhlil süzgəcindən keçirərək daha rahat surətdə analitik təhlillər aparmaq və ictimai şüuru tədricən siyasi fikir müstəvisindən elmi fikir müstəvisinə keçirmək imkanı vermişdir. Yeri gəlmişkən, bu cəhət akademik Ramiz Mehdiyevin son məqalələrindəki tənqidi ruhdan da aydın görünür. Belə ki, ictimai şüurun strukturunda siyasi nihilizmlə siyasi təbliğatçılıq arasındakı antaqonizmin öz yerini tədricən obyektiv elmi təhlil və özünütənqidə verməsi prosesinin artıq başlandığı sezilir. Bu isə ictimai elmlərə sosial sifarişin formalaşmasından xəbər verir. Akademik Ramiz Mehdiyev özü də yaranmış ictimai-siyasi situasiyanı məhz bu baxımdan dəyərləndirir: “Əgər dövlət müstəqilliyimizin bərpasının ilk illərində ictimai elmlərin nümayəndələri arasında müəyyən qütbləşmə mövcud idisə, bu gün cəmiyyətimiz öz inkişafının elə bir mərhələsinə çatıb ki, baş vermiş sosial-iqtisadi dəyişiklikləri bütünlüklə və geniş miqyasda dərk etmək üçün hər cür imkan vardır. Əslində, bu yaşadığımız tarixi anın mahiyyətini və məzmununu təşkil edir”.1
Baxmayaraq ki, bu sahədə ilk addım yüksək dövlət rəsmisi tərəfindən atılmışdır, biz bu hadisəni dövlət sifarişi kimi yox, məhz sosial sifariş kimi dəyərləndirməyin tərəfdarıyıq. Əslində Ramiz Mehdiyev özü də bu yazılarında bir dövlət rəsmisi olmaqla yanaşı, həm də və bəlkə daha çox dərəcədə bir filosof, tədqiqatçı alim kimi çıxış edir.
Fəlsəfə və ictimai elmlər
Marksist-leninçi fəlsəfədən imtina etdikdən və müstəqilliyimizin açdığı imkandan istifadə edərək milli fəlsəfi fikrimizi bərpa etmək, yaşatmaq imkanı qazandıqdan sonra bu sahədə bir axtarış dövrü başlansa da, aşkar bir nəticə hələ də ortada yoxdur. Bəziləri orta əsrlər dövrünün fəlsəfi mənbələrinə qayıtmağı, islam fəlsəfəsinə istinad etməyi, bəziləri də, əksinə, müasir Qərb fəlsəfi cərəyanları bazasında yeni fəlsəfi sistemlərin transfer olunmasını təklif edirlər. Yəni yeni fəlsəfi təlim olaraq ya klassik Şərq (İslam), ya da müasir Qərb modelləri örnək kimi götürülür. Lakin əslində bunların heç biri milli-fəlsəfi fikrin formalaşması üçün əsas kimi götürülə bilməz. Əlbəttə, bu təlimlər də öyrənilməli, onlardan istifadə olunmalıdır. Lakin bizim tədris və təbliğ etməli olduğumuz fəlsəfə ilk növbədə milli ruh və düşüncə üzərində qurulmalıdır. Milli ruh bu gün və ya dünən yaranmayaraq, qədim köklərə malikdir. Onun ən böyük daşıyıcısı dildir. Adət-ənənələrimiz, əxlaqi dəyərlərimiz, bədii-estetik meyarlarımız da milli ruhun əsas ifadəçiləridir. Bu mənada milli fəlsəfi fikrimizin qaynaqları ilk növbədə folklor, ədəbiyyat, musiqi və digər sənət növlərində, habelə həyat tərzində, dildə yatan hikmətdə axtarılmalıdır.
Rəsmi fəlsəfə professorlarının artıq vərdiş qazandıqları qəliblərdən çıxaraq milli ruhun ifadəsi olan yeni fəlsəfi sistem yaratmaq imkanları çox məhduddur. Ona görə də, milli fəlsəfi fikrin təməlində daha çox dərəcədə rəsmi fəlsəfənin stereotiplərini mənimsəməmiş olan insanların içdən gələn və buna görə də milli ruhla daha yaxşı səsləşən düşüncələri və mənəvi-ruhani etirafları durmalıdır.
İş burasındadır ki, uzun müddət ictimai şüurun formaları kimi və insanın ruhi-intellektual fəaliyyət sahələri kimi mövcud olan din, fəlsəfə və ədəbiyyat zaman keçdikcə həm üfüqi, həm vertikal istiqamətdə diferensiallaşmış, yeni alt sistemlər yaranmışdır.
Əlbəttə, müasir ictimai şüurun formaları sırasında fəlsəfi, dini və ədəbi-bədii şüurla yanaşı, əxlaqi şüur, estetik şüur, iqtisadi, siyasi və hüquqi şüur, son zamanlar hətta ekoloji şüur və s. də xüsusi qeyd edilir. Məntiqi və tarixi şüur isə çox vaxt ictimai şüurun formaları kimi deyil, metodları kimi təqdim olunur. Bunlar hamısı, bir tərəfdən, adi şüurun strukturuna daxil olaraq həm də mədəniyyətin sahələri kimi mövcuddur, digər tərəfdən də bu sahələrin hamısı kortəbiilik məcrasından ayrılaraq xüsusi tədqiqat predmetinə çevrilmiş, bəziləri özünüdərk, bəziləri də kənardan dərk mərhələsini keçərək mədəniyyətlə yanaşı, elmin strukturunda da özünə yer edə bilmişlər. Onların empirik və ya nəzəri idrak səviyyəsində mənimsənilməsindən asılı olaraq vertikal koordinat oxunda daha yüksək mərtəbələr, əslində fərqli statuslu hadisələr meydana gəlmişdir.
Biz bilərəkdən elmi ictimai şüur formaları arasında qeyd etmədik. Çünki elm, sadalanan sahələrlə yanaşı duran bir sahə olmayıb, hər bir sahənin vertikalında fərqli bir mərtəbə təşkil edir. Həmin sahə özünü artıq sadəcə ictimai şüur səviyyəsində deyil, ancaq intellektual elitaya məxsus olan yüksək bir mərtəbədə – dərk olunmuş bir hadisə kimi tapmış olur. Nəticədə din haqqında elm, əxlaq haqqında elm, ədəbiyyat haqqında elm, sənət haqqında elm, siyasət haqqında elm, hüquq haqqında elm formalaşır.
İctimai tərəqqinin ilk mərhələsi iqtisadi təminatla bağlıdırsa, daha yüksək inkişaf mərhələsində mənəvi ehtiyacların ödənilməsi önə keçir.
Yəqin buna görədir ki, son vaxtlar ölkəmizdə fəlsəfəyə diqqətin xeyli dərəcədə artdığı hiss olunur. Fəlsəfəyə münasibətin aktuallaşması akademik Ramiz Mehdiyevin Azərbaycanda fəlsəfi fikrin vəziyyətinə öz münasibətini bildirməsindən başladı. Onun «Zaman haqqında düşünərkən və elitanı transformasiya edərkən: varislik və innovasiyalılıq» adlı iri həcmli məqaləsində qoyduğu bir sıra məsələlər bütün elmi ictimaiyyəti bu barədə düşünməyə vadar etdi. Bu sahədə ikinci mühüm addım keçən il mayın 2-də akademik Ramiz Mehdiyevin rəhbərlik etdiyi Azərbaycan Fəlsəfə və Sosial-Siyasi Elmlər Assosiasiyasının (AFSEA) keçirdiyi «Müasir dünyada yeni düşüncəyə ümumi baxış» mövzusunda beynəlxalq elmi-fəlsəfi konfrans oldu. Konfrans geniş ictimaiyyətin diqqətini bir daha ölkəmizdə fəlsəfənin öyrənilməsi, tədrisi və təbliği problemlərinə yönəltdi. Tədbirin iştirakçıları Azərbaycan Respublikasının Prezident Administrasiyasının rəhbəri, AFSEA-nın prezidenti akademik Ramiz Mehdiyevin qoyduğu proqram xarakterli məsələləri müzakirə edərkən fəlsəfənin tədrisi ilə bağlı bir sıra problemlərə də toxundular. Dövlət rəhbərliyinin elmi-fəlsəfi ictimaiyyəti narahat edən bu məsələlərə reaksiyası uzun sürmədi. Universitet rektorlarına tapşırıldı ki, fəlsəfi fənlərin tədrisində vəziyyət barədə təcili surətdə məlumat hazırlansın. Fəlsəfə və ictimai elmlərin tədrisində vəziyyət məsələsi nəzarətə götürüldü.
May ayının 5-də isə akademik Ramiz Mehdiyevin «Qlobal inteqrasiya və Azərbaycanda fəlsəfi fikrin yenidən nəzərdən keçirilməsinə dair» sanballı məqaləsi dərc olundu və burada fəlsəfi fikirlə yanaşı, ona münasibətin də dəyişməsinə olan ehtiyacdan söhbət açıldı. Akademik öz məqaləsində xüsusilə vurğulamışdır ki, «ölkəmizdə fəlsəfi fikrin indiki inkişaf səviyyəsi qənaətbəxş hesab oluna bilməz. Belə ki, ictimai həyatımızın müxtəlif sahələrində əldə olunmuş böyük uğurlar və sürətli tərəqqi kontekstində fəlsəfi araşdırmaların səviyyəsi xeyli zəif görünür. Bəzən fəlsəfi fikir reallığın önündə getmək əvəzinə, ondan geri qalır, hadisələr nəzəriyyəni önləyir və bu sahədə yazılanlar çox vaxt təsviri xarakter daşıyır. Proseslərə münasibətdə belə bir dinamizm tələb olunan dövrdə hələlik sosial, siyasi, iqtisadi sahələrdə intensiv inkişafın xüsusiyyətlərinə uyğun, yalnız nəzəri deyil, həm də praqmatik yönümlü proqram və konsepsiyalar mövcud deyildir». Bu konsepsiyaların yaradılması üçün tək-tək tanınmış mütəxəssislərin fəal səyləri yetərli deyil. Bunun üçün fəlsəfi elmlər sahəsində ölkəmizin bütün kadr potensialının səfərbər olunması nəzərdə tutulur. R.Mehdiyev yazır: «Azərbaycan dünyada gedən siyasi və iqtisadi proseslərdə fəal mövqe tutduğu kimi, alimlərimiz yeni əsrin ideya-fəlsəfi paradiqmasının formalaşmasında da fəal iştirak etməlidirlər. …Bütövlükdə ictimai elmin nüfuz və statusunu qaldıran, onu dünyada tanıda bilən tədqiqatlar ortaya qoyulmalıdır». 1
Bu xətt noyabr müşavirəsində də davam etdirildi. Biz fəlsəfi fənlərə dövlət qayğısının təzahürünü son vaxtlar kütləvi informasiya vasitələrinin münasibətində də hiss etdik. Deməli, necə deyərlər, yuxarılar öz üzərinə düşəni etdi, indi növbə bizimdir.
Biz sovet dövrünə tam nihilist bir münasibət bəsləməyin əleyhinəyik. Rusiyanın fəlsəfəçiləri də bizim kimi kommunist ideologiyası ilə hesablaşmaq məcburiyyətində idilər. Amma onların arasından Losev, İlenkov, Zinovyev, Mamardaşvili, Styopin kimi yaradıcı tədqiqatçılar da çıxmadımı? Həm də Zinovyev istisna olmaqla, onların heç biri açıq antisovet çıxışları etməmişdir. Lakin bununla belə yazdıqlarının məzmununa görə onların əsərləri ümumbəşəri fəlsəfi fikir tarixində özünə yer ala bilmişdir. Onların yaradıcılığında biz ideoloji məqamları yox, fəlsəfi baxımdan önəmli olan cəhətləri dəyərləndiririk. O tədqiqat fəlsəfi hesab oluna bilər ki, ideologiya atıldıqdan sonra da, əsas məzmun yerində qalmış olsun. Marksizm-leninizm fəlsəfəsi sadəcə ideologiya deyildi. O, bir fəlsəfi sistem kimi də ziyanlı idi. Və biz siyasi müstəqillik əldə etdikdən sonra fikir müstəvisində də müstəqilliyə nail olmalı idik. Lakin biz nə etdik? Marksın, Engelsin, Leninin adlarını və onların əsərlərindən parçaları çıxarıb atdıqdan sonra həmin sistemi və ideya xəttini eynilə saxlamadıqmı? Tələbələrə həmin materialist ruhu aşılanmırdımı? Hələ bu gün də bəziləri fəlsəfəni nə isə din əleyhinə olan bir şey kimi təsəvvür etmirmi? Məsələn, Leninin adını çıxarıb, materiyanın tərifini yenə də olduğu kimi vermək, zamanı-məkanı yenə də materiyanın mövcudluq formaları kimi təqdim etmək, yenə də dialektikanı metafizikaya qarşı qoymaqla yeni fəlsəfə sistemi yaratmaq mümkündürmü? Amma müstəqillik illərinin ilk fəlsəfə dərslikləri belə yarandı.
Fəlsəfənin özü məlum olsa, onun dərsliyini yazmaq ancaq metodiki bir işdir. Çətin olan da məhz seçim etməkdir, hansı fəlsəfənin, hansı təlimin əsas kimi, baza kimi götürülməsidir.
Təbii ki, biz bu dünyada tək deyilik və boylanıb ilk növbədə qonşularımıza baxırıq. SSRİ dağıldıqdan sonra ruslar hansı fəlsəfi təlimləri prioritet kimi götürdülər və nə kimi bir fəlsəfə dərsliyi ortaya qoydular? Yaxud postsovet məkanının başqa xalqları. Maləsəf, Rusiyada da «fəlsəfə axtarışı» marksizm klassiklərinin sadəcə atılması ilə başladı. İkinci addım isə qeyri-marksist fəlsəfə tarixinə daha çox yer vermək oldu. O dərəcədə çox ki, bəzən marksizm fəlsəfə tarixindən bütövlükdə çıxarıldı. Tarixdən çıxarıldı, amma fəlsəfə kurslarının əsas məzmunundan çıxarıla bilmədi. Məqsəd kimlərinsə yalnız üzdə olan izini çıxartmaq olanda yerində nə isə şikəst bir şey qalır.
Bəlkə biz gözləyək, ruslar nə vaxt fəlsəfə prioritetlərini müəyyənləşdirib qurtaracaqlar, ondan sonra biz də onlardan, tərcümə edərik. Yeri gəlmişkən, Rusiyada da bu qeyri-müəyyənlik hələ aradan götürülmədiyindən, fəlsəfə dərslikləri daha çox dərəcədə tarix üzərində qurulur. Məsələn, Lomonosov universitetində hazırlanan və Rusiya universitetləri üçün əsas dərslik kimi təsdiqlənmiş kitabda nə az, nə çox 430 səhifə fəlsəfə tarixinə ayrılmışdır ki, bundan İslam dünyasına və ümumiyyətlə Şərq fəlsəfi fikrinə heç yarım səhifə də pay düşmür. Deməli, bu bizim üçün örnək ola bilməz.
Amma bizim boylanmağımız üçün ikinci bir ünvan da vardır. Bu – Türkiyədir. Lakin burada fəlsəfi fikir iki əks cəbhəyə parçalanmışdır. Qərb meylli dərsliklər elə Moskvada çıxanları xatırladır. İslam yönlü fəlsəfəçilərin yazdıqları isə bir növ orta əsrlərdə itərək müasir dövrün düşüncə tərzini əks etdirə bilmir. Deməli, bizim indi üzləşdiyimiz problemi Türkiyəli qardaşlarımız da hələ indiyədək həll edə bilməyiblər. Lakin onlar bu qarşıdurmadan xilas olmaq üçün çox vaxt fərqli bir yol seçirlər. «Fəlsəfəyə giriş», «Fəlsəfənin əsasları» tipli dərsliklərə fəlsəfə tarixi xüsusi bölmə kimi daxil edilmir. Ancaq ayrı-ayrı fəlsəfi problemlər öyrədilir ki, fəlsəfə tarixinə və klassiklərinə də bu problemlərin izahı kontekstində müraciət edilir. Başqa sözlə desək, fəlsəfə tarixi fəlsəfi məzmun içərisində əridilmiş olur. Lakin əsas məsələ də məhz bu məzmunun necə seçilməsi, onun daxilində kimlərin əridilməsidir.
Beləliklə, cəmiyyətşünas alimlərin bir vəzifəsi ölkəmizdə gerçək ictimai prosesləri tədqiq etmək, ictimai-siyasi və iqtisadi sahələrdə əldə olunmuş uğurların ümumiləşmiş elmi mənzərəsini yaratmaq, dünyada artıq Azərbaycan modeli kimi tanınan iqtisadi yenidənqurmanın mahiyyətini açmaqdan ibarətdirsə, digər vəzifə milli mədəni-mənəvi dəyərlərin elmi-fəlsəfi meyarlarını işləyib-hazırlamaq, milli fəlsəfi fikri yeni dövrün tələblərinə uyğun surətdə inkişaf etdirməkdir. Və bu işdə alimlərimizlə yanaşı, geniş ziyalı ictimaiyyətinin, xüsusilə öz gündəlik işində ictimai şüurun formalaşmasına təsir göstərə bilən insanların, təhsil işçilərinin, kütləvi informasiya vasitələrinin üzərinə böyük məsuliyyət düşür.
İqtisadiyyat, elm və ideologiya
Azərbaycan iqtisadi cəhətdən artıq oturuşmuş dövlət kimi tanınır. Mən hesab edirəm ki, biz artıq iqtisadi sahədə keçid dövrünü başa vurmuşuq.
İlham Əliyev
Qloballaşma və inteqrasiya şəraitində Azərbaycanın yeritdiyi iqtisadi siyasət keçid dövrünü yenicə başa vuran müstəqil dövlətin qabaqcıl dünya ölkələri sırasına çıxmasına xidmət edir. Bu məqsədlə ölkəmizdə yaxın və uzaq gələcək üçün fəaliyyət proqramları işlənib-hazırlanır. Ölkənin həm regional inkişafı, həm də dünya iqtisadiyyatının subyektindən biri kimi fəaliyyət strategiyası vahid konseptual baxış mövqeyindən həyata keçirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə müvəffəqiyyətlə reallaşdırılan bu proqramlar Azərbaycanın istər qonşu dövlətlərlə, istərsə də qabaqcıl Avropa dövlətləri və ABŞ-la iqtisadi əlaqələrini də əhatə edir. Son illərdə ölkəmizin iqtisadi əlaqələrinin coğrafiyası daha da genişləndirilmişdir. Lakin bütün bu çoxşaxəli əlaqələr sisteminin vahid bir prinsipi vardır. Bu da ondan ibarətdir ki, hər hansı ikitərəfli və çoxtərəfli iqtisadi münasibətin qurulmasında ilk növbədə ölkəmizin milli maraqları rəhbər tutulur. Belə geniş miqyaslı iqtisadi siyasət və bu sahədəki fəaliyyət proqramı Azərbaycanın təsərrüfat sisteminin özəlliklərini nəzərə almaqla bərabər, onun dünya iqtisadiyyatına inteqrasiya olunması üçün də lazım olan bütün parametrləri ehtiva edir.
Qloballaşma şəraitində milli özünəməxsusluğun qorunub saxlanması, habelə, milli mənəvi dəyərlərə sədaqətlə yanaşı, ümumbəşəri dəyərlərin, azad iqtisadi münasibətlər sisteminin, beynəlxalq hüquq normalarının və s. inkişaf etdirilməsi, – bütün bunlar Azərbaycanın ictimai-siyasi simasını, onun özünəməxsus beynəlxalq imicini formalaşdırmışdır.
Keçmişdə hər hansı bir dövlət öz siyasi iradəsini başqa ərazilərdə də tətbiq etmək üçün əvvəlcə həmin əraziləri müharibə yolu ilə işğal etməli idi. Təsadüfi deyildir ki, ənənəvi təsəvvürlərə görə dövlətin əsas atributlarından biri də suverenlik, sərhəd və ordu hesab olunur. Bu təsəvvürə görə, müəyyən bir ərazidə müəyyən hüquq normalarını tətbiq etmək, sosial-iqtisadi həyatı dövlətin siyasi iradəsini ifadə edən normalarla tənzim etmək üçün ilk növbədə sərhəd toxunulmazlığı təmin olunmalıdır.
Lakin zaman keçdikcə sərhəd öz mənasını dəyişir. Sərhəddin qorunması müasir anlamda heç də o demək deyildir ki, buradan bir quş da keçə bilməz. Əksinə, müasir dövrdə gediş-gəliş xeyli artmışdır. Böyük şəhərlərdə bəzən xaricilər yerli vətəndaşlardan daha çox gözə dəyir. Əsas məsələ odur ki, həmin ölkədəki qanunlara, hüquq normalarına əməl olunsun.
Müasir dövrdə dünyada hadisələrin inkişafı vahid iqtisadi münasibətlər sisteminin, ortaq ümumdünya bazarının yaradılması istiqamətində gedir. Düzdür, inkişaf etmiş ölkələr öz üstün mövqelərinə istinad edərək, özlərinin daxil olduqları ümumi iqtisadi məkanın (məsələn, Avropa Birliyi) qapılarını nisbətən aşağı səviyyədə olan ölkələr üçün taybatay açmır və bu da təbiidir. Nə qədər ümumbəşəri mənafedən, vahid sosial ideallardan söhbət getsə də, hələ milli dövlət mənafeləri saxlanılır və yalnız eyni tərtibli ölkələrin inteqrasiyasından söhbət gedə bilər. Və bu inteqrasiyaya qoşulmaq üçün əvvəlcə həmin ölkələrin keçmiş olduğu inkişaf mərhələlərini keçmək, onların çıxdığı sınaqlardan çıxmaq lazımdır.
İstəsək də, istəməsək də müasir sivilizasiyaya qovuşmaq üçün inkişaf etmiş Qərb ölkələrinin keçdiyi yolu biz də keçməli olacağıq. Lakin bizim əlimizdə bu ölkələrin keçdiyi yolların xəritəsi var və biz tarixin ibrət dərslərini nəzərə alsaq, ilk yol açanların bütün səhvlərini təkrar etmərik. Bunun üçün, əlbəttə, tarixi də, iqtisadiyyatı da, müasir dünyanın inkişaf meyllərini də gözəl bilmək tələb olunur. Belə çətin bir zamanda həm dünya iqtisadiyyatına inteqrasiya olunmaq, həm də milli-mənəvi dəyərləri qoruyub saxlamaq üçün düzgün inkişaf strategiyası və yaxşı ölçülüb-biçilmiş mükəmməl siyasi proqram tələb olunur. Belə proqramlar isə möhkəm elmi təmələ malik olmalıdır. Bunun üçün də ictimai elmlərin yüksək dərəcədə inkişaf etdirilməsinə ehtiyac vardır. Akademik Ramiz Mehdiyev yazır: “Sürətli sosial-iqtisadi inkişaf ictimai elmlər qarşısında yeni vəzifələr irəli sürür, ictimai elmlər üzrə çalışan alimlərin məsuliyyətini nəzərəçarpacaq dərəcədə artırır, bu sahədə verilən bütün səmərəli fikir və təkliflərə tam ciddiyyətlə, özünütənqid ruhunda yanaşaraq, onları diqqətə almağı və lazımınca qiymətləndirməyi tələb edir. …İctimai elmlərin cəmiyyətimizdəki mövqeyini, bütövlükdə bu elmlərin mövcud vəziyyətini ölkəmizin indiki inkişaf mərhələsinin irəli sürdüyü tələblər baxımından qənaətbəxş hesab etmək olmaz. Onun nüfuzunun yüksək olmamasının səbəbləri nədir? Bizim fikrimizcə, başlıca səbəb ictimai biliklərin insanların artan tələbatından, həmçinin cəmiyyətin həyatında baş verən hadisələrin analitik təhlilindən geri qalmasıdır.”1
Belə bir cəhət də nəzərə alınmalıdır ki, qloballaşma şəraitində dünya iqtisadiyyatının və beynəlxalq miqyaslı ictimai-iqtisadi proseslərin daha dərindən öyrənilməsinə ehtiyac vardır. Çünki kim ki, bilmədiyi, yəni özü üçün qaranlıq olan bir sahəyə daxil olur, o ancaq itirə bilər. Yeganə işıqlandırıcı vasitə isə elmdir. Müasir dövrdə baş verən dünya iqtisadi böhranının da elmi təhlil süzgəcindən keçirilməsi vacibdir. Düzdür, biz bu böhrandan ən az zərər çəkən ölkələr sırasındayıq, amma proseslər hələ davam edir və biz hər şeyə hazır olmalıyıq.
Vahid dünya bazarının olması, açıq iqtisadi siyasət ilk baxışda daha çox geri qalmış ölkələr üçün əlverişli görünsə də, əslində inkişaf etmiş ölkələrin də buna böyük ehtiyacı vardır. Daha doğrusu, ictimai, elmi-texniki inkişaf prosesinin özü bunu tələb edir. Belə ki, külli miqdarda investisiya hesabına artıq kütləvi istehsalda qərarlaşmış texniki və texnoloji sistemlərin tez-tez dəyişdirilməsi sahibkarlara böyük ziyan verə bildiyindən, kapital dünyası intensiv elmi-texniki tərəqqinin, texnologiyaların tez-tez modernləşdirilməsinin əleyhinə çıxa bilərdi. Cari mənafe ilə perspektiv texniki tərəqqi arasındakı ziddiyyət ümumən ictimai inkişaf üçün əngəl törədə bilərdi. Lakin geri qalmış ölkələrin “qapılarının açıq olması” nisbətən köhnəlmiş texnikanı həmin bazarlarda xırıd etməyə və öz ölkələrində ən müasir texnoloji sistemləri tətbiq etməyə imkan yaradır.
Buna görə də, inkişaf etmiş ölkə heç vaxt bütün ölkələrin texniki inkişaf səviyyələrinin bərabərləşməsini istəməz. Ən qabaqcıl ölkələrin özlərindən bir az geri qalan ölkələrə, onların da öz növbəsində daha çox geri qalan ölkələrə ehtiyacı vardır.
Hər dəfə daha yüksək elm tutumlu olan müasir texnika icad olunduqdan sonra, istifadədən çıxarılan əvvəlki texnika “mənəvi cəhətdən köhnəlmiş” (yəni özü təzə olsa da, əsasında dayanan ideya köhnəlibdir) sayılır və onlar nisbətən aşağı səviyyəli ölkələrə ixrac olunur.
Bu iyerarxiya – ölkələrin texnoloji qradasiyası və çoxpilləli düzülüşü hərbi texnika timsalında özünü daha qabarıq göstərir. Əvvəla, elmi-texniki potensial daha çox dərəcədə hərbi-sənaye kompleksinə deyil, humanitar yönlü iqtisadiyyata, bütövlükdə cəmiyyətin tərəqqisinə xidmət etməlidir. İşdə isə məhz hərbi sənaye elmi-texniki inkişafın əsas tətbiq sahəsinə çevrilir. Çox vaxt beynəlxalq siyasət də iqtisadi mənafeyə tabe etdirilir. Böyük dövlətlərin (məs., ABŞ və Rusiya) öz aralarındakı rəqabət hərbi texnikanın daim təkmilləşdirilməsini tələb etdiyindən, “mənəvi cəhətdən köhnəlmiş” hərbi texnikanın satılması üçün bazara həmişə ehtiyac olur. Ona görə də qabaqcıl dövlətlərin və böyük hərbi sənaye şirkətlərinin mənafeyi nisbətən geri qalmış ölkələrdə müharibə və münaqişə şəraitinin saxlanmasını tələb edir.
XX əsrin son rübündə kompüterləşmənin sürətli inkişafı və onun iqtisadiyyatın, ictimai həyatın bütün sahələrinə nüfuz etməsi, xüsusən internet şəbəkəsinin geniş yayılması qloballaşma üçün texnoloji bazis hazırlamışdır. Bu sahədə üstün texniki inkişaf səviyyəsində olan dövlətlər öz yüksək ixtisaslı mütəxəssislərinin köməyi ilə dünyada gedən proseslərə daha operativ və effektli təsir etmək imkanı qazanırlar.
İndi elektron poçtu və internet nəinki kommunikasiyanın ən səmərəli və sürətli vasitələrinə çevrilmişdir, nəinki beynəlxalq iqtisadi əlaqələrin gediş-gəlişsiz, qat-qat operativ olan üsullarını yaratmışdır, həm də millətlərin mədəni-mənəvi inkişaf istiqamətlərinə təsir göstərmək imkanı əldə etmişdir. Bu sonuncu amil, yəni internetin maarifləndirmək funksiyası ilə yanaşı, həm də ideoloji və mədəni-mənəvi təsir funksiyaları qloballaşma prosesində çox önəmli yer tutur.
Müasir dövrdə ən aktual problemlərdən biri milli özünütəsdiq və qloballaşma arasındakı optimal nisbətin tapılmasıdır. Qloballaşma prosesi elm, texnika, texnologiya ilə – ümumbəşəri dəyərlərlə yanaşı milli kimliyi təsbit edən mədəni-mənəvi amillərə də sirayət etməyə cəhd göstərir. İstər düşünülmüş şəkildə, istərsə də qərəzsiz olaraq – fərqi yoxdur. Belə bir şəraitdə ilk növbədə nələri qorumaq lazım olduğunu, məhz hansı məsələlərdə məqsədyönlü surətdə ənənəçi, konservator olmağın labüdlüyünü müəyyənləşdirmək çox vacibdir. Təsadüfi deyildir ki, prezident İlham Əliyev də bu məsələyə xüsusi diqqət yetirir: “Bir daha demək istəyirəm ki, dünyanın ən mütərəqqi təcrübəsi öyrənilməlidir, eyni zamanda, Azərbaycan gəncləri milli ruhda tərbiyə olunmalıdır. Biz əsrlər boyu başqa ölkələrin, imperiyaların tərkibində yaşamışıq. Ancaq öz milli dəyərlərimizi, ənənələrimizi qoruya bilmişik, saxlaya bilmişik. Öz ana dilimizi saxlaya bilmişik. Nəyin hesabına?! Ona görə ki, Azərbaycan xalqında milli ruh həmişə çox yüksək səviyyədə olmuşdur”. Digər tərəfdən, müasir dövrdə yüksək milli ruhun həm də yüksək analitik təfəkkürlə birləşməsi tələb olunur.
Bizcə, ilk növbədə meyarlar müəyyənləşməlidir. İdeal halda biz özümüzü necə təsəvvür edirik və ya bizim milli-mənəvi idealımız nədən ibarətdir? İndi biz hansı real durumdayıq və daşıdığımız hansı keyfiyyətləri məhz milli səciyyə kimi qiymətləndirmək olar? Keçmişə də məhz bu real durum və milli ideal prizmasından, onun əsasında formalaşan meyarlar kompleksindən çıxış edərək yanaşmaq lazımdır. “Soykökə qayıdış” çağırışında qorxulu olan məqam bundan ibarətdir ki, biz keçmişimizdə olan istənilən keyfiyyəti milli invariant və pozitiv cəhət kimi qəbul edə bilmərik. Həqiqi milli keyfiyyətlər milləti yaşadan, onu inkişaf etdirən keyfiyyətlərdir. Bu baxımdan keçmişimizdən qalan, lakin tərəqqiyə deyil, tənəzzülə xidmət edən cəhətləri qoruyub-saxlamaqdansa, onlardan xilas olmaq yolu tutulmalıdır.
Qloballaşma ilə öz inkişafının erkən mərhələsində üzləşməli olan, müasir cəmiyyətə hələ təzəcə qədəm qoymuş olan ölkələrdə bu prosesin ideologiyası yerli mütəxəssislərin, filosofların iştirakı ilə hazırlanmalıdır. Bəzən Qərb siyasətçiləri keçid dövründə olan və ya bu dövrü yenicə başa vuran ölkələrin spesifik xüsusiyyətlərini nəzərə almır və bu ölkələri Qərb standartlarına uyğunlaşdırmaq siyasəti yürüdürlər. Nəticədə milli ideologiyasızlaşdırma tərəfdarı olan Qərb dövlətləri guya özləri də bilmədən, bizə yeni ideologiya təlqin etmiş olurlar və ya bunun fərqinə varmırlar. Belə ki, inkişaf etmiş Qərb ölkələrində formalaşmış siyasi və hüquqi meyarlar və dəyərlər sistemi həmin ölkələrdə mövcud ictimai reallığın ifadəsi olduğu halda, bizə təlqin olunarkən məhz yeni ideologiya rolunu oynayır. Həm də heç olmasa nəzəri səviyyədə müzakirə olunmadan, artıq konkret tətbiqi formalara salınmış bir şəkildə.
Bu baxımdan, qloballaşma deyilən proses əslində həm də Qərb standartlarının ideologiyaya çevrilməsi prosesidir. Qərbdə cəmiyyətin real durumuna və insanların şüur səviyyəsinə uyğun gələn təşkilati formalar və hüquqi sistemlər hələ müvafiq inkişaf səviyyəsinə çatmamış olan ölkələr üçün doğma görünə bilməz. Bu, əslində, cəmiyyətin ondan kənarda formalaşmış modellərə uyğunlaşdırılması, yad qəliblərə salınması prosesindən başqa bir şey deyildir.
İndi Azərbaycanda nə kimi ideoloji proseslər gedir? Qərbin təklif etdiyi hüquq sistemi və ictimai-siyasi dəyərlər sistemi bizim üçün ideologiyaya çevrilirmi? Əgər bu belədirsə, Qərbin siyasi-hüquqi sisteminin əsasında duran düşüncə tərzi və sosial-siyasi təlimlər Azərbaycanda necə yayılır və kütləvi şüura nə dərəcədə nüfuz edir? Əgər bu belə deyilsə, onda müstəqil surətdə formalaşan milli ideologiya və onun tərkib hissəsi olan milli dövlətçilik konsepsiyası ilə Qərb hüquq sistemi arasında bir ziddiyyət yaranmırmı? Yeni ölkəyə transfer edildikdə bu ziddiyyət daha qabarıq şəkildə üzə çıxmırmı?
Daxili inkişaf meylləri və xarici təsirlər arasında belə mürəkkəb münasibətlərin olması Azərbaycanın dövlətçilik siyasətində nə dərəcədə nəzərə alınır?
Bütün bu suallara cavab tapılması üçün ictimai elmlər sahəsində köklü dönüş yaradılmalıdır. Akademik Ramiz Mehdiyev də noyabr müşavirəsində və “İctimai və humanitar elmlər: zaman kontekstində baxış” mövzusunda yazdığı analitik məqaləsində cəmiyyətşünas alimlərə məhz bu yenilikləri nəzərə almağı və öz tədqiqatlarını yeni metodoloji əsasda qurmalarını tövsiyə edir. O, öz məqaləsində əsasən ictimai və humanitar elmlərdən bəhs edir və bu sahələrdəki mövcud vəziyyətin qənaətləndirici olmadığını qeyd edir. Lakin məqaləni diqqətlə oxuduqda burada həm də ümumiyyətlə humanitar sahədən söhbət getdiyi aydın olur. Məsələn, ədəbiyyatımızdakı vəziyyətlə bağlı fikirləri onun artıq «humanitar elm» çərçivəsindən çıxaraq, vəziyyətə daha geniş planda nəzər saldığını göstərir. Bu geniş planda baxışlara biz akademikin bundan bir qədər əvvəl televiziya kanallarında ideoloji və mənəvi vəziyyətlə bağlı yazdığı “Azərbaycanın efir məkanı: problemlər və vəzifələr” adlı məqaləsində, habelə AzərTAc-ın müxbiri ilə söhbətində (18 dekabr) rast gəlirik. O deyir: «Artıq müasir dünyamız, Azərbaycan da daxil olmaqla, postmodern epoxasını yaşamağa başlayıb. İyirmi ilə yaxındır ki, bu proses get-gedə vüsət almaqdadır. Bizim ictimai və humanitar elmlərimiz də, ədəbi mühitimiz də postmodern epoxasının çağırışlarına cavab verməyə qadir olmalıdır. İş ondadır ki, insanlar və dövlətlər arasında yeni münasibətlər bərqərar olur, dəyərlər sistemi dəyişir, yeni prioritetlər müəyyənləşir, yeni düşüncə mədəniyyəti formalaşır. Biz həmin proseslərdən geri qalmamalıyıq».
Yalnız ilk baxışda belə görünə bilər ki, ictimai elmlərin aktuallaşması ancaq ölkəmizin iqtisadi sahədəki uğurlarının təsbit olunmasına yönəlmiş bir prosesdir. Yəni əgər biz iqtisadi sahədə keçid mərhələsini başa vurmuşuqsa, deməli qədəm qoyduğumuz mərhələnin yeni iqtisadi meyarlarının və prinsiplərinin müəyyənləşdirilməsinə ehtiyac yaranmışdır. Azərbaycan iqtisadi modelinin mahiyyətinin açılması, onun elmi-metodoloji prinsiplərinin müəyyənləşdirilməsi, doğrudan da, az əhəmiyyətli məsələ deyildir. Lakin bu problemlər, göründüyü kimi, əsasən iqtisadi nəzəriyyənin predmetinə daxildir. Bəs onda nəyə görə bütövlükdə ictimai elmlərdən, hətta ümumən ictimai və humanitar elmlərdən söhbət gedir? Bax, bütün məsələ də burasındadır ki, iqtisadiyyat məqsəd yox, vasitədir və iqtisadiyyatda əldə olunan böyük uğurlar bütövlükdə cəmiyyətdə keyfiyyət dəyişmələrinə gətirib çıxarır və ya çıxarmalıdır. Bu baxımdan, amerikan alimi V.Follersin “Milli dövlətin antropologiyası” əsərində irəli sürdüyü belə bir fikrini yada salmaq yerinə düşərdi ki, millətin və milli dövlətin ən ciddi problemləri iqtisadiyyatla və ya hətta siyasət və müdafiə sistemi ilə deyil, daha çox dərəcədə qeyri-maddi, mənəvi göstəricilərlə bağlıdır. Onun fikrinə görə, xalqın ictimai-siyasi, iqtisadi və milli müdafiə sistemlərində fəal iştirak dərəcəsi milli ləyaqət hissi ilə sıx surətdə bağlıdır və bu hissin formalaşdırılması isə xeyli dərəcədə “biz kimik?” sualına cavabdan asılıdır. Təsadüfi deyildir ki, S.Hantinqton da özünün son əsərlərindən birini “Biz kimik?” adlandırmışdır. Deməli milli kimlik və mədəni-mənəvi identiklik məsələsi iqtisadi problemlərdən daha aktual hesab olunur. Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin BDU-nin 90 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə iqtisadi uğurlardan danışmaqla bərabər, gənclərin milli-mənəvi tərbiyəsi məsələlərini önə çəkməsi də təsadüfi deyil. Belə ki, prezident neft kapitalından insan kapitalına keçiddən danışarkən, məhz insanın mənəvi və intellektual keyfiyyətlərinin inkişaf etdirilməsini nəzərdə tutur.
Pul, var-dövlət insan həyatında həlledici ola bilməz. İnsan üçün də, cəmiyyət üçün, ölkə üçün də belədir. Hətta iqtisadiyyat üçün də.
Avropada kapitalın həlledici olduğu dövr arxada qalmışdır. Vaxtilə K.Marksın təhlil etdiyi cəmiyyət artıq çoxdan yoxdur. İndi insan əməyi istehsal prosesində təkcə fiziki iş qüvvəsi ilə deyil, daha çox dərəcədə zehni əmək və onunla vasitələnmiş olan ixtisaslaşmış əmək formaları ilə təmsil olunur. Son əsrdə cəmiyyətin sosial en kəsiyində, habelə iqtisadiyyatın daxili strukturunda baş verən dəyişikliklərin geniş təhlilinə keçmədən, sadəcə olaraq nəzərə çatdırmaq istərdik ki, indi «kapital» amili elm və texnologiya ilə vasitələnmiş, habelə ticarətin və ümumiyyətlə iqtisadiyyatın idarə olunmasında «bilik» amili tərəfindən getdikcə daha çox sıxışdırılmış, prioritetlər dəyişmişdir. Bu dəyişiklikləri nəzərə almaq üçün inkişaf etmiş ölkələrdə sanki yeni ictimai-iqtisadi formasiya qərarlaşmışdır ki, bunu bəziləri postindustrial cəmiyyət, bəziləri postkapitalizm, bəziləri sosial yönlü kapitalizm, bəziləri «biliyə əsaslanan cəmiyyət» və s. adlandırmışlar. Bu yeni dövrləşdirmə cəhdləri yadıma “sosializm”, “sosializmin tam qələbəsi”, “inkişaf etmiş sosializm”, “yetkin sosializm” haqqında təlimləri salır. Maraqlı burasıdır ki, sosializm və kapitalizm bölgüsü iqtisadi münasibətlər sisteminin xarakterinə aiddir. “Bilik” amilinin iqtisadiyyatda iştirak dərəcəsi isə iqtisadi münasibətlərin sosialist və ya kapitalist formasında olmasını yox, məhsuldar qüvvələrin inkişaf səviyyəsini əks etdirir. Yəni vertikal oxda bölgü kapitalizm cəmiyyətində də eynən sosializmdəki kimidir. Sadəcə indi bəzi fərqli terminlər daha çox dəbdədir.
Məşhur amerikan iqtisadçısı Piter Draker yazır: «Bilik istehsalın həlledici amilinə çevrilir və kapitalı da, işçi qüvvəsini də arxa plana sıxışdırır».1 Bu cəhət daha çox inkişaf etmiş ölkələrə aiddir. Nisbətən aşağı inkişaf səviyyəsində olan ölkələrin də bu mərtəbəyə gəlib çatması üçün əvvəlcə başqa modellər, başqa ideallar tələb olunur. Qloballaşmış dünyada səhnəyə yeni qədəm qoyan ölkələr öz nisbi müstəqilliklərini ancaq yeni tipli elm-təhsil sistemi formalaşdırmaq sayəsində qoruyub saxlaya bilərlər.
Əlbəttə, bu problem bütün MDB ölkələrinə və qismən Şərqi Avropa ölkələrinə də aiddir. Lakin təəssüf ki, bu sahədə elmi-nəzəri tədqiqatlar təkcə Azərbaycanda deyil, bütün keçmiş SSRİ məkanında yox dərəcəsindədir. Halbuki, məqsəd bu prosesləri öz kortəbii axarına buraxmamaq, onların elmi əsaslarla, daha optimal şəkildə həyata keçməsinə nail olmaqdır.
Biliyin yeni ictimai funksiya kəsb etməsi, cəmiyyətin inkişafında həlledici rol oynaması ancaq elm və təhsil sistemlərinin optimal təşkilati strukturlarının təmin olunması sayəsində mümkündür. Bax, elmin aktuallaşmasının bir səbəbi də budur. Digər tərəfdən də, ictimai elmlərin müasir dövrdə rolu getdikcə artır və indi o, diqqət mərkəzindədir. İstər-istəməz nədən başlamaq məsələsi ortaya çıxır. Bunun üçün isə əvvəlcə belə bir suala cavab verilməlidir ki, ictimai elmlərmi elm sisteminə daxildir, yoxsa elm sistemi ictimai elmlərin predmetinə daxildir?! Qoyulan suallar əslində bir-birini inkar etmir və biz onların hər ikisinə müsbət cavab vermək niyyətin-dəyik. Sadəcə olaraq Azərbaycanda indiyədək elm hadisəsinin adekvat dəyərləndirilməsi istiqamətində tədqiqatlar aparılmamışdır.
Müzakirələrin müşahidəsi göstərir ki, əsas diqqət və tənqidi təhlil humanitar və ictimai elmlərə yönəldiyindən, dəqiq elm nümayəndələri, texnarlar bundan bəzən sui-istifadə edirlər. Onlar, necə deyərlər, “öz halını qoyub ictimai-humanitar sahələrin halına ağlayırlar”.
Bəli, dəyişən cəmiyyətdir, ictimai-iqtisadi münasibətlər sistemidir və deməli, ictimai elmlərin predmeti də dəyişir. Yeniləşən cəmiyyəti tədqiq etmək üçün isə yeni metod və formalar tələb olunur. Bu mənada təbiət elmləri daha stabildir, çünki onun predmeti sabitdir. Amma digər tərəfdən, yeniləşən cəmiyyətdə bütövlükdə elmin yeri və funksiyası da ona qoyulan tələblərlə bərabər dəyişilir.
Ancaq ilk baxışda elə görünə bilər ki, akademik Ramiz Mehdiyevin məqaləsində məhz humanitar və ictimai elmlərin problemləri və vəzifələrindən bəhs olunduğuna görə, yəqin başqa elm sahələrində hər şey qaydasında imiş. Lakin nəzərə alsaq ki, Azərbaycanda qəbul olunmuş təsnifata görə, elm humanitar sahəyə aid edilir, onda biz də məsələyə bütün elm sahələrinin ümumi problemləri kontekstindən baxsaq, daha düzgün olar.
Bütöv elm sisteminin cəmiyyətdə yeri və funksiyaları, optimal təşkilati strukturu məsələsi təbiət elmlərinin deyil, ictimai elmlərin predmetinə daxildir. Fundamental elmlərlə tətbiqi və texniki elmlərin münasibəti və onların hər birinin təhsil, mədəniyyət və iqtisadiyyat sistemində yeri problemi də təbiət elmlərinə deyil, cəmiyyətşünaslığa aid bir məsələdir. Bu mənada, ilk baxışda nə qədər paradoksal görünsə də, bütövlükdə elmin özü onun tərkib hissəsi olan ictimai elmlər çərçivəsində öyrənilməli olur. Bax, bu cəhəti nəzərə almayan dəqiq elm nümayəndələri elmin statusu və təşkilati məsələləri barədə fikir yürüdərkən, əslində öz fikirlərinin qeyri-peşəkar mövqedən olduğunu ağıllarına da gətirmirlər.
Bəli, elmin predmeti bütövlükdə təbiət və kainat olsa da, o özü ictimai bir hadisə kimi, cəmiyyətşünaslığın strukturunda nisbi mənada kiçik bir yer tutur. Əsas məsələ elmi məhz ictimai bir hadisə kimi, sosial institut kimi təsəvvür etməkdir. Əks halda onun idarə olunması da heç vaxt elmi zəminə keçə bilməz.
Humanitar sahə və humanitar elmlər
Geniş kütlə, xalq, millət üçün ən çox təsirlisi humanitar elmlərdir.
Dostları ilə paylaş: |