Müstəqillikdən Sovet rejiminin quruluşuna qədər
(Sovet Azərbaycanı)
Müsavatçılar 1920-ci ilin mart ayında bolşevikləri sıxışdırsalar da, hələ də onların 4000 üzvü var idi. Bolşeviklər təhdidi ortadan qaldırmaq üçün “Azərbaycan Kommunist Partiyasını” təsis edən əski müsavatçılara və Bakıda heç bir zorluqla qarşılaşmayan “Türkiyə Kommunist Partiyası”nın üzvlərinə arxalanırdılar. Müsavat ordusunun əsgərləri 30 min nəfər idi. Bu ordunu Şimaldan gəlməkdə olan qızıl orduya qarşı qoymaq yerinə dörddə üç qismini erməni saldırısını durdurmaq üçün Qarabağda yerləşdirmişdilər. Qarabağ erməniləri mart ayından etibarən bu əraziləri Ermənistana qatmaq üçün savaşırdılar. Bakıda, yalnız 2000 əsgər qalmışdı. Aprelin əvvəllərində İsabəyov höküməti istefa edir. Yeni Hacinski höküməti bolşevik yönümlü politika izləyir. O, aprelin 15-də Azərbaycan və Rusiya kommunist partiyaları arasında ilişkilərin yaxınlaşmasını istəyir. Bu ilişkilərin dərinləşməsi üçün Moskvanın uyğun zamanda bir konferans önərməsini təklif edir. Moskva onun bu təklifini rədd edir. Artıq qızıl ordu Azərbaycan sınırlarında böyük saldırı üçün hazırlıqlarını tamamlamışdı. Aprelin 21-də Qafqaz cəbhəsinin komutanı general Tuxaçevski 11-ci qızıl ordunun komutanı polkovnik Levandovski´yə Azərbaycana saldırması üçün əmr verir. Sabahısı gün qızıl ordunun yardım və yataqlığı ilə gizlincə Bakıya gələn Kraikom birosu aprelin 27-də silahlı partizanların yardımı ilə müsavat hökümətinə qarşı qiyam etmək qərarına gəlir. Azərbaycan Hərbi-İnqilabi Komitəsi (Azərokom) bir gün öncə Həştərxandan geri dönmüş olan Nərimanov başçılığında təsis edilmiş və Hüseynov, Bünyadzadə, Musabəyov və Qarayev komiser adları ilə təşkilatın üzvləri olaraq seçilmişdilər. Onlar xalq komiserləri şurasını təsis edirlər. Bu yeni orqanizm aprel ayının 27-də Azərbaycan məclisinə bir ultimatom göndərir. Müsavat hökümətinin 12 saat ərzində iqtidarı buraxmasını tələb edirlər. Belə durumla qarşılaşacağını təsəvvür etməyən Azərbaycan dövləti telefonla İngiltərənin Qafqazdakı yeni komiseri major Lukla əlaqə saxlayır. Komiserə bildirilir ki, “Bolşevik güclər Bakının 120 km uzaqlığında olan Xaçmazdan Bakıya doğru irəliləməkdədir. Gürcü bolşeviklərini də yardıma çağırmışlar. Azərbaycan ordularını Qarabağdan çəkib Dağıstana göndərəcəyi təqdirdə ermənilər Qarabağa saldırmayacaqlarını bildirirlər.”1 Çox gec göndərilən bu məsaj Bakının dirənişsiz təslimi anlamında idi. Bu durum Fransanın nümayəndəsi Du Martelin diqqətindən yayılmır. O, yazır: “Tatarların (azərilərin) bir batalyon sınırda və iki batalyon da Bakıda əsgərləri vardır. Azərbaycan dövləti qorxduğunu göstərir. Bütün ordunu Ermənistan sınırına göndərməsi sanki bu dövlətin məsuliyyəti deyilmiş.”2 Jurdaniyanın azərilərə verdiyi cavab da hürkütücüdür: “Bolşeviklər sürətli qatar kimi, heç bir müqavimətlə rastlanmadan irəliləməkdədirlər. Biz düşünürük ki, bolşeviklərin irəliləməsi Azərbaycan dövlətinin razılığı ilə olmuşdur.”3 1920-ci il aprel ayının 27-də bolşevik partizanlar Bakı dəmir yolunu , dövlət idarələrini işğal və müsavat əsgərləri və polislərini silahsızlandırırlar. Gecəyarısı qızıl ordu əsgərlərini daşıyan qatarlar heç bir müqavimətlə rastlanmadan Bakıya girirlər. Müsavat partiyası üzvlərinin sərbəst qalması müqabilində müsavat höküməti ultimatomu qəbul edib məclisi ləğv edir. Aprel ayının 28-də “Azərokom” Azərbaycan Sovet Sosialist Cümhuriyyətinin təsisini elan edir. Qafqazın ilk sovet cümhuriyyəti bu şəkildə tarixə girmiş oldu. Bir gün sonra Davud Hüseynov Ermənistan dövlətindən ordularını sovet Azərbaycanının Qarabağ və Zəngəzur ərazilərindən geri çəkməsini tələb edir. Ayrıca, Ermənistanda müsəlman qırğınının durdurulmasını istəyir.4 Hüseynovun bu göndərisi Orconikidze, Kirov və Levandovski tərəfindən dəstəklənir. Onlar bəyan edirlər ki, Ermənistan bu göndəri ilə razılaşmasa, bu, Ermənistanın sovetlərə qarşı savaş açması anlamında olacaqdır. Hüseynov Tiflisdə Kirovla görüşərək bildirir ki, Naxcıvan, Zəngəzur və Qarabağ ərazilərini ermənilərə buraxmaq, sadəcə Azərbaycanda deyil, Türkiyə və İranda da sovetləri etibarsızlaşdırar.5 May ayının 5-də Lenin “Müstəqil Azərbaycan zəhmətkeşlərinin” azad olunması ilə bağlı təbrik məsajı göndərdi və “Şərq millətlərinin düşməni olan imperializm qarşısında Azərbaycanın öz azadlıq və müstəqilliyini qoruyacağını” bildirdi. O, aprelin 29-da daha önəmli saydığı mövzuları bəyan etmişdi: “Bizim sənayemiz yanacaq və enerji qıtlığı üzündən işdən düşmüşdür. Proletariyanın Bakıdakı siyasi iqtidarı ələ keçirdiyi xəbərini duyduq. Bu, işdən düşmüş sənaye mərkəzlərimizi çalışdırmaq üçün iqtisadi bir imkan əldə etməmiz anlamındadır.”6
Sovetlər Azərbaycanda bərqərar olduqdan sonra “Savaş Kommunizmi” Azərbaycanda tam olaraq tətbiq edilmədi. İyun ayının sonlarına qədər kiçik alış-verişlər davam edirdi. Xalq Komiserləri Şurasının iqtisadiyyatdakı islahatı orta sinifin və kəndlilərin etirazlarına səbəb olurdu. Bakının işğalı müsavatçıların bölgələrdəki dirənişlərinə son vermədi. Özəlliklə Gəncədə ciddi dirəniş ortaya çıxdı və amansızca basdırıldı. Qarabağda qalan Nuru paşa bu dirənişlərə dəstək verirdi. O, Şuşanı işğal etdikdən sonra məhəlli inqilabçı komitəni tutuqlatdı. Bu sıralarda Camal paşa müsəlman partizanlarla bir yerdə Astarada və Lənkəranda qızıl ordu birliklərinə saldırdı. Mayın 5-də Orconikidze və Mikoyan Bakıya gəlib bolşevik təşkilatların toplantısında iştirak etdilər. Bu toplantıda bütün nitqlər inqilab düşmənləri ilə savaş üzərinə mərkəzləşmişdi. Orconikidze dedi: “Xanlar, feodallar və sərmayədarlar iqtidarı işçilərə təslim etmək fikrində deyillər. Onlar vilayətlərdə inqilaba qarşı savaşa davam etməkdədirlər.”7 Du Martel Fransa xarici işlər nazirliyinə yazır: “Azərbaycanda qızıl orduya qarşı narazılıq mövcuddur. Bir çox bölgələrdə qanlı etirazlar başlamış. Sədaqəti ilə məşhur olan Azərbaycan hökümətinin rəisi Xoyski Bakıdan qaçaraq mənim yanıma gəəlmiş. O deyir ki, Xalqın bolşeviklərə qarşı etirazı son həddə çatmış. Bolşevikləri devirmənin və Azərbaycanda Türkiyənin nüfuzunu ortadan qaldırmanın tam zamanıdır. Azərbaycan xalqı müsavat hökümətinin devrilməsində Türkiyəni suçlamaqdadır.”8 Gerçəkdən də müsavat iqtidarının devrilməsində Xəlil paşa və Türkiyə kommunist partiyasının rolları gözardı ediləsi deyildir. Orconikidze və Kirovun Moskvaya göndərdikləri məlumatda da bu mövzuya işarə edilmişdi. Türkiyə belə hesab edirdi ki, qızıl ordunun Bakıya girməsi ortaq düşmənləri olan müttəfiqlər üçün böyük zərbə olacaqdır. Bu üzdən də Bakının işğalında bolşeviklərlə işbirliyi etdilər. İyun ayının sonlarında qızıl ordu Azərbaycanda bütün dirənişləri qırdı. Azərbaycan cümhuriyyəti federativ Rusiya cümhuriyyəti ilə iqtisadi, hərbi müqavilə imzalayaraq sentyabrın 30-da möhkəmləndi. Bolşeviklərin Azərbaycanı işğal etdikləri sıralarda sovet rejimi yenidən təhlükə ilə qarşı-qarşıya gəlmişdi. Müttəfiqlər sovetlərə qarşı son təlaşlarında ağları dəstəkləməyə başlamışdılar. Fransa bolşeviklərə saldırması üçün Denikinin yardımçısı general Vrangelə kömək etdi. Ancaq Denikinin məğlubiyyətindən sonra tərəfdarlarında ruh düşkünlüyü yaranmışdı. Polşada general Pilsudski Fransanın yardımı ilə bolşeviklərə qarşı geniş əməliyyata başladı. Mayın 7-də Kievə girdi. Bu saldırı bolşeviklərin Qafqazdakı əməliyatlarını təxirə saldı. Bolşeviklər iç savaşın və Polşa savaşının sona çatmasına qədər Ermənistan və Gürcüstan cümhuriyyətləri ilə anlaşmaq zorunda qalırlar.
Qızıl ordu birimləri Ermənistan və Gürcüstan sınırlarına dayanmışdı. Bu iki Qafqaz ölkəsinin qızıl orduya mülayim münasibətləri var idi. Gürcülər eyni zamanda həm bolşeviklər, həm də türklər tərəfindən təhdid edilməkdə idilər. Türklər özlərini bitərəf olaraq duyursalar da, gürcülər bolşeviklərlə qarşı-qarşıya gələcək səviyyədə deyildilər. “Gürcü millətçiliyi, yalnız aydınlar və işçilər arasında yayqındır. Gürcü əkinçiləri dövlətin ərazi islahatından narahatdır. Bu islahata görə əkinçilər torpağı dövlətdən satın almalıdır. Milli düşüncə və vətənsevərlik duyğuları gürcülərin maddi sıxıntılarına qalib gəlməmiş. Onlar millətçi olmaqdan daha çox bölgəçidirlər.”9 Bu bölgəçilik hərəkəti isə, abxazlar, acarlar və Osetinlər tərəfindən edilməkdə idi.
Ermənistan rusdan daha çox türk təhdidindən qorxurdu. “Hüseynov Qarabağın erməni ordusundan boşaldılması ilə bağlı göndərdiyi ultimatoma baxmayaraq ermənilər çox sakindirlər. Türkiyənin saldırması durumunda onlar qızıl ordudan yardım bəkləyəcək, hətta qızıl orduya qurtarıcı kimi baxacaqlar. Çünkü bu günə qədər ermənilər müttəfiqlərin yardımından məhrum qalmışlar. Bolşeviklər Qarabağda Nuru paşaya saldırmışlar.”10 Qızıl ordu Ukraynada yenilir. Müttəfiqlər bu yenilgədən yararlanaraq yenidən Qafqazı Rusiyadan ayırıb, Türkiyə ilə sovetlərin birləşmə ehtimalını ortadan qaldırmaq istəyirlər. Du Martel mayın 6-da yazır: “Moskva bolşevikləri ilə Mustafa Kamalın millətçiləri birləşərək bütün gücləri ilə savaşıb müttəfiqləri məğlub etmək istəyirlər. Bu üzdən bir-birlərini qullamaqda, dəstəkləməkdədirlər. Zavallı Ermənistanın gələcəyi çox qaranlıq görünür. Türkiyə və Azərbaycan arasında sıxışan Ermənistanın böyük zərər görmə ehtimalı var.”11 1920-ci ilin baharında Azərbaycanda üsyan baş qaldırıb Şimali Qafqaza yayıldı. Şimali Qafqazda imam Qotsinski öz savaşına davam edirdi. Antibolşevik güclərin Rusiyaya saldırması genişlədikcə müttəfiqlərin Qafqaza müdaxilə niyyəti güclənirdi. Du Martel Parisə bu məlumatı göndərmişdi:
Bizim yardımımızla Gürcüstan və Ermənistan ayaqda dura bilər. Batuminin tələm-tələsik boşaldılması gürcülərə problem oluşduracaqsa da, Gürcüstansız Ermənistan olmayacaqdır. Belə olarsa, bolşeviklərin Qafqazda qələbələrinin məsuliyyəti bizim üzərimizə düşəcəkdədir. Bu da elə bir zamana rast gəlməkdədir ki, Rusiyanın başqa cəbhələrdə başının məşğul olması, Qafqazdakı aktivliyini azaltmışdır. Qafqaz dağlarının kiçik qövmləri və Azərbaycan bolşeviklərin düşdükləri zəif durum ortamında bizə uğrayıb yardım istəyirlər.”12 Ermənistan dövləti müttəfiqlərdən bir daha onların imkanlarına güvənib güvənə bilməyəcəyini soruşur. Ali Şuranın silah göndərəcəyi gerçəkləşəcək, yoxsa verilən bu sözlər, sadəcə söz oalaraq qalacaqdır deyə ermənilər müttəfiqlərdən soruşdu. Du Martelin cavabı onun tələskənliyini göstərir: “Mənim silahla bağlı göndərdiyim teleqramlara hələ cavab gəlməmişdir.”13 Belə anlaşılır ki, Paris polşalıların və ağ rusların bolşeviklərə qarşı silahlı savaşına daha çox önəm vermiş və Qafqazı o qədər gərəkən düzeydə önəmsəməmişlər. Müttəfiqlər bolşeviklərə problem oluşduracaq səviyyədə qafqazlıları dəstəkləmirdi. Lord Curzon aprelin 24-də Çiçerindən Qafqazda hərbi əməliyyatların durdurulmasını istəyir. Bolşeviklər zəif duruma düşmüşlər. Dağıstandakı gərginlik üzündən Azərbaycandakı ordunun bir bölümü Dağıstana sövq edilmiş. Bu üzdən də bolşeviklər müttəfiqlərin dəstəklədiyi Ermənistan və Gürcüstanla yeni problemlər yaratmaq istəmirlər. Qafqazda yeni cəbhə oluşmaması üçün bu iki ölkə ilə barışdan yana davranırdılar.
Erməni bolşeviklər durumu başqa cür görürdülər. Qızıl ordunun Qafqaza girməsindən həvəslənən erməni bolşeviklər Ermənistanda iqtidarı ələ keçirmənin yolları üzərində düşünürdülər. Erməni bolşeviklər inqilab edəcəkləri təqdirdə Ermənistan əhalisinin onları dəstəkləyəcəyini sanırdılar.
Dostları ilə paylaş: |