Şərq irsi Şərq yavaş, lakin bir uşaq kimi hərarətlə dəfedilməz füsunkarlığa sahib olan bir obyektə doğru hərəkət etməkdədir. Hətta modern düşüncə onu tədricən kütlüyün dərinliklərindən çıxararaq zahidanə məmnuniyyətlə inkişaf və həyəcan zirvələrinə qaldırmaqdadır. Lakin son məqamda inkişafın onun həyəcanına üstün gəlib gəlməyəcəyi və yaxud da həyəcanın gec və ya tez inkişafla birlikdə onu xəyaldan ayıldıb ayıltmayacağı hələ bəlli deyil.
Bununla belə, bir şey dəqiqdir. Şərq modern elmlə yanaşı gedə bilməz. Riyakarlıqla əhatə olunmuş, ənənə ilə doldurulmuş, mücərrədliklərə meyl etdirilmiş, mübaliğəli nitq və düşüncə ilə uyudulmuş Şərq zehni, təfsilatın intəhasızlığını elmi görüş sahəsi qədər əhatə edə bilməz. Modern ideyaların ona aşılanması müəyyən məqamlarda özünü mənfi şəkildə büruzə verə bilər; lakin onun böyüməsinə və inkişafına düşmən olan ünsürlər üzdə həmişə görünməsə də, həm zəmanəylə ayaqlaşmaq üçün səmimi şəkildə cəhd göstərən liberal mütəfəkkirlərə, həm də dar düşüncəli mühafizəkarlara təsir etməsi baxımından əhəmiyyətlidir.
Bundan başqa, şərqlilərin psixologiyası mahiyyət etibarilə deduktivdir. Bunun onlara dəqiq bir qavrayış verməsi bir həqiqətdir, lakin eyni zamanda onların koordinasiya imkanlarını da əllərindən alır. Onlar eyni zamanda əqli-elmi xüsusiyyət əldə etməli və özlərini planetimiz haqqında sosioloji və əxlaqi tətbiqləri də olan müəyyən təməl həqiqətlərə uyğunlaşdırmalıdırlar. Təkamül, mühafizə və hətta cazibə qanunu onların arasında layiqli bir yer tutmayıb. Çünki onlar dünyada yaşamırlar. Onlar kainatda yaşayırlar. Dağın arxasında nə olduğunu görə bilirlər, lakin gözlərinin önündə nə olduğunu görmürlər. Məhz buna görə düşünürəm ki, onlar həyatın çətinliklərinə daha yaxşı dözərlər. Yüksək sadəlik məziyyətinə sahib olmaları səbəbilə onlar həyatı küll halında görürlər. Lakin eyni zamanda məhz bu səbəbdən baxışları iflasa uğrayanda və ya sadəlikləri öz ilahi dayağını itirəndə uzlaşmaz, ram olmayan və tamamilə irrasional olurlar.
Məsələn, onlar dövlət təbəələri olaraq keçmişlərində anarxiya və öldürmə ilə xarakterizə olunan əsrləri əhatə edən tabeliliyə malikdirlər. Onlar hakimiyyətə kor-koranə tabe olur və yenə ona qarşı kor-koranə üsyan edirlər. İtaətkarlıqları da, üsyankarlıqları da dindən, bu və ya başqa etiqadın təəssübçülüyünün təlqinindən gəlir. Şübhəsiz ki, onlar tez-tez müstəbidlərə qarşı çıxıblar, istibdadın özünə isə tək-tük hallarda qarşı çıxıblar və yaxud da heç çıxmayıblar. Onlar taxt-tacı görə bilirlər, ancaq onun nədən hazırlandığını görə bilmirlər.
Digər tərəfdən, onların büsbütün və birdəfəlik öz ruhi miraslarını itirmələri çox nadir hallardadır. Və nə vaxt ki, dini bir dəyişiklik və ya siyasi bir dağıdılma dövründə onu tapırlar, onda o, tezliklə yenidən həyati və canlandırıcı bir gücə çevrilir. Bu, keçmişin həqiqətidir. Lakin görəsən onlar indi onu həmişəlik itirmə təhlükəsi ilə üz-üzədirlərmi? Mən qeyd etdim ki, Şərq zehni hal-hazırdakı vəziyyətində elmi baxışı əhatə edə bilməz. Şərqlilər isə bütün cazibəsinə və səadət vədlərinə baxmayaraq elmi yalnız uzaq maddi məqsədləri aşkara çıxaran bir projektor kimi görə bilər. Onlar eyni zamanda bu məqsədə çatma təlaşı içərisində həqiqətdən ibarət olan işıq nöqtələrinin ilk yayılışının minlərcə düşüşünü görməyə başlayırlar. Görəsən, insanlar mübarizə aparma iradəsinə və iradəni qoruma gücünə sahibdirlərmi?
Mən şərqlilərin buna sahib olub-olmadıqları mövzusunda tərəddüd içindəyəm. Mən, eyni zamanda, qərblilərin də gücə sahib olmaları ilə birlikdə bu gücün inkişaf əvəzinə dağıdıcılıq alətinə çevrildiyini, onu görmə müdrikliyinə malik olub olmayacaqları mövzusunda da tərəddüdlüyəm. Hətta Sivilizasiyanın tükənməz enerji mənbəyindən qidalanan robotlar kimi də şərqlilərin və qərblilərin təhlükəsiz bir şəkildə izinə düşəcəkləri bir yol vardır. Bu yol elə bir yoldur ki, bir qrup insanı kütləşmənin təhlükəli təsirlərindən, başqa bir qrup insanı isə aşınmanın daha xətərli təsirlərindən qoruyacaq. Çünki tənbəllik və enerjililik ziyankarlığın iki qütbüdür. Necə ki, bir alətin istifadə edilməməsi zərərlidir, eləcə də sui-istifadə edilən alət də cürbəcür zərərlərin müjdəçisidir.
Lakin bədbəxt hadisə riskinin minimuma endirildiyi və ya bir sığorta şirkəti tərəfindən qarşılandığı hal-hazırkı Qərb dünyasında kim öz məqsədinə çatmaq üçün ağıllı, rasional bir addım atar ki? Bircə mənzərədən zövq almaq, həyatın asudə vaxtlarından daha yaxşı həzz almaq və heç olmazsa yolda kömək istəyən gənc səyyahı eşitmək üçün bunu edə bilərlər. Həqiqətən də elm Faustdakı buynuzlu centlmen kimi hər gün qarşımızda yeni bir şirnikləndirmə ilə çıxanda bunu kim edər ki?
Hətta Şərq heyrətləndirici və ovsunlayıcı olaraq dursa belə! Əgər o bacarsaydı geriyə qayıdardı. O, qaçmağa məcbur olmasaydı, sonuna qədər izləyərdi. Lakin o, hətta əlifba kitabından başlasa da, istiqaməti oxumağı və bu mövzuda tələsməməyi öyrənməyəcək. Bununla belə, əgər o, son məqamda elmin detallarına yiyələnməkdə və ya onun təsəvvürünün ucsuz-bucaqsız görüş sahəsini qavramada, yaxud da inkişaf mexanizminin praktiki istifadəsində müvəffəqiyyətsizliyə düçar olarsa, onda onun bu müvəffəqiyyətsizliyinə çarəsiz səriştəsizlik və ya degenerasiyanın bir əlaməti kimi alçaldıcı nəzərlə baxmaq lazım deyil. Onun müvəffəqiyyətsizliyi ondakı fitri bir şeyin qalibiyyətidir. Bu fitri şey, zamanın maddi cazibələrinə güzəştə getsə də, onun insan robotuna çevrilməsinin qarşısını alır. Bu müvəffəqiyyətsizlikdən fayda əldə etsələr Qərb xalqları üçün bir dərsdir.
Mən şərqli zehninin ənənələrlə doldurulduğunu vurğuladım. Lakin, qərbli zehni də nə qədər modern, nə qədər üsyankar olsa da, bütövlükdə bundan azad deyil. Bu ola da bilməz, ya da olmamalıdır. Faktiki olaraq hər bir xalq tarixinə işıq saçan və həyatını zənginləşdirən ənənələrə malikdir. Mədəniyyət çiçəyi ənənədən törəyir. Xarakterin inkişafı, xalqın adət və davranışları başlıca olaraq ondan asılıdır. Bununla belə şərqlilər və qərblilər arasında belə bir fərq var: birincilər öz ənənələrinin toxumlama, alaq basma və torpağı sərf edib qurtarma həddinə qədər böyüməsinə icazə verdikləri halda, sonuncular nadir hallarda öz inkişaflarına etinasızlıq göstəriblər. Başqa sözlə, Şərq xalqları öz ənənələrinə əsrlər boyunca batareyasını heç bir azaltma və ya yoxlama təşəbbüsü göstərmədən yığmasına icazə verdikləri halda, Qərb xalqları yeni ənənələrin əldə edilməsində və ya yaradılması prosesində nəyin daha çox və nəyin daha az zəif olduğu mövzusundan imtina etmədə nadirən tərəddüd ediblər. Bu aradan qaldırma və ələkdən keçirmə prosesindən xeyir götürsələr şərqlilər üçün bir dərsdir.