Əttara salam olsun, müşk ətirli sözlərilə
Nəğmə deyən quşların vəziri.
Ərəbiyə salam olsun, Həqiqətin dilinə,
Peyğəmbərin həqiqətdə gözünə.1
Göründüyü kimi, Reyhani İslam dünyasının böyük mütəfəkkirlərindən biri məşhur sufi şairi İbn Ərəbini Həqiqətin dili hesab edir və Peyğəmbər dedikdə Cübran kimi, o da Məhəmməd Mustafanı nəzərdə tutur. Onun ingilis dilində yazdığı şeirlərinin çoxunda tanrıdan bəhs olunarkən “God” yox, məhz “Allah” sözü işlənir ki, bu da İslam dininə bağlılıqdan irəli gəlir.
Allah rəhmandır, Allah mehribandır,
Onun qəlbi yerin göz yaşlarında qorunub saxlanır.2
Digər misralarında işlətdiyi “Allah rəhmandır, Allah mehribandır”, “Allah rəhimdir, Allah şəfqətlidir”, “Allah görəndir, Allah müdrikdir” ifadələri birbaşa Qurandan götürülmüşdür.
Mənşəcə xristian olmasına baxmayaraq, özünü dərk etdikcə, islami dəyərlər onun yaradıcılığının əsas motivinə çevrilir.
O, Qərb sivilizasiyasına alternativ olaraq klassik Şərqə qayıdış ideyasını irəli sürəndə məhz İslam mədəniyyətinin ilk dövrünü nəzərdə tutur.
Bununla belə, Reyhaninin ədəbi irsi ancaq İslam mədəniyyəti və hətta bütövlükdə Şərq dəyərləri ilə məhdudlaşdırıla bilməz. Burada Qərb romantik poeziyasının böyük təsiri də mütləq nəzərə alınmalıdır.
Qərbin elm və mədəniyyətinə yiyələndikdən sonra geriyə – vətənə qayıtmaq və qalxdıqları yeni səviyyənin imkanlarından öz xalqı üçün istifadə etmək, Şərqi düçar olduğu xəstəliklərdən müalicə etmək təşəbbüsləri Reyhaninin əsərlərində də öz əksini tapmışdır. O. Öz həyatı ilə bir nümunə olmaqdan başqa, Şərq adamı üçün Qərbə münasibətin ideya əsaslarını da müəyyən etmiş, öz elmi-fəlsəfi və bədii yaradıcılığında bu problemləri açmağa çalışmışdır.
Reyhaninin tədqiqatçılarından Naci Oucan onu Bayronla müqayisə edərək yazır: “Xalidin Şərqdən Qərbə ziyarəti və geriyə Şərqə qayıtması ilə, Çayld Haroldun Qərbdən Şərqə ziyarəti və geriyə Qərbə qayıtması arasında bir çox yöndən paralelliklər var. Hər ikisi də tipik romantik məsələlərdir ki, özünü liberallaşdırma və özünü universallaşdırma məqsədini daşıyır”.1 Burada heç də zahiri bənzəyişdən söhbət getmir. Söhbət heç də bir mədəniyyət nümayəndəsinin başqa bir mədəniyyət məkanına keçib geri qayıtmasından getmir. Özünü axtaran insan öz yaşadığı maddi və ictimai mühitdə özünü tapa bilməyən insan bu hüdudları keçməyə çalışır. Və ancaq bu zaman öz daxili mənəvi potensialının gücü ilə ənənə divarlarını aşır. Coğrafi mənada sərhədlərin keçilməsi, başqa bir sivilizasiyanın bərqərar olduğu məmləkətə səfər etmək burada əslində simvolik səciyyə daşıyır. Düzdür, həm Bayronun, həm də Reyhaninin qəhrəmanı hadisələr dünyasında da yerlərini dəyişirlər. Bu, özünü öz muhitinin fövqündə tapmaq təşəbbüsüdür. Bax, buna görə də qəhrəmanların hərəkət istiqamətləri bir-birinə tam əks olsa da, hərəkətin motivi eynidir və eyni mahiyyətin açılışına xidmət edir.
Əmin ər-Reyhaninin “Xalidin kitabı” əsərinin Bayronun Çayld Harold əsəri ilə müqayisəsi romantik vüsət baxımından, habelə müəyyən ideya paralelləri olması baxımından məqbul sayıla bilsə də, Çayld Harold hər halda Qərb yaradıcılıq ənənəsinin məhsuludur. “Xalidin kitabı” isə ictimai həyat hadisələrinin təsvirindən çıxan bir dramatizmi deyil, insan düşüncəsinin daxili dramatizmini ifadə edir. Yəni əslində, dünyanı seyr edən insanın düşüncələri ictimai həyatdan intixab edilsə də, bu həyatın özü arxa planda qalır, önə çıxan isə onun interpretasiyası və hətta xeyli dərəcədə mücərrəd və ümumi fikirlər səviyyəsindəki interpretasiyasıdır. Burada müxtəlif xarakterli, müxtəlif düşüncəli və fərqli həyat tərzləri və məqsədləri olan insanlar arasındakı münasibət yox, bir şəxsin baş verən hadisələrə, həyata, dünyaya münasibəti təcəssüm olunur. Başqa sözlə desək, müəllifin ideyası poliloq və ya dialoq şəklində deyil, monoloq şəklində açılır. Bu üsluba biz Qərb yazıçılarından daha çox məhz şərqlilərin yaradıcılığında rast gəlirik. Ə. Reyhaninin dostu və həmkarı C. X.Cübranın “Peyğəmbər”i də bir şəxsin düşüncələri – monoloq üslubunda qurulmuşdur. Maraqlıdır ki, Azərbaycan ədəbiyyatında öz janrına və üslubuna görə, unikal əsər kimi görünən “Azər” (Hüseyn Cavid) poeması da bu qəbildəndir. Əsərin qəhrəmanı, əslində iri həcmli bu poemanın yeganə fəal obrazı və subyekti olan Azərin bütün fəaliyyəti də düşüncələrdən mülahizələrdən ibarətdir. Belə qəhrəmanlar nəzərimizdə istər-istəməz müəllifin öz obrazı kimi canlanır. Cəmiyyət ancaq bir tablo kimi nəzərdən keçirilir, bir kitab kimi vərəqlənir və biz hər bir səhifədə müəllifin hökmlərini eşidirik.
Aida İmanquliyeva yeni ərəb ədəbiyyatı korifeylərinin nümunəsində romantik poeziyanın və hətta inqilabi düşüncənin geniş təhlilini verir ki, bu təhlil həmin dövrdəki Azərbaycan ədəbiyyatının metodoloji baxımdan düzgün dəyərləndirilməsi üçün də çox qiymətlidir. Ən başlıcası isə odur ki, Aida xanım müvafiq problematika ilə əlaqədar Qərb mütəfəkkir-şairlərinin dünyagörüşünü, baxışlarını tədqiqata daxil etməklə Qərbin ictimai və kulturoloji təcrübəsini nəzərə almağa imkan verir. Aida xanın sadəcə təhlil etmir, o, Şərqi fitrən duyduğuna görə, Qərb romantik ədəbiyyatında düşüncədən deyil, ruhdan, könüldən gələn məqamları, Qərbin ədəbi-bədii gerçəkliyində iz qoymuş Şərq motivlərini asanlıqla ayırd edir.
Aida xanımın timsalında Şərq ruhu yenidən Qərbin fikir dünyasına səyahət edir.
Dostları ilə paylaş: |