Azərbaycan çox qədim zamanlardan öz təbii sərvətləri ilə dünyanın diqqətini cəlb etmişdir. Ümumiyyətlə təbii ehtiyat dedikdə insanların həyat və təsərrüfat fəaliyyətində istifadə etdiyi bütün təbiət komponentləri başa düşülür (bəzən təbii sərvət və ya resurs adlanır). Təbii sərvətlər aşağıdakı növlərə bölünür:1.Tükənməyən: Günəş, geotermal, külək, nüvə enerjiləri, iqlim, qabarma – çəkilmə, dəniz cərəyanları. 2.Tükənən: A) Bərpa olunmayan: bütün faydalı qazıntılar. B) Bərpa olunan: Torpaq, bioloji ehtiyatlar, su enerjisi.
Respublikamızın ərazisində 2 iqlim növü(9 iqlim tipi) mövcuddur. İqlim və ya aqroiqlim ehtiyatları deyərkən iqlim elementlərinin iqtisadiyyatın və sosial həyatın müxtəlif sahələrində istifadə olunan maddi və enerji miqdarı başa düşülür. Bu ərazidə 82 adda və növdə torpaqlar yayılmışdır. Ölkəmizin vahid torpaq fondunun sahəsi 8641,5 min ha olub təyinatına görə 7 kateqoriyaya bölünür. Kənd təsərüfatına yararlı torpaqlar – 4745,6 min ha, şumluq torpaqlar – 1835,7 min ha, otlaqlar və biçənəklər – 2682,9 min ha, xüsusi qorunan ərazilərin torpaqları – 193,7 min ha təşkil edir. Respublikanın iqlim ehtiyatları onlardan kurort müalicəsi və istirahət üçün əlverişli istifadə imkanları yaradır. Azərbaycanın formalaşmış və tanınmış əsas kurortları Abşeron (Bilgəh, Buzovna, Zağulba), İstisu (balneoteropevtik kurort), Lənkəran (iqlim-balneoterapevtik dəniz sahili kurortu) və Naftalanda (balneoterapevtik kurortu) yerləşir. O cümlədən, Azərbaycanda müalicəvi əhəmiyyətli neftin möcüzəsi haqqında da danışmamaq olmaz. Dünyada məşhur olan Naftalan nefti əsasında bir sıra xəstəliklər müalicə edilir. Həmçinin günəşli çimərliklərlə zəngin Abşeron, çox nadir meşə-dəniz kompleksi olan Nabran-Yalama zonası, mülayim iqlimi, təmiz dağ havası, qiymətli mədən suları olan Şuşa-Turşsu zonası, İstisu kurortu, zəngin kükürdlü mədən suları və dəniz-dağ iqlimli Lənkəran-Astara zonası, təbiətdə nadir tapılan mədən suyu, əlverişli iqlim şəraiti olan Qalaaltı kurortu,Gəncə-Hacıkənd-Göy-Göl, Quba-Xaçmaz-Nabran, Zaqatala-Şəki zonaları, müxtəlif tərkibli bol mədən suları və müalicəvi duz mağaraları ilə zəngin Naxçıvan və s. Bəzi məlumatlara əsasən Respublika ərazisində 12000 turizm-rekreasiya, balneoloji komplekslər mövcuddur.
Azərbaycan müxtəlif növ təbii ehtiyatlarla zəngin olsa da, hazırda ən mühümü neft-qaz ehtiyatları hesab edilir. Azərbaycan ərazisi dünyanın ən qədim neft çıxarılan bölgələrindən biridir. Zəngin neft və qaz yataqları olan bu torpaqlarda gedən bir çox savaşların da kökündə həmin amil dayanmışdır. Azərbaycan ərazisi 2/3 hissəsi neft və qaz yataqları ilə də zəngindir. Belə ki, son dövrdə iki böyük neft yatağının (“Şahdəniz” və “Ümid”) kəşf olunmuşdur. «Şahdəniz » platformasında 4 istismar quyu qazılmış və onlardan biri fəaliyyət göstərir. “Ümid” yatağının üzən qazma qurğusu vasitəsilə 9 quyu qazılıb. Kəşfiyyat quyusunun qazılması Dövlət Neft Şirkəti (DNŞ) tərəfindən “Ümid-1” platformasında aparılmışdır. Ən çox neft və qaz yataqları Abşeron yarımadasında, Xəzər dənizinin şelf zonasında, Bakı və Abşeron arxipelaqlarındadır. Bundan başqa, cənub-şərqi Şirvan, Mərkəzi Aran, Qobustan, Ceyrançöl, Acınohur, Siyəzən zonası da neftlə zəngindir..Ölkənin yanar faydalı qazıntıları neft, qaz, şist, torf və başqalarıdır. Bunlardan neft və qaz sənaye əhəmiyyətlidir. Neft həm qurudakı yataqlardan, həm də Xəzər dənizi yataqlarından çıxarılır. Hələ e.ə. VII-VI əsrlərdə Abşeronda neft çıxarılmış və bir çox ölkələrə daşınmışdır. 1985-ci ilədək Azərbaycanda təqribən 1,2 mlrd. Ton neft (25%-i dəniz neft yataqlarından) hasil edilmişdir. Bu neft yüksək keyfiyyətli, azkükürdlü və azparafinlidir. Respublikada çıxarılan yanar qazlar karbohidrogen tərkiblidir. Onlar neftin tərkibində həll olmuş, sərbəst, xalis qaz halında olur. Son 30-50 il ərzində çoxlu qazkondensant yatağı kəşf olunub, istifadəyə verilmişdir. Azərbaycan Respublikasında hazırda 8 neftli-qazlı (Abşeron, Şamaxı-Qobustan, Aşağı Kür, Bakı arxipelaqı, Gəncə, Yevlax-Ağcabədi, Quba-Xəzəryanı, Kür-Qabırrı çaylararsı) və 2 perspektivli (Acınohur və Cəlilabad) rayon ayrılır. Ən böyük neft-qaz-kondensant yataqları Abşeron, Bakı arxipelaqları və Aşağı Küryanı rayonlarındadır. Respublika ərazisində Maykop-Abşeron yaşlı çöküntülərdə bir sıra yanar şist və liqnit-qonur kömür təzahürləri aşkar edilmişdir. Filiz şəklində çıxan faydalı qazıntılar (dəmir, alüminium, xromit, qızıl, gümüş, mis, qurğuşun, sink kobalt, molibden filizləri və s.) respublikanın əsasən dağlıq hissələrində müxtəlif tip yataqlar əmələ gətirirlər. Dəmir filizləri ilə zəngin Daşkəsən, cənubi Daşkəsən və “Dəmir” yataqları sənaye əhəmiyyəti kəsb edir. Daşkəsən dəmir filizi qrupu yataqlarının sənaye ehtiyatı 250 mln. Tondur. Qafqaz regionunda Daşkəsən dəmir filizi yatağı ehtiyatlarına görə dünyada Çindən sonra 2-ci yeri tutmuşdur.
Kobalt filizlərinin sənaye əhəmiyyətli yığımları Daşkəsən filiz rayonunda məlumdur. Burada kobalt filizləri həm müstəqil (Yuxarı Daşkəsən yatağı), həm də skarn-maqnetit filizləri ilə birgə əmələ gəlmişdir.