Səlahəddin Xəlilov Azərbaycanda elm və onun təşkİlatİ Formaları Bakı – 2010


Akademiya ilə universitetlərin fəaliyyəti əlaqələndirilməlidir



Yüklə 0,52 Mb.
səhifə7/7
tarix05.03.2017
ölçüsü0,52 Mb.
#10075
1   2   3   4   5   6   7

Akademiya ilə universitetlərin fəaliyyəti əlaqələndirilməlidir
Səlahəddin müəllim, Azərbaycanda elmin inkişafı ilə bağlı nə kimi islahatlar aparılmasını tək­lif edərdiniz?

Elm planetar, ümumbəşəri hadisədir. Vahid böyük elm prose­sinə daxil ola bilməyən, elə bil an­caq özü üçün yaradılmış lokal elm strukturları əsl elm sayıla bilməz. Böyük elmə daxil olmağın öz şərt­lə­ri vardır. Bunlardan biri dünya miqyasında əl­də olunmuş yeni elmi bi­lik­­lərin və elmi axtarışların ön cəbhəsində olmaqdır. Cəbhə xəttindən geridə qa­lanlar müasir elmi prosesə qoşulmayaraq yalnız ar­tıq keçil­miş yolların künc-bucağında yer tuta bi­lər­lər, lakin bu elm hesab edilə bilməz.

Müəyyən bir xalq və ya ölkə üçün elm yalnız ayrı-ayrı adam­la­rın mənəvi tələbatı, intellektual əy­ləncəsi olmayıb sənayenin, təsərrü­fa­tın, ümumiy­yət­lə istənilən ictimai fəaliyyət sahəsinin inkişafına xid­­mət edən ideya nəzəri təminat mənbəyidir. Elmi-tədqiqat sahələri ilə müxtəlif praktik fəaliyyət sahə­ləri arasında isə bir körpü olaraq mü­va­fiq texnika və texnologiya sahəsi dayanır. Bu, olduqca böyük, bü­tün ölkə miqyasında həyata keçən mürəkkəb ictimai prosesdir. Lakin bü­töv bir ölkə, hətta ən böyük öl­kələr üçün də müstəqil elm məkanından danışmaq mümkün deyil. Hətta, keçmiş SSRİ kimi nəhəng ölkə də özünün tam müstəqil elmini yarada bilmədi. Ona görə də, hər bir ölkə öz elm strategiyasını im­kanlarına uyğun olaraq qurmalıdır. Bu ba­xım­dan, Azərbaycan öz miqyası ilə müqayisədə xeyli böyük elmi po­ten­siala malikdir. Bu potensialın yaranma­sında Elmlər Aka­de­mi­ya­sı­nın böyük rolu olmuşdur. Hazırda Azərbaycan elmin bir sıra sahə­lə­rində bü­tün dünya miqyasında qabaqcıl mövqe tutur. Bu uğur­ların səbəblərini araşdırmaq və onları möhkəm-ləndirmək lazımdır.

Mən Elmlər Akademiyasının statusunun daha da yüksəldilməsi, nü­fuzunun artması, burada əsl el­mi yaradıcılıq atmosferinin bərpa olun­ması tərəf­da­rıyam. Bu gün ən vacib məsələlərdən biri Aka­de­mi­yaya seçkilərin keçirilməsi, onun özəyini təşkil edən həqiqi və müxbir üzvlərin nisbətən gənc, istedadlı alimlər hesabına artırılması, sön­məkdə olan yaradıcı mühitin bərpa olunması, Akademiyanın ümumi yı-ğıncağının və Rəyasət Heyətinin səlahiyyətlərinin artırıl­ma­sı tərəf­darıyam. Bu gün cəmiyyətdə «aka­de­mik» imicinin bərpasına böyük ehtiyac vardır. Ümumiyyətlə, cəmiyyətdə nüfuzlu elm adam­larının, böyük intellekt sahiblərinin fikri nə qədər çox nəzərə alınsa, bir o qədər yaxşıdır.

Azərbaycan müstəqillik qazandıqdan sonra həyatımızın bütün sahələrində olduğu kimi, təhsil sahəsində də əsaslı dəyişikliklər baş ver­mişdir. Təh­sil və elm bir-biri ilə sıx bağlıdır, bunların inkişafı da bir-birindən asılıdır. Siz elmin inkişafının ancaq akademiya ilə əlaqələn­dirilməsinə necə baxırsınız?

– Bilirsinizmi, elmin inkişafını yalnız Elmlər Akademiyası ilə bağ­lamaq qüsurlu yanaşmadır. Çün­ki bu inkişaf həm təhsil sistemi ilə, xüsusən də ali məktəb, magistratura və doktoranturadakı fəaliy­yət­lə, həm müasir texnologiyaya əsaslanan səna­ye­nin inkişafı ilə, həm də digər fəaliyyət sahələrinin nəzəri səviyyədə dərk olunması təşəbbüs­lə­ri ilə sıx bağlıdır. Bu təşəbbüslər çox müxtəlif təşkilati for­malarda hə­­yata keçirilir. Keçmiş SSRİ-də elmin in­kişafı əsasən Elmlər Aka­de­mi­yası ilə ona görə bağ­lanırdı ki, EA-nın yeganə fəaliyyət sahəsi elmi-təd­qiqat idi. Lakin qarışıq sahələrdə də elmin öz payı var. Bəzən çox hör­mətli alimlər də qətiyyətlə iddia edirlər ki, guya EA-dan başqa heç yer­də, o cüm­lədən universitetlərdə əsl elmi yaradıcılıq mühiti ola bil­­məz. Bu, çox səhv təsəvvürdür. Çünki elmi mü­hit­siz təhsil müəssisəsi – universitet sayıla bilməz. Uni­versitetin başqa ali məktəblərdən əsas fərq­lə­rin­dən biri də onun nəzdində elmi-tədqiqat institut­la­rı­nın olma­sı­dır.

İndi biz müstəqil Azərbaycan Respublikasında elmin inkişaf pers­pektivlərini araşdırarkən köhnə təş­kilati formalar, onların müsbət ənənələrinə hör­mət­lə yanaşmaqla bərabər, yeni, optimal və zama­nın tələblərinə daha çox cavab verən təşkilati for­malar da biganə qal­ma­lı­yıq. Qanunların məqsədi ya­radıcılıq axtarışlarının, o cümlədən təş­ki­la­ti forma axtarışlarının məhdudlaşdırılması deyil, əksinə, fay­da verə bilə­cək istənilən yeni formaya hüquqi imkan verilməsi olmalıdır. Bu ba­xımdan biz elm və təh­silin birgə inkişaf konsepsiyasını hazırlayar­kən, an­caq ən ümumi prinsipləri ön plana çəkməyə və süni məhdu­diy­yətləri aradan götürməyə çalışmalı, büro­kra­tik mexanizmləri sa­də­ləşdirməliyik. Xatır­lat­maq istərdim ki, Elmlər Akademiyası, heç şüb­həsiz, Azər­baycanda elmin inkişafı sahəsində misilsiz xid­mətləri olan, böyük kadr potensialına malik nəhəng bir qurumdur. Ona görə də yarım əsr ərzində top­lanılmış təcrübəni nəzərə almadan nə isə yeni bir qurum yaratmaq sadəlövhlük olar. Bu səbəbdən Azərbaycanda el­min inkişafı ilə bağlı islahatlar aparılarkən ilk növbədə Elmlər Aka­demiyasının təc-rübəsi və potensialı nəzərə alınmalıdır. Elm və təh­silin əlaqələndirilməsi işində də bu çox vacibdir. Tə­sadüfi deyildir ki, Milli Məclisin Elm və Təhsil məsələləri daimi komissiyasının ilk yığın­cağında mən magistraturanın Akademiya ilə birlikdə, onun bazasın­dan və el­mi potensialından istifadə etməklə yaradılması məsələsini qaldırdım. Mə­nim fikrimcə, magistratura ali məktəblərin monopoli­ya­sında qal­ma­­­malıdır.

Lakin bununla yanaşı olaraq öz elmi kadr po­tensialına görə bir sıra sahələrdə akademiyadan geri qalmayan universitetlərdə də elmin inkişafına şərait yaradılmalıdır. Bu müxtəlif qurumların paralel təd­qi­­qat aparması və bir-birini təkrar etməməsi üçün akademiya siste­mində olan elmi-tədqiqat institutları ilə universitetlərin nəzdindəki elmi-tədqiqat mər­kəz­ləri və kafedralar arasında sıx koordinasiya ol­malıdır. Respublikamız o qədər böyük iqtisadi po­ten­siala malik deyil ki, müəyyən bir elm sahəsində olan konkret elmi-tədqiqat mərkəz­lərini müasir laboratoriyalarla təmin edə bilsin. Ona görə də mərkəz­ləşdirilmiş elmi idarəçilik prinsipi zamanın tələbidir. Lakin bu prinsip hansı hallarda birləşmə şək­lində, hansı hallarda əlaqələndirmə və bir­gə fəaliyyət şəklində həyata keçirilməlidir – bütün bun­lar konkret ya­naş­ma tələb edir. Məhz buna görə də mən əvvəlcə Elmlər Akade­miya­sı­nın müstəqil bir qu­rum kimi fəaliyyətinin, eyni zamanda uni­ver­sitet el­minin müstəqil bir proses kimi fəaliyyətinin qa­nunda təsbit edil­mə­sindən deyil, əlaqələndirilmiş vahid bir mexanizmin hüquqi əsas­la­rının hazırlan­masından çıxış edirəm.

Səlahəddin müəllim, «Təhsil haqqında» qanun layihəsi Milli Məclisdə müzakirə olunarkən bir sıra məsələlər ətrafında fikir ayrı­lıq­la­rı ya­ran­mışdı. Sonradan layihə ümumxalq müzakirəsinə ve­rildi və ye­nə də müxtəlif təkliflər irəli sürüldü. Mü­bahisəli məsələlərdən biri də ölkəmizin təhsil siste­mində aspiranturanın saxlanılıb-saxlanılma­ma­sıdır. Aspiranturanın tərəfdarları da, əleyhdarları da öz­lərinin haq­lı olduqlarını sübut etmək üçün tutarlı dəlillər gətirir və buna əsaslan­dırırlar. Sizcə, aspi­ran­turaya ehtiyac varmı?

– Mən bu məsələyə münasibətimi qanun la­yi­həsi müzakirə olu­nar­kən mətbuatda bildirmişəm. La­kin mübahisə edən hər iki tərəfin arqumentlərini nəzərə alaraq bir daha nəzərə çatdırmaq istəyirəm ki, bu mübahisələr yalnız hansı sözdən istifadə et­mək haqqındadır. Əs­lin­də isə hər iki tərəf eyni bir ideyanı müdafiə edir. Belə ki, magistra­tu­ra­dan sonra elmi dərəcə almaq üçün daha yüksək təhsil pillə­si­nin vacibliyini demək olar ki, hamı etiraf edir, hətta bu pillənin müddəti məsələsində də fikir ayrılığı yox­dur. Sovet dövründəki üçillik aspiran­tu­ra mərhə­lə­si elmi dərəcə almaq üçün, həm də dissertasiya işindən başqa, müvafiq elmi metodologiyaların, fəl­sə­fi əsasların, bunların təd­ri­si ilə bağlı metodiki as­pekt­lərin, habelə xarici dilin daha mükəmməl sə­viy­yədə öyrənilməsi üçün həqiqətən lazımdır. Təkrar edirəm ki, bunun üçün üç il kifayətdir, həmin sa­hə­lərdə namizədlik minimumları da bu müddətə ve­ri­lir. Lakin tədqiqatçı namizədlik minimumu ver­dik­­dən və elmin müəyyən bir sahəsində dissertasiya işi müdafiə etdikdən sonra, yəni alim adı aldıqdan son­ra onun yenidən parta ar­xa­sında oturdulması və təh­silin növbəti mərhələsi haqqındakı fi­kir­lə­rin heç bir əsası yoxdur. Çünki heç sovet dövründə də, dünya­nın heç bir dövlətində də bundan sonra əlavə təhsil pilləsi nəzərdə tutulma­mış­dır və indi də tutulmur.

Sovet İttifaqı zamanı «doktorantura» deyilən təhsil pilləsi olma­yıb. «Doktorantura» terminindən yal­nız bir söz kimi istifadə olu­nur­du. Bu, alimlərin daha yüksək səviyyəli tədqiqat işi (dissertasiya işi) üzə­rində işləməsini, elmi yaradıcılıq işi aparmasını nəzərdə tuturdu. Doktoranturanın bir təhsil forması kimi mövcud olmadığı hamıya çox gözəl bəllidir. Ola bilsin ki, bəzi xarici ölkələrdə «doktorantura» an­layışı təhsilin növbəsi mərhələsi kimi işlədilsin. Lakin bu, yalnız «aspirantura» anlayışının əvəzinə işlənir. Ona görə də bu gün aspi­ran­tura ilə əlaqədar aparılan mübahisələr əsassızdır. İndiyədək heç kim aspiranturadan sonra yeni bir təhsil pilləsinin – dok­toranturanın la­zım olmasını əsaslandırmayıb və heç kim də buna çalışmır. Qeyd edim ki, bu pillənin xə­yali mövcudluğu hansısa bir təsadüfdən mü­za­ki­rə obyektinə çevrilib və «Təhsil qanunu»nun layi­hə­si­nə düşmüşdür. Bu səhv təbii ki, düzəldiləcəkdir.

Çünki, magistraturadan sonra ancaq bir təhsil pilləsindən söh­bət gedə biləcəyini hamı qəbul edir. Aparılan mübahisələr yalnız bu pillənin necə adlan­dı­rılması üzərindədir. Lakin təəssüf ki, bəzi şəxslər bu pillənin «aspirantura» deyil, «doktorantura» ad­landırılması tərəf­dar­larının mövqeyini aspirantu­ra­nın əleyhinə olmaq, onu ləğv etmək möv­qeyi kimi qələm verməyə çalışırlar. Bəlkə bu mövqeyin də tə­rəf­dar­ları var, lakin mən bu mövqeyi müdafiə et­məz­dim.

Mənə elə gəlir ki, mübahisə üçün əsas ancaq elmi dərəcələrin müəyyənləşdirilməsi üzərində ola bilər. Beləliklə, aspirantura, yoxsa doktorantura adlı problem «Təhsil haqqında» qanunun deyil, əslində «Elm haqqında» qanunun problemidir.

Söhbətimizin sonunda bildir­mək istərdim ki, Azərbaycan Respublikasında elm və təhsil haqqında vahid konsepsiyanın olması məqsədəuyğundur. Yal­nız bu vahid kon­sepsiyanın mövcudluğundan sonra «Elm haqqında» və «Təhsil haq­qın­da» qanun layi­hə­lərini ayrı-ayrılıqda müzakirə etmək olar.



Təhsil və elmin hüquqi tənzimlənməsi1
Müsahibimiz Avropa Təhsil Şurasının və Ümum­dünya Rektorlar Şurasının üzvü, AMEA-nın müxbir üzvü, professor Səlahəddin Xəlilovdur.
Sual: Bu günlərdə “Təhsil haqqında” qanun layihəsi ikinci oxunuş üçün Milli Məclisin mü­za­kirəsinə çıxarılır. Qanun layihəsilə tanış olub­sunuz­mu və ona münasibətiniz necədir?

­– Əvvəlki layihədən qalmış bəzi pozitiv mə­qamlar saxlanılmış, bəziləri isə təhrif olunmuş və ya çıxarılmışdır.

İlk nəzərə çarpan məqamlar aşağıdakılardır:

İcbari orta təhsil ilə bağlı vaxtilə bizim qal­dır­dı­ğımız məsələni saxlamaq cəhdi göstərilmişdir. Be­lə ki, orta təhsilin icbari olması sovet dövründən qalmış və real imkanlara uyğun olmayan deklarativ müddəadır. Lakin konstitusiyada dəyişiklik edilməsi prosedur baxımından çətin olduğuna görə biz o za­man anlayışların izahını dəyişməyi təklif etmişdik. Yəni ümumi orta təhsil yenə də icbari olaraq qalır, lakin onun şərhi dəyişdirilir. Orta təhsil anlayışı özü “tam orta təhsil” və “ümumi orta təhsil” olaraq iki yerə bölünür. Ümumi orta təhsil doqquz illik, tam or­ta təhsil isə on bir illik müddəti əhatə edir. Lakin qanun layihəsində, görünür, dəyişikliyin məğzi düz­gün başa düşülmədiyindən təsnifatda anlayışlar qarışıq salınmışdır. Təhsilin pilləsi kimi “ümumi or­ta məktəb təhsili” götürülmüş, “ibtidai təhsil”, “ümu­mi orta təhsil” və “tam orta təhsil” onun mərhələləri kimi təqdim olunmuşdur. Burada bir neçə məntiqi uyğunsuzluq ortaya çıxır: “ümumi orta təhsil” ilə “ümumi orta məktəb təhsili” anlayışları ancaq “məktəb” sözünün əlavə olunması ilə fərq­lənir, halbuki, məqsəd “məktəbli” və “məktəbsiz” bölgüsü aparmaqdan ibarət deyil. Başqa sözlə, mər­hələlərdən birinin adı ümumi başlığa çıxarılmış olur ki, bu da məntiq prinsiplərinə ziddir. Həm də son mərhələnin – təmayüllü təhsilin – mahiyyəti nəzər­dən qaçırılmış olur. Əslində bölgü belə aparıl­ma­lı­dır: “tam orta təhsil” başlığa çıxarılmalı, “ibtidai təh­sil”, “ümumi orta təhsil” və “təmayüllü orta təh­sil” onun mərhələləri kimi təqdim olunmalıdır. Məhz bu zaman, yəni “təmayüllü” məfhumu ilə qar­şı­laşdırıldıqda “ümumi” məfhumunun da mənası ay­dınlaşmış olur. Yəni söhbət gələcək təmayüldən asılı olmayaraq hamı üçün ümumi olan tədris proq­ramlarından gedir. Məhz bu cür bölgü orta mək­təb­də tədris proqramlarının yenidən qurulması zərurə­tini də ortaya qoyur.

Ümumi orta təhsildən sonraki mərhələ öz hü­quqi statusuna görə yekcins, yəni eyni tərtibli deyil, da­ha doğrusu olmamalıdır. Tam orta təhsilin icba­ri­li­yindən yayınmağın əsas faydası bundan ibarət olmalı idi ki, ənənəvi texniki peşə məktəblərinin mə­zunlarına tam orta təhsil sənədi vermək zərurəti yaranmasın. Lakin qanun layihəsində ümumi orta təhsildən sonrakı bütün təhsil formaları yenə də tam orta təhsil attestatı vermək hüququna malikdir.

Əslində bölgü necə getməlidir?

İcbari qaydada ümumi orta təhsil almış gənc­lər əgər müsabiqə yolu ilə (ya da arzudan asılı ola­raq) təmayüllü liseylərdə, yaxud orta peşə-ixtisas təhsili müəssisələrində davam etdirərlərsə onlar tam orta təhsil almaq hüququ qazanırlar. Lakin, əlbəttə, burada da hamının attestat alması zərurəti yoxdur. Mə­sələn, buraxılış imtahanları mərkəzləşmiş test qay­dası ilə keçirilsə tələb olunan zəruri minimum həc­mində bal toplaya bilməyənlərə attestat veril­mə­məlidir. Lakin, əlbəttə, onlara növbəti dəfə özlərini sınamaq şansı verilməlidir.

Tam orta təhsil hüququndan könüllü surətdə imtina edən və ilk peşə-ixtisas təhsili almaq istəyən abituriyentlərə paralel olaraq tam orta təhsil haq­qın­da dövlət sənədi verilməsi praktikasına isə son qo­yulmalıdır. Yəni layihədəki 20.4 bəndi çıxarıl­ma­lı­dır.


Sual: Siz indi əsasən elmi-fəlsəfi fəaliyyətlə məş­ğul­sunuz. Qanun layihəsindəki elmlə bağlı müd­­də­a­lara münasibətiniz necədir?

– Mən indiki vaxtda təhsil fəaliyyətindən uzaq­­laş­dığım və ancaq elmi-fəlsəfi fəaliyyətlə məş­ğul ol­duğum üçün qanun layihəsində ancaq elmlə bağlı müddəalara toxunmaq istərdim.

Azərbaycanda müstəqillik əldə etdikdən bu gü­nə qədər elmi fəaliyyət sahəsini tənzimləyən hər hansı bir qanunun qəbul edilməməsi heç şübhəsiz böyük çatışmazlıqdır. Əslində, təhsil haqqında qa­nun elm haqqında qanunla eyni vaxtda paralel su­rətdə işlənib hazırlanmalıydı. Lakin görünür, elm haqqında qanunun olmamasından irəli gəlir ki, elmi fəaliyyət və elmi dərəcələrlə bağlı bir sıra məsələlər təhsil haqqında qanuna daxil edilmişdir. Və təəssüf ki, elmi yaradıcılıq mərhələləri təhsilin pillələri kimi təqdim edilmişdir. Qanun layihəsində maddə 22-də ali təhsilin tsiklləri (əslində pillələri yazılmalıdır, çünki tsikl tamamilə başqa mənalı bir sözdür) sı­rasında doktorantura da göstərilir, həm də sonradan (maddə 23) məlum olur ki, bu doktorantura sözü elmi yaradıcılığın bir yox, iki pilləsini əhatə edir. Yəni PhD (əvvəlki qaydada – elmlər namizədi) dərəcəsini almış alim, sən demə, hələ tam ali təhsilli deyilmiş. Bunun üçün o, ali təhsilin növbəti pillə­sində də oxumalı və elmlər doktoru adını qazanmalı imiş. Maddə 23.4-də qeyd olunduğuna görə, dok­to­ranturanın ikinci pilləsinə fəlsəfə doktorları… qəbul olunurlar. Bu isə tam bir absurddur. İnsan hansı isə bir təhsil pilləsində oxumaqla alim ola bilməz. Alim­lik ilk növbədə elmi yaradıcılığın nəticəsidir ki, bu da əsasən fərdi prosesdir. Qanun layihəsində in­sanların müstəqil elmi fəaliyyəti, demək olar ki, nəzərdə tutulmur. Kim isə harada isə oxumadan bö­yük bir elmi nailiyyət əldə edibsə, onun rəsmi elmi də­rəcə alması üçün tamamilə fərqli prosedur nə­zərdə tutulmalıdır. Layihədə isə nəinki doktorantlar, hətta dissertantlar da «təhsil alan şəxs» kimi təqdim edilir (maddə 1.0.11). Halbuki dissertantlıq yolu ilə dissertasiya müdafiəsi məhz fərdi qaydada elmi ya­radıcılıq yolu keçmiş insanlar üçündür. Yəni artıq əsasən yazılmış tədqiqat əsərinin sadəcə rəsmi pro­sedurlardan keçməsini nəzərdə tutur. Bu sahənin qanunla düzgün tənzim olunmasına həm də ona gö­rə böyük ehtiyac vardır ki, hazırkı praktika da qə­naətləndirici deyildir.

Görünür, təhsil fəaliyyəti ilə elmi fəaliyyət ara­sındakı mahiyyət fərqlərini layihə hazırlayanların bir daha yadına salmaq lazımdır.


Sual: Sovet təhsil sistemində və Qərb təhsil mo­­delləri içərisində bunun analoqu varmı? Siz dok­toranturaya ancaq elmi yaradıcılıq prosesinin təşki­lat­lanması kimi baxır və elmi dərəcə almış və ali mək­təblərdə dərs deyən insanlara yenidən ali təhsil vermək cəhdinin absurdluğunu vurğulayırsınız. Bəs doktoranturanı bir təhsil kimi götürmək istəyənlər hansı arqumentlərə istinad edirlər?

– Görünür, bu məsələni daha təfərrüatlı izah et­məyə ehtiyac vardır. Bir elmşünas olaraq, bi­lava­si­tə elm və təhsilin öyrənilməsi ilə məşğul olan təd­qiqatçı olaraq və bu iki fəaliyyət sahəsinin ümumi və fərqli cəhətlərini müqayisə etməklə, mən həmişə dövlətimizin elm və təhsil sahə­sin­dəki siyasətinin vahid konsepsiyaya əsaslanması zərurə­tindən çıxış etmişəm. Elm və təhsil haqqında qanunlar ayrı-ayrı ol­salar da, onlar əvvəlcə birlikdə, vahid sistemin tərkib hissələri kimi nəzərdən keçirilməli və yalnız bundan sonra onların nisbi müstəqil mövcudluq qay­daları hüquqi müstəvidə təsbit olunmalıdır, spe­sifik hüquqi tənzimləmə sistemləri yaradılmalıdır.

Biz, vahid elm və təhsil konsepsiyasından çıxış et­mək zərurətini qeyd edərkən, heç də bu iki sa­hənin həd­dindən artıq yaxın olduğunu nəzərə çarpdırmaq fik­rində deyilik. Əksinə, məqsəd bu iki sahə ara­sındakı fərq­lərin nəzərə alınmasıdır. Belə ki, elm və təhsilin ma­hiy­yət­lə­rinin çox vaxt qarışıq salınması nəticəsində bu barə­dəki qanunlar da, necə deyərlər, bir-birini əhatə dairələrinə təca­vüz edir, özünə aid olmayan məsələlərin hüquqi tən­zim­­lən­mə­si iddiası ilə çıxış edir.

Əvvəlki illərdə Təhsil Qanununun layihəsi ilə əla­­qədar elmi dərəcələr və elmi adların sovet mo­delindəki kimi saxlanması, yoxsa müasir Qərb mo­delinə uyğun olaraq dəyişdirilməsi üzərində böyük mübahisələr gedirdi. Kimlərsə magistraturanın guya as­pi­ranturanı əvəz etdi­yini, kimlərsə magistra­tu­ra­nın elmi dərəcə ilə az əlaqəsi olduğunu söyləyir və onu sadəcə olaraq ali təhsilin yüksək pilləsi hesab edirdi. Kimlərsə aspiranturanın Qərbdəkinə uyğun ola­raq dokto­ran­tura ilə əvəz olunmasını, kimlərsə belə bir təhsil pilləsinin ümu­miyyətlə ləğv edil­mə­sini təklif edirdi. Lakin təəssüf ki, son vaxtlarda bu mübahisələr səngimiş və görünür, ziyalılarımız bu mövzuda danışmaqdan yorulmuşlar. Ona görə də, “Təhsil haqqında” qanunun indiki layihəsi sanki bu müzakirələrin xaricində yazılıb hazırlanmışdır.

İndi aspirantura-doktorantura dilemması, dok­to­ranturanın iki pilləsi formasında «həllini tap­mış­dır». Halbuki bu söz dəyişikliyi heç nəyi həll etmir. Dəyişiklik tərəfdarları guya xarici ölkələrin, ilk növ­bədə ABŞ və Avropa ölkələrinin təcrübəsinə is­tinad etməyə çalışırlar. Aspiranturanı da sax­la­mağı nə­zər­də tutan dördpilləli təhsil estafetinin tərəfdarları isə guya sovet təhsil sisteminin ənənə­lərinə və ya indi Rusiyada tətbiq olunan sistemə istinad edirlər. La­kin unudulur ki, sovet təhsil sis­temində magistratura pilləsi yox idi və elmi yaradıcılıq üçün hazır­lanma mər­hələsi ancaq aspirantu­radan başlanırdı. Ali təh­silin dörd və ya beş il ərzində verilməsi isə ancaq fənlərin sayı və saatların miqdarı baxı­mın­dan, bir sözlə, kəmiyyət baxımından olan fərqdir. Və ya ma­gistratura haqqında yuxarıda qeyd etdiyimiz birinci təsəvvürə uyğun olaraq, burada məqsəd ancaq ali təhsil verməkdən ibarətdir. Lakin, magis­tratura ikin­ci mənada başa düşüldükdə burada yalnız müddət fərqin­dən deyil, həm də mahiyyət fərqindən söhbət getdiyi aydın­laşır. Və indi sovet təhsil sistemini və ondan bizə yadigar qalan aspiranturanı hər vəchlə qo­ruyub-saxla­mağa çalışanlar bilməlidirlər ki, biz ar­tıq iki il əvvəl, magistraturanı təhsil pilləsi kimi qəbul edərkən, sovet təhsil sistemindən uzaqlaş­mı­şıq. Qatar artıq hərəkətə gəlib və indi geri qayıtmaq çox çətindir. Əgər sovet təhsil sistemini, o cümlədən aspi­ranturanı saxlamaq məqsədi var idisə, bu barədə xeyli əvvəl məsələ qaldırılmalı idi...
Sual: Elmlər namizədi dərəcəsinin PhD – fəlsəfə doktoru adı ilə əvəz olunmasına necə baxır­sınız?

– Aspiranturanı bitirib müdafiə etdikdən sonra alınan elmi dərəcəyə (sovet sistemində – "elmlər na­mizədi) xarici ölkələrdə ən çox uyğun gələn elmi dərəcə – PhD – "fəlsəfə doktoru"dur. Burada "fəlsə­fə" sözünün mənasına toxunmadan qeyd edək ki, biz də bu fikirlə razıyıq. Lakin bir şərtlə ki, buradakı uyğunluq ancaq elmi dərəcələr ara­sındakı uyğun­luq­dur. Sovet modelində "elmlər nami­zədi" dərəcəsi al­maq üçün lazım olan təhsil pilləsinin – aspi­ran­tu­ranın isə analoqu Qərb ölkələrində yoxdur. Elmi də­rəcə almaq üçün bu ölkələrdə məhz tədqiqat işinin yerinə yetirilməsi tələb olunur. Elmi yara­dıcı­lıq üçün zəruri olan biliklərin tədrisi və imtahan ve­rilməsi isə bir təhsil pilləsi kimi əvvəlcədən ma­gistraturada keçilmiş olur. Magistratura bir təhsil pil­ləsi olaraq aspiranturanı tam əvəz edir, lakin bir təd­qiqat pilləsi olaraq əvəz etmir. Belə ki, ma­gis­traturada müdafiə olunan tədqiqat işinə qoyulan tələblər aşağı olur. Bu bir növ ciddi yazılan diplom işinə uyğun gəlir. Əsas ağırlıq isə təhsil tərəfinə dü­şür.

Məhz buna görədir ki, magistratura (master degree) pilləsindən sonra təhsilə bənzər bir pilləyə ehtiyac qalmır. Və ya əgər qalırsa bu, fərdi qaydada müəyyən­ləşdirilir və əvvəlki təhsil pillələrinin ta­mamlanması yolu ilə həll olunur.

Yəni iddiaçı dissertasiyanın mövzusuna uyğun olan müəyyən ixtisas fənnindən imtahan vermə­yib­sə, bunu fərdi qaydada həll edib aşağı təhsil pillə­sin­də oxuyanlarla bir yerdə imtahan verə bilər.

Bir sözlə, Qərb ölkələrində magistraturadan sonrakı pillə təhsilə yox, tədqiqata uyğun gəlir. Bu isə sovet modelində doktorluq disserta­siyasının ya­zılma prosedurasını xatırladır.

Beləliklə, Qərb modelində formaca magis­tra­tura aspiranturanı, doktorluq dərəcəsi almaq üçün ke­çilən tədqiqat mərhələsi isə sovet modelindəki doktoranturanı xatırladır. Yazılan tədqiqat işinin sə­viy­­yəsi baxımından yanaşdıqda isə bu uyğunluq bir pillə sürüşür; Qərb mode­lində magistraturada yazı­lan tədqiqat diplom işinə, doktorluq işi isə nami­zədlik dissertasiyasına uyğun gəlir. Sovet sis­te­min­dəki dok­torluq dissertasiyasının müdafiəsi isə Qərb modelində sadəcə olaraq mövcud deyil. Görü­nür, artıq alim adını almış adamın yenidən kür­süyə çıxarılaraq imtahan edilməsinə ehtiyac duyulmur.



Elmi səviyyənin dərəcələnməsi problemi
Sovet təhsil sistemində ali ixtisas təhsili almaq istəyənlərin ha­mısı üçün ümumi olan beş illik ali təhsildən sonra elmi yaradıcılıq yolunu seçənlər üçün üç illik aspirantura təhsili nəzərdə tutulurdu. Aspirantura təhsilin ən yüksək pilləsi idi. Düzdür, namizədlik disser­tasiyasını müdafiə etdikdən sonra daha bir dissertasiya yazıb müdafiə etmək – "elmlər doktoru" adını almaq mümkün idi. Lakin bunun üçün xüsusi bir təhsil pilləsi yox idi. "Doktorantura" sözü formal xarakter daşıyırdı və görünür, Qərb dünyasında aspiranturaya adek­vat təhsil pilləsi "dok­­torantura" adlandırıldıqdan sonra bu söz biz­də də leksikona daxil olmuş, lakin başqa mənada işlən­mişdir. Bu söz doktorluq dissertasiyası adı ilə səs­ləş­diyindən, guya aspiran­tura­dan sonrakı təhsil tə­səvvürü yaradırdı. Əslində isə belə təhsil pilləsi heç sovet döv­ründə də yox idi. Doktorluq dis­ser­tasi­yasını bir qayda ola­raq ali məktəblərdə dərs deyən və ya elmi-tədqiqat institutlarında elmi işçi kimi çalışan elmlər namizədləri müstəqil surətdə yazırdılar. Bunun üçün sadəcə olaraq dis­sertasiya mövzusu­nun Elmi Şurada təsdiq olunması kifayət idi. "Doktorantura" imitasi­yasını yaradan isə çox vaxt bir illik yaradıcılıq məzuniyyətləri və ya paytaxtdakı tədqiqat mərkəzlərinə müxtəlif müddət­li yaradıcılıq ezamiyyətləri olurdu. Bu isə, təbii ki, təhsil pilləsi kimi başa düşülə bilməzdi. Çünki dok­torluq dissertasiyasının yazılması dövründə id­diaçı­­ya nəinki dərslər keçilməsi nəzərdə tutulmurdu, həm də müəllim-şagird münasibətini xatırlada biləcək rəhbər-iddiaçı münasi­bəti də yox idi. Başqa cür ola da bilməz­di. Artıq elmi yaradıcılıq vərdişi qazanmış və alimlik dərəcəsi almış ada­ma yenə də rəhbərlik et­mək, ona tədqiqat yolunu göstərmək sa­dəcə ola­raq, onun elmi yaradıcılıq müstəqilliyinin əlindən alınması olardı.

Elmi-tədqiqat sahəsində bizdən xeyli irəlidə gedən Avropa ölkələrində, ABŞ-da və Yaponiyada öyrətmək adı ilə tədqiqatçını daha çox çərçivələrə salmaq deyil, tədqiqatçıya daha çox müstəqillik ver­mək, onun sərbəst­lik dərəcəsini artırmaq üçün yollar axtarılır. Bu ölkələrdə elmi dərəcələrin verilməsi sə­lahiyyəti də bizdəki kimi çox­pilləli bürokratik struk­turlara deyil, Elmi Şuraların kompeten­siyasına aid­dir. Elmi dərəcələr və adlar bütün ölkə miqyasında vahid stan­dartlar və meyarlar əsasında eyni bir ko­missiya tərəfindən deyil, müxtəlif universitet­lərin El­mi Şuraları tərəfindən verildiyindən iddiaçı seçim imkanına malikdir. Belə ki, hər hansı bir komissiya, Elmi Şura iddiaçının nailiyyətini qiymətlən­dirmirsə və burada subyektiv amillər varsa, iddiaçı başqa uni­versitetdə, başqa komissiya qarşısında öz şansını reallaşdırmaq imkanına malikdir. Bizim ölkədə isə Ali Attestasiya Komissiyası deyilən mərkəzləşmiş qu­rum subyektivlik göstərərsə, iddiaçının heç bir seçim imkanı qalmır.

Təhsil haqqında yeni qanunda təhsillə bağlı elə bir ciddi yenilik gözə dəyməsə də, elm və fəlsəfə ilə bağlı çox kəskin addımlar atıldı.

Əvvəla, elmi fəaliyyət və elmi səviyyənin gös­­təri­cisi olan dissertasiya müdafiələri və elmi də­rə­cələr bü­töv­lükdə və tamamilə təhsilin struk­tu­runa daxil edildi. Yəni elmi dərəcə almış bir şəxs hələ də ali təhsilini başa vurmamış sayılır və ali təhsilin da­ha yüksək mərtəbəsinə çatmaq üçün yeni bir təhsil pilləsinə – doktoranturaya da­xil olaraq təhsilini da­vam etdirməli və “elmlər doktoru” adını qazanma­lı­dır. Lakin biz xalis elmi yaradıcılıq pro­sesinin təh­sillə qarışıq salınması üzərində dayan­ma­ya­raq, diq­qəti başqa, ilk baxışda nəzərə çarpmayan, lakin ol­duqca mühüm bir məsələyə yönəltmək istəyirik. İn­di belə bir durum yaranmışdır ki, alim olmaq is­tə­yənlər bu haqqı iki dəfə qazanmalıdırlar. Əslində sovetlər döv­rün­də də belə idi. Lakin biz guya islahat apararaq Avropa standartlarına yaxınlaşmaq istə­yi­rik. Və buna görə də nə isə bir yenilik edirik. Amma diqqətlə yanaşdıqda məlum olur ki, dəyişən yalnız ad imiş. Əvvəllər “elmlər na­mizədi” adlanan dərəcə indi Ph.D – “fəlsəfə doktoru” adlanacaqmış. “Elm­lər doktoru” isə yenə elə öz yerində qa­lırmış. Onda sual oluna bilər ki, heç nə dəyişməyibsə, bizi nara­hat edən nədir? Bizi narahat edən odur ki, bu formal dəyişiklik nəticəsində biz sadəcə olaraq bütün dün­yada qəbul olunmuş dəyərlər sisteminə hörmətsizlik nümayiş etdiririk. Belə ki, bütün dünyada (Rusiya və biz istisna olmaqla) elmin tarixən formalaşmış və hamı tə­rəfindən qəbul olunmuş meyarları vardır. Əv­vəllər öz elmi səviyyəsinə görə ən yüksək şəxs­lə­rə magistr dərə­cəsi verilmişdir. Və bu dərəcə sadəcə təhsil pilləsi kimi deyil, elmi yaradıcılıq səviy­yə­si­nin təsbit olunması üçün verilmişdir. Bu, elmdə ən yüksək ad olmuşdur. Maraq üçün qeyd edək ki, Ru­si­yada “namizəd” anlayışı məhz magistrliyə nami­zəd olmağı göstərmişdir. Sovet­lərin ilk illərində də bu belə davam etmiş və yalnız “magistr” əvəzinə “elmlər doktoru” termini işləndikdən sonra “ma­gis­trliyə namizəd” də “elmlər namizədi” olmuşdur. La­kin Avropada magistrlər arasında da xüsusilə seçi­lən, ən yüksək elmi nailiyyətlər əldə edən şəxsləri fərqləndirmək üçün yeni, daha yüksək bir pillə dü­şü­nülmüşdür. Hər bir elm sahəsinin zirvəsi həmin elmin fəlsəfəsi olduğuna görə bu dərəcə “fəlsəfə doktoru” adlandırılmışdır.

Lakin biz nə etdik? Məhz fəlsəfəyə qarşı bir hör­mətsizlik nümayişi olaraq onu elmin aşağı pilləsi adlan­dırdıq. Ən absurd məqamlardan biri də odur ki, indi bizdə Ph.D dərəcəsi almış şəxslər elmin sonrakı, sən de­mə, daha mötəbər bir səviyyəsinə qalxmaq üçün təzədən təhsilini davam etdirməli və bunun üçün doktorantura deyilən ali təhsil forma­sı­nın ikin­ci pilləsinə qəbul olunub oxumalıdırlar. Təh­sil qa­nu­nunda təsbit olunmuş bu mə­sə­lələr bizdə elm ilə təhsil arasındakı ciddi fərqlərin hələ də başa düşül­mədiyini göstərir. Bir o çatmır ki, magis­tra­tu­raya qəbul “testləşdirildiyi” kimi, doktoran­tura və onun ikinci pilləsi də “testləşdirilsin” və alim hazır­lan­ma­sının heç bir ölkədə misli görünməmiş yep-yeni tex­nologiyaları işə salınsın.

Bunlar hələ sonranın işidir. “Qurudu əzərik, ona da dözərik.” İndi isə bir daha «fəlsəfə doktoru» əhva­la­tından danışmaq istərdik. Yeni adlandırma sis­­temi ilə əla­qədar KİV-də maarifçilik işi aparıl­madığından bu sa­hədə terminlər çox vaxt qarışıq salınır. Bəzi jur­na­list­lər də televiziyada, mətbuatda keçmiş elmlər namizəd­lə­rini indi guya yeni adla ça­ğıraraq, onları «fəlsəfə elmləri doktoru» kimi təqdim edirlər. Sən demə, ölkəmizdə hamı elə filosof imiş.

Ölkəmizdə elmi-tədqiqat işlərinin dəyərləndi­ril­məsi və alimlərin qradasiyası sahəsində dissertasi­yadan başqa göstəricilər, ölçü vahidləri və meyarlar demək olar ki, yox dərəcəsindədir. Bir elmlər dok­to­runu başqasından fərqləndirən əsas əlamətlər, me­yar­lar sistemi işlənib hazırlanmamışdır. Daha yük­sək elmi mərtəbə hesab olunan Akademiya üzvlüyü məsələsi isə seçki əsasında həyata keçirildiyindən, yüksək elmi göstəricilərin ekspertizası və bu zaman tətbiq olunan “ölçmə mexanizmi” formalaşma­mış­dır.

Mərkəzi sistem “elm üçün elm” prinsipi ilə for­malaşır. Yəni burada əsas məqsəd elmin özünün qarşıya qoyduğu problemləri həll etməkdir. Elmi işlərə qiymət verməyin də meyarları məhz “elm üçün elm” mövqeyindən müəyyənləşdirilmişdir. Yə­ni burada elmi işə istehsalatda tətbiqdən və iq­tisadi faydadan daha çox, böyük miqyaslı elmi ax­tarışlarda rol oynaya bilmək, elmin özü üçün faydalı olmaq baxımından yanaşılır. Bu cəhət məhz fun­damental elmlər üçün səciyyəvidir. Fundamental təd­qiqatlar tezcə öz praktik tətbiqini tapa bilmə­diyinə görə, onların elmi dəyərinin qiymət­lən­diril­mə­si xüsusi metodika tələb edir. Bunun üçün müəy­yən bir elmi nəticəyə gətirən tədqiqat prosesinin spe­sifikasından əlavə, bu nəticənin elmi biliklər sis­temində tutduğu yeri və yeni nəzəriyyələr üçün oy­nadığı potensial rolu dəyərləndirmək tələb olunur.1

Tətbiqi elmlərdə isə, əlbəttə, hədəf elmin özün­dən daha çox, onun iqtisadi səmərəsidir. Lakin burada da, elmi fəaliyyət bir neçə mərhələni əhatə etdiyinə görə, yekun nəticə alınana qədər aparılan tədqiqatlara ancaq elmin öz meyarları baxımından qiymət verilə bilər. Əlbəttə, qiymətləndirmənin ən eti­barlı forması müvafiq sahə üzrə ən mötəbər alim­lərin rəyidir. Yəni hər bir elmi iş ekspertizadan ke­çi­rilir, onun elmi dəyəri məhz həmin sahənin mötəbər mütəxəssisləri tərəfindən qiymətləndirilir. Əlbəttə, bu üsul daha etibarlı olardı, o zaman ki, mənəvi mü­hit sağlam olaydı. Yəni elmi tələblər yeganə meyar olaydı. Ölkəmizdə və ümumiyyətlə Şərq dünyasında elmin dəyərləndirilməsini çətinləşdirən ən mühüm mə­sələlərdən biri məhz obyektivliyin və prinsi­pial­lığın çatışmamasıdır. Görünür bu səbəbdən də daha çox dərəcədə formal göstəricilərə, texniki şərtlərə üs­tünlük verilir. Xüsusən elmi dərəcə verilməsi za­manı formalizm mahiyyəti üstələyir və istedadlı adam­ların elmə gəlişi çətinləşir.

Maraqlıdır ki, ölkəmizdə dissertasiya işlərinə qoyulan tələblər bütün qiymətləndirmə formalarını əha­tə edir. Yəni elmi işdən həm yeni ideya, həm kom­munikasiya (beynəlxalq elm şəbəkəsinə daxil olmaq), həm aprobasiya, həm də tətbiqi nəticələr tə­ləb olunur. Yəni dissertasiya işi böyük elm siste­mi­nin modelinə uyğun surətdə təsəvvür olunur. Hal­buki, hər bir konkret tədqiqat əsəri böyük elm sis­teminin əhatə etdiyi bütün mərhələləri özündə əks etdirə bilməz. O, yalnız böyük zəncirin müəyyən bir halqasına uyğun gələ bilər. Yəni bu baxımdan öz­lü­yündə lokal, bitmiş bir sistem olan tədqiqat əsəri – dissertasiya işi əslində böyük sistemin bir hissəsi kimi heç nəyə lazım olmur. Ona görə də, əksər hal­larda dissertasiya işlərinin arxivə getməkdən başqa bir aqibətini görmək çətindir. Halbuki, elm ada­mı­nın səviyyəsi böyük elmə qatılma dərəcəsi və bu pro­sesdə rolu ilə müəyyənləşdirilməlidir. Bizim öl­kə­də isə ən böyük kəşf də etsən, elmi ideyanın nə­ticələri həqiqətən tətbiq olunaraq böyük iqtisadi sə­mərə də gətirsə, ən mötəbər jurnallarda məqalələrin də çıxsa (amma bu məqalələrin sayı 20 deyil, tutaq ki, 17 olsa – halbuki Eynşteyn nisbilik nəzəriyyəsini cəmi bir məqalədə şərh etmişdi) elmi dərəcə ala bil-məzsən. Çünki bunun üçün ancaq formal bir pro-sedur yolu keçilməli, bütöv elm modeli imitasiya olunmalıdır. Bəli, elm olmayanda onun imitasiyası yerini tutur. Və belə bir şəraitdə ara-sıra böyük elmi işlər görülürsə, onlar da imitasiya formalizminin bar­yerini keçə bilmir.

Bu dediklərimiz ancaq dissertasiyalara qoyu­lan tələblərlə bağlıdır. Bəs müdafiədən sonra? Son­rakı tədqiqatların qiymətləndirilməsi hansı prinsip üzrə aparılır? Yəni bizdə elmi ekspertizanın hansı formaları tətbiq olunur? İş stajı, ümumiyyətlə mə­qalələrin sayı, kitabların sayı və neçə-neçə dəyərsiz kitablar yığını...

Bizdə hələ də elmlə elmi maarifçilik arasın­da­kı sərhəd nəzərə alınmır. Səbəbi isə budur ki, maarif­çilik, elmi biliklərin tədrisi və təbliği heç ol­masa kimə isə lazımdır. Məsələn, universitetlərdə əla­və dərs vəsaiti kimi, yaxud da intellektli evdar qadınlar üçün elmi-kütləvi ədəbiyyat əvəzi olaraq. Elm adamlarının isə başqalarının yazdığını oxuma­ğa vaxtları yoxdur, onlar ya rusdilli mənbələri oxu­yub icmal düzəldir, başqalarının fikrindən yeni-yeni kitablar yazır, ya da pul qazanmaq üçün əlavə bir işlə məşğul olur. Hətta oxusalar da, heç kim tənqidi təhlil mövqeyindən oxumur. Azərbaycanda indi hət­ta müəyyən ənənəsi olan ədəbi tənqid sahəsində də “tənqid”dən əsər-əlamət yoxdur, o ki qala elmi ədə­biyyata münasibət sahəsində. Bir sözlə, “heç kim heç kimin kitabını oxumur”. Görünür elə buna gö­rədir ki, çıxan kitabların böyük əksəriyyəti elmi ki­tab­xanalara göndərilmir.

Yaranmış belə vəziyyət elmi meyarlara ye­nidən baxılmasını, elmi ekspertiza işinin daha sə­mərəli təşkili üçün tədbirlər görülməsini, elmin əla­qələndirilməsi sahəsində yaranmış boşluğun aradan qaldırılmasını və s. bu kimi operativ tədbirlərin ger­çəkləşdirilməsini tələb edir. Yəni ölkəmizdə heç olmasa nisbi müstəqil elm sistemindən danışmaq istəyiriksə, bunun üçün ilk növbədə sistemliliyi təmin edən şərtlər ödənilməlidir. Bəs bu şərtlər nədən ibarətdir? Elm digər fəaliyyət sahələrindən nə kimi spesifik əlamətlərlə fərqlənir? Bax, bu suallara cavab tapmaq üçün bizcə, dünyada artıq 50 ildir ki, bəlli olan elmşünaslıq fənninin heç olmazsa əsas prinsiplərini mənimsəmək lazımdır.


Son söz əvəzi
Bütün ölkə miqyasında elmi fəaliyyət qu­rum­larının uçotu, mövcud durumun ölkəmizdə elmin in­kişaf konsepsiyasına uyğunluq dərəcəsinin dəyər­lən­dirilməsi, elmi institutların yenidən bölüşdü­rül­mə­si və sistemləşdirilməsi bu sahədə qarşıda duran əsas vəzifələrdəndir.

Nəzərə alınmalıdır ki, elmi tədqiqat işi bir şey­dir, onun idarə olunması, ölkənin ictimai-iqtisadi həyatı ilə əlaqələndirilməsi, sosial tələbatın nəzərə alın­ması, optimal maliyyə sisteminin tətbiqi və s. bu kimi məsələlər tamamilə fərqli şeylərdir. Ona görə də, bu sonuncuların elmi tədqiqat müəssisəsinin özü­nə həvalə edilməsi tamamilə müxtəlif xarakterli fəaliyyət sahələrini eyni mərkəzdən idarə etmək tə­şəbbüsüdür ki, bu da çətin ki, müsbət nəticə versin. Bunu nəzərə alan ölkələr elmin idarə olunması üçün ayrıca bürokratik qurumlar yaradırlar. Əksər ölkə­lərdə Elm və Texnika Komitələri və ya Elm Na­zir­liyi, Elm və Təhsil Nazirliyi tipli qurumlar fəaliyyət göstərir. Azərbaycan SSRİ tərkibində olanda elmi fəaliyyətlərin, elm və texnikanın əlaqələndirilməsi, habelə elmin ictimai-iqtisadi funksiyalarının tən­zim­­lən­məsi SSRİ Nazirlər Kabinetinin Elm və Tex­nika Komitəsi tərəfindən həyata keçirilirdi. SSRİ EA isə ancaq elmi tədqiqatların daxili məzmunu ilə bağlı məsələləri əlaqələndirirdi. Azərbaycan müstə­qillik əldə edəndən sonra elmi texniki fəaliyyət sa­həsinin idarə olunması üçün Elm və Texnika Ko­mitəsi yaradıldı. Amma bu qurumun fəaliyyəti hələ kifayət qədər formalaşmamış ləğv edildi. Bundan sonra uzun müddət elmi idarəçilikdə bir boşluq özü­nü göstərdi. Nazirlər Kabinetinin şöbəsi təbii ki, belə bir geniş miqyaslı funksiyanın yerinə yetirə bilməzdi. Çıxış yolu kimi Elmlər Akademiyasının səlahiyyətləri genişləndirildi və AMEA-nın Ni­zam­naməsinə görə, bütün ölkə miqyasında elmi fəaliy­yə­tin əlaqələndirilməsi işi ona tapşırıldı. Lakin təbii ki, Akademiya elmi müəssisə olmaqla və əsas funk­siyası elmi fəaliyyət olduğuna görə, öz təbiətinə uy-ğun olmayan belə bir idarəçilik funksiyasını yerinə ye­tirə bilmədi. Hətta o bunu etmək istəsə də, bu məqsədlə Akademiyaya geniş çeşiddə ştat vahidləri və əlavə vəsait tələb olunur.

Beləliklə, həm Təhsil Nazirliyi sistemində, həm sahə elmlərində, həm də Elmlər Akade­mi­ya­sın­da təşkilatı islahat aparılmasına, daha doğrusu, on­la­rın nisbi müstəqilliyini qalmaqla vahid mərkəzdə bir­ləşdirilməsinə böyük ehtiyac vardır.

M ü n d ə r i c a t





1 Xəlilov S.S. Lider. Dövlət. Cəmiyyət. Bakı, 2001, s. 171.

1 “525-ci qəzet”, 18 fevral, 2010-cu il.

1 “Azərbaycan” qəzeti, 3 noyabr, 2009.

1 Yenə orada

1 “Azərbaycan” qəzeti, 26 noyabr, 2010.

1 Mehdiyev R. İctimai və humanitar elmlər: zaman kontek­stində baxış. Fəlsəfə və sosial-siyasi elmlər jurnalı. Bakı,

2009, № 4. s.20.



1 Mehdiyev R. Qlobal inteqrasiya və Azərbaycanda fəlsəfi fikrin yenidən nəzərdən keçirilməsinə dair. Fəlsəfə və sosial-siyasi elmlər jurnalı. Bakı, 2009, № 2, s. 66.

1 Mehdiyev R. İctimai və humanitar elmlər: zaman kon­teks­tində baxış. Fəlsəfə və sosial-siyasi elmlər jurnalı. Bakı, 2009, N 4, s. 18

1 Дракер П. Посткапиталистическое общество // Новая постиндустриальная волна на Западе. Антология. М.: Aca­de­mia, 1999, с. 71.

 «Azərbaycan» qəzeti. İqrar Cəfəroğluya verilmiş mü­sa­hibə – 5 yanvar, 2001-ji il.

1 “525-ci qazet”, 30 dekabr 2008-ci il.

1 Daha ətraflı, bax: С.С.Халилов. Рецензия на книгу: «Проб­лемы оценки эффективности фундаментальных ис­следований:логико-методологические аспекты» Ю.Б.Та­та­ринова. М., Наука, 1986 // Вопросы философии. 1988. № 5.




Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin