Gözəllik ...İnsanda daha nəcib bir tələbat da mövcuddur – gözəlliyə eşq. Bu tələbatı təbiət ödəyir.
Qədim yunanlar kainatı “kosmos”- gözəllik adlandırırdılar. Əşyaların quruluşu və insan baxışının yaradıcı qüvvəsindəndir ki, bütün ilkin formalar – göy, dağ, ağac, heyvan – öz-özlüyündə bizə xoş gəlirlər və onların cizgilərindən, rənglərindən, hərəkət və mütənasibliklərindən həzz yaranır. Ehtimal ki, buna görə biz gözlərimizə borcluyuq. Göz – ən yaxşı rəssamdır. Onun strukturundan və işıq qanunlarının qarşılıqlı vəhdətindən perspektiv yaranır və bununla da müxtəlif əşyalar xoş rənglərlə boyanmış və hər hansı dairəvi fəzada birləşdirilmiş olur. Belə ki, bəzi əşyaların köntöy və yapışıqsız olmasına baxmayaraq, onların yaratdıqları landşaft bitkin formaya malikdir və simmetrikdir. Və əgər göz – ən yaxşı kompozisiya ustasıdırsa, işıq – əzəli rəssamdır. Elə bir xoşagəlməz əşya yoxdur ki, parlaq işıq onu gözəl eləməsin. İşıq bizim hisslərimizi oyadır, o, fəza və zaman kimi sonsuzdur və bununla da bütün əşyaları canlandırır. Hətta meyidin belə öz gözəlliyi vardır. Bütün təbiətə xas ümumi gözəllikdən savayı bütün ayrılıqda götürülmüş formalar da göz oxşayırlar. Onlardan bəzilərini biz sonsuz olaraq təkrarlayırıq: palıd qozası, üzüm, küknar qozası, sünbül, yumurta, əksər quşların qanadları və formaları, şir pəncəsi, ilan, kəpənək, balıqqulaqları, od, buludlar, tumurcuqlar, yarpaqlar və bir çox ağacların formaları, məsələn, palma...
Gözəlliyin xüsusiyyətlərini daha yaxşı tədqiq etmək üçün onları uç qrupa bölmək olar.
İlk əvvəl qeyd edək ki, təbii formaların sadə qavrayışı – həzzdir. Təbiətdəki sadə forma və hadisələrin təsiri insan üçün zəruridir və ona tələbat görünür ki, dünyanın sadə qavrayışı ilə Gözəlliyə məhəbbət arasındadır. Zərərli əməyin, yaxud axmaq cəmiyyətin sarsıtdığı fiziki və ruhani qüvvələri təbiət müalicə və bərpa edir. Tacir, yaxud aşbaz küçənin səs-küyündən uzaqlaşaraq səmanı və meşəni görəndə yenidən insan olur. Onların əbədi sakitliyində o özünü tapmış olur. Gözlərin sağlamlığı üçün, görünür, onların üfüqə ehtiyacı var. Baxışlarımız kifayət qədər uzaqlara dikiləndə biz heç zaman yorulmuruq.
Bəzi saatlarda isə Təbiət bədənə heç bir xeyir gətirmədən bizi öz məlahəti ilə sevindirir. Evimin qarşısındakı təpənin mənzərəsini səhərin ilk şəfəqlərindən günəşin çıxmasınadək müşahidə edərkən mən bəlkə də mələklərin paylaşa biləcəyi hissləri yaşayıram. Uzun, nazik bulud zolaqları qırmızı dənizdə balıqlar kimi üzürlər. Yerdən, sanki sahildə durmuş kimi mən bu lal dənizə baxıram. Və sanki bu sürətli çevrilmələrdə mən də iştirak edirəm: orda, yüksəklikdə baş verən möcüzə məni burda, yerdə zəbt edir və mən böyüyür, səhər mehi ilə ittifaqa girirəm...
Lakin bizim Təbiətdə gördüyümüz və duyduğumuz Gözəllik yalnız kiçik bir hissədir. Günün mənzərələri, səhərin təravəti, göy qurşağı, dağlar, çiçək açmış meyvə bağları, ulduzlar, ay işığı, durğun sudakı kölgələr və sairəyə vardıqca bir xəyala çevrilir və bizi özlərinin qeyri-reallıqları ilə qıcıqlandırırlar. Evdən aya baxmaq üçün çıxın və o sizə bir illüziya kimi görünəcək; o sizə, yolunuzu işıqlandırdığı zamanda olduğu kimi həzz verməyəcək. Bəs, oktyabrın qızılı günlərinin gözəlliyini kimsə tutub saxlaya bilərmi? Çıx, axtar onu və onun yoxa çıxdığını görəcəksən; bu, dilijansın pəncərəsindən müşahidə etdiyin ilğım kimidir.
Gözəlliyin kamil olması üçün daha ali bir element – ruhani element gərəkdir. Yüksək, ilahi gözəlliyin oyatdığı məhəbbət insan iradəsindən ayrılmazdır. Gözəllik – Allahın fəzilət ayəsidir. Hər bir təbii addım gözəldir. Hər bir qəhrəmanlıq da nəcibdir; o, baş verdiyi yeri və onu izləyənləri nurlandırır.
Böyük əməllər bizə öyrədir ki, kainat hamıya məxsusdur. Təbiət hər bir idraklı varlığa məxsusdur. O, insana məxsusdur, əgər o ondan imtina etmirsə. O öz küncünə qısıla və öz çarlığından imtina da edə bilər, çoxları kimi, lakin mövcudluğu etibarı ilə onun kainata haqqı çatır. Və o, ağlı və iradəsi həddində dünyanı daxilinə alır. Sallüstiy demişdir: “O şeyin ki, naminə insanlar əkir, tikir və ya dənizlərdə üzürlər, insan qüdrətinə tabedir”. “Küləklər və dalğalar həmişə yaxşı dənizçilərin tərəfindədirlər”, deyərdi Hibbon. Onlarla birlikdə günəş də, ay da və göydəki bütün ulduzlar da. Bəzən də olur ki, hansısa qəhrəmanlıq gözəl bir təbiət fonunda baş verir. Leonid və onun üç yüz fədai döyüşçüsü həlak olduqları gün günəş və ay onları dərin Fermopil dərəsində görmək üçün çıxmışdılar; Arnold Vinkelrid özünü Avstriya nizələrinin üstünə ataraq Alp yüksəkliklərində yoldaşlarına yol açmışdı. Məgər bu qəhrəmanlar öz hünərlərinin gözəlliyi ilə onları əhatə edən təbiətin gözəlliyini tamamlamadılarmı?
Lakin əgər həqiqət və ya hünər uğrunda qəhrəmanlıq baxımsız mühitdə, çəlimsiz predmetlər əhatəsində baş verirsə, onda səma onun örtüyü, günəş isə onun çırağı olur. Təbiət qucağını insana açır , əgər onun fikirləri kainatın böyüklüyünə layiqdirsə. O, həvəslə insanı müşayiət edir, böyüklüyünün bütün rəngləri və hüsnü ilə sevimli övladını bəzəyir. Təki onun fikirləri nəcibliyinə görə böyük olsunlar, onda çərçivə də mənzərəyə layiq olacaqdır. Fəzilətli insan həmişə Təbiətin yaradıcılığı ilə harmoniyadadır və kainatda mərkəzi yer tutur. Homer, Pindar, Sokrat, Fokion bizim şüurumuzda Yunanıstanın coğrafiyası və iqlimi ilə assosiasiya təşkil edir.
Dünyanın gözəlliyini həm də başqa bir yöndən nəzərdən keçirmək olar – onun idrak tərəfindən dərk olunduğu məqamdan. Əşyalar təkcə fəzilətlərlə deyil, həm də fikirlə bağlıdır. İdrak mövcudluğun ehtiraslarla boyanmamış, mütləq, ilahi nizamını axtarır. İntellektual və yaradıcı qabiliyyətlər görünür bir-birini əvəz edir və bir qisminin xüsusi inkişafı digərlərinin xüsusi inkişafına səbəb olur. Onlar az qala bir-birlərinə düşmən görünürlər, əslində isə onlar heyvanlarda qidalanma ilə iş periodlarını xatırladırlar: biri arxasınca gələn digərini hazırlayır. Bu səbəbdən də gördüyümüz kimi gözəllik insan fəaliyyəti ilə elə bir əlaqədədir ki, o, onu axtarmayanda aşkarlanır. Və məhz axtarmadığımız üçün idrak tərəfindən, daha sonra isə yaradıcı qabiliyyətlərlə qavranıla və tədqiq oluna bilir. İlahi olan heç nə ölmür. Təbiətin gözəlliyi sadəcə fəaliyyətsiz seyr üçün yox, yeni yaradıcılıq üçün şüurda emal olunur.
Məlum həddə kainatın görüntüsü bütün insanlara təsir edir; bəziləri hətta bundan həzz də alırlar. Gözəlliyə bu məhəbbət zövq adlanır. Bəzilərində bu məhəbbət o qədər böyükdür ki, onlar heyranlıqla kifayətlənməyərək onu yeni-yeni formalara salmağa çalışırlar. Gözəlliyin yaradılması – sənətdir. Sənət əsərinin yaradılması insanın təbiətinə işıq salır. Sənət əsəri – təbiətin miniatürdə əksi, yaxud təcəssümüdür. Ona görə ki, təbiətin yaratdıqları sonsuz və müxtəlif olmasına baxmayaraq onların bir-birinə bənzəyişləri də var və hər biri də özünə görə unikaldır. Təbiət bir-birinə oxşar və eyni zamanda qeyri-adi dərəcədə bənzərsiz formalar dənizidir. Ağac yarpağı, gün şüası, landşaft, okean şüura göstərdikləri təsirə görə oxşardırlar. Onların hamısına kamillik və harmoniya, yəni gözəllik xasdır. Gözəlliyin – bütün təbii formaların vəhdətinin – meyarı bütün təbiətdir, gözəlliyin il piu nell’uno kimi təyinini verərkən italyanlar məhz bunu nəzərdə tuturdular. Heç nə öz-özünə gözəl ola bilməz; o, bütövün hissəsi olaraq gözəldir. Ayrıca götürülmüş əşya kainatın gözəlliyi onda əks olunduğu dərəcədə gözəldir. Hər bir rəssam, heykəltaraş, musiqiçi, memar dünyanın bu nurunu bir fokusda cəmləyərək öz əsərində onu yaratmağa sövq edən gözəllik eşqini təcəssüm etdirir. Beləliklə, incəsənət insanın dəyişdirdiyi təbiətdir. Təbiət incəsənəti onun əzəli yaratdıqlarının gözəlliklərindən vəcdə gəlmiş insanın iradəsi vasitəsi ilə yaradır.
Deməli, dünya onunçün mövcuddur ki, bizim nəfslərimizin gözəlliyə olan ehtiyacı ödənsin. Məhz bunu mən son məqsəd adlandırıram. Heç nə ilə izah etmək mümkün deyil ki, niyə nəfs gözəlliyə can atır. Gözəllik, bu sözün ən geniş və dərin mənasında, kainatın ifadəsidir. Allah mövcudatın hamısıdır. Həqiqət, xeyirxahlıq və gözəllik – bu mövcudluğun müxtəlif tərəflərindən başqa bir şey deyil. Lakin təbiətdəki gözəllik gözəlliyin ifadəsinin yekunu deyil. O, daxili, ruhani gözəlliyin yalnız carçısıdır və öz-özlüyündə əbədi dəyər deyildir. O, təbiətin ali təyinatının bir hissəsidir, təcəssümü deyil.
Dostluq Biz nə özümüzə, nə də başqalarına bağlılıqlarımızdan nə dərəcədə asılı olduğumuzu etiraf etmirik. Yer üzünü soyuq şimal küləkləri tək soyudan eqoizmin əksinə olaraq məhəbbət öz ilahi atmosferi ilə bütün bəşər övladını isidir. Yaddaşımızda bir çox şəxsiyyətlər var ki, onlarla qısa söhbətdən sonra anlayırsan ki, sən onları sevirsən, onlar da səni. Küçədə, ya kilsədə qarşımıza çıxdıqları zaman onlarla lal görüşün təsirindən qəfildən qəlbimiz yenidən sevinir. Bir çox təsadüfi baxışların mənasına varmağa çalışın: bu mənanı ürək tanıyır.
İnsani həmrəylik toxunacaq sizə və ətrafda hər şey üzünüzə gülməyə başlayacaq. Poeziyanın, dostyana söhbətin yaxud xeyirxahlıq və dərdə şərik olmağın bizdə yaratdığı təəssüratı istinin və odun təsiri ilə müqayisə etmək olar. Lakin qəlbimizi daha da işıqlandıran, canlandıran və bizi hünərlərə, fəaliyyətə səsləyən bizim duymaq qabiliyyətimizdir, sadə mehrdən ən ali və alovlu məhəbbətə qədər.
Bizim əqli imkanlarımız da bağlılıq ölçüsündən asılı olaraq artır. Yazıçı yazmaq üçün oturur, nədən yazacağını çox götür-qoy etmiş olsa da, gözəl fikirlər gəlmək istəmir ki, istəmir; nə qədər çalışsa da ifadələr yerinə düşmür; və budur o, dostuna məktub yazmaq fikrinə düşür və ən gözəl fikirlər, surətlər öz-özünə ən gözəl sözləri seçərək hər yandan axmağa başlayır. Baxın, insana hörmət və qonaqpərvərlik olan o evdə ilk dəfə məşhur bir qonağı qarşılamağa hazırlaşırlar. Xeyirxah ürəklərdəki həyəcan və narahatlığa fikir verin! “Bu naməlum insan haqqında bizə o da danışıb, bu da. Lakin onun gözəl, nadir keyfiyyətlərini yalnız biz qiymətləndirə biləcəyik. O bizim üçün bəşəri təmsil edəcək, son nəticədə... Bəs, biz nə edəcəyik? Onunla söhbətə necə başlayacaq, necə ünsiyyət quracağıq?” Biz az qala qorxu və narahatlıq alovuna düşürük. Lakin xoşbəxtlikdən onlar bizi ürəkləndirir, ilhamlandırırlar. Sükutun sevimli ruhu bizi tərk edir: biz heç zaman danışmadığımız kimi gözəl danışırıq, təcrübəmizin xəzinələrindən ən zəngin, ən ruhani, ən zəkalı ifadələri dartıb çıxarırıq; tanışlarımız və qohumlarımızın təəccübdən ağızları açıla qalır: hardan yığılıb bütün bunlar bizim daxilimizə? Saatlarla susmadan danışmağa hazırıq. Lakin məşhur qonağımız orda-burda zəifliklərini, qüsurlarını, pedantlığını aşkarladıqca bizim heyranlığımız getdikcə sönür, yox olur.
Birinci və artıq sonuncu dəfədir ki, o bizdən bizim ən gözəl nitqlərimizi eşidir. Heyf! O daha bizimçün böyük Naməlum deyil: məhdudluq, anlaşılmazlıq, kobud tərbiyəsizlik – necə də tanışdır bizə! İndi o, bir də gəlsə, onu yenə mənim səliqəli və bəzəkli şəraitim, mənim bayram paltarım, mənim yaxşı naharım qarşılayacaq; lakin qəlbin titrəyişini, ürəyin açılmasını – bunları bir daha görməyəcək.
Dostluğa gəldikdə, boynuma almalıyam, təbiət etibarı ilə şişirtmələrə meylliyəm. Yeni insan mənim üçün həmişə böyük əhəmiyyətə malik hadisəyə çevrilir və mənə bütün gecəni yatmağa imkan vermir. Lap bu yaxınlarda iki-üç yaxşı oğlanla görüşdən sonra xəyalım yüz yerə gedib çıxdı, lakin səhərə sakitləşdim və heç bir nəticənin olmadığını anladım: mənim həvəsim mənə yeni heç bir fikir vermədi, davranışımda yaxşılaşma yaratmadı. Bu cür davamlı olmayan həvəslər maraq üçün yaxşıdır, amma həyat üçün yox; onlara uymaq olmaz: bu hörümçək torudur, etibarlı paltar deyil.
Bəzən mən cəmiyyətdən küsəndə tənhalığa qaçıram; lakin mən hələ ədalət hissimi itirməmişəm və qapılarımı təbiət etibarı ilə mehriban, müdrik və alicənab insanlar üçün bağlamaram; və məni dinləyən və anlayan insan həmişəlik olur mənimçün. Təbiət yoxsul deyil! Vaxtaşırı o, mənə bu həzzi göndərir və biz ictimai parçanı öz meyarlarımız əsasında, yeni münasibətlərə görə biçməyə girişirik. Ən müxtəlif fikirlər bəndlər kimi bir-birinə calanır və öz-özünə tamlıq yaradırlar: bir də görürsən biz özümüz də onların arxasınca yeni, özümüzün yaratdığımız dünyaya düşmüş oluruq; biz artıq əcnəbi deyilik, bizə yad və çağdaş olmayan yazılar əsasında yaşayan planetin səfilləri kimi hiss eləmirik özümüzü...
Öz köhnə və yeni dostlarım üçün Allahı hər cürə alqışlayıram, mənim həyatımı yeni hədiyyələrlə bəzədiyi üçün Onu ali Gözəllik adlandırıram. Dostlarımı axtarmadan tapmış oluram: onları mənə qadir Allah gətirir. Mən onlarla bütün fəzilətlərin bir-birinə qohum olması səbəbindən yaxınlaşıram; yaxud daha yaxşı desəm, mən onlara yaxınlaşmıram, onlarda və məndə olan ilahi başlanğıc bizi ayıran şərait, yaş, cins, əxlaq, ictimai status maneələrini dəf edərək bir anda bizi birləşdirir. Necə bir heyrətlə sizi öyürəm, mənim gözəl dostlarım! Siz mənə həyatın yeni və dərin mənasını açdınız və ağlımı ali anlayışlarla zənginləşdirdiniz!
Dost? Bu elə-belə quru, özünü dartan adam deyil; bu, İlahi mənbədən axan poeziyadır; bulaq kimi təmiz, ilham kimi azad poeziya; bu bir himndir, odadır, epopeyadır.
Dostlarımdan ayrılacammı – bilmirəm, lakin mən bundan qorxmuram, zira bizim əlaqələrimiz sadə və təmiz şəkildə nəfslərin yaxınlığı əsasında qurulmuşdur; və mən bilirəm ki, elə bu yaxınlıq harda oluramsa olum, mənim ilk dostlarım qədər gözəl olan digər kişi və qadınlara münasibətdə də gerçəkləşəcəkdir.
Bizim dostluqlarımız xırdaçı və acınacaqlı sonluqla ona görə bitir ki, o bizə bir arzu, bir həzz kimi gəlir, insan qəlbinin ən yetkin simlərinə toxunmur. Dostluğun qanunları möhtəşəmdir, möhkəmdir və əbədidir – mənəviyyatın və təbiətin qanunları kimi. Biz isə dostluqda balaca, qısamüddətli faydalar gəzir və təzəcə təqdim olunmuş neməti həmən yeməyə hazırıq. Necə bir yüngüllüklə biz yenicə bağlanmış meyvəni dərməyə atılırıq. Halbuki o, Allahın dərgahında hamıdan gec yetişən meyvədir. Və yalnız illər keçəndən sonra dərilə bilər. Biz öz dostlarımıza müqəddəs hörmətlə deyil, bir zinakar həvəsi ilə yanaşırıq, təki hər şeyi tez əldə edək. Ona görədir ki, biz zəif müxaliflərlə əhatələnmişik, yaxınlaşdıqca yox olarlar və poeziya yerinə bizə ölgün nəsr təklif edərlər. Ona görədir ki, tez-tez görüşdükdə insanlar dəyərdən düşərlər. Onların bir çoxu zamanla aşılanır və ən kədərlisi odur ki, başqa insanlarla tez-tez toqquşduqca onların gözəl təbiətinin özünün də hüsnü, təravəti uçub gedir. Cəmiyyətimizin indiki quruluşunda biz insanlarla (hətta ən istedadlı və ən xeyirxahları ilə) yaxınlaşma zamanı, demək olar ki, daima bir çatışmazlıq hiss edirik. Əvvəlcə ehtiyat və diqqət bizim söhbətlərimizin sülhünü qoruyur; və budur qəfildən bizi atmacalarla sancmağa başlayırlar; gah yersiz soyuqluqla “sevindirər”, gah da ağıl və həssaslıqları ilə təəccübləndirərlər və bütün bunlara fikir və hissin alovu naminə dözmək lazım gəlir. Əgər belə bir qayda qəbul olunubsa ki, öz qabiliyyətlərini bütün dolğunluğu və həqiqəti ilə ifadə etmək olmaz, onda yaxşısı budur ayrılıb tənhalıqda sakitlik axtarasınız. Bütün insani münasibətlərdə bərabərlik gərəkdir. Camaat içində uzun-uzadı söhbətlərdən mənə nə, əgər orda mənə bərabər olan yoxdursa?
Amma bu da bizim tələskənliyimizdən bizi qoruya bilər. İtələyici soyuqluq özü də bilmədən incə quruluşları vaxtından qabaq yetişkənliyə sürüklənmədən qorumuş olar. Əks təqdirdə onları anlayacaq və təsdiq edəcək gözəl nəfslər yetkinləşməmiş, onlar erkən dərk olunaraq özlərini xərcləmiş olardılar.
Təbiətin rəvan dəyişməsini dəyərləndirin: bir almazın yaranması və bərkiməsinə o, min illər sərf edir. Həyatımızın səma qoruyucuları ram edilməmiş cəsarəti öz cənnətlərinə buraxmırlar. Məhəbbət, Allahın xassəsidir və insanın bütün məziyyətlərinin mükafatlandırılması üçün yaranmışdır, tələskənlər üçün deyil. Ürəyin narahatlığını təmin etmək üçün uşaq həvəslərinə qapılmayaq, gəlin onu müdrikliklə idarə edək: bir-birimizin qarşısına onun qəlbinin həqiqətinə, mövcudluğunun dərinliyinə inamla çataq, axmaqcasına düşünməyək ki, istəsək onu həyəcanlara qərq edərik...
İstəməzdim ki, dostlar bir-biri ilə rəsmi həssaslıq əsasında ünsiyyət qursunlar, cəsarətli səmimiyyətin olmasını istəyirəm aralarında. Duyğu həqiqi olduqda o, zərif şüşə, əriyən buz deyil; o, dünyada olan şeylərdən ən möhkəmidir. ..
Dostluğun tərkibinə bir-birinə bərabər olan və aralarında fərqi müəyyənləşdirmək çətin olan iki element daxildir. Birinci element – həqiqət, ikinci – zərif və vəfalı məhəbbətdir. Kimdir dost? Bu o şəxsdir ki, onunla mən tam səmimi ola bilirəm; dərinin səthindən qəlbin sirli dərinliyinə qədər. Onun yanında mən ucadan düşünür, onun şəxsində mən özümə o dərəcədə bərabər və o dərəcədə həqiqi insanı görürəm ki, bu zəli kimi insanlardan ayrılmaz olan arxa fikri nəhayət ki, bir tərəfə ata bilirəm. Onunla mən digər eyni cinsli kimyəvi atomla birləşmiş atom təbiiliyi və sadəliyi ilə ünsiyyət qururam...
Bəzən ən əziz dostlara belə “bağışla” demək lazımdır: “Ayrılaq, mən daha əsarətdə qala bilmirəm. Lakin, qardaşım, məgər görmürsənmi ki, biz ona görə ayrılırıq ki, bizim bir-birimizə qarşı məhəbbətimiz hələ də çox böyükdür; bu ayrılıqdan sonra biz yenə də yüksəkliklərdə görüşəcək və bir-birimizə daha dolğun şəkildə məxsus olacağıq.” Həqiqi dostda Yanusda olduğu kimi iki sifət birləşmişdir. O bizim keçmişimizi görür; keçmişdə o hələ tanınmamışdır və bizim arzumuz olaraq qalırdı; o həm də gələcək günlərin carçısıdır. O ondan daha yüksək dostların elçisidir. Zira saysız-hesabsız olaraq təkrarlanmaq bütün ilahi nemətlərin xüsusiyyətidir.