13.11.1987 SƏNDƏN ÖTRÜ Səndən ötrü dünyamız gözəlləşir, ey insan,
Mirvari şəlalələr zirvələrdən tökülür,
Bəxtəvər təbiətlə can dilləşir, ey insan,
Viranə ələmlərin bağrı-başı sökülür.
Səndən ötrü həyata sevdalı bahar gəlir,
Dünyanın qucağında səadətlər bəslənir,
Səndən ötrü sevginin altun səsi yüksəlir,
Cahanın başı üstə həqiqətlər bəslənir.
Bundan gözəl, duyğulu, söylə, nədir həyatda?!
Bülbültək cəh-cəh vurub bəmdən zilə qaçırsan,
Sənin öz ocağın var bu ucsuz kainatda,
Odur ki, yerdə, göydə quştək qanad açırsan.