51. “Əmrah” dastanının süjeti
52. “Alıxan və Pəri xanım” dastanının süjeti
Azərbaycanda geniş yayılmış dastanlardan biri də «Alı xan-Pəri»dir. Bu dastan Aarne-Andreyev cədvəlindəki 883 nömrəli motivə – «Böhtana düşmüş qız» beynəlxalq süjetinə uyğun gəlir. Bu onu göstərir ki, «Alıxan-Pəri» dastanı da nağıl mənşəlidir.
«Alıxan-Pəri» dastanı Azərbaycan dastanlarının üçüncü qrupuna – ailə-əxlaq dastanlarına aiddir. Bu dastanı ona görə ailə-məişət deyil, ailə-əxlaq dastanı adlandırmaq lazım gəlir ki, burada ümumi məişət məsələlərindən çox əxlaq məsələləri qoyulur və onlar dövrün səviyyəsinə, dastançının dünya görüşünə müvafiq şəkildə həll edilir. Əxlaq məsələsi hər yerdə, hər dövrdə o qədər aktual olub ki, dastanların da əksəriyyətində onun müxtəlif cəhətlərinə toxunulur, fikirlər söylənilir, nəticələr çıxarılır. Bu əsərin sözün həqiqi mənasında nə məhəbbət, nə də qəhrəmanlıq dastanı yox, məhz ailə-əxlaq dastanı olduğunu görmək üçün müxtəsər şəkildə gözdən keçirmək kifayətdir.
Səyyad varlı-karlı bir tacirdir. Lakin onun bu vara, dövlətə sahib olacaq övladı yoxdur. Səyyadın yaşadığı Bitlis şəhərinin yaxınlığında Qanlı adlı bir dəli çay vardır. Səyyad nəzir eləyir ki, Allah ona bir övlad versin, o da Qanlı çayın üstündən körpü saldırsın. Nəzir qəbul olunur. Səyyadın bir oğlu, bir də qızı olur. Oğlanın adını Məhəmməd (başqa variantlarda İsmayıl, Zülfüqar və s.), qızın adını Pəri qoyurlar. Elə həmin gün Səyyad məscid həyətindən təzəcə doğulub atılmış bir uşaq da tapır, götürüb evə gətirir; adını da Tapdıq qoyur. İllər keçir. Uşaqlar böyüyürlər. Səyyad oğlu Məhəmmədi və arvadını götürüb Məkkə ziyarətinə gedir. Tapdıqla Pəri evdə qalırlar. Xanı adlı bir qarı Tapdığa deyir: «Sən Səyyadın oğlu deyilsən. Küçədən tapılma uşaqsan. Ona görə də adını Tapdıq qoyublar. İndi fürsət varikən gərək Pərini bir təhər ələ keçirəsən ki, Hacı Səyyadın mal-dövlətindən sənə də bir pay düşə».
Var-dövlətə şərik olmaq ehtirası qardaşlıq hisslərinə üstün gəlir. Tapdıq Pəriyə təcavüz etmək istəyir. Pəri ona nə qədər yalvarırsa nəticə vermir. Nəhayət, Tapdıq zora keçir. Lakin Pəri möhkəm iradəli, namuslu, çox da cəsarətlidir. O, Tapdığın baş-gözünü yarır, özünü də çıxarıb evdən qovur. Vədə tamam olur. Hacı Səyyadgil ziyarətdən qayıdırlar. Tapdıq onların pişvazına gedir, Pərinin özünü çox pis apardığını danışıb: «Axırda da lotularla birləşib məni bu günə saldı», – deyir.
Yenicə Məkkə ziyarətindən qayıtmış Hacı Səyyad oğlu Məhəmmədi göndərir ki, gedib Pərini öldürsün. Məhəmməd Pərini aldadıb meşəyə aparır. Bir neçə yerindən yaralayır, üst paltarını çıxarıb qana bulayır, atasına aparır. Pəri qorxudan bir ağacın koğuşuna girib gizlənir.
Vanlı Alı xan meşəyə ova çıxır. Pərini görüb, bəyənir, başına gələnləri öyrənir, evinə aparır, toy edib alır. Pərinin Alı xandan iki oğlu olur. İllər keçir, uşaqlar böyüyüb on, on iki yaşlarına çatırlar. Alı xan Pərini oğlanları ilə bərabər Qara vəzirə qoşub qiymətli hədiyyələrlə Bitlisə, atasının yanına qonaq göndərir. Karvan son gecə bir meşə kənarında düşərgə salır. Hamı yatdıqdan sonra Qara vəzir Pərinin çadırına gəlir, Pəri nə qədər yalvarırsa, vəzir öz murdar niyyətlərindən əl çəkmək istəmir, əgər razı olmazsa, oğlanlarının başını kəsəcəyini deyib, onu təhdid edir. Pəri namuslu qadındır. Vəzir onun gözləri qabağında hər iki oğlunun başını kəssə də təslim olmur, nəhayət, onun əlindən qurtararaq meşəyə qaçır. Vəzir karvana səs salır ki, əslində «tapıntı qız» olan Pəri uşaqlarını da götürüb qaçmışdır. Karvan geri dönür, Pəri meşə kənarında Budaq (yaxud Alı) adlı bir çobana rast gəlir. Çoban vəzirin əksinə olaraq çox təmiz ürəkli, namuslu bir adamdır. O, Pəriyə öz doğma bacısı kimi yanaşır, yedirdir, içirdir, hətta paltarını da soyunub ona vərir. Alı xanı tapacağını da vəd edir.
Pəri çoban paltarında şəhərə gedir. Yolda o, bir karvan düşərgəsinə rast gəlir. Alı xana bir məktub yazıb, bulaq başındakı daşın altına qoyur.
Pəri şəhərdə çox gəzib dolanır, nəhayət gəlib öz evlərinin qabağına çıxır. Çoban paltarında olduğundan anası onu tanımır, lakin çox xoşuna gəldiyi üçün ərindən xahiş edir ki, onu nökər götürsün. Beləliklə, Pəri öz evlərində nökərçilik etməyə başlayır.
Saleh sövdəgər adlı bir tacir Pərinin məktubunu tapıb xana çatdırır. Alı xan heç bir söz demədən Qara vəziri də yanınca götürüb dərviş paltarında Pərini axtarmağa gedir. Yolda o, Budaq çobana rast gəlir. Ağıllı çoban Pərini soruşmaqlarından dərvişlərdən birinin Alı xan, o birinin də Qara vəzir olduğunu başa düşür. Qara vəzir duyuq düşüb qaçmasın deyə onlara heç bir söz demir, götürüb Hacı Səyyadın evinə gətirir. Hacı Səyyad dərvişlərə yaxşı hörmət edir. Yeyib-içdikdən sonra xahiş edir ki, gördüklərindən, eşitdiklərindən yaxşı bir əhvalat danışsınlar. Hamı yığışır. Pəri də nökər paltarında, başında da şələpapaq məclisdə oturur. Alı xan nə qədər əlləşirsə heç bir şey quraşdırıb danışa bilmir.
Budaq çoban deyir:
- Keçəl nökərlər dərvişlərdən də çoxbilmiş olurlar, qoyun elə bu nökər danışsın qulaq asaq.
Pəri deyir:
- Mən sizə yaxşı bir əhvalat danışaram, ancaq şərtim var. Mən danışıb qurtarana qədər gərək heç kəs bayıra-bacağa çıxmasın.
Budaq çoban durub qapının ağzını kəsir ki:
- Keçəl, sən danış. Mən heç kəsi yerindən tərpənməyə qoymaram.
Pəri atasıgilin ziyarətə getdikləri gündən bəri başına gələnlərin hamısını danışıb axırda deyir:
Dindirəndə kəlmə-kəlmə danışan,
Gəlinlərdən, qızdan həyalı dərviş!
Xəbər al halımı Budaq çobandan,
O bilir hər işi, hər halı, dərviş!
Fələk məni çox ağlatdı, güldürdü,
Ağladıban göz yaşımı sildirdi,
Qara vəzir bir cüt oğlum öldürdü,
Mərd igid qanına qan alı, dərviş!
Məsələ açılır. Məhəmməd Tapdığı, Alı xan vəziri, çoban da qarını öldürür.
Dastanın müxtəlif variantlarından göründüyü kimi, Alı xanla Pəri bir-birini dərin məhəbbətlə sevirlər. Hətta Alı xan Pərini axtara-axtara gəzdiyi günlərin birində Nəstərən, yaxud Nərgiz adlı bir gözələ rast gəlir. Nəstərən Alı xana aşiq olur, onu alıb bu yerlərdə qalmasını təklif edir:
İltimas eylərəm, ay Alı dərviş,
Gəl al məni, getmə bizim yerlərdən.
Sən də mənim kimi eşq oduyla biş,
Gəl al məni, getmə bizim yerlərdən.
Alı xan isə öz sevgilisinə sadiq qalır. O, hətta özünü məhəbbətdə Məcnunla, Kərəmlə bir sıraya qoyur:
Leyliyə Məcnundu, Əsliyə Kərəm,
Bircə öz yarımın camalın görəm!
Lakin bütün bunlara baxmayaraq, «Alı xan-Pəri» məhəbbət dastanı səviyyəsinə qalxa bilmir.
Dostları ilə paylaş: |