Bhaqavad-qita
Bhaqavad-qita (İlahi nəğmə) Mahabharata poemasının ən böyük hissələrindəndir. O, müasir Hindistanda üstünlük təşkil edən dinin – hinduizmin müqəddəs mətnindən ibarətdir. O, İsa Məsih zamanında naməlum müəllif tərəfindən yazılmışdır. Bhaqavad-qita Arcuna və onun arabaçısı Krişna arasında dialoq formasında yazılmışdır. Dialoqun gedişində Krişna özünü Vişnunun təcəssümü, kainatın hökmdarı, Tanrının özü kimi təqdim edir. Bhaqavad-qita qərbli oxucu üçün şərhlə bağlı bir çox problemlər törədir. Buradakı səhifələrin yüzdən çoxunda əxlaqın və reallığın hinduizm üçün mərkəzi olan məsələləri araşdırılır. Onun fundamental ideyası ondadır ki, arzu və nifrət insanın əsl düşmənləridir. Arzu və nifrətlə ağırlaşdırılmamış əməl üçün zəmini isə həqiqi anlam təmin edir. Arcuna hakimiyyəti və şöhrəti əldə etmək üçün fəaliyyət göstərmir, ədalətli kosmik nizamın qorunub saxlanılması üçün fəaliyyət göstərir. Bu nizamın saxlanılması məhz fərddən asılıdır.
Konfusi
Yunan fəlsəfəsi polis həyatının məhsulu idi. Onun bütün nümayəndələri istisnasız olaraq şəhər-dövlətlərdə yaşayırdılar. Yunan polisi bütöv bir siyasi qurum idi. Öz hüdudları daxilində fəlsəfi mübahisələr və intensiv intellektual fəaliyyət üçün şərait yaratmışdı. Polis həmçinin siyasi qarşılıqlı münasibətlər və diskussiyalar üçün də sosial məkan yaratdı və bununla da siyasi praktikanın (praxis) azad və eyni hüquqlu vətəndaşların iştirak edəcəyi yeni formalarını mümkün etdi. Bütün bunlar Platon Akademiyası və Aristotel Litseyi kimi bu və ya digər dərəcədə daimi olan akademik təsisatların inkişafı üçün şərait yaratdı. Onların özünüidarə hüququ və geniş akademik azadlığı vardı. Belə bir şərait isə nə Hindistanda, nə də Çində yox idi. Çin şəhəri bu sözün antik mənasında polis deyildi. O, avtonom və hüquqi olaraq müstəqil olan bir qurum deyildi, müqavilələr bağlamaq səlahiyyətinə malik deyildi. Çin şəhəri mərkəzdən idarə olunan sistemin bir hissəsi idi. Bütün bunlar Çin fəlsəfəsinə də öz aşkar təsirini göstərmişdir. Çin fəlsəfəsi insanın mahiyyəti və onun davranış normaları ilə bağlı problemlərə oriyentirli idi. O, konservativ sivilizasiyanın bir hissəsi idi və ictimai diskussiyalara deyil, kanonik mətn mədəniyyətinə istinad edirdi. Çin fəlsəfəsində Yunanıstanda olduğundan fərqli olaraq spekulyativ-sistematik filosofluğa maraq azdır. Burada həmçinin də Hindistanda olduğundan da fərqli olaraq, xilas olmaya və ya azad olmaya da elə bir maraq yox idi. Əksinə, o, daha çox praktik və daha praqmatik yönümə malik idi. Çin filosofları əsasən "yoxsul zadəgan" (poor nobility) mühitinə məxsus idilər. Onlar çox vaxt məcbur idilər ki, imperatorların böyük saraylarında fəaliyyət göstərən inzibati sektorlarda çalışaraq özlərinə çörək pulu qazansınlar. Böyük Çin mütəfəkkirlərinin bir çoxu bu sosial mühitin yetişdirməsi idilər. Onların demək olar ki, istisnasız olaraq hamısı təhsilli dövlət məmurları idilər, dövlət sistemində təhsil almış və sınaqdan çıxarılmışdılar. Bu mənada onlar müasir fəlsəfə professorlarından bir o qədər də fərqlənmirdilər! Qərbdə Konfusi (Kun-tszı, "müəllim Kun") adı altında tanınan filosof da məhz bu sosial mühitdən çıxmışdır.
Konfusi (Confucius, b.e.ə. 551-479) təqribən Buddanın, Falesin və Pifaqorun yaşadığı zamanda yaşamışdır. Onun tərəfindən yazılmış mətnlər saxlanılmamışdır, amma onun təliminin əsas müddəaları Mühakimələr və söhbətlər – məcmuəsində saxlanılmışdır. Bu, Konfusinin öz şagirdləri ilə etdiyi söhbətlər barədə suallar və cavablar formasında qısa qeydlərdir. Onlar əsasən düzgün davranışın sosial-etik problemlərinə həsr olunmuşdur. Burada ənənələrə güclü surətdə bağlı olan Konfusinin bir mütəfəkkir olaraq obrazı gözlərimiz önündə canlanır. Belə ki, o, belə hesab edir ki, insan öz borclarının düzgün anlamına yalnız ənənələri diqqətlə öyrənməklə nail ola bilər. Ənənə həmçinin elə bir normadır ki, xaotik ictimai şəraitin reformaları onunla uzlaşdırılmalıdır.
Dostları ilə paylaş: |