10.Elmi üslub
Dil insan fəaliyyətinin müxtəlif sahələri ilə bağlı müxtəlif funksiyalar yerinə yetirir. Bu funksiyalar ünsiyyət, məlumat və təsir səciyyəlidir. Bu funksiyaları reallaşdırmaq üçün dilin tarixən yalnız müəyyən tətbiq sahəsində işlənən, xüsusi ifadə vasitələrinin funksional üslubları formalaşır. Dildə fikir ifadə edilməsi dil vasitələrini seçib işlətmək əsasında qurulur. Funksional üslubların yaranmasında və formalaşmasında aşağıdakı amillər xüsusi təsir göstərir: a) milli ənənə b) milli mədəniyyət c) dövlət quruluşu d) dini təbliğat q) dil kontaktı ğ) dil siyasəti və.s. Ədəbi dilin funksional üslublarının yaranması və fəaliyyət dairəsi eyni olmur. Belə ki, Azərbaycan bədii üslubunun tarixi qədim, elmi üslubun tarixi isə son dövrlə bağlıdır. Bir sözlə, funksional üslublar ədəbi dilin insan fəaliyyətinin ayrı-ayrı sahələrinə uyğun işlədilməsidir. Üslublar nitqdə təzahür edir. Ədəbi dilin üslubları müəyyən vəzifə yerinə yetirdiyi üçün funksional üslub adlanır. Funksional üslublar ünsiyyətin hər hansı bir sahəsində müəyyən məqsədə xidmət edən və müəyyən funksiya daşıyan dil vasitələrinin sistemidir.
Funksional üslub, hər şeydən əvvəl, tarixi kateqoriyadır. O, dilin inkişafı və ekstralinqivistik faktorların təsiri ilə formalaşır. Funksional üslub üçün müxtəlif leksik, frazeoloji və qrammatik dil vasitələrinin seçilməsi və onun ifadə vasitələri əsas üslubi diferensial göstərici hesab olunur. V.Q.Belinski “1847-ci il rus ədəbiyyatına bir nəzər” adlı məqaləsində yazırdı: “Filosof sillogizmlərlə danışır, şair obrazlar və bədii lövhələrlə, lakin onların hər ikisi eyni şeyi deyir. Siyasi iqtisadçı statistik rəqəmləri əldə edərək öz dinləyici və oxucularının ağıllarına təsir edir və sübut edir ki, filan sinfin cəmiyyətindəki mövqeyi filan səbəblər üzündən çox yaxşılaşmış və yaxud pisləşmişdir. Biri subut edir, o biri göstərir və onların hər ikisi inandırır, ancaq biri məntiqi dəlillərlə, digəri bədii lövhələrlə. Amma birincisini cox az adam eşidir və başa düşür, ikincisini isə hamı”.
Funksional üslubların yaranmasına və formalaşmasına milli ənənə, milli mədəniyyət, dövlət quruluşu, dini təbliğat, dil təması, dil siyasəti kimi amillər təsir göstərir.
Dilçilikdə funksional üslublardan bəhs edən sahə funksional üslubiyyat adlanır. Bu üslubiyyat 1950-ci illərdən formalaşmağa başlamışdır. Funksional üslubları yaranma tarixinə görə iki yerə ayırmaq olar: yazıya qədərki və yazı dövrünün üslubları. Yazıya qədərki dövrlərdə poetik, ədəbi-söhbət, məişət-ədəbi söhbət, rəsmi-ədəbi söhbət kimi funksional üslublar olmuşdur. Yazı dövrlərində elmi, publisistik, kargüzarlıq, arxaik, natiqlik, təntənəli və.s kimi funksional üslublar yaranmışdır. Müasir dövr üçün səciyyəvi funksional üslublar aşağıdakılardır: danışıq üslubu, məişət-danışıq üslubu, natiqlik üslubu, təntənəli üslub, rəsmi üslub, kargüzarlıq üslubu, akademik üslub və.s. Ədəbi dilimizin ayrı-ayrı inkişaf mərhələlərində müxtəlif üslublar olmuşdur. Zaman keçdikcə bu üslublar kəmiyyətcə dəyişmiş, artmış, zənginləşmiş, təkmilləşmişdir.
Funksional üslubların növləri, kəmiyyəti və onun əhatə darəsi barədə dilçilər, filoloqlar arasında fikir birliyi yoxdur. Funksional üslubların bölgüsündə dilin insanlar arasındakı vəzifəsi və fəaliyyəti (V.Vinoqradov), təfəkkür tərzləri (Ə.Dəmirçizadə), tarixən yaranmış kommunikativ ixtisaslaşma (K.Əliyev) əsas götürülür.
Ə.Dəmirçızadə dil və təfəkkürün qarşılıqlı münasibətinə əsaslanaraq üslubların üç növünü göstərir: 1. Bədii təfəkkür sistemi – bədii üslub 2. Elmi təfəkkür sistemi – elmi üslub 3. İctimai – siyasi təfəkkür sistemi – ictimai üslub
Ə.Dəmirçizadə bədii və elmi üslubların müxtəlif variantlarını da qeyd edir. O, qəzəl üslubunu, dini təbliği seir üslubu, mənəvi üslubu, dram üslubunu, oçerk üslubu bədii üslubun variantları sayır. Elmi üslubun iki variantını göstərir: 1) qəliz – məhdud elmi üslub 2. Sadə - kütləvi elmi üslub.
T.Hacıyev “Azərbaycan ədəbi dil tarixi” (II hissə, 1987) adlı dərsliyində üslubun folklor – danışıq, klassik-kitab, bədii – publisist, elmi şəriət, elmi, rəsmi-epistolyar növlərini qeyd edir.
“Azərbaycan bədii dilinin üslubiyyatı” (oçerklər) kitabında dil vasitələrinin üslubi rənginə görə ədəbi dilin altı üslubu göstərilir. 1. elmi üslub 2. bədii üslub 3. mətbuat üslubu 4. rəsmi - əməli üslub 5. natiqlik üslubu 6. məişət – nitq üslubu
T.Əfəndiyeva “Azərbaycan dilinin leksik üslubiyyatı” (B.1980, s.15) kitabında funksional üslubun beş növünü göstərir: 1. danışıq-məişət üslubu 2. elmi üslub 3. rəsmi – işgüzar üslub 4. publisistik üslub 5. bədii-belletristik üslub.
A.Qurbanov “Müasir Azərbaycan ədəbi dili” (B,1985,s.20) dərsliyində funksional üslubun beş növünü (bədii, elmi, ictimai-publisistik, rəsmi, şəxsi yazışma-epistolyar), “Ümumi dilçilik” (II hissə,1993, s.184) kitabında isə altı növünü (ədəbi-danışıq üslubu, bədii üslub, elmi üslub, rəsmi üslub, publisisti üslub, epistolyar üslub) qeyd edir.
Üslubları işlədilməsinə görə iki qrupa ayırmaq olar: danışıq üslubu və kitab (yazı) üslubu.
Dostları ilə paylaş: |