Mən dağlara qalxdım, dağda yaşadım.
Mənim üçün həyat yalnız ordadır...2
Bəli, Bayronun romantizm yolu cismani dünyanın reallıqlarından, təbiətin öz gözəlliklərindən bəhrələnir, yüksəklik təsəvvürü – dağların zirvəsindən keçir. Lakin şair təxəyyülü burada da qərar tuta bilmir.
Məgər dağlar, dalğalar, səmalar
Könlümün bir parçası deyilmi?3
Belə düşünmək olardı ki, şair Şərq üslubunda təbiətdən daha yüksək könül dünyasına, oradan da Allah ideyasına gedib çatacaqdır. Lakin Qərb şairinin buna nəfəsi çatmır və o, könülü kainatın bir hissəsi kimi görür.1
Növbəti şeirlərindən birində Bayron yenə də tarixi səhnələrin təsvirindən, cismani dünyanın nasiranəliyindən ayrılaraq poetik ilhamın qanadlarında Şərq idealını fəth edir, – kimi görünür.
Gözəlliyin bütün idealı qarşımızdadır,
...
Biz Tanrını görürük, səsini eşidirik. 2
Bəli, nəhayət, şair Tanrı idealına yaxınlaşır. Və burada təsəvvüf poeziyası ilə bir uyğunluq görünür. Lakin elə sonrakı bənddə aydın olur ki, Bayron qədim yunanların mərmərdən düzəltdiyi Tanrı heykəlinin gözəlliyindən bəhs edirmiş.
Bu mərmər adi insan əlində dirilmişdir.
Olimpdən poeziya ilə endirilmişdir.3
Bayron “Ənəl-Həqq” deməsə də, insanın yaradıcı qüdrətini, onun qurduqlarının gözəlliyini tərənnüm edir və Tanrını da bu yaradıcılıqda görür. Bu cür yanaşma Qərbin təkcə poeziyasında yox, estetik fikrində də öz əksini tapmışdır. Məsələn, Qərb fəlsəfəsinin zirvəsində duran Hegel özünün «Estetikaya dair mühazirələr» kitabında estetikanın predmeti kimi təbiətdəki gözəlliyi deyil, «incəsənət sahəsini, yaxud, daha dəqiq desək, bədii yaradıcılığı»4 götürür. Əlbəttə, estetikanın hələ bir müstəqil fənn kimi formalaşmadığı dövrlərdə, onun predmetinin necə seçilməsi məsələsi nisbi ola bilər. Bunu belə başa düşmək olardı ki, təbiət gözəlliyi estetikanın yox, ontologiyanın predmetinə aid edilir. Zatən, Gözəllik və Həqiqətin eyniyyəti prinsipi də bunu tələb edir. Lakin təəccüblü olan Hegelin verdiyi izahatdır. O, təbiətdəki gözəlliyi öz tədqiqat predmetindən ona görə çıxarır ki, sən demə, incəsənətdəki gözəllik təbiət gözəlliyindən daha yüksək imiş.1 Bax, bununla razılaşmaq heç cür mümkün deyil. Üstəlik Hegelin arqumenti, yəni sənətdəki gözəlliyin yüksəkliyini insan yaradıcılığı və deməli ruhla əlaqəliliyi ilə izah etməsi yolverilməzdir. Bəli, burada söhbət fərdi ruhun yüksəlişindən, canlanmasından gedir. Və Hegel də bir idealist kimi ruhun təbiətə nisbətən üstünlüyünü vurğulamağa çalışır. Lakin təəssüf ki, bu məqamda təbiətdəki gözəlliyin daha yüksək bir ruh hadisəsi ilə əlaqəsini, mütləq ruhun təzahürü olmasını nəzərdən qaçırır. Bəli, həmin o mütləq ruh tərənnümçüsü Hegel bir qərbli olduğunu bu məqamda büruzə verir. “Əslində olan, dırnağında bildirər”.
Fərq göz qabağındadır. İstər Hegel, istərsə də Bayron və Uitmen köçüb göylər səltənətində əyləşməyə deyil, əl-ələ verib yerləri göylərə qaldırmağa çalışırlar. Cübran Xəlil Cübran isə bu poeziyanı doğma qəbul etsə də, onu yenə də Şərq simvolikası prizmasından keçirir. Arzu və ideallarda yaxınlıq olsa da, ifadə üsullarında müxtəliflik vardır. İnsanın yüksəlişi təbiətin, kainatın, dünyanın dəyərsizləşdirilməsi hesabına həyata keçirilməməlidir. Şərq (islam) poeziyasında insan göylərə qaldırılarkən, islamın mühüm ideyalarından biri çox vaxt unudulmuş olur: “Göylərlə yerin yaradılması insanların yaradılmasından daha böyük bir şeydir” (Qurani Kərim 40/57). İnsan oğlunun göylərə qaldırılması ondakı ilahi nəfəsin mütləqləşdirilməsi müsəlman düşüncəsindən daha çox xristian təfəkkürünə (İsanın tanrılaşdırılması) uyğundur. Çağdaş Qərbin təsəvvüfə böyük marağı da, görünür, ən çox bununla bağlıdır. Ərəb romantikləri zatən xristian idilər. Lakin buna baxmayaraq, ərəb milli mədəniyyətinin, Şərq dəyərlərinin daşıyıcısı olması onların dünyagörüşünü daha da zənginləşdirirdi.
Aida İmanquliyeva göstərir ki, Cübran və Reyhani müəyyən məqamlarda öz realist baxışları ilə Qərb romantiklərindən bir addım irəli gedirlər. onların yaradıcılığında “romantik lövhələr çox vaxt realist mənzərələrlə yanaşı təsvir edilir”. Ər-Reyhani də “Uitmen kimi keçmişdə harmonik, azad şəxsiyyəti, onun romantik pafosunu axtarırdı, müstəqillik və maarifçilik kultu uğrunda mübarizə ideyalarını milli ənənələrlə uzlaşdırırdı”.1
Cübranın sivilizasiya və insanlardan təbiətin qoynuna qaçan azadfikirli romantik qəhrəmanı ...öz daxili aləminə qapanan xəyalpərvər bir şəxsdir, o özünü böyük işə həsr edən mübariz deyildir. Onun fərdiyyətçiliyi qiyamçılıq formasını almır, o, gerçəkliyə məğrur tənhalığı ilə qarşı durur. Təbiətin qoynunda o, hər şeydən əvvəl, “ruh və ürəyin, fikir və bədənin həyatı”nı tapır, içində özünüdərkə doğru bir oyanış və meyl hiss edir”. 2 Lakin “Tufanlar” hekayəsinin qəhrəmanı heç də müəllif simasını təmsil etmir. Çünki Cübran özü başqa əsərlərində belə passiv mövqeyə qarşı çıxır. Xüsusən xristian kilsəsinə, mövhumata münasibətdə tutduğu mövqe kifayət qədər kəskindir. Yeri gəlmişkən, Cübran yaradıcılığındakı bu mövqe Azərbaycan ədəbiyyatında öz geniş əksini tapmış olan mövhumata qarşı mübarizə motivləri ilə səsləşir. Lakin belə paralellərin konkret tədqiqata ehtiyacı vardır.
Azərbaycan ədəbiyyatşünaslığında komparativistika bir qayda olaraq “ədəbi əlaqələr! çərçivəsində inkişaf etmiş və bu zaman alt qatdakı əlaqələrə, ideya-bədii vəhdət məqamlarına çox nadir hallarda müraciət edilmişdir. Belə ki, bu və ya digər xarici ölkə yazıçısının bütövlükdə Azərbaycanla və Azərbaycan ədəbiyyatı ilə ilk baxışda nəzərə çarpan zahiri əlaqələr tədqiqata cəlb edilmişdir. Bu cür tədqiqatların adı da çox vaxt “filankəs və Azərbaycan” tipində olmuşdur ki, bu da həmin yazıçının nə vaxtsa Azərbaycanda olub-olmaması, ölkəmiz haqqında nə isə yazıb-yazmaması, bizim ayrı-ayrı yazıçılarla şəxsi münasibəti və ən çox onun əsərlərinin dilimizə müxtəlif tərcümələri və bu tərcümələrin, necə deyərlər, sonrakı həyatı, milli ədəbiyyata təsiri və s. bu kimi mövzuları əhatə edir. Lakin ədəbiyyatçılar öz predmetlərinə sadiq qalaraq, ideya paralellərinə çox nadir hallarda müraciət edirlər. Yəni ədəbiyyatlar arasında zahiri planda heç əlaqə yoxmuş kimi görünən hallarda, ideya yaxınlığı və onun köklərinin axtarılması bizim üçün bir növ yeni hadisədir.
Əlbəttə, Aida xanımın əsas tədqiqat predmeti olan ərəb mühacir ədəbiyyatının görkəmli nümayəndələri Qərb dünyası ilə hadisə qatında da əlaqəli idilər. Yəni kimsə müəyyən bir müddətdə Amerikada, Avropada, yaxud Rusiyada yaşayır, onların həyat tərzinə bələd olur və eyni zamanda yerli ədəbiyyatı da mənimsəyir və hətta ondan təsirlənirdi də. Və bu hallar şübhəsiz ki, Aida İmanquliyevanın tədqiqatında da öz əksini tapmışdır. Lakin əlamətdar olan cəhət budur ki, o, əlaqələri ayrı-ayrı yazıçıların şəxsiyyəti və yaradıcılığı çərçivəsində deyil, bu yazıçıların mənsub olduğu dəyərlər sistemi, mədəniyyətlər və sivilizasiyalar arasında müqayisəli təhlil kontekstində aparır. Bu isə artıq nəzəriyyədir və həm də böyük fəlsəfi tutumu olan bir nəzəriyyədir. Bax, bu məqamda Aida xanım ədəbiyyatşünaslıqla fəlsəfə arasında ortaq sahəyə qədəm qoyur və burada da dayanmayaraq, Şərq-Qərb komparativistikasının fəlsəfi səviyyəsinə keçir.
Aida xanımın əsərlərində izahını tapan bir çox nəzəri məsələlərlə yanaşı, ədəbi-bədii komparativistika təcrübəsi də milli ədəbiyyatşünaslığımız üçün böyük əhəmiyyətə malikdir. Şərq və Qərb düşüncə tərzlərinin xüsusiyyətlərini nəzərə almaqla aparılan müqayisələr Azərbaycan ədəbiyyatının da dünya ədəbiyyatı kontekstində nəzərdən keçirilməsi və Qərb romantik poeziyası ilə paralellər yaradılması üçün geniş imkanlar açır. Bəs nəyə görə Aida İmanquliyeva öz yaratdığı metodoloji bazadan istifadə edərək Azərbaycan ədəbiyyatı ilə paralellər aparmır? Bunun ancaq bir cavabı vardır. Sovet dövründə ideologiyanın təsirinə məruz qalmış ədəbiyyatşünaslıq ədəbi-bədii metod və cərəyanların da obyektiv elmi təsnifatına və yazıçıların yaradıcı mövqeyinin düzgün dəyərləndirilməsinə imkan vermirdi. Belə ki, romantizm az qala bir çatışmazlıq, hətta mürtəce metod kimi dəyərləndirilir, realizm isə bir məziyyət hesab olunurdu. Ona görə də, tənqidçilər bir çox sənətkarlarımızı sanki qınaqdan, “qara siyahıdan” xilas etmək, habelə onların bədii yaradıcılığının daha yüksək metodoloji səviyyəsində olduqlarını göstərmək üçün imkan daxilində realist ünsürlərini önə çəkirdilər. Görünür, məhz buna görədir ki, XX əsrin əvvəllərində yazıb-yaradan M.Ə. Sabir, Mirzə Cəlil kimi sənətkarlar ancaq əsərlərindəki realizm məqamlarına görə qiymətləndirilir, romantizm siyahısından çıxarılırdılar. Halbuki, onlar və həmin dövrün bu qəbildən olan yazıçıları da sadəcə tənqidi realizm mövqeyindən yazıb-yaratmırdılar. Burada romantizmin açıq-aşkar izlərini görmək mümkündür. Təsadüfi deyildir ki, dünyada məhz romantik şairlər kimi tanınan, Aida xanımın da məhz bu mövqedən təqdim etdiyi Cübran, Reyhani, Nüaymənin əsərləri təkcə Cavidlə yox, həm də Sabir və Mirzə Cəlillə səsləşirdi. A.İmanquliyevanın da məqsədyönlü müqayisələr aparmasa da, yerinə düşəndə məhz Sabirin adını çəkməsi heç də təsadüfi deyil. Ümumiyyətlə, o dövrdə romantizmlə tənqidi realizm arasında dinamik qarşılıqlı keçidlər, bir növ ortaq yaradıcılıq zolağı var idi ki, onun ayrıca elmi-nəzəri tədqiqinə böyük ehtiyac vardır.
Belə hesab olunur ki, Cabbarlının ancaq inqilabaqədərki yaradıcılığında romantizm var imiş və yetkin Cabbarlı artıq tənqidi realizm və ya hətta sosializm realizmi mövqeyindən yazırmış. Lakin böyük dramaturqa təbiətən xas olan bir romantik ruh birdən-birə necə itib gedə bilərdi? Məgər “Almaz” sadəcə realist bir əsərdirmi? Əksinə, burada yazıçı zamanı qabaqlamırmı və qurulmaqda olan yeni həyatı və onun simvolikalarını bəlkə də bilərəkdən ifrata vardırmaqla onun absurd məqamlarını ortaya qoymurdumu? Təsadüfi deyildir ki, bu sətirlərin müəllifi Cavid və Cabbarlı yaradıcılığının müqayisəli təhlilini apararkən yazır: “Keçən əsrin əvvəlində dünyanı, həyatı planetlər miqyaslı, qlobal bir proses kimi götürən Cavid nə qədər mücərrəd və «səmavi» görünürdüsə, yeni əsrin əvvəlində, qloballaşma artıq həyatın bütün sahələrinə nüfuz etdiyi bir vaxtda, bir o qədər realist görünür... Bir əsərdən sonra kimin daha çox realist, kimin daha çox romantik olduğunu fərqləndirmək çətinləşmişdir.1
Aida İmanquliyeva bu kontekstdə Azərbaycan ədəbiyyatını təhlil etməsə də, onun romantizmlə bağlı irəli sürdüyü ümumi müddəalar, orijinal mülahizələr və fəlsəfi səpkili ricətlər, çıxış etdiyi prinsiplər və qiymətləndirmə meyarları milli ədəbi prosesin də bu elmi-nəzəri və metodoloji zəmində araşdırılması üçün böyük imkanlar açır. Digər tərədən, belə müqayisəli təhlillər və onların elmi-fəlsəfi dəyərləndirilməsi Azərbaycan romantik ədəbiyyatının dünya ədəbiyyatı kontekstində nəzərdən keçirilməsi üçün də baza yaradır.
Dostları ilə paylaş: |