Akademiya ilə universitetlərin fəaliyyəti əlaqələndirilməlidir
– Səlahəddin müəllim, Azərbaycanda elmin inkişafı ilə bağlı nə kimi islahatlar aparılmasını təklif edərdiniz?
– Elm planetar, ümumbəşəri hadisədir. Vahid böyük elm prosesinə daxil ola bilməyən, elə bil ancaq özü üçün yaradılmış lokal elm strukturları əsl elm sayıla bilməz. Böyük elmə daxil olmağın öz şərtləri vardır. Bunlardan biri dünya miqyasında əldə olunmuş yeni elmi biliklərin və elmi axtarışların ön cəbhəsində olmaqdır. Cəbhə xəttindən geridə qalanlar müasir elmi prosesə qoşulmayaraq yalnız artıq keçilmiş yolların künc-bucağında yer tuta bilərlər, lakin bu elm hesab edilə bilməz.
Müəyyən bir xalq və ya ölkə üçün elm yalnız ayrı-ayrı adamların mənəvi tələbatı, intellektual əyləncəsi olmayıb sənayenin, təsərrüfatın, ümumiyyətlə istənilən ictimai fəaliyyət sahəsinin inkişafına xidmət edən ideya nəzəri təminat mənbəyidir. Elmi-tədqiqat sahələri ilə müxtəlif praktik fəaliyyət sahələri arasında isə bir körpü olaraq müvafiq texnika və texnologiya sahəsi dayanır. Bu, olduqca böyük, bütün ölkə miqyasında həyata keçən mürəkkəb ictimai prosesdir. Lakin bütöv bir ölkə, hətta ən böyük ölkələr üçün də müstəqil elm məkanından danışmaq mümkün deyil. Hətta, keçmiş SSRİ kimi nəhəng ölkə də özünün tam müstəqil elmini yarada bilmədi. Ona görə də, hər bir ölkə öz elm strategiyasını imkanlarına uyğun olaraq qurmalıdır. Bu baxımdan, Azərbaycan öz miqyası ilə müqayisədə xeyli böyük elmi potensiala malikdir. Bu potensialın yaranmasında Elmlər Akademiyasının böyük rolu olmuşdur. Hazırda Azərbaycan elmin bir sıra sahələrində bütün dünya miqyasında qabaqcıl mövqe tutur. Bu uğurların səbəblərini araşdırmaq və onları möhkəm-ləndirmək lazımdır.
Mən Elmlər Akademiyasının statusunun daha da yüksəldilməsi, nüfuzunun artması, burada əsl elmi yaradıcılıq atmosferinin bərpa olunması tərəfdarıyam. Bu gün ən vacib məsələlərdən biri Akademiyaya seçkilərin keçirilməsi, onun özəyini təşkil edən həqiqi və müxbir üzvlərin nisbətən gənc, istedadlı alimlər hesabına artırılması, sönməkdə olan yaradıcı mühitin bərpa olunması, Akademiyanın ümumi yı-ğıncağının və Rəyasət Heyətinin səlahiyyətlərinin artırılması tərəfdarıyam. Bu gün cəmiyyətdə «akademik» imicinin bərpasına böyük ehtiyac vardır. Ümumiyyətlə, cəmiyyətdə nüfuzlu elm adamlarının, böyük intellekt sahiblərinin fikri nə qədər çox nəzərə alınsa, bir o qədər yaxşıdır.
– Azərbaycan müstəqillik qazandıqdan sonra həyatımızın bütün sahələrində olduğu kimi, təhsil sahəsində də əsaslı dəyişikliklər baş vermişdir. Təhsil və elm bir-biri ilə sıx bağlıdır, bunların inkişafı da bir-birindən asılıdır. Siz elmin inkişafının ancaq akademiya ilə əlaqələndirilməsinə necə baxırsınız?
– Bilirsinizmi, elmin inkişafını yalnız Elmlər Akademiyası ilə bağlamaq qüsurlu yanaşmadır. Çünki bu inkişaf həm təhsil sistemi ilə, xüsusən də ali məktəb, magistratura və doktoranturadakı fəaliyyətlə, həm müasir texnologiyaya əsaslanan sənayenin inkişafı ilə, həm də digər fəaliyyət sahələrinin nəzəri səviyyədə dərk olunması təşəbbüsləri ilə sıx bağlıdır. Bu təşəbbüslər çox müxtəlif təşkilati formalarda həyata keçirilir. Keçmiş SSRİ-də elmin inkişafı əsasən Elmlər Akademiyası ilə ona görə bağlanırdı ki, EA-nın yeganə fəaliyyət sahəsi elmi-tədqiqat idi. Lakin qarışıq sahələrdə də elmin öz payı var. Bəzən çox hörmətli alimlər də qətiyyətlə iddia edirlər ki, guya EA-dan başqa heç yerdə, o cümlədən universitetlərdə əsl elmi yaradıcılıq mühiti ola bilməz. Bu, çox səhv təsəvvürdür. Çünki elmi mühitsiz təhsil müəssisəsi – universitet sayıla bilməz. Universitetin başqa ali məktəblərdən əsas fərqlərindən biri də onun nəzdində elmi-tədqiqat institutlarının olmasıdır.
İndi biz müstəqil Azərbaycan Respublikasında elmin inkişaf perspektivlərini araşdırarkən köhnə təşkilati formalar, onların müsbət ənənələrinə hörmətlə yanaşmaqla bərabər, yeni, optimal və zamanın tələblərinə daha çox cavab verən təşkilati formalar da biganə qalmalıyıq. Qanunların məqsədi yaradıcılıq axtarışlarının, o cümlədən təşkilati forma axtarışlarının məhdudlaşdırılması deyil, əksinə, fayda verə biləcək istənilən yeni formaya hüquqi imkan verilməsi olmalıdır. Bu baxımdan biz elm və təhsilin birgə inkişaf konsepsiyasını hazırlayarkən, ancaq ən ümumi prinsipləri ön plana çəkməyə və süni məhdudiyyətləri aradan götürməyə çalışmalı, bürokratik mexanizmləri sadələşdirməliyik. Xatırlatmaq istərdim ki, Elmlər Akademiyası, heç şübhəsiz, Azərbaycanda elmin inkişafı sahəsində misilsiz xidmətləri olan, böyük kadr potensialına malik nəhəng bir qurumdur. Ona görə də yarım əsr ərzində toplanılmış təcrübəni nəzərə almadan nə isə yeni bir qurum yaratmaq sadəlövhlük olar. Bu səbəbdən Azərbaycanda elmin inkişafı ilə bağlı islahatlar aparılarkən ilk növbədə Elmlər Akademiyasının təc-rübəsi və potensialı nəzərə alınmalıdır. Elm və təhsilin əlaqələndirilməsi işində də bu çox vacibdir. Təsadüfi deyildir ki, Milli Məclisin Elm və Təhsil məsələləri daimi komissiyasının ilk yığıncağında mən magistraturanın Akademiya ilə birlikdə, onun bazasından və elmi potensialından istifadə etməklə yaradılması məsələsini qaldırdım. Mənim fikrimcə, magistratura ali məktəblərin monopoliyasında qalmamalıdır.
Lakin bununla yanaşı olaraq öz elmi kadr potensialına görə bir sıra sahələrdə akademiyadan geri qalmayan universitetlərdə də elmin inkişafına şərait yaradılmalıdır. Bu müxtəlif qurumların paralel tədqiqat aparması və bir-birini təkrar etməməsi üçün akademiya sistemində olan elmi-tədqiqat institutları ilə universitetlərin nəzdindəki elmi-tədqiqat mərkəzləri və kafedralar arasında sıx koordinasiya olmalıdır. Respublikamız o qədər böyük iqtisadi potensiala malik deyil ki, müəyyən bir elm sahəsində olan konkret elmi-tədqiqat mərkəzlərini müasir laboratoriyalarla təmin edə bilsin. Ona görə də mərkəzləşdirilmiş elmi idarəçilik prinsipi zamanın tələbidir. Lakin bu prinsip hansı hallarda birləşmə şəklində, hansı hallarda əlaqələndirmə və birgə fəaliyyət şəklində həyata keçirilməlidir – bütün bunlar konkret yanaşma tələb edir. Məhz buna görə də mən əvvəlcə Elmlər Akademiyasının müstəqil bir qurum kimi fəaliyyətinin, eyni zamanda universitet elminin müstəqil bir proses kimi fəaliyyətinin qanunda təsbit edilməsindən deyil, əlaqələndirilmiş vahid bir mexanizmin hüquqi əsaslarının hazırlanmasından çıxış edirəm.
– Səlahəddin müəllim, «Təhsil haqqında» qanun layihəsi Milli Məclisdə müzakirə olunarkən bir sıra məsələlər ətrafında fikir ayrılıqları yaranmışdı. Sonradan layihə ümumxalq müzakirəsinə verildi və yenə də müxtəlif təkliflər irəli sürüldü. Mübahisəli məsələlərdən biri də ölkəmizin təhsil sistemində aspiranturanın saxlanılıb-saxlanılmamasıdır. Aspiranturanın tərəfdarları da, əleyhdarları da özlərinin haqlı olduqlarını sübut etmək üçün tutarlı dəlillər gətirir və buna əsaslandırırlar. Sizcə, aspiranturaya ehtiyac varmı?
– Mən bu məsələyə münasibətimi qanun layihəsi müzakirə olunarkən mətbuatda bildirmişəm. Lakin mübahisə edən hər iki tərəfin arqumentlərini nəzərə alaraq bir daha nəzərə çatdırmaq istəyirəm ki, bu mübahisələr yalnız hansı sözdən istifadə etmək haqqındadır. Əslində isə hər iki tərəf eyni bir ideyanı müdafiə edir. Belə ki, magistraturadan sonra elmi dərəcə almaq üçün daha yüksək təhsil pilləsinin vacibliyini demək olar ki, hamı etiraf edir, hətta bu pillənin müddəti məsələsində də fikir ayrılığı yoxdur. Sovet dövründəki üçillik aspirantura mərhələsi elmi dərəcə almaq üçün, həm də dissertasiya işindən başqa, müvafiq elmi metodologiyaların, fəlsəfi əsasların, bunların tədrisi ilə bağlı metodiki aspektlərin, habelə xarici dilin daha mükəmməl səviyyədə öyrənilməsi üçün həqiqətən lazımdır. Təkrar edirəm ki, bunun üçün üç il kifayətdir, həmin sahələrdə namizədlik minimumları da bu müddətə verilir. Lakin tədqiqatçı namizədlik minimumu verdikdən və elmin müəyyən bir sahəsində dissertasiya işi müdafiə etdikdən sonra, yəni alim adı aldıqdan sonra onun yenidən parta arxasında oturdulması və təhsilin növbəti mərhələsi haqqındakı fikirlərin heç bir əsası yoxdur. Çünki heç sovet dövründə də, dünyanın heç bir dövlətində də bundan sonra əlavə təhsil pilləsi nəzərdə tutulmamışdır və indi də tutulmur.
Sovet İttifaqı zamanı «doktorantura» deyilən təhsil pilləsi olmayıb. «Doktorantura» terminindən yalnız bir söz kimi istifadə olunurdu. Bu, alimlərin daha yüksək səviyyəli tədqiqat işi (dissertasiya işi) üzərində işləməsini, elmi yaradıcılıq işi aparmasını nəzərdə tuturdu. Doktoranturanın bir təhsil forması kimi mövcud olmadığı hamıya çox gözəl bəllidir. Ola bilsin ki, bəzi xarici ölkələrdə «doktorantura» anlayışı təhsilin növbəsi mərhələsi kimi işlədilsin. Lakin bu, yalnız «aspirantura» anlayışının əvəzinə işlənir. Ona görə də bu gün aspirantura ilə əlaqədar aparılan mübahisələr əsassızdır. İndiyədək heç kim aspiranturadan sonra yeni bir təhsil pilləsinin – doktoranturanın lazım olmasını əsaslandırmayıb və heç kim də buna çalışmır. Qeyd edim ki, bu pillənin xəyali mövcudluğu hansısa bir təsadüfdən müzakirə obyektinə çevrilib və «Təhsil qanunu»nun layihəsinə düşmüşdür. Bu səhv təbii ki, düzəldiləcəkdir.
Çünki, magistraturadan sonra ancaq bir təhsil pilləsindən söhbət gedə biləcəyini hamı qəbul edir. Aparılan mübahisələr yalnız bu pillənin necə adlandırılması üzərindədir. Lakin təəssüf ki, bəzi şəxslər bu pillənin «aspirantura» deyil, «doktorantura» adlandırılması tərəfdarlarının mövqeyini aspiranturanın əleyhinə olmaq, onu ləğv etmək mövqeyi kimi qələm verməyə çalışırlar. Bəlkə bu mövqeyin də tərəfdarları var, lakin mən bu mövqeyi müdafiə etməzdim.
Mənə elə gəlir ki, mübahisə üçün əsas ancaq elmi dərəcələrin müəyyənləşdirilməsi üzərində ola bilər. Beləliklə, aspirantura, yoxsa doktorantura adlı problem «Təhsil haqqında» qanunun deyil, əslində «Elm haqqında» qanunun problemidir.
Söhbətimizin sonunda bildirmək istərdim ki, Azərbaycan Respublikasında elm və təhsil haqqında vahid konsepsiyanın olması məqsədəuyğundur. Yalnız bu vahid konsepsiyanın mövcudluğundan sonra «Elm haqqında» və «Təhsil haqqında» qanun layihələrini ayrı-ayrılıqda müzakirə etmək olar.
Təhsil və elmin hüquqi tənzimlənməsi1
Müsahibimiz Avropa Təhsil Şurasının və Ümumdünya Rektorlar Şurasının üzvü, AMEA-nın müxbir üzvü, professor Səlahəddin Xəlilovdur.
Sual: Bu günlərdə “Təhsil haqqında” qanun layihəsi ikinci oxunuş üçün Milli Məclisin müzakirəsinə çıxarılır. Qanun layihəsilə tanış olubsunuzmu və ona münasibətiniz necədir?
– Əvvəlki layihədən qalmış bəzi pozitiv məqamlar saxlanılmış, bəziləri isə təhrif olunmuş və ya çıxarılmışdır.
İlk nəzərə çarpan məqamlar aşağıdakılardır:
İcbari orta təhsil ilə bağlı vaxtilə bizim qaldırdığımız məsələni saxlamaq cəhdi göstərilmişdir. Belə ki, orta təhsilin icbari olması sovet dövründən qalmış və real imkanlara uyğun olmayan deklarativ müddəadır. Lakin konstitusiyada dəyişiklik edilməsi prosedur baxımından çətin olduğuna görə biz o zaman anlayışların izahını dəyişməyi təklif etmişdik. Yəni ümumi orta təhsil yenə də icbari olaraq qalır, lakin onun şərhi dəyişdirilir. Orta təhsil anlayışı özü “tam orta təhsil” və “ümumi orta təhsil” olaraq iki yerə bölünür. Ümumi orta təhsil doqquz illik, tam orta təhsil isə on bir illik müddəti əhatə edir. Lakin qanun layihəsində, görünür, dəyişikliyin məğzi düzgün başa düşülmədiyindən təsnifatda anlayışlar qarışıq salınmışdır. Təhsilin pilləsi kimi “ümumi orta məktəb təhsili” götürülmüş, “ibtidai təhsil”, “ümumi orta təhsil” və “tam orta təhsil” onun mərhələləri kimi təqdim olunmuşdur. Burada bir neçə məntiqi uyğunsuzluq ortaya çıxır: “ümumi orta təhsil” ilə “ümumi orta məktəb təhsili” anlayışları ancaq “məktəb” sözünün əlavə olunması ilə fərqlənir, halbuki, məqsəd “məktəbli” və “məktəbsiz” bölgüsü aparmaqdan ibarət deyil. Başqa sözlə, mərhələlərdən birinin adı ümumi başlığa çıxarılmış olur ki, bu da məntiq prinsiplərinə ziddir. Həm də son mərhələnin – təmayüllü təhsilin – mahiyyəti nəzərdən qaçırılmış olur. Əslində bölgü belə aparılmalıdır: “tam orta təhsil” başlığa çıxarılmalı, “ibtidai təhsil”, “ümumi orta təhsil” və “təmayüllü orta təhsil” onun mərhələləri kimi təqdim olunmalıdır. Məhz bu zaman, yəni “təmayüllü” məfhumu ilə qarşılaşdırıldıqda “ümumi” məfhumunun da mənası aydınlaşmış olur. Yəni söhbət gələcək təmayüldən asılı olmayaraq hamı üçün ümumi olan tədris proqramlarından gedir. Məhz bu cür bölgü orta məktəbdə tədris proqramlarının yenidən qurulması zərurətini də ortaya qoyur.
Ümumi orta təhsildən sonraki mərhələ öz hüquqi statusuna görə yekcins, yəni eyni tərtibli deyil, daha doğrusu olmamalıdır. Tam orta təhsilin icbariliyindən yayınmağın əsas faydası bundan ibarət olmalı idi ki, ənənəvi texniki peşə məktəblərinin məzunlarına tam orta təhsil sənədi vermək zərurəti yaranmasın. Lakin qanun layihəsində ümumi orta təhsildən sonrakı bütün təhsil formaları yenə də tam orta təhsil attestatı vermək hüququna malikdir.
Əslində bölgü necə getməlidir?
İcbari qaydada ümumi orta təhsil almış gənclər əgər müsabiqə yolu ilə (ya da arzudan asılı olaraq) təmayüllü liseylərdə, yaxud orta peşə-ixtisas təhsili müəssisələrində davam etdirərlərsə onlar tam orta təhsil almaq hüququ qazanırlar. Lakin, əlbəttə, burada da hamının attestat alması zərurəti yoxdur. Məsələn, buraxılış imtahanları mərkəzləşmiş test qaydası ilə keçirilsə tələb olunan zəruri minimum həcmində bal toplaya bilməyənlərə attestat verilməməlidir. Lakin, əlbəttə, onlara növbəti dəfə özlərini sınamaq şansı verilməlidir.
Tam orta təhsil hüququndan könüllü surətdə imtina edən və ilk peşə-ixtisas təhsili almaq istəyən abituriyentlərə paralel olaraq tam orta təhsil haqqında dövlət sənədi verilməsi praktikasına isə son qoyulmalıdır. Yəni layihədəki 20.4 bəndi çıxarılmalıdır.
Sual: Siz indi əsasən elmi-fəlsəfi fəaliyyətlə məşğulsunuz. Qanun layihəsindəki elmlə bağlı müddəalara münasibətiniz necədir?
– Mən indiki vaxtda təhsil fəaliyyətindən uzaqlaşdığım və ancaq elmi-fəlsəfi fəaliyyətlə məşğul olduğum üçün qanun layihəsində ancaq elmlə bağlı müddəalara toxunmaq istərdim.
Azərbaycanda müstəqillik əldə etdikdən bu günə qədər elmi fəaliyyət sahəsini tənzimləyən hər hansı bir qanunun qəbul edilməməsi heç şübhəsiz böyük çatışmazlıqdır. Əslində, təhsil haqqında qanun elm haqqında qanunla eyni vaxtda paralel surətdə işlənib hazırlanmalıydı. Lakin görünür, elm haqqında qanunun olmamasından irəli gəlir ki, elmi fəaliyyət və elmi dərəcələrlə bağlı bir sıra məsələlər təhsil haqqında qanuna daxil edilmişdir. Və təəssüf ki, elmi yaradıcılıq mərhələləri təhsilin pillələri kimi təqdim edilmişdir. Qanun layihəsində maddə 22-də ali təhsilin tsiklləri (əslində pillələri yazılmalıdır, çünki tsikl tamamilə başqa mənalı bir sözdür) sırasında doktorantura da göstərilir, həm də sonradan (maddə 23) məlum olur ki, bu doktorantura sözü elmi yaradıcılığın bir yox, iki pilləsini əhatə edir. Yəni PhD (əvvəlki qaydada – elmlər namizədi) dərəcəsini almış alim, sən demə, hələ tam ali təhsilli deyilmiş. Bunun üçün o, ali təhsilin növbəti pilləsində də oxumalı və elmlər doktoru adını qazanmalı imiş. Maddə 23.4-də qeyd olunduğuna görə, doktoranturanın ikinci pilləsinə fəlsəfə doktorları… qəbul olunurlar. Bu isə tam bir absurddur. İnsan hansı isə bir təhsil pilləsində oxumaqla alim ola bilməz. Alimlik ilk növbədə elmi yaradıcılığın nəticəsidir ki, bu da əsasən fərdi prosesdir. Qanun layihəsində insanların müstəqil elmi fəaliyyəti, demək olar ki, nəzərdə tutulmur. Kim isə harada isə oxumadan böyük bir elmi nailiyyət əldə edibsə, onun rəsmi elmi dərəcə alması üçün tamamilə fərqli prosedur nəzərdə tutulmalıdır. Layihədə isə nəinki doktorantlar, hətta dissertantlar da «təhsil alan şəxs» kimi təqdim edilir (maddə 1.0.11). Halbuki dissertantlıq yolu ilə dissertasiya müdafiəsi məhz fərdi qaydada elmi yaradıcılıq yolu keçmiş insanlar üçündür. Yəni artıq əsasən yazılmış tədqiqat əsərinin sadəcə rəsmi prosedurlardan keçməsini nəzərdə tutur. Bu sahənin qanunla düzgün tənzim olunmasına həm də ona görə böyük ehtiyac vardır ki, hazırkı praktika da qənaətləndirici deyildir.
Görünür, təhsil fəaliyyəti ilə elmi fəaliyyət arasındakı mahiyyət fərqlərini layihə hazırlayanların bir daha yadına salmaq lazımdır.
Sual: Sovet təhsil sistemində və Qərb təhsil modelləri içərisində bunun analoqu varmı? Siz doktoranturaya ancaq elmi yaradıcılıq prosesinin təşkilatlanması kimi baxır və elmi dərəcə almış və ali məktəblərdə dərs deyən insanlara yenidən ali təhsil vermək cəhdinin absurdluğunu vurğulayırsınız. Bəs doktoranturanı bir təhsil kimi götürmək istəyənlər hansı arqumentlərə istinad edirlər?
– Görünür, bu məsələni daha təfərrüatlı izah etməyə ehtiyac vardır. Bir elmşünas olaraq, bilavasitə elm və təhsilin öyrənilməsi ilə məşğul olan tədqiqatçı olaraq və bu iki fəaliyyət sahəsinin ümumi və fərqli cəhətlərini müqayisə etməklə, mən həmişə dövlətimizin elm və təhsil sahəsindəki siyasətinin vahid konsepsiyaya əsaslanması zərurətindən çıxış etmişəm. Elm və təhsil haqqında qanunlar ayrı-ayrı olsalar da, onlar əvvəlcə birlikdə, vahid sistemin tərkib hissələri kimi nəzərdən keçirilməli və yalnız bundan sonra onların nisbi müstəqil mövcudluq qaydaları hüquqi müstəvidə təsbit olunmalıdır, spesifik hüquqi tənzimləmə sistemləri yaradılmalıdır.
Biz, vahid elm və təhsil konsepsiyasından çıxış etmək zərurətini qeyd edərkən, heç də bu iki sahənin həddindən artıq yaxın olduğunu nəzərə çarpdırmaq fikrində deyilik. Əksinə, məqsəd bu iki sahə arasındakı fərqlərin nəzərə alınmasıdır. Belə ki, elm və təhsilin mahiyyətlərinin çox vaxt qarışıq salınması nəticəsində bu barədəki qanunlar da, necə deyərlər, bir-birini əhatə dairələrinə təcavüz edir, özünə aid olmayan məsələlərin hüquqi tənzimlənməsi iddiası ilə çıxış edir.
Əvvəlki illərdə Təhsil Qanununun layihəsi ilə əlaqədar elmi dərəcələr və elmi adların sovet modelindəki kimi saxlanması, yoxsa müasir Qərb modelinə uyğun olaraq dəyişdirilməsi üzərində böyük mübahisələr gedirdi. Kimlərsə magistraturanın guya aspiranturanı əvəz etdiyini, kimlərsə magistraturanın elmi dərəcə ilə az əlaqəsi olduğunu söyləyir və onu sadəcə olaraq ali təhsilin yüksək pilləsi hesab edirdi. Kimlərsə aspiranturanın Qərbdəkinə uyğun olaraq doktorantura ilə əvəz olunmasını, kimlərsə belə bir təhsil pilləsinin ümumiyyətlə ləğv edilməsini təklif edirdi. Lakin təəssüf ki, son vaxtlarda bu mübahisələr səngimiş və görünür, ziyalılarımız bu mövzuda danışmaqdan yorulmuşlar. Ona görə də, “Təhsil haqqında” qanunun indiki layihəsi sanki bu müzakirələrin xaricində yazılıb hazırlanmışdır.
İndi aspirantura-doktorantura dilemması, doktoranturanın iki pilləsi formasında «həllini tapmışdır». Halbuki bu söz dəyişikliyi heç nəyi həll etmir. Dəyişiklik tərəfdarları guya xarici ölkələrin, ilk növbədə ABŞ və Avropa ölkələrinin təcrübəsinə istinad etməyə çalışırlar. Aspiranturanı da saxlamağı nəzərdə tutan dördpilləli təhsil estafetinin tərəfdarları isə guya sovet təhsil sisteminin ənənələrinə və ya indi Rusiyada tətbiq olunan sistemə istinad edirlər. Lakin unudulur ki, sovet təhsil sistemində magistratura pilləsi yox idi və elmi yaradıcılıq üçün hazırlanma mərhələsi ancaq aspiranturadan başlanırdı. Ali təhsilin dörd və ya beş il ərzində verilməsi isə ancaq fənlərin sayı və saatların miqdarı baxımından, bir sözlə, kəmiyyət baxımından olan fərqdir. Və ya magistratura haqqında yuxarıda qeyd etdiyimiz birinci təsəvvürə uyğun olaraq, burada məqsəd ancaq ali təhsil verməkdən ibarətdir. Lakin, magistratura ikinci mənada başa düşüldükdə burada yalnız müddət fərqindən deyil, həm də mahiyyət fərqindən söhbət getdiyi aydınlaşır. Və indi sovet təhsil sistemini və ondan bizə yadigar qalan aspiranturanı hər vəchlə qoruyub-saxlamağa çalışanlar bilməlidirlər ki, biz artıq iki il əvvəl, magistraturanı təhsil pilləsi kimi qəbul edərkən, sovet təhsil sistemindən uzaqlaşmışıq. Qatar artıq hərəkətə gəlib və indi geri qayıtmaq çox çətindir. Əgər sovet təhsil sistemini, o cümlədən aspiranturanı saxlamaq məqsədi var idisə, bu barədə xeyli əvvəl məsələ qaldırılmalı idi...
Sual: Elmlər namizədi dərəcəsinin PhD – fəlsəfə doktoru adı ilə əvəz olunmasına necə baxırsınız?
– Aspiranturanı bitirib müdafiə etdikdən sonra alınan elmi dərəcəyə (sovet sistemində – "elmlər namizədi) xarici ölkələrdə ən çox uyğun gələn elmi dərəcə – PhD – "fəlsəfə doktoru"dur. Burada "fəlsəfə" sözünün mənasına toxunmadan qeyd edək ki, biz də bu fikirlə razıyıq. Lakin bir şərtlə ki, buradakı uyğunluq ancaq elmi dərəcələr arasındakı uyğunluqdur. Sovet modelində "elmlər namizədi" dərəcəsi almaq üçün lazım olan təhsil pilləsinin – aspiranturanın isə analoqu Qərb ölkələrində yoxdur. Elmi dərəcə almaq üçün bu ölkələrdə məhz tədqiqat işinin yerinə yetirilməsi tələb olunur. Elmi yaradıcılıq üçün zəruri olan biliklərin tədrisi və imtahan verilməsi isə bir təhsil pilləsi kimi əvvəlcədən magistraturada keçilmiş olur. Magistratura bir təhsil pilləsi olaraq aspiranturanı tam əvəz edir, lakin bir tədqiqat pilləsi olaraq əvəz etmir. Belə ki, magistraturada müdafiə olunan tədqiqat işinə qoyulan tələblər aşağı olur. Bu bir növ ciddi yazılan diplom işinə uyğun gəlir. Əsas ağırlıq isə təhsil tərəfinə düşür.
Məhz buna görədir ki, magistratura (master degree) pilləsindən sonra təhsilə bənzər bir pilləyə ehtiyac qalmır. Və ya əgər qalırsa bu, fərdi qaydada müəyyənləşdirilir və əvvəlki təhsil pillələrinin tamamlanması yolu ilə həll olunur.
Yəni iddiaçı dissertasiyanın mövzusuna uyğun olan müəyyən ixtisas fənnindən imtahan verməyibsə, bunu fərdi qaydada həll edib aşağı təhsil pilləsində oxuyanlarla bir yerdə imtahan verə bilər.
Bir sözlə, Qərb ölkələrində magistraturadan sonrakı pillə təhsilə yox, tədqiqata uyğun gəlir. Bu isə sovet modelində doktorluq dissertasiyasının yazılma prosedurasını xatırladır.
Beləliklə, Qərb modelində formaca magistratura aspiranturanı, doktorluq dərəcəsi almaq üçün keçilən tədqiqat mərhələsi isə sovet modelindəki doktoranturanı xatırladır. Yazılan tədqiqat işinin səviyyəsi baxımından yanaşdıqda isə bu uyğunluq bir pillə sürüşür; Qərb modelində magistraturada yazılan tədqiqat diplom işinə, doktorluq işi isə namizədlik dissertasiyasına uyğun gəlir. Sovet sistemindəki doktorluq dissertasiyasının müdafiəsi isə Qərb modelində sadəcə olaraq mövcud deyil. Görünür, artıq alim adını almış adamın yenidən kürsüyə çıxarılaraq imtahan edilməsinə ehtiyac duyulmur.
Elmi səviyyənin dərəcələnməsi problemi
Sovet təhsil sistemində ali ixtisas təhsili almaq istəyənlərin hamısı üçün ümumi olan beş illik ali təhsildən sonra elmi yaradıcılıq yolunu seçənlər üçün üç illik aspirantura təhsili nəzərdə tutulurdu. Aspirantura təhsilin ən yüksək pilləsi idi. Düzdür, namizədlik dissertasiyasını müdafiə etdikdən sonra daha bir dissertasiya yazıb müdafiə etmək – "elmlər doktoru" adını almaq mümkün idi. Lakin bunun üçün xüsusi bir təhsil pilləsi yox idi. "Doktorantura" sözü formal xarakter daşıyırdı və görünür, Qərb dünyasında aspiranturaya adekvat təhsil pilləsi "doktorantura" adlandırıldıqdan sonra bu söz bizdə də leksikona daxil olmuş, lakin başqa mənada işlənmişdir. Bu söz doktorluq dissertasiyası adı ilə səsləşdiyindən, guya aspiranturadan sonrakı təhsil təsəvvürü yaradırdı. Əslində isə belə təhsil pilləsi heç sovet dövründə də yox idi. Doktorluq dissertasiyasını bir qayda olaraq ali məktəblərdə dərs deyən və ya elmi-tədqiqat institutlarında elmi işçi kimi çalışan elmlər namizədləri müstəqil surətdə yazırdılar. Bunun üçün sadəcə olaraq dissertasiya mövzusunun Elmi Şurada təsdiq olunması kifayət idi. "Doktorantura" imitasiyasını yaradan isə çox vaxt bir illik yaradıcılıq məzuniyyətləri və ya paytaxtdakı tədqiqat mərkəzlərinə müxtəlif müddətli yaradıcılıq ezamiyyətləri olurdu. Bu isə, təbii ki, təhsil pilləsi kimi başa düşülə bilməzdi. Çünki doktorluq dissertasiyasının yazılması dövründə iddiaçıya nəinki dərslər keçilməsi nəzərdə tutulmurdu, həm də müəllim-şagird münasibətini xatırlada biləcək rəhbər-iddiaçı münasibəti də yox idi. Başqa cür ola da bilməzdi. Artıq elmi yaradıcılıq vərdişi qazanmış və alimlik dərəcəsi almış adama yenə də rəhbərlik etmək, ona tədqiqat yolunu göstərmək sadəcə olaraq, onun elmi yaradıcılıq müstəqilliyinin əlindən alınması olardı.
Elmi-tədqiqat sahəsində bizdən xeyli irəlidə gedən Avropa ölkələrində, ABŞ-da və Yaponiyada öyrətmək adı ilə tədqiqatçını daha çox çərçivələrə salmaq deyil, tədqiqatçıya daha çox müstəqillik vermək, onun sərbəstlik dərəcəsini artırmaq üçün yollar axtarılır. Bu ölkələrdə elmi dərəcələrin verilməsi səlahiyyəti də bizdəki kimi çoxpilləli bürokratik strukturlara deyil, Elmi Şuraların kompetensiyasına aiddir. Elmi dərəcələr və adlar bütün ölkə miqyasında vahid standartlar və meyarlar əsasında eyni bir komissiya tərəfindən deyil, müxtəlif universitetlərin Elmi Şuraları tərəfindən verildiyindən iddiaçı seçim imkanına malikdir. Belə ki, hər hansı bir komissiya, Elmi Şura iddiaçının nailiyyətini qiymətləndirmirsə və burada subyektiv amillər varsa, iddiaçı başqa universitetdə, başqa komissiya qarşısında öz şansını reallaşdırmaq imkanına malikdir. Bizim ölkədə isə Ali Attestasiya Komissiyası deyilən mərkəzləşmiş qurum subyektivlik göstərərsə, iddiaçının heç bir seçim imkanı qalmır.
Təhsil haqqında yeni qanunda təhsillə bağlı elə bir ciddi yenilik gözə dəyməsə də, elm və fəlsəfə ilə bağlı çox kəskin addımlar atıldı.
Əvvəla, elmi fəaliyyət və elmi səviyyənin göstəricisi olan dissertasiya müdafiələri və elmi dərəcələr bütövlükdə və tamamilə təhsilin strukturuna daxil edildi. Yəni elmi dərəcə almış bir şəxs hələ də ali təhsilini başa vurmamış sayılır və ali təhsilin daha yüksək mərtəbəsinə çatmaq üçün yeni bir təhsil pilləsinə – doktoranturaya daxil olaraq təhsilini davam etdirməli və “elmlər doktoru” adını qazanmalıdır. Lakin biz xalis elmi yaradıcılıq prosesinin təhsillə qarışıq salınması üzərində dayanmayaraq, diqqəti başqa, ilk baxışda nəzərə çarpmayan, lakin olduqca mühüm bir məsələyə yönəltmək istəyirik. İndi belə bir durum yaranmışdır ki, alim olmaq istəyənlər bu haqqı iki dəfə qazanmalıdırlar. Əslində sovetlər dövründə də belə idi. Lakin biz guya islahat apararaq Avropa standartlarına yaxınlaşmaq istəyirik. Və buna görə də nə isə bir yenilik edirik. Amma diqqətlə yanaşdıqda məlum olur ki, dəyişən yalnız ad imiş. Əvvəllər “elmlər namizədi” adlanan dərəcə indi Ph.D – “fəlsəfə doktoru” adlanacaqmış. “Elmlər doktoru” isə yenə elə öz yerində qalırmış. Onda sual oluna bilər ki, heç nə dəyişməyibsə, bizi narahat edən nədir? Bizi narahat edən odur ki, bu formal dəyişiklik nəticəsində biz sadəcə olaraq bütün dünyada qəbul olunmuş dəyərlər sisteminə hörmətsizlik nümayiş etdiririk. Belə ki, bütün dünyada (Rusiya və biz istisna olmaqla) elmin tarixən formalaşmış və hamı tərəfindən qəbul olunmuş meyarları vardır. Əvvəllər öz elmi səviyyəsinə görə ən yüksək şəxslərə magistr dərəcəsi verilmişdir. Və bu dərəcə sadəcə təhsil pilləsi kimi deyil, elmi yaradıcılıq səviyyəsinin təsbit olunması üçün verilmişdir. Bu, elmdə ən yüksək ad olmuşdur. Maraq üçün qeyd edək ki, Rusiyada “namizəd” anlayışı məhz magistrliyə namizəd olmağı göstərmişdir. Sovetlərin ilk illərində də bu belə davam etmiş və yalnız “magistr” əvəzinə “elmlər doktoru” termini işləndikdən sonra “magistrliyə namizəd” də “elmlər namizədi” olmuşdur. Lakin Avropada magistrlər arasında da xüsusilə seçilən, ən yüksək elmi nailiyyətlər əldə edən şəxsləri fərqləndirmək üçün yeni, daha yüksək bir pillə düşünülmüşdür. Hər bir elm sahəsinin zirvəsi həmin elmin fəlsəfəsi olduğuna görə bu dərəcə “fəlsəfə doktoru” adlandırılmışdır.
Lakin biz nə etdik? Məhz fəlsəfəyə qarşı bir hörmətsizlik nümayişi olaraq onu elmin aşağı pilləsi adlandırdıq. Ən absurd məqamlardan biri də odur ki, indi bizdə Ph.D dərəcəsi almış şəxslər elmin sonrakı, sən demə, daha mötəbər bir səviyyəsinə qalxmaq üçün təzədən təhsilini davam etdirməli və bunun üçün doktorantura deyilən ali təhsil formasının ikinci pilləsinə qəbul olunub oxumalıdırlar. Təhsil qanununda təsbit olunmuş bu məsələlər bizdə elm ilə təhsil arasındakı ciddi fərqlərin hələ də başa düşülmədiyini göstərir. Bir o çatmır ki, magistraturaya qəbul “testləşdirildiyi” kimi, doktorantura və onun ikinci pilləsi də “testləşdirilsin” və alim hazırlanmasının heç bir ölkədə misli görünməmiş yep-yeni texnologiyaları işə salınsın.
Bunlar hələ sonranın işidir. “Qurudu əzərik, ona da dözərik.” İndi isə bir daha «fəlsəfə doktoru» əhvalatından danışmaq istərdik. Yeni adlandırma sistemi ilə əlaqədar KİV-də maarifçilik işi aparılmadığından bu sahədə terminlər çox vaxt qarışıq salınır. Bəzi jurnalistlər də televiziyada, mətbuatda keçmiş elmlər namizədlərini indi guya yeni adla çağıraraq, onları «fəlsəfə elmləri doktoru» kimi təqdim edirlər. Sən demə, ölkəmizdə hamı elə filosof imiş.
Ölkəmizdə elmi-tədqiqat işlərinin dəyərləndirilməsi və alimlərin qradasiyası sahəsində dissertasiyadan başqa göstəricilər, ölçü vahidləri və meyarlar demək olar ki, yox dərəcəsindədir. Bir elmlər doktorunu başqasından fərqləndirən əsas əlamətlər, meyarlar sistemi işlənib hazırlanmamışdır. Daha yüksək elmi mərtəbə hesab olunan Akademiya üzvlüyü məsələsi isə seçki əsasında həyata keçirildiyindən, yüksək elmi göstəricilərin ekspertizası və bu zaman tətbiq olunan “ölçmə mexanizmi” formalaşmamışdır.
Mərkəzi sistem “elm üçün elm” prinsipi ilə formalaşır. Yəni burada əsas məqsəd elmin özünün qarşıya qoyduğu problemləri həll etməkdir. Elmi işlərə qiymət verməyin də meyarları məhz “elm üçün elm” mövqeyindən müəyyənləşdirilmişdir. Yəni burada elmi işə istehsalatda tətbiqdən və iqtisadi faydadan daha çox, böyük miqyaslı elmi axtarışlarda rol oynaya bilmək, elmin özü üçün faydalı olmaq baxımından yanaşılır. Bu cəhət məhz fundamental elmlər üçün səciyyəvidir. Fundamental tədqiqatlar tezcə öz praktik tətbiqini tapa bilmədiyinə görə, onların elmi dəyərinin qiymətləndirilməsi xüsusi metodika tələb edir. Bunun üçün müəyyən bir elmi nəticəyə gətirən tədqiqat prosesinin spesifikasından əlavə, bu nəticənin elmi biliklər sistemində tutduğu yeri və yeni nəzəriyyələr üçün oynadığı potensial rolu dəyərləndirmək tələb olunur.1
Tətbiqi elmlərdə isə, əlbəttə, hədəf elmin özündən daha çox, onun iqtisadi səmərəsidir. Lakin burada da, elmi fəaliyyət bir neçə mərhələni əhatə etdiyinə görə, yekun nəticə alınana qədər aparılan tədqiqatlara ancaq elmin öz meyarları baxımından qiymət verilə bilər. Əlbəttə, qiymətləndirmənin ən etibarlı forması müvafiq sahə üzrə ən mötəbər alimlərin rəyidir. Yəni hər bir elmi iş ekspertizadan keçirilir, onun elmi dəyəri məhz həmin sahənin mötəbər mütəxəssisləri tərəfindən qiymətləndirilir. Əlbəttə, bu üsul daha etibarlı olardı, o zaman ki, mənəvi mühit sağlam olaydı. Yəni elmi tələblər yeganə meyar olaydı. Ölkəmizdə və ümumiyyətlə Şərq dünyasında elmin dəyərləndirilməsini çətinləşdirən ən mühüm məsələlərdən biri məhz obyektivliyin və prinsipiallığın çatışmamasıdır. Görünür bu səbəbdən də daha çox dərəcədə formal göstəricilərə, texniki şərtlərə üstünlük verilir. Xüsusən elmi dərəcə verilməsi zamanı formalizm mahiyyəti üstələyir və istedadlı adamların elmə gəlişi çətinləşir.
Maraqlıdır ki, ölkəmizdə dissertasiya işlərinə qoyulan tələblər bütün qiymətləndirmə formalarını əhatə edir. Yəni elmi işdən həm yeni ideya, həm kommunikasiya (beynəlxalq elm şəbəkəsinə daxil olmaq), həm aprobasiya, həm də tətbiqi nəticələr tələb olunur. Yəni dissertasiya işi böyük elm sisteminin modelinə uyğun surətdə təsəvvür olunur. Halbuki, hər bir konkret tədqiqat əsəri böyük elm sisteminin əhatə etdiyi bütün mərhələləri özündə əks etdirə bilməz. O, yalnız böyük zəncirin müəyyən bir halqasına uyğun gələ bilər. Yəni bu baxımdan özlüyündə lokal, bitmiş bir sistem olan tədqiqat əsəri – dissertasiya işi əslində böyük sistemin bir hissəsi kimi heç nəyə lazım olmur. Ona görə də, əksər hallarda dissertasiya işlərinin arxivə getməkdən başqa bir aqibətini görmək çətindir. Halbuki, elm adamının səviyyəsi böyük elmə qatılma dərəcəsi və bu prosesdə rolu ilə müəyyənləşdirilməlidir. Bizim ölkədə isə ən böyük kəşf də etsən, elmi ideyanın nəticələri həqiqətən tətbiq olunaraq böyük iqtisadi səmərə də gətirsə, ən mötəbər jurnallarda məqalələrin də çıxsa (amma bu məqalələrin sayı 20 deyil, tutaq ki, 17 olsa – halbuki Eynşteyn nisbilik nəzəriyyəsini cəmi bir məqalədə şərh etmişdi) elmi dərəcə ala bil-məzsən. Çünki bunun üçün ancaq formal bir pro-sedur yolu keçilməli, bütöv elm modeli imitasiya olunmalıdır. Bəli, elm olmayanda onun imitasiyası yerini tutur. Və belə bir şəraitdə ara-sıra böyük elmi işlər görülürsə, onlar da imitasiya formalizminin baryerini keçə bilmir.
Bu dediklərimiz ancaq dissertasiyalara qoyulan tələblərlə bağlıdır. Bəs müdafiədən sonra? Sonrakı tədqiqatların qiymətləndirilməsi hansı prinsip üzrə aparılır? Yəni bizdə elmi ekspertizanın hansı formaları tətbiq olunur? İş stajı, ümumiyyətlə məqalələrin sayı, kitabların sayı və neçə-neçə dəyərsiz kitablar yığını...
Bizdə hələ də elmlə elmi maarifçilik arasındakı sərhəd nəzərə alınmır. Səbəbi isə budur ki, maarifçilik, elmi biliklərin tədrisi və təbliği heç olmasa kimə isə lazımdır. Məsələn, universitetlərdə əlavə dərs vəsaiti kimi, yaxud da intellektli evdar qadınlar üçün elmi-kütləvi ədəbiyyat əvəzi olaraq. Elm adamlarının isə başqalarının yazdığını oxumağa vaxtları yoxdur, onlar ya rusdilli mənbələri oxuyub icmal düzəldir, başqalarının fikrindən yeni-yeni kitablar yazır, ya da pul qazanmaq üçün əlavə bir işlə məşğul olur. Hətta oxusalar da, heç kim tənqidi təhlil mövqeyindən oxumur. Azərbaycanda indi hətta müəyyən ənənəsi olan ədəbi tənqid sahəsində də “tənqid”dən əsər-əlamət yoxdur, o ki qala elmi ədəbiyyata münasibət sahəsində. Bir sözlə, “heç kim heç kimin kitabını oxumur”. Görünür elə buna görədir ki, çıxan kitabların böyük əksəriyyəti elmi kitabxanalara göndərilmir.
Yaranmış belə vəziyyət elmi meyarlara yenidən baxılmasını, elmi ekspertiza işinin daha səmərəli təşkili üçün tədbirlər görülməsini, elmin əlaqələndirilməsi sahəsində yaranmış boşluğun aradan qaldırılmasını və s. bu kimi operativ tədbirlərin gerçəkləşdirilməsini tələb edir. Yəni ölkəmizdə heç olmasa nisbi müstəqil elm sistemindən danışmaq istəyiriksə, bunun üçün ilk növbədə sistemliliyi təmin edən şərtlər ödənilməlidir. Bəs bu şərtlər nədən ibarətdir? Elm digər fəaliyyət sahələrindən nə kimi spesifik əlamətlərlə fərqlənir? Bax, bu suallara cavab tapmaq üçün bizcə, dünyada artıq 50 ildir ki, bəlli olan elmşünaslıq fənninin heç olmazsa əsas prinsiplərini mənimsəmək lazımdır.
Son söz əvəzi
Bütün ölkə miqyasında elmi fəaliyyət qurumlarının uçotu, mövcud durumun ölkəmizdə elmin inkişaf konsepsiyasına uyğunluq dərəcəsinin dəyərləndirilməsi, elmi institutların yenidən bölüşdürülməsi və sistemləşdirilməsi bu sahədə qarşıda duran əsas vəzifələrdəndir.
Nəzərə alınmalıdır ki, elmi tədqiqat işi bir şeydir, onun idarə olunması, ölkənin ictimai-iqtisadi həyatı ilə əlaqələndirilməsi, sosial tələbatın nəzərə alınması, optimal maliyyə sisteminin tətbiqi və s. bu kimi məsələlər tamamilə fərqli şeylərdir. Ona görə də, bu sonuncuların elmi tədqiqat müəssisəsinin özünə həvalə edilməsi tamamilə müxtəlif xarakterli fəaliyyət sahələrini eyni mərkəzdən idarə etmək təşəbbüsüdür ki, bu da çətin ki, müsbət nəticə versin. Bunu nəzərə alan ölkələr elmin idarə olunması üçün ayrıca bürokratik qurumlar yaradırlar. Əksər ölkələrdə Elm və Texnika Komitələri və ya Elm Nazirliyi, Elm və Təhsil Nazirliyi tipli qurumlar fəaliyyət göstərir. Azərbaycan SSRİ tərkibində olanda elmi fəaliyyətlərin, elm və texnikanın əlaqələndirilməsi, habelə elmin ictimai-iqtisadi funksiyalarının tənzimlənməsi SSRİ Nazirlər Kabinetinin Elm və Texnika Komitəsi tərəfindən həyata keçirilirdi. SSRİ EA isə ancaq elmi tədqiqatların daxili məzmunu ilə bağlı məsələləri əlaqələndirirdi. Azərbaycan müstəqillik əldə edəndən sonra elmi texniki fəaliyyət sahəsinin idarə olunması üçün Elm və Texnika Komitəsi yaradıldı. Amma bu qurumun fəaliyyəti hələ kifayət qədər formalaşmamış ləğv edildi. Bundan sonra uzun müddət elmi idarəçilikdə bir boşluq özünü göstərdi. Nazirlər Kabinetinin şöbəsi təbii ki, belə bir geniş miqyaslı funksiyanın yerinə yetirə bilməzdi. Çıxış yolu kimi Elmlər Akademiyasının səlahiyyətləri genişləndirildi və AMEA-nın Nizamnaməsinə görə, bütün ölkə miqyasında elmi fəaliyyətin əlaqələndirilməsi işi ona tapşırıldı. Lakin təbii ki, Akademiya elmi müəssisə olmaqla və əsas funksiyası elmi fəaliyyət olduğuna görə, öz təbiətinə uy-ğun olmayan belə bir idarəçilik funksiyasını yerinə yetirə bilmədi. Hətta o bunu etmək istəsə də, bu məqsədlə Akademiyaya geniş çeşiddə ştat vahidləri və əlavə vəsait tələb olunur.
Beləliklə, həm Təhsil Nazirliyi sistemində, həm sahə elmlərində, həm də Elmlər Akademiyasında təşkilatı islahat aparılmasına, daha doğrusu, onların nisbi müstəqilliyini qalmaqla vahid mərkəzdə birləşdirilməsinə böyük ehtiyac vardır.
M ü n d ə r i c a t
Dostları ilə paylaş: |