SƏmayə MƏMMƏD qızı mustafayeva


V. RUSİYA (1922-Cİ İLDƏN SSRİ)



Yüklə 1,62 Mb.
Pdf görüntüsü
səhifə5/21
tarix17.11.2019
ölçüsü1,62 Mb.
#29601
1   2   3   4   5   6   7   8   9   ...   21
ms a&aoeyt


V. RUSİYA (1922-Cİ İLDƏN SSRİ) 
  Rusiya Fevral burjua-demokratik  inqilabından və oktyabr 
çevrilişindən sonrakı  ilk dövrdə  
(1917-1918-ci illər) 
XX əsrin əvvəllərində Rusiya da digər kapitalist ölkələri 
kimi imperializmə qədəm qoymasına baxmayaraq,  Avropanın 
qabaqcıl ölkələri və ABŞ-dan iqtisadi inkişaf səviyyəsinə görə 
xeyli geridə qalırdı. Rusiya sənaye məhsulları istehsalına görə 
1913-cü ildə ABŞ-dan 8 dəfə,  İngiltərədən 4,6 dəfə, Alma-
niyadan 6 dəfə, adambaşına düşən sənaye məhsulları istehsalına 
görə isə ABŞ-dan və İngiltərədən 14 dəfə, Almaniyadan isə 13 
dəfə geridə qalırdı. 1917-ci ildə Rusiyada 150-yə qədər inhisar 
birliyi var idi ki, bunun ən çoxu sindikatlar idi. Rusiyada dağ-
mədən və metal emalı  sənayesinin yarıdan çoxu, energetika 
sənayesinin 75%-i, Donbasın kömür şaxtalarının 70%-i, 
Krivoyroqdakı dəmir filizinin 87%-i xarici kapitalistlərin əlində 
idi. Ölkədə neft hasilatının yarıya qədərini xarici kapitalistlərə 
məxsus müəssisələr verirdi.  Bu geriliyin əsas səbəbi siyasətdə 
çarizmin, iqtisadiyyatda isə mülkədar torpaq sahibliyinin 
Rusiyada mövcud olması idi. 1905-1907-ci illər Rusiya inqilabı 
çarizmi və mülkədar torpaq sahibliyini ləğv etməyi qarşısına 
məqsəd qoysa da, buna nail ola bilmədi. 
Rusiya xalqlar həbsxanası idi. Çarizm "Parçala və hökm-
ranlıq et" siyasətini davam etdirməkdə idi. Rus imperializmi 
hərbi-feodal xarakteri daşımaqla bərabər həm də xaici ka-
pitaldan asılı idi. Rusiyada kəndlilərin çoxu aztorpaqlı idi. Belə 
ki, 30 min mülkədarın 70 milyon desyatin torpağı, 10 milyona 
yaxın kəndlinin də təxminən o qədər torpağı var idi.  
Birinci dünya müharibəsi Rusiyada inqilabı yetişdirmiş 
oldu və 1917-ci il fevralın 27-də 304 il hökmranlıq etmiş Ro-
manovlar sülaləsi devrildi. Lakin Rusiyada inqilabın  əsas mə-
sələsi olan hakimiyyət məsələsi başqa ölkələrdən fərqli olaraq 
xüsusi tərzdə həll edildi. Rusiyada xırda burjuaziyanın çoxluğu, 
 
96
fəhlə sinfinin isə  əhalinin cəmi 10%-ni, yəni 16 mln nəfərini 
təşkil etməsi, Rusiyada ikihakimiyyətliyin yaranmasına səbəb 
oldu. Bu hakimiyyətlərdən biri 1917-ci ilin martın 2-də knyaz 
Lvovun sədrliyi ilə yaranmış müvəqqəti hökumət, digəri isə 
fəhlə  və  əsgər deputatları soveti idi. Müvəqqəti hökumətin 
sosial dayağını burjuaziya və burjualaşmış mülkədarlar, sovet-
lərin sosial dayağını isə  fəhlələr və  əsgər  şineli geymiş  kənd-
lilər təşkil edirdi. Müvəqqəti hökumətin xarici işlər naziri 
Milyukov, hərbi naziri Quçkov, torpaq naziri Şinqaryov, 
ədliyyə naziri Kerenski oldu. 1917-ci ilin iyulundan isə 
hökumətə Kerenski başçılıq etməyə başladı. 
Rəsmi hakimiyyət müvəqqəti hökumətə, real hakimiyyət 
isə sovetlərə məxsus idi. 1917-ci ilin Fevral inqilabından sonra 
Rusiya dünyada ən demokratik ölkə oldu. O zaman Rusiyada 
70-ə  qədər partiya vardı ki, onlardan 39-u iri burjua partiyası 
idi və onlar leqal fəaliyyət göstərməyə başladılar.  Kütlələr 
üzərində heç bir zorakılıq yox idi. Ona görə də Fevral inqilabı 
ərəfəsində  cəmisi 24 min üzvü olan bolşeviklər partiyası 
hakimiyyətin dinc yolla sovetlərə keçməsi  şüarını irəli sürdü. 
Bolşeviklər belə hesab edirdilər ki, sovetlərə seçkilər zamanı 
eser və menşeviklərin sayı azalar, bolşeviklərin sayı çoxalar və 
nəticədə hakimiyyət bolşevikləşmiş sovetlərin  əlinə dinc yolla 
keçə bilər. "Bütün hakimiyyət sovetlərə"  şüarı 1917-ci il 
avqustun 31-nə  qədər dinc yolla bolşeviklərin qələbəsini 
nəzərdə tuturdu. Lakin 1917-ci ilin avqustun 25-31-i arasında 
baş vermiş və yatırılmış Kornilov qiyamı vəziyyəti dəyişdirdi. 
Kornilov qiyamının məqsədi dövlət çevrilişi etmək və Rusiyada 
hərbi diktatura qurmaq idi. Müvəqqəti hökumətin sədri eser 
Kereniski özü bu qiyama qarşı  çıxdı, çünki hakimiyyəti heç 
kimə vermək istəmirdi. Xalq kütlələri bu qiyamın yatırılmasına 
nail oldular. Bu hadisədən sonra "Bütün hakimiyyət sovetlərə!" 
şüarının ikinci mərhələsi – hakimiyyətin silahlı üsyan yolu ilə 
bolşeviklər tərəfindən ələ alınması mərhələsi başladı. 1917-ci il 

 
97
sentyabrın 1-də Rusiya respublika elan olundu. Sentyabrın 5-də 
Rusiyada direktoriya təşkil olundu. Bu dövr ərzində bolşeviklər 
partiyası öz fəaliyyətini xeyli genişləndirdi. Bolşeviklər 
partiyasına 1917-ci ilin aprelində  İsveçrədən qayıtmış Lenin 
başçılıq edirdi. Ölkə yenidən ümummilli böhran içərisində idi. 
Bolşeviklər partiyasının  ən uğurlu cəhəti onun kütlələri 
inandırmağı bacarması idi. Bu partiya Rusiyada o dövrdə 
fəaliyyət göstərən 70-ə  qədər partiya içərisində  ən çoxsaylı 
partiyalardan biri idi.Artıq oktyabr çevrilişi ərəfəsində L.Trots-
kinin "samuraylar ordusu", Stalinin isə "qılınclılar ordeni" 
adlandırdığı bolşeviklər partiyası üzvlərinin sayı 350 minə qə-
dər idi. 1917-ci ilin oktyabrın 24-dən 25-ə keçən gecə bolşevik-
lər  ən mühüm strateji nöqtələri Petroqradda ələ aldılar. 
Oktyabrın 26-da hökumət boşeviklər partiyasının çevrilişə rəh-
bərlik etmək üçün təşkil etdiyi Hərbi inqilab komitəsinin əlinə 
keçdi. 1917-ci ilin oktyabr çevrilişinin belə tezliklə  qələbə 
çalmasının əsas səbəblərindən biri rus burjuaziyasının qabaqcıl 
kapitalist ölkələrinin burjuaziyasından fərqli olaraq siyasi cə-
hətdən təcrübəsiz, iqtisadi cəhətdən isə  zəif olması idi. Bur-
juaziya Rusiyada siyasi hakimiyyətdə cəmi bir neçə ay olmağı 
bacardı.  
Oktyabr çevrilişi baş verən gün İkinci Ümumrusiya so-
vetlər qurultayı çağırıldı. Həmin qurultayda hərbi inqilab ko-
mitəsi hakimiyyəti sovetlərə verdi. Ümumrusiya ikinci sovetlər 
qurultayının torpaq haqqında dekretinə əsasən torpaq kəndlilərə 
verildi. Həmin qurultayın sülh haqqında dekretinə əsasən bütün 
gizli müqavilələr açıqlandı. Həmçinin ilk dəfə olaraq burada 
dinc yanaşı yaşamaq prinsipi elan edildi və müharibə edən 
ölkələrə ilhaqsız, təzminatsız,  ədalətli sülh təklif edildi. Lenin 
ilk sovet hökumətinin – Rusiya Xalq Komissarları Sovetinin 
sədri təyin edildi. Qanunverici orqan isə Ümumrusiya Mərkəzi 
İcraiyyə Komitəsi, onun sədri isə Sverdlov oldu. Oktyabr 
çevrilişi baş verəndən dərhal sonra Rusiyada keçmiş 
 
98
imtiyazların hamısı  ləğv edildi. Fəhlələr abad mənzillərə 
köçürüldü. Bütün vətəndaşların hüquq bərabərliyi elan edildi. 
1917-ci ilin oktyabrın 25-dən 1918-ci il martın 3-nə qədər olan 
dövr Rusiya tarixində “Sovet hakimiyyətinin təntənəsi” dövrü 
hesab edilir. Çünki bu dövrdə Rusiyanın özündə  və bütün 
müstəmləkələrində sovet hakimiyyəti qələbə çaldı. Sovet 
hökuməti məzlum xalqları öz tərəfinə  çəkmək üçün 1917-ci il 
noyabrın 2-də «Rusiya xalqının hüquq bəyannaməsi» adlı 
dekret imzaladı. Həmin sənədə əsasən bütün millətlərin hüquq 
bərabərliyi elan edildi. Onların ayrılmaq hüququ təsdiqlənir, 
ayrılmaq istəməyənlərə geniş yerli özünidarə hüququ verilirdi. 
Məhz həmin sənəd əsasında 1917-ci ilin dekabrında Finlandiya, 
1918-ci ilin noyabrında Polşa Rusiyadan ayrıldı  və müstəqil 
dövlətlər oldular. 1918-ci ilin yanvarın 5-də Rusiyada burjua 
parlamentinin rolunu oynayan Müəssislər məclisi açıldı. Bu-
rada Rusiyanın hər yerindən seçilən deputatlar iştirak edirdi. 
Lakin həmin məclis bolşeviklərin təqdim etdiyi "Zəhmətkeş və 
istismar olunan xalqın hüquq bəyannaməsi" adlı  sənədi qəbul 
etməkdən imtina etdiyinə görə yanvarın 6-da onun 
Ümumrusiya Mərkəzi İcraiyyə Komitəsi tərəfindən buraxıldığı 
elan olundu. 1918-ci ilin yanvarın 15-də vicdan azadlığı 
haqqında verilən dekretə  əsasən  əhalinin dini hisslərində 
sərbəstlik təmin edildi. Həmçinin məktəb kilsədən, dövlət 
dindən ayrıldı.  
Rusiyada sovet hakimiyyətini qoruyub saxlamaq üçün 
bolşeviklər Almaniya ilə 1918-ci il martın 3-də Brest-Litovsk 
sülhünü bağladılar və ölkə Birinci dünya müharibəsindən çıxdı. 
Birinci dünya müharibəsi nəticəsində Rusiyada 2 milyona 
yaxın insan öldü, 5 milyona yaxını isə yaralandı.1918-ci ilin 
martında Lenin Rusiyada sovet hakimiyyətinin növbəti 
vəzifələrini müəyyən etdi. O, göstərdi ki, Rusiyada oktyabr 
çevrilişindən sonra da mövcud olan aşağıdakı dörd ukladı: 
natural kəndli təsərrüfatı, xırda əmtəə istehsalı, xüsusi kapitalist 

 
99
təsərrüfatı, dövlət kapitalizmi ukladını  ləğv etmək, sosialist 
ukladını  əvvəl hakim, sonra isə yeganə uklada çevirmək 
lazımdır.  
Sovet hakimiyyətinin qarşısında duran vəzifələrdən biri 
də iqtisadiyyatı ixtisaslı kadrlarla təmin etmək məsələsi idi. 
Bolşeviklər özlərinin ixtisaslı kadrları olmadığına görə burjua 
mütəxəsisslərindən onlara yüksək maaş verməklə istifadə et-
məyi lazım bildilər. Növbəti vəzifələrdən biri də əmək məhsul-
darlığını artırmaq idi. Bunun üçün Rusiyanın həm geniş ərazisi, 
həm kifayət qədər yeraltı və yerüstü sərvətləri, insan ehtiyatları, 
həm də insanlarında yüksək yaradıcılıq ehtirasları var idi. 
 
Rusiya vətəndaş müharibəsi dövründə 
(1918-ci ilin mayı – 1920-ci ilin noyabrı) 
 
1918-ci ilin yazına yaxın Rusiya vətəndaş müharibəsi və 
xarici hərbi müdaxilə  təhlükəsi ilə qarşılaşdı. Rusiyada vətən-
daş müharibəsinin və xarici hərbi müdaxilənin baş verməsinin 
səbəblərindən biri ilk növbədə varlı siniflərin öz hakimiyyət və 
mülkiyyətlərindən imtina etmək istəməmələri ilə  əlaqədar idi. 
Həmçinin xarici dövlətlərin burada çoxlu müəssisələri vardı ki, 
onlar bu müəssisələrdən, gələn gəlirlərdən  əl çəkmək 
niyyətində deyildilər. Oktyabr çevrilişindən sonra Rusiyanın 50 
milyard rubla qədər daxili və xarici borcları vardı. Bunun 16 
milyard rublu xarici borclar idi. Rusiya 1918-ci ilin yanvarında 
bu borcları verməkdən imtina etdiyini bildirmişdi. Xarici 
dövlətlər həm də Rusiyada baş verən hadisələrin öz ölkələrinə 
təsir edəcəyindən də qorxurdular. Odur ki, 1918-ci il mayın 25-
də Vladivostokda Birinci dünya müharibəsi dövründə ruslara 
əsir düşmüş 50 min nəfərlik çexoslavak korpusunun qiyamı ilə 
Rusiyada vətəndaş müharibəsi başlanmış oldu. 1920-ci ilin no-
yabrına qədər Rusiyada davam edən vətəndaş müharibəsi 3 
dövrə bölünür: 
 
100
I dövr – 1918-ci ilin yazından – 1919-cu ilin martına 
qədər olan dövrü əhatə edir. 
II dövr – 1919-cu ilin martından 1920-ci ilin martına 
qədər olan dövrü əhatə edir. 
III dövr – 1920-ci ilin martından 1920-ci ilin noyabrına 
qədər olan dövrü əhatə edir. 
Tezliklə, Samaradan Çelyabinskiyə  qədər olan ərazi Çe-
xoslavak korpusunun nəzarəti altına keçdi. Paralel olaraq 
ölkədə kəndlilərin də  antisovet qiyamları genişlənirdi. 
1918-ci il noyabrın 18-də Omskda birləşmiş antibolşevik 
hökumətin hərbi naziri admiral A.B.Kolçak bütün hakimiyyətin 
onun  əlinə keçdiyini bildirdi və özünü "Rusiyanın bütün quru 
və dəniz silahlı qüvvələrinin ali komandanı" elan etdi. O, həm 
də Ali hakim elan olundu. Beləliklə, Kolçak ağ hərəkatın əsas 
siması oldu. Ağların əsas ideyası bolşevimzi dəf etmək, döyüş 
qabiliyyətli ordunun gücü ilə böyük, vahid və bölünməz 
Rusiyanı bərpa etməkdən ibarət idi. 
Bu zaman ciddi intizam yaratmaq üçün çox sərt tədbir-
lərlə köhnə zabitləri Qırmızı Orduya cəlb edən L.Trotski 
nizami, döyüş qabiliyyətli ordu yaratmağa nail oldu. 1918-ci 
ilin iyulunda çar ailəsinə  mənsub olanların hamısı 
Yekaterinburqda güllələndi. 1918-ci ilin sentyabrında ölkədə 
qırmızı terror tətbiq edilməyə başlandı. Mübarizə gah bir 
tərəfin, gah da digər tərəfin üstünlüyü ilə gedirdi. 1918-ci ilin 
yazında Kolçakın ordusu Ufadan Volqaya hərəkət etdiyi, 
payızın  əvvəlində isə general Denikinin orduları Oryol və 
Voroneji tutaraq Moskvanı  hədələdiyi zaman sovet hökuməti 
və  Qırmızı Ordu böhranlı  vəziyyətə düşdü. Həmçinin ingilis, 
fransız, alman və yaponların Vladivostok, Krım, Arxangelsk və 
Murmanskdan sovet Rusiyasına qarşı  hərbi müdaxiləsi 
başlandı. Kolçakı  İngiltərə  hər vasitə ilə  təchiz etməyi öz 
öhdəsinə götürdü. Donda Denikinin cənub qrupu öz fəaliyyətini 
genişləndirdi. Petroqradda Yudeniçin dəstələri hücuma 

 
101
keçdilər. Orta Asiyada basmaçılar hakimiyyəti  ələ aldılar. 
1918-ci ilin sentyabrın 15-də Bakının türklər tərəfindən tu-
tulması ilə Sovet Rusiyası  ağlar tərəfindən halqaya alınmış 
oldu. Ağların ilk dövrdə  qələbəsi Qırmızı ordunun hələ  zəif 
olması, müasir ordunun yaradılmaması, ortabab kəndlilərin 
tərəddüdü, ağ qvardiyaçıların  əsasən sənaye cəhətdən zəif 
inkişaf etmiş yerləri tutmasından irəli gəlirdi. 
Sovet hökuməti üçün belə  çətin bir vaxtda 1918-ci ilin 
yayından 1919-cu ilin yazına qədər ölkədə  mərhələ-mərhələ 
ərzaq sapalağına keçildi və bu siyasət 1921-ci ilin martına 
qədər davam etdi. Ərzaq sapalağında kəndlidən ailəsinə lazım 
olandan artıq qalan bütün məhsul dövlət tərəfindən alınırdı. Bu 
isə  kəndlidə  əslində maddi maraq hissini zəiflədirdi. Vətəndaş 
müharibəsi dövründə ilk dəfə elmi ədəbiyyata Baqdanov tərə-
findən gətirilmiş "hərbi kommunizm" adlanan siyasət həyata 
keçirildi. Bu siyasətin  əsas cəhətləri  ərzaq sapalağının tətbiqi, 
ticarətin ləğv edilməsi, hər  şeyin məhsullarla mübadilə 
edilməsi, bütün xırda, orta və iri müəssisələrin milliləşdirilməsi, 
məcburi  əmək mükəlləfiyyəti qoyulması  və "işləməyən 
dişləməz" prinsipinin həyata keçirilməsindən ibarət idi. Bu 
siyasət ona görə hərbi kommunizm adlanırdı ki, o, məcburiyyət 
üzündən görülən tədbir idi.  
1918-ci ilin iyulun 19-da RSFSR-in ilk konstitusiyası 
qəbul edildi. Həmin konstitusiyaya görə Rusiya sovet federativ 
sosialist respublikası (RSFSR) elan edildi. Həmin 
konstitusiyaya  əsasən seçkiyə görə  vətəndaşlar 4 dərəcəyə 
bölünürdü. I dərəcə üçün seçkilər asanlaşdırılmış, IV dərəcə 
üçün son dəəcə çətinləşdirilmişdi.  
Şərq cəbhəsindəki müvəffəqiyyət 1919-cu ilin martın 
əvvəllərində Kolçak üzərində qələbəni asanlaşdırdı və vətəndaş 
müharibəsinin birinci mərhələsi qırmızı ordunun və ya qırmızı-
ların qələbəsi ilə başa çatdı. 1918-ci il noyabrın 30-da Leninin 
sədrliyi ilə təşkil edilən Dövlət Müdafiə Komitəsinin fəaliyyəti 
 
102
nəticəsində qırmızı ordunun sayı 5 mln-a çatdırıldı. Artıq 1919-
cu ilin martında müharibənin ikinci mərhələsi başlandı  və bu 
mərəhələdə  əsas zərbə Denikinin Donda toplanmış  cənub 
qrupuna vurulmalı idi. 1919-cu ilin iyul ayında Denikin qoşunu 
da ciddi məğlubiyyətə  uğradıldı. Denikin özü xaricə qaçdı. 
Kolçak isə 1920-ci ilin yanvarında İrkutsk şəhərində güllələndi. 
1920-ci ilin martından vətəndaş müharibəsinin III mərhələsi 
başladı. Bu mərhələ Polşa qoşunlarının Ukrayna və 
Belarusiyaya, general Vrangelin isə Krımda hücuma keçməsi 
ilə başlanmış oldu. Əvvəl qırmızılar Polşa qoşunları üzərində 
qələbə çalaraq Varşavaya qədər gəlib çatdılar. Qoşun 
arxasından hədsiz aralı düşdüyünə, həm də Polşada təcili olaraq 
aqrar islahat keçirildiyinə görə Polşa kəndliləri qırmızılara 
ciddi müqavimət göstərdilər və  qırmızı ordu geri çəkilməyə 
məcbur oldu. Polşa ilə 1921-ci ilin martında bağlanan Riqa 
sülhünə  əsasən Qərbi Ukrayna və  Qərbi Belarusiya Polşada 
qaldı. 1920-ci il noyabrın 16-da Perekop bərzəxinin tutulması 
ilə Krımdakı Vrangel qoşunları da məğlub oldular. Beləliklə, 
1918-ci ildə başlanmış  vətəndaş müharibəsi  əsasən başa çatdı. 
Ancaq Uzaq Şərqdə yaponlarla müharibə 1922-ci ilin oktyabrın 
25-nə qədər, yəni Vladivostok azad edilənə qədər davam etdi. 
Vətəndaş müharibəsində ağların məğlubiyyətinin bir sıra 
səbəbləri vardır. Onların sıralarında sağ sosialistlərdən qatı 
monarxistlərə kimi müxtəlif siyasi qüvvələr var idi. Bu şəraitdə 
vahid ideya-siyasi platforma hazırlamaq mümkün deyildi. 
Ağlar cəbhə arxasında normal mülki idarə yarada bilmədilər. 
Bu işlə kifayət qədər təcrübəsi olmayan hərbiçilər məşğul 
olmalı olurdular. Maliyyə  təminatları olmadan zorakı 
müsadirələr əvvəlcə bolşevikləri qovduğu üçün ağlara rəğbətlə 
yanaşan kəndlilərin tezliklə onlardan üz çevirməsinə  səbəb 
oldu. Real aqrar proqramın olmaması  və antibolşevik 
istiqamətli milli hərəkatlarla əlaqə yaratmağın mümkünsüzlüyü 
ağ  hərəkatın müqəddəratına çox mənfi təsir göstərdi. Xarici 

 
103
dövlətlər də kifayət qədər yardım göstərməyi bacarmadılar. 
Müttəfiqlərin maliyyə, silah və paltarla təchizatı  məhdud 
xarakterdə idi və bu döyüş əməliyyatlarına öz təsirini göstərdi. 
Vətəndaş müharibəsi və xarici hərbi müdaxilədə sovet 
hakimiyyətinin qələbəsi,  əsasən, güclü qırmızı ordunun 
yaradılması, ortabab kəndlilərin sovet hakimiyyətinə dönüş 
etməsi, xarici ölkələrdəki fəhlə sinfinin və digər demokratik 
qüvvələrin Rusiyadakı sovet hakimiyyətini müdafiə etməsi, rus 
burjuaziyasının siyasi cəhətdən təcrübəsizliyi və iqtisadi 
cəhətdən zəifliyi ilə bağlı idi. 
 
 
104
 RUSİYA (1922-ci ildən sonra SSRİ) xalq 
təsərrüfatının bərpası dövründə (1921-1925-ci illər) 
1921-ci ilin əvvəllərində Sovet Rusiyasının həm beynəl-
xalq, həm də daxili vəziyyəti son dərəcə  gərgin idi. Kapitalist 
dövlətlərinin bir qismi belə hesab edirdilər ki, Rusiya ilə 
iqtisadi  əlaqələri inkişaf etdirmək və bu yolla bolşeviklərin 
sonuna çıxmaq lazımdır. Kapitalist dövlətlərinin digər bir qrupu 
isə Rusiya ilə iqtisadi əlaqələri inkişaf etdirməyin əleyhinə idi. 
Onlar deyirdilər ki, fürsət düşən kimi sovet Rusiyasına qarşı 
yenidən hücuma keçmək lazımdır, bolşeviklərlə heç bir sazişə 
yol vermək olmaz. Bu meyllərdən gah biri, gah da digəri 
şəraitdən asılı olaraq üstünlük təşkil edirdi. 1921-ci ilin 
əvvəllərində Sovet dövləti Pribaltika ölkələri, Finlandiya, Polşa 
ilə diplomatik münasibətlər yaratdı. 1921-1922-ci illərdə 
İngiltərə, Almaniya, Norveç, Avstriya, Danimarka, Çexoslo-
vakiya,  İtaliya ilə ticarət sazişləri bağlandı. Sovet Rusiyası 
1921-ci il fevralın 26-da İran, fevralın 28-də Əfqanıstan, martın 
16-da Türkiyə, noyabrın 5-də Monqolustanla bərabərhüquqlu 
müqavilələr bağladı. 
Vətəndaş müharibəsində  qələbə Rusiyaya çoxlu itkilər 
hesabına başa gəldi.  Əgər 1917-ci ildə Rusiyanın  əhalisi 136 
mln-dan çox idisə, vətəndaş müharibəsindən sonra 20 mln-a 
qədər azaldı, təqribən 5 milyon adam əlil oldu. 2 mln-a qədər 
varlı adamlar xaricə getdilər. Rusiyada 1913-cü illə müqayisədə 
sənaye məhsulu istehsalı 7 dəfə, neft istehsalı 2,5 dəfə, pambıq 
parça istehsalı 20 dəfə, daş kömür istehsalı 3 dəfə azaldı. 
Müharibədən  əvvəlkinin 3%-i miqdarında çuqun əridilirdi. 
Çuqun istehsalına görə Rusiya XVII əsr səviyyəsinə endi. 
Rusiyaya vətəndaş müharibəsi nəticəsində  dəyən maddi zərər 
isə 39 mlrd rubl oldu. Milli gəlir 1917-ci ildəki 11 milyard 
rubldan 1920-ci ildə 4 milyard rubla endi. Müharibədən sonra 
ölkədə  həm fəhlə sinfi, həm də  kəndlilər acınacaqlı  vəziyyətə 
düşdü. Əhali hərbi kommunizm siyasətindən son dərəcə narazı 
idi. 1920-ci ilin dekabrında VIII Ümumrusiya sovetlər qurultayı 

 
105
Qızıl Ordunun tərkibinin 5,3 milyondan 1921-ci ilin yayın 
ortalarınadək iki dəfə azaldılmasını  nəzərdə tutan qərar qəbul 
etdi. Həmin qurultayda həmçinin Rusiyanın elektrikləşdirilməsi 
haqqında QOELRO planı  tərtib edildi ki, bu plana əsasən 
Rusiyada 10 il ərzində 30 iri elektrik stansiyasının tikilməsi 
planlaşdırılırdı.  
1921-ci ilin martında RK(b)P-nin X qurultayında yeni 
iqtisadi siyasətə keçid xətti elan edildi. Həmin siyasətin 
mahiyyəti fəhlə sinfi ilə 
kəndlilərin ittifaqını 
möhkəmləndirmək, kəndlə  şəhər arasındakı  əlaqələri bəpa 
etmək, bazar iqtisadiyyatı  və sahibkarlığa imkanlar yaratmaq, 
ölkədəki maliyyə böhranını aradan qaldırmaq, iqtisadiyyatı 
canlandırmaq idi. Yeni iqtisadi siyasət kapitalizmə qayıtmaq 
demək idi. Lakin dövlət və istehsalın hakim mövqeləri 
bolşeviklərin  əlində olduğuna görə onlar bu riskə getməkdən 
qorxmurdular. 1921-ci ildən başlayaraq ölkədə kooperativlərin, 
xırda, orta sahibkarlığın inkişafına yol açıldı. Kənd 
təsərrüfatında  ərzaq saplağını  ərzaq vergisi əvəz etdi. 
Sapalaqdan fərqli olaraq, ərzaq vergisi kəndliyə yaz tarla işləri 
başlamazdan  əvvəl bildirilirdi. Bu da kəndlidə öz əməyinə 
maraq yaradır, vergini verdikdən sonra qalan məhsulla istədiyi 
kimi rəftar edə bilirdi. Ticarət azadlığına yol verildi. Həmçinin 
icazə verildi ki, dövlətin gücü çatmadığı  və ya pis işləyən 
müəssisələr xaricilərə icarəyə verilsin. Millətlərin faktiki 
bərabərliyini təmin etmək məsələsi də yeni iqtisadi siyasətin 
(YİS)  ən mühüm vəzifələrindən biri idi. YİS ölkədə 3 mərhə-
lədə  həyata keçirildi. I mərhələ 1921-1925-ci illəri  əhatə 
etmişdi ki, bu mərhələdə bazar iqtisadiyyatının inkişafına geniş 
imkan yaradılımışdı. II mərhələ 1926-1929-cu illəri  əhatə 
etmişdiki, bu mərhələdə  şəhər burjuaziyası üzərinə hücum 
başlamış, geniş  sənayeləşdirmə  həyata keçirilmişdi ki, bundan 
da məqsəd sosializmin maddi-texniki bazasını yaratmaq idi. III 
mərhələ 1929-1936-cı illəri  əhatə etmişdi ki, bu mərhələdə 
 
106
kənd burjuaziyası üzərinə hücuma keçilmiş, kənd təsərrüfatının 
kollektivləşdirilməsi xətti həyata keçirilmiş, sosialist ukladının 
və idelogiyasının hökmranlığına nail olunmuşdu. Bu mərhələdə 
yeni iqtisadi siyasət Rusiyası sosialist Rusiyasına, sosializm 
ukladı isə yeganə uklada çevrildi. Lakin bu sosializm zor 
gücünə qurulduğu üçün çox vaxt ədəbiyyatda ‘’kazarma 
sosializmi’’ kimi səciyyələndirilir. 
1921-ci ildə Volqaboyu, Ukrayna, Krım,  Şimali Qafqazı 
bürüyən quraqlıq baş verdi ki, bu da dəhşətli aclığa səbəb oldu. 
1922-ci ildə Ümumrusiya fövqəladə komissiyası dövlət 
siyasi idarəsinə çevrildi. 1922-ci ildə  həmçinin torpaq cə-
miyyətləri təşkil edildi. 
1922-ci il dekabrın 30-da Sovet Sosialist Respublikaları 
İttifaqı – SSRİ təşkil edildi. 1922-ci ilin dekabrın 30-da SSRİ—
nin I Sovetlər qurultayı ittifaq dövləti yaratmaq haqqında 
Müqavilə və Bəyannaməni təsdiq etdi. Həmin sənədlərə əsasən 
respublikaların beynəlxalq nümayəndəlik, müdafiə, sərhədlərə 
yenidən baxma, dövlət təhlükəsizliyi, xarici ticarət, nəqliyyat, 
büdcə, rabitə, pul dövriyyəsi kimi səlahiyyətləri mərkəzi 
orqanlara verildi. Bu əslində müttəfiq respublikaların suveren 
hüquqlarının  əlindən alınması demək idi. Onun tərkibinə 
Rusiya, Ukrayna, Belorusiya, Zaqafqaziya respublikaları daxil 
oldu. SSRİ mərkəzi icraiyyə komitəsinin sədrləri  - Rusiyadan 
Kalinin, Ukraynadan Petrovski, Belorusiyadan Çervyakov, 
Zaqafqaziyadan Nərimanov seçildi.  
1924-cü ilin yanvarın 31-də SSRİ-nin I konstitusiyası 
qəbul olundu. Həmin konstitusiyaya görə onun tərkibinə dörd 
respublika severen dövlət kimi daxil oldu.  
1922-1924-cü illərdə SSRİ-də pul islahatı keçirildi. 
Çervonun qızıl dəyəri sabitləşdi. 1922-ci ildə mülki məcəllə 
haqqında qanun da verildi. Həmin ildə bütün kilsələrin qızıl 
əmlakı müsadirə edildi. 1918-ci ilin sonundan Rusiyada 
mövcud olan bütün partiyaların (bolşeviklərdən başqa) 

 
107
buraxılması prosesi 1923-cü ildə başa çatdı. Artıq 1923-cü ildə 
sovetlərin tərkibində bir nəfər də olsun eser və menşevik yox 
idi. 1923-cü ildə artıq eserlər partiyası da buraxıldı.  
1925-ci ildə ölkə iqtisadiyyatında canlanma yarandı. 
Maliyyə böhranı qismən həll edilmiş oldu. 1923-1924-cü 
illərdə  sənaye məhsulunun artımı 30%-ə  bərabər idisə, 1924-
1925-ci illərdə 64% təşkil edirdi. Kənd təsərrüfat malları 
istehsalı  əvvəlki illə müqayisədə 32% çoxaldı. Sənayedə 
fəhlələrin sayı 1914-cü il səviyyəsinə, yəni 2429 min nəfərə 
çatdı. 1924-1925-ci illərdə həyata keçirilmiş hərbi islahat Sovet 
silahlı qüvvələrinin möhkəmləndirilməsində mühüm rol oynadı. 
1925-ci ildə bərpa dövrü əsasən başa çatmış oldu. 
 
SSRİ-də sənayeləşdirmə və kollektivləşdirmə 
 
1925-ci ilin dekabrında PK(b)P-nin XIV qurultayı oldu. 
Həmin qurultayda partiyanın adı  dəyişilərək ÜİK(b)P adlandı. 
Həmin qurultay tarixə  sənayeləşdirmə qurultayı kimi daxil ol-
du. 1926-cı ildə ölkədə sənayeləşdirmə başlandı.  
Sənayeləşdirmənin başlıca məqsədi ölkənin texniki-iqti-
sadi geriliyini aradan qaldırmaq, iqtisadi cəhətdən xaricdən 
asılılığa son qoymaq, güclü hərbi sənaye yaratmaq, ilk növbədə 
baza sənaye sahələrini (yanacaq, metallurgiya, kimya, 
maşınqayırma) inkişaf etdirməkdən ibarət  idi. Bu vəzifələrin 
yerinə yetirilməsində ilk sovet beşilliklərinin mühüm rolu oldu. 
Ağır sənayenin inkişafına daha çox fikir verilirdi. 
1928/29 – 1932/33-cü illəri  əhatə edən birinci beşillik 
planın başlıca məqsədi sosializmin maddi təməlini yaratmaq 
idi. Birinci beşillikdə xalq təsərrüfatına 64,6 milyard rubl 
kapital qoyulmuşdu. Beşillik dövründə SSRİ-də 1500 sənaye 
müəssisəsi tikildi və 1913-cü illə müqayisədə  sənaye məhsulu 
istehsalı 7 dəfədən çox artdı. 1930-cu ildə ölkədə işsizlik ləğv 
edildi. 1930-cu ildə ilk dəfə xalq təsərrüfatında sənayenin 
 
108
xüsusi çəkisi kənd təsərrüfatından üstün oldu. Lakin sə-
nayeləşdirmə  şəhər burjuaziyasının  əmlakının müsadirə edil-
məsi və  kəndlilərdən alınan yüksək vergilər hesabına həyata 
keçirilirdi.  
1933-1937-ci illəri  əhatə edən ikinci beşilliyin  əsas 
vəzifəsi sosialistcəsinə yenidən qurmanı başa çatdırmaq idi. Bu 
beşillikdə xalq təsərrüfatına təqribən 133 milyard rubl kapital 
ayrılmışdı. Ölkədə 1923-cü ildən tətbiq edilən kartoçka sistemi 
1934-cü ildə  ləğv edildi. İkinci beşillikdə 4500 yeni sənaye 
müəssisəsi tikilib istifadəyə verildi. 1937-ci ildə  kənd 
təsərrüfatında 456 min traktor, 129 min kombayn, 146 min yük 
avtomobili işləyirdi.  
Üçüncü beşillik 1938-1942-ci illəri  əhatə etməli idi. Bu 
beşillikdə xalq təsərrüfatına təqribən 192 milyard rubl vəsait 
ayrılmışdı. Bu beşillik kimya və xüsusi poladlar beşilliyi olmalı 
idi. Bu beşillik tam həyata keçirilməsə  də, ölkədə 6 min yeni 
sənaye müəssisəsi tikildi. 
1929-cu ildə SSRİ dünyada polad istehsalına görə 
beşinci, çuqun əridilməsi və kömür hasilatında 6-cı, elektrik 
enerjisi istehsalında 9-cu yeri tuturdu. 1940-cı ildə isə SSRİ-də 
48 milyard kilovat-saat elektrik enerjisi, 18 mln. ton polad, 152 
milyon ton daş kömür istehsal edilirdi. Bu dövrdə Almaniyada 
isə 37 milyard kv.saat elektrik enerjisi, 18 milyon ton polad, 
İngiltərədə 40 milyard kv.saat eleketrik enerjisi, 13 milyon ton 
polad, Fransada 20 milyard kilovat-saat elektrik enerjisi, 8 
milyon ton polad istehsal edilirdi. SSRİ bu dövrdə dünyada 
ABŞ-dan sonra ikinci, Avropada isə birinci sənaye dövlətinə 
çevrildi. 
Ölkədə sosializm qurmaq planının mühüm tərkib hissə-
lərindən biri də  kənd təsərrüfatının sosialistcəsinə yenidən 
qurulması idi. 1927-ci ilin dekabrında olmuş XV qurultay SSRİ 
tarixinə kollektivləşdirmə qurultayı kimi daxil oldu. 1929-cu 
ilin yayından ölkədə kollektivləşdirmə, yəni kənd  ərazisində 

 
109
olan bütün torpaqların kolxozların ixtiyarına keçməsi prosesi 
başlandı. Sovet siyasətində bu, «yuxarıdan inqilab» kimi 
qiymətləndirildi. 
1929-cu ildə SSRİ-də 24,5 milyona yaxın fərdi kəndli 
təsərrüfatı mövcud idi. Onların 8,5 milyona yaxını yoxsul, 15 
milyonu ortabab, 1 milyonu qolçomaq təsərrüfatı idi. Kəndli 
təsərrüfatlarının 5%-ə qədərini təşkil edən qolçomaqların 1927-
ci ildə 10 milyon ha-ya qədər (94,7 milyon ha ümumi sahədən) 
taxıl  əkin sahəsi var idi və onlar bütün  satlıq taxılın 1/5 
hissəsini verirdilər. Partiya və dövlət 1918-ci ildən 
qolçomaqları bir sinif kimi məhdudlaşdırmaq, 1929-cu ildən isə 
bir sinif kimi ləğv etmək  siyasətinə keçdi. 1929-cu il SSRİ 
tarixinə "böyük dönüş" ili kimi daxil oldu. 
1930-cu ilin yanvarın 5-də  ÜİK(b)P-nin MK-nın kollek-
tivləşdirmə ilə əlaqədar verdiyi qərara əsasən kollektivləşmənin 
gedişinin sürəti cəhətdən rayonlar üç qrupa bölünürdü. I qrupa 
Şimali Qafqaz, Orta və  Aşağı Volqa, II qrupa Mərkəzi 
Qaratorpaq vilayəti, Ukrayna, Sibir, Ural, Qazaxıstan, II qrupa 
isə digər bölgələr daxil idi. 
Bu dövrdə 20000-dən artıq qolçomaq ailəsi Sibirə, Urala, 
Şimali Qazaxıstana sürgün edildi. Bu dövrdə 10-12 mln-a qədər 
kəndli kollektivləşdirmə  nəticəsində  təqibə  məruz qaldı. 
Heyvandarlığa böyük zərbə  dəydi. 1930-cu il martın 14-də 
Mərkəzi komitə kolxoz qurucularındakı  əyintilərlə  əlaqədar 
qərar qəbul etdi ki, bu qərarda kolxozlara daxil olarkən könül-
lülük prinsipinin pozulması yolverilməz hesab edilirdi. Kollek-
tivləşdirmə SSRİ-də 1936-cı ilə  qədər davam etdi. Nəticədə 
243 min kolxoz təşkil edildi ki, bu da bütün kəndli 
təsərrüfatının 93%-ni əhatə edirdi. 
Kollektivləşdirmə ölkənin kənd təsərrüfatını pis vəziyyətə 
saldı. 1929-1934-cü illərdə ölkədə taxil istehsalının həcmi 10% 
aşağı düşdü. 1929-1932-ci illərdə iribuynuzlu heyvanların və 
atların sayı 1/3 dəfə, donuzların sayı 2 dəfə, qoyunların sayı 2,5 
 
110
dəfə azaldı. 1932-1933-cü illərdə bir sıra iri rayonları bürüyən 
aclıq nəticəsində yüz minlərlə adam tələf oldu. 
Kollektivləşdirmə  nəticəsində  kəndlilər cəmiyyətin  ən 
hüquqsuz hissəsinə çevrildilər. 1932-ci ildən pasportlaşma sis-
teminə keçirilməsinə baxmayaraq, bəzi bölgələr istisna 
olmaqla, bu kəndlilərə  tətbiq edilmədi. Pasportu olmayan 
kəndli doğulduğu və yaşadığı yerdən kənara çıxa bilməzdi. 
Bunu  əslində «ikinci təhkimçilik hüququ» da adlandırmaq 
olardı. 
SSRİ-də  həyata keçirilən sosialistcəsinə yenidənqurma 
nəticəsində  sənaye və  kənd təsərrüfatı üzərində ictimai 
mülkiyyət bərqərar oldu, hamıya və heç kimə mənsub olmayan 
mülkiyyət forması təşəkkül tapdı. Bu forma insanlarda sahiblik 
və işgüzarlıq hissini itirir, insanların sərbəst yaradıcılıq əzmini 
buxovlayırdı. Bir sözlə, bu sistem insan psixologiyasına  uyğun 
gələn mülkiyyətçilik hissinə yad idi. 
SSRİ-də sosializmi qurmaq planının mühüm tərkib hissə-
lərindən biri də insanların  şüurunda sosialist ideologiyasının 
möhkəmləndirilməsindən ibarət olan «mədəni inqilab» idi. 
Rusiyada  əhalinin 1920-ci ildə 97%-i savadsız olduğuna görə 
mədəni inqilaba başlamaq üçün ilk növbədə savadsızlığı  ləğv 
etmək lazım idi. 1921-ci ildən ölkədə savadsızlığı  ləğvetmə 
prosesi başlandı.  
1930-cu illərdə partiyanın XVI qurultayında sosializmin 
bütün cəbhə boyu hücuma keçməsi qərara alındı  və icbari, 
ibtidai təhsilə keçmək zəruri sayıldı. Həmçinin ölkədə ali, orta, 
texniki peşə, orta ixtisas məktəblərinin şəbəkəsi genişləndirildi. 
1934-cü ildə SSR-də Akademiyanın müxbir və  həqiqi üzvü, 
professor, dosent, assistent, elmlər namizədi, elmlər doktoru 
adları  təsis edildi. Artıq ikinci beşilliyin sonunda ali 
məktəblərdə 500 minə  qədər tələbə oxuyurdu. Ölkədə 191 ali 
məktəb vardı. Ziyalıların sayı 19 mln-u ötüb keçmişdi. 
Nəticədə SSRİ başdan-başa savadlılar ölkəsinə çevrildi.  

 
111
Əgər 1926-cı ildə SSRİ-də 147 mln nəfər əhali yaşayırdı-
sa, ikinci beşilliyin sonunda bu rəqəm 170,6 mln-a qalxmışdı. 
12 il ərzində  əhalinin orta illik artımı SSRİ-də 1,23% idisə, 
Fransada 0,08 %, İngiltərədə 0,36%, Almaniyada 0,62%, ABŞ-
da 0,67% idi. Əgər SSRİ-də 1926-cı ildə  şəhərlərdə 26,3 mil-
yon nəfər, yəni bütün əhalinin 17,9%-i yaşayırdısa, 1939-cu il-
də isə 56,1 milyon nəfər, yəni bütün əhalinin 32,9%-i yaşayırdı. 
Fəhlə sinfinin sayı isə bu dövrdə 8-9 mln nəfərdən 23-24 mln 
nəfərə çatmışdı.  
1936-cı ilin dekabr ayının 5-də qəbul edilmiş konstitusiya 
SSRİ-də sosializmin tam qələbəsini nümayiş etdirmiş oldu. 
SSRİ-də ancaq iki sinif: fəhlə  və  kəndli sinfi, bir də onların 
içərisindən çıxan ziyalılar qaldı. Un sənayesindən başqa yerdə 
qalan bütün sənaye sahələrində xüsusi mülkiyyət ləğv edildi. 
Ölkədə ictimai mülkiyyətin iki forması – dövlət və kolxoz-
kooperativ forması hökm sürməyə başladı. 
 
SSRİ-DƏ İNZİBATİ-AMİRLİK SİSTEMİNİN 
FORMALAŞMASI  
SSRİ-də inzibati-amirlik sistemi ilk rüşeymlərini hələ 
Oktyabr çevrilişindən keçən ilk aylarda göstərməyə başladı. 
1918-ci ilin sonuna qədər bolşeviklər və eserlərdən başqa bütün 
partiyaların fəalliyyəti qadağan edildi. O zaman Rusiyada 70-ə 
yaxın partiya vardı. 1923-cü ildə eserlər partiyasının da 
fəaliyyəti qadağan edildi. Ölkədə ancaq bir partiyanın – 
bolşeviklər partiyasının hökmranlığı başladı  və bu 1985-ci ilə 
qədər davam etdi. 
 1920-ci 
ildə həmkarlar ittifaqı haqqında ölkədə keçirilən 
ümumpartiya müzakirəsində müxalifətçi qrupların hamısı məğ-
lub edildi. 1926-cı ildə meydana gələn və SSRİ-də sosializmin 
qələbəsinin mümkünlüyünü inkar edən trotşkici-zinovyeçi  
qrup 1927-ci ildə partiyadan xaric edildi. 1928-ci ildə ölkədə 
taxılın çatışmaması ilə  əlaqədar kəndlilər taxılı gizlətdikdə 
dövlət taxıl tədarükü məsələsini qaldırdı. Bu dövrdə Buxarin, 
 
112
Rıkov və Tomskinin başçılığı altında sağ  təmayül meydana 
gəldi. Sağ  təmayül kolxozların  əleyhinə idi. Onlar ancaq 
təchizat-satış və istehlak kooperasiyası tərəfdarı idilər. Həm də 
onlar qolçomaqlara qarşı zorakılıq tədbirlərini bəyənmirdilər. 
Qolçombaqların dinc yolla sosializmə qovuşmasını iddia edir-
dilər. Stalin bu fikri «paralellər nəzəriyyəsi» adlandırırdı. Buxa-
rın göstərirdi ki, kəndli psixologiyası xüsusi mülkiyyətə öyrəşib 
və bu psixologiyanı  dəyişdirmək qeyri-mümkündür. Bütün 
bunlara baxmayaraq, sağ  təmayül də 1929-cu ilin aprelində 
məğlubiyyətə uğradı. 20-ci illərin ən mühüm cəhətlərindən biri 
vahid birpartiyalı siyasi sistemin formalaşması idi. Vətəndaş 
müharibəsi dövründən başlamış bu proses 20-ci illərdə  qəti 
olaraq başa çatdırıldı. ÜİK(b)P ölkədə yeganə siyasi qüvvəyə 
çevrildi, totalitar sistemin formalaşmasına  şərait yaradılmış 
oldu. 1934-cü ildə olmuş partiyanın XVII qurultayı tarixə 
«qaliblər qurultayı» adı altında daxil oldu. Artıq ölkədə heç bir 
müxalifətçi qrup yox idi. 1934-cü ilin dekabrın 1-də Leninqrad 
vilayət komitəsinin birinci katibi Sergey Mironoviç Kirovun 
öldürülməsi ilə ölkədə kütləvi represiyaların (təqiblərin) 
bağlanğıcı qoyuldu. 1934-1935-ci illərdə partiya sənədlərinin 
yoxlanışı başlandı. 1937-ci ilin fevral-mart plenumlarında 
Zinovyev və Kamenev, Buxarin «xalq düşməni» adlandırıldılar. 
1937-1940-cı illərdə 20 milyondan çox sovet adamı kütləvi 
təqiblərə məruz qaldı. Bu illərdə 40 min hərbiçi kütləvi təqibin 
qurbanı oldu ki, bu da Böyük Vətən müharibəsinin əvvəllərində 
cəbhədə özünü aydın göstərdi. Tədricən Stalinin şəxsiyyətinə 
pərəstiş və bir partiyanın diktaturası hökm sürməyə başladı ki, 
bu da totalitar rejim demək idi. SSRİ-də totalitar rejimin əmələ 
gəlməsinin obyektiv və subyektiv səbəbləri vardı. Obyektiv 
səbəblər ilk növbədə Rusiyanın özünün konkret tarixi şəraiti ilə 
bağlı idi. Bunlar əsasən, ölkənin texniki iqtisadi geriliyi, kifayət 
qədər vəsait və kadrların çatışmaması, Mərkəzi komitə  işçilə-
rinin cəmi 5%-nin ali təhsilli olması, 40%-nin isə  hətta orta 

 
113
təhsilinin də olmaması, ölkənin kapitalizm əhatəsində olması və 
sosializmə ilk yol açması, xırda burjuaziyanın çoxluq təşkil 
etməsi və onun kifayət qədər intizamlı olmaması, Rusiyada 
xalqların uzun əsrlər boyu bir monarxın hakimiyyəti altında 
qalması  və onlarda bir nəfərə  pərəstiş hissinin güclü olması, 
Leninin ölümündən sonra Stalinin siyasi rəqiblərinin Mərkəzi 
Komitədən kənarlaşdırılması və s. idi. 
Stalinin şəxsiyətinə pərəstişin əmələ gəlməsi bu obyektiv 
səbəblər ilə yanaşı, Stalinin özünün şəxsi keyfiyyətləri ilə  də 
bağlı idi. Lenin XIII qurultaya yazdığı «Qurultaya məktub» adlı 
məqaləsində açıq göstərirdi ki, Stalin 1922-ci ildə, yəni 
partiyanın XI qurultayında Baş katib seçildikdən sonra “öz 
əlinə  hədsiz hakimiyyət toplamışdır və  mən onun bu 
hakimiyyətdən kifayət qədər ehtiyatla istifadə edə biləcəyinə 
əmin deyiləm”. Məktuba  əlavədə o göstərirdi ki, “Stalin 
olduqca kobuddur. Yoldaşlar arasında dözülə bilən bu nöqsan 
baş katib vəzifəsində tamamilə dözülməzdir. Ona görə də Sta-
lini başqa bir vəzifəyə keçirmək və bu vəzifəyə elə bir adamı 
təyin etmək lazımdır ki, bütün keyfiyyətlərdə Stalin yoldaşa 
oxşamaqla bərabər, ondan fərqli olaraq daha az kobud, daha az 
qərəzli və daha az şıltaq olsun”. Lenin həmin məktubda 
Mərkəzi Komitənin digər üzvlərinin də xarakteristikasını 
vermişdi. O, Trotski haqqında yazırdı ki, Trotski hazırkı 
Mərkəzi Komitədə  bəlkə  də  ən bacarıqlı yoldaşdır. Lakin işin 
inzibati cəhətinə uyan və özünə  hədsiz güvənən adamdır. 
Buxarin haqqında yazırdı ki, o, haqlı olaraq bütün partiyanın 
sevimlisi hesab edilir. Lakin onun nəzəri baxışlarını çox böyük 
şübhə ilə dialektik baxışlar hesab etmək olar. 
Həmin məktub Leninin ölümündən sonra 1924-cü ilin 
mayında olmuş XIII qurultayda müzakirə edildi. Stalinin 6 
maddədən ibarət andını, trotskizmə qarşı onun fəal mübarizə 
apardığı  nəzərə alınaraq, onu Baş katib vəzifəsində yenə  də 
saxlamağı qurultay məsləhət bildi.  
 
114
Stalin, həqiqətən, Lenin ideyalarının və sosializmin quru-
culuğunun fəal müdafiəçisi idi. Lakin onun bədbəxtliyi onda idi 
ki, o, bu müdafiədə barbar metodlardan istifadə edirdi. Stalinin 
xüsusilə 30-cu illərin II yarısında irəli sürdüyü "Sosializm 
inkişaf etdikcə sinfi mübarizə  də güclənir" tezisi milyonlarla 
sovet adamına divan tutulmasına səbəb oldu. Kütləvi repres-
siyaların həyata keçirilməsində o zaman Daxili İşlər Nazirliyin-
də və Dövlət Təhlükəsizlik Komitəsində işləyən Yejov və Be-
riyanın da mühüm xidmətləri olmuşdur. 
 30-cu illərdə Stalin SSRİ-ni elə bir yüksəliş səviyyəsinə 
çatdırmışdı ki, onun əleyhinə deyilən sözə xalq inanmazdı. 
Stalinin həyata keçirdiyi quruculuq işləri ona həm daxildə, həm 
də beynəlxalq aləmdə böyük nüfuz və  təbii hörmət 
qazandırmışdı. 
 
1924-1939-cu illərdə SSRİ-nin xarici siyasəti 
 
SSRİ öz xarici siyasətində əvvəlcə xarici dövlətlərlə dinc 
yanaşı yaşamaq prinsipinə xüsusi üstünlük verirdi. 1926-cı ilin 
aprelin 14-də o, Almaniya ilə hücum etməmək haqqında 
müqavilə bağlandı. 1927-ci ildə  İngiltərə Sovet İttifaqını 
dempinq siyasəti yeritməkdə təqsirləndirərək onunla diplomatik 
əlaqələri kəsdi. Bu münasibətlər yenidən 1929-cu ildə  bərpa 
edildi. 1932-ci ildə SSRİ hücum etməmək haqqında Fransa ilə 
müqavilə bağladı. 1933-cü ilin noyabrında SSRİ ilə ABŞ 
arasında diplomatik münasibətlər yarandı. 1934-cü ildə o, 
Millətlər Cəmiyyətinə daxil oldu. 1935-ci ildə Fransa və 
Çexoslavakiya ilə qarşılıqlı yardım haqqında müqavilələr 
bağlandı.  
1934-cü ildə olmuş ÜK (b)P-nin XVII qurultayında Stalin 
partiyanın MK-anın hesabat məruzəsində belə bir tezis irəli 
sürdü ki, Birinci dünya müharibəsi nəticəsində dünyanın 1/6 
hissəsində sosializm cəbhəsi yaranıbsa,  əgər  İkinci dünya 

 
115
müharibəsi olarsa, dünyanın yarısında sosializm qurula bilər. 
Bununla belə bu dövrdə SSRİ  həm də faşizmə qarşı kollektiv 
təhlükəsizlik sisteminin yaranması  tərəfdarı kimi çıxış edirdi. 
Digər tərəfdən isə ölkədə müdafiə  sənayesinin inkişafı üçün 
büdcədən getdikcə daha çox vəsait ayırılırdı.  Əgər birinci 
beşillikdə büdcədən hərbi xərclər üçün 13% vəsait ayrılmış-
dırsa, III beşillikdə bu rəqəm 39% təşkil edirdi. 
1938-ci ildə SSRİ Uzaq Şərqdə yapon təcavüzkarlarının 
müdaxiləsinin qarşısını alaraq, həmin il Xasan gölü, 1939-cu 
ildə isə Xalxin – Qol çayı yaxınlığında yaponları darmadağın 
etdi. Bunun nəticəsi idi ki, Yaponiya İkinci dünya müharibəsi 
dövründə SSRİ-yə hücum etməyə cürət etmədi. 1939-cu ilin 
mart-iyul aylarında Sovet-Fransa-İngiltərə danışıqları baş tut-
madıqda 1939-cu ilin avqustunda SSRİ çox cəsarətli addım 
ataraq özünü beynəlxalq aləmdə  təcriddən qurtardı  və Alma-
niya ilə bir-birinə hücum etməmək haqqında 10 illik müqavilə 
bağladı. Bu tarixdə Molotov-Ribbentrop paktı adlandı. 
Leninqraddan sərhədi bir qədər uzatmadığı,  ərazisi cəmisi 48 
min km
2
 olan strateji cəhətdən  əhəmiyyətli 5 kiçik adanı ona 
icarəyə vermədiyi və Mannerheym xəttini qurduğuna görə 
1939-cu il noyabrın 30-da SSRİ Finlandiyaya müharibə elan et-
di. Bu tarixdə «Qış müharibəsi» də adlanır. Həmin müharibədə 
Finlandiya məğlub oldu. SSRİ ilə Finlandiya arasında 1940-cı 
ilin martında bağlanmış Moskva müqaviləsinə  əsasən sərhəd 
Leninqraddan əvvəlki 32 km əvəzinə 150 km uzaqlaşdırıldı. 5 
ada SSRİ-yə icarəyə verildi. Strateji cəhətdən mühüm 
əhəmiyyət kəsb edən Xanko yarımadası da SSRİ-yə icarəyə 
verildi.  
Almaniya Polşaya hücum etdikdən sonra SSRİ həmçinin 
1939-cu il sentyabrın 17-də  Qərbi Ukrayna və  Qərbi 
Belarusiyaya qoşun yeridərək yenidən onları özünə birləşdirdi. 
1940-cı ildə SSRİ 1918-ci ildə Rumıniya tərəfindən tutulmuş 
Bessarabiya və  Şimali Bukovinanın SSRİ-yə qaytarılmasına 
 
116
nail oldu. Bessarabiya Moldaviya MSSR ilə birləşdikdən sonra 
Moldaviya müttəfiq respublikaya çevrildi. Şimali Bukovina isə 
Ukraynaya birləşdirildi. 1939-cu ilin sentyabrında Almaniya ilə 
SSRİ arasında bağlanmış gizli müqaviləyə  əsasən Pribaltika 
SSRİ-nin təsir dairəsinə daxil edildi. Pribaltika ölkələri, yəni 
Estoniya, Latviya və Litva 1940-cı ildə SSRİ-yə birləşdirildi. 
1940-cı ilin II yarısından, xüsusilə 1941-ci ilin yazında 
Moskvaya müxtəlif kanallardan məlumat daxil olurdu ki, 
Almaniya SSRİ-yə qarşı müharibəyə hazırlaşır. Müharibənin 
qaçılmaz fakt olduğunu SSRİ-nin sərhədi yaxınlığında alman 
qoşunlarının toplanması da göstərirdi. Yaranmış mürəkkəb 
şəraitdə Stalin belə güman edirdi  ki, diplomatik və siyasi 
tədbirlər vasitəsi ilə Almaniyanın SSRİ-yə qarşı mühribəyə 
başlaması vaxtını uzada bilər. Hitlerə heç bir bəhanə 
verməməkdən ötrü SSRİ öz qoşunlarını  hətta tam döyüş 
hazırlığı səviyyəsinə də gətirməmişdi. 1941-ci il iyunun 14-də 
SİTA (Sovet İttifaqı Teleqraf Agentliyi) belə bir məlumat dərc 
etdirdi ki, xarici mətbuatda Almaniyanın tezliklə SSRİ-yə 
hücum edəcəyi barədə  məlumatlar verilir, lakin SSRİ buna 
inanmır. Bu diplomatik manevrə Almaniya cavab vermədikdə, 
SSRİ bu məlumatların həqiqət olduğuna inandı. 
1941-ci il iyunun 22-də Almaniyanın SSRİ-yə hücumu ilə 
SSRİ  İkinci dünya müharibəsinə girmiş oldu və 1939-cu il 
SSRİ-Almaniya müqavilələri qüvvədən düşdü. 
 

 
117
Yüklə 1,62 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin