Əmin ər-Reyhani
1876-1940
Qərblə Şərq arasında uçurum olması fikrinin geniş yayıldığı bir şəraitdə tərbiyə almış və yetişmiş ər-Reyhani, eyni zamanda, özünün həm Şərqə, həm də Qərbə mənsubluğunu hiss edirdi.
Aida İmanquliyeva
“Mən Şərqəm”
Mən Şərqəm,
Mən Allahın ilk yaratdığının təməl daşıyam….
Əmin ər-Reyhani
Əmin ər-Reyhani Qərbdə təhsil almasına və uzun müddət Amerikada yaşayıb-yaratmasına baxmayaraq, Şərq ruhuna həmişə sadiq qalmış, Şərq dəyərlərini tərənnüm etmiş, insanın mənəvi kamilliyini sivilizasiyanın zahiri cazibəsindən uca tutmuşdur. O, bütün yaradıcılığı boyu Şərqin prioritetliyini bu və ya digər formada nəzərə çarpdırmağa çalışmışdır. Lakin bu ideyanın ən aşkar və təsirli ifadəsi “Mən Şərqəm” şeirində öz əksini tapmışdır. Aida İmanquliyeva yazır: “Əmin ər-Reyhaninin “Mən Şərqəm” şeirində Şərqin keçmiş əzəməti barədə düşüncələr yer alır, Şərq rəmzə çevrilir; günəş buradan doğur, həyatın başlanğıcı, insan oğlunun yer üzərində ilk addımlarını atdığı yer buradır”.1
Əmin ər-Reyhani heç də sadəcə yazıçı olmayıb, həm də öz dövrünün böyük mütəfəkkiri idi. Şərq və Qərbin sintezi ideyası onun bütün yaradıcılığından qırmızı xətlə keçir. Bu məqsədə xidmət etmək üçün həm Şərq, həm də Qərb ədəbi-bədii ənənələrini ehtiva edən yeni ruhlu bir ədəbiyyatın yaradılmasında fəal iştirak edir. Eyni məfkurəli, müasir düşüncəli ərəb mühacir şairləri öz səylərini birləşdirmək üçün “Qələmlər birliyi” adlanan yeni ədəbi təşkilat yaradırlar.
A. İmanquliyeva yazır: «“Qələmlər birliyinin” üzvləri ərəb ədəbiyyatında mənsur şeir janrını yaratdılar ki, bu da həm nəsrin, həm də poeziyanın inkişafında bir addım irəliyə doğru hərəkət idi. Bu janrın müəllifi ərəb dünyasında tanınmış yazıçı və publisist Əmin ər-Reyhani idi».1
Aida xanımın tədqiqatları göstərir ki, ərəb romantikləri arasında Cübranın yaradıcılığı daha universal və ümumbəşəri səciyyə daşıdığı halda, ər-Reyhanidə realizmə doğru ciddi addımlar atılmış, Nüaymə isə realizm metodunu tam mənimsəyərək, sanki romantizmlə realizmin kəsişmə zolağında yazıb-yaratmışdır. Təsadüfi deyildir ki, A.İmanquliyeva M.Nüaymənin yaradıcılığı ilə bağlı “əsl mənada realist ənənələrdən” danışır və bunu klassik rus ədəbiyyatının təsiri ilə izah edir.2 Ümumi planda baxdıqda Cübran əsasən kosmik insan idealını, ər-Reyhani klassik Şərqi, Nüaymə isə yaşadığı gerçək ərəb mühitini və onun problemlərini tərənnüm edir.
Əmin ər-Reyhanidə romantizm öz yaşadığı dövrdən daha çox keçmiş dövrə yönəlidir. Bayron yunanların keçmişindən böyük iftixarla yazdığı kimi, ər-Reyhani də orta əsr islam sivilizasiyasını bir ideal kimi götürür. “Ər-Reyhaninin milli xarakterlə şərtlənmiş maraqların vəhdəti kimi təqdim etdiyi ərəblərin keçmişinin idealizəsi onun romantizminə özünəməxsusluq və xüsusi kolorit verir. Nə mübarizə, nə ziddiyyət, nə istismar, nə ictimai təbəqələşmə onun tərəfindən nəzərə alınmır, o, bütövlükdə keçmişdə çiçəklənmə və əzəmət dövrünü yaşamış bir millət haqqında danışır”.3
Romantik poeziya insanları cari həyatın nasiranəliyindən ayıraraq böyük ideallar uğrunda mübarizəyə səsləyir, amma bu mübarizə çox vaxt mücərrəd olur. Müxtəlif romantik şairlətin yaradıcılığında mübariz ruhun real həyatla əlaqəsi fərqli səviyyələrdə ortaya çıxır. Amma bir həqiqət danılmazdır. İnsanın mənəvi həyatı daxili çarpışma və ziddiyyətlərdən məhrum olanda o, inkişaf impulsunu itirir, durğunluq vəziyyətinə düşür. Mənəvi qadağalarla rasional düşüncə və fəaliyyət, ətalət qüvvəsi ilə hərəkətverici qüvvə bir-birinə tən gələndə isə insanın birtərəfli inkişafına, mənəvi deformasiyasına yol verilmir.
İnsan təbii ki, həmişə yeniliyə can atır. Lakin hər bir yeniliyə qarşı daxili müqavimət hissi də olmalıdır. Bu hiss həddindən artıq olanda durğunluq, zəif olanda – özbaşınalıq, anarxiya yaranır.
Şərq təfəkküründə ənənəçilik çox güclüdür. O hər cür yenilikçi fəaliyyət qarşısında böyük sədlər çəkir. Şərqə məxsus ətalət də buradan yaranır. Lakin bu ətalətə qeyd-şərtsiz pis hadisə kimi, geriliyimizin səbəbi kimi qiymət vermək dayazlıqdır, metafizik yaxınlaşmadır. Ətalət həm də vəznin ağırlığı deməkdir (“ağır otur, batman gəl”). Əlbəttə, fizikadan məlum olan “ətalət – kütlə ölçüsüdür” fikrini kor-koranə surətdə sosial-mənəvi həyata aid etmək düzgün olmazdı. Lakin buradakı açıq-aşkar uyğunluğu da inkar etmək mümkün deyil. Şərqdə fikir sahəsində, mənəvi sferada dəyişkənlik, mütəhərriklik “yüngüllük” kimi – mənfi mənada; sabitlik, ətalətlilik isə “ağırlıq” kimi – müsbət mənada qiymətləndirilir.
Bu, doğrudur ki, insanı insan edən məhz mənəvi qadağalar, əxlaqi sədlərdir, nəfsi buxovlayan ətalət qüvvəsidir. Lakin bu sədlər özü də hər bir inkişaf mərhələsində ağıl süzgəcindən keçməli, bir növ filtr – təmizləyici rolunu oynamalıdır.
Şərqi geri qoyan ətalət qüvvəsinin böyüklüyü yox, hərəkətverici qüvvənin kiçikliyidir; mənəvi sədlərin yüksəkliyi yox, intellektual cəhdlərin zəifliyidir.
Qərb dünyası intellektual yüksəliş yürüşündə mənəvi sədləri dağıtdı. Yaponiya intellekti mənəvi sədlə həmahəng surətdə inkişaf etdirərək onun üzərindən keçməyə müvəffəq oldu. Biz isə elmi tərəqqi və intellektual inkişafın qayğısına qalmadığımızdan və yeganə böyük sərvətimiz olan mənəvi səddin üstündən keçə bilmədiyimizdən onun altından keçməyə çalışırıq.
Lakin görəsən bünövrəsi artıq oyulmaqda olan bu nəhəng səddin tarixin sınağına davam gətirəcəyinə ümid etmək olarmı?
Bizcə, neçə-neçə nəsillərdən bizə miras qalmış mənəvi sərvətlərin, adət-ənənələrin, dini-əxlaqi dəyərlərin intellektual inqilabın tufanlarından, dağıdıcı təsirlərindən qorunub saxlanması, “milli-mənəvi dəyərlərin ümumbəşəri dəyərlərlə birləşdirilməsi” üçüncü minilliyin astanasında Şərq xalqları qarşısında duran ən böyük tarixi vəzifədir.
Vaxtında bu problemə diqqət verilmədiyindən İslam Şərqi texniki inkişaf sahəsində Qərblə rəqabətdə çox geri qalmışdı. Ərəb Xilafətinin son dövrlərində olduğu kimi, Osmanlı dövründə də elmə münasibət məsələsində tutulmuş qüsurlu mövqe öz acı bəhrələrini vermişdi. Bu cəhət Əmin ər-Reyhaninin də yaradıcılığında öz əksini tapmışdır. Şairin fikrinə görə, elmi-praktik düşüncəyə etinasızlıq nəinki ərəblərin, bütövlükdə Şərqin geri qalmasını şərtləndirən səbəblərdən biridir. Heç olmazsa, bundan sonra “onlar əqli-elmi xüsusiyyət əldə etməli və özlərini planetimiz haqqında sosioloji və əxlaqi tətbiqləri də olan müəyyən təməl həqiqətlərə uyğunlaşdırmalıdırlar”.1
Ancaq dini kitabların öyrənilməsi ilə kifayətlənərək Təbiət kitabını oxumağa səy göstərmədikləri üçün İslam dünyasında elm doğrudan da, çox geri galmışdı. Əmin ər-Reyhani bu məsələni də diqqətə çatdırmağa çalışırdı. “Xalidin kitabı” da – əslində Xalidin dünyası mənasındadır. Dünya, təbiət özü də bir kitabdır. Əsərin adı seçilərkən Quran ilə Təbiətin bir-birinə adekvat kitablar olması barədə ideyaya işarə edilmişdir.
Əmin ər-Reyhani “Xalidin kitabı” əsərində yazır: “Burada, Təbiətin bu böyük Məscidində mən öz Quranımı oxuyuram. Mən, Xalid, həyatın səhrasındakı bir bədəvi, düşüncə yolunda bir divanə, mənə açıq yeganə ibadət məkanı olan bu möhtəşəm Məscidə onun ilahi görünüşünün ətirli aurasında sınmış könlümü müalicə etmək üçün gəlirəm. Burada mehrablar nə bu, nə də başqa yöndədir. Lakin burada hansı tərəfə dönürsən dön, Allahın canlı ruhunun hər zaman mövcud olduğu bir sığınacaq vardır.”1
İstər bu mühakiməsində, istərsə də başqa yazılarında ər-Reyhani əslən xristian olmasına baxmayaraq, daha çox dərəcədə İslam dininin rəmzlərindən istifadə edir. Çünki vəhdət ideyası məhz İslamda təhrif olunmadan, ən yüksək səviyyədə, hətta belə demək mümkündürsə, romantik poeziyanın ruhuna uyğun surətdə ifadə olunur.
Ərəb romantik şairləri üçün din ancaq mənəvi aləmə aid olmaqla texnogen sivilizasiyadan asılı olmadan mövcuddur. Əmin ər-Reyhani daha çox dərəcədə dinin əxlaqi funksiyasını önə çəkir və yaxud bu iki mənəvi dəyərin eyniyyəti prinsipindən çıxış edirdi. Bununla əlaqədar Aida İmanquliyeva yazır: «Ər-Reyhaninin dini “əxlaqi hiss” kimi anlaması bilavasitə mənəviyyat problemləri ilə əlaqədardır. Onun nəzərində Allah ən ali mənəvi qanundur».2
Əmin ər-Reyhani Şərq ruhunun da ən çox dinlərdə yaşadığını nəzərə alır, İslam dəyərlərinə, xüsusən, təsəvvüf fəlsəfəsinə böyük rəğbət bəsləyirdi. “Mən Şərqəm,” – deyən şair təsəvvüfə biganə qala bilməzdi. Çünki Şərq düşüncəsinin mahiyyəti, mənəvi kamilləşmə yolu özünün nəzəri-konseptual, habelə bədii-estetik və prakrik-həyati təcəssümünü ən çox sufi fəlsəfəsində tapmışdı. Əmin ər-Reyhaninin bütün yaradıcılığına təsir edən təsəvvüf ideyaları ən çox “Mistiklərin nəğməsi...” kitabında tərənnüm olunur. O, öz təsəvvüf ideyalarına bağlılığını böyük sufi mütəfəkkirlərinə həsr etdiyi şeirlərində də ifadə edir.
Dostları ilə paylaş: |