9.Üslubi leksika
Üslubi leksika leksik-semantik vasitələrdən üslubi məqsədlə əlaqədar istifadə haqqında təlimdir. Bu təlimdə çoxmənalı, omonim, sinonim və antonim sözlərin üslubi vəzifələri, arxaizm və neologizmlərdən, alınma sözlərdən üslubi istifadə qaydaları, dialektizmlərin və jarqonların bədii üslubda işlənmə xüsusiyyətləri, ekspressiv sözlərin müxtəlif üslublarda yeri və funksiyası, hər hansı üslubda müxtəlif səciyyəli sözlərin işlənmə tezliyi və onun səbəbləri və.s. öyrənilir.
Sözlər nitqdə müxtəlif boyalarda,çalarda işlədilir. Müxtəlif söz qrupları ilə (arxaizm, dialektizm, loru və.s) üslubi çalar yaratmaq mümkündür.
Semantik söz qrupları (çoxmənalı, omonim, sinonim və antonim sözlər) üslubların zənginləşməsində, rəngarəngliyində, bədii ifadə vasitələrinin yaranmasında mühüm rol oynayır.
Sinonim.Sinonim sözlər bir məna çalarına görə bir leksik sahədə eyniləşə bilər, lakin onların məzmununda tam eynilik yox, yaxınlıq var. Sinonimlər mənaca eyni olsa idi, onda onlar bədii ifadə vasitəsi kimi işlədilməzdi, emosional – ekspressiv təsir gücünü itirərdi.
Məna və üslub fərqinə görə sinonimlər üç qrupa ayrılır. 1) Semantik sinonimlər, məna çalarına görə fərqlənir (gənclik-cavanlıq) 2) üslubi sinonimlər (ədəbi-loru, ədəbi-dialekt) 3) semantik-üslubi sinonimlər. Bu sinonimlər həm məna, həm də üslubi çalarına görə fərqlənir (veyillənmək – səndələmək).
Sinonimlər nitqdə müxtəlif üslubi funksiya yerinə yetirir: 1) dəqiqləşdirmə, 2) izahetmə, 3) müqayisə, 4) qarşılaşdırma, 5) əvəzolunma, 6) emosional – ekspressivlik.
Sinonimlərin əsas qismi müxtəlif üslublarda, müəyyən hissəsi isə məhdud darədə, yəni bir üslubda işlədilir. Sinonimlər, adətən, bədii üslubda və bəzən də ictimai-siyasi üslubda təsirliliyi artırmağa, ekspressivliyi gücləndirməyə, elmi üslubda isə mənanın dəqiq anlaşılmasına, fikrin aydın ifadəsinə xidmət edir.
Sözün üslubi məqsədə uyğunluğu üçün yazıçı hər dəfə onun müəyyən bir xüsusiyyətinə əsaslanmalıdır: 1) əlavə mənalarına 2) emosional-ekspressiv keyfiyyətinə 3) ifadəlilik dərəcəsinə 4) bu və ya digər üslub ilə bağlılığına, 5) işlənmə dərəcəsinə
Sinonimlərin üslubi imkanları genişdir. Bədii əsərlərdə fikrin obrazlı və ifadəli verilməsinə xidmət edir:
1) obrazların əhval-ruhiyyəsinə, ürək çırpıntıların, hiss və duyğularını ifadə edir.
2) dialoq nitqində ardıcıl işlənən sinonimlər yazıçıya müəyyən bir məsələni aydınlaşdırmağa kömək edir.
3) əsərin satirik tonunu qüvvətləndirmək, yumor yaratmaq, komik situasiyaları incə boyalarla verməkdə sinonimlərin ardıcıl işlənməsinin əhəmiyyəti böyükdür.
4) Yazıçının təhkiyə dilini rəngarəng, canlı, məlahətli etmək üçün sinonimlərin rolu əvəzsizdir.
5) bu və ya digər ifadədə mənanı dəqiqləşdirmək, qüvvətləndirmək, fikri daha aydın və dəqiq vermək üçün sinonimlərdən istifadə edilir.
Sinonimlər dildə təkrardan yaxa qurtarmağa, eyni məzmuna malik sözlərin daha real variantını işlətməyə kömək edir.
Ayağın incisə sinəm üstə gəz,
Taptala bir xəzan yarpağı kimi.
Mənə elə gəlir, pak ola bilməz
Cənnət ayağının torpağı kimi.
Gəzmək-yerimək, Ayaqlamaq-taptalamaq, pak təmiz sözləri bir-biri ilə sinonim olsa da, şeirdə daha real variantlardan – gəzmək, taptalamaq, pak sözündən istifadə olunmuşdur. Əgər ikinci misrada taptala sözünün yerinə, ayaqla sözü işlədilsəydi, birinci misradakı ayaq sözü ilə ikinci misradakı ayaqla sözü təkrar yaradır, şerin bədii təsir gücünü azaldardı.
Bəzən şeirdə sinonim sözlər yanaşı işlənir, elə bil ki, şair fikrini axıracan, tam dəqiqliyi ilə oxucuya çatdırmaq üçün belə edir.
Fırtınalar, qasırğalar qucağında doğulmuşam.
El bilir ki sən mənimsən,
Yurdum, yuvam məskənimsən.
Antonim. Antonimlər ən təsirli üslubi vasitədir. Anlayışların təzadlı müqayisəsi, əşyaların əlamət və keyfiyyətləri haqqında canlı, obrazlı təsəvvür yaradır. Məsələn, Uzaqlar, yaxınlar döydü qapını, Qocalı, cavanlı, düşdük bəndə, Elçilər apardı öz hesabını, bir elin bəyini bəyənməyəndə.
Antonimlər bədii dildə təzad, antiteza və oksumoron yaradan qüvvətli bədii ifadə vasitələrindəndir.
Antitezanın əsasında təzad durur. Təzad müxtəlif anlayışların ayrı-ayrı əlamətlərinin arasından boylanır. Məsələn, hər zaman bu yerin üstünə yağış, Qışda bahar var, baharında qış, Öyünmə! Gecənin gündüzü də var.
Bədii əsərlərdə antonimlər müxtəlif üslubi imkanlıdır.
1. təzadlı hadisələr haqqında oxucuda mənəvi və estetik fikir yaratmaq məqsədilə antonim sözlərdən emosional qiymətverisilik vasitəsi kimi istifadə edilir. Məsələn, Kök və əndamlı xanımın baxışlarından nə isə həyasızlığa oxşar bir cəsarət tökülürdü. Qulluqçuya oxşayan qızın simasında qüvvə ilə qarışmış qəribə bir ismət var idi.
2. antonimlər vasitəsilə qəhrəmanın cəmiyyətdə tutduğu ictimai vəziyyətini təzadlı şəkildə oxucuya çatdırır. Çox maraqlıdır. Elə məni də o maraqlandırır. Şahzadə və kəndli balası.
3. bədii obrazların daxili aləminin açılmasında antonimlər bədii ifadə vasitəsi kimi istifadə edilir. Məsələn. Mən vaxtilə insan idim, amma indi heç nə. Mənim vaxtilə vətənim var idi, indi isə biyabanam.
4. Obrazların ürək çırpıntılarının, arzu və duyğularının təsirli ifadə edilməsi üçün antonimlər əlverişli vasitədir.
5. bir-birindən ideoloji cəhətdən fərqlənən şəxslərin, təbəqələrin və cərəyanların təsviri zamanı antonimlərə müraciət edilir.
6. bəzi məqamlarda bədii dilin ifadə vasitələri olan antonimlər yazıçıya təbiəti obrazlı şəkildə təsvir etməyə imkan verir. Məsələn. Göylər matəmlilər kimi qara çarşaba bürünmüş, dağlar, çöllər ağ kəfənlə örtülmüşdü. Ağ buludlar altında qara qartallar süzürdü.
7. təzadlı zaman, məkan və keyfiyyət anlayışlarını yazıçı təsvir edərkən antonimlərdən istifadə edir. Məs. hər kəsin öz mövqeyi və öz yerinə görə qüsuru vardır. Birisinin az, birini çox
8. yazıçılar antonimlərdən əsərin adı kimi istifadə edir. Bununla oxucunun diqqətini cəlb edir, həm də əsər haqqında müəyyən təsəvvür yaraadır. Məs. “Sual - cavab” (M.Ə.Sabir), “Qılınc və qələm” (M.S.Ordubadi), “Gənclər və qocalar” (R.Rza)
9. antonimlər bədii dildə antiteza yaradan qüvvətli bir vasitədir. Antitezanın əsasında təzad durur. Təzad özünü müxtəlif anlayışların ayrı-ayrı əlamətləri arasında göstərir. Bir-birinə zid olan anlayışlar, münasibətlər və hərəkətlər antiteza vasitəsilə qarşılaşdırılıb fərqləndirilir və qüvvətləndirilir. Məs. Xeyrin üzü həmişə pak və gözəl olur. O şərdir ki, paxıllığından qaralıb yanır.
Omonim. Omonim və omonim hadisələrin şeirdə və bayatılarda çox işlədilməsi ahəngdarlığı və səlisliyi artırır, musiqililik və axarlıq yaradır, mənanı gücləndirir, oxucunun bədii zövqünü oxşayır. Bədii əsərlərdə omonimlər müəyyən üslubi səmərə yaratmaq, oxucuya, dinləyiciyə güclü emosional təsir göstərmək məsədi ilə qarşılaşdırılır. Məs. Örpəyin sarı, gəl mənə sarı, tikanı yox eylə, yaramı sarı
Omonim və omonim hadisələr bədii əsərlərdə, xüsusən bayatılarda, təcnislərdə və lirik şeirlərdə cinas yaradır.
Açıldı yazım, Söhbətim, yazım, sən hünər göstər, mən şeir yazım. (S.Vurğun)
Çoxmənalı sözlər leksik cəhətdən dilin lüğət tərkibini zənginləşdirir, üslubi cəhətdən isə obrazlı ifadələrin yaranmasında mühüm rol oynayır. Məs. O, məndən böyükdür. O, boyca məndən böyükdür. O, yaşca məndən böyükdür. Onun ürəyi böyükdür. O, böyük adamdır. Keçən bir ömrün dərdi böyükdür. Baş bağlamaq, başa çıxmaq, başa vurmaq, başa düşmək, baş aparmaq və.s.
Çoxmənalı sözlər, publisist üslubda möhkəmlənmiş ictimai-publisist leksikada nəsr və şeirdə həmişə işlədilir. Bədii üslubda əsl obrazlı ifadələrin yaranmasının çoxu çoxmənalı sözlərin payına düşür.
Bədii əsərlərdə hadisə və obrazların ən tutarlı, obrazlı təsviri məhz aydın, sadə, anlaşıqlı sözlərlə yaranır. Ümumişlək sözlər dərin fikirli, incə hissləri ifadə edən qüvvətli nitq vasitəsi kimi çıxış edir.
Adi danışıq-məişət sözləri ümumxalq səciyyəlidir, ədəbi dil normalarından kənardır və müxtəlif üslubi çalarlar daşıyır. Loru leksika ümumxalq danışıq-məişət nitqində, müxtəlif ictimai nitqdə yaşayan və ümumi qəbul olunmuş vasitə və ədəbi ifadə normalarından kənarda qalmış nitq vasitəsidir. Loru leksika familyar sadə, üslubca kiçilmə, bəzi kobud təhər, kitab nitqi üçün səciyyəli olmayan sözlərdir. Məs. yemək-ötürmək-tıxmaq-dürtmək, ölmək-çezmək, gəbərmək.
Danışıq-məişət leksikasını ekspressivlik cəhətdən aşağıdakı məna qruplarına ayırmaq olar. 1) familyar sözlər (dadaş, bacıoğlu, qardaşoğlu) 2) ekspressiv – qiymətverici sözlər (sısqa, qanmaq, boşboğaz) 3) vulqar, kobud sözlər (xoruzlanmaq-hirslənmək, anqırmaq-qışqırmaq) 4) loru sözlər (ötürmək-yemək, əkilmək-qaçmaq, hürkmək-qorxmaq, sürüşmək – aradan çıxmaq)
İctimai-siyasi leksika bədii üslubda siyasi vəziyyəti təsvir etmək, obrazın ictimi-siyasi mövqeyini, obyektin ictimai-siyasi səciyyəsini açıb-göstərmək üçün istifadə edilir.
Poetik sözlər, xüsusən şeir dilinin təsir gücünü artırır, poetik tonunu qüvvətləndirir. Məs. xəzan, ziya, vüsal, camal, dəbdəbə, təmtaraq, səma və.s.
Terminoloji leksikanın üslubi leksikada işlədilməsi daha çox diqqəti cəlb edir. Terminlərin bədii əsərlərdə işlədilməsi əsərin real həyatla bağlılığını möhkəmləndirir.
Terminlər bədii əsərlərdə mövzuya uyğun, obrazın əmək prosesi, iş fəaliyyəti, sənət, vəzifə və rütbəsi, davranış, həyat-məişət tərzini səciyyələndirmək məqsədi ilə şlədilir.
Terminlərin bədii üslubda həddən artıq lüzumsuz yerə istifadə edilməsi əsərin dilini ağırlaşdırır, qurulaşdırır, bədiiliyinə mənfi təsir göstərir.
Dialektizmlər əvvəllər bədii ədəbiyyatın üslub mənbəyi kimi çıxış edirdi. İndi müasir ədəbi dldə dialektizmlər ədəbi dilin lüğət tərkibini zənginləşdirən mənbə rolunu oynayır. Onun rolu get-gedə azalır, ümumxalq dili onu sıxışdırır.
Dialektizmlər bədii əsərlərdə kənd həyatının real təsvirini vermək, obrazları fərdiləşdirmək vasitəsi kimi istifadə edilir. Dialektizmlər xalqın keçmiş həyat və məişət tərzini, geyim və adətlərinin təsviri üçün əhəmiyyətlidir.
Leksik-semantik mənalarına görə dialektizmlər bir neçə qrupa bölünür. Etnoqrafik və semantik dialektizmlərin bədii üslubda işlədilməsi daha çox maraq doğurur. Dilçilik ədəbiyyatında kirkirə, bina, örüş, yataq, küyüm, sini etnoqrafik, bəsti, mərtəbə, alıq, qanovuz, dəstərxan, arxac, dəhnə kimi sözlər isə semantik dialektizm adlandırılır. Bu sözləri dialektizm kimi izah etmək tamamilə səhvdir. Çünki bunların bir qismi ümumişlək, bir qismi isə köhnəlmiş sözlərdir.
Dostları ilə paylaş: |