Əmin ər-Reyhani yaradıcılığında
Şərq-Qərb məsələləri
Əmin ər-Reyhani üçün Şərqdən Qərbə, yaxud Qərbdən Şərqə getmək eyni bir ideala – vəhdətə aparan iki fərqli yoldur. Şərq və Qərb bölgüsü isə coğrafi mənadan daha çox, insanın öz daxili aləmindəki fərqli bölgələr mənasında işlədilir. Şərqin simvolu kimi ruh, Qərbin simvolu kimi ağıl götürülür. “Əsl lider və xilaskar o kəsdir ki, onda Şərqin ruhu və Qərbin ağlı var.”1 Burada XX əsrin əvvəllərində yazıb-yaratmış başqa bir Şərq dahisinin – Cəfər Cabbarlının obrazlı sözlərini xatırlamamaq mümkün deyil: “Beyni kitab arasında Parisdən, ürəyi isə mizraq ucunda Altay dağlarından alınmışdır”.2 Məqsəd fikir ilə duyğunun vəhdətinə nail olmaqdır. Əmin ər-Reyhani vəhdət ideyasından çıxış etməklə yanaşı, Şərq və Qərbin mahiyyətlərini də fərqləndirməyə çalışır. Bununla yanaşı, şair sivilizasiyalar bölgüsünü başqa rakursda da aparır və ona maddiyyatla mənəviyyatın qarşılaşdırılması kimi də baxır: “Mən iki dünyanın vətəndaşıyam... Bəli, mən eyni dərəcədə həm maddi olana, həm ruhi-mənəvi olana tapınmışam”.3
“Cəmiyyətin mənəvi həyatı və maddiyyat” problemləri XX əsrin əvvəllərində Azərbaycan ədəbiyyatında da ən aktual mövzulardan idi. Ola bilsin ki, insanın mənəvi kamilliyi və maddi mühit arasındakı qarşılıqlı əlaqə məsələləri heç də həmişə bu iki tərəfin qütbləşməsi və müəyyən məqamda Şərq-Qərb dilemması şəklində üzə çıxmırdı, lakin insanın, onun daxili aləminin önə çəkilməsi və xilas yolunun məhz vicdanda, mənəviyyatda axtarılması kimi ənənəvi Şərq mövqeyi üstünlük təşkil edirdi. Hüseyn Cavidin bütün yaradıcılığı boyu əsas ideya kimi keçən həqiqət və güc qarşıdurması əslində həm də mənəviyyat və maddiyyatın qarşılaşdırılmasıdır. Əmin ər-Reyhani bu fərqi, bu qarşıdurmanı xalqlar və sivilizasiyalar müstəvisinə keçirir və vicdana, haqqa, ədalətə söykənən bir xalq, bir millət və hətta bir sivilizasiyanın, gücə, zora söykənən xalq, millət və sivilizasiya ilə rəqabətdə aqibətini dəyərləndirməyə çalışır.
“Kim güclüdürsə, o haqlıdır” fəlsəfəsinə qarşı çıxan və “kim haqlıdırsa, o güclüdür” mövqeyinin təntənəsinə üfüqdə bir ideal kimi baxan H.Cavid kimi, Əmin ər-Reyhani də güclülərin bu cismani dünyada, hadisələr dünyasında üstün olmaq şanslarını aldadıcı və müvəqqəti bir üstünlük kimi dəyərləndirir. Gücə arxalananların zahiri qələbəsi əslində bir dünyagörüşü məsələsidir: “Zəif və əzilən millətlər əsasən spiritualdırlar (ruhani); güclü xalqlar, əksər vaxt, ən çox materialistdirlər. Biri dini idealları əziz tutur, bəzi ruhi-mənəvi yüksəkliklərə qalxır və indi və sonra öz həvəssizliyinə və tənbəlliyinə haqq qazandırmaq üçün bir kahin yaradır; o birisi isə maddi şeyləri araşdıraraq yerin xəzinələrini əldə etmək üçün yeri deşir, dərinə gedir və o vaxta qədər dərinə gedir ki, onun dinamik qüvvələri nüfuz edilə bilməyən bir qısırlığa çatır və ani, dəhşətli bir reaksiyada partlayır. Belə bir xalqın həyatı ruhun xəstə bir halının əlamətidir.”1
Maləsəf, haqlılar əzilirlər. Reyhani də həmin bu həyatın acı gerçəklərini görür. Və bunu görə-görə, yenə də üstünlüyü haqqa, ruha, insanın ruhani xislətinə verir: “Lakin ruhu olmayan bir millət asket bir millətdən daha qorxunc, daha iyrəncdir”.2 Bu fikri düzgün anlamaq üçün əzilənin zavallı olmasının, əzənin isə iyrəncliyinin şərin müxtəlif tərtibli təzahürləri kimi dəyərləndirildiyini nəzərə almaq lazımdır. Yəni əzilmək və zavallılıq kimə isə haqq qazandıra bilməz; zəhmət çəkib güclü olmaq lazımdır.
Gücə nifrət etmək, ondan qaçmaq yox, onu mənimsəmək, ona yiyələnmək lazımdır. Əzənlərin arxalandığı gücə qarşı meydana daha böyük bir güc çıxarılmalıdır. Həyatın qaranlıqlarını, problemlərini ancaq təsvir edə bilən realistlərdən fərqli olaraq Cavid bu qaranlıqlara işıq salmağın yollarını arayır. İşıq bulmaq üçün isə mühitin zaman-məkan kontiniumunu genişləndirmək, onun fövqünə qalxmaq, zamanı keçmişə və gələcəyə doğru uzatmaq (ekstrapolyasiya) lazım gəlir.
Yaxud da məkanı... Cavidin qəhrəmanı Azər də ərəb mühacirləri Cübran və Reyhani kimi Qərbə səyahət edir və burada hər şeyin gücə, qüvvətə tapındığının şahidi olur.
Azərin Berlin təəssüratı:
Dostları ilə paylaş: |