Sərraf Şiruyə
84
VAR
Bu faniyə bel bağlayıb, demərəm ki minim var,
Mərd kəslərin əsiriyəm, namərdlərə kinim var.
Bədəsilin əməlindən yaxa cırıb, dad çəkən,
Yerə, göyə lərzə salan fəryadım var, ünüm var.
“Əlif”, “bey”dən başlamışam, oxumuşam “Əmmə”ni,
Ustadlar elmim arasın, bilməsinlər kəm məni.
Xudam özü xəlq eləyib yoluna möhkəm məni,
Şəriəti anlamışam, imanım var, dinim var.
Şiruyəyəm, yaxşı-yaman adım dildə qalacaq,
Dost qohumlar hərdən-hərdən məni yada salacaq.
Gödək ömrüm əmanətdi, zalım fələk alacaq,
Gedərgiyəm bu fanidən, bir sayılı günüm var.
Dostları ilə paylaş: |