* * *
Tibb elmləri sahəsində əsas elmi mərkəz haradadır? AMEA bu sahədə elmi mərkəz rolunu necə oynaya bilər?
Məgər statusuna görə “Tibb Universiteti” əslində məhz Akademiya deyilmi? Və bu Tibb Akademiyası məzmun və funksiyasına görə “Təhsil-Elm-İstehsalat (baxılan halda – səhiyyə)” birliyi deyilmi? Bunu hansı isə dolayı yollarla AMEA ilə necə əlaqələndirmək və tibb elmini necə AMEA-dan koordinasiya etmək olar? Rektorun eyni zamanda AMEA-da müvafiq bölmənin akademik-katibi seçilməsi ilə iş düzəlirmi?
Yaxud başqa bir sahəyə baxaq: Aviasiya Azərbaycanda nisbətən yeni bir sahədir və onun elmi bazası da son illər ərzində yaranmaqdadır. Amma bu elmi baza harada yaranır: AMEA-da, yoxsa Milli Aviasiya Akademiyasında? Şübhəsiz ki, sonuncuda. Bu baxımdan Milli Aviasiya Akademiyası da bir “Təhsil-Elm-İstehsalat” mərkəzi deyilmi və müvafiq sahə elmlərini də özündə birləşdirmirmi?
Yaxud AMEA-dan da əvvəl mövcud olan Dövlət Neft Akademiyasının funksiyalarına nəzər salaq. Məgər bu akademiya neft sənayesi və onun elmi-riyazi əsasları sahəsində əsas elmi mərkəz deyilmi? Daha doğrusu, bütün məqsəd bu akademiyanın əvvəlki şöhrətini qaytarmaq və onu getdikcə daha çox dərəcədə təhsil müəssisəsinə çevrilməkdən xilas edərək, “Elm-Təhsil-İstehsalat” mərkəzi kimi formalaşdırmaqdan ibarət olmalı deyilmi? Bu qurumun Neft Şirkəti ilə əlaqələri məhz elmi-texniki yaradıcılıq aspektində daha da gücləndirilməli deyilmi? Və o, müvafiq sahə elmlərinin mərkəzi bazası olaraq qalmalı deyilmi? Yoxsa biz onu da AMEA-dan koordinasiya edəcəyik?
AMEA öz əsasnaməsində real imkanlarından və gerçək missiyasından fərqli olan funksiyaları da öz üzərinə götürübsə, biz sahə elmlərinin olub-qalan potensialını da tükətməyəmi çalışmalıyıq?
Yaxud hüquq sahəsinə baxaq. BDU-nun hüquq fakültəsində və bu sahədə ixtisaslaşmış akademiyalarda, neçə onilliklər ərzində formalaşmış elmi mərkəzlərə AMEA nəzdində alternativ yaratmağa ehtiyac varmı? Onsuz da AMEA-da “İnsan hüquqları” üzrə ayrıca bir institut fəaliyyət göstərir. Üstəlik Fəlsəfə institutunu hüquqlaşdırmaq siyasəti hansı ehtiyacdan irəli gəlir?
Yaxud Mədəniyyət və İncəsənət Universitetini müvafiq sahədə “Elm-Təhsil-İstehsalat” birliyi kimi formalaşdırmaq və bu məqsədlə AMEA-nın müvafiq institutu ilə inteqrasiya aparmaq mümkün deyilmi?
Suallar çoxdur, sadəcə olaraq sovet dövründən qalmış ənənəvi strukturları eynən saxlamaqla aparılan hər hansı bir islahat vahid dövlətçilik mövqeyindən həyata keçirilə bilməz. Çünki islahatlar zamanı hər bir qurumun deyil, bütövlükdə dövlətin maraqları önə çəkilməlidir.
Bir məqamı da xüsusi qeyd etməyə ehtiyac vardır ki, belə fundamental islahatlar kimlərinsə ixtisar olunmasını, işsizlik yaradılmasını deyil, əksinə, hər bir işçinin öz fəaliyyət istiqamətinə uyğun dövlət qurumunda çalışmasını nəzərdə tutur.
AMEA-nın mahiyyəti, struktur və funksiyaları haqqında tənqidi mülahizələri “ümumiyyətlə AMEA lazımdırmı?” sualına çevirmək və bu sualdan antitez kimi yararlanmaq istəyənlərin isə nəzərinə çatdırmaq istərdik ki, AMEA nəinki sadəcə olaraq lazımdır, həm də daha mötəbər, daha nüfuzlu bir təşkilat kimi lazımdır. Unutmaq olmaz ki, bunu ulu öndərimiz Heydər Əliyev də dönə-dönə demiş və ölkəmizdə elmin inkişafı üçün təminat yaradılması zərurətini xüsusi qeyd etmişdir. Prezident İlham Əliyev də bu xətti davam etdirir. Yəni AMEA-nın qalıb-qalmaması məsələsi gündəmdə yoxdur. Söhbət onun statusundan, strukturundan, funksiyalarından, prioritetlərindən gedir. Məsələnin optimal həlli üçün Akademiyanın mahiyyəti önə çəkilməlidir.
AMEA ilk növbədə, dünya praktikasına uyğun olaraq, bütün elm sahələrində ən yüksək nailiyyətlər əldə etmiş böyük alimlərin – akademiklərin ictimai birliyidir. Düzdür, Azərbaycanda bu ictimai birlik dövlət büdcəsindən maliyyələşir və bu fakt ölkəmizdə elmə qayğının bariz ifadələrindən biridir. Bu himayə ilk növbədə onun binalarının və maddi-texniki bazasının dövlət tərəfindən əvəzsiz verilməsində, AMEA-nın həqiqi və müxbir üzvlərinə yüksək məvacib ayrılmasında və bir sıra başqa imtiyazlarda özünü göstərir.
Bu yüksək nüfuzlu təşkilat ölkəmizdə təkcə elmin yox, ümumiyyətlə mədəniyyətin, təhsilin, mənəviyyatın inkişafı naminə öz sanballı sözünü deməli, dövlətimizin apardığı böyük quruculuq işinə, həyata keçirdiyi strateji xəttə dəstək verməlidir. Və ümid edirik ki, Akademiyanın nüfuzu hər mənada artacaq və o digər akademiyalarla tədqiqat sahələrini bölüşməyə çalışmayaraq, bir növ onların fövqündə duran quruma çevriləcəkdir.
İslahat və müzakirə tələb edən isə ilk növbədə AMEA-nın nəzdindəki elmi-tədqiqat institutlarıdır. Bizcə, onların çeşidinə və funksiyalarına yenidən baxılmalı, “Elm-İstehsalat” və “Təhsil-Elm-İstehsalat” birlikləri ilə inteqrasiya variantları nəzərdən keçirilməlidir. Belə bir islahatdan sonra AMEA əsasnaməsində nəzərdə tutulan koordinasiya rolunu, mərkəzləşdirici funksiyasını yerinə yetirə biləcəkmi?
Nə qədər paradoksal görünsə də, AMEA öz üzərinə götürdüyü əlaqələndici missiyasını ancaq bu zaman, dublyor qurumlardan xilas olmaqla, öz işini ancaq aparıcı, prioritet sahələr üzərində, elm təşkilatçılığı istiqamətində qurmaqla yerinə yetirə bilər. Çünki bu halda özümünkü və başqasınınkı olmayacaq və akademiklər birliyi bütün sahələrə eyni ucalıqdan baxa biləcəkdir.
AMEA-nın – akademiklər birliyinin indiki şəraitdə arxa plana keçmiş, lakin əslində ən mühüm funksiyaları da ancaq bu zaman hərəkətlənə bilər. Bu funksiyalar, məsələn, aşağıdakılardır:
1. Azərbaycanda aparıcı elm sahələrinin müəyyənləşdirilməsi və təsnifatı, elmi standartların və tələblərin müəyyənləşdirilməsi – bu məqsədlə AMEA-nın nəzdində elmşünaslıq institutunun yaradılması.
2. Universitet elmi və sahə elmlərinin, ixtisaslaşmış akademiyaların, “Elm-Təhsil-İstehsalat” birliklərinin elmi fəaliyyət istiqamətlərinin ümumi mənzərəsinin yaradılması və elmi işlərin koordinasiyası.
3. Ali Attestasiya Komissiyası və Dissertasiya Şuralarının, ekspert komissiyalarının da işinin bu nüfuzlu qurumla sıx əlaqədə həyata keçirilməsi. Ekspertiza işinin yüksək ödənişli əsaslarla qurulması. Dissertasiyaların hazırlandığı elmi-tədqiqat mərkəzləri ilə sıx əlaqə yaradılması, lakin həlledici sözün AMEA-ya verilməsi.
4. Ölkəmizdə nüfuzlu elmi jurnalların fəaliyyətinin və nəşrinin təşkil edilməsi.
5. Ancaq adı qalmış və bir dilçilik qurumuna çevrilmiş Terminologiya komitəsinin fəaliyyətinin canlandırılması, bütün ixtisas sahələri üzrə ən görkəmli mütəxəssislərin bu işə cəlb olunması.
6. Koordinasiya şuralarının formal şəkildə deyil, gerçək fəaliyyətinin təşkil olunması və “ictimai əsaslarla” fəaliyyət praktikasından uzaqlaşaraq, bu iş üçün yetərli dərəcədə pul ayrılması.
7. Elmi tədqiqat layihələrinin dəyərləndirilməsi və bu işin təşkilində Elmin İnkişaf Fondu ilə sıx əlaqə yaradılması.
İş prosesində, şübhəsiz ki, neçə-neçə yeni istiqamətlər ortaya çıxa bilər. Əsas məsələ isə mərkəzləşdirmə və koordinasiya funksiyalarının sözdə deyil, işdə həyata keçirilməsi və bu sahələrin institutlaşmasıdır.
Elmlər Akademiyası və Yazıçılar Birliyi
Bu yaxınlarda “525-ci qəzet”in səhifələrində1 xalq yazıçısı Elçinin Azərbaycan ədəbiyyatı və onun təşkilatlanması problemləri haqqında düşüncələri ilə tanış oldum. Bir elm adamı olaraq, burada qaldırılan məsələlər fikrimi istər-istəməz elmin və fəlsəfi tədqiqatların təşkilatlanması ilə əlaqədar vəziyyətin təhlilinə yönəltdi. Belə ki, ədəbiyyatla yanaşı, elm və fəlsəfə də öz sovet dövrünü başa vurduqdan sonra, müstəqillik şəraitində qarşısında duran missiyanın yenidən dəyərləndirilməsinə, o vaxtdan qalmış təşkilati formaların bir daha nəzərdən keçirilməsinə ehtiyac hiss edir.
Əlbəttə, iqtisadiyyat sahəsində biz öz seçimimizi artıq etmişik. Mərkəzləşmiş təsərrüfat və vahid dövlət idarəçiliyi sistemindən bazar iqtisadiyyatına keçilməsi prosesi artıq başa çatmışdır. Kommunist ideologiyasından və sosialist təsərrüfat sistemindən imtina edildikdən sonra belə bir keçid labüd idi. Lakin bu keçidin özü də ilk illərdə yaxşı ölçülüb-biçilmədiyindən iqtisadiyyatımız böyük itkilər verdi. Sənaye də, kənd təsərrüfatı da az qala iflic vəziyyətinə düşmüşdü. Nə yaxşı ki, 1993-cü ildən sonra hələ yeni strukturlar formalaşmadan əvvəlkiləri kor-koranə dağıtmaq praktikasına son qoyuldu. Bu tendensiyanın neobolşevik mahiyyətini çox düzgün qeyd edən Elçin Əfəndiyev onun ədəbiyyatımıza vura biləcəyi ziyanların da qarşısını almağa çağırır.
Yeniliyi, müstəqilliyi, azadlığı “sovetdən nə qalıbsa dağıtmaq” kimi başa düşənlər təbii ki, təkcə iqtisadiyyatda yox, başqa sahələrdə də var idi. Mən Yazıçılar İttifaqını ləğv etmək tərəfdarlarının arqumentləri ilə yaxşı tanış deyiləm. Amma Elmlər Akademiyasının da keçmişin qalığı kimi qiymətləndirilməsi və ləğvi haqqında düşüncələr mənə yaxşı bəllidir.
İqtisadiyyatla yanaşı, elmi, ədəbiyyatı, təhsili və ümumiyyətlə istənilən ictimai həyat sahəsini əhatə edən mərkəzləşmiş idarəetmə sistemi, əlbəttə, məhz sosializm üçün spesifik bir cəhət idi. Amma onun çatışmazlıqları ilə yanaşı, üstünlükləri də var idi. Xüsusilə elm sahəsində dövlət tərəfindən maliyyələşdirmə və mərkəzləşdirilmiş fəaliyyət prinsipi elmin inkişafı üçün böyük hərəkətverici qüvvə idi. Kapitalizm cəmiyyətindəki alimlər də məhz belə bir şərait arzu edirdilər. A. Eynşteyn deyirdi ki, elm adamı gərək qazanc barədə düşünməli olmasın, onun bütün maddi ehtiyacları və qayğıları üzərindən götürülməlidir. Buna uyğun model isə məhz sosializm cəmiyyətində formalaşdırılmışdı. Və sosializmin bu üstünlüklərindən bəhrələnmiş, dövlət tərəfindən maliyyələşməyə vərdiş etmiş alimlər üçün başqa tipli təşkilati forma və maliyyələşmə metodları, təbii ki, müəmmalı və hətta qorxulu görünür; xüsusən də yaşlı nəsil üçün. Axı, ənənəvi sistemdə dərəcələr, ölçülər, meyarlar və müvafiq maaş kateqoriyaları detallarına və qəpiyinədək müəyyənləşdirilmişdi. İnkişaf səviyyəsi konkret göstəricilər və titullarla müəyyən edilmiş, dissertasiya işlərinin yazılıb müdafiə edilməsi ilə, kiçik elmi işçidən baş elmi işçiliyə qədər bütün pillələri keçməklə reqlamentləşdirilmişdi. İndi gün kimi aydın olan bu sistemdən çıxıb elmdə təşəbbüskarlığa, rəqabətə, fərdi münasibət prinsipinə, konkret nəticəyə-məhsula görə maliyyələşmə mexanizminə, layihə-qrant və müsabiqə metodlarına əsaslanan tamamilə başqa meyarlar sisteminə keçmək, bildiyini qoyub biləcəyə getmək risk deyilmi və kim bunu istəyər?
Əlbəttə, islahat naminə islahat aparmaq olmaz. Hər hansı yeni bir təşkilati forma gerçək ictimai tələbatdan ortaya çıxmalı və elmi üsullarla əsaslandırılmalıdır. Yüz ölçmədən biçmək olmaz. Amma köhnə strukturları mütləqləşdirmək, hər hansı bir yeni təşəbbüsü dağıdıcılıq kimi dəyərləndirmək də yolverilməz haldır. Bütün sahələrdə olduğu kimi, elmdə də, yəqin elə ədəbiyyatda da yenilikçilərlə ənənəçilər arasında mübarizə labüddür. Bir daha təkrar edirəm ki, hər bir yeni ancaq köhnənin, təməlin üzərində qurulmaqla, məhz onun öz içərisindən bir daxili zərurət kimi cücərib çıxmaqla, həqiqi bir yenilik olar və ancaq bu zaman fayda gətirə bilər. Yoxsa «hələ köhnəni yıxaq, sonra baxarıq» düşüncəsi ilə atılan addımların yeniliyə heç bir aidiyyəti yoxdur.
Əsas odur ki, biz ya ədəbiyyat, ya da elm haqqında düşünərkən, onların hansı isə təşkilati formasını, hansı isə qurumu mütləqləşdirməyək, bu qurumların xidmət etdiyi məzmunu önə çəkə bilək. Zaman və şərait dəyişdikcə məhz elmə və məhz ədəbiyyata daha yaxşı xidmət edə biləcək modellər haqqında rahat fikir yürüdə bilək.
Azərbaycanın Milli Akademiyası
dövlət müstəqilliyinə xidmət etməlidir.
Heydər Əliyev
Elm, İdeologİya və dövlətçİlİk şüuru
Ölkəmizdə aparılan sosial-iqtisadi islahatların müvəffəqiyyətlə həyata keçirilməsi Prezident İlham Əliyevin rəhbərlik etdiyi sürətli inkişaf strategiyasının artıq mənəvi-intellektual sahəyə də transfer olunmasına imkan açmışdır. BDU-nun 90 illiyinə həsr olunmuş təntənəli mərasimdəki çıxışında Prezident İlham Əliyev demişdir: “…Bu sahədə inkişaf üçün hələ çox iş görülməlidir. Bir daha demək istəyirəm ki, dünyanın ən mütərəqqi təcrübəsi öyrənilməlidir, eyni zamanda, Azərbaycan gəncləri milli ruhda tərbiyə olunmalıdır. Biz əsrlər boyu başqa ölkələrin, imperiyaların tərkibində yaşamışıq. Ancaq öz milli dəyərlərimizi, ənənələrimizi qoruya bilmişik, saxlaya bilmişik. Öz ana dilimizi saxlaya bilmişik. Nəyin hesabına?! Ona görə ki, Azərbaycan xalqında milli ruh həmişə çox yüksək səviyyədə olmuşdur”.1 Göründüyü kimi, məhz milli ruhun qorunub saxlanması və daha da canlandırılması yeni mərhələdə əsas prioritetlərdən biridir. Fəlsəfi fikrin formalaşması, ictimai və humanitar elmlərin problematikası da bu başlıca vəzifəyə uyğun surətdə həyata keçirilməlidir. Prezident İlham Əliyev fikrini davam etdirərək deyir: “Bu gün qloballaşan dünyada, bəlkə də buna daha da çox diqqət verilməlidir. Qloballaşma təbii prosesdir və yəqin ki, bu proses müəyyən düzəlişlərlə davam edəcəkdir. Xüsusilə belə olan halda milli dəyərlərə önəm vermək, gənc nəsli milli dəyərlər əsasında tərbiyə etmək xüsusi əhəmiyyət daşıyır”.1 Bunun üçün isə ictimai şüur ilə elmi-fəlsəfi şüur arasında dayanıqlı bir əks-əlaqə sisteminə böyük ehtiyac vardır.
Noyabrın 21-də Azərbaycan Respublikasının Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin sədrliyi ilə keçirilən humanitar və ictimai elmlər sahəsində yaranmış vəziyyətə dair müşavirə də ilk növbədə bu başlıca vəzifənin reallaşdırılması üçün elmi bazaya əsaslanan yeni metod və formalarının işlənib-hazırlanmasını, ölkəmizin elmi potensialının bu istiqamətdə səfərbər olunmasını nəzərdə tutur. Şübhə etmirik ki, bu müşavirə ideoloji sahədəki işlərimizdə dönüş yaradılmasına yönəldilmiş olduqca əhəmiyyətli bir hadisə oldu.
İctimai elmlərə iki fərqli münasibət
Müstəqillik əldə etdikdən sonra Azərbaycanda dövlət quruculuğu sahəsində qazanılmış böyük nailiyyətlər, ölkədə ictimai-siyasi sabitliyin təmin edilməsi, sonrakı illərdə iqtisadiyyatın hərtərəfli inkişafı və bu sahədə keçid mərhələsinin başa çatdırılması indi qarşımızda açılan yeni inkişaf mərhələsindən xəbər verir. Bu yeni mərhələdə uğurlu strategiya hazırlaya bilmək üçün ölkənin bütün intellektual potensialının səfərbər olunması və vahid məqsəd ətrafında birləşdirilməsinə böyük ehtiyac yaranmışdır. Yeni dövr bütün dünyada olduğu kimi, Azərbaycanda da qabaqcıl ideyaların, intellektin prioritetliyi dövrüdür. Artıq yüksək iqtisadi bazis yaratdıqdan sonra Azərbaycan dövləti bu yeni təməl üzərində inkişaf etmiş ölkələrə xas olan ictimai tərəqqi modelinə keçmək əzmində olduğunu sübuta yetirməlidir. “Biliklərə əsaslanan cəmiyyət” modeli ABŞ, Yaponiya və bir sıra Avropa ölkələrində artıq özünü doğrultmuş və yeni inkişaf perspektivləri açmışdır. Əlbəttə, bu modelin əsasında ilk növbədə dəqiq elmlərin, təbiətşünaslığın uğurlu tətbiqi sayəsində texniki elmlərin və yeni texnologiyaların inkişaf etdirilməsi, elmi-texniki inqilabın nailiyyətlərinə əsaslanan elm tutumlu sənayenin xüsusi çəkisinin artırılması, təsərrüfatın bütün sahələrində yeni informasiya texnologiyalarından istifadə edilməsi dayanır. Yəni burada söhbət humanitar və ictimai elmlərdən deyil, fundamental və tətbiqi elmlərdən, habelə texniki innovasiyalardan, yeni texnologiyalardan, nou-haulardan gedir.
Onda sual oluna bilər ki, biz bu yeni mərhələyə qədəm qoymaq istəyərkən nəyə görə elə birbaşa təbiət elmlərindən deyil, humanitar və ictimai elmlərin vəziyyətinə münasibətdən başlamalıyıq?
Bax, ən əsas məsələ də elə budur ki, cəmiyyətin ümumi inkişaf tendensiyalarını araşdırmadan, yaşadığımız dövrün ümumi səciyyəsini vermədən, hər bir intensiv iqtisadi və texnogen inkişaf mərhələsindən sonra cəmiyyətin daxili ahəngini təmin etmək üçün xüsusi tədbirlər görmədən, yeni keyfiyyətli elmi-texniki və iqtisadi islahatlara başlanması arzu olunan nəticələrə gətirməyə də bilər. Biz texniki inkişafdan daha dəyərli olan mədəni-mənəvi sərvətlərimizi risk altına ata bilmərik.
Ona görə də, böyük iqtisadi reformaları bütün nailiyyətlərin əsasında dayanan insan amilini nəzərdən qaçırmadan, texnogen sivilizasiyanın birtərəfli qaydada inkişafından dolayı mənəvi dəyərlərin sıxışdırılmasına yol vermədən həyata keçirmək tələb olunur. Amma yaranan vəziyyətin təhlili nə göstərir? Böyük iqtisadi nailiyyətlər müqabilində humanitar və ictimai elmlər sahəsində inkişaf tempi çox aşağıdır və cəmiyyətimizin ahəngdar tərəqqisinə nail olmaq üçün humanitar düşüncənin rolunun artırılmasına böyük ehtiyac hiss olunur. Bax, noyabrın 21-də keçirilən müşavirədə akademik Ramiz Mehdiyevin irəli sürdüyü məsələlər də bu ehtiyacın təmin olunmasına yönəlmişdir.
Lakin ictimai elmlərin rolu və əhəmiyyəti məsələsi nəinki adi şüur səviyyəsində, hətta qabaqcıl elm adamlarımızın baxışlarında da öz əksini çox vaxt düzgün tapmır. Qloballaşmanın bayraqdarları olan Qərb dairələri tərəfindən yeridilən ideologiya şüurların daha çox rasionallaşdırılmasına, “elm” adı altında da əsasən təbiətşünaslığın və texniki elmlərin nəzərdə tutulmasına çalışır. Elmin ümumbəşəri xarakteri, yəni bütün planet miqyasında yeganə bir elm olması, bu qlobal elmin məhz ən güclü dövlətlərin maraqlarına xidmət etməsi üçün şərait yaradır. Kiçik dövlətlər böyük dövlətlər tərəfindən idarə olunan elmi proseslərə ancaq köməkçi qismində qatıla bilir. Bəşəriyyətin bütün intellektual potensialının vahid mərkəzdən idarə olunması bir neçə vasitələri ilə həyata keçirilir. Bunlardan biri “beyinlərin axını” prosesidir. Yəni mühitsizlik ucbatından bütün xalqların istedadlı alimləri gözəl elmi mühit yaradılmış ölkələrə axışır. Digər bir üsul isə istedadlı alimləri elə öz ölkələrində işlətmək, böyük layihələrin qol-budağını “milli elm” illüziyası yaratmaq iddiasında olan dövlətlərin öz maddi vəsaiti və intellektual potensialı hesabına həyata keçirməkdir. Onsuz da bu “qol-budaq” müstəqil surətdə tətbiq olunmaq imkanına malik deyil. Böyük elmin faydasını ancaq böyük dövlətlər görə bilirlər.
Bəs “öz elmi” olmaq iddiasında olan və olmayan xalqların ümumbəşəri elmin nailiyyətlərindən faydalanmaq imkanları nə dərəcədə fərqlidir? Bu, xüsusi bir sualdır. Biz belə incəliklərə və təfərrüata getmədən, sadəcə bu fikri vurğulamaq istəyirik ki, istənilən sahədə olduğu kimi, ümumbəşəri elmdən faydalanmaq məsələsində də milli maraqların müəyyənləşdirilməsi ancaq fəlsəfənin və ictimai elmlərin köməyi ilə mümkündür. Bu baxımdan, ölkəmizdə müxtəlif elm sahələri arasında, xüsusən fəlsəfə, təbiət elmləri və cəmiyyətşünaslıq arasında optimal münasibətlərin müəyyənləşdirilməsinə böyük ehtiyac vardır. “Azərbaycan” qəzetinin bu məsələlərə diqqət göstərməsi də, bizcə, təqdirəlayiq bir haldır və zamanın tələbi kimi dəyərləndirilməlidir. Akademik Fikrət Əliyevin Dr. Şahin Ağayevlə birlikdə yazdığı “Elmi kadr hazırlığının problemləri”1 adlı məqaləsində həqiqətən bir sıra ciddi problemlərə toxunulmuş, ən azı statistik göstəricilər haqqında məlumat verilmiş, ölkəmizdə təbiət və ictimai elm sahələrində mövcud duruma ümumi nəzər salınmış və bu sahələr arasında konkret rəqəmlər əsasında müqayisələr aparılmışdır. Məqalədə aparılan təhlillərin, xüsusilə AAK haqqında təklif və tövsiyələrin böyük əhəmiyyətinə baxmayaraq, humanitar-ictimai elmlərə olan qüsurlu münasibətlə heç cür razılaşmaq olmaz. Biz diqqəti Azərbaycanda elmin vəziyyətini təhlil etmək baxımından ümumən dəyərli olan bu məqalədəki bütün məsələlərə deyil, ancaq ictimai-humanitar elmlərə münasibətlə bağlı məqamlara yönəltmək istərdik. Məqalədə bu iki elm sahəsinin statistik müqayisəsi də verilmişdir.
Müqayisə nə göstərir? Humanitar və ictimai elm sahələrində dissertasiya müdafiələrinin sayı dəqiq elmlərə nisbətən xeyli çoxdur. Halbuki, həmin sahələrin beynəlxalq miqyasda elmi proseslərdə iştirakı çox aşağı səviyyədədir. Müəlliflər müasir elmşünaslıqda istifadə olunan bir sıra meyarlardan, ölçü mexanizmlərindən istifadə edir, beynəlxalq miqyasda tanınan (təsir əmsalı yüksək olan) жurnallarda iştirak dərəcəsindən çıxış edirlər. Məsələn, onlar yazır: “Hesabat dilçilik və ədəbiyyat istiqamətlərində Azərbaycan elminin beynəlxalq səviyyədə heç bir məqalə ilə təmsil olunmadığını göstərir”. Daha sonra deyilənləri ümumiləşdirərək eyni vəziyyətin bütövlükdə humanitar və ictimai-siyasi elmlər üçün səciyyəvi olduğunu qeyd edirlər. Halbuki, məqalədə istifadə olunan iqtibasların intensivliyi üzrə təsnifat ancaq elmə (science) aid olub, heç bir əsasla humanitar sahəyə tətbiq edilə bilməz. Ən azı ona görə ki, ümumbəşərilik və universallıq ancaq elmə (science) aiddir. Humanitar və ictimai elmlər adlandırılan sahə isə daha çox dərəcədə milli səciyyə daşıyır. Almaniyada, yaxud İspaniyada dilçiliyin vəziyyəti və ya Çində, yaxud Vyetnamda ədəbiyyat problemləri bizi az maraqlandırdığı kimi, Azərbaycan dili və ədəbiyyatı məsələləri də, bizim tariximiz, iqtisadiyyatımız və milli fəlsəfi fikir tariximiz də Qərbin elm mərkəzlərini çox az maraqlandırır. Ona görə də, Qərb meyarları əsasında qurulmuş “elm sistemində” Azərbaycanın humanitar sahələrinə aid məqalələr öz əksini tapmırsa, burada təəccüblü heç nə yoxdur. Bu başqa məsələ ki, humanitar və ictimai elmlər sahəsində vəziyyəti indeksasiya edə bilmək üçün hər bir ölkənin öz meyarlar sistemi ola bilər. Hazırda Rusiya kimi, Çin kimi böyük dövlətlər də bu istiqamətdə iş aparırlar. Həm də təkcə humanitar sahədə yox. Məsələn, Rusiyalı alimlər hətta elm (science) sahəsində də, jurnalların təsnifatında da Qərbin açıq-aşkar ayrıseçkilik mövqeyindən narazılığını bildirir və öz ölkələrində müstəqil indeksasiya sistemi yaradılmasını təklif edirlər.
Bununla belə, adını çəkdiyimiz məqalədə deyilənlərin çoxu konkret rəqəmlərə və faktlara əsaslandığından, müəlliflərlə mübahisə etmək çətindir. Biz qarşımıza heç belə bir məqsəd də qoymuruq, çünki Azərbaycanda humanitar və ictimai-siyasi elmlərin vəziyyəti həqiqətən, çox acınacaqlıdır. Bu barədə mən də dəfələrlə yazmışam. Bu vəziyyətdən çıxış yolları axtarılması hamımızın ümumi işimizdir. Noyabr müşavirəsinin məqsədlərindən biri də məhz bu idi. Lakin yuxarıda adını çəkdiyimiz məqalədə problemin qoyuluşu bir qədər fərqli istiqamətdədir. Müəlliflər rəqəmlərin dili ilə sanki Azərbaycanda bu elmlərə daha çox diqqət göstərildiyini, aspiranturalarda və dissertanturalarda bu sahədə daha çox kadr hazırlandığını, dissertasiya müdafiələrinin sayına görə də bu sahələrin dəqiq və texniki elmləri xeyli üstələdiyini vurğulayırlar. Yəni elmilik tələblərinə cavab verməsə də, dərinə inkişaf olmasa da, eninə inkişaf göstəriciləri böyükdür.
Vəziyyətin bu cür təsvirindən ancaq belə bir fikrin vurğulandığı hiss olunur ki, eninə inkişafda təbiət elmləri ilə humanitar-ictimai elmlər arasındakı disproporsiya aradan qaldırılmalıdır. Bu isə ancaq iki yolla ola bilər. Ya təbiət elmləri sahəsində də eninə inkişaf üçün geniş meydan açılmalı, ya da humanitar və ictimai elmlər sahəsində müəyyən ixtisarlar getməlidir. Bu isə doktorantura və dissertanturaya dövlət sifarişinin optimallaşdırılması və koordinasiya mərkəzlərinin fəaliyyətinin canlandırılması sayəsində mümkündür.
Biz müəlliflərin belə bir fikri ilə də razıyıq ki, hazırda dövlət sifarişi cəmiyyətin real ehtiyaclarına və elmin öz daxili tələbatına deyil, daha çox dərəcədə subyektiv amillərə istinadla müəyyən edilir. (Ali məktəblərdə ixtisasların müəyyənləşdirilməsi və ixtisaslar üzrə tələbə qəbulunun planlaşdırılmasında olduğu kimi). Təhlil gözəldir, amma çıxarılan nəticə yaxşı ölçülüb-biçilməmişdir. Belə ki, məsələni ictimai elmləri qurban vermək hesabına həll etmək olmaz. Müəlliflər yazır: “Nəticədə, sifariş dövlətin maraqlarını deyil, müəyyən ictimai qrupların arzu-istəklərini əks etdirir və təsadüfi adamların elmi dərəcə almaları üçün imkanlar yaradır. Heç bir xidməti olmayan insanların yüksək elmi dərəcələrə yiyələnməsi cəmiyyətdə alim nüfuzunu aşağı salır, mənəvi aşınmalara yol açır”. Çıxış yolu isə belə göstərilir: “Belə hallara ictimai-siyasi və humanitar elmlərdə daha çox təsadüf edildiyindən bu sahələrdə kadr hazırlığına dövlət sifarişini kəskin azaltmaq lazımdır. İctimai-siyasi və humanitar elmlərə axının yüksək olduğunu nəzərə alaraq bu sahələrdə elmi kadr hazırlığının 80-90 faizini yüksək ödənişli əsaslarla aparmaq daha səmərəli olardı. Belə tədbirlər nəticəsində qənaət olunmuş vəsaitin hamısı, qazanılmış maliyyə resurslarının isə böyük hissəsi ölkə üçün strateji əhəmiyyətli istiqamətlərdə elmi kadr hazırlığına yönəldilə bilər”. Lakin bir tərəfdən, humanitar-ictimai elmlər sahəsində keyfiyyətin aşağı olması faktı göstərilir, digər tərəfdən də, bu sahələrə daha istedadlı tədqiqatçıların necə cəlb olunması barədə düşünmək əvəzinə, istedadların qarşısını kəsərək, ancaq pulu olanlara yaşıl işıq yandırmaq təklif olunur. Bu, əlbəttə, yolverilməz bir haldır. Amma təəssüf ki, Akademiya neçə illərdir ki, məhz bu yolu tutur.
Kim isə dissertantların və dissertasiyaların sayının çoxluğunu humanitar-ictimai elmlərə diqqət və qayğının çoxluğu kimi dəyərləndirirsə, bununla heç cür razılaşmaq olmaz. Hər şey tam tərsinədir. Bu iki sahəyə fərqli münasibətin həqiqi simasını görmək istəsək, uzağa getməyərək, elə AMEA-nın struktur bölgüsündə onun çox aydın ifadəsini tapa bilərik.
Uzun müddətli fasilədən sonra – 2001-ci ildə Akademiyaya seçkilərin keçirilməsi, ona Milli EA statusu verilməsi, Akademiyanın yeni rəhbərliyinin seçilməsi elmdə nəhayət ciddi islahatlar aparılacağına ümid yaratdı. Lakin, təəssüf ki, bu barədə gözləntilər özünü fərqli istiqamətlərdə “doğrultdu”. SSRİ-dən ayrıldıqdan sonra bütün sahələrdə müstəqil inkişaf siyasətinin həyata keçirilməsinə uyğun olaraq, elm sahəsində də milli maraqlara xidmət edən yeni siyasət yürüdüləcəyi, Milli EA-nın ilk növbədə millət və dövlət maraqları istiqamətində yenidən qurulacağı gözlənilirkən, Akademiyanın bir qrup rəhbərləri dövlətin mənafeyini, elmin mənafeyini güdmək əvəzinə, məhz bir qurum olaraq Akademiyanın “mənafeyini”, yəni onun ənənəvi strukturunun mühafizəsini önə çəkdilər. İslahat isə bundan ibarət oldu ki, milli maraqların müəyyənləşdirilməsinə xidmət etməli olan ictimai elmlər daha da sıxışdırıldı. Mən ilk növbədə Akademiyanın humanitar elmlər bölməsi ilə ictimai elmlər bölməsinin mexaniki surətdə birləşdirilməsini nəzərdə tuturam. Texnarlar elmdə guya humanitar-ictimai sahənin xeyrinə yaranmış disproporsiyadan bəhs edirlər. Halbuki ən böyük disproporsiya özünü Akademiyanın strukturunda göstərir. 2001-ci il islahatından sonra Akademiyanın prezidenti də, iki vitse-prezidenti və akademik-katibi də – hamısı təbiət elmlərinin nümayəndələrindən seçildi. Hətta milli maraqlara barmaqarası baxılan sovet dövründə belə, ənənəvi olan humanitar-ictimai sahə üzrə vitse-prezident ştatı ləğv edildi: motiv də bu oldu ki, ixtisar aparmaqla dövlət büdcəsinə qənaət edirik. Hazırda Akademiyada təbiət elmlərinə dörd bölmə ayrıldığı halda, bütün humanitar və ictimai elmlər bir bölmədə birləşdirilib ki, belə böyük və fərqli sahələrin idarə edilməsi çox çətin olduğundan, ictimai elmlər, demək olar ki, başlı-başına buraxılmışdır. Artıq neçə illərdir ki, EA-nın ictimai elmlər üzrə Xəbərlərinin çıxmaması da heç kimi narahat etmir. Belə münasibətin yolverilməzliyi, necə deyərlər, “kor gözlə də göründüyündən”, 2007-ci il seçkilərindən sonra humanitar sahə üzrə vitse-prezident ştatı bərpa olundu, amma bölmələrin ayrılması “yaddan çıxdığına” görə, akademik-katib ilə vitse-prezidentin fəaliyyət dairəsi tam üst-üstə düşdü. Yəni faktiki olaraq heç nə dəyişmədi.
Bunu da diqqətə almalıyıq ki, əslində Qərbdə elm (science) dedikdə ancaq təbiətşünaslıq və texniki elmlər nəzərdə tutulur. Bütün dünyada elm (fundamental və tətbiqi elmlər) sənayenin, rentabelli iqtisadiyyatın mühüm bir halqasına çevrilməklə, son nəticədə qazanc əldə olunmasına xidmət edirsə və bu qazancdan elmin payına düşən hissə həm də humanitar-ictimai elmlərin inkişafına sərf olunursa, bizdə tam tərsinə olan bir təsəvvür hökm sürməkdədir: milli ruhun özünüdərkinə xidmət edən tədqiqat sahələri hərraca çıxarılaraq qazanc gətirməli, kimə və nəyə lazım olduğu aşkar şəkildə bəlli olmayan psevdoelmi təsisatlar isə bu qazanc sayəsində inkişaf etdirilərək qloballaşmış dünya elmi üçün əlavə yem olmalı imiş. Biz kimlərinsə dəyirmanına su tökməli imişik. Daha doğrusu, indi AMEA-da vəziyyət məhz belədir. Bunu təkcə akademik Fikrət Əliyev təklif etmir. Cəmi bir-iki il əvvəl AMEA-nın Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar institutunda yaranmış anormal vəziyyətin yoxlanması göstərdi ki, dəbdə olan hüquq ixtisası üzrə dissertantura sözün həqiqi mənasında bazara çevrilmiş, həm xeyli sayda xarici ölkə vətəndaşlarının, həm də daxildə – hüquq-mühafizə orqanlarında çalışan 300-dən çox şəxsin ödənişli dissertantura xətti üzrə elmi dərəcə alması planlaşdırılmışdır. Əlbəttə, heç bir zəhmət və xərc çəkmədən ildə hər bir iddiaçıdan 1500 ABŞ dolları qazanılması bəzi dairələrə Akademiyanın özünümaliyyələşdirmə istiqamətində intensiv fəaliyyəti kimi qələmə verilirdi. Və bu zaman Akademiyada qazancın saxta yolla kadr hazırlığı və ya digər qeyri-elmi yollarla deyil, məhz təbiətşünaslıq və texniki elmlərin tətbiqi sayəsində əldə edilməli olduğu nə üçünsə yaddan çıxırdı. Ümid etmək olar ki, indi bu vəziyyətin düzəldilməsi istiqamətində az-çox iş aparılır. Vəziyyətdən çıxış üçün dissertanturaya qəbul Nazirlər Kabinetinin nəzarətinə götürülmüşdür. Bəs elmin gəlirləri sahəsində vəziyyət necədir? Axı bütün dünyada elm ən rentabelli sahələrdən biri sayılır. Elmə qoyulan hər bir manat ən azı 5 dəfə artıq gəlir gətirir. Təsadüfi deyildir ki, dövlət başçısı da ölkənin iqtisadi inkişafında, gələcəyin kapital ehtiyatının formalaşmasında neft gəlirlərindən, ümumiyyətlə təbii sərvətlərdən və hətta qeyri-neft sektorundan daha çox, insan potensialına, intellektual kapitala xüsusi önəm verir. Prezident İlham Əliyev deyir: “Bu gün qabaqcıl ölkələrin təcrübəsinə nəzər salsaq, görərik ki, onların tərəqqisini elm müəyyən etmişdir. Nə təbii sərvətlər, nə də ki, coğrafi vəziyyət deyil, məhz intellektual kapital, məhz elmin səviyyəsi hər bir ölkəni lider ölkəyə çevirir”. Deməli, biz ilk növbədə elmin (təbiət elmləri və tətbiqi elmlərin) iqtisadiyyatın strukturuna necə daxil olması və intellektual potensialın kapitala necə çevrilməsi barədə düşünməli və ancaq bunu nəzərə almaq şərti ilə humanitar-ictimai elmlərin statusu və səmərəsi haqqında söhbət açmalıyıq. Yeri gəlmişkən, bu sahənin səmərəsi, elmdən fərqli olaraq, iqtisadi meyarlarla deyil, ideoloji və mədəni-mənəvi meyarlarla ölçülməlidir. Qərb anlamında humanitar sahə heç vaxt elm kimi qiymətləndirilmir və bizim işlətdiyimiz “humanitar elmlər” ifadəsinin dəyərləndirilməsində də elmə aid tələblərdən və meyarlardan çıxış edilmir. Ümumiyyətlə bizdə humanitar və ictimai elmlərin bir papaq altında qruplaşdırılması özü də kökündən səhv bir yanaşmadır.
Dövlət idarəçiliyində elmin (science) humanitar sahəyə aid edilməsi də ancaq Şərq ölkələrində mümkündür. Belə ki, Qərbdə elm bilavasitə gəlir gətirməyən və buna görə də, dövlət maliyyələşməsinə möhtac olan, bütün dəyəri insana və insanlığa xidmətdən ibarət olan humanitar sahələrdən fərqli olaraq, özünü maliyyələşdirən və üstəlik gəlir gətirən yüksək rentabelli bir bölüm kimi iqtisadiyyatın strukturuna daxil olur. Onun maliyyələşməsi və gətirdiyi gəlirlər də böyük korporasiyaların fəaliyyəti çərçivəsində tənzimlənir. Hətta universitet elminin maliyyələşməsində də həmin böyük iqtisadi qurumlar maraqlı olduqlarından, həmin ölkələrdə universitetlərlə korporasiyalar arasında sıx bir əks-əlaqə mövcuddur.
İndiki dövrdə qarşımızda duran vəzifə də nəinki humanitar və ictimai elmlərin funksiyalarını bərpa etmək, habelə bütünlükdə Akademiya, universitet və sahə elmi arasında koordinasiya yaratmaqdan ibarətdir. Habelə, elmin (science) tədricən humanitar sahənin strukturundan çıxarılaraq iqtisadiyyatın strukturuna daxil edilməsi istiqamətində real addımlar atılmalıdır ki, ancaq bu zaman humanitar-ictimai elmlər də öz evində yad ünsür tərəfindən sıxışdırılmaq aqibətindən xilas ola bilər.
“Yad ünsür” dedikdə biz bir tərəfdən ölkənin humanitar siyasətinə daxil edilən və Milli EA-nın fəaliyyətinin mühüm bir hissəsini təşkil edən, digər tərəfdən isə həm humanitar, həm də milli mahiyyətdən uzaq olan, qlobal texnokratik və ümumbəşəri səciyyə daşıyan, sözün dar mənasında elmi (science – fundamental və tətbiqi elmlər) nəzərdə tuturuq. Bəs humanitarlıq və millilik xaricində olan elmin əsl yeri haradadır?
Elm sahəsində düzgün siyasət aparıldıqda, yəni dünya praktikasına uyğun hərəkət etdikdə, onun inkişafı iki əsas təşkilati formada həyata keçir: istehsal sahələrinə, iqtisadi qurumlara, korporasiyalara (sovet dövründə buna «elm-istehsalat birlikləri» deyirdilər) daxil olan sahə elmləri və bir də universitet elmi. Bizdə indi sahə elminin çox az nümunələri qalmışdır. Böyük istehsal sahələrindən biri olan Neft şirkətində və s. Universitet elmi isə sanki məqsədyönlü surətdə arxa plana keçmişdir və elmdən söhbət gedəndə heç səsi də çıxmır. Təsadüfi deyil ki, Milli Məclisdə “Elm haqqında qanun” adı altında artıq iki oxunuşdan keçmiş layihə bütövlükdə və tamamilə Akademiya haqqında qanunu xatırladır. Universitet elmi və sahə elmlərinin heç adı da çəkilmir. Bu da ölkəmizdə elmin daxili bölgüsündə yaranmış disproporsiyanın artıq ictimai şüurda da möhkəmlənməsinin nəticəsidir. Görünür, Akademiya divarları arasında olmaq və dövlət büdcəsindən daha çox maliyyə ayrılmasına çalışmaq, yaxud buna nail ola bilmədikdə sosial narazılıq mənbəyi yaratmaq daha asan işdir. İstehsalat birlikləri nəzdində fəaliyyət göstərərək milli iqtisadiyyatımızın konkret ehtiyacları üçün çalışmaq və real tətbiqi nəticələr göstərmək isə bir qədər çətindir.
Təəccüblü görünən odur ki, bəs universitetlər niyə səsini çıxarmır? Əvvəllər həm fundamental elmlərin, həm də humanitar-ictimai elmlərin inkişafında aparıcı mövqe tutan ali məktəblər niyə indi öz işini əsasən tədrislə məhdudlaşdırır və bütün sahələrdə koordinasiya səlahiyyətinin haqlı-haqsız Akademiyaya verilməsinə soyuqqanlılıqla yanaşır? Məsələn, hüquqşünaslığın ağırlıq mərkəzi açıq-aşkar şəkildə BDU olduğu halda, müvafiq elmi sahənin koordinasiyası niyə Akademiyaya tapşırılmalıdır? Belə misallar çox çəkmək olar, amma görünür, Təhsil Nazirliyi «elə təhsil də bizə bəsdir» prinsipindən çıxış edir. Çünki indi təhsil elmdən daha «prestijlidir», çiynini əlavə bir yükün altına verməyə nə hacət?! Təsadüfi deyil ki, Akademiyanın 2001-ci ildən sonra keçirdiyi islahatın da bir xətti buranı tədricən həm də bir təhsil mərkəzinə çevirmək və ödənişli təhsil sahəsindən «qazanıb» elmi inkişaf etdirmək xətti idi. düzdür, Akademiya hələlik əldə etdiyi bu səlahiyyətdən geniş planda yararlana bilmir: təhsilin nə dərəcədə spesifik və çətin bir sahə olduğu Akademiya rəhbərliyi tərəfindən hələ indi-indi dərk olunur. Aspirantura-dissertantura «təhsili» Akademiyada kifayət qədər genişləndirilsə də, burada prosesin təhsil aspektindən, bu artıq əziyyətdən xilas olmaq üçün fəlsəfə dərslərindən, elmi yaradıcılıq metodları və ixtisas metodologiyasından yaxa qurtara bilmiş, fəlsəfədən minimum imtahanları ləğv edilmişdir. On ilə yaxın bir müddətdə elmə vurulan bu zərbə indi o dərəcədə aşkar görünür ki, noyabr müşavirəsində AMEA-nın prezidenti özü də bu səhvi etiraf etdi və fəlsəfəyə qayıtmaq zərurətini vurğuladı. Amma bu, hələ xoş bir istəkdir. Səhv etmək asan, onu aradan qaldırmaq isə çətin olur.
Dövlətimizin iqtisadi sahədə qazanılmış böyük uğurlarla yanaşı, elmdə də ciddi islahatlar aparmaq və bu sahədə də qabaqcıl ölkələr sırasına çıxmaq istəyi anlaşılandır. Bu istək son vaxtlarda ölkə rəhbərinin bir sıra sərəncamlarından da aydın görünür. Elm fondunun yaradılması da bu istiqamətdə atılan mühüm addımlardan biridir. Amma elmin təşkilati strukturunda aparılan islahatların öz spesifikası olmalıdır. Dövlət rəhbərliyi tərəfindən göstərilən bu diqqət və istək elm adamlarının özü tərəfindən dəstəklənməli və bu yöndə alternativ optimal modellər işlənib hazırlanmalıdır. Xüsusilə dəqiq elmlərlə humanitar və ictimai elmlərin qarşılıqlı münasibəti və nisbəti məsələləri dövlət maraqlarına uyğun surətdə həll edilməlidir.
İndiki dövrdə – ölkəmizin elmdə və humanitar sahədə dönüş yaratmaq əzmi ortaya qoyulduğu bir vaxtda bu sahədə həyata keçirilməli olan vəzifələrin həlli üçün yüksək riyazi və ya fiziki təfəkkür bəs eləmir. Bizdə elmin təşkilati strukturunu və elmi islahatları texnarlar özləri hazırlamağa çalışırlar. Halbuki bir sistemin içərisinə girmiş olan adam, nə qədər dahi olursa-olsun, o sistemi bütöv halda görə bilməz, heç düzgün təsəvvür edə də bilməz; bunun üçün həmin sistemdən kənara çıxmaq və ona kənardan, bütöv bir hadisə kimi baxmaq tələb olunur. Elm onun infrastrukturu ilə birlikdə, həm də ictimai həyatın, dövlət siyasətinin tərkib hissəsi kimi nəzərdən keçirilməli, bu sahədə hər hansı bir addım fəlsəfi təfəkkür və ümumi cəmiyyətşünaslıq mövqeyindən atılmalıdır.
Bir sözlə, elmdə islahatın özü də elmi metodlarla həyata keçirilməlidir və bu elmin adı – elmşünaslıqdır. Bu nisbətən yeni elm sahəsi isə elmin sosiologiyası və elmin menecmenti ilə birlikdə fəlsəfənin bətnində formalaşmış və ondan hələ tamamilə ayrılmamışdır. Elmdə aparılmalı olan böyük yenidənqurma işləri üçün tələb olunan ikinci və əslində bəlkə də birinci şərt isə dövlətçilik şüurudur ki, o da yenə fəlsəfi təfəkkür çərçivəsində formalaşır. Yəni müasir şəraitdə fəlsəfəyə olan ehtiyac hər mənada artmış, onun ictimai həyatla sıx surətdə bağlı olan bəzi sahələri isə xüsusi aktuallıq kəsb etmişdir.
Elmə sosial sifariş
Təbii sərvətlər tükənən dəyərdir, ancaq təhsil, bilik, elm əbədi olmaqla, hər bir ölkənin gücləndirilməsinə töhfə verən amillərdir.
Dostları ilə paylaş: |