Kədərlilər və incimişlər deyəcəklər: “Gözəllik – xeyirxah və mehribandır.
Sanki bir gənc ana kimi, o, öz hüsnündən bir qədər utanmış halda aramızda gəzişir”.
Çılğınlar deyəcəklər: “Yox, gözəllik – qorxulu və qüdrətlidir.
Sanki bir fırtınadır o; ayaqlarımızın altındakı yeri və başımızın üstündəki göyü silkələyir”.
Yorulmuş və əldən düşmüşlər deyəcəklər: “Gözəllik bir şirin pıçıltıya bənzəyir. Bizim ruhumuzda danışır o. Onun səsi bizim sükutumuz qarşısında geri çəkilir, zəif işıq kölgə qarşısında qorxudan əsən kimi”.
Dəcəllərsə deyəcək: “Biz onu dağlarda qışqıran gördük”.1
Lakin Cübrana görə “gözəllik ehtiyac deyil, vəcddir. Alovlanmış ürək və sehrlənmiş qəlbdir gözəllik”.1
«Könül sevən gözəl olar» hikmətinin də arxasında məhz ilkin «layihənin» üzə çıxması dayanır. Bir tərəfdən könülün mürəkkəbliyi, digər tərəfdən də, obyektin öz mürəkkəbliyi və müxtəlifliyi gözəlliyin mənbəyini və ünvanını dəyişir, daha da rəngarəng edir. U.Uitmen bir şeirində deyir:
Sən deyəsən könlünü görmək istəyirdin?
Onda özünə, öz sifətinin ifadəsinə bax;
insanlara, əşyalara, heyvanlara bax,
ağaclara və axar çaylara, qayalara və sahillərə bax.
Hər şey ruhani sevinclə doludur və ara-bir onu şüalandırır. 2
Kimlərsə ancaq realizasiyanı (real hissi obrazı), kimlərsə bu cari reallıq arxasında «layihənin» özünü görür.
Elmi idrak da ancaq «layihələr»i araşdırır. Yəni elmi konkret təzahürlər yox, ümumilər, ümumilər arasındakı münasibətlər maraqlandırır. Qanun da təzahürlər dünyasını deyil, mahiyyətlər arasındakı münasibəti ifadə edir. Başqa sözlə, elm dünyası fani dünyanın təsadüfi kənaraçıxmalarını və sapmalarını deyil, mahiyyətləri ehtiva edir. Bu, əslində həqiqətlər dünyasıdır. Həqiqət bir yanaşmada (aksioloji) – haqq-ədalət, bir başqa yanaşmada (estetik) isə gözəllik timsalı kimi ortaya çıxır. Eyni ideyanın müxtəlif rakurslarda təzahürü!
Harada ilahi varlıqdan nişanə varsa, orada haqq-ədalət, həqiqət və gözəllik var. Deməli, hər yerdə var. Sadəcə görmək lazımdır. Bunu görənlər bu dünyanı hissə-hissə yox, bütövlükdə sevirlər. Bunu görənlər üçün sevgi universaldır. Xristian dini yamanlıq edənləri, «pis insanları» da sevməyi tövsiyə edir, çünki «pis insan» yoxdur.
İslam isə nəinki bütün insanları, hətta bütün dünyanı, dünyanın bütün hadisələrini bir ilahi nişanə daşıyıcısı kimi qəbul etdiyindən, burada nifrət, kin-küdurət və yalan üçün yer yoxdur; burada gerçəyə ancaq şəfqətli münasibət mümkündür. Bunun üçün kifir olanın gözəlləşməsini, qatışıq olanın saflaşmasını, naqis olanın kamilləşməsini gözləməyə ehtiyac duyulmur. Bunun üçün subyekt – «Mən» özü kamilləşməlidir; zərrədə sonsuzluğu, qaranlıqda işartını, naqis olanın keçmişindəki və ya gələcəyindəki kamillik potensialını yalnız o zaman görmək mümkün olur.
Romantizm də ilk növbədə onunla səciyyələnir ki, o, yarımçıq, naqis gerçəyin fövqünə qalxaraq, bütövlük, kamillik idealını, ancaq potensial imkan şəklində mövcud olan, amma mövcudluğu, varlığı şübhə doğurmayan, gerçəyin üfüqlərində əbədi qərar tutan mütləq bir varlığı tərənnüm edir. Aida İmanquliyeva yazır: «Gözəllik və humanizm həmişə romantik sənətkarın idealı olmuşdur. Maarifçilərin əksinə olaraq, romantik şair dünyanı ilhamla, yaradıcı şəkildə tərənnüm edir, hadisə və predmetlərin üzərindən adilik pərdəsini götürərək, onların arxasındakı gözəlliyi aşkara çıxarır».1 Bu isə artıq ilahi gözəllikdir.
İlahi gözəllik adi məntiqlə, lokal ölçü daxilində başa düşülə bilməz. İbn Ərəbi də məhz buna görə «gördüyüm gözəllik idraka sığmır», – deyir. Gözəlliyin ancaq bir sıra əlamətləri ağıl, idrak güzgüsündə əks oluna bilir, qalanları – onun sirli-sehirli tərəfi qəlbə çökür, ürəyi fəth edir, amma dərk oluna bilmir.
İnsana verilmiş məhdud idrak qabiliyyəti əslində yalnız müəyyən məkan və zaman hüdudunda baş verən sonlu hadisələrin öyrənilməsi üçün yetərlidir. Sonsuzluğu, əbədiyyəti məntiqlə dərk etmək mümkün olmadığı kimi, duyğu ilə tam ehtiva etmək də mümkün deyil. Qeyri-müəyyənlik insanı bir tərəfdən cəlb edirsə, digər tərəfdən də qorxu ilə müşayiət olunur. Ona görə də, qorxu qədər əsrarəngiz bir duyğu yoxdur. İlahi eşqin komponentlərindən biri qorxu, biri də pərəstiş duyğusudur. İnsanın məqsədi Allaha çatmaq yox, O-na səcdə etmək olmalıdır.
Ən böyük ideal Allahı ehtiva etmək deyil, Allah duyğusu ilə ehtiva olunmaq, O-na tapınmaq, O-na sığınmaqdır. Allahı təbiətdə və insanın qəlbində axtaranlar da var. Əlbəttə, hər şeydə O-nun nişanəsini görmək olar. Yaradılmış olan ən azı Yaradanın iradəsinin məhsuludur. Lakin məqsəd O-nu özündə tapmaq deyil, özünü O-nda itirmək, dəryanın damlası olmaqla sonsuzluğa qovuşmaqdır. Nəfs pillələri ilə qalxaraq («nəfs üzərində qələbə çalaraq») ruh aləminə qovuşmaq, vəhy məqamına çatmaq, özünün Haqq olduğunu deyil, Haqqa qovuşduğunu, O-nun bir parçasına çevrildiyini duymaq – budur böyük səadət, budur kam almaq və budur kamala çatmaq!
Cübran məhəbbətlə gözəllik arasında əlaqəni belə təsvir edir: “Gözəllik qəlbimizlə duyduğumuz sirdir, qəlbimiz ona tabe olaraq şadlanır və genişlənir, ağlımız isə heyrət və təəccüb içində onu sözlə ifadə edə bilməyərək donub qalır. Bu, görənin hissləri ilə görünənin həqiqəti arasında gizli zərrəciklər axınıdır; bu, insanın zahirini nurlandıran müqəddəs ruhların ziyasıdır: həyat toxumun dərinliyindən gülün rayihə və rənglərinə belə çevrilir; bu, kişi və qadın arasında tam anlaşmadır: bir anda yaranaraq, o, ən ali istəyi – məhəbbət adlanan o mənəvi yaxınlığı doğurur”.1
C.Cübran və H.Cavidin universal gözəllik və məhəbbət idealına, gözəlliyə pərəstiş məqamına hansı yolla gəlməsi məsələsini hələlik bir kənara qoyub, Eşq tanrıçılığının ilkin mənbələrinə müraciət etmək istərdik. Əlbəttə, bu mənbə ərəb romantiklərindən də, hətta Füzulidən də daha əvvəllərə gedib çıxır. İslam dünyasında eşqin universallaşdırılması və hətta ontoloji mahiyyət kəsb etməsi İbn Sinanın və Nizaminin adı ilə, ilahi eşq konsepsiyası isə daha çox dərəcədə təsəvvüf fəlsəfəsi və onun ilk nümayəndələrindən olan Rabiə əl-Ədəviyyənin adı ilə bağlı olsa da, Eşq tanrıçılığı məhz İbn Ərəbi tərəfindən bütöv bir təlim səviyyəsinə qaldırılmışdır.
Belə bir cəhət də nəzərə alınmalıdır ki, eşqlə gözəlliyin müqayisəsində və ilkinlik, təməl statusunun müəyyənləşdirilməsində Cavid və Cübran İbn Ərəbidən fərqli mövqelərdə dayanırlar. İbn Ərəbi yazır: «Sevginin səbəbi gözəllikdir. … Zira gözəllik təbiətcə sevilən şeydir…».2 Cavid də eşq və gözəlliyi iki paritet əsas kimi götürür. Lakin o, üstünlüyü eşqə verir və daha doğrusu, gözəlliyi eşqin nəticəsi, sevən məqamda insanın hər şeydə mahiyyəti, ideyanı, ali məqamı duymaq keyfiyyətinin təzahürü kimi dəyərləndirir:
Dostları ilə paylaş: |