Serj Afanasiyan Tərcümə: Güntay Gəncalp (Cavanşir) Ermənistan Azərbaycan


Qafqaz cümhuriyətlərinin müstəqilliyi



Yüklə 1,47 Mb.
səhifə4/32
tarix02.01.2022
ölçüsü1,47 Mb.
#2390
1   2   3   4   5   6   7   8   9   ...   32
Çar dönəmində Qafqazın durumu
Qafqazın Rusiyaya ilhaqı bu bölgədə yaşayan qövmlərin tarixində yeni bir səhifə açdı. Qafqaz xalqlarının iqtisadi qaynaqları tarım idi. Rusiya imperiyasının iqtisadi sisteminə Qafqaz xalqlarının inteqrasiyası onların sosial strukturunu dəyişdirməyə başlamışdı. Rusiya xalqlara verdiyi sözü tutmuyaraq məhəlli muxtariyətə önəm vermirdi. Rusiya azad dənizlərə çıxmaq üçün Qafqaza bağlayıcı bir yol kimi baxırdı. Rusiyanın bu niyyəti, sadəcə boğazlara sahib olan Türkiyəni rahatsız etmirdi. Hindistanı öz müstəmləkəsi halına gətirmiş olan İngiltərəni də əndişələndirirdi. Birinci Dünya Savaşı başladığında 180 min kvadrat kilometr ölçümü olan Qafqazın 6/7 milyon nəfər cəmiyəti var idi. Bu cəmiyətin əksəriyətini azərilər, ermənilər və gürcülər təşkil edirdi. Bu zaman azərilərə tatar deyilirdi. Bu zaman Qafqazda 450 min rus, 100 min osetin, 50 min abxaz, 30 min kürd və çox az qismdə yunan, alman, yəhudi var idi. Qafqazın idarə mərkəzi Tiflis idi. Qafqaz əyalətlərə ayrılmışdı. Bu əyalətlərin sınırları milli, məzhəbi və iqtisadi verilər göz önündə bulundurulmadan müəyyən edilmişdi. Bu da Qafqazda yaşayan qövmlər arasında qarşıdurmalar üçün imkan yaradırdı.

Rusiyanın Qafqaz yeraltı zənginliklərini sömürməsi yeni bir təbəqənin ortaya çıxmasına səbəb olmuşdu. İqtisadi sistem dəyişmiş və şəhərlərdə burjuazi və işçi sinifi oluşmağa başlamışdı. Dəmir yolunun istifadəyə verilməsi Qafqazda mədəni inkişafı da etkiləmişdi. Özəlliklə Bakı, Tiflis, Batumi və Aleksandropol sosial durumu dəyişən şəhərlər arasında idi. İqtisadi inkişafın ortaya çıxışı və Qafqaz qövmləri gənclərinin Rusiya imperatorluğunun və Avropa ölkələrinin universitetlərində təhsil almaları mədəni sıçrayışa imkan yaradırdı. Ancaq hələ gərəkən səviyədə Avropa modeli burjuazı və proletariya ortaya çıxmamışdı. Bu üzdən də marksist görüş asanlıqla özünə yer edə bilməzdi. Burjua siniflər ümumən Çar rejimi ilə əməkdaşlıq edirdi. Yalnız Rusiyanın qövmlərə qarşı əzici politikası milli vicdanı sürətlə oyadırdı. Bunun nəticəsi olaraq milli kimliyi ön plana çəkməyə başlayan partiyalar qurulmağa başladı. Bu partiyalar Rusiyanın xalqlara qarşı olan sərt politikasını tənqid edirdi.

Azərbaycan burjuaziyası özünü yeni gəlişmələrə uyğunlaşdırmağa çalışırdı. Petrol burjuaziyası Bakının görüntüsünü dəyişdirirdi, lakin Rusiya azərilərə çox az miqdarda bu imkandan yararlanma fürsəti tanıyırdı. Azərilər tarixdə heç bir zaman müstəqil bir dövlət qurmamış və xanlıqlar şəklində siyasi həyatlarına davam etmişdilər. Bu xanlıqlar ümumən İranda qurulan dövlətlərə tabe olmuşlar. Azərilərin qonşuları xristian gürcülər və ermənilər olduğundan Rusiya imperiyasında onlar öz qonşuları ilə əməkdaşlıq etmək yerinə digər müsəlmanlarla əməkdaşlıq etməyə çalışırdılar. 1900-cü ildə Rusiyada 15 milyon müsəlman əhali var idi. Çar 1905-ci ildə bir bəyaniyə yayaraq nisbi azadlıqlara imkan tanıdı. Bundan yararlanan azəri ziyalılar müsəlman məşrutəçi bir partiya qurdular. Bu partiyanın rəhbərliyində Haşım Vəzirov, Əhməd Ağayev və Əlimərdan Topçubaşov kimi aydınlar durmaqda idi. Onlar partiyanın mövqeyini əks etdirən “Həyat” qəzetində öz fikirlərini nəşr etdirir, məhəlli muxtariyətdən yana öz görüşlərini açıqlayırdılar. Həyat qəzetində Rusiyanın Azərbaycana rus mühacirlərini yerləşdirmə politikası tənqid edilirdi. Abbas Kazımzadə, M. Ə. Rəsulzadə, Əfəndiyev, Hacinski kimi gənc ziyalılar sosialist görüşdən yanaydılar. 1903-cü ildə onlar Bakıda Rus Sosial Demokrat Partiyasının üzvü olmuşdular. Ancaq bir il sonra bu partiyadan ayrılaraq “Hümmət” Müsəlman Sosial Demokrat Partiyasını təşkil etdilər. Hümmət partiyası təşkilatçılıq baxımından Rus Sosial Demokrat Partiyasına bağlı idi. Ancaq “İslamçı xasiyət”ləri onlara bir növ bağımsız hərəkət etmə imkanı qazandırırdı. Rus Sosial Demokrat Partiyasında rusların, ermənilərin və gürcülərin üstünlükləri var idi. Onların islami xislətləri azərilərin bu partiyanın içində ərimələrini önləyirdi.

1905-ci ildə Nəriman Nərimanov və Məşhədi Əzizbəyov Hümmət partiyasına qatılırlar. Onlar daha öncə Rus Sosial Demokrat partiyasında idilər. Hümmət partiyasına qatıldıqları gündən əksəriyəti yazıb-oxumaqdan məhrum olan müsəlman əhalinin eyitimi ilə məşğul olmağa başlayırlar. Dövlətə qarşı nümayişlər təşkil etməyə çalışırlar. Ancaq Çar rejimindən yana olan müsələman mollalara açıqca qarşı çıxmaqdan çəkinirlər. 1907-ci ildə rejim inqilabçıları cəzalandırmağa başlayır. Nərimanov, Əfəndiyev və digərləri tutuqlanırlar. Rəsulzadə İrana qaçır və bir müddət sonra Türkiyədə yerləşir. Rəsulzadə Türkiyədə bulunduğu müddətcə Qafqaz və Kırım siyasi mühacirləri ilə sıx əlaqəyə girir. Onların hamısı panturanist hərəkətə qatılırlar. Çarın ümumi əfv fərmanı çıxdıqdan sonra Rəsulzadə Bakıya dönür. 1911-ci ildə Abbas Kazımzadə, Kərbəlayi Mikayılzadə və “Hümmət”in əski rəhbərləri vasitəsi ilə “Musavat” partiyası qurulmuşdu. Musavat millətçi liberal partiya idi. Rəsulzadə Bakıya döndükdən sonra Musavat partiyasının rəhbərliyini ələ aldı. Musavat partiyası güclənərək Qafqaz müsəəlmanlarının tək millətçi partiyasına dönüşdü. 1918-ci il may ayından öncə azəri və Azərbaycan sözləri heç bir yerdə keçməmişdi.

“Hümmət”in sol cinahı Nərimanov, Əzizbəyov, Bünyadzadə və Sultanov idi. Onlar 1917-ci ildə “Ədalət” partiyasını təsis etdilər. Onların amacı işçilərin haqlarını savunmaq idi. Özəlliklə İran kökənli işçilər Bakının petrol quyularında çalışmaqdaydılar. Ədalət Partiyası onların haqlarını müdafiə edirdi. 1920-ci ildə Ədalət partiyası “İran Kommunist Partiyası” adı ilə fəaliyət göstərməyə başladı. “Hümmət”in sağ cinahı içində Əbilov, Ağamalıoğlu, Qarayev kimi adlar var idi. Onlar Tiflisdə öncə mənşeviklərlə, daha sonra bolşeviklərlə əməkdaşlıq etməyə başladılar.

19-cu əsrin əvvəllərində Gürcüstan öz müstəqilliyini itirmişdi. Ancaq buna rəğmən böyük mədəni və tarixi keçmişi var idi. Ermənilər isə, 16-cı əsrdə öz müstəqilliklərini itirmişdilər. Gürcülər də ermənilər kimi, siyasi bağımsızlıqları olmasa da, öz milli dəyərlərini qorumağı başarmışdılar. Erməni-gürcü dirənişi Üçüncü Aleksandr (1881-1894) zamanında zirvəyə çatır. Bu zaman güclü bir şəkildə ruslaşdırma politikası tətbiq edilməkdədir. Qafqazda da ruslaşdırma başlar. Məktəblərin, kilsələrin dili, yalnız rusca olmalı idi. Çar zülmündən xilas olmaq üçün inqilabi qurumların təşkili fikri ortaya çıxar. 1892-ci ildə gürcü aydınlar bir iş planı təşkil etmək üçün Zestafonidə bir araya gəldilər. Onların içində Noi Jurdaniya, Maxaradze, Ramişvili, Tesxakaya, Cibladze, Ketsexovli, Minuşvili kimi gələcəyin siyasi liderləri olacaq şəxsiyətlər var idi. Onlar sosial demokrat adında bir partiya təşkil etmək qərarına gəlirlər. Partiyanın adı “Məsamə Dasi” (Üçüncü nəsl) olaraq müəyyən edilir. Bu, ilk marksist gürcü təşkilatıdır. Partiyanın “Kovali” (Tarla) adında qəzeti çıxmağa başlayır. 1901-ci ildə bu partiyanın radikal qanadı “Berdzula” (Mübarizə) adında bir qəzet çıxarır. Bu qəzet açıqca kommunist ideyalardan yana olur. Krasinin yardımı ilə bu qəzet gizlincə bakıda yayılır. Jozef Cuqaşvili (Stalin) öz siyasi görüşlərini bu qəzetdə yazırdı.

Bu arada daha geniş siyasi ortamın oluşması yolundakı istəklər rejimin rədd cavabı ilə qarşılaşır. Çar rejimi öz despot siyasətini yenidən tətbiq etməyə başlayır. Sosial Demokrat Partiyasına mənsub olan bir çox mübarizlər tutuqlanırlar. 1906-ci ildə təşkil olunan Dumanın ilk məclisində bir çox gürcü sosial demokrat yer almışdı. Erməni əhalisi azərilər və gürcülər kimi bir yerdə toplu şəkildə yaşamırdı. Ermənilər dağınıq şəkildə yaşamaqdaydılar. Bir qismi də Rusiyanın və Qafqazın sənayeləşmiş şəhərlərinə dağılmışdılar. Ermənilər öz milli ölkələrinin xaricində siyasi fəlaliyətə başlayırlar. 1815-ci ildə Moskvada lazarist məktəbi təsis edilir. Daha sonra bu məktəb adını “Şərq Dilləri Müəssisəsi” olaraq dəyişdirir. Burada bir çox siyasi yazıçı və siyasi aktivistlər təlim görürlər. 1824-cü ildə Tiflisdə Nerssiyan adında bir məktəb təsis edilir. Bu məktəbin şagirdləri arasında daha sonra modern erməni dili və ədbiyatının təsisçisi olacaq Xaçatur Əboviyan da vardır. Ayrıca, erməni kilsələrində də siyasi xadimlər yetişməyə başlayır.

Erməni inqilabi partiyası Hinçakiyan 1887-ci ildə Cenevrədə təsis edilir. Bu partiya “Hinçak” adında bir qəzet buraxır. Hinçak erməni dilində zınqırov deməkdir, kilsə zınqırovsu. Bu partiya Rusiyadan İsveçrəyə siyasi mühacir olaraq sığınan popolist narodniklərin təsiri altında idi. İlk öncə Osmanlı istilasında olan Qərbi Ermənistanın azadlığını istəyirdilər. Daha sonra bu partiyada sosialist görüşlər ortaya çıxdı. Rus inqilabi hərəkəti içində əriməmək üçün 1903-cü ildə Qafqazda “Erməni Sosial Demokrat Partiyası” adında müstəqil siyasi bir təşkilat qurdular. 1885-ci ildə Vanda “Armenakan” adında bir partiya qurulmuşdu. 1909-cu ildə bu partiyanın rəhbərliyi yeni qurulmuş olan partiyanın bir qismi ilə bir yerdə “Ramkavar” adında erməni demokrat partiyasını qurdular. 1907-ci ildə bu partiyanın Rusiya dumasında nümayəndələri var idi. Bu nümayəndələrin rəhbəri Mikayıl Papacanov idi.

1903-cü ildə Bakıda başqa bir erməni sosial demokrat partiyası yarandı. Bu partiya David Ananon və Bəxşi Əşkaniyan kimi ermənilər tərəfindən təsis edilmişdi. Onlar Rusiya sosial demokratlarından ayrı olaraq sırf erməni mənafeyi yolunda fəaliyət göstərmək istədikləri üçün “Xas Erməni” adlanırdılar. Yəhudi inqilabi hərəkəti də buna bənzər bir fəaliyət içində idi və “Bund” adlanırdı.

1890-cı ildə erməni ziyalıları və tələbələri birləşib və erməni inqilabi federasiyasını təşkil etmək istəyirlər. Bu federasiyanın adı xülasə olaraq “Daşnak” adlanır. Bu partiya ən nüfuzlu erməni partiyası kimi ortaya çıxır. Erməni milli hərəkətində bu partiyanın çox böyük rolu olur. Ancaq bu partiyanın içində fərqli təmayüllər var. Bu təmayüllər bayraq anlamında olan partiyanın “Druşak” adlı qəzetində dərc olurdu. Bir təmayül öncə Qərbi Ermənistanı Türkiyənin əsarətindən azad etmək istəyirlər. Başqa bir təmayül isə, rus sosialist inqilabçıların təsiri altındadır və ruslarla bir yerdə Çar rejiminə qarşı mübarizədən yanadılar. İkinci təmayülün başını çəəkən Vahan Minaxuriyan və Arşam Xundkariyan 1917-1921-ci illər arasında siyasi səhnədə çox aktiv oldular.

Bu dönəmdə Qafqazda despot rejimə qarşı bir çox təşkilat ortaya çıxsa da, ancaq bu təşkilatlar müştərək despot rejimə qarşı birləşmək istəmirdilər. Bundan yararlanan despot rejim də Qafqaz qövmləri arasında düşmənlik toxumu əkirdi. Çar rejiminin Qafqaz qövmlərinə qarşı tətbiqatından nümunələr vermək mümkündür: Erməni kilsələrinin mal varlıqlarını ümumiləşdirdilər. 1905-ci ildə ermənilərlə azəriləri təhrik edib Bakıda bir-birlərinə qarşı silahlı savaşa sövq etdilər. Bunlar da işçi kəsimin diqqətini sinfi mübarizdən yayındırırdı.

19-cu əsrin sonralarında Rus Sosial Demokrat Partiyası tərəfindən marksist görüşlər Qafqaza girməyə başlayır. Bu partiya iddia edirdi ki, dünyanı özünə vətən sayan və Qafqaz işçiləri və qövmlərinin haqlarını savunan bir tək partiyadır. Onlara görə Qafqaz qövmləri və işçiləri burjuaziyanın hədəfləri doğrultusunda qullanılmaqda idi. Ancaq bu görüşlər Qafqaz xalqları arasında özünə yer tapa bilmir və Qafqaz xalqları daha çox milli təşkilatlara təmayül göstərirdilər. Ayrıca, qafqazlı bolşeviklər Qafqada deyildilər. Onlar Rusiyada, ya da xarici ölkələrdə Leninlə bir yerdə çalışmaqda idilər. Erməni bolşeviklər Lalayants, Kasparov, İspandariyan, Avansov və gürcü bolşeviklər Maxaradze, Orconikidze, Enokidze və Tsxakaya tanınmış məşhur bolşeviklər idilər.

1902-ci ildə ilk Erməni Sosial Demokratlar birliyi quruldu. Stepan Şaomiyan, Buqdan Knuniyants, Arşak Zuraybiyan Tiflisfdə bu birliyin rəhbərliyinə seçildilər. Şaomiyan 1899-cu ildə Ermənistanın Loru məntəqəsində ermənilər arasında kiçik məhfillər düzənləyərək marksist ideologiyadan danışırdı. Daha sonrakı illərdə şaomiyan Qafqazın ən ünlü marksist şəxsiyəti və Leninin həmkarı kimi tanınacaqdı. Bu erməni birliyi “Proletar” adlı qəzetində öz manifestini yazıb yaymışdı. Lenin bu manifesti oxuduğunda milli məsələ ilə bağlı Şaomiyanı təbrik edir.

1903-cü ildə Bakı, Tiflis, Batumi və digər bölgələrin sosial demokrat təşkilatları birləşirlər. Rus Sosial Demokrat Partiyasının ilk Qafqaz komitəsini təsis edirlər. Bu təşkilatın rəhbərliyində Şaomiyan, Caparidze, Knuniyants, Tsxakaya, Maxaradze yer alırlar. Bu komitə üç dildə yayımlanacaq bir qəzet çıxarmaq qərarına gəlir: “Burya proletariya” (İşçilərin savaşı) rus dilində, “Proletariyatis berdzula” gürcü dilində, “Proletariyati kriyo” erməni dilində. 1905-ci ildə Rusiyanın Japoniya qarşısındakı məğlubiyəti onun etibarına böyük zərər verdi və iç müxalifəti gücləndirdi. Rusiyanın bu məğlubiyəti Qafqaza da öz təsirini buraxdı. Bolşevik komitələr həvəslənərək Bakıda və Tiflisdə Çar Rusiyasına qarşı nümayişlər düzənlədilər. Əkinçilər böyük feodallara saldırırlar, hətta ordunun da içində iğtişaş baş qaldırır. 1907-ci ilin sonlarına doğru Rusiya dövləti iğtişaşları kontrol altına alır və inqilabçıları yaxalayıb sürgünə göndərir.

1914-cü ildə Türkiyənin Birinci Dünya Savaşına girməsi Qafqazdakı siyasi durumu dəyişdirir. Türk ordusu öncə Qafqazda irəliləməyə başlayır. Daha sonra Qafqaz müttəfiq güclərin orduları tərəfindən işğal edilir. Sonunda yenə də ruslar Qafqazı ələ keçirirlər. Bu arada iki imperatorluqda yaşayan ermənilər öncə daha çox ümidlənir və daha sonra böyük fəlakətlərlə qarşılaşırlar. Türkiyədə yaşayan ermənilərin xarici dünya ilə irtibatları kəsilir. Bundan yararlanan Türklər daha öncədən hazırladıqları planları həyata keçirməyə başlayırlar. Plan erməniləri yox etmək idi. Ancaq Qafqaz erməniləri Rusiya-Türkiyə arasında gedən savaşda onlar üçün yeni ümidin doğduğunu görür və milli dövlətlərini qurmaq xəyalına qapılırlar. Bu üzdən Türkiyədə yaşayan erməniləri də xilas edərək birləşik Ermənistan muxtar dövləti qurmaq üçün hərəkətə keçirlər. Bu yolda həm Çar Rusiyası, həm də Milikov kimi rus liberallar ermənilərə və´dlər verirlər. Bundan sonra erməni siyasi təşkilatları inqilabi fəaliyətlər yerinə, Rusiya dövləti ilə əməkdaşlıq etməyə başlayırlar.

Rus Sosial Demokrat Partiyası içində menşevik cinah daha çox gürcülərin kontrolundadır. 1915-ci ilin oktyabr ayında Gürcüstanda keçirilən toplantıda menşeviklər savaşla bağlı “savunma” pozisiyası alırlar. Çünkü onlar Rusiyada demokratik bir rejimin işbaşına gəlməsi ilə savaşın sona çatacağına inanırdılar. Bu demokratik rejimin qurulması ilə millətlərin haqlarına sayqı duyulacağını bəyan edirdilər. Bu zaman Bakıda bolşeviklərin toplantısı keçirilər. Leninin tapşırığına görə imperialist savaşı daxili savaşa dönüşdürmə yolunda fikir alış-verişində bulunurlar. Daxili savaş yoluyla bolşeviklər siyasi amaclarına çatacaqlarını, sosialist rejim quracaqlarını ümid edirdilər.

Azərbaycanda Musavat partiyası dövlətə qarşı açıq politika izləməkdən imtina etdi. Çar dövləti müsəlmanlarla bağlı bəzi islahat edəcəyini qərara almışdı. Azərbaycanda Əhməd bəy Ağayev, Əli bəy Hüseynzadə kimi ünlü turançılar var idi. Bunlar savaşdan öncə Türkiyədə məskunlaşmışdılar. 1915-ci ildə Osmanlı imperiyasında fəaliyətə başlayırlar. Bunların amacı Osmanlı vasitəsi ilə Rusiyadakı bütün müsəlmanları ayırıb bir dövlət çatısı altında birləşdirmək idi. 1917-ci ildə Qərb savaş cəbhələrində Rusiyanın durumu kötüyə doğru getməkdədir. Ruslar Qafqaz cəbhəsindən geriləmək üzrədirlər. Bu zaman Musavat partiyasının içində Türkiyə tərəfdarları aktivləşməyə başlayırlar. 1917-ci ildə Milli Müsəlman Federalist Partiyası Gəncədə təsis edilmişdi. Bu partiya Musavatla birləşir və Osmanlı ilə sıx əməkdaşlıqetmə qərarına gəlir. Bu partiya Osmanlı ordusunun Qafqazda irəliləməsi üçün əməkdaşlıq etməyi qərarlaşdırır.

Qafqazda siyasi partiyaların durumu bu şəkildə idi. 1917-ci il oktyabr ayında bolşeviklər Petroqradda hərbi çevriliş etdilər. Bu hərbi çevrilişdən sonra Qafqaz tarixində yeni bir çağ başlayacaqdı.




Yüklə 1,47 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin