Sərraf Şiruyə
160
YENƏ SƏNDƏN DİLƏYİM VAR
Qadir Allah, Ulu Tanrı yenə səndən diləyim var,
Bilirsən ki sənə bağlı canım, qanım, ürəyim var.
Ancaq bəzən nankor çıxıb, səcdənə baş qoymamışam,
Agahdır ki, ey Xudavənd, şeytanlara uymamışam.
Möhürə baş qoymasam da, “Allah Əkbər” demişəm mən,
Sən verdiyin yağlı, yavan qismətimi yemişəm mən.
Ulu Tanrı, sən bilirsən aşkarımı, xəlvətimi,
Ulu Tanrım, sən vermisən az-çox olan şöhrətimi.
Ey Xaliqim, bilirəm ki, batil sənsən, zahir sənsən,
Minbir adın sahibisən, adil sənsən, qadir sənsən.
Gecə-gündüz baş əyirəm qüdrətinin önündə mən,
Şükür-sənə eyləyirəm Məhəmmədin dinində mən.
Ey İlahi, mən bəndənəm, sənsən mənim yaradanım,
Səni köməkdar bilirəm, sənədir ümid, gümanım.
Kəraməti, mərhəməti gözləyirəm ancaq səndən,
Zərrə kömək uman deyiləm dar ayaqda özgəsindən.
Eşit mənim diləyimi, xəlq eyləyən kainatı,
Sən vermisən bu qisməti, bu bəxşişi, bu sovqatı.
Məni yolçu eyləmisən bu sənətin yollarına,
Köməyim ol, sinə gərim bu yolun zavallarına.
Mənə dözüm, mənə dil ver, mənə zəka, təfəkkür ver,
Söz mülkündən qismət eylə, – gövhər, inci, mənə dürr ver.
Başlayım çox keçmişlərdən keçib gələn söhbəti mən,
Tanıtdırım oxucuma hünər dolu xilqəti mən.
Aqillərdən, mömünlərdən söhbət açım oxucuma,
Haqqa bağlı ürəklərdən hikmət açım oxucuma.
Şair könlüm, min atını, bir də haqdan nicat dilə,
Bəlkə ağır səfərindən qayıdasan gülə-gülə.
|