MÜƏLLİFDƏN
Azərbaycanın ziyalı nəsillərindən otuzuncu illərin tuthatutunda güllələnməkdən, sürgün
və həbs olunmaqdan qorxub ehtiyat edərək ad və soyadını (xüsusilə soyadını)
dəyişənlər çox
olub. Elələri də olub ki, Sovet sərhədləri o qədər də ciddi qorunmayanda ailəsi ilə Türkiyəyə,
İrana pənah aparıblar. Bu ölkələrdə də günü-güzəranı pis keçəndə Avropa ölkələrinə - Fransaya,
Almaniyaya və ya Amerika Birləşmiş Ştatlarına köçüblər. Bir sözlə, cəlayi-vətən ömür sürüblər.
Qocaları dünyasını dəyişəndən sonra yerində qalan gənclər yad millətdən evlənib nəsli
assimilyasiyaya uğradıblar. Bir sözlə, nəsil-nəcabətlərini itirib avropalaşıblar. Ona görə də
indiyədək onların əksəriyyətindən bir xəbər çıxmır.
Aradan uzun illər keçməsinə baxmayaraq mən bu gün də ümid edirəm ki, nə vaxtsa
nüfuzlu Borçalı nəsli - Yadigaroğullarından hansı birisə gec-tez tapılacaq. Dilini, dinini itirmiş
də olsa ana vətəni Azərbaycana qayıdacaq. Bəlkə də dədə-babasının vaxtı ilə apardığı sənədlə,
fotoşəkillərlə bizi sevindirəcək. Dünyadan köçmüş ulularının sağ ikən onlara danışdığı acılı-
şirinli xatirələri ilə hərb tariximizə yeni səhifələr yazacaq və bizi sevindirəcəklər.
Əziz oxucu, mən bu ümidlə yaşayıram, bu arzu ilə də Yadigaroğulları haqqında
axtarışlarımı hələ də davam etdirirəm.
Sizə təqdim etdiyim yeni kitabçada isə illərlə Sankt-Peterburq, Tiflis, Moskva, Bakı və
Borçalıda apardığım araşdırmaları qələmə almışam.
Dostları ilə paylaş: