Romantik poeziyanın fəlsəfə qatı
və ya fikrin gözəllik məqamı
Həyat onun ürəyini oxuyan müğənni tapa bilməyəndə,
onun ağlı ilə danışan filosof yaradır.
C.X.Cübran
Romantik poeziya özlüyündə bir ədəbiyyat hadisəsi olmaqla yanaşı, həm də fəlsəfi fikrin mühüm qaynaqlarından biridir. Düzdür, romantizmin ən görkəmli nümayəndələrindən biri, yeni ərəb ədəbiyyatı korifeyi Cübran Xəlil Cübran fəlsəfənin payına ən çox düşüncəni aid edir, hiss dünyasını isə şairlər üçün saxlayır: “Filosofun ruhu onun düşüncələrindədir, şairin ruhu – ürəyində!” Gözəl deyilmişdir! Amma tək düşüncədən fəlsəfə hasil olmaz. Düşüncədən hasil olan elmdir. Fəlsəfə isə ürəklə başın ittifaqını tələb edir. Necə ki, romantik poeziya məhz ona görə romantikdir ki, burada fikir ürək çırpıntıları ilə ritmlərin və hissiyyatın qanadlarında adi şüur üçün əlçatmaz bir mərtəbəyə yüksəlir.
Romantik poeziyada Haqq, Həqiqət, Gözəllik və Xeyrin eyniyyət məqamı tərənnüm olunur. Romantik ədəbiyyat maddiyyatı, var-dövləti, pulu, rəyasəti, gücü, şöhrəti həyatının mənası hesab edənlərdən fərqli olaraq, fani dünyanın aldadıcı cazibəsindən uzaq duran, bu dünyaya daha ali məqsədlər prizmasından baxan insanlar tərəfindən yaradılmışdır. Şərq və Qərbin idealları da bu yüksəklikdə – zirvədə birləşir.
Professor Aida İmanquliyeva bütün yaradıcı ömrünü məhz bu yüksəlişin fəthinə həsr etmişdir. O, öz əsərlərində “bütün varlıqların dönmədən irəliyə – həqiqətə və gözəlliyə doğru hərəkət etməsinə olan romantik inamı”1 tərənnüm edir. Aida xanim romantik poeziyanı onun Qərbdə C.Q.Bayron, U.Bleyk, R.Emerson, U.Uitmen kimi və Şərqdə C.Cübran, Ə.Reyhani, M.Nüaymə kimi ən böyük nümayəndələrinin timsalında araşdırmış və bir tərəfdən hiss və əqlin, digər tərəfdən Şərq ilə Qərb düşüncə tərzlərinin, vəhdət məqamlarını üzə çıxararaq, bəşəriyyətin məhz bu vəhdətə doğru inkişaf etmək əzmini təsbit etmişdir.
Öz tədqiqatlarında da poetik ruhla fəlsəfi düşüncənin, romantizmlə realizmin vəhdətindən çıxış edən Aida xanım Azərbaycan ədəbi və fəlsəfi fikrində ilk dəfə olaraq Şərq və Qərb romantiklərinin geniş müqayisəli təhlilini vermişdir. Onun yaradıcılığında Qərb ədəbiyyatının özünə də diferensial münasibət bəslənir və yeni ərəb ədəbiyyatının görkəmli nümayəndələrinə təsir baxımından Amerika transsendentalizmi və Avropa romantizmi ayrılıqda nəzərdən keçirilir. «Transsendentalistlərin fikrincə, intuisiya və təxəyyül həqiqətin dərk olunmasında mücərrəd məntiqə, yaxud elmi metoda nisbətən daha düzgün vasitədir. Dünyanın əzəli, həqiqi səbəbini açıb göstərmək iqtidarında olan şair rolunun özünəməxsus anlamı da buradan gəlir. Şair yüksək mənəvi dəyərlərin daşıyıcısı olur ki, bu da onu Allaha yaxınlaşdırır. O, həqiqəti insanlara açan söz ustasıdır, kahindir».2
Aida xanım konkret olaraq Cübran və ər-Reyhanidən bəhs edərək yazır ki, «əgər onlar transsendentalistlər kimi, təbiətdə yaradılışın – insan da bu yaradılışın ayrılmaz bir hissəsi hesab olunurdu – ən dərin mənasını dərk edirdilərsə, Avropa romantiklərinin ardınca onlar təbiətdə azadlıq, harmoniya, gözəllik və təbiilik görürdülər».1 Ərəb romantiklərinin poeziyasında bu ideallar təkcə təbiətin yox, insan ruhunun da əsas atributları kimi tərənnüm olunurdu.
Gözəllik idealının ən yaxşı tərənnümçülərindən biri Cübran Xəlil Cübran idi. Aida İmanquliyeva da onu məhz bu mövqedən təqdim edir: “Cübran ingilis romantikləri kimi, gözəlliyi ümumi və ideal bir şey olaraq müəyyənləşdirir, təbiət kimi insan da gözəlliklə dolub daşır. Gözəllik adlı-sanlı və zəngin insanların imtiyazı deyil, o, «bütün insanlığın müqəddəs mülkiyyətidir»”.2 “Cübran üçün gözəllik həyatın özəyidir”.3
Ruhani dünyanın öz “gözəllik”, öz “həqiqət” anlamı olduğu kimi, maddi dünyanın da öz “gözəllik” və öz «həqiqət» anlamı var. Öz xeyri, öz haqqı, öz ədaləti var. Meyarlar həmin dünyanın hüdudu daxilində seçildiyinə görə, burada hər şey nisbidir. Bir gözəllik ancaq başqası ilə nisbətdə gözəldir. Bir halda ədalətli sayılan, başqa halda ədalətsiz ola bilər. Yəni hər şey nisbi imiş…
Fani, keçici dünyanın nisbi həqiqətləri və nisbi idealları…
Lakin harada isə mütləq meyarlar varsa, mütləq Ədalət, mütləq Həqiqət, mütləq Gözəllik və nəhayət, mütləq Xeyir varsa, onlara ancaq bu nisbiliklərin fövqünə qalxmaqla çatmaq olar.
Romantizm bu mütləq dünyaya necə yüksəlməyin yollarını araşdırmır, o, sadəcə bu yolu poetik vüsətin iri addımlarla, bəzən də qanadları üzərində qət edir. Bu mütləq dünyada bərqərar olan ideallar içərisində hansının daha ilkin və daha universal olduğunu aydınlaşdırmaq da romantik poeziyanı deyil, tənqidin və fəlsəfənin işidir.
Qədim yunan fəlsəfəsində Sokrat və Platon bir ideal kimi, varlığın ali mərtəbəsi kimi Xeyiri önə çəkirdilər. Mütləq aləmdə, ruhun Haqqa qovuşmaq məqamında ancaq Xeyir var, Şər yalnız naqis dünyaya enəndə ortaya çıxır.
Bununla belə, bu “yoxluq”lar cismani həyatda “vətəndaşlıq hüququ” qazanaraq varlıqlara tərəf-müqabil olmuş və bizim dünyamız xalis şəkildə yox, əksliklərin vəhdəti şəklində mövcud olmuşdur.
Dünyanı ancaq əksliklərin vəhdəti kimi: işıq və qaranlığın, ağ və qaranın, xeyir və şərin, ideya və materiyanın, harmoniya və xaosun, hərəkət və sükunətin, iradə və süstlüyün mübarizəsi qarşılıqlı keçidi kimi təqdim etmək təşəbbüsləri az olmayıb.
Lakin ikinci tərəflərin yoxluğundan çıxış edən və dünyanı ancaq birincilərin qradasiyası kimi izah edən təlimlər də mövcuddur.
Ancaq İşıq var. Qaranlıq işığın yoxluğudur.
Ancaq Xeyir var. Şər xeyirin yoxluğudur.
Ancaq Harmoniya var. Xaos harmoniyanın yoxluğudur.
Ancaq Həqiqət var. Yalan həqiqətin yoxluğudur.
Ancaq Gözəllik var. Eybəcərlik gözəlliyin yoxluğudur.
Ancaq İradə var. Süstlük iradənin yoxluğudur.
Dünya ancaq İradə kimi, ancaq Harmoniya, ancaq Həqiqət, ancaq Əql, ancaq İşıq, ancaq Xeyir kimi!
Lakin dünya ya qütbləşmiş halda, ya da birqütblü dünya kimi təsəvvür olunarkən bunun ancaq idealizasiya olduğu nəzərə alınmalıdır. Yəni, bütün dünyanı bir qütbdə əritmək bir növ onun rəngarəngliyini, müxtəlifliyini nəzərdən qaçırmaqdır.
Bəli, həqiqi böyük varlıq saf halda, təmiz halda hər cür maddiyyatdan ucada durur. Heçliyi özündə saxlamır. Qaranlığı, nadanlığı, süstlüyü özündə saxlamır. Lakin bu, ideal haldır, yeganə həqiqi varlıq olan mütləq ideyaya – Allaha xas olan keyfiyyətlərdir. Lakin bizim mənsub olduğumuz, yaşadığımız dünya ona görə fani və naqisdir ki, burada işıq qaranlıqla, əql nadanlıqla, xeyir şərlə, ideya maddiyyatla qatışıq haldadır.
Və bu fani dünyanın əzəli və əbədi yolçusudur insan… Qaranlıqdan işığa, nadanlıqdan əqlə, xaosdan harmoniyaya gedən yol! Həmişə yol gedən və heç vaxt son mənzilə çatmayan insan! Reyhani gözəl demişdir: “Həyat iki əbədiyyət arasında yarğan, iki qara bulud arasında çaxan şimşəkdir”.1
Şərq dünyası əsrlər boyu fərdi «mən»in kamilləşməsi yollarını axtarmış, dünyanı naqislikdən xilas etmək və mütləq varlığa yaxınlaşmağın yollarını, vasitələrini axtarmışdır. Şərq idealının əsasını ideyaya qovuşmaq (Allaha qovuşmaq, maddi başlanğıcdan xilas olmaq) təşkil edir. Aida İmanquliyevanın dediyi kimi, “azad olmaq üçün heyvani tələbatlardan qurtulmaq gərəkdir.”2.
Ümumiyyətlə, nəfsin “heyvani nəfs” və “insani nəfs” deyə iki yerə bölünməsi və nəfsə qarşı mübarizə ideyası Şərqi səciyyələndirən mühüm cəhətlərdən biridir.
Neçə minilliklər ərzində dünyada yalnız Şərq ruhu, Şərq idealı hakim olmuşdur.
Renessansdan sonrakı dövrdə – Yeni dövrdə, dünya iki yerə parçalanmış, səhnəyə Qərb ruhu daxil olmuşdur. Ənənəvi yolu tutanlar öz şərqliliyində qalmış, lakin onlara alternativ olaraq kamillik zirvəsinə yeni yolla gedənlərin düşüncə tərzi, fəaliyyət metodologiyası tarixə Qərb sivilizasiyası adı ilə daxil olmuşdur.
Şərq ruhu və Qərb sivilizasiyası!
Ruh və sivilizasiya!
Hər bir şəxsin ruhani həyat axtarışı, nəfs üzərində qələbə çalaraq mənəvi kamillik zirvəsinə qalxması. Maddi dünyaya etinasızlıq. Cəmiyyətə etinasızlıq. Fərdi-mənəvi səadət.
Yeni dövr, yeni düşüncə, kamilliyin Qərb yolu. Maddi həyatın kamilləşməsi. İctimai münasibətlərin təkmilləşməsi. Fərdi «mən» yox, ictimai «mən». Fərdi ruh yox, milli ruh. Qüvvələrin toplanması. Mənəvi enerjilərin toplanması. Tək fərdlərin yox, bütövlükdə xalqın, cəmiyyətin gücü. Düşünən, fəaliyyət göstərən, kamilləşən cəmiyyət! Maddiyyata yox, əqlə, intellektə tapınan cəmiyyət!
Bir tərəfdə maddiyyatdan imtina edən və mütləq ideyaya bilavasitə qovuşmağa çalışan – fərd, digər tərəfdə cismani həyatı qəbul edən bir fərd kimi yox, toplum halında cəmiyyət olaraq daha mükəmməl ideyaya tapınan və səadəti cəmiyyətin bir üzvü olaraq axtaran insan!
Əslində islam dini yeganə dindir ki, o, həm Şərq, həm də Qərb düşüncəsini özündə saxlayır, Şərq düşüncəsi isə ən çox induizmdə, buddizmdə və xristianlıqda təbliğ olunur.
Sufilər əgər küfr edirdilərsə, ancaq iddialarının böyüklüyü mənasında edirdilər. Onların günahı Allahı həddindən çox sevmələrində, öz vücudlarını və şəxsi iradələrini unutmalarında idi. Allahı sevmək, əlbəttə, günah ola bilməz. Öz vücudunu unutmaq günahdır. Allahın qurbana ehtiyacı yoxdur. Əsas məsələ, əgər lazım gələrsə, daha ülvi bir məqsəd üçün, Allah yolunda özünü qurban vermək əzminin olmasıdır. Zərurət olmadıqda bu addımı atmaq ifrata varmaqdır.
Unutmaq olmaz ki, insan bir ruh olaraq yox, ruhani-cismani varlıq olaraq yaradılmışdır. Maddi, mənəvi və sosial ünsürlərdən hər hansı birini tam inkar etmək gerçəkliyin təhrif olunmasıdır.
Ruhun bədənə nisbətən ilkinliyi, hərəkətverici qüvvə olması heç də bədənin tamamən inkar olunmasına əsas vermir.
Bəli, insan ruhdan pay almışdır. Dünyanı idarə edən İdeyaya analoji olaraq, insan da öz miqyasında özünü və mühitini öz ideyası əsasında idarə etmək şansı qazanmışdır. Lakin bütün məsələ bundadır ki, bu İdeya ilə o ideya eyni təbiətli olsa da, tam eyni deyildir. İnsanın imkanları, təsir dairəsi, iradi gücü məhduddur. Böyük ideyaya qovuşmağın yolu isə şəxsi ideyanın müstəqilliyinin itirilməsi sayəsində mümkündür. Şəxsi ideya böyük ideyaya qovuşmaq üçün ona tabe olur. Şəxsi nəfs istisna olunur və ruhla əvəzlənir. Şəxsi iradə istisna edilir və insan bütövlükdə ilahi iradəyə tabe olur.
Lakin bu hal ancaq müəyyən şəraitdə əldə edilir. Belə bir məqama yüksəlmiş insan bütün həyatı boyu bu məqamda qala bilməz. Ruh yenidən bədənə dönmək, insan yenidən cəmiyyətə, ictimai və təbii mühitə qayıtmaq məcburiyyətindədir. (Sufilər, görünür, bu qayıdışın zərurətini nəzərdən qaçırır və qayıdış məqamında fəaliyyət prinsipləri haqqında heç düşünmək də istəmirdilər. Bu ifrat Şərq mövqeyi idi. Mahiyyəti etibarı ilə islamdan daha çox xristianlığa yaxındır. Bu yol sivilizasiya yolundan fərqlidir.)
Bəli, İşıqdan başlayan Zərdüşt və Sührəvərdi, İdeyadan başlayan Platon və Hegel, İradədən başlayan Şopenhauer və Nitsşe, Xeyirdən başlayan Sokrat və Nizami, Hərəkətdən başlayan Heraklit və Molla Sədra kimi, Harmoniyadan başlayan Cübran və Reyhani də dünyanın yeni modelini yeni terminlər əsasında, yeni metaforik zəmində qurmağa çalışırdılar.
Haqq ilə Həqiqət eyni tərtibli ideyalardır. Birincisi – aksioloji yanaşmada, etik müstəvidə, ikincisi – ontoloji və evristik yanaşmada, elmi-metodoloji müstəvidə zirvə, etalon, mütləq məqamdır. Və mütləq varlıqdır.
Mütləq gözəllik həm də mütləq varlığın ifadəsidir. Nisbi gözəllik varlığın da nisbiliyinə dəlalət edir.
Hər hansı bir şeyin gözəlliyi onun öz ideyasına adekvatlıq dərəcəsi ilə ölçülür. İdeyalar fərqli olduğu kimi, gözəlliklər də fərqlidir.
Bir var, hər hansı növ üçün gözəllik etalonu olsun; yəni almaların ən gözəli, qızların ən gözəli və s. Bir də var, konkret olaraq hər bir şeyin daşıdığı gözəllik.
Gözəllik fərdi hadisədir. Yəni bir alma növünün digər alma növünə nəzərən daha gözəl olması yox, həmin növ daxilində konkret götürülmüş bir almanın öz həmcinsləri arasında gözəllik baxımından seçilməsi onun öz ideyasını, yəni öz növünü daha yüksək dərəcədə, daha adekvat şəkildə təmsil etməsi deməkdir.
Yaradılmış hər bir şey müəyyən bir layihə, plan, proqram əsasında yaradılır. Əgər söhbət insanın yaradıcılığından gedirsə, etalona uyğunluq ikipilləli olur: birincisi, layihənin öz mükəmməllik dərəcəsi, ikincisi isə, düzəldilmiş predmetin layihəyə adekvatlıq dərəcəsi.
«Təbii» cisimlərin mükəmməlliyi və gözəlliyi də onların «layihəyə» uyğunluq dərəcəsi ilə müəyyənləşir. Lakin bu layihənin müəllifi artıq insanlar deyil. O, ilahi başlanğıca malikdir. İlahinin «layihəsi» isə kamil olmaya bilməz. Deməli, burada söhbət ancaq «layihəyə» uyğunluq mərhələsindən gedə bilər. Bəli, hər hansı alma növünün öz gözəlliyi var. Lakin burada söhbət konkret bir almanın rüşeymdə nəzərdə tutulmuş inkişaf yolunu keçərkən uğradığı kənar təsirlərdən gedir. Mühitin naqisliyi, qida çatışmazlığı, xəstəlik və s. – məhsulun ilkin ideyadan bir qədər uzaqlaşmasına, «çirkinləşməsinə» gətirib çıxarır. Maddi dünyada ilahi ruh olaraq üfürülmüş «layihə», – proqramın enerji təminatı və maddi realizasiyası prosesindəki sapmalar ancaq bir istiqamətdə – ilkin ideyadan uzaqlaşma istiqamətində baş verir. Mühit optimal olduqda, kənar təsirlər ideyanın realizasiyasına daha çox təminat verdikdə isə, alınan məhsul ilahi «layihə»yə daha yaxın olur.
Yəqin buna görədir ki, «təbiətində gözəllik olmayan heç nə yoxdur» – deyirlər. Hər bir insanın da ilahi ruhdan payı və deməli, özünəməxsus gözəlliyi vardır. Sadəcə olaraq, cismani yetkinlik dövründəki ideyadan sapmalar bu ilkin gözəlliyi pərdələdiyindən onu adi gözlə görmək mümkün olmur.
Amma kimsə görür. Görənlər də öz könüllərinin gözünə, ruhlarının ehtiyacına uygun görürlər. Cübran yazır ki, gözəllik onu duyanların halından və məqamından asılı olaraq müxtəlif cür dəyərləndirilə bilər:
Dostları ilə paylaş: |