Heydər Əliyev
Akademik Ramiz Mehdiyevin noyabr müşavirəsindəki çıxışından və məlum məqaləsindən sonra «humanitar və ictimai elmlər» mövzusu aktuallaşmışdır. Amma nə üçünsə hamı bu iki elmi istiqamətdən birlikdə, sanki vahid bir şeydən danışırlarmış kimi, bəhs edirlər. Halbuki, biz müvafiq elm sahələri qarşısında qoyulan vəzifələri daha konkret dərk edə bilmək üçün bu sahələrin özünə də diferensial yanaşa bilməli, onları fərqləndirməliyik.
Humanitar və ictimai elmlər ilk baxışda nə qədər yaxın görünsələr də, əslində xeyli dərəcədə fərqli mahiyyət və məzmuna malikdirlər.
Digər tərəfdən də, bir var humanitar elmlər, bir də var ümumiyyətlə humanitar sahə.
İnsan, onun mənəviyyatı, estetik dünyası, arzu və idealları – humanitar sahənin əsas predmetidir. Tarix, bədii ədəbiyyat, incəsənət də humanitar sahəyə aiddir. Bu başqa məsələ ki, göstərilən humanitar hadisələrin hər birinin öz elm və fəlsəfə səviyyəsi də vardır. Tarix, tarixşünaslıq («tarix elmi» – bəzən sadəcə «tarix» də deyilir; yəni hər iki məna eyni sözlə ifadə olunur) və tarix fəlsəfəsi, bədii ədəbiyyat, ədəbiyyatşünaslıq (filologiya) və ədəbiyyat fəlsəfəsi (aşağı yarusda bu sahə «ədəbi tənqid» kimi məlumdur), incəsənət, sənətşünaslıq və sənət fəlsəfəsi (estetika), din, dinşünaslıq və din fəlsəfəsi, mənəvi tərbiyə, pedaqogika və etika geniş planda götürdükdə humanitar sahəyə aiddir. Son vaxtlar daha inteqrativ bir elm sahəsi kimi insanşünaslıqdan, bəzən də antropologiyadan bəhs olunur. Mənaları eyni olsa da, bu iki tədqiqat istiqamətində bəzən fərqli məzmunlar qruplaşdırılır.
Sovet dövründə insan özü də ilk növbədə sosial varlıq kimi götürüldüyünə görə, insanşünaslıq da cəmiyyətşünaslığın içərisində əridilmişdi. İnsan fərdiyyətinin önə çəkilməsi daha çox dərəcədə Qərb dünyası, kapitalist ölkələri üçün səciyyəvi idi. Ona görədir ki, humanitar təfəkkür də, insan haqları mövzusu da, irsiyyət məsələləri də, fərdi-psixoloji problemlər də daha çox Qərbdə öyrənilirdi. İnsanın sosiallaşması hətta bədii ədəbiyyatda da öz əksini tapmışdı. İndi kommunist ideologiyasından ayrıldıqdan sonra, qarşımızda duran vəzifələrdən biri də insanşünaslığı bərpa etmək, fərdin cəmiyyətdə itmək, fərdiyyətini itirmək təhlükəsinin qarşısını almaqdır.
Din də humanitar sahəyə aiddir. Çünki insanın mənəvi aləmi ilə bilavasitə bağlıdır. Lakin müxtəlif dinlərdə bu bağlılıq bir qədər fərqlidir. Məsələn islamda dini etiqad ilk növbədə fərdə aiddirsə, xristianlıqda kilsələr insanla Allah arasında vasitəçilik missiyasını üzərinə götürərək dini ictimailəşdirmişlər. Ona görə də, islam aləmində ilahiyyat və dinşünaslıq əsasən humanitar sahəyə aid olsa da, xristian dünyasında cəmiyyət sferasına aiddir. Amma islamda da hər bir fərd üçün nəzərdə tutulan həyat tərzi və davranış qaydaları (fiqh) dini yönlü dövlətlərdə cəmiyyət və dövlət səviyyəsində təsbit olunmaqla hüquq sisteminin əsasını təşkil edir və beləliklə ictimailəşmiş olur.
İstənilən halda bütün dinlər həm humanitar, həm də cəmiyyət sferası ilə sıx surətdə bağlıdır.
Tarix də həmçinin. Tarix özü və tarixlə tərbiyə daha çox humanitar sahəyə aid olsa da, tarixşünaslıq və tarix fəlsəfəsi daha çox ictimai elmlərə aiddir.
Eləcə də fəlsəfə. Bir çox təsnifatlarda fəlsəfə humanitar sahəyə aid edilir. “Özünü dərk et” prinsipindən çıxış edildikdə, bu doğrudan da belədir. Amma insan fəlsəfəsindən fərqli olaraq tarix fəlsəfəsi daha çox dərəcədə ictimai yönlüdür. Yəni onun predmetini insan yox, cəmiyyət; fərdi ruh yox, ictimai ruh təşkil edir. İnsanın özünüdərki, millətin özünüdərki və nəhayət, bəşəriyyətin özünüdərki fəlsəfənin strukturunda fərqli səviyyələrdir.
Göründüyü kimi, biz humanitar və ictimai elmlər bölgüsündə insan və cəmiyyət bölgüsünə əsaslanırıq.
Lakin sual olunur ki, insan problematikasına onun fiziki varlığı, bədəni ilə bağlı məsələlər də aiddirmi, yoxsa ancaq mənəvi aləm, onun iç dünyası nəzərdə tutulur? Belə ki, bəzi təsnifatlara görə, insan bədəni bir təbiət hadisəsi olmaqla, təbiətşünaslığın predmetinə daxil edilir.
Əslində isə insan bədəni, bir tərəfdən, təbiətə aid olsa da, digər tərəfdən, onun əməli fəaliyyəti və mənəvi-ruhani aləmi üçün də mühüm bir rol oynadığına görə, həm də humanitar sahəyə aiddir. Bu mənada insanın fiziki sağlamlığına xidmət edən səhiyyə sistemi və idman da humanitar sahəyə aid edilə bilər. Maraqlı haldır ki, səhiyyə özü insana xidmət etməklə humanitar mahiyyət daşısa da, təbabət bir elm sahəsi kimi humanitar elmlərə deyil, daha çox dərəcədə təbiətşünaslığa aiddir. Lakin son dövrün praktikası göstərir ki, təbabət hər halda sadəcə təbiət elmi kimi qəbul edilə bilməz, çünki burada insan ruhu, psixikası ilə və deməli, ümumiyyətlə, humanitar sahəylə sıx bağlılıq vardır.
Elm: insandan kainata və geriyə – insan rifahına
Elmə humanitar sahə kimi baxılması da orta əsr Şərq ənənələrinə məxsus bir düşüncədir. O vaxt elm hikmətin, müdrikliyin bir əlaməti, aspekti kimi başa düşülürdü və çox vaxt dini düşüncənin hüdudları daxilində nəzərdən keçirilirdi. (Elmin din çərçivəsində nəzərdən keçirilməsinə hətta bu gün də rast gəlmək mümkündür.) Orta əsrlərin xristian və islam sxolastikaları da ilahiyyat çərçivəsində elm və fəlsəfə yaratmaq təşəbbüsləri idi.
Maraqlı haldır ki, islam dünyasında da, xristianlıqda da elmin institutlaşması dini təsisatlar daxilində baş vermişdir. Şərqdə dini təhsil almağın vasitələri olan mollaxanalar, mədrəsələr həm də dünyəvi biliklərin öyrənilməsinə xidmət etmişdir (bu sırada Nizamiyyə məktəbləri xüsusi qeyd edilməlidir). Şərq (İslam) dünyasında elm və ali təhsilin əsası dini savaddan başlandığı kimi, Qərbdə də ilk universitetlər: Bolonya, Oksford, Kembric, Sorbonna – hamısı kilsədən çıxmışdır.
Amma Yeni Dövr bütün sahələrdə olduğu kimi, elmə münasibət məsələsində də paradiqmanı dəyişir. Daha doğrusu, müasir mənada elm məhz bu dövrdə formalaşmağa başladı. Kapitalizm cəmiyyəti heç də yalnız ictimai-iqtisadi sahədə yeni bir quruluş forması olmayıb, həm də düşüncə tərzinin, mədəniyyətin və elmin yeni keyfiyyət mərhələsinə qədəm qoymasını təmin etdi. Elmin yeni mahiyyətdə və təşkilati formada sanki yenidən yaranması da XVII əsrdən başlayaraq həyata keçdi. O, ictimai istehsal prosesində mühüm bir halqaya çevrilməklə sonrakı bir sıra inqilabların: sənaye inqilabı, elmi-texniki inqilab, informasiya inqilabı və s. təməlini qoydu.
Biz isə hələ indi-indi kapitalizm quruluşuna keçirik. Daha doğrusu, bu keçid prosesinin ən azı bir mühüm aspekti: yeni iqtisadi münasibətlərə keçid artıq başa çatmışdır.
Bunun əsas göstəriciləri iqtisadi sahədə dövlət monopoliyasının əksər sahələrdə ləğv edilməsi, böyük miqyasda özəlləşmə prosesinin həyata keçirilməsi, xırda və orta biznesin xüsusi çəkisinin artması, torpağın özəlləşdirilməsi, inşaat sektorunun, kənd təsərrüfatının, xidmət sahələrinin və hətta sənayenin böyük qisminin özəl sektora keçməsi, maliyyə sistemində özəl kapitalın rolunun artması, maliyyə oliqarxiyasının yaranması, xarici investisiyanın cəlb edilməsi və s. bu kimi proseslərin böyük vüsət almasıdır. Yəni indi ölkəmizdə sosialist deyil, sosial yönümlü kapitalist ictimai-iqtisadi münasibətləri bərqərar olmuşdur. Lakin Azərbaycanda kapitalizmə keçid yeni dövr Avropasındakı proseslərdən köklü surətdə fərqləndiyinə görə, Qərb dünyasında yaranmış iqtisadi nəzəriyyələrin tətbiqi bizdə özünü doğrulda bilməz. Azərbaycanda və digər MDB ölkələrində təxminən eyni istiqamətli bir proses gedir: sosializmdən kapitalizmə keçid. Bu, tarixdə analoqu olmayan bir prosesdir. Həm də biz digər MDB ölkələrindən irəlidə olduğumuza görə. Bu prosesin elmi-nəzəri təhlili də bizim iqtisadçı alimlərin üzərinə düşür. Bunun üçün hətta təkcə iqtisadçıların yox, ictimai elmlərin bir sıra əlaqədar sahələrində çalışan mütəxəssislərin birgə səyləri tələb olunur.
Bütün bu proseslər zəruri surətdə elmə münasibətin də dəyişilməsinə, elmin də bir zinət sahəsi olmaqdan çıxıb, istehsal və kapital amilinə çevrilməsinə gətirməlidir.
Lakin bu proses təbii yolla getməli, yoxsa hansı isə daha böyük islahatların nəticəsi kimi ortaya çıxmalıdır? Bir şey aydındır ki, bu sahədə böyük islahatlar qaçılmazdır. Çünki bunu ölkəmizdə ictimai-iqtisadi proseslərin daxili məntiqi və dinamikası tələb edir. Əks təqdirdə, paradoksal bir hala yaranmış olar: iqtisadi sahədə biz yeni – kapitalist münasibətləri sisteminə keçdiyimiz halda, elm sahəsində hələ də köhnə sosialist strukturlarını və münasibətləri saxlamış olarıq.
Bizcə, ölkəmizdə bu proseslər AMEA-dan yan ötərək baş verir. Müdafiə Sənayesi Nazirliyi, Rabitə və İnformasiya texnologiyaları Nazirliyi və s. yeni hökumət qurumlarında «elm-istehsalat» birliklərini xatırladan məqsədyönlü elmi-texnoloji proseslər gedir. Bu proseslər ölkəmizdə getdikcə genişlənəcəkdir, amma AMEA-nın öz müstəqilliyini qorumaq naminə bu proseslərdən kənarda qalması ölkəmizin sürətli inkişafının təmin olunmasına xidmət etmir.
Elm: mənəvi və praktik meyarlar
Məgər atom bombasını da, nüvə silahını da və onları daşımaq üçün yaxın, orta və uzaq məsafəli raketləri də alimlər düzəltmədilərmi? Ya, ola bilsin ki, bilavasitə düzəltmədilər; onda belə deyək: bütün müasir silahlar alimlərin kəşfinə istinad etməklə ixtiraçılar, konstruktorlar və mühəndislər tərəfindən düzəldilmirmi? Və bu işlərin arxasında ümumbəşəri bir elmi fəaliyyət sistemi dayanmırmı? Və bu qlobal sistemin formalaşmasında bir çox günahsız ölkələrin günahsız alimlərinin payı da yoxdurmu?
Bəzən bizimkilər ümumiyyətlə elmin, abstrakt elmin inkişafı prosesində bu və ya digər dərəcədə iştirakları ilə fəxr edirlər. Onlar ancaq müstəqil elm haqqında, yeni elmi biliklər haqqında düşünürlər. Bəs bizim ixtiraçılar, konstruktorlar və müasir elmi nailiyyətləri tətbiq etmək səviyyəsində olan mühəndislər harada və necə hazırlanır?
Böyük elmin dəyirmanına su tökməyə çalışırıq, amma bu dəyirmanın kimin üçün üyütdüyünü və hazır məhsullardan kimin faydalandığını, yaxud əksinə, kimin başında çatladılacağını bilirikmi? Alim deyə bilər ki, bu daha mənim işim deyil, bunu da qoy bir başqası düşünsün. Amma bu «bir başqaları» kimdir və onlardan bizdə varmı? Bax bu məqamda texnokrat alimlərin yadına salmaq istəyirik ki, bu «başqa məsələlər» məhz ictimai elmlərin predmetinə daxildir. Təhsil – Elm – Texnika – Texnologiya – Sənaye – İstehlak zəncirində hər bir mərhələ tam müstəqil bir dəyər olmayıb həmin böyük zəncirin tərkib hissəsi olmaqla, müəyyən ideoloji yönə malikdir. Bu ideoloji yönü müəyyənləşdirən, cəmiyyətin makrostrukturunu, daxili proseslərin qarşılıqlı nisbətini təhlil edən onların müvafiq beynəlxalq proseslərlə qarşılıqlı əlaqəsini öyrənən və dövlət üçün təkliflər paketi hazırlayan da məhz ictimai elmlər olmalıdır.
İndiyədək ictimai elmlər öz üzərinə düşən bu məsul vəzifələri yerinə yetirməyibsə, bu o demək deyildir ki, bu elmlərə ehtiyac yoxdur. Biz təbiət elmlərindən real iqtisadi səmərə gözlədiyimiz kimi, ictimai elmlərdən də dövlətin strateji inkişaf xətti üçün elmi-metodoloji baza rolunu oynamaq və ictimai praktikaya xidmət etmək mənasında səmərəlilik gözləyirik. Lakin əlbəttə, ictimai gerçəklik və dövlət siyasəti ilə müvafiq elm sahələri arasında əks-əlaqə sisteminin yaradılması təkcə elm adamlarından asılı deyil. Bunun üçün müvafiq dövlət orqanlarının və ictimai qurumların da təşəbbüs göstərməsi tələb olunur.
ELM VƏ TƏHSİL
Bütün elmlərin bünövrəsi təhsillə qoyulur.
Əbu Turxan
Bir elmşünas kimi, bilavasitə elm və təhsilin öyrənilməsi ilə məşğul olan tədqiqatçı olaraq və bu iki fəaliyyət sahəsinin ümumi və fərqli cəhətlərini müqayisə etməklə, mən həmişə dövlətimizin elm və təhsil sahəsindəki siyasətinin vahid konsepsiyaya əsaslanması zərurətindən çıxış etmişəm. Elm və təhsil haqqında qanunlar ayrı-ayrı olsalar da, onlar əvvəlcə birlikdə, vahid sistemin tərkib hissələri kimi nəzərdən keçirilməli və yalnız bundan sonra onların nisbi müstəqil mövcudluq qaydaları hüquqi müstəvidə təsbit olunmalıdır, spesifik hüquqi tənzimləmə sistemləri yaradılmalıdır.
Biz, vahid elm və təhsil konsepsiyasından çıxış etmək zərurətini qeyd edərkən, heç də bu iki sahənin həddindən artıq yaxın olduğunu nəzərə çarpdırmaq fikrində deyilik. Əksinə, məqsəd bu iki sahə arasındakı fərqlərin nəzərə alınmasıdır. Belə ki, elm və təhsilin mahiyyətlərinin çox vaxt qarışıq salınması nəticəsində bu barədəki qanunlar da, necə deyərlər, bir-birini əhatə dairələrinə təcavüz edir, özünə aid olmayan məsələlərin hüquqi tənzimlənməsi iddiası ilə çıxış edir.
Təhsil müəssisəsində elmi fəaliyyət
Müasir təhsilin məzmununu əsasən elmi biliklər təşkil edir. Əlbəttə, hər bir insana adi məişət bilikləri, əməli bilik və vərdişlər də lazımdır. Lakin bu bilik və vərdişlərin çoxu ailədə öyrədilir. Məktəb isə daha çox dərəcədə nəzəri biliklərin sahələr üzrə və sistemli şəkildə öyrədilməsinə üstünlük verir.
Bəzən elə olur ki, insanın gələcək həyat və fəaliyyətində lazım olan bilik və vərdişlərin bir qismi nə ailədə, nə də məktəbdə mənimsədilmir. İnsan bunları müstəqil surətdə öyrənməli olur.
Məktəbə gedənlərin heç də hamısı gələcəkdə alim olmur. Əksinə, özünü elmə həsr edənlərin nisbi sayı çox az olur. Bəs nəyə görə müasir məktəb nəzəri biliklərin öyrədilməsinə üstünlük verir?
Müasir dövrdə bütün ixtisas sahələri eyni dərəcədə diferensiallaşmışdır. Və əməli fəaliyyət sahələrinin çoxunda müvafiq elmi-nəzəri biliklər tələb olunur. Yəni elm həyatın bütün sahələrinə nüfuz etmişdir. Görünür, təhsilin məzmununda elmi biliklərə üstünlük verilməsi də əsasən bununla bağlıdır.
Digər tərəfdən, məgər oxumaqla, savad almaqla, çox bilməklə alim olmaq mümkündürmü? Elə bu cür yanaşıldığına görə deyilmi ki, dissertasiyalar əsasən müəyyən mövzu üzrə hazırlanmış icmallardan ibarət olur. Axı, elmi fəaliyyət yaradıcı bir işdir və yeni elmi biliklər əldə olunmasına yönəldilmişdir. Təhsil isə artıq məlum olan biliklərin mənimsənilməsi prosesidir. Bu başqa məsələ ki, yaxşı qurulmuş təhsil prosesi yaradıcı təfəkkürü də inkişaf etdirir və gənclər hələ tələbə ikən elmi fəaliyyət mühitinə uyğunlaşdırılırlar.
Lakin təhsilin məqsədi alim hazırlamaq deyil. Təhsil bütün sahələr üzrə ictimai tələbata uyğun mütəxəssislər yetişdirmək üçündür. Ona görə də Qərbdə ali təhsil müvafiq ixtisas üzrə praktik fəaliyyətlə sıx surətdə bağlı olur. Biz isə elə yalnız bilik öyrətmək və tələbələrin başını lazımlı-lazımsız informasiya ilə doldurmaqla məşğuluq. Təbii ki, testlər də elə məlumatlılıq dərəcəsinin yoxlanmasına uyğun hazırlanır.
Bəs elmi biliyin əsaslarını öyrədən müəllimlər ümumiyyətlə elm haqqında, onun mahiyyəti və funksiyaları, praktik əhəmiyyəti haqqında nə bilir və tələbələrə bunu necə izah edirlər? Bir sözlə, elm nədir və onun məqsədi nədən ibarətdir?
İncəsənətin məqsədi insanın emosional-mənəvi dünyasını zənginləşdirmək, onu daha saf, daha təmiz etmək – onun mənəvi imkanlarını artırmaqdır.
Elmin məqsədi isə insanın intellektual dünyasını zənginləşdirmək, onu daha məlumatlı, daha bilikli etmək və bu biliyin qüvvəyə çevrilməsi sayəsində onun imkanlarını artırmaqdır.
Elmi biliyin maddi qüvvəyə çevrilməsi təbiətlə mübarizədə insanı daha güclü edir. Lakin insanın maddi gücü-qüdrəti artdıqca bu gücü düzgün yönəldə bilmək üçün onun mənəvi kamillik səviyyəsi də artmalıdır. Zira elm əhli olmaq, hələ kamal əhli olmaq deyil. Kamalın qələbəsi üçün yüksək elmi-texniki səviyyə ona uyğun gələn yüksək mənəvi-əxlaqi səviyyə ilə tamamlanmalıdır.
Təhsil müəssisələrində elmi fəaliyyətin spesifikasını aydınlaşdırmaq və optimal təşkilati strukturlar və prinsiplər müəyyənləşdirmək üçün bir tərəfdən, təhsil və elmin mahiyyəti, digər tərəfdən isə, inkişaf etmiş ölkələrdə bu sahədə yüz illər boyu əldə olunmuş təcrübə nəzərə alınmalıdır.
İstər yaradıcı təfəkkür aşılayan tədris prosesi, istərsə də həqiqətin üzə çıxarılmasına, yeni biliklər əldə edilməsinə yönəldilmiş tədqiqat prosesi (fundamental elmlər) eyni idraki mexanizmə əsaslanır. Deməli, bu sahələrin ən optimal təşkilati strukturu yalnız onların vahid prosesə çevrilməsi şəraitində təmin edilə bilər.
Tarixən təhsil sistemi və elmi tədqiqat sistemi nisbi müstəqilliyə malik olsalar da, həmişə əlaqəli olmuşlar. Bu əlaqə, ilk növbədə, hər iki sahədə yüksək intellektual səviyyə və geniş məlumat dairəsi olan adamların çalışması ilə bağlıdır.
Elm və təhsilin sosial sistem kimi təşkil olunmadığı vaxtlarda ilk müəllimlər məhz ilk alimlər arasından çıxmışlar. Az-çox dərəcədə təşkil olunmuş ilk təhsil ocaqlarından biri olan Platon Akademiyası timsalında bu tarixi qoşalıq çox gözəl görünür. Bir çox elm klassikləri öz əsərləri ilə bərabər həm də davamçı-şagirdlər qoyub getmiş və elm tarixinə müəyyən bir məktəbin banisi kimi daxil olmuşlar. N.Borun məşhurlaşmasında onun yaratdığı məktəb elmi kəşflərindən az rol oynamır. Lakin bu, heç də bütün alimlərə müyəssər olmamışdır. Ən böyük alimlərdə də öz biliyini başqalarına öyrətmək ustalığı və həvəsi olmaya bilər. Öz şəxsi elmi yaradıcılığı ilə elmə böyük töhfələr vermiş A.Eynşteyn buna ən yaxşı misaldır.
Şagirdlər və davamçılar olmadıqda alimin yalnız bitkin tədqiqatları elm xəzinəsinə daxil olur: neçə-neçə yarımçıq tədqiqatlar, ideyalar isə üzə çıxmır, itib gedir. Alimin məktəbi, laboratoriyası və s. başlanmış axtarışların davam etdirilməsinə, ideyaların və tədqiqat vərdişlərinin yeni nəslə ötürülməsinə xidmət etməklə, əslində təhsil sisteminin funksiyalarını yerinə yetirmiş olur. Özü də bu, artıq formal yox, yaradıcı təhsil nümunəsidir.
Lakin təhsil sisteminin tarixən müstəqil təşkilati struktur kəsb etməsi alimlikdən uzaq olan, elmi tədqiqat vərdişlərinə və bəzən ümumən yaradıcı təfəkkürə malik olmayan adamlar içərisindən müəllimlər hazırlanmasını adi bir hala çevirmişdir.
Xüsusən icbari təhsil şəraitində, qısa vaxtda bütün ölkəni başdan-başa maarifləndirmək planı həyata keçirilərkən, müəllimlər ordusu lazım idi və yaradıcı şəxsiyyətdən icraçı əsgərlərə keçid də, müəllim nüfuzunun aşağı düşməsi də ən çox bununla bağlı idi. İlk baxışda belə görünə bilər ki, orta məktəb səviyyəsi üçün müəllimdən tədqiqatçılıq tələb olunmaya da bilər. Lakin müəllim üçün elmdə doğrudan da nə isə yeni bir şey kəşf etmək vacib olmadığı halda, heç olmazsa, məlum olanları şagirdlərin iştirakı ilə hər dəfə yenidən kəşf etmək qabiliyyəti olmalıdır.
Ali məktəbdə isə müəllim həm də alim olduğu kimi, tələbələr də tədqiqatın nəinki şahidi, həm də iştirakçısı olmalıdırlar.
Tədqiqat institutları ali məktəbdən ayrı salındıqda professor-müəllim heyətinin elmi potensialından və elmi işçilərin müəllimlik imkanlarından kifayət dərəcədə istifadə olunmur. Məsələn, respublikamızda akademiklərin və elmlər doktorlarının böyük bir qismi elmi tədqiqat institutlarında çalışır, ali məktəblərdə müvafiq fənləri isə tələbələrə çox vaxt kvalifikasiya dərəcəsi xeyli aşağı olan adamlar tədris edirlər. Ali məktəblərə bəzən elmi tədqiqat sahəsində xüsusi uğur qazana bilməyən adamlar cəlb olunur ki, bu da tədrisin elmi səviyyəsini aşağı salır. Bu baxımdan respublikamızda geniş yayılmış olan və hətta yaxşı hal kimi "əsaslandırılan" özü üçün kadr hazırlamaq praktikası ali məktəblərdə elmi atmosferə böyük ziyan vurur. Ali məktəblər bu ənənəyə sadiq qalaraq elmi tədqiqat institutlarında çalışan görkəmli mütəxəssislər əvəzinə öz kadrlarını – kafedralarda uzun müddət köməkçi heyət kimi fəaliyyət göstərən adamları müəllim götürürlər. Və bunu çox vaxt ali məktəbin spesifikası ilə, təhsil sisteminin elmi müəssisədən fərqi ilə izah etməyə çalışırlar.
Akademiya, ali məktəb və sahə elmlərindən danışarkən bir qayda olaraq, elə bil ki, eyni hüquqlu, eyni imkanlı adamların müxtəlif idarələrdəki fəaliyyətindən söhbət gedir. Müqayisə adətən statistik göstəricilər əsasında aparılır: hansı sahədə neçə elmlər doktoru, neçə elmlər namizədi və s. Vardır. Halbuki, həmin sahələrin öz spesifikasından asılı olaraq orada çalışan elm adamlarının fəaliyyəti də müəyyən spesifikaya malik olmalıdır. Məsələn, sahə elmində çalışan adamların əsas funksiyası məlum elmi müddəaları istehsal sahəsinin tələblərinə uy-ğunlaşdırmaq, yeni tətbiq yolları tapmaqdırsa, Akademiya işçilərinin funksiyası tətbiqdən asılı olmadan yeni elmi biliklər almaq, gerçəklik haqqında həqiqəti üzə çıxarmaqdır.
Bəs ali məktəb? Burada çalışan müəllimlər həm də elm adamlarıdır, elmi tədqiqat vərdişlərinə malikdirlər. Əlbəttə, müəllimin ilk əsas vəzifəsi tədris etmək, məlum bilikləri öyrətməkdir. Lakin necə etmək olar ki, müəllimlik və alimlik tam müs-təqil fəaliyyət sahələri kimi bir-birinə qarşı dayanmasın, əksinə, eyni məqsəd ətrafında birləşərək bir-birini tamamlasın. Axı, müəllim heç də yalnız hazır biliklərin mənimsənilməsi ilə kifayətlənməməli, tələbələrə həm də yeni bilik axtarılması yollarını öyrətməli, tədqiqat vərdişləri aşılamalıdır. Yaradıcı təfəkkür əldə etmədən tələbə aldığı bilikləri uğurla tətbiq edə bilməz və yeni standartdan kənar qeyri-normal vəziyyətlərdə çıxış yolu tapa bilmədiyindən durğunluğun, ətalətin, ehkamçılığın daşıyıcısı olar. Bu baxımdan, ölkəmizdə ətalət və ehkamçılığın qalıqları təhsil sistemi də böyük neqativ rol oynamışdır. Hazır biliklərin öyrədilməsi ilə kifayətlənməmək və tələbələrdə tədqiqatçılıq vərdişləri, yaradıcı təfəkkür formalaşdırmaq üçün isə tədris prosesinin özü real tədqiqat laboratoriyasına çevrilməlidir. Alimlik və müəllimlik müəyyən spesifik cəhətlərlə şərtlənsə də, bir sıra ümumi cəhətlərə də malikdir. Təsadüfi deyil ki, respublikamızda elmi kadrların üçdə birindən çoxu ali məktəblərdə cəmlənmişdir. Xüsusən elmi dərəcəsi olan kadrların nisbi sayına görə ali məktəb akademiya və sahə elmini xeyli qabaqlayır. Belə bir şəraitdə fundamental elmi tədqiqat işinin əsasən Akademiya institutlarında aparılması, ali məktəblərin isə bu işə ancaq qismən qoşulması yolverilməz haldır. Respublikanın məhdud imkanları müqabilində bütün elmi avadanlıq və təchizat mərkəzləşdirilməli olduğu halda, tam bir pərakəndəlik hökm sürür.
Elmin idarə olunması hələ də sosializmdən qalma ənənələrə müvafiq olaraq inzibatçılıq yolu ilə həyata keçirilir. Həmin dövrdə elmin spesifikasını nəzərə almadan elmi institutlarda və ali məktəb kafedralarında, təsərrüfat müəssisələrində analoji nizam-intizam yaratmağa təşəbbüs göstərilir, «təşkilatçılıq qabiliyyəti» olan adamlar elmdə də «dəmir qayda»ya nail olurdular. Akademiyanın qapısı ağzına milis işçiləri qoyulması və ali məktəb müəllimlərinin, başqa müəssisələrdə çalışan alimlərin içəri buraxılmaması, elmi işçilərdən elmi nəticə soruşmaq əvəzinə, onların səkkiz saat şöbədə oturmalarının təmin edilməsi elmi işin və elmi əməkdaşlığın spesifikasını «unutmaqdan» irəli gəlirdi. İndi isə tam tərsinə olmuş, demokratik rejimə keçid hər cür nizam-intizamdan imtina edilməsi kimi qəbul edilmişdir.
Elmşünaslıq problemlərinin böyük bilicisi Xudu Məmmədov danışırdı ki, akademik İ.Vekua Novosibirskdən qayıdaraq Gürcüstan SSR Elmlər Akademiyasına prezident təyin olunandan sonra bir sıra dəyişikliklər həyata keçirir ki, köhnə stereotiplərə uyğunlaşmış adamlar bunu heç cür qəbul edə bilmirlər. Onun təşəbbüsü ilə yeni elmi-tədqiqat institutu açılır və bura yüksək maaşla istedadlı gənc alimlər cəlb olunur. Bu alimlər işə vaxtı-vaxtında gəlib getmədiyi üçün və hər kvartalda konkret nəticələr əsasında hesabat vermək əvəzinə taleyi qabaqcadan məlum olmayan «uzaq məqsədlər» uğrunda çalışdıqları üçün bir qrup qanunpərəst Moskvaya şikayət yazır ki, akademik İ.Vekua dövlət pulunu havayı xərcləyir, işə gəlməyən adamlara yüksək maaş verir, onları növbəsiz mənzillə təmin edir. Yoxlama gəlib iş vaxtında deyilənlərin doğru olduğunu müəyyən edir. Axşam komissiya üzvləri hansı isə yubiley məclisində iştirak edir və gecə yarısı banketdən qayıdanda akademik İ.Vekua maşınları həmin institutun yanından sürməyi xahiş edir. Baxıb görürlər ki, gündüz adamsız olan otaqların çoxunda gecə işıq yanır. Məlum olur ki, tədqiqatçılar məhz «iş vaxtı» adlanan müddətdə deyil, onlara yaradıcılıq üçün hansı vaxt münasibdirsə, o vaxtda işləyirlər. İşçilərə verilən bu sərbəstlik elmi işlərin səmərəsini daha da artırır. Onların hər kvartalda konkret nəticə tələbindən xilas edilməsi, onlara etimad göstərilməsi və şərait yaradılması diqqəti daha böyük problemlərə yönəltməyə, təkcə elmin bu günü üçün deyil, həm də sabahı üçün çalışmağa imkan yaradıb.
Elmdə formal hesabat sisteminin tətbiq edilməsi nəinki məsuliyyət hissini artırmır, hətta əsl elmi meyarları pərdələməklə qarışqanı fil, fili qarışqa etməyə imkan yaradır, elm sahəsində «pripiska»nın yayılmasına səbəb olur. Əksər elmi-tədqiqat institutlarında və xüsusən ali məktəb kafedralarında plan üzrə görülən illik elmi iş dedikdə makinada səliqə ilə çap edilmiş müəyyən həcmli (yenə də kəmiyyət meyar kimi çıxış edir) yazı nəzərdə tutulur. Onun elmi dəyərini isbat etmək üçün istənilən iki nəfərdən rəy almaq kifayətdir. Nəticədə hamı bir-birinin işinə gözəl rəylər yazır və «tədqiqat işləri» müəllimin çalışdığı şöbədə və ya kafedrada «müzakirə olunur». Rəqabət prinsipi işləməyən yerdə heç kim öz yoldaşına qarşı «bədxahlıq» etmək niyyətinə düşmür. Əgər tək-tək istisnalar varsa, bunlar da elmi prinsipiallıqdan yox, şəxsi münasibətdən doğur. Çünki elmi rəqabət mühiti və dəqiq elmi meyarlar olmayanda dəyərsiz «tədqiqatları» tərifləmək, həqiqi elmi sanbalı olan tədqiqatları isə «alt-üst» etmək mümkündür.
Ali məktəbdə çalışan yüksək ixtisaslı elmi kadrlar elmi tədqiqat işi üçün lazımi şərait əldə edə bilmirlər. Ali məktəblərin elmi tədqiqat bölmələrində əsasən tədris fəaliyyətinə cəlb olunmamış, bu və ya digər səbəbdən müəllim kimi ixtisara düşmüş və ya "ehtiyat qüvvəyə" daxil olan adamlar çalışırlar ki, bu da ən böyük elmi potensiala malik olan professor-müəllim heyətinin yenə də fəal elmi tədqiqatdan kənarda qaldığına dəlalət edir. Nəticədə nəinki professor-müəllim heyətinin (respublikanın yüksək ixtisaslı elmi kadrlarının az qala yarısının) elmi tədqiqat imkanları reallaşmır, həm də bu imkanları tədricən itirməklə onlar yaradıcı müəllim kimi də çox şey itirmiş olurlar.
Ali məktəbdə müəllimdən həm də alimlik tələb olunur və bu cəhət yalnız tədris prosesindən kənarda, başqa şəraitdə və başqa bir sistemin (elm sistemi) daxilində yox, məhz tədris prosesində nümayiş etdirilməli, daha doğrusu, elmi tədqiqatla tədris işi birləşdirilməlidir. Bu, xüsusən universitet təhsilini şərtləndirən ən ciddi tələblərdən biridir və qabaqcıl universitetlər öz işini məhz bu istiqamətdə yenidən qurmağa çalışırlar. İnkişaf etmiş kapitalist ölkələrində fundamental elmi tədqiqatların əsasən universitetlər tərəfindən həyata keçirilməsi heç də təsadüfi deyildir. Bu baxımdan, ABŞ-ın təcrübəsi xüsusi diqqətə layiqdir. Burada ali məktəblər arasında universitetlərin xüsusi çəkisi böyükdür və onlar ən müasir tələblər səviyyəsində elmi bazaya malik olduqlarından elmin tərəqqisində aparıcı rol oynayırlar. ABŞ-ın bütün fundamental elmi tədqiqatlarının 60%-dən çoxu universitetlərin payına düşür. Ən böyük universitetlərin (multiuniversitetlər) tərkibində müasir avadanlıqla təchiz olunmuş bütöv tədqiqat mərkəzləri və elmi tədqiqat institutları fəaliyyət göstərir. Həmin tədqiqat müəssisələrinin Akademiya yox, universitet nəzdində olmasının üstün cəhətlərindən biri yüksək ixtisaslı alim-müəllimlərin elmi potensialından səmərəli istifadə olunmasıdır. Digər tərəfdən, elmi mərkəzə tədqiqatçı kimi cəlb olunmuş adamlar, əgər xüsusi qabiliyyətləri varsa, özlərini qabaqcıl müəllim kimi də göstərmək imkanı əldə edir. Müəllimlik və alimlik funksiyaları arasında qarşılıqlı keçid imkanı yaranır. Lakin, bizcə, bu cür təşkilati strukturun ən böyük üstünlüyü aspirant və tələbələrin universitet nəzdindəki elmi mərkəzlərin bazasından istifadə etmək imkanıdır. Tələbələrin hələ təhsil dövründə əsl elmi tədqiqata cəlb oluna bilməsidir. Məhz bu sonuncu imkanın xüsusi əhəmiyyətini nəzərə alaraq ABŞ-da son vaxtlar xüsusi tədqiqat universitetlərinə (multiuniversitet) geniş yer verilir. Multiuniversitetlərdən fərqli olaraq, elmi tədqiqat müəssisələri təhsil müəssisəsinin nəzdində olur, onun içərisində əridilir, yəni təhsil və elmi tədqiqat eyni bir prosesə çevrilir. Burada oxuyan tələbələr artıq peşəkar elmi işçidirlər və ən aktual problemlərin həllində bilavasitə iştirak edirlər. ABŞ-ın bu qabaqcıl təcrübəsi, heç şübhəsiz, bizdə də nəzərə alınmalıdır.
Respublikamızda ali məktəbin elmi potensialından daha səmərəli istifadə etmək üçün həyata keçirilməsi zəruri olan aşağıdakı islahatlar xüsusi qeyd oluna bilər:
1. Ali məktəblərin elmi bazasının möhkəmləndirilməsi və burada alimlərin elmi tədqiqat işinin iqtisadi cəhətdən stimullaşdırılması.
2. Akademiya, ali məktəb və sahə elmlərinin qarşılıqlı əlaqəsinin möhkəmləndirilməsi, müəllim-alimlərin Akademiya və sahə elminin bazasından istifadə etməsi üçün şərait yaradılması. Birgə elmi tədqiqat işlərinin genişləndirilməsi.
3. Aspirant və tələbələrin eyni hüquqlu kadr kimi birgə elmi tədqiqatlara cəlb edilməsi.
4. Bir sıra elmi tədqiqat institutlarının universitet tabeliyinə keçirilməsi və ya ali məktəblə tədqiqat institutlarının inteqrasiyası.
5. Ali məktəbin istehsalla bilavasitə əlaqəsinin gücləndirilməsi, bu məqsədlə yeni təşkilati formalardan, xüsusən təsərrüfat hesablı müqavilələrdən geniş istifadə olunması.
6. Tədris-elm-istehsalat birliklərinin yaradılması. İstehsal müəssisələrinin təcrübə bazası kimi ali məktəblərin sərəncamına verilməsi.
* * *
Ölkəmizdə təhsil sisteminin elmi-nəzəri əsasları hələ indiyədək ciddi surətdə tədqiq edilmədiyindən və elmşünaslıqla, elmlərin təsnifatı ilə əlaqələndirilmədiyindən hansı təhsil mərhələsində hansı fənlərin tədris olunması məsələsi çox vaxt təsadüfi mülahizələrlə həll olunur. Xüsusən orta məktəblərdə dərin kök atmış stereotiplərdən və pis mənada ənənəçilikdən xilas olmaq çox çətindir. Məsələn, gələcəkdə buruq ustası, dərzi, aktyor və ya hüquqşünas olacaq adamlara icbari yolla molekulyar fizika, üzvi kimya və triqonometriya keçmək nə dərəcədə məqsədəuyğundur? Göründüyü kimi sual çox ciddi bir problemə aiddir. Yaradıcı təfəkkürü təzəcə formalaşan, böyük düşüncə potensialına malik olan və əməli vərdişlərə yiyələnməyin ən münasib çağını yaşayan yeniyetmələr ordusunu lazımsız informasiya ilə yükləmək zərurəti nə ilə əsaslandırılır? Lap bu yaxınlara qədər belə bir "əsas" var idi. Hər bir sovet gəncinin çoxsahəli biliyə malik olması hərtərəfli inkişaf etmiş kommunizm qurucuları hazırlanması proqramının tərkib hissəsi idi. Lakin elə ki, biz yeni təfəkkür sayəsində digər kommunizm quruculuğu stereotipləri ilə yanaşı "hərtərəfli inkişaf" tezisinin mütləqləşdirilməsindən də azad oluruq, elə ki, sivilizasiyanın əsasında əmək bölgüsü və ixtisaslaşma zərurətinin dayanması kimi sadə həqiqəti artıq qəbul edirik, onda təhsilin strukturuna da sağlam məntiq mövqeyindən yanaşmaq imkanı açılır.
Orta ümumtəhsil məktəblərində yalnız gələcək ixtisasından asılı olmadan hamı üçün faydalı olan fənlər keçilməsi məqsədəuyğundur. Təbiətşünaslıq fənlərinin sistemli surətdə öyrənilməsi ümumi mədəni tərəqqi baxımından ancaq təfəkkür qabiliyyətini inkişaf etdirmək üçün faydalı ola bilər. Lakin təfəkkür qabiliyyətinin inkişafı hamı üçün həqiqətən zəruri olan biliklərin öyrənilməsi prosesində də həyata keçirilə bilər. Bu baxımdan nəinki təbiətşünaslıq fənləri, habelə tarix və ədəbiyyat fənlərinin proqramı da məhz ümumbəşəri sərvətlərə yiyələnmək və müstəqil təfəkkür mədəniyyəti formalaşdırmaq mövqeyindən yenidən işlənməlidir. Tarix keçmiş haqqında informasiya mənbəyindən tərbiyə vasitəsinə çevrilməli, gənclərin vətəndaş kimi formalaşmasına xidmət etməlidir. "İnsan və cəmiyyət" kursu da məhz sinfi qütbləşmə mövqeyindən ümumbəşəri sərvətlərə qayıdış dalğasında meydana çıxmışdır və gənclərin dünyagörüşünün yeni təfəkkür mövqeyindən formalaşdırılmasına xidmət etməlidir. O, bazar iqtisadiyyatı, azad rəqabət və işgüzarlıq şəraitində müstəqil həyata atılan gənclərə həyati zərurət kimi olan biliklər kompleksini əhatə etmək baxımından ən aktual fəndir.
Orta məktəbi bitirən gənc, gələcəkdə hansı ixtisası seçəcəyindən və təhsilini davam etdirib-etdirməyəcəyindən asılı olmadan, artıq cəmiyyətin yetkin bir üzvü kimi formalaşmalıdır. Özünü dərk etmədən və yaşadığı cəmiyyətin keçmişini və bugününü öyrənmədən həyata atılanlar uğur qazana bilməzlər. Cəmiyyətin tam hüquqlu üzvü, fəal vətəndaş kimi formalaşmaq üçün hər bir şəxsin ictimai həyat hadisələrini müstəqil surətdə təhlil etmək və öz həyat yolunu, siyasi mövqeyini şüurlu surətdə seçmək imkanı olmalıdır.
Gənc kadrların praktik iş keyfiyyətlərinəmi daha yaxşı yiyələnməsi, yoxsa elmi yaradıcılığamı meylli olması yuxarı kurslarda artıq aydınlaşdırılmalı, magistraturaya və doktoranturaya qəbul da məhz elmi yaradıcılıq istedadı əsasında müəyyənləşdirilməlidir. Doktoranturanın ikinci pilləsi deyilən təhsil forması isə ləğv edilməli, Ph.D dərəcəsi almış şəxslərə dünya praktikasına uyğun olaraq müstəqil elmi fəaliyyət üçün sadəcə şərait yaradılmalı, lazım gələrsə onlar müvafiq ixtisas üzrə tanınmış elm mərkəzlərinə ezam edilməlidirlər. Yəni “bütün elm sahələri üzrə bizdə yaradıcılıq mühiti var və biz doktoranturanın ikinci pilləsi deyilən təhsil vasitəsilə yüksək dərəcəli alimlər hazırlayırıq”, – deyə özümüzü aldatmayaq. Unutmayaq ki, dünya elminə inteqrasiyanın mühüm şərtlərindən biri məhz elmi yaradıcılıq ezamiyyətləridir. Xüsusən fundamental elm sahələrində yeganə çıxış yolu budur. Tətbiqi elmin də bir çox sahələrində də biz hələ uzun müddət dünya praktikasını öyrənməliyik. Ancaq humanitar və ictimai elm sahələrində bütün ağırlıq mərkəzi öz ölkəmizdə olmalı və məhz buna görə də Akademiyanın prioritetləri müəyyənləşdirilərkən bu mühüm cəhət nəzərə alınmalıdır.
Ali təhsildən sonrakı təhsil və gənclərin elmi
tədqiqata cəlb olunması
Gənclərimizi elmə, mədəniyyətə daha da çox cəlb etmək lazımdır. Gənclərimizdə elmi-tədqiqat işlərinə həvəs oyatmaq lazımdır.
Dostları ilə paylaş: |