«Həqiqətən yaxşı əməl və itaət sahibləri Cənnətdə qərar tutacaqlar. Pis əməl sahibləri isə Cəhənnəmdə olacaqlar». (əl-İnfitar 13-14). Sən elə zənn etmə ki, bu Cənnət, Cəhənnəm yalnız axirətdədir. Yaxşılar hər üç aləmdə də nemət içindədirlər, pislər isə hər üç aləmdə də atəş içindədirlər. Səlim qəlbin yaşayışından başqa bir yaşayış varmı? Allah Xəlili İbrahim – əleyhissəlamı – səlim qəlbli deyərək tərif etmişdir: «Şübhəsiz İbrahim də onun (Nuhun) millətindən idi. Çünkü Rəbbinə qəlbi səlim halda gəlmişdir». (əs-Saffət 83-84). «O, gün nə mal fayda verər, nə də övlad. Ancaq Allaha qəlbi səlim (təmiz bir qəlb) ilə gələnlər (o, gün fayda tapır)». (əş-Şuara 88-89). Dünyada ikən qəlbin sevincindən, köksün genişliyindən, salamatçılıqdan daha böyük hansı ləzzət ola bilər. Həmçinin də Allahı tapmaqdan, Allahın istədiklərinə uyğun əməl etməkdən daha hansı gözəl ləzzət ola bilər. Həqiqi sağlam səlim qəlbin yaşayışı deyilmi? Sağlam qəlb şirkdən, kin-kudurətdən, həsəddən, tamahdan və s. salamat qəlbdir. Allahdan uzaqlaşdıran hər bir şeydən salamat olan qəlbdir. Bu qəlbdə həm dünyada, həm bərzəxdə, həm də axirətdə də Cənnətdədir (salamatdır).