Vaxt çatıb, biz yenə bir məhəbbətlə,
Ünsiyyət bağlayaq, dost olaq gərək.
Olub-keçənləri mehri-ülfətlə,
İndi unutmağa çalışaq gərək.
/Tərc. N. Həsənzadənidir/
Xarici işlər naziri qraf Karl Nesselrod iki ölkə arasındakı səmimi dostluqdan
danışdı. Vəziri-muxtar A.S.Qriboyedovun səhvlərini də etiraf etdi. Çıxışlardan
sonra şahzadə Xosrov Mirzə ilə əl tutub görüşən imperator I Nikolay dedi: “Mən
başıbəlalı Tehran hadisəsini əbədi olaraq yaddan çıxardıram”.
İmperator həmdə elan etdi ki, dostluq naminə İranın verəcəyi müharibə
borcunun doqquzuncu kururundan imtina edir və onuncu kururun ödəmə müddətini
beş ilədək uzadır.
Bununla da Rusiya - İran arasında alovlanacaq müharibənin odu söndürüldü.
Sonra hər iki ölkənin şairlərinə söz verildi. Saray şairi Dmitri Xvostov İran
şahzadəsinə baş əyib onun şəninə yazdığı “Şərq hakiminin nəvəsinə” şerini oxudu.
Fazil xan Şeyda isə “Şərq təxəyyülünün çiçəklərini Şimal qarına səpələdi” adlı rus
dövlətini vəsf edən qəsidəsi ilə çıxış etdi.
* * *
... - Oho, şahzadə necə də qururludur, daha doğrusu özünü çox dartır, - deyə
qraf Aleksey Çeçurin kinayə ilə deyindi.
- Əzizim, görünür, siz Şərq adamlarını yaxşı tanımırsınız. Axı, o şahzadədir,
sizə özündən müştəbeh kimi görünsə də, çox nəzakətli və ağıllı adamdır. Bir də ki,
niyə təəccüb edirsiniz? Hazırda İranın sahibi qacarlardır. Bu da o nüfuzlu nəslin
oğludur. Zənnimcə, bizim heç bir qrafımız, knyazımız alicənablıqda onunla
ayaqlaşa bilməz.
-
Lütfən deyin, şahzadəyə olan belə ali hüsni-rəğbətiniz hardandır, xanım?
-
Mənə onunla balda görüşmək, rəqs etmək nəsib oldu, qraf Potolskinin
sarayında... Xüsusilə, onun alicənablığı, Şərq istiqanlığı məni valeh etdi.
- Oho, xanım, Siz ona valeh olmusunuz. Daha doğrusu, şahzadəyə
vurulmusunuz. Bu, mənim yəqinimdir....
Qrafinya Olqa Lixeryeva zərif yelpiyini oynada - oynada, nazla:
- Düz tapmısınız, - dedi, - qraf, onu görəndən mənim yuxum ərşə çəkilib,
ruhum göylərdə mələklərlə uçur. Yuxumda əsrarəngiz Şərq mənzərələri görürəm.
Görürəm ki, nağılabənzər dəbdəbəli saray, qullar, qaravaşlar, bir də onların
hakimi-mütləqi şahzadə Xosrov Mirzə mənimdir. Ah, mənə əzab verən həsrət kaş
çin olaydı...
Kədərlə boynunu əyib bədbəxt adamlara məxsus yazıq bir görkəmə düşdü.
- Özünüzü üzməyin xanım, bu, baş tutan sevda deyil. Unutmayın ki,
şahzadənin əlində, ayağında bizim sevimli şairimiz Aleksandr Sergeyeviç
Qriboyedovun qanı var...
-
Qraf,
şahzadə ara vuran erməni deyil ki, əlini nahaq qana bulaya. Bütün
saray əyanları, bütün Rusiya bilir ki, nahaq qanın baiskarı, daha doğrusu,
Qriboyedovun faciəli ölümünün səbəbkarı şah sarayının xəzinədarı erməni Yakov
Markaryan və ştabs-kapitan Məlik Şahnazaryandır. Allah eşqinə, yalvarıram sizə,
qraf, mənim yanımda şahzadə haqqında pis fikirlər söyləməyin.Özünüz
şahidsinizki, əlahəzrət imperator onu necə lütfkarlıqla qəbul etdi. İranın bütün
günahlarını ona bağışladı.
-
Şahzadə isə əvəzində dünyanın ən qiymətli almazlarından birini Rusiyaya
hədiyyə etdi.
- Siz muzey eksponatı olacaq soyuq almazı görürsünüz. Siz necə də daş
qəlblisiniz, İlahi, amma şahzadənin gözəlliyini yox, - deyib qrafinya Olqa
Lixarayeva sakit addımlarla müsahibindən uzaqlaşdı...
1829-cu ilin sonuna kimi Peterburqda qonaq olan şahzadə Xosrov Mirzə
Qacar bütün ali dairələrdə beləcə məhəbbətlə sevilirdi. Otuzuncu ilin əvvəllərində
Tiflisə gələn şahzadə sağ-salamat Vətəni İrana qayıtdı. O, 1875-ci ildə, altmış
doqquz yaşında vəfat etdi. Şahzadə 1806-cı ildə anadan olmuşdu. Vəliəhd
Abbas Mirzənin kəniz arvadından olan şahzadə Xosrov Mirzə Qacar rus - İran
əlaqələri tarixində həmişə məhəbbətlə xatırlanır və yenə də xatırlanacaqdır.
10 mart 1992-ci il.
GENERAL - LEYTENANT
ƏRƏBLİNSKİ
Min doqquz yüz ikinci il, yanvarın üçündə Dərbəndin qədim Qırxlar
qəbiristanlığında istefada olan general-leytenant Balakişi Əlibəy oğlu Ərəblinskini
əsgəri şərəflə dəfn etdilər. Bu, Qafqazın müsəlman əhalisindən Rusiyada ilk ali
hərbi təhsil alan Azərbaycan oğlu idi.
Həmin gün general-leytenantı Dərbənd əhalisi, Abxaz, Samur, Abşeron və
Şirvan süvari alayının əsgərləri şərəflə son mənzilə yola saldılar.
Tam əlli il rus ordusunda nümunəvi xidmət edən general-leytenant Balakişi
Ərəblinski 1828-ci ildə Zaqatalanın Tala kəndində anadan olmuşdur. Mahal rəisi
Əlibəyin ailəsində böyüyən Balakişi Peterburqdakı birinci dərəcəli kadet
korpusunu 1848-ci ildə müvəffəqiyyətlə bitirib kornet rütbəsi almışdır. Müxtəlif
hissələrdə qüsursuz xidmət edən Ərəblinski çox gənc yaşlarında, podpolkovnik
rütbəsində briqada komandiri kimi məsul vəzifəyə irəli çəkilmişdir. Sonralar
diviziya komandiri olan general-leytenant Balakişi Ərəblinski əlli illik xidmətində
o vaxt Rusiyada olan bütün yürüş və döyüşlərdə iştirak etmişdir.
Hələ 1848-49-cu
21
illərdə Vilaqoş qalası uğrunda gedən ağır döyüşlərdə
həmyerlimiz kapitan Ərəblinski də mərdliklə vuruşaraq “Birinci dərəcəli müqəddəs
Stanislav” ordeni ilə təltif olunmuşdur.
21
1849-cu ildə Маcаrıstаnda Аvstriyа hökmrаnlığınа qаrşı inqilаbi üsyаn оlmuşdur. Həmin üsyаn zаmаnı rus impеrаtоru
Nikоlаy, Аvstriyа impеrаtоru Frаns Iоsifin хаhişilə оrаyа хеyli qоşun göndərərək qəhrəmаn mаcаr хаlqının öz milli аzаdlığı
uğrundа mübаrizəsinin аmаnsızcаsınа yаtırılmаsınа kömək еtmişdir - müəl.
Balakişi Ərəblinskinin ikinci böyük yürüşü 1854-cü ildə Rusiyanın Xivə
xanı ilə apardığı müharibədə olmuşdur. Bu hərbi səfərdə mayor Ərəblinski general
Lazerevin ordusunda vuruşurdu.
Bu illərdə Qarabağ süvari dəstəsinin tərkibində general-leytenant Fərəc bəy
Ağayev, Azərbaycan süvari briqadasında general-mayor İsmayıl bəy Qutqaşınlı,
Mənsurağa Vəkilov, ikinci süvari Azərbaycan alayının komandiri, polkovnik
İsrafil bəy Yadigarov, podpolkovnik Cəfərağa Əlibəyağa oğlu, general-mayor
Cəfərquluağa Bakıxanov, dördüncü İrəvan süvari batalyonunun komandiri mayor
Ağasıbəy Afşarov (1883-cü ildən general-mayor olub - Ş.N.), mayor Firudin bəy
Vəzirov (1877-1818-ci illər Rusiya Türkyə müharibəsində general-mayor
rütbəsi alıb-Ş.N.) və başqa həmyerlilərimiz qorxmaz döyüşçü, bacarıqlı komandir
kimi tanınırdılar.
1853-56-cı illərda Krım müharibəsində dörd süvari alayında mindən çox
azərbaycanlı əsgər və zabit vuruşurdu. Onlardan biri də Balakişi Ərəblinski idi. Bu
müharibədə podpolkovnik Ərəblinski göstərdiyi igidliyə görə üstü yazılı qılınc və
“Müqəddəs Anna” ordeni ilə təltif olunmuşdu.
Balakişi Ərəblinskinin iştirak etdiyi sonuncu müharibə 1877-1878-ci
illərdəki Rusiya-Türkiyə müharibəsi idi. Görkəmli sərkərdə 21-ci piyadalar
diviziyasının briqada komandiri kimi yüksək vəzifəyə təyin olunmuşdu.
Qısamüddətli döyüşdə göstərdiyi qeyri-adi igidliyə və əvəzsiz komandirlik
fəaliyyətinə görə həmyerlimiz Balakişi Ərəblinski general-mayor rütbəsinə layiq
görülmüşdü.
1898-ci ildə istefaya çıxan general-leytenant Balakişi Ərəblinski Dərbəndə
qayıtmış, ömrünün axırına kimi orada yaşamış, imperator tərəfindən ona hədiyyə
olunan torpaq sahəsinə başçılıq etmişdir. Yerli əhali arasında gözəl insani
keyfiyyətləri ilə hədsiz hörmət qazanmış general-leytenant Balakişi Ərəblinskinin
şərəfinə adlandırılan Dərbənd yaxınlığındakı qəsəbə və stansiya indi də onun adını
daşıyır.
1902-ci il 20 yanvar tarixli nömrəsində “Kaspi” qəzeti general-leytenant
Balakişi Ərəblinskiyə həsr etdiyi nekroloqda yazırdı: “Mərhum təbiətən humanist
idi. Rütbəsindən və milliyyətindən asılı olmayaraq, çətin anlarda həmişə hamının
kömyəinə gəlir, həyatda özünü çox səda aparırdı. Rəis kimi xidməti işdə tələbkar
olsa da, ədalətli idi. Tabeliyində olanlara qayğı ilə yanaşırdı. Buna görə də ən aşağı
rütbəlilər belə onu ata kimi sevir, hörmət edirdilər.Onun diqqəti cəlb edən
keyfiyyətlərindən biri də qonaqpərvərliyi idi.
General-leytenant Balakişi Ərəblinskinin dəfn mərasimində iştirak edənlərin
hədsiz çoxluğu ona olan xalq məhəbbətinin əyani təzahürüdür. Onun evindən
qəbiristanlığa qədər uzanan yol mərhuma son borcunu vermək məqsədi ilə tabutu
müşayiət edənlərlə dolu idi”.
General-leytenant Balakişi Ərəblinskinin iştirak etdiyi müharibələr haqqında
indiyədək onlarla elmi, bədii əsərlər yazılıb. Ancaq nədənsə general Ərəblinskinin
adı bu müharibəyə aid nə elmi, nə də bədii əsərlərdə heç olmasa bir dəfə də
çəkilmir. Tədqiqatçı və tarixçilərimiz onun haqqında heç bir məlumat verməyiblər.
İlk dəfə mənə general Ərəblinski haqqında söhbət açan Azərbaycan Dövlət Tarix
Muzeyinin elmi işçisi Nərmin xanım Tahirzadə oldu. Onun nəvələrini tapmaqda da
Nərmin xanım köməyimə çatdı.
Hazırda general-leytenant Ərəblinskinin iki nəvəsi Bakıda yaşayır. Montin
qəsəbəsində yaşayan qız nəvəsi Fatma xanım, general babası dünyadan köçəndən
iki il sonra anadan olub. Fatma xanımın dediyinə görə, babasının mənsub olduğu
Ərəblər məhəlləsi Zaqatalada indi də durur.
Fatma xanımda generalın cəmi iki şəkli, bir də generalın qızı Sona xanım
Ərəblinskayanın bacısı Nurcahana atasının xəstəliyi və ölümü haqqında yazdığı
qısa bir məktubu saxlanılır.
“Noyabrın iyirmisində sarılıq xəstəliyinə tutuldu, az sonra sağaldı və
bədbəxtlikdən yenidən çiban çıxartdı. Dekabrın ikisində təşrih edib yaranı kəsdilər.
Yaranın yerini qızmar dəmirlə xlorofomsuz dağladılar. Atamız yaşlı olduğuna görə
xlorofomdan istifadə etmək olmazdı. Operasiyadan sonra özünü bir qədər yaxşı
hiss etdi. İyirmi gündən sonra əhvalı birdən-birə pisləşdi və keçindi.
Min doqquz yüz ikinci il yanvarın ikisində dəfn olundu. Müxtəlif polklardan
zabitlər, deputatlar gəlib anamıza başsağlığı verdilər.
Evimizin qabağı adamla dolu idi. Sonra matəm musiqisi çalındı. Küçələrdə
adam əlindən güclə tərpənmək olurdu”.
General-leytenant Ərəblinskinin ikinci nəvəsi Həyat xanım Abdullayevadan
isə onun çox qısa tərcümeyi- halını öyrənə bildim.
Bir dafə Azərbaycan Dövlət Tarix Muzeyinin inqilabaqədərki sərgi
guşəsində bir portret gördüm. Orada meşin divanda əyləşən Bakı milyoneri Hacı
Zeynalabdin Tağıyev öz evində təsvir olunmuşdu. H.Z.Tağıyevin başının üstündən
isə general-leyenant Balakişi Ərəblinskinin portreti asılmışdı. Bələdçi qızdan
portretdəki generalın kimliyini soruşdum. “Bilmirəm, tanımıram - dedi. - Bircə
H.Z.Tağıyevi tanıyıram...”
General Balakişi Ərəblinskinin portreti H.Z.Tağıyevin başı üstündən
təsadüfən asılmayıb. Onlar qohum idilər. Generalın kiçik qızı Sona xanım Hacı
Zeynalabdin Tağıyevin həyat yoldaşı idi. Manaf Süleymanovun “Eşitdiklərim,
oxuduqlarım, gördüklərim” kitabındakı maraqlı epizod bunu bir daha təsdiq edir.
Müəllif yazırki, Hacı Zeynalabdin öz qızları Sara və Leylanı Peterburqa, Smolnı
Qızlar İnstitutuna oxumağa göndərmək qərarına gəlir və sənədləri ora göndərir.
Çox keçmir, Smolnıdan rədd cavabı gəlir ki, nə bəy, nə xan və nə də zadəgan
olmadığınız üçün qızlarınızı qəbul edə bilmərik; bu instituta yalnız qraf, knyaz,
xan, bəy, əmir qızları qəbul edilir.
Hacının arvadı Sona xanım rəsmi sənəd təqdim edir ki, atası general Balakişi
Ərəblinski müharibədə rəşadət göstərib və Rusiyaya sədaqətinə görə çar tərəfindən
qızıl silahla təltif olunub; bu qızlar da onun nəvələridir, bütün imtiyazlardan
istifadə etmək hüquqları var.
Tağıyevin qızları ana babalarına - general Ərəblinskiyə görə Smolnı Qızlar
İnstitutuna qəbul edilirlər.
Hacı Zeynalabdin Tağıyevin qızı Sürəyya xanımın xatirələrindən:
- Hələ ötən əsrin doxsanıncı illərində Buxara əmiri Seyid Mir Əbdül Əhəd
xan hər il Qafqaza müalicəyə gedərdi. Onun yolu hər dəfə Bakıdan keçər və gedib
qayıdanda məiyyəti ilə bərabər bir neçə gün şəhərimizdə qalar, neft mədənlərinə,
toxuculuq fabrikinə, ayrı-ayrı zavodlara, Mərdəkandakı bağbanlıq məktəbinə, Bibi-
Heybət məscidinə, teatr və digər yerlərə baş çəkərdi. ...Buxara əmiri hər dəfə
Bakının bir neçə nəfər yüksək rütbəli mənsəb sahiblərinə, milyonçulara və hətta
adi adamlara belə qızıl və gümüşdən birinci və ikinci dərəcəli Buxara “Ucalan
ulduz” ordeni və digər Buxara medalları bağışlayırdı. Atama və ana babam
general-leytenant Ərəblinskiyə də birinci dərəcəli “Ucalan ulduz” qızıl ordeni
vermişdi. Hacıya arxa tərəfində xoş sözlər həkk edilmiş iri, çox qiymətli bir qızıl
saat da bağışlamışdı.
“ƏRƏBLİNSKİ” ƏHVALATI
Hörmətli redaksiya! Qəzetinizdə “Hüseyn Ərəblinski” əhvalatını oxudum.
İstər-istəməz xalqımızın ilk general-leytenantlarından biri Balakişi bəy Əlibəy oğlu
Ərəblinski /1828-1902/ haqqında Dərbənddə apardığım axtarışlarımı xatırladım.
1898-ci ildə istefaya çıxan general Balakişi bəy Ərəblinskiyə imperator
Dərbəndin altı kilometrliyindəki böyük bir torpaq sahəsini özünün arzusu ilə
hədiyyə edir. General burada kənd saldırır və stansiya tikdirir. Hazırda qəsəbədir,
orada üç mindən çox azərbaycanlı yaşayır. Stansiya və qəsəbə indi də “Ərəblinski”
adlanır. Sizin qazet yazır ki, “1906-cı il idi. Bakı artistləri Dərbənddən, qastroldan
qayıdırdılar”.
Əksinə, həmin il məşhur aktyor Hüseyn Xələfov aktyor dostları Mirmahmud
Kazımovski, İbrahim İsfahanlı, Cahangir Zeynalov, Midhət və Maxmud Malikov
qardaşları ilə Bakıdan Dərbəndə qastrola gedirdilər. Həmin stansiyada qatar xeyli
gözləməli olur. Onlar düşüb stansiyada gəzişirlər. Qarşıdan gələn tatarı gözləyirlər
ki, yol açılsın. Bu vaxt Mirmahmud Kazımovski:
- Hüseyn, - deyir, - sən özünə təxəllüs axtarırsan, bir stansiyanın adına
diqqət elə...
Hüseyn Xələfov:
-
Nə demək istəyirsən?
-
Gəlsənə özünə Ərəblinski təxəllüsünü götürəsən. Pis döyül, balam, dilə
yatandır, yaxşı da əzəmətlə səslənir. Dostlar razılıq əlaməti olaraq bir-birinin üzünə
baxırlar.
Dərbəndə çatan kimi afişaya Hüseyn Xələfov əvəzinə “Hüseyn Ərəblinski”
yazırlar. O vaxtdan böük aktyor bu təxəllüsü qəbul edir. Onu da xatırladım ki,
həmin illərdə aktyorlar arasında mahal, şəhər adlarını familiya kimi qəbul etmək
dəbdə olub. Bakıda isə bu daha böyük gurultu və səs-küylə qarşılanır. İlk vaxtlar
qəzet satanlar küçələrdə qışqırırlarmış ki, təzə aktyor peyda olub: Hüseyn
Ərəblinski.
Dönə-dönə qədim Dərbəndə səfərimdə ağsaqqal Kərim Paşabəyov, Davud
Talıbov və başqaları bu əhvalatı mənə danışıblar. Aktyor Hüseyn Ərəblinskiyə
gözəl bir qızın gül bağışlaması, Hüseynin ona vurulması və vüsalına yetmədiyi o
afətin eşqinə onunla ilk və son dəfə rastlaşdığı
“Ərəblinski” stansiyasının adını özünə soyadı götürməsi isə həqiqətə uyğun
deyildir.
Hətta bəziləri yazırlar ki, guya aktyor Hüseyn Xələfov generalın qızını
sevirmiş, lakin qızı ona vermədiklərinə görə o, Ərəblinski təxəllüsünü götürüb. Bu
da tamamilə yalan faktdır. Çünki aktyor Dərbənddə olanda generalın vəfatının
dörduncü ili idi.
Bu barədə mən gözəl folklorçumuz mərhum Qulu Məmmədli ilə də söhbət
etmişdim. O, bu əhvalatın bizim bir teatrşünas qadın /o, rəhmətə gedib/ tərəfindən
uydurulduğunu və doğru olmadığını təsdiq etdi.
Qəribə burasıdır ki, bu səhv fakt ədəbiyyatımıza da gəlib çıxıb. Gözəl əsərlər
müəllifi, görkəmli dramaturqumuz Sabit Rəhman Hüseyn Ərəblinskinin ömur
yolundan “Son faciə” adlı povest yazıb.
“1906-cı ildə Dərbənddə qastrol verib geri qayıdırdılar... Kiçik bir stansiyada
əyləndilər. Əylənməyin səbəbi bu idi ki, qabaqda məşhur general, mülkədar
Ərəblinskini gətirən qatar vardı. O qatar gəlib getməli, sonra da bunlar getməli
idilər". /Sabit Rəhman, əsərləri, II cild, səh. 253/.
O vaxtlarda general Ərəblinski haqqında tədqiqat aparılmadığına görə
mərhum dramaturqumuza məlum deyilmiş ki, general-leytenant Balakişi bəy
Ərblinski 1902-ci il yanvarın 1-də vəfat etmişdir. Onda mərhum general 1906-cı
ildə qatarda necə gedə bilərdi.
GENERAL FƏRƏC BƏY
AĞAYEV
1858-ci ildə Şamaxıdakı dörd sinifli ali ibtidai məktəbdə yüz qırx dörd nəfər
buraxılış imtahanı verirdi. Onlardan otuz iki nəfəri azərbaycanlı idi. Burada
zadəgan, ruhani, rəiyyət silkinə məxsus uşaqlar təhsil alırdılar. İmtahan verənlər
arasında uzun illar çar ordusunda xidmət edən praporşik Səlim bəyin oğlu Həsən
bəy Məlikov də vardı. Buraxılış imtahanlarını qeyri-adi bir müvəffəqiyyətlə verən
Həsən bəy fitri istedadı ilə hamını heyran qoydu. İmtahanda iştirak eden Qafqaz
təhsil dairəsinin müdiri baron Aleksandr Pavloviç Nikolai Həsən bəy Məlikovun
padşahlıq hesabına birinci dərəcəli Tiflis gimnazysına qəbul olunmasına razılıq
verdi.
Lakin məktəbin direktoru üzrxahlıq edib:
- Aleksandr Pavloviç, - dedi, - cəsarat edib haqqında hüzurunuza tərif dolu
tələbnamələr yazdığım şagird Həsən bəy Məlikov, bax, budur. Özünüz onun
biliynin şahidi oldunuz.
- Yadımdadır, səhv etmirəmsə, bir ildə iki dəfə yazmışdınız, - baron Nikolai
ani olaraq fikrə gedir, - cənab direktor, - dedi, - bu cılız müsəlman balası sizin
yazdığınız təriflərə də layiqdir. Əlbəttə, bu müvəffəqiyyətin qazanılmasında sizin
müəllimlərin böyük əməyi var. Mən onunTiflis gimnaziyasında oxumasına bütün
qəlbimlə sevinərdim. O, həqiqətən istedadlı uşaqdır.
Məktəb müdiri ona və məktəbinə deyilən tərifdən xoş hal olub, barona
hörmətlə təzim etdi.
-
Möhtərəm Aleksandr Pavloviç, ancaq bir çətinliyimiz var.
- Nədi o çətinlik, nədən ibarətdir?
- İnişil bu uşağın atası Səlim bəy vəfat etdi. İndi ailəsinin başçısı onun
böyük qardaşıdır. O da iki ayağını bir başmağa dirəyib deyir ki, qardaşım Həsən
bəyin Tiflisə oxumağa getməsinə razı deyiləm.
- Niyə?
- Deyir ki, uşağı gözümdən qoya bilmərəm. Hələ çox balacadır.
- Olarmı o cənabla özüm söhbət edəm? Bəlkə yola gətirdik.
- Olar, amma bir məsələni sizə açım...
Baron şəhadət barmağını dik tutub zarafatla:
- Dayan, dayan, yəqin sünnidir, tərs damarı var. Sən də ondan qorxursan, -
deyib başını bulaya-bulaya: - ay müsəlmanlar, ay müsəlmanlar...
- Yox, Aleksandr Pavloviç, sünni olmarına sünni deyil, qorxuram,
tərs damarı tutar, daha da acığa düşər, belə istedadlı uşaq əlimizdən çıxar. Mən bir
fənd işlətmişəm. Deyim, qulaq asın. Həsən bəyin atasının dayısı general-leytenant
Fərəc bəy Ağayev Tiflisdə yaşayır. Yəqin ki, siz də onu tanıyırsınız. Generalın
imzası ilə bir xahişnamə hazırlamışam. Guya o, bizim məktəb müdiriyyətindən
xahiş edir ki, Həsən bəyi Tiflis gimnaziyasına oxumağa göndərək...
-
Qardaşı yenə də razılaşmır?
- Biz hələ generalın məktubu barədə Həsən bəyin böyük qardaşına bir söz
deməmişik. İstərdik ki, məktub barədə ona siz deyəsiniz.
- Niyə məhz mən?
- Ona görə ki, siz Qafqaz təhsil dairəsinin hamisisiniz. Zaqafqaziya Baş
İdarəsi Sovetinin üzvüsünüz, həmdə həqiqi-mülki müşavirisiniz. Sizin - baron
Aleksandr Pavloviç Nikolainin sözü daha inandırıcı olar.
- General-leytenant Fərəc bəy Ağayev həzrətlərini mən də yaxşı tanıyıram.
Deyirsən, cəsarət edib onun adından danışaq? Mənə belə gəlir ki, bir
müsəlman ziyalısının artması üçün işlətdiyimiz fəndə görə general bizi
bağışlar. Amma onu da deyim ki, bu fənd heç də bəd deyil. Çox məharətlə tapılıb.
Uşağı xilas etməyin başqa yolu yoxdur. General tarəfdən arxayın olun, razılıq
mənim boynuma. Bu barədə Tiflisə qayıdan kimi onun özünə də məlumat
verərəm.
Baron Aleksandr Pavloviç Nikolai Tiflisə qayıdanda Şamaxı məktəb
müdirinin işlətdiyi “fənd” haqqında generala məlumat verdi. General bığaltı
gülümsündü və məmnuniyyətlə qohumu Həsən bəy Məlikovu himayəsinə
keçirərək, Birinci dərəcəli Tiflis Gimnaziyasına qəbul olunmasına kömək etdi.
Bəs, general-leytenant Fərəc bəy Ağayev kimdir? Necə olub ki,
tədqiqatçılarımız onun üstündən sükutla keçiblər? Həsən bəy Zərdabi kimi
görkəmli maarifpərvəri bizə bəxş edən bu xeyirxah adamın ömür yolu həyatın
hansı sınaqlarından çıxıb?
General-leytenant Fərəc bəy Ağayevin haqqında biz ilkin məlumata
“Kavkaz” qəzetinin səkkiz dekabr 1891-ci il tarixli nömrəsində və “Kavkazski
kalendar” illik məcmuəsinin 1873-1874-cü illərdəki nömrələrində rast gəldik.
Birinci mənbədə haqqında geniş məlumatla “Fərəc bəy” kimi təqdim olunan
eloğlumuz, ikincidə Qafqaz Əlahiddə Ordusunun generalları sırasında “Nikolay
Nikolayeviç Arayev” adlandırılır. Ona görə ki, bu yaraşıqlı, ilk azərbaycanlını
1844-cü ildə imperator Nikolay və onun arvadı Mariya Aleksandrovna xaç suyuna
çəkib oğulluğa qəbul etmişdilər.
Uzun müddət Peterburqda xidmət edən padşahın sevimlisi Fərəc bəy Ağayev
Qafqaza qayıtdıqdan sonra yaxın qohumları belə yaxşı munasibət bəsləməmişlər.
Hətta Həsən bəy Zərdabi məktublarından birində yazır ki, ata el arasında xəcalət
çəkirdi ki, dayısı rus adını qəbul edib. Ona görə də ondan üz döndərib küsmüşdü.
Get-gəlimiz belə yox idi. Ömrünün sonlarında Tiflisdə yaşayan generala hamı
“rus Ağayev deyərmiş. Şübhəsiz ki, sonralar səhvini başa düşən general vəsiyyət
etmişdir ki, nekroloqunda ad-familiyası Fərəc bəy Ağayev kimi göstərilsin. Onun
bu vəsiyyətinə əməl olundu.
General-leytenant Fərəc bəy Ağayev füsunkar Qarabağın Şuşa şəhərində
1811-ci ildə adlı-sanlı bəy ailəsində dünyaya gəlib. İlk hərbi təhsilini Tiflis kadet
korpusunda aldıqdan sonra 1837-ci ildə Qafqaz Əlahiddə Ordusunda müsəlman
süvari polkunda xidmət başlayıb. Xidmətinin yeddinci ilində ən yaxşı qvardiya
rotmistri Fərəc bəy eskadron komandiri kimi Peterburqa göndərilir. Peterburqda o,
birinci Nikolayın xüsusi qvardiya kazak polkunda leyb-qvardiya komandiri
vəzifəsinə təyin olunur. Elə burdada o, imperatorun və onun arvadı Mariya
Aleksandrovnanın sevimlisi olur.
Fərəc bəy Ağayev özünün qeyri-adi hərbi qabiliyyəti və igidliyi sayəsində
xidmətinin on ili ərzində polkovnik rütbəsinə kimi yüksəlir. 1850-ci ilə qədər
Peterburqda, xüsusi qvardiya kazak polkunda qüsursuz xidmət edən polgovnik
F.Ağayev həmin il Əlahiddə Qafqaz Ordusunun sərəncamına göndərilir.
1853-cü ildə Krım müharibəsi başlananda polkovnik Fərəc bəy Ağayev
Qarabağın azərbaycanlı igidlərindən ibarət süvari alayını təşkil edib, özü də onun
komandiri olur. Müxtəlif arxiv sənədləri, komandanlığa göndərilən raport və
məktublar göstərir ki, Fərəc bəyin şuşalılardan ibarət süvari polku Kürəkdərə
uğrunda gedən döyüşlərdə altmış minlik korpusa qarşı dönməz bir iradə ilə
vuruşmuşdur. 1854-cü ildə osetinlərdən təşkil olunmuş milis alayı da Fərəc bəyin
alayına təhkim edilir. Süvari qoşun dəstəsinin komandiri kimi yüksək vəzifə
daşıyan eloğlumuz hərbi xidmətinə və qoşun başçısı kimi göstərdiyi qəhrəmanlığa
görə üstündə “Cəsurluğa görə” yazılmış xəncərlə, çoxlu hərbi ordenlərlə, həmçinin
imperator tacı ilə bəzədilmiş birinci dərəcəli “Müqəddəs Anna” ordeni və ikinci
dəfə birinci dərəcəli “Müqəddəs Anna” (qılıncla birgə) ordenləri ilə təltif
olunmuşdur.
1853-56-cı illərdəki sərkərdəlik fəaliyyətinə görə Fərəc bəy Ağayev general-
mayor kimi yüksək rütbəyə layiq görülür.
Müharibə yenicə başlayanda Fərəc bəy Ağayevin başçılığı ilə Qarabağ
Azərbaycan süvari dəstəsinin təşkili haqqında Peterburqa məlumat göndərən qraf
Vorontsov qeyd edirdi ki, polkovnik Fərəc bəyin sayəsində könüllü dəstələr
tezliklə yığıldı. Döyüşçülər yürüşə məşhur Qarabağ kəhərlərində və layiqincə
silahlanmış halda başladılar.
Qırx ilə yaxın orduda qüsursuz xidmət edən Fərəc bəy Ağayev 1882-ci ildə
general-leytenant rütbəsində istefaya çıxmışdır. Ömrünün sonuna kimi Tiflis
Xeyriyyə Cəmiyyətində çalışan general-leytenant Fərəc bəy Ağayev min səkkiz
yüz doxsan birinci il noyabrın iyirmi altısında səksən yaşında Tiflisdə vəfat
etmişdir.
Dostları ilə paylaş: |