Yaxın Şərq qadını Nyu-York, 1930 Bu gün Yaxın Şərqin qadını hərəmxana qapalılığından çıxaraq məktəbə, açıq forumlara, rəqs meydançalarına, hətta biznes dünyasına belə qatılmaqdadır. Sosial və intellektual həyatdakı dəyişikliklər hər yerdə müşahidə olunur. Türkiyədən Ərəbistana, Misirdən Əfqanıstana qədər. Bu Avropa, Qərb üçün də təsirsiz deyildir. Bu gün şərq qadınları Avropadakı qurultayların işində iştirak edir, Qərb qadınları Şərqi gəzərək şüar və çağırışlarını yayırlar və hər iki məkanda onlar bir araya gələrək öz fikirlərini və qayğılarını bölüşürlər. Qadının əsrlər boyu kişilər tərəfindən formalaşdırılan və saxlanılan statusu dəyişdirilməlidir.
Lakin Yaxın Şərqdə bu dəyişikliklərin sürəti necədir? Türkiyədə Qərb sürəti, Misirdə davamlı uğurlar, Suriyada qətiyyətli polemikalar, Ərəbistanda, İranda və Əfqanıstanda ənənəvi ehtiyatlılıq müasirlik ambisiyaları ilə çulğalaşmışdır. Hər yerdə ənənəvi olanla qeyri-ənənəvi qol-qola addımlamaqdadır.
Keçən ilin iyununda Dəməşqdə baş tutan Qadın Kongresində adını çəkdiyim bütün ölkələrdən nümayəndələr vardı. Və natiqlərin istifadə etdiyi dillərin heç də hamısı Asiya dillərinə aid deyildi. Avropa beynəlxalq qadın təşkilatının təmsilçisi fransız dilində danışdı; İranın nümayəndəsi öz nitqini ingiliscə söylədi, türk nümayəndəliyinin başçısı isə Dəməşqdəki parlaq çıxışını səlis ərəb dilində etdi. Buradan belə bir nəticəyə gələ bilərik ki, dilin seçimi müzakirə olunan məsələnin həyati əhəmiyyətindən asılıdır; ərəb dilinin vasitəsi ilə və bu gün bu mədəniyyətlərdə əhəmiyyət kəsb etməyə başlayan ingilis, fransız dillərinin köməyi ilə qadın hərəkatının başlıca ideyaları bütün Yaxın Şərqə yayılacaqdır.
Bu ideyalar, Konqresin Prezidentinin söylədiyi kimi, üçdür: monoqamiya, qızın öz ərini seçmək hüququ və əsarətin ləğvi. Bu isə o deməkdir ki, poliqamiya, çadra və hərəmxanalar keçmişdə qalmalıdır.
Bunlar artıq Türkiyədə keçmişə qovuşmuşlar. Qadın hərəkatı Şərqin ən modern ölkəsində artıq özünün inkişafının birinci mərhələsini arxada qoymuşdur. Bu proses Sultan Əbdül Həmid dövrünün sonunda başladı və ağır-ağır Mustafa Kamalın adı ilə möhürlənmiş nöqtəyə doğru inkişaf etdi. Bu andan etibarən ölkə sürətlə müasir iqtisadi və sosial eksperimentlər silsiləsini keçdi. Dəyişən həyatın sürəti idi, ruhu yox. 1912-ci ildə mən Konstantinopolun küçələrindən birində bir qadının kütlə içində qızğın çıxışının şahidi oldum. Bu, çadrasını atan ilk qadın idi. Çıxışının sonunda o, çadrasını azadlıq bayrağı kimi yelləməyə başladı. Bir çox qadınlar onun nümunəsinə uydular və tezliklə bu, adi bir hala çevrildi.
Demək olmaz ki, Mustafa Kamal türk qadınının azadlığının müəllifidir. O, bu hərəkatın rəsmi müdafiəçisi və aparıcısıdır. Onun bu prosesdəki rolu və əziyyətini müəyyənləşdirmək çətin deyil. Konstantinopoldakı (indiki İstanbul) qızlar üçün amerikan məktəbi hələ də müasir təhsilin başlıca agentlərindəndir; Pyer Lotinin “Məyus”undan diktatorun azadlığına qədər uzanan yol Avropa eksperimentlərinin işıqları və kölgələri ilə sınanmışdır.
Lakin istək hələ hər şey demək deyildir. Hərəmxanaların letargik xanımları təkcə məktəbə getməli deyillər, onlar həm də işləməlidirlər. Az ya çox dərəcədə onlar öz talelərinin sahibələrinə çevrilməlidirlər. Pul qazanmalı, özünə ər tapmalı, evlə bağlı qayğılarını həll etməlidirlər. Azadlığı baş ağrısız əldə etmək olmur.
Müasir türk qızına azadlığının ilk mərhələsində bu hisslər necə də tanışdır. O hələ öz sübhünün şəfəqlərinə bürünmüşdür; diktatorun iradəsi ilə ürəklənmiş və çıxan qərarlarla həvəslənmişdir, o başılovlu irəliyə atılır. Respublikanın jurnalistləri onun peyğəmbərləridir. Mollaların ehkamları təbliğatçıların ehkamları ilə əvəz olunmuşdur. Bu yolda onu əyləndirmək üçün oyun meydançaları da nəzərdə tutulmuşdur. Ruhunu yüksəkdə saxlamaq üçün rəqs meydançaları və gözəllik yarışları mövcuddur. Bundan başqa, şərab içə-içə, siqaretini ağır-ağır tüstülədərək kişi dünyasını müşahidə etməyə və ya kişi dünyasından müşahidə olunmağa imkan verən kafelər də vardır. Hələ parikmaxerlər! Dünən görünməyən zülflər barədə ancaq şeirlərdən oxuya bildikləri halda, bu gün onları qulac-qulac kəsərək zibil yeşiklərinə tapşırırlar. Roman üçün əla materialdır.
Dünən hərəmxana hücrəsində Pyer Lotini oxuyan qız bu gün Taksim parkının skamyasında Bernard Şounu və Bertran Rasseli mütaliə edir. Zəhər hansıdır, dərman hansı? Cəsarətlə deyə bilərəm ki, bir ağıllı adam bu gün bu suala cavab vermək iqtidarında deyil. Bizi ifrat romantizmə həvəsləndirən müasir peyğəmbərlər eyni müvəffəqiyyətlə bizi acınacaqlı keçmişə də sürükləyə bilərlər.
Hər bir halda bu gün üzünü və ağlını niqabdan azad etmiş türk qadını Avropa geyimində gözəllik müsabiqəsi münsifinin qarşısında durmaqdan çəkinmir. Türk dərgisinin redaktoru isə teatr administratorunun soyuqqanlılığı ilə bu qızın şəkillərini öz səhifələrində yerləşdirir ki, onun oxucuları da öz seçimlərini etmək imkanı qazansınlar. Qul bazarından gözəllik yarışmasına! Hər halda yenilik də adlandırmaq olmaz bunu. Lakin ən azı bu, kişi mentallığında bir inkişafdır. Bir az əvvəl at sürüsünü nəzərdən keçirən təki qulları tədqiq edən türk kişisi bu gün yarı-çılpaq gözəllikdən kifayət qədər uzaqlıqda durmalı, gözünü və ağlını qəzetdə, yaxud ekranda gördüklərinə tapşıraraq elə bununla da kifayətlənməlidir. Lakin bu gün Türkiyədə daha ciddi məzmunlu yarışlar da keçirilir və hətta çap maşınının arxasında olan türk qızı belə öz amerikalı bacılarına çatmağa can atır.
Lakin digər tərəfdən bu qızın Yaxın Şərqin digər hissələrindəki müsəlman bacıları heç də onun bu sürətilə ayaqlaşmırlar. Onlar üçün bu, mümkünsüzdür, necə ki, Mustafa Kamal Əfqanıstanın mollaları üçün əlçatmaz şəxsiyyətdir. Faktiki olaraq özünün ultra inqilabi ruhuna görə Türkiyədəki qadın hərəkatı Türkiyə sərhədlərindən kənarda çox kiçik təsirə malikdir. Bu cür inqilabi ruh heç nəyə baxmayaraq islam dini ilə bir o qədər dərindən bağlı olmayan türkə uyğun gəlsə də, islamın güclü olduğu İran və Ərəbistana rahat şəkildə daxil ola bilməz, Qahirə və Dəməşq kimi islam mərkəzlərində alqışlarla qarşılana bilməz.
Beləliklə, öz-özlüyündə bu hərəkat təcridə məhkumdur. Lakin müəyyən manevr imkanları da vardı. İstər digər Şərq ölkələrində qadın hərəkatlarının radikallaşaraq güclənməsi və ənənəvi maneələri aşması məqamında, istərsə də reaksiya dönəmində türk qadınının bir-iki addım geriləyərək özünün az inkişaf etmiş şərqli bacıları ilə görüşmək şansını yaxalamasında. Sonuncudan, mənim fikrimcə, daha çox bəhrələnmək olardı. Sıçramaq sürünmək qədər təhlükəlidir. Lakin, məsələn, evdə birinci mərtəbədən ikinci mərtəbəyə qalxmaq o qədər də təhlükəli deyil, nəinki hərəmxanadan rəqs meydançasına, yaxud biznes dünyasına sıçramaq... Jurnalist qadın gözəl rəqqas da ola bilər, yaxşı arvad da olmağı bacarar; lakin o, onunla eyni bir yeni iqtisadi şəraitdə özünü itirmiş minlərlə bacılarına kömək edə bilməz. Lakin hətta jurnalist qadın belə çevrilişlər və fırtınalar zamanında başını itirə bilər.